"Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O daim Allaha sığınan bir kimsə idi. Onun rizasını qazanmaq diləyərdi" ("Sad" surəsi, 30).
"Həqiqətən, o, dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır" ("Sad" surəsi, 40).
"Biz onu dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm və elm verdik..." ("Ənbiya" surəsi, 79).
Hz.Süleyman varisi olduğu Hz.Davud kimi Allahın ona verdiyi maddi və mənəvi nemətlərlə üstün edilmiş bir peyğəmbərdir. Allah yolunda sərf etmək üçün dünyada heç kimsəyə nəsib olmayan bir var-dövlətə sahib olmağı istəmiş və Allah onun bu duasını qəbul etmişdir. Fırtına şəklində əsən külək, ərimiş mis mədəni, cinlər onun əmrinə verilmişdir. Allahın Hz.Süleymana verdiyi nemətləri bildirdiyi ayələrdən bəziləri belədir:
"Süleymana da küləyi ram etdik. O səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi. Onun üçün mis mədənini sel kimi əridib axıtdıq. Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs əmrimizdən çıxırdısa, ona cəhənnəm odunun əzabından daddırardıq. Onun üçün nə istəsə - məbədlər, heykəllər, böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. Siz ey Davud ailəsi! Allaha şükranlıqla itaət edin! Bəndələrimdən şükr edəni azdır!" ("Səba" surəsi, 12-13).
Sahib olduğu hər şeyin Allahın ona verdiyi bir nemət olduğunu bilən Hz.Süleyman bunları Allahın rizasını qazanmaq məqsədi ilə istədiyini belə ifadə etmişdir:
"Axşamüstü ona cins, çapar atlar göstərildiyi zaman o dedi: "Mən gözəlliyi Rəbbimin zikrindən dolayı sevirəm. Nəhayət, qeyb olub gizləndi. Dedi: "Onları mənə qaytarın!" Onların qıçlarını və boyunlarını sığallamaca başladı" ("Sad" surəsi, 31-33).
Hz.Süleymanın bu sözləri bütün müsəlmanlar üçün bir örnəkdir. İman gətirən hər insan yer üzündəki hər şeyin tək sahibinin Allah olduğunu və sahib olduqlarını ona Allahın bir nemət olaraq verdiyini bilir. Buna görə gördüyü hər gözəllik qarşısında Hz.Süleyman kimi Allahı zikr edir, Ona şükr edir. Amma dünyada gördüklərinin müvəqqəti bir nemət olduğunu, bunların ən yaxşısının ona əbədi davam edəcək axirət həyatında veriləcəyini də əsla unutmur.
Quranda Hz.Süleymanın günəşə sitayiş edən Səba qövmünün qadın hökmdarına təbliğ edərkən istifadə etdiyi metodlar bildirilmişdir. Hz.Süleymana tabe olan Hüdhüd quşu bu qövm haqqında xəbər gətirdiyi zaman Hz.Süleyman ilk öncə bir məktub göndərərək onları haqq dinə çağırmışdır.
Hz.Süleyman göndərdiyi məktubda bu qövmü Allaha iman gətirməyə və ona təslim olmağa dəvət etmişdir. Məktubu alan Səba məlikəsi Allaha çağıran məktubun məzmununu qövmünün başbilənlərinə bu şəkildə açıqlamışdır:
"Dedi: "Ey əyanlar! Mənə çox hörmətli bir məktub göndərildi. O məktub Süleymandandır və o "bismillahir-rəhmanir-rəhim"lədir. "Mənə qarşı təkəbbür göstərməyin və yanıma müti olaraq gəlin! (Bəlqis) dedi: "Ey əyanlar! Bu iş barəsində mənə rəyinizi bildirin. Mən sizinlə məsləhətləşməmiş heç bir iş görən deyiləm!" Onlar dedilər: "Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Hökm sənindir. Nə əmr edəcəyini özün bax!"" ("Nəml" surəsi, 29-33).
Hz.Süleymanın gücü və qətiyyəti məktubda işlədilən ifadədən də asanlıqla başa düşülür. Səba qövmünün başçıları dərk etdilər ki, əgər Hz.Süleymanın əmrinə qarşı çıxsalar, böyük ziyana uğrayacaqlar. Ancaq öncə ona bir hədiyyə göndərərək Hz.Süleymanı sınamaq istəmişdilər.
Güc və şərəf sahibi olan Hz.Süleyman Səba məlikəsinin göndərdiyi hədiyyələri qəbul etməmiş, bu məsələdə son dərəcə qətiyyətli bir davranış göstərmişdir:
"...Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi sizə verdiyindən daha yaxşıdır. Amma siz öz hədiyyələrinizlə sevinirsiniz" ("Nəml" surəsi, 36).
Hz.Süleyman bu sözləri ilə Allahın rizasını heç bir dünyəvi mənfəətə dəyişmədiyini göstərmişdir. Hz.Süleymanın heç bir şeyə tamah salmayan bu davranışı mühüm bir üstünlükdür. Və möminlərin nümunə götürəcəyi gözəl bir iman xüsusiyyətidir.
Hz.Süleyman Səba xalqının müsəlman olmasını istəmişdir. Sarayına gələcək qadın hökmdara Allahın ona verdiyi gücü göstərmək və bununla Səba qövmünün hidayət yoluna gəlməsinə vasitə olmaq üçün fərqli bir üsuldan istifadə etmişdir. Hz.Süleyman köməkçilərindən Səba məlikəsinin taxtını ona gətirmələrini istəmişdir:
"Dedi: "Ey əyanlar! Onlar müti vəziyyətdə yanıma gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər?"" ("Nəml" surəsi, 38).
Bu barədə Hz.Süleymana verilən cavab belə olmuşdur:
"Kitabdan bir qədər xəbəri olan birisi dedi: "Mən onu sənə bir göz qırpımında gətirərəm!..." ("Nəml" surəsi, 40).
Və Hz.Süleyman bir anda taxtı yanında görmüşdür. Sahib olduğu hər şeyi Allahın onu sınamaq üçün verdiyini bilən Hz.Süleyman taxtı görəndə bunun Allahdan bir sınaq olaraq yaradıldığını belə bildirmişdir:
"...Bu, Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, görək şükr edəcəyəm, yoxsa nankor olacağam! Kim şükr etsə, yalnız özü üçün şükr edər; kim nankor olsa, bilsin ki həqiqətən, Rəbbim möhtac deyildir, kərəm sahibidir!" ("Nəml" surəsi, 40).
Səba məlikəsi ora gələrkən gördüyü möcüzədən və Hz.Süleymanın sarayının əzəmətindən təsirlənərək tövbə etmiş və imana gəlmişdir. Hz.Süleymanla onun arasındakı söhbətlər Quranda belə bildirilir:
"Dedi: "Taxtını tanınmaz hala salın, görək onu tanıyacaq, ya yox?!" (Bəlqis) gəldikdə ona: "Taxtın bu cürdürmü?" -deyildi. O da: "Sanki odur!" - deyə cavab verdi. "Bizə ondan daha öncə elm verilmiş və biz müti olmuşuq!" Ona Allahdan başqasına ibadət etməyi qadağan etdi. Ona belə deyildi: "Saraya daxil ol!" Sarayı gördükdə onu dərin bir-gölməçə hesab etdi və ətəyini qaldırdı. O: "Bu büllurdan tikilmiş bir saraydır!" - dedi. (Bəlqis) dedi: "Ey Rəbbim! Mən özümə zülm etmişdim. Mən artıq Süleyman sayəsində aləmlərin Rəbbi olan Allaha təslim oldum!"" ("Nəml" surəsi, 41-44).
Hz.Süleymanın Səba qövmünə etdiyi təbliğdən başa düşüldüyü kimi, peyğəmbərlər sahib olduqları bütün güc və imkanlarından insanların bir olan Allaha iman gətirməsinə vasitə olmaq məqsədilə istifadə etmişlər.