Bu kitabda Allahın peyğəmbərlərindən bir hissəsinin göndərildikləri cəmiyyətlərdə apardığı təbliğatı göstərdik. Burada məqsəd isə həm Allahın bu şərəfli peyğəmbərlərinin üstün əxlaqi xüsusiyyətlərini və dini təbliğ etmək məsələsində göstərdikləri səmimiyyət, səy və qətiyyəti xatırladaraq onlara olan hörmət və sevgimizi təzələmək, həm də təbliğ etdikləri mövzuların əhəmiyyətinə diqqət cəlb etməkdir. Digər tərəfdən də bu peyğəmbərlərin göndərildikləri cəmiyyətlərə bildirdiklərini bir daha xatırlayaraq özümüzdəki çatışmazlıq və səhvləri gözdən keçirib düzəltməkdir. Çünki Quranda olan bütün qissə və məlumatlar hər şeydən öncə möminlərin öyüd alıb düşünməsi və doğru yolu tapması üçün bildirilmişdir.
Quranda bildirilən peyğəmbər qissələri və peyğəmbərlərin qövmlərinə olan təbliğləri o dövrdə yaşayan insanlar üçün nə qədər yolgöstərən oldusa, bu gün bizlər üçün də bir o qədər hidayət qaynağıdır. Bu qissələr gələcəkdə yaşayan insanlar üçün də eynilə yolgöstərən olmağa davam edəcəkdir. Allah Quranın bu xüsusiyyətini insanlara "Həqiqətən, bu Quran ən doğru yola yönəldir..." ("İsra" surəsi, 9) ayəsi ilə xatırlatmışdır. Bu səbəblə Quranın hər ayəsi kimi peyğəmbərlərimizin təbliğlərinin bildirildiyi hər qissədə də möminlər üçün "ən doğru yola yönəldən" xəbərlər vardır. Çünki Allahın Muhəmməd Peyğəmbərə (s.ə.v.) olan "...Allah sənə Quranı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür!" ("Nisa" surəsi, 113) xitabından da başa düşüldüyü kimi, Quranın hər ayəsində möminlərə "bilmədiklərini öyrədən", onlara "yolgöstərən" hikmətləri var.
Bax, bu kitab da peyğəmbərlərin qissələrində bildirilən hikmətləri görməyə, düşünməyə və həyata keçirməyə bir dəvətdir.
"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2/32).