Canlılardakı yaradılış dəlillərini incələyərkən bir təməl məntiqdən çıxış edilməsi gərəkir. İndi bu məntiqi bəsit bir örnəklə açıqlayacağıq.
Kimsəsiz bir ərazidə gəzərkən birdən yerdə bir metal açar tapdığınızı düşünün. Hesab edək ki, bu açarın nə işə yaradığını bilmədən, onu götürərək, yolunuza davam etmisiniz. Tutaq ki, açarı tapdığınız yerdən yüz metr aralıda tərk edilmiş, boş, bomboz bir ev rastınıza çıxdı. “Bəlkə açar işə yarayar”,- deyə düşünərək, onu qapının kilidinə salırsınız. Əgər açar lap rahatca qapını açarsa, bu halda məntiqlə hansı nəticəyə gəlirsiniz?
Cavab aydındır: heç tərəddüd etmədən bu açarların məhz həmin evin qapısındakı kilidin açarı olduğunu düşünərsiniz. Başqa sözlə, fikirləşərsiniz ki, bu, məhz həmin evin qapısındakı kilidi açmaq üçün ağılla düzəldilmiş bir vasitədir. Aydın məsələdir ki, açarı da, kilidi də eyni usta eyni dəzgahda düzəldib. Onların arasındakı uyğunluq şüurlu şəkildə təmin olunub.
Amma biri durub sizə desə ki, “xeyr, yanılırsınız, tapdığınız o açarın kilidlə heç bir əlaqəsi yoxdur, açarın kilidə düşməsi tamamilə təsadüfidir”, onda nə düşünərsiniz? Təbii ki, bu ehtimal qətiyyən ağlınıza batmayacaq. Çünki dünyada heç biri digərini açmayan milyonlarca kilid və milyonlarca açar var. Bu milyonlarca fərqli açar və kilidlərin içərisində bir-birinə tamamən uyğun olan ikisinin bir-birlərinə çox yaxın şəkildə yerləşmələrinin təsadüf nəticəsində baş verdiyini demək anlamsızdır. Üstəlik, əgər haqqında danışdığımız açar son dərəcə girintili-çıxınıtılı, mürəkkəb quruluşlu olarsa, onda “təsadüf” iddiasının səfehliyi lap açıq görünər. Çünki açarın üzərindəki hər detal o deməkdir ki, bunun qarşılığında kiliddə də anoloji detallar var; bunların təsadüf nəticəsində üst-üstə düşməsi ehtimalı milyonlarla dəfə azalır.
Və əgər qapıda bir deyil, üç kilid varsa, siz də üç açar tapmısınızsa, bu açarların da hər biri kilidlərdən birini açmışsa... Onda bu açarların təsadüfən kilidləri açan bir metal parçası olduğu ehtimalını yaxına buraxarsınızmı? Yaxud, bunu iddia edən bir adamın ya ağlının başında olmadığını, ya da sizi aldatmağa, sizdən nələrisə gizlətməyə çalışdığını düşünməzsinizmi?
Bu örnəkdən çıxan məntiqi nəticə bəsit, amma son dərəcə önəmlidir: əgər iki müstəqil əşyanın arasında yüzdə-yüz uyğunluq varsa, yəni onların bütün detalları bir-birlərinə tamamilə düz gəlirsə, demək, kimə bilərəkdən onları bir-birlərinə uyğunlaşdırıb. Açar kilidə ona görə düz gəlir ki, ağıllı bir usta onları bir-birlərinə uyğun şəkildə hazırlayıb. Videokaset rahat şəkildə videomaqnitofonun içinə girib, yerini tutur, çünki bir ağıllı mühəndis tərəfindən layihələndirilib.
Bütün bunlara dayanaraq, belə bir ümumi nəticəyə gələ bilərik: əgər iki canlının arasında fərqli orqanların bir-birinə tam uyğunlaşması faktı varsa, demək, bu uyğunluq bir ağıl sahibi tərəfindən yaradılıb. Həmin uyğunluqlar təsadüflə izah olunmayacaq bir bilgidən xəbər verdiyinə, həmin bilginin sahibi isə heyvanlar ola bilmədiyinə görə, bu heyvanları layihələndirən bir Yaradıcının varlığını qəbul etməliyik.
İndi bu təməl məntiqi tətbiq edərək, yenidən qarışqalar dünyasına girə bilərik. Bu bölümdə qarışqalarla ortaq yaşayan və onlarla heyrətamiz dərəcədə uyğunluq göstərən bəzi canlılardan danışacağıq.
Qarışqalarla bərabər yaşayan çoxlu həşarat növünün mövcudluğu və onların arasında simbioz əlaqəsinin olması faktı bir əsrdən çoxdur ki, elmə məlumdur. Onlardan çoxu bu işi bir parazit kimi görür. Digər bölümü isə, həyatlarının müəyyən hissəsini və ya hamısını qarışqa topluluğuna bağlı halda yaşayırlar. Onların arasında müxtəlif həşərat və böcəklər - gənələr, milçəklər, eşşəkarıları və s. var. Bunların bir qismi qarışqaların yuvasında yaşayaraq, bütün “sosial haqqlar”dan faydalana bilirlər. Bəzi hallarda ev sahiblərinin yumurtalarını və sürfələrini yemələrinə rəğmən, qarışqalar müsafirlərinə qarşı inanılmaz dərəcədə dözümlü davranır, onları yuvalarına qəbul etməklə kifayətlənməyib, sürfələrini də sanki öz nəsilləriymiş kimi bəsləyib-yetişdirirlər.
Yaxşı, bəs qarışqalar niyə belə edir və necə olur ki, həmin böcəklər güclü müdafiə sistemi olan qarışqaların yuvasında illərlə qala bilirlər? İndi bu anlaşılmaz olayı incələyək.
Bilindiyi kimi, qarışqa koloniyasında çox mürəkkəb bir ünsiyyət sistemi vardır. Bu sistemin sayəsində qarışqalar öz koloniyalarının üzvlərini yadlardan ayıra bilirlər. Bu mexanizm bir “sosial müdafiə sistemi” kimi işləyir. Amma yuxarıda bəhs etdiyimiz “çağırılmamış qonaqlar” çeşidli üsullarla qarışqa yuvasına yol tapa bilirlər. Bu da onu göstərir ki, qarışqaların ayırd edə bilmə sisteminin şifrələrini necəsə çözməyi bacarıblar. Başqa sözlə, mexaniki və kimyəvi metodlarla qarışqaların “dil”lərində danışmağı öyrəniblər...
Bir qarışqanın başqa qarışqayla qarşılaşdığı zaman yapdığı tipik hərəkət var: antenasıyla qarşısındakı qarışqaya yavaşca toxunmaq və onun feromenini kontrol etmək. Sonra hər iki qarışqa yollarına davam edirlər. Qarışqalar bu hərəkəti bir-birini tanımaq və yad canlılardan qorunmaq üçün edirlər.
