Quranda Hz.Musadan bir çox ayədə bəhs edilir. Onun qarşılaşdığı hadisələr, qövmünə etdiyi təbliğ, sahib olduğu üstün əxlaq, Allaha olan iman və təslimiyyəti, səmimiyyəti bir çox ayədə möminlərə bildirilmişdir. Hz.Musa ilə bağlı ayələri oxuyan möminlərin vəzifəsi də Allahın bir çox cəhətdən üstün etdiyi bu rəsulundan nümunə götürmək, onun öz dövründə ətrafındakı insanlara tövsiyə etdiklərini həyata keçirməyə çalışmaqdır.
Hz.Musa ilk olaraq Allahın əmri ilə qövmünün başında olan Firona təbliğ etmişdir. Firon o dövrdə özünün tanrı olduğunu elan etmiş son dərəcə azğın bir insan idi. Və xalqı da sahib olduğu gücə görə ona bütövlükdə boyun əymiş vəziyyətdə idi. Allah Hz.Musaya Fironun yanına gedib onu haqq yola cağırmasını və belə söyləməsini bildirmişdir:
"Onun yanına gedib deyin: "Biz ikimiz də sənin Rəbbinin peyğəmbəriyik. İsrail oğullarını bizimlə göndər və onlara işgəncə vermə. Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik. Haqq yolu tutub gedənlərə salam olsun! Bizə vəhy olundu ki, yalan hesab edənləri və üz döndərənləri əzab gözləyir!"" ("Taha" surəsi, 47-48).
Başqa bir ayədə Allah Hz.Musaya verdiyi əmri belə bildirmişdir:
"Fironun yanına get. Çünki o, çox azmışdır. Və de: "Təmizlənmək istəyirsənmi? Səni Rəbbinə tərəf gətirimmi ki, qorxasan?"" ("Nazirat" surəsi, 17-19).
Allahın vəhyi ilə Hz.Musa qardaşı Hz.Harunla Fironun yanına getmiş, Allahın əmr etdiklərini Firona təbliğ etmiş və belə demişdir:
"Musa dedi: "Ey Firon! Mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! Mən Allah barəsində yalnız haqqı deməyə borcluyam. Mən sizə Rəbbinizdən bir möcüzə ilə gəlmişəm. İndi İsrail oğullarını mənimlə bərabər göndər!"" ("Əraf" surəsi, 104-105).
Hz.Musa Allahın əmri ilə Fironun yanına getdiyi zaman aralarında belə bir söhbət olmuşdur:
"Firon: "Elədə Rəbbiniz kimdir, ya Musa?" - deyə soruşdu. Musa belə cavab verdi: "Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!" Firon soruşdu: "Bəs əvvəlki nəsillərin halı necədir?" Musa belə cavab verdi: "Onlara dair bilik yalnız Rəbbimin dərgahında olan bir kitabdadır. Rəbbim xəta etməz və unutmaz!"" ("Taha" surəsi, 49-52).
Yuxarıdakı ayələrdən də göründüyü kimi, Hz.Musa Allahın varlığını bildirdiyi müddətdə ona verilən suallara son dərəcə hikmətli cavablar vermişdir. Öncə hər şeyin Yaradıcısının Allah olduğunu söyləyərək, sonra da Allahın üstün sifətlərini bildirərək qarşısındakı adama Allahın varlığını və böyüklüyünü təbliğ etmişdir.
Hz.Musa Firona qarşı Allahın sonsuz gücünü belə təbliğ etmişdir:
"Firon dedi: "Aləmlərin Rəbbi nədir?" Musa: "Əgər yəqin inanacaqsınızsa, bilin ki O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!" - deyə cavab verdi. Firon ətrafındakılara: "Eşitdinizmi?" - dedi. Musa dedi: "O sizin də, ulu babalarınızın da Rəbbidir!"" ("Şuəra" surəsi, 23-26).
