Hz.Nuh Quranın bir çox ayəsində haqqında təriflə bəhs edilmiş bir peyğəmbərdir:
"Ey Nuhla birlikdə mindirib apardığımız kəslərin nəsli! Həqiqətən, o çox şükr edən bir bəndə idi!" ("İsra" surəsi, 3).
"Həqiqətən, Nuh Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu! Biz onu və ailəsini böyük fəlakətdən qurtardıq. Məhz onun nəslini baqi etdik. Sonradan gələnlər içərisində onun üçün yaxşı ad qoyduq. "Bütün aləmlər içərisində Nuha salam olsun!"" ("Səffat" surəsi, 75-79).
"Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş etdi" ("Ali-İmran" surəsi, 33).
"Həqiqətən, Biz Nuhu: "Qövmünə şiddətli bir əzab gəlməmişdən əvvəl onları qorxut!" - deyə öz tayfasına peyğəmbər göndərdik" ("Nuh" surəsi, 1).
Allah Hz.Nuhu öz qövmünə elçi kimi göndərmişdi. Qövmündən yolunu azıb inkarçılığa düşənlər Hz.Nuhu və ona tabe olanları haqq yolundan döndərmək üçün onlara tələlər qurmuş, müxtəlif iftiralar atmış, onlara istehza etmişdilər. Etdiklərinin əvəzində isə Allah bu qövmü dünya həyatında böyük bir tufanla cəzalandırmışdı.
Qəlbində Allah qorxusu olmayan insanlar bir-birinə həqiqi mənada inanıb etibar etməzlər. Çünki belə insanlardan təşkil olunmuş bir cəmiyyətdə insanın özünə ən yaxın bildiyi adamdan belə hər an bir pislik görmə ehtimalı var. Hər kəs bir-biri ilə son dərəcə ehtiyatla və təmkinlə davranır, izahat verməməyə çalışır. Bu səbəblə insanların ən çox istədiyi və dəyər verdiyi şey etibar edə biləcəkləri əsl dostlara sahib olmaqdır.
Peyğəmbərlər isə Allah qorxusuna görə son dərəcə etibarlı bir xarakterə sahibdir. İnsanların elçilərin etibarlı olmasının fərqinə varması çox əhəmiyyətlidir və buna görə elçilər təbliğat apararkən özlərinin bu xüsusiyyətlərini xüsusilə vurğulayırlar:
"Nuh tayfası peyğəmbərləri təkzib etdi. O zaman ki, qardaşları Nuh onlara dedi: "Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Artıq Allahdan qorxun və mənə itaət edin!" ("Şuəra" surəsi, 105-108).
Liderlik həvəsi, mala-mülkə hərislik, etibar gözləmək kimi məsələlər insanların başqalarına inanmaq və etibar etmək məsələsində tərəddüd keçirməsinə səbəb olur. Hətta insanların hər hansı bir mənfəət güdmədən yaxşılıq etməyəcəkləri hesab olunur. Peyğəmbərlər isə əvəzi Allahdan gözləyir, insanlardan heç bir istəklərinin olmadığını da xüsusilə vurğulayırlar. Hz.Nuh öz qövmünə belə demişdir:
"Mən bunun müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!" ("Şuəra" surəsi, 109).
"Əgər siz üz çevirsəniz, bilin ki mən sizdən heç bir mükafat istəmirəm. Məni mükafatlandırmaq yalnız Allaha aiddir. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir!"" ("Yunus" surəsi, 72).
Hz.Nuh qövmünü içində olduğu batil inanclardan əl çəkərək Allaha ibadət etməyə dəvət etmişdi. Allahdan başqa ibadətə layiq Tanrı olmadığını, əgər dünyada ikən bunu anlamazlarsa, qarşıda əzabla qarşılaşacaqlarını xatırlatmışdı. Bu şəkildə onlara xəbərdarlıq edib qorxutmuş və iman gətirmələri üçün müxtəlif cür açıqlama və izahatlar vermişdi. Bununla bağlı bəzi ayələr belədir:
"Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O belə dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Məgər qorxmursunuz?"" ("Muminun" surəsi, 23).
"Həqiqətən, Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh dedi: "Mən sizi açıq-aşkar qorxudan bir peyğəmbərəm! Allahdan başqasına ibadət etməyin. Mən şiddətli günün sizə üz verəcək əzabından qorxuram!"" ("Hud" surəsi, 25-26).
Hz.Nuh qövmünə Allahın yeganə Tanrı olduğunu xatırladandan sonra onları Allahdan bağışlanma diləməyə dəvət etmiş, Allaha yönəlmələrinin əvəzində Allahın onlara verəcəyi nemətləri bu şəkildə müjdələmişdi:
"Və dedim: "Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır! O sizə göydən bol yağış göndərər; O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradar və çaylar axıdar!" ("Nuh" surəsi, 10-12).
Allah Quranın bir çox ayələrində iman edənlərə gözəl bir həyat vəd etmişdir. Bu səbəblə peyğəmbərlər öz qövmlərini Allaha yönəlməyə dəvət edərkən Allahın onlara nemətlər verəcəyini də bildirmişdilər. Digər tərəfdən isə Allahın verdiyi nemətləri sadalayaraq insanların bunları anlamasını, Allahın onlar üzərindəki lütf və mərhəmətini görməsini təmin etməyə çalışmışdılar. Hz.Nuh qövmünə belə xitab etmişdi:
"Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz? Halbuki O sizi cürbəcür xəlq etdi. Məgər görmürsünüz ki, Alah yeddi göyü qat-qat necə yaratdı?! Orada ayı bir nur, günəşi də bir çıraq etdi. Və Allah sizi yerdən bir bitki kimi göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və çıxardacaqdır. Allah yeri sizin üçün xalı etdi ki, onun geniş yollarında gəzəsiniz!"" ("Nuh" surəsi, 13-20).
İman gətirənlərin etməsi vacib olan iş də peyğəmbərlər kimi Allahın nemətlərini xatırlayaraq Ona şükr etmək və ətraflarındakı insanları şükr edənlərdən olmağa çağırmaqdır.
Tarix boyu Allahın göndərdiyi bütün elçilərə bir-birinə oxşayan iftiralar atılmışdır. Bu, Allahın hər dövrdə yaşayan elçilərinin qarşılaşdığı dəyişilməz bir qanunudur.
Hz.Nuhun qövmü də öz peyğəmbərinə itaət etmək məsələsində müqavimət göstərmiş və özlərinə məxsus tərzdə onu qorxutmaq üçün bir çox iftiralar atmışdılar. Bunlardan biri də "çaşmış və azmış" iftirasıdır:
"Tayfasının başçıları ona: "Biz səni açıq- aydın azmış görürük! - deyə cavab verdilər" ("Əraf" surəsi, 60).
Allahın elçilərinin ən qabarıq xüsusiyyətlərindən biri də onların hər yerdə səbrli və qərarlı olmaqda, üstün əxlaqlarını qorumaqda davam etməsidir. Onlar qarşılaşdıqları çətinlik və iftiralar qarşısında daim müdrik və təmkinli bir davranış göstərmişlər. Bu iftiraya qarşı Hz.Nuhun cavabı bütün möminlər üçün örnəkdir:
"Nuh dedi: "Mən heç azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan sizin bilmədiklərinizi bilirəm!" ("Əraf" surəsi, 61-62).
Hz.Nuh onu yalançılıqda günahlandıranlara isə belə cavab vermişdi:
"Nuh tayfasının kafir əyan-əşrafı dedilər: "Biz səni ancaq özümüz kimi bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin sənə uyduğunu görürük. Eyni zamanda sizin, bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!" Nuh dedi: "Ey camaatım! Bir deyin görək. Əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad etsəm, Rəbbim mənə Özündən bir mərhəmət bəxş etsə və o sizə gizli qalsa; istəmədiyiniz halda, biz sizi ona məcburmu edə bilərik?! Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatımı vermək ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Onlar öz Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizi cahil bir tayfa görürəm!" ("Hud" surəsi, 27-29).
Tarix boyu inkar edənlər onlara gələn elçilərə tabe olmamaq üçün bir çox bəhanələr irəli sürmüşlər. Peyğəmbərlərin var-dövlət cəhətdən onlardan üstün olmasını və ya möcüzələr göstərməsinin vacibliyini irəli sürmüş, hətta onların insan deyil, mələk olmasının lazım gəldiyini iddia etmişdilər. Hz.Nuh buna oxşar istəklərə belə cavab vermişdi:
"Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mələyəm. Mən eyni zamanda sizin xor baxdığınız kəslərə Allahın heç bir xeyir verməyəcəyini də demirəm. Onların ürəklərində olanı Allah bilir. Onda, şübhəsiz ki, zalimlərdən olaram!"" ("Hud" surəsi, 31).
Allahın göndərdiyi elçilərin mal-dövlət və pul cəhətdən üstün olmasını, möcüzələr göstərməsini gözləmək inkarçıların klassik bir xüsusiyyətidir. Elçilərin üstün olduqları cəhət təqvadır. Bu insanlar həyatlarının hər anında və hər davranışlarında Allaha yönəldikləri, təslimiyyət və təvəkkül göstərdikləri, səbrlərində heç bir zaman qüsura yol vermədikləri üçün üstündürlər. Allah mal-dövləti, mövqeyi, pulu, elmi və dünyaya aid olan hər şeyi bir çox insana verə bilər. Ancaq bunlar bir üstünlük ölçüsü deyil, yalnız imtahan vasitəsidir. Bu cür dünyəvi dəyərləri Allah yanında bir üstünlük əlaməti kimi qiymətləndirmək isə ancaq dindən uzaq yaşayan insanlara xas olan xüsusiyyətdir:
"Məgər səndən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər. Onlar əllərini ağızlarına qoyub: "Biz sizinlə göndərilənlərə inanmırıq və bizi dəvət etdiyiniz barəsində də möhkəm bir şəkk-şübhə içindəyik!" - demişdilər. Peyğəmbərləri də belə cavab vermişdilər: "Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?! Allah günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər möhlət vermək üçün imana dəvət edir". Onlar demişdilər: "Siz də bizim kimi adi bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. Açıq-aşkar bir dəlil gətirin!" Peyğəmbərləri onlara cavab verərək demişdilər: "Biz də sizin kimi adi bir insanıq, lakin Allah Öz bəndələrindən dilədiyinə nemət bəxş edər. Allahın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik. Möminlər yalnız Allaha təvəkkül etsinlər!" ("İbrahim" surəsi, 9-11).
Hz.Nuh da digər peyğəmbərlər kimi qövmünün iman etməsi üçün hər cür yolu sınaqdan keçirmişdir. Onları açıq dinə dəvət etdiyi kimi onlara fərqli yollarla da yanaşmağa çalışmış, ancaq bütün cəhdlərinə baxmayaraq onun qövmü inkar etməkdə və azğınlıqda inadla davam etmişdi. Hz.Nuh qövmünün ona inad etməsini belə bildirmişdir:
"O dedi: "Ey Rəbbim! Mən qövmümü gecə-gündüz dəvət etdim! Lakin dəvətim onların qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı. Sənin onları bağışlamağın üçün mən nə zaman onları dəvət etdimsə, onlar barmaqlarını qulaqlarına tıxadılar, libaslarına büründülər, israr edib durdular və təkəbbür göstərdilər. Sonra mən onları uca səslə dəvət etdim. Daha sonra onlara aşkar söylədim və gizli bildirdim"" ("Nuh" surəsi, 5-9).
Hz.Nuhun bu sözlərindən bəlli olur ki, peyğəmbərlər dayanmadan insanları Allahın yoluna çağırmış, müxtəlif üsullardan istifadə edərək insanların vicdanını oyatmağa çalışmışdılar. İnsanlardan nə cür reaksiya gəlirsə gəlsin qərarlı davranmaq, Allahın "yaxşılığı əmr edib pislikdən çəkindirmək" əmrini mütləq surətdə yerinə yetirmək peyğəmbərlər kimi əməlisaleh möminlərin də üzərinə düşən mühüm bir məsuliyyətdir:
"İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar, həqiqətən nicat tapmış şəxslərdir" ("Ali-İmran" surəsi, 104).
"Onlar Allaha tövbə, ibadət və şükr-səna edənlər, oruc tutanlar, rüku və səcdə edənlər, yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allahın hədlərini qoruyanlardır. Belə möminləri müjdələ!" ("Tövbə" surəsi, 112).
Yer üzərində var olan hər şeyin sahibinin Allah olduğunu, Allah istəməsə kimsənin özünə bir zərər və ya fayda verməyə gücünün çatmayacağını bilən peyğəmbərlər öz qövmlərinin onlara hədə-qorxu gəlməsindən heç bir zaman çəkinməmişlər. Onlar qarşılaşdıqları hər cür çətinlikdə Allaha arxalanıb güvənmişlər. Hz.Nuh da inkarçıların öndə gələnlərinə qarşı qəhrəmancasına mübarizə aparmış, onların iftira və hücumlarından əsla çəkinməyəcəyini belə vurğulamışdı:
"Onlara Nuhun xəbərini söylə. Bir zaman o öz ümmətinə belə demişdi: "Ey ümmətim! Əgər aranızda qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. Şəriklərinizlə birlikdə nə edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın, sonra mənə heç möhlət də verməyib haqqımda istədiyinizi edin" ("Yunus" surəsi, 71).
Möminlər də peyğəmbərlərdən nümunə götürərək çətinliklər qarşısında səbr edir, düşmənlərinə qarşı əsla qorxaqlıq və zəiflik göstərmirlər. Allahın köməyinin hər an yanlarında olduğunu və mütləq qələbənin hər zaman iman gətirənlərə aid olduğunu bilirlər. Çünki buna zəmanət verilmişdir:
"Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz!" ("Ali-İmran" surəsi, 139).
"...Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!" ("Nisa" surəsi, 41).
Bəzi qövmlər onlara göndərilən peyğəmbərlərə qarşı çıxdıqları və peyğəmbərlərlə və iman edənlərlə mübarizə apardıqları üçün Allahın göndərdiyi müxtəlif əzablarla həlak edilmişdir. Peyğəmbərlər isə bu əzablar gəlməmişdən əvvəl qövmlərini xəbərdar etmiş və onları Allahı yoluna çağırmışdılar. Hz.Nuh qövmünü bu şəkildə xəbərdar etmişdi:
"Biz Nuhu öz tayfasına göndərdik. O dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bmr tanrınız yoxdur. Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!"" ("Əraf" surəsi, 59).
Allah Quranın bir çox ayəsində möminləri ələ salan insanlardan bəhs edir. Ancaq Allah tarix boyu möminlərə istehza edən insanları sonuncular hələ dünyada ikən onlara istehza ediləcək hala salmışdır. Bu insanların axirətdə görəcəyi təhqir isə daha böyük olacaq. Allah Quranda bu insanlar cəhənnəmdə əzab çəkərkən möminlərin də cənnətdən onları seyr edib güləcəklərini bildirmişdir ("Mütəffifin" surəsi, 34).
Hz.Nuhun qövmü də onu və möminləri ələ salmışdı. Hz.Nuhun bununla bağlı öz qövmünə verdiyi cavab isə bu şəkildədir:
"...Nuh onlara deyirdi: "Əgər siz bizi məsxərəyə qoyursunuzsa, biz də sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyaçağıq. Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!"" ("Hud" surəsi, 38-39).
İndiyə qədərki ayələrdən də gördüyümüz kimi, Hz.Nuh həyatı boyu qövmünü xəbərdar edib qorxutmuş, onları Allahın əzabından qorunmağa çağırmışdı. Ancaq bütün bunlara baxmayaraq onun azğın qövmü inkar etməkdə inad edincə Allaha belə dua etmişdi:
"Nuh dedi: "Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! Çünki sən onları buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir doğub-törədəcəklər" ("Nuh" surəsi, 26-27).
Peyğəmbərlərdən nümunə götürən möminlərin bunları etməsi lazımdır: dini hər cür imkandan istifadə edərək, sözlə və ya yazılı şəkildə izah edib Allahın varlığının hər cür dəlillərini onlara göstərmək, bundan başqa hesab gününün, cənnətin və cəhənnəmin yaxınlığını təbliğ etmək...
Ancaq bütün bunlara baxmayaraq inkar etməkdə inadla davam edən insanlar olarsa, möminlər bu insanları cəzalandırması üçün də Allaha dua edərlər. Və onlar Allahın dünyada və axirətdə sonsuz bir ədalətlə əvəz verəcəyini bilirlər.
Allah inkar etmələri, istehzaları və hücumları ilə əzaba tam layiq olan qövmün üzərinə böyük bir bəla göndərmiş və Hz.Nuhu yalan hesab edənlər həlak olmuşdular. Hz.Nuhla birlikdə olan möminlər isə gəmiyə minib əzabdan xilas olmuşdular. Həlak olanlar arasında Hz.Nuhun oğlu da vardı. Atasının peyğəmbər olması da onu əzabdan qurtarmamışdı.
Bu gün bəzi insanlar özləri dindar olmasa da ailədə olan böyüklərinin, yaxınlarının dindarlığı ilə fəxr edirlər. Onların "atam hacıdır", "babam böyük bir alimdir" kimi sözləri tez-tez eşidilir. Lakin axirətdə insan yalnız öz etdiklərinə və öz üzərinə düşən vəzifəyə görə məsuliyyət daşıyacaq. Yaxınlarının üstünlükləri, dindarlığı ona heç bir fayda verməyəcək. Bu hal Quranda belə bildirilir:
"Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və onları Allahdan heç vəchlə qurtara bilmədilər. Onlara: "Başqaları ilə birlikdə siz ikiniz də cəhənnəmə girin!" - deyildi" ("Təhrim" surəsi, 10).
Hz.Nuh oğluna kafirlərdən olmaması üçün son ana qədər xəbərdarlıq etmiş, lakin onun xəbərdarlığı heç bir nəticə verməmişdi:
"Gəmi onları dağlar kimi dalğaların içi ilə apardığı zaman Nuh aralı olan oğlunu haraylayıb dedi: "Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!" Belə cavab verdi: "Mən bir dağa sığınaram, o da məni sudan qoruyar". Nuh dedi: "Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs Onun əzabından qoruya bilməz!" Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu" ("Hud" surəsi, 42-43).
Hz.Nuh inkarçıların həlak olması üçün dua etdiyi kimi möminlərin günahlarının bağışlanması üçün də dua etmişdir:
"Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə mömin kimi daxil olan kimsəni və bütün mömin kişiləri və qadınları bağışla. Zalimlərin isə ancaq və ancaq həlakını artır!"" ("Nuh" surəsi, 28).
Peyğəmbərin bu duası da bütün möminlərin nümunə götürəcəyi və tətbiq etməsi lazım gələn bir davranışdır. Allaha iman gətirən insanlar bir-birinin yeganə dostları və yardımçılarıdır. Buna görə onların bir-birinin axirətinə yönəlik dua etməsi də bir iman əlamətidir.