İşçi qarışqalar yuvalarında yaşayan böcəklərlə qarşılaşanda da eyni hərəkəti təkrarlayırlar. Olur ki, bəzən qarşısındakının fərqli biri olduğunu anlayır və dərhal yuvadan çölə atırlar. Amma bəzən də qarşılarındakı böcəyi qarışqadan ayıra bilmirlər. Bu, ona görə belə olur ki, həmin böcək qarışqaları “kimyəvi təqlid”ə əl atıb.
Böcəklərin bu təqlidçiliyi tamamilə kimyəvi yolla gerçəkləşdirdikləri təsdiqlənib. Qarışqalar fiziki baxımdan özlərinə çox bənzəyən böcəkləri kimyəvi baxımdan yad hesab kimi dərhal yuvadan bayıra atıblar. Qarışqalara heç bir bənzəri olmayan bir qrup digər böcək isə yuvanın üzvü kimi qəbul edilib.44 Bu böcək növlərinin qarışqaların kimyəvi özəlliyini necə öyrəndiyini və təqlid etdiyini izahlamaq son dərəcə çətindir. Belə bir şeyi ancaq eyni feromenlərin bilərəkdən böcəklərdə də ifraz olunmasıyla izah etmək mümkündür. Halbuki, bir böcək milyonlarla il yaşasa da, ən adi kimyəvi reaksiyanı nə başa düşə, nə də tətbiq edə bilər. Bu özəlliyi ona verən hər şeyin yaradıcısı olan Allahdır.
Scarabaeid adlı böcək növü ilə atəş qarışqalarının daşıdıqları hidrokarbonatların eyni olması səbəbindən, onlar bir yerdə yaşaya bilirlər. Böcəklərin qarışqaların düşməni olduğunu nəzərə alsaq, bu iki canlının arasında normal münasibətin olması çox qəribədir. Yaxşı, bəs onların arasındakı anlaşma necə izah oluna bilər?
Məsələ ondadır ki, bu böcəklər həm atəş qarışqalarıyla eyni hidrokarbonatlara sahibdirlər, həm də vücudlarında ancaq özlərinə xas olan, ağır molekul çəkili başqa hidrokarbonatlar var. və böcəklər atəş qarışqalarının yuvasından ayrılanda, qarışqalarla ortaq hidrokarbonatları yoxa çıxsa da, özlərinə məxsu olanlar qalır. Sonradan başqa bir atəş qarışqası növünün koloniyasına gedəndə, bu dəfə də onun qoxusuna keçirlər.45
Böcək atəş qarışqalarının yuvasına birinci dəfə gələndə gövdəsinin qalın qabığına güvənir və özünü ölülüyə vuraraq, bu yolla qorunmağa çalışır. Bir neçə günə qarışqaların hidrokarbonat tərkibini təqlid edərək, yuvanın “üzvünə” çevrilirlər.46
Yaxşı, bəs həmin böcəklər bu qoxunu öz vücudlarında necə təqlid edirlər? və haradan bilirlər ki, bunu etməklə qarışqaları aldadıb, yuvalarına girəcəklər? Bir böcək təkbaşına bunları haradan öyrənə bilər? Əlbəttə ki, heç haradan. Qarışqaların fiziki-kimyəvi özəlliyini öyrənib tətbiq etmək böcəklərin özbaşına bacara biləcəyi bir iş deyil. Bu böcəklərin qarışqalarla uzun müddət yaşayaraq təkamül keçdiklərini və sonda kimyəvi yollarla onların qoxusunu əldə etdiklərini söyləmək isə çox səfeh iddia olardı. Çünki heç bir mutasiya və təsadüf bu qədər həssas və mürəkkəb özəllik əmələ gətirə bilməz. Buradan çıxan tək sonuc odur ki, bu böcəyə tanıma və təqlid etmə qabiliyyətini verən bir Yaradıcı var. Qarışqalarla böcəklərin dinc şəkildə bir arada yaşamasını təmin edən, bir-birlərilə düşməncə davranmalarını əngəlləyən qüvvə elə onların hər ikisini yaradan qüvvədir. Bu isə, təbii ki, hər şeyi qüsursuz xəlq edən Allahdır.
Ordu qarışqaların vücudlarında gənələr yaşayır. Bu gənələr üzərində yaşadıqları qarışqanın bədəninin arxa tərəfindən aldıqları qanla və ya yağlı maddələrlə qidalanırlar. Bəzən bu gənələr qarışqanın arxa ayağının ucunda yerləşirlər. Daha maraqlısı isə odur ki, lazım olanda öz bədənlərinin qarışqanın ayağının uc qismi kimi işlədilməsinə izn verirlər.
Öncə dediyimiz kimi, ordu qarışqaları bir-birlərinin ayaqlarından tutaraq, zəncir əmələ gətirirlər ki, bu da müvəqqəti yuva rolunu oynayır. Araşdırmalar göstərib ki, bu zaman qarışqanın ayağındakı gənənin arxa ayaqları eynən qarışqanın pəncəsinin şəkilini alaraq, eyni vəzifəni yerinə yetirir. Bu gənələr bəzi xüsusi mexanizmlərilə, məsələn, kürəklərindəki dişlərlə və ya uyğun kürək quruluşlarıyla qarışqanın vücuduna adaptasiya oluna biləcək şəkildə yaradılıblar.47
Təbiətədəki minlərlə növün arasında bir-birlərini tamamlayan iki varlığın bu şəkildə əlaqəyə girməsini təsadüflərlə izah etmək imkansızdır. Həyatlarının davam etməsi böyük ölçüdə bir-birinə bağlı olan bu iki canlı növünün günlərin birində qarşılaşaraq vücudlarının ortaq yaşama uyğun olduqlarını görmələri və daha sonra da simbioz həyata qərar vermələri təsadüfünün ehtimalı riyazi olaraq sıfıra bərabərdir. Bu da dolayısıyla, Allahın hər şeyi mükəmməl yaratmasına aid dəlillərdən sadəcə, biridir. Fəqət bu kiçik detallar o qədər qiymətlidirlər ki, onaları əsla nəzərdən qaçırmaq olmaz. Hər gün yer üzündə şahid ola biləcəyimiz milyonlarla bu cür örnəklər insanın Allahın hüdudsuz güc və bilgisini, incə sənətini görüb, duya bilməsi üçün yaradılıb.
In these pictures, six different parasite species that live on the army ants are seen. These parasites have settled on the ants in different symbiotic adaptations. (1) The parasite on the top feeds on the body fluids of the ant on which it inhabits. |
Qarışqaların vücudları parazit canlılar üçün çox əlverişli bir məkandır. Buna görə də bir çox parazit növü özünə “ev” olaraq qarışqaların bədənini seçir. Strongygaster globula adlı milçək növü bu baxımdan daha maraqlıdır.
Bu milçəyin sürfəsi qarışqa koloniyasını quran kraliçanın vücudunun arxa hissəsində “endoparazit” (daxili parazit) kimi yaşayır. Bu zaman yumurtlamaqdan qalması istisna olmaqla, kraliçanın davranışında elə bir ciddi fərqlər meydana çıxmır. Parazitin sürfəsi qarışqanın vücudunu tərk edəndən sonra pup mərhələsinə keçir və qarışqalar tərəfindən öz pupları kimi bəslənilir. Ancaq uçma vaxtı gələndə bu “dostluq” sona çatır və milçək yuvanı tərk etmək zorunda qalır. Kraliça qarışqa isə parazitlər yuvanı tərk edəndən sonra ölür.48
Milçək sürfələrinin qarışqaların vücudunda yerləşməsi və orada yaşaya bilməsi gerçəkdən də çox qeyri-adi bir hadisədir. Dünyaya yenicə gəlmiş bir canlının özünə yuva olaraq bilərəkdən kraliça qarışqanın bədənini seçməsi sadəcə, mümkün deyil. Ana milçəyin yumurtalarını qoymaq üçün belə bir məkan seçməsi üçün isə qarışqanın vücuduna və yaşam tərzinə çox yaxşı bələd olması gərəkdir. Çünki milçəyin yaşadığı mühitdə bir-birindən fərqli yüzlərlə canlı var ki, onların hər birinin vücuduna yumurta qoya bilərdi. Amma balalarının qayğısına qalan milçək onların arasında ən uğurlu yeri - kraliçanın vücudunun arxa tərfini seçir. Təbii ki, milçəyin orada yumurtalarının təhlükəsiz yerdə olacağını və hətta qarışqalar tərəfindən qayğıyla bəslənəcəyini təxmin etməsi imkansızdır. Çünki milçəklə qarışqa tamamilə ayrı-ayrı varlıqlardırlar və milçəyin qarışqa haqqında heç bir bilgisi ola bilməz.
Demək, milçəyin verdiyi sərrast qərar bu kiçik heyvanın özünün deyil, ona edilən təlqinin nəticəsidir. Başqa cür desək, sürfəni ən uyğun tərzdə yerləşdirən həm milçək, həm də qarışqa üzərində tam bir elm və hakimiyyət sahibi olan güc - Allahdır. Çünki Allah bütün canlıların Yaradıcısı, Sahibi və Hakimidir.
“Mavi kəpənək” adlandırılan və İngiltərədə yaşayan bir kəpənək növü XX əsrin ikinci yarısından başlayaraq sürətlə azaldı və haradasa 1979-cu ildə kökü tamam kəsildi. Bu kəpənəklərlə bağlı araşdırma aparan alimlər onların bitkilərin üzərində çoxlu yumurta qoymalarına rəğmən, köklərinin niyə kəsilməsini uzun müddət izah edə bilmədilər. Bunun sirri isə kəpənəyin son dərəcə qəribə həyat tərzilə bağlıydı.
Mavi kəpənəklərin tırtılları yumurtadan çıxandan 3 həftə sonra yerə düşərək qırmızı qarışqalar üçün çox çəkici olan bir maye ifraz etməyə başlayırlar. Bu zaman tırtıl qafasının arxasındakı dəri bükümünü şişirdir və hətta qarışqanı da aldadacaq şəkildə “qarışqa” cildinə girir. Bu fövqəladə taktikaya aldanan qarışqalar tırtılı öz yuvalarına apararaq, sürfələrinin olduğu ən yaxşı yerdə yerləşdirirlər. Mavi kəpənəyin tırtılı bütün qışı burada qarışqa sürfələrilə birgə keçirir. Baharda yetkin kəpənəyə dönəndə isə qarışqa yuvasını tamamilə tərk edir.
1- In the picture we see the large blue butterfly after leaving the ant nest. |
Bu ortaq yaşamın kəşf edilməsilə kəpənəklərin nəslinin kəsilməsi üzərindən sirr pərdəsi qalxmağa başladı. Belə ki, bölgədəki ekoloji dəyişikliklərin səbəbindən qırmızı qarışqalar oranı tərk ediblər. Yumurtadan çıxan tırtıllar isə yerə düşəndən sonra onlara aldanmayan digər qarışqalar tərəfindən öldürülüblər.49
İndi cavablanması gərəkən suallar bunlardır: insanı şaşırdan bu yaşam ortaqlığı “təsadüfən” ortaya çıxa bilərmi? Kəpənəyin hələ yetkin olmayan bir tırtılı qarışqanı necə aldada biləcəyini haradan öyrənib? Quyruq qismini şişirdərək, qarışqaya bənzəməsini təmin edən orqanlar haradan və necə meydana çıxıb?
Təkamül nəzəriyyəsi bilgili bir Yaradıcının varlığını qəbul etmədiyinə görə, bu orqanların təsadüfən meydana gəldiyini önə çəkəcək. Halbuki, təsadüf heç vaxt bu qədər qüsursuz uyğunluq yarada bilməz. Bu cür bənzərliyin zaman içində yavaş-yavaş əldə edilməsi də imkansızdır - çünki onu tam qazanmamış bir tırtıl qarışqalar tərəfindən ovlanacaq, buna görə də nəslini davam etdirə bilməyəcək. Əgər təsadüf ümumiyyətlə, nəsə etməyə qadir idisə, onda nəyə görə kəpənəklərin kökünün kəsilməsinə mane ola bilmədi?
Tırtılın öz bədənini bilərəkdən şəkilləndirməsi də mümkün olmadığına görə, tək cavab bu heyvanın yaradıcı bir iradə tərəfindən qarışqaya bənzər hala salınmasından ibarətdir.
Dinarda adlı bir həşərat koloniyanın yuvasının ətrafında dolaşır və ev sahibi olan qarışqanın gətirdiyi ovlarla bəslənir. Dolayısıyla, dinarda yeni gələn işçi və ovçuların qidaları paylaşdıqları yer olan yuva otaqlarının ətrafında gəzişir. Taktikası qarışqanın görərkən bir damla qida almaq üçün onun dodaqlarının kənarına toxunmaqdan ibarətdir. Bu zaman əslində özünü böyük bir təhlükəyə də atır. Çünki qarışqa onun yad olduğunu bilərsə, dərhal hücuma keçəcək. Amma dinarda belə bir duruma qarşı öncədən tədbir görüb - qarışqanın hücuma hazırlaşdığını görən kimi dərhal qarnını yuxarı qaldırır və onun üzərinə sakitləşdirici maye püskürür. Nəticədə hücum sona çatır və dinarda qaçır.50
In the picture on the above, we see the food exchange between a bug and an ant. Above, the bug touches the ant with its antennae. In the middle, the bud taps the ant's mouth with its forelegs. At the bottom, the ant presents a drop of liquid food to the imitating bug. |
Yaz gələndə bəzi böcək növləri (Atemeles), yetişdirildikləri qarışqa (formica) yuvasından çıxıb, başqa bir qarışqanın (myrmica) yuvasına köç edirlər. Qışı orada keçirib, gələn yaz yenə yuvaya dönürlər. Bu mövsümi miqrasiyaların əlbəttə, bir səbəbi vardır: qış aylarında Formica yuvasında inkişaf olmur, buna görə də yemək azalır. Myrmica yuvalarında isə əksinə, işçilər qışda da çalışaraq, qida gətirirlər.51
Maraqlıdır ki, həmin miqrantlar sonradan köhnə yuvalarının yolunu tapmaq üçün heç bir çətinlik çəkmirlər. Formica yuvaları adətən meşəli bölgədə, Myrmica yuvaları isə talada olur. Formica yuvasını tərk edən miqrantlar sonradan geriyə yolu tapmaq üçün vacib bir metod kəşf ediblər: işığa tərəf yönələrək, otluq ərazini, yəni gedəcəkləri ünvanı bulurlar. Amma bura çatanda da onları fərqli bir problem gözləyir - Myrmica qarışqalarını digər qarışqa koloniyalarından ayırd etmələri gərəkdir. Aparılan araşdırmalar onların Myrmica yuvasından yayılan qoxu sayəsində doğru ev sahiblərini tapdıqlarını aşkara çıxarıb.52
Qısası, bu miqrantlar gedəcəkləri yeri işığın köməyilə tapmaq qabiliyyətilə yanaşı, qarışqa koloniyalarının qoxuları da bir-birindən ayıra biləcək bacarığa sahibdirlər. İldə iki dəfə yuva dəyişən bu miqrantların hər iki qarışqa növü tərəfindən qəbul edilmələri, yuvanın mühitinə dərhal adaptasiya ola bilmələri gerçəkdən də, çox qəribədir. Uzun illər qarışqalar üzərində araşdırmalar aparmış Wasmann adlı bioloq bu növün hələ də tam çözülməmiş adaptasiya bacarığıyla ən çox inkişaf etmiş ortaqyaşar (simbioz) olduğunu deyir. Çünki onların köçdükləri yuvada özlərini qəbul etdirmək üçün heyrətamiz bir özəllikləri var: bu miqrantların orqanizmində müdafiə maddəsi buraxan vəzilər mövcuddur ki, onun istehsal etdiyi güclü kimyəvi tərkiblər qarışqaların hücumuna məruz qalarkən düşmənlərini sakitləşdirir. Bu, kimyəvi baxımdan o qədər güclü bir tərkibdir ki, miqrant onu yuvalarında yaşadığı qarışqalara uzun müddət püskürdəndə, qarışqalar ona qarşı çox “centlmencəsinə” davranırlar.53
Miqrant böcəklərin bu son dərəcə ölçülü-biçili fəaliyyəti insanı düşündürməyə bilməz. Bu böcək əgər hansı mövsümdə hansı yuvaya “miqrasiya” etmək lazım gəldiyini bilirsə, deməli, qarışqaları çox yaxşı tanıyır. Yaxşı, bəs bu ilginc miqrasiya prosesi haçan başlayıb? Birinci dəfə xeyli böcək növünün içindən seçim edərək, məhz qarışqa yuvasına yerləşməyə necə qərar veriblər? Özü də 8800 qarışqa növü olduğu halda, məhz özünə uyğun gələni necə müəyyənləşdirib, onların qida ehtiyatlarının qışda azaldığını haradan bilib? Bunu biləndən sonra yenə də minlərlə qarşı növünün arasından məhz hansı yuvaya köçməyi necə qərarlaşdırıb? Bütün bu mürəkkəb qərarları bir böcək verə bilərmi? Bu suala “hə” demək olduqca məntiqsizdir.
In the drawing on the above, an Atemeles bug has itself carried to the ant nest by way of a special substance it gives out. |
Bu sistemin hansısa şəkildə öz-özünə yarandığını düşünsək, yenə də qarşımıza xeyli suallar çıxır. Böcək bir yuvadan digərinə köçərkən getdiyi ünvana necə çatır? Ağlı başında bir insanın meşədə yolu tapması xeyli çətin iş olduğu halda, insanın mində biri boyda olan ağılsız böcək qosqoca meşədə bir qarışqa yuvasını necə buldu? “İşığa yönələrək yolu tapdı” cavabı əslində, məsələyə heç bir aydınlıq gətirmir. Çünki işıq ən azı 2-3 fərqli tərəfdən gələ bilər. Üstəlik, işıq gələn tərəfdə də xeyli böyük bir sahə var, orada qarışqa yuvasını tapmaq dedikcə çətin məsələdir. (Unutmayaq ki, böcəyin böyüklüyünü nəzərə alasaq, bizim üçün kvadratmetrlərlə ölçülən sahə onun üçün kvadrat kilometrlər deməkdir.)
Böcəyin yuvanı qoxusuna görə tanıması da ayrı bir şaşırdıcı məsələdir. Çünki yüzlərlə qarışqa koloniyasının yaşadığı meşədə minlərlə çeşidli qoxu ola bilər; belə şəraitdə onlardan təkcə birini digərlərindən ayırmaq son dərəcə çətindir. Üstəlik, yayı başqa yerdə keçirən böcəyin həmin qoxunu yadında saxlaya bilməsi də son dərəcə maraqlıdır.
Son olaraq bunu düşünək: əgər özümüz bu böcəyi götürüb, uyğun bir qarışqa yuvasının ağzına qoysaq belə, ora qəbul edilib yaşaması çox çətin olacaq. Çünki bilindiyi kimi, qarışqaların olduqca güclü tanıma qabiliyyəti var. Öz koloniyalarından olmayan qarışqaları belə yuvalarına qəbul etmədikləri halda, başqa cinsdən olan böcəyi sözsüz ki, heç yaxına da buraxmazlar. Amma gördüyümüz kimi, meşədə nəticə heç də bu cürə olmur, əksinə, böcək qonaqpərvərliklə qarşılanır. Bunun da vücudunda saxladığı bir kimyəvi maddəni qarışqaların üzərinə püskürtdüyünə görə baş verdiyi bildirilir. Yaxşı, bəs miqrant böcək həmin maddənin qarışqalara təsir edəcəyini və onları düşmənçilik hissindən daşındıracağını necə anlayıb? Yoxsa təcrübələr apara-apara sonda ideal variantın üzərində dayanıb və həmin maddəni istehsal etməyə başlayıb? Şübhəsiz ki, bu suallara tutarlı cavablar vermək mümkün deyil. Ortada açıq bir tablo var: Sözügedən böcək ciddi bir ağır və mühakimə qabiliyyəti tələb edən işlər görməkdədir. Halbuki hətta beyni belə olmayan bu varlığın düşüncə və mühakimə qabiliyyətindən danışmaq mümkün deyil. Demək, onun gördüyü işlərin özündən kənarda yerləşən bir ağıl qaynağından gəldiyini qəbul etməyimiz lazımdır.
Təkamülçülərin ilişdikləri bu müşküldən çıxa bilmək üçün “intuisiya” terminini uydurublar, böcəyin davranışını bir sıra müəmmalı “intuisiya”lardan qaynaqlandığını önə çəkiblər. Halbuki bu, sadəcə, gözdən pərdə asmaqdan başqa bir şey deyil. Hər şey göz önündədir: böcəyə hökm edən çox ağıllı qüvələr var. Heyvanda ölçüb-biçmək, planlamaq qabiliyyəti olmadığına görə, bu qüvvə ondan kənardadır. Söhbət özü görünməsə də, görünən dünyaya hökm edən, böyük bir ağıla sahib olan və bu ağılı hətta böcəklər kimi şüursuz canlıların da üzərində tətbiq edən bir gücdən gedir...
ABŞ-ın cənub səhraları və Meksikada yaşayan bir böcək növü üçün qarışqa yuvaları bol qida qaynağı, eyni zamanda, digər yırtıcı heyvanlardan gizlənmək üçün sığınacaq rolunu oynayır. Bu böcəklər qarışqa yuvasına girməyin öhdəsindən gələn kimi düz sürfələrin saxlandığı otağa gedərək, onlarla qidalanırlar.
Onlar qarışqa yuvasına girmək üçün fərqli üsullardan yararlanırlar: bəzi növləri düz yuvanın girişinə soxulur, qapının ağzına yığılmış bitki qalıqlarını dağırdaraq, içəri girirlər. Bu böcəklərin qalın zirehi sahibini yüksək səviyyədə qoruduğundan, qarışqalar onları öldürə bilmirlər. Sadəcə, hamısı birlikdə hücum çəkərək, zorla bayıra atırlar. Amma ilk cəhdi alınmayan böcək əsla geri durmur. Bu dəfə də özünü ölülüyə vuraraq, bu yolla qarışqaları cəlb edir, qarışqalar da onları yem kimi yuvalarına daşıyırlar. Böcəklər ölü rolunu o qədər gözəl oynayırlar ki, hətta antennalarını da bədənlərində gizlədir, ayaqlarını yığaraq, qarışqaları aldadırlar.54
Yumurta otaqlarına çatandan sonra qarışqalar anlaşılmaz bir şəkildə böcəkləri gözdən qoyurlar. Araşdırmalar göstərib ki, böcəklər qarışqa sürfələrilə bəslənəndə tüklərində xüsusi maye ifraz olunur ki, bu da qarışqaların diqqətini başqa tərəfə çəkir. Beləcə, qarışqaların hücum qəsdi azalır və düşməni qaçırırlar.55
Bundan başqa, həmin “ağıllı” böcəklər öz sürfələrini də qarışqa yuvasında qoyurlar. Sürfələr burada bəslənərək, böyüyür. Onların qarışqalara qarşı heç bir müdafiə mexanizminin olmamasına baxmayaraq, hücuma məruz qalmırlar. və böyüdükcə özlərini qarışqalardan qoruya biləcək, usta manevrlərlə onlardan qaçacaq bir hala gəlirlər.56
İndi daha bir son dərəcə maraqlı və qüsursuz yaradılış örnəyi görəcəyik - söhbət təqlid etmək qabiliyyətinə malik milçək sürfələrindən gedir.
Çiçək milçəklərinin (Microdon) sürfələri qışı qarışqa yuvasının dərinliyində keçirir, yazda isə pup olmaq üçün üzə çıxırlar. Araşdırmalar zamanı sürfələrin puplaşma mərhələsində gözdən qeyb olduqları görülüb və öldükləri zənn edilib. Qalan bir lavra isə qarışqa “barama”sının səthinə yapışıb. Mikroskop altında baxanda onun getdikcə böyüməkdə olduğu, amma qəfildən yoxa çıxdığı müşahidə edilib. İncələmələr göstərib ki, sürfə qarışqanın ipək “barama”sını deşərək, özünün keçə biləcəyi boyda bir dəlik açıb. Bəlli olub ki, yoxa çıxan milçək sürfələrinin hamısı baramaların içinə giriblər və oradakı puplarla qidalanırlar. İşçi qarışqalarsa onların öz “balaları” olduqlarını zənn edərək, yuvanın ən yaxşı hissəsində yerləşdirirlər.57
Bu, son dərəcə qeyri-adi bir təqlidçilik örnəyidir. Milçək sürfələri elə şəklə giriblər ki, qarışqalar da onları özlərininki hesab edib. Araşdırmalar zamanı bəlli olub ki, milçək və qarışqa sürfələrinin hətta xarici qabıqlarının kimyəvi tərkibi də bir-birilə düz gəlir. Başqa sözlə desək, milçək sürfələri qarışqaları hətta kimyəvi tərkib baxımından da təqlid edirlər. Bunu kimyəvi eksperimentlər də təsdiqləyib. Yaxşı, bəs Microdon sürfələri bu təqlidi necə bacarırlar?
Bəlli olub ki, onların bədənlərinin alt qismində qarışqanın kimyəvi tərkibini təqlid edə biləcək maddələr buraxan xüsusi vəzilər var.58 Yaxşı, heç “kimya” kəlməsini belə eşitməyən varlıq bu qədər incə təqlidi necə gerçəkləşdirə bilər? Özü də, Microdon milçəklərinin ancaq sürfələri belə bir qabiliyyətə malikdirlər. Onların yetkin fərdləri haqqında söz açdığımız işlərin heç birini bacarmır. Bu isə, çox həssas bir məsələdir: əgər yetkin fərdlər onu bacarmırlarsa, demək, körpələrə də öyrədə bilməzlər. Deməli, sürfələr dünyaya gələrkən artıq həmin təqlidçilik qabiliyyətinə sahib olurlar. Heç bir təsadüf bu dərəcədə çətin, mürəkəb və dolaşıq işləri onlara öyrədə bilməz. Demək, sürfələri Yaradan onları elə bu cür dünyaya gətirir.
Bu ana qədər qarışqalar haqqında oxuduqlarınız sizdə qarışqa dünyası haqqında ümumi fikirlər yaradıb. Fəqət bu, hələ sadəcə başlanğıcdır. Çünki qarışqalar dünyasına bilmədiyiniz xeyli xüsusiyyətləri olan çoxlu növlər mövcuddur. Bunlardan biri də bəzən “südçü qarışqalar” adlandırılan “odunçu qarışqa”lardır.
Sözügedən qarışqa cinsi yarpaq bitləri vasitəsilə yarpaqlardan süd əldə edir. Qarışqalarla bitlər arasındakı bu birlik bütün həşərat dünyasındakı ən maraqlı ilişgilərdən dən biridir. Qarışqalar tərəfindən bitkilərə yerləşdirilən yarpaq bitləri bitki kökündəki şirəni axtarıb tapır və vücudunda toplayaraq, “bal” döndərirlər (təbii ki, söhbət bizim bildiyimiz baldan getmir). Bu “bal”ı xoşlayan qarışqalar onu yarpaq bitlərindən almaq üçün maraqlı bir yol tapıblar. Ac qarışqa yarpaq bitinə yaxınlaşaraq, antennalarıyla onu oxşamağa başlayır. Bundan xoşlanan yarpaq biti kiçik bir “bal” damcısı çıxararaq, qarışqaya verir. Qarışqalar da bunun əvəzində yarpaq bitlərinə çox yaxşı baxırlar.59
Payızda qarışqalar yarpaq bitlərinin yumurtasını götürüb, öz yuvalarında yetişdirirlər. Daha sonra körpə yarpaq bitlərini çeşidli bitkilərin köklərinə yerləşdirirlər. Beləcə, bitlər oradan şirə soraraq, südçü qarışqaya süd verir.
Bu yerdə soruşmaq gərəkdir: yer üzündə minlərlə canlı varkən, qarışqalar məhz yarpaq bitlərinin bu özəlliyini haradan öyrəniblər?
Qarışqanın yarpaq bitlərinin xoşuna gələn hərəkəti budur ki, onları bəsləyir, qulluq edir; öz növbəsində də bitlər tam qarışqanın ehtiyacına görə olur. Bunu bir “təsadüfi tanışlıq” kimi qiymətləndirmək əlbəttə, absurddur. Ortada planlı bir uyğunluğun, dolayısıyla, yaradılışın dəlili var.
"Animal Breeder" Ants. Ants, in addition to all their interesting skills, also do "animal breeding". As seen in these pictures, ants make a "flock" for themselves from aphids and use this "flock" to obtain food. In return, they look after their "flock" very well, keeping them by their side, and protecting them against their enemies. The "animal breeding" of ants is, no doubt, an interesting example of symbiosis observed in the world of insects. |
A pitcher plant which is a kind of "insect trap". Yet, this pitcher plant does not serve as a trap for certain insects. For instance, the ant shown on the next page is able to live together with the pitcher plant. The plant is disregarding the existence of the ant in an inexplicable fashion. |
Şərqi Hindistanda yayılmış Nerenthes bicalcarata adlı bitki öz gövdəsinin içində qarışqa koloniyalarını saxlayır. Bu bitki eynən sürahiyə bənzəyir və üzərinə qonan böcəkləri yaxalayaraq, içinə alıb, həzm edir. Amma qarışqalar sərbəst şəkildə bu bitkinin yarpaqlarının və gövdəsinin üzərində gəzərək, həzm etdiyi böcəklərin qalıqlarını sərbəst şəkildə toplaya bilirlər.60 Çünki qarışqayla bitki hər ikisinə faydalı olan bir əməkdaşlıq qurublar. Qarışqalar bitki tərəfindən yeyilmək təhlükəsi altında olsalar da, əvəzində özlərinə bir ev qazanıblar. Bitkilər isə üzərlərindəki böcək və həşərat qalıqlarından təmizlənir, həmçinin, düşmənlərindən qorunurlar.
Bu örnək bitkilərlə qarışqalar arasında ortaq yaşamın əsas formasını göstərir. Qarışqalarla onlara ev sahibliyi edən bitkilərin fizioloji quruluşları aralarındakı iş birliyinə uyğun düzənlənib. Təkamülçülər onların arasındakı əməkdaşlığın milyonlarla il ərzində yavaş-yavaş yarandığını nə qədər desələr də, şüuru olmayan bu iki varlığın bir-birilə anlaşaraq, “qarşılıqlı fayda” sistemi qurmalarına inanmaq, əlbəttə, məntiqsizdir.
Yaxşı, bəs qarışqaları bitkilərin üzərində yaşamağa yönəldən nədir? Bu, bitkilərin bitkilərin buraxdığı xüsusi nektar sayəsində mümkün olur. Həmin nektar bir növ qarışqaları bitkiyə çağıran dəvətnamə funksiyasını yerinə yetirir. Bitkilər bu mayelərin ifrazını zamandan asılı olaraq, tənzimləyirlər. Məsələn, qara gilas ağacı yayın ilk üç həftəsində həmin mayeni çox aktiv şəkildə ifraz edir. Bu vaxt seçiminin təsadüfi olmadığı dəqiqdir - məhz həmin vaxt otaq tırtılı qara gilasa zərər verə bilər, qarışqalar isə həmin tırtılları çox asanlıqla öldürərək, bitkini qoruyurlar.61
Bunun açıq-aşkar bir yaradılış dəlili olduğunu görmək üçün sağlam şüurdan başqa heç nəyə ehtiyac yoxdur. Axı ağac necə ən çox zərər gördüyü dönəmi hesablaya, o dönəmdə qorunmaq üçün qarışqaları özünə cəlb etmək haqqında qərar çıxara, həmin qərara uyğun olaraq kimyəvi tərkibində dəyişiklik edə bilər? Bunlar qətiyyən mümkün olan iş deyil. Ağacın beyni yoxdur, buna görə də o, düşünə, qərar verə bilməz, öz kimyəvi tərkibini dəyişmək imkanında da deyil. Bunun, təkamülçülərin dediyi kimi, təsadüflər sonucunda mümkün olması da ağlabatan deyil. Çünki ağıllı işi ağıl sahibləri görə bilərlər. Ağac isə, açıq-aşkar ağıllı və ölçülüb-biçilmiş iş görür. Demək, ağacın bu özəlliyini ona ağacı yaradan Qüvvə verib. Həmin qüvvənin sadəcə ağacı yaratdığını düşünmək də düz çıxmır, çünki göründüyü kimi, tırtıllar və qarışqalar da onun hökmüylə hərəkət edirlər. Təfərrüatlara bir az da dərindən varsaq, əslində həmin qüvvənin bütün təbiətə hakim olduğunu, onun hər parçasını ayrı-ayrılıqda, amma bir-birinə uyğun şəkildə düzənlədiyini, “ekoloji tarazlıq” dediyimiz qüsursuz sistemi yaratdığının şahidi olarıq. Bu sıraya geologiyanı, astronomiyanı da artıra bilərik, amma hər yerdə qarşılaşacağımız tablo eynidir: qüsursuz düzən, bir-birilə vəhdətdə çalışan mükəmməl sistemlər... Bu sistemlərin heç biri tənzimləyici deyil, amma hamısı bir tənzimləyicinin varlığına işarə edir.
“Heç yaradan yaratmayana bənzəyərmi? Məgər düşünmürsünüz?” («Nəhl» /surəsi, 17)
O halda, düzənləyici bütün kainata vaqif və hakim, amma kainatdakı hər şeyin xaricində duran üstün və müstəqil bir iradədir. Bununla bağlı Quranda deyilir:
“O, hər şeyi yaradan, yoxdan var edən və hər şeyə surət verən Allahdır. Ən gözəl adlar ancaq ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı onu təqdis edib, şəninə təriflər deyər. O, yenilməz qüvvət və hikmət sahibidir!” («Həşr» surəsi, / 24)
Akasiya ağacları tropik və subtropik bölgələrdə bitir və tikanlı qabıqlarıyla düşmənlərindən qorunurlar. Afrika akasiyasında yaşayan bir qarışqa növü həmin tikanları gəmirərək özünə bir giriş dəliyi açır və sürəkli olaraq akasiyada yaşayır. Hər qarışqa koloniyası bir və ya bir neçə ağacın üzərində yaşayır və akasiya yarpaqlarının nektarıyla bəslənir. Onların ağacların üzərində tapdıqları tırtılları və digər həşəratları da yeyirlər.
Akasiyanın gövdəsindəki nektar yağ və zülallarla çox zəngindir. Onları ilk dəfə tədqiq edən Tomas Beltə görə, həmin nektarın yeganə vəzifəsi qarışqaları bəsləməkdir. Bu ağacda yaşayan qarışqalar həmin nektarla həm özləri qidalanır, həm də sürfələrini yetişdirirlər.62
The symbiosis between acacias and ants is perhaps one of the most interesting in the plant and insect worlds. |
Bəs qarışqalara bu qədər fayda verən ağacın onlardan umduğu nədir?
İşçi qarışqalar bitkinin səthində yaşayırlar. Onlar digər böcəklərə, ümumiyyətlə, canlılara qarşı çox aqressivdirlər. Bitkiyə hansısa bir təhlükə olarsa, dərhal ağacdan enərək, “düşmən”i çox pis şəkildə sancırlar. Üstəlik, akasiyaya bir metrdən yaxın ərazidə cücərən bütün bitkiləri çeynəyib məhv edirlər. Qarışqa koloniyasının yerləşdiyi akasiyaya toxunan digər ağacların budaqlarını da eyni aqibət gözləyir.63
Qısası, qarışqasız akasiya ağaclarının qarışqa koloniyasına məskən verən akasiyalardan qat-qat çox ziyan çəkdiyi müşahidə edilib. Bir təcrübə zamanı qarışqalar hətta akasiyanın ətrafındakı 40 kvadratmetrlik sahədə yerləşən bütün zərərli bitkiləri məhv ediblər. Bütün qarışqa koloniyası aktiv halda ağacın üzərində gəzərək, onu təmizləyir. Araşdırmaçıların sözlərilə desək, qarışqalar akasiya tərəfindən kirayələnmiş bir xüsusi təyinatlı ordu kimi fəaliyyət göstərirlər.64
Belə bir işbirliyini gerçəkləşdirəcək şüur, təbii ki, tərəflərin heç hansında yoxdur. Demək, onları hər iki tərəfi yaradan bir iradə yönəldir. və hər iki canlının da yaradan Allahdır.
Above, an ant is seen on a plant which is an extremely suitable shelter for itself. The holes on the ant serve as "doors" for the ants. |
Bəzi bitkilərdə bioloji dildə “domatia” adlandırılan oyuqlar var. Onlar qarışqa koloniyalarına sığınacaq verməkdən başqa hansısa bir məqsədə xidmət etmirlər. Oyuqların xüsusi dəlikləri qarışqaların ora rahat girib-çıxa bilmələrini təmin edir. İçəridə isə qarışqaların yeyə biləcəyi xüsusi maddələr də var ki, bitki onları özəl olaraq qarışqalar üçün hazırlayır. Bunların qarşılığında bitki özü üçün heç bir fayda güdmür.65
Qısası, “domatia”-lar qarışqaların yaşamını davam etdirmələrinə yardım üçün yaradılmış varlıqlardır. Onlarda hətta hərarət və rütubətin miqdarı da qarışqalar üçün ideal səviyyədədir. Qarışqalar burada özlərini insanlar lüks oteldə olduqları kimi rahat hiss edirlər.
Bunların təsadüfən qarışqalara tam uyğun şəkildə meydana gəldiyi iddia etmək isə mümkün deyil. Qarışqa-bitki münasibətləri yer üzündə tək bir Yaradıcı tərəfindən yaradılan ağılalmaz dəlillərdən sadəcə, biridir.
Özü də bu, qarşılıqlı münasibətdir. Qarışqalar torpağı qarışdıraraq, karbonla zənginləşməsini təmin edir, daha da münbitləşdirir, “gübrələyir”, hərarət və rütubətini taraz saxlayırlar. Buna görə də, böyük qarışqa yuvalarının yanındakı bitki növləri digərlərilə müqayisədə daha zəngin olur.
A plant that is fed by its "tenants." This plant also serves as a "home" for the ants. |
Philidris adlanan qarışqa cinsi və ona ev sahibliyi edən Dischidia mayor adlı bitki bütün həyatları boyunca son dərəcə mürəkkəb “kimyəvi istehsal”la məşğul olurlar. Bu bitkinin torpağa işləyən kökləri olmadığı üçün, digər bitkilərə dolanaraq yaşayır. Karbon və azot ehtiyacını ödəmək üçünsə çox qəribə bir metodu var.
Bu bitkinin içində qarışqaların körpələrini yetişdirmək və üzvi qırıntıları (ölü qarışqalar, böcək parçaları və s.) saxlamaq üçün yararlandıqları xüsusi oyuqlar var. Bitki isə bu qırıntılardan azot mənbəyi kimi yararlanır. Bundan başqa, yarpaq boşluqlarının iç səthi də qarışqaların tənəffüsü zamanı meydana çıxan karbon dioksidi mənimsəyərək, su itkisinin qarşısını alır.66 Sözügedən bitki tropik iqlimlərdə yetişdiyindən, bu, çox önəmli məsələdir. Çünki kökləri olmadığından, onlar torpaqdan su çəkə bilmirlər. Beləcə, qarışqalar aldıqları sığınacağın qarşılığında bitkinin iki önəmli ehtiyacını ödəmiş olur.
Bəzi qarışqalar onlara ev sahibliyi edən bitkiləri bəsləyirlər. Məsələn, Myrmecodia və Nydnorhytum adlı iki bitkinin yumrularla bəzənmiş şişkin gövdələri qarışqaların yerləşməsi üçün xüsusi otaqlar əmələ gətirir. Qarışqalar bu oyuqlarda yaşayırlar; maraqlısı odur ki, onların özlərinin yaşadıqları otaqların divarları düzgün, yemlərini yığdıqları otaqların divarları isə kələ-kötürdür. Araşdırmalar göstərib ki, həmin kələ-kötür divarların səthi qarışqaların qidasını (əsasən böcək qalıqlarını) sormaq üçündür, düzgün divarlar isə bunu edə bilmir. Bu yolla həmin bitkilər qarışqaların gətirdiyi yemlə qidalanırlar. Qarışqaların otaqları necə bölməsi və fərqli məqsədlərlə istifadə etməsi də özlüyündə çox təəccüblü olaydır.
Alimlər bununla bağlı maraqlı bir təcrübə keçiriblər. Öncə meyvə milçəyinin sürfəsini radioaktiv təsirə məruz qoyulmuş mayayla bəsləyib, sonra qarışqa bitkisinin üzərinə yerləşdiriblər. Sürfəni tapan qarışqalar onu kələ-kötür divarlı otağa daşıyıblar. Sonrakı həftələr ərzində böcək artıqlarının bitki tərəfindən mənimsənilib, gövdə boyunca hər tərəfə yayılmasını isbatlamaq üçün onun radioaktivlik dərəcəsi ölçülüb. və gerçəkdən də, bəlli olub ki, kələ-kötür divarlar böcək artıqlarını sorduğu üçün, radiasiya bitkinin hər yerinə yayılıb.67
Qara bibər ailəsinə mənsub olan Pirer adlı bitkiylə qarışqalar arasında çox qəribə ünsiyyət var. Bu bitki Mərkəzi Amerikada tropik meşələrinin kölgəliklərində yetişir və qəhvəyi qarışqaları (Pheidole bicornis) həm qida, həm də müdafiəylə təmin edir.
A plant that is fed by its "tenants." This plant also serves as a "home" for the ants. |
Gənc Pirer ağacının sadəcə iki, ya üç böyük yarpağı olur. Yarpaq dabanlarının (budaqla yarpaq arasındakı içi boş qovuq) birində kraliça qarışqa yaşayır. Kraliça hələ xeyli əvvəldən Pirer tumurcuğunu dələrək, onun içinə yumurta qoyur. Yumurtalardan çıxan sürfələr böyüdükcə, tədricən bütün ağaca yayılaraq, onu bütövlükdə “işğal edirlər”.68
Bu bitki eyni zamanda qarışqalar üçün bir qida qaynağıdır; “yarpaq dabanı”nın daxili səthi qarışqalar üçün xüsusi birhüceyrəli qida “istehsal edir”. Onun buraxdığı yağlar və zülallar səthdəki mikroskopik axacaqlardan sızdırılır. Qarışqalar da bununla sürfələrini bəsləyirlər.69
Maraqlısı odur ki, qarışqaların bəlkə də heç bir halda tapa bilməyəcəkləri zəngin qidda maddələrini bitki özü onlara təqdim edir. Bu qarışqalar hər il onları ən yaxşı qida və müdafiəylə təmin edən rirer ağaclarına doğru yol alır və onun ən uyğun yerində yuva qururlar.
Qarışqaları yemlə təmin edən “rirer” bitkisinin daha bir çox maraqlı özəlliyi də var: o, digər bitkilərdən fərqli olaraq, qarışqalar gedəndən sonra qida istehsalını dayandırır.70
Pirer bitkisinin yapdıqları “altruzim” deyil. Çünki qarşılıqlı yaşam dönəmində qarışqalar da ev sahibi üçün bəsləyici maddələr istehsal edir. Onun gövdəsində yer alan qarışqa qovuqları çürüyəndə maye ammonyak şəklində bitkinin yumşaq iç toxumalarına hopur. Bu maye bitki üçün çox faydalıdır. Digər tərəfdən, qarışqa koloniyasının nəfəs verərkən ifraz etdiyi qazın tərkibindəki karbodioksid bitkini daha da sağlamlaşdırır.
Bundan başqa, aparılan araşdırmalar göstərib ki, qarışqalar da öz növbələrində bitkini qidayla təchiz edirlər - ona müxtəlif sporlar, yosun parçaları, güvələr gətirirlər. Bitki də bunnlardan özünə lazım olan mineralları alır.
Pheidole qarışqaları adətən yavaş-yavaş hərəkət edir və heç nəyə hücuma keçmirlər. Fəqət özlərini və ev sahibləri rirer bitkisini qorumaq üçün xüsusi strategiyaları var.
Əksər yarpaq yeyən böcəklər - məsələn, tırtıllar,- yumurtalarını bitkilərdə yerləşdirirlər. Qarışqalar isə vaxt itirmədən bu potensial təhlükəni aradan qaldırırlar. Onlar bir saat ərzində rirer yarpaqlarının üzərindəki termit yumurtalarını qeydə alır, sonra isə bir-bir tapdalayıb əzirlər. və ya, yumurtanı ağızlarına alaraq, yarpağın kənarına qədər gətirir, oradansa aşağı tullayırlar. Araşdırmaçılar eksperiment məqsədilə termit yumurtalarını qarışqaların sürfələrilə eyni “otaq”lara qoysalar da, nəticə fərqlənməyib - qarışqalar gələcəkdə özlərinə problem yarada biləcək hər şeyi dərhal uzaqlaşdırıblar.71
Pirer-ə zərər verən başqa bir canlı da istilaçı buğda bitidir (Ambates melanors). Buğda biti qarışqasız bitkilərə hücum çəkib, onların gövdəsini içəridən yeyərək, məhv edirlər. Fəqət əgər bitkinin qarışqa mühafizəçiləri varsa, bu mikroistilaçılar elə də uğur qazana bilmirlər. Onlar gövdənin daxilində tunel açmağa başlayanda qarışqaların hücumuna məruz qalırlar. Üzərində yaşadıqları bitkini hər cür “istila”dan müdafiə edən “strateq” qarışqalar bununla əslində həm də ekoloji tarazlığı qoruyurlar.
Bitkilərlə qarışqaların bu dərəcədə uyumlu bir ortaq yaşama sahib olmaları əsla təsadüflərlə izah edilə bilməz. Onlar, göründüyü kimi, bir-birlərinə tamamilə uyğun şəkildə yaradılıblar. Bu bölümün əvvəlində anoloji misal çəkmişdik: açarla onun açdığı qıfıl arasında yüz faizli uyğunluq varsa, bu, onların eyni ustanın əlindən çıxmasına, yəni elmlə yaradılmasına dəlalət edir. Eyni məntiq təbiətdə rastlaşdığımız hallarda da keçərlidir. Qarışqayla bitki ona görə tam uyumlu şəkildə yaşaya bilirlər ki, bir-birlərinə uyğun şəkildə düzəldiliblər. Onların özləri münasibət qurmağı, plan tutmağı əlbəttə ki, bacarmazlar. Hər ikisi onları yaradanın təlqinilə hərəkət edir və bunun nəticəsində həyatlarını davam etdirə bilirlər.
İnsanların vəzifəsi isə bu bilgili yaradılış örnəyini görmək onun sahibini tanımaqdır. Halbuki, çoxları bunu düşünmək istəmirlər. Allahın qüsursuz yaratmaq iqtidarı və gücü isə ayələrdə belə ifadə olunub:
“Ey insanlar, [sizə] bir məsəl çəkildi, ona qulaq asın. Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər lap hamısı bir yerə yığışsalar belə, heç bir milçək də yarada bilməzlər! Əgər milçək onlardan bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! Müşriklər Allahı layiqincə qiymətləndirmədilər. Həqiqətən, Allah yenilməz qüdrət və qüvvət sahibidir!” («Həcc» surəsi, / 73-74)
44 Bert Hölldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, p. 512.
45 Ibid, p. 204.
46 Ibid.
47 Ibid, p. 486-487.
48 Ibid, p. 489.
49 Ecology, Michael Scott, Oxford University Press, New York, 1995, p. 33.
50 Bert Hölldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, p. 497-498.
51 Ibid, p. 500.
52 Ibid.
53 Ibid, p. 504.
54 Ibid, p. 507.
55 Ibid
56 Ibid, p. 506.
57 Ibid, p. 493.
58 Natural History, 1/94, Gregory Paulson and Roger D.Akre.
59 Bert Hölldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, p. 522-523.
60 Ibid, p. 530.
61 Ibid, p. 548.
62 Ibid, p. 531.
63 National Geographic Documentary
64 Bert Hölldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, p. 532
65 Ibid, p. 534-535
66 Geo Magazine, October 1995, p. 186
67 Bert Hölldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, p. 549
68 Natural History, 10/93, p. 4-8
69 Natural History, 10/93, p. 6
70 Bert Hölldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, p. 547
71 Ibid p. 535