"Əgər ağıllı-başlı düşünə bilirsinizsə, anlayın ki, O şərqin, qərbin və onların ikisinin arasında olan hər şeyin Rəbbidir" ("Şuəra" surəsi, 28).
Hz.Musanın onu haqq dininə dəvət etməsi, Allahın tək Tanrı olduğunu bildirməsi üzündən Firon bütün inkarçılar kimi zorakılığıa əl atmağa başlamışdır. Firon Hz.Musanı hədələyərək ondan başqa tanrı qəbul edəcəyi halda onu həbs edəcəyini söyləmişdir. Bu barədə Hz.Musa ilə Firon arasında keçən söhbətlər bu şəkildədir:
"Firon: "Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!" - dedi. Musa dedi: "Əgər sənə bir şey gətirsəm necə?" ("Şuəra" surəsi, 29-30).
Hz.Musanın göstərdiyi möcüzəyə qarşı Firon yenə də inadkarlıqla inkar etmiş və onu bu dəfə falçılıqda günahlandırmışdır. Sonra da falçıları çağırıb əgər Hz.Musaya üstün gələrlərsə, onları mükafatlandıracağını vəd etmişdir. Təyin olunan vaxtda Hz.Musa ilə falçılar qarşı-qarşıya gəlmişdilər. Hz.Musa ilk öncə falçılarla danışmış və onlara əməlləri üzündən Allahın əzabı ilə qarşılaşacaqları barədə xəbərdarlıq etmişdir:
"Musa onlara dedi: "Vay sizin halınıza! Allaha iftira yaxmayın, yoxsa O sizi əzabla məhv edər. İftira yaxan naümid olar"" ("Taha" surəsi, 61).
Digər peyğəmbərlərin həyatından da göründüyü kimi, Allah iman edən insanları hər zaman qoruyacağını, inkarçıların onlara heç bir zaman zərər verə bilməyəcəyini müjdələmişdir. Sehrbazlarla görüş zamanı gələndə Hz.Musa Allahı inkar edənlərin möminlərə qarşı etdiklərinin sonunculara zərər verməyəcəyini belə bildirmişdir:
"...Sizin etdiyiniz hər şey sehrdir. Allah, sözsüz ki, onu batil edəcəkdir. Allah fitnə-fəsad törədənləri sevməz! Günahkarlar istəməsələr də, Allah sözləri ilə haqqı gerçəkləşdirəcək!" ("Yunus" surəsi, 81-82).
Buna baxmayaraq, sehrbazlar əməllərində inadkarlıq edərək Hz.Musaya qarşı mübarizə aparmış və əllərindən gələni əsirgəməmişdilər. Bu barədə olan ayələr belədir:
"Musa onlara dedi: "Nə atacaqsınız, atın!" Onlar iplərini və əsalarını yerə atıb: "Fironun şan-şövkətinə and olsun ki, biz üstün gələcəyik!" - dedilər" ("Şuəra" surəsi, 43-44).
Bunun üzərinə Allah Hz.Musaya belə vəhy etmişdir:
"Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!"" ("Taha" surəsi, 69).
Həqiqətən də Hz.Musa əsasını buraxanda Allahın vədi həyata keçmişdir:
"Bundan sonra Musa da əsasını yerə atdı. Əsa dərhal onların hoqqabazlıqla düzəltdiyi şeyləri uddu. Sehrbazlar səcdəyə qapandılar. Və dedilər: "Biz iman gətirdik aləmlərin Rəbbinə!" ("Şuəra" surəsi, 45-47).
Əlbəttə, mövcud nizam-intizamın pozulması Fironun öz maraqlarına zidd olduğu üçün onun xoşuna gəlməmişdir. Şəxsi mənfəətlərini itirməmək üçün Hz.Musanı öldürmək istəmiş və "Buraxın məni Musanı öldürüm, qoy o da Rəbbini çağırsın. Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram" ("Mumin" surəsi, 26) demişdir.
Fironun onu ölümlə hədələməsinə qarşı Hz.Musa digər peyğəmbərlərdə də gördüyümüz kimi, qəti qərarlılıq göstərmiş və belə cavab vermişdir:
"Musa dedi: "Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbür sahibindən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha pənah aparıram!"" ("Mumin" surəsi, 27).
Firon və ətrafındakılar Allahın Hz.Musaya verdiyi möcüzələri bir sehr kimi qəbul etmişdilər. Hz.Musa ona sehrbaz iftirası atan və "biz keçmiş əcdadlarımızdan bunu eşitmədik" deyən bu kəslərə "...Rəbbim Öz dərgahından kimin hidayətlə gəldiyini və axirət yurdunun kimə nəsib olacağını daha yaxşı bilir. Həqiqətən, zalimlər nicat tapmazlar!" ("Qəsəs" surəsi, 37) deyərək cavab vermişdir.
Allah Quranda vicdanları qəbul etdiyi halda qürur və təkəbbürləri üzündən Allahın ayələrini görməməzliyə vuran insanların varlığını bildirmişdir. Firon da bu insanların ən azğınlarından biridir. Hz.Musa ona açıq-aydın dəlillər gətirdiyi halda o, bunları görməzliyə vurmuşdur.
Hətta Fironun tərəfdarları başlarına fəlakət gələn zaman Hz.Musadan özləri üçün Allaha dua etməsini istəmiş və istəkləri həyata keçərsə, iman gətirəcəklərini söyləmişdilər ("Əraf" surəsi, 130-135).
Hz.Musa boş bir qürur və təkəbbür nəticəsində həqiqətləri qulaqardına vuran Fironu əzaba qarşı belə xəbərdar etmişdir:
"Biz Musaya doqquz aşkar möcüzə verdik. İsrail oğullarından soruş: Musa onların yanına gəldikdə, Firon ona: "Ya Musa! Mənə elə gəlir ki, sən ovsunlanmışsan" - demişdi. Musa da ona: "Sən bunların məhz göylərin və yerin Rəbbi tərəfindən açıq-aşkar möcüzə olaraq endirildiyini, sözsüz ki, bilirsən. Mən isə, ey Firon, səni artıq məhv olmuş zənn edirəm!" - deyə cavab vermişdi" ("İsra" surəsi, 101-102).
Hz.Musa Fironun iftira və hücumlarına qarşı möminlərə səbrli olmağın vacibliyini söyləmiş və Allahın iman edənləri inkarçılar qarşısında mütləq uğura çatdıracağını müjdələmişdir:
"Dedilər: "Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik!" Musa onlara vbelə cavab verdi: "Bəlkə də, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə baxacaq!"" ("Əraf" surəsi, 129).
Yenə başqa bir ayədə Hz.Musanın öz qövmünə təvəkküllü olmalarını tövsiyə etdiyi belə bildirilmişdir:
"84. Musa dedi: "Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və təslim olmusunuzsa, Ona təvəkkül edin!"" ("Yunus" surəsi, 84).
Hz.Musanın tövsiyə etdiyi şəkildə bir çətinliklə qarşılaşdığı zaman səbrli və təvəkküllü davranmaq, bu etibarlı ruh halı sayəsində ağıllı qərarlar qəbul etmək, mülayim davranışlar göstərmək möminlərə həmişə uğur qazandırır.
Hz.Musa ona tabe olan möminlərlə birlikdə Allahın əmri ilə Fironun qövmündən ayrılmışdır. Firon da ordusu ilə birlikdə onları izləmişdir. Dəniz kənarına gəldikləri zaman Hz.Musanın yanındakılar qaçacaq yerləri olmadığını düşünmüş və buna görə "...artıq yaxalandıq..." ("Şuəra" surəsi, 61) demişdilər. Ancaq Hz.Musa bu vəziyyətdə də təvəkkülü ilə örnək olmuşdur. Yanındakı adamlarla Allahın onlara mütləq yardım edəcəyini bildirmişdir:
"Musa dedi: "Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!"" ("Şuəra" surəsi, 62).
Hz.Musanın çətinlik qarşısında göstərdiyi bu davranış əlbəttə ki, bütün müsəlmanlara mühüm bir yol göstərir. Bir insan nə qədər çətin şərtlərlə qarşılaşsa da hər şeyin Allahın nəzarətində olduğunu və Onun dilədiyi şəkildə baş verdiyini unutmamalıdır.
Həmçinin bu dərin imanın əvəzində Allah Hz.Musaya əsası ilə dənizə vurmasını əmr etmişdir. Dəniz ortadan iki yerə ayrılanda insanlar qarşı tərəfə keçmişdilər. Firon da ordusu ilə birlikdə onları izləmək istəmiş, ancaq onlar dənizi keçərkən su yüksəlmiş və hamısı boğulmuşdur. Əlbəttə, bu hadisə Allahın möminlərə olan köməyinin açıq bir nümunəsidir. Hz.Musa Allahdan başqa tanrıya ibadət edən qövmünə Allahın onlara verdiyi nemətləri xatırladaraq qövmünü cahillik etməməsi barədə xəbərdar etmişdir.
İsrailoğulları Hz.Musa ilə birlikdə dənizi keçdikdən sonra bütlərə ibadət edən bir qövmlə rastlaşmışdılar. Bu səbəblə də qövmü Hz.Musaya "sən də bizə bir tanrı düzəlt" deyərək nə cür yanlış bir imana sahib olduğunu göstərmişdi. Hz.Musa qövmünə Allahdan başqa tanrılara sitayiş edənlərin düşdüyü vəziyyəti bildirmiş və nankorluq etməmələri üçün Allahın onlara verdiyi nemətləri xatırlatmışdır:
"...Musa belə cavab verdi: "Siz, doğrudan da, cahil bir tayfasınız! Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puçdur!" Musa yenə dedi: "Allah sizi bütün insanlardan üstün tutduğu halda, heç mən sizin üçün Allahdan başqa bir tanrı istərəmmi?!" Yadınıza salın ki, sizi Firon əhlinin əlindən qurtardıq. Onlar sizə şiddətli əzab verir, oğullarınızı öldürür, qadınlarınızı isə diri saxlayırdılar. Bu sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq idi" ("Əraf" surəsi, 138-141).
Allah insanlara saymaqla bitməyəcək qədər çox nemət vermişdir. İnsanın düşünə bilməsi, danışa bilməsi, görə bilməsi, ətrafındakı gözəlliklər, dünyanın tam onun ehtiyacına uyğun olaraq yaradılması və saymaqla qurtarmayan minlərlə, milyonlarla nemət... Bu nemətlərə şükr etmək möminlər üçün bir ibadətdir. Bunları düşünüb Allahın öz üzərindəki rəhmətini görə bilən insanın Rəbbimizə olan bağlılığı artar. Belə bir adam ona bu nemətləri bəxş edən Allaha qarşı əsla nankorluq edə bilməz. Buna görə də peyğəmbərlər öz qövmlərinə Allahın nemətlərini xatırlatmış və Allahın əmr etdiyi kimi, bu nemətləri yada salmasının vacibliyini bildirmişdir. Hz.Musa da qövmünə Allahın onlara verdiyi nemətləri xatırlamasının vacibliyini söyləmişdir:
"Bir zaman Musa öz camaatına belə demişdi: "Ey camaatım, Allahın sizə olan nemətini xatırlayın ki, sizdən peyğəmbərlər göndərdi, padşahlar təyin etdi və aləmlərdən heç birinə vermədiyini sizə verdi" ("Maidə" surəsi, 20).
Allah İsrailoğullarını Fironun zülmündən qurtardıqdan sonra onlara maddi və mənəvi yöndən bir çox nemətlər vermişdir. Quranda onlara verilən nemətlər belə bildirilmişdir:
"Üstünüzə buludla kölgə saldıq və: "Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!" - deyərək sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar isə Bizə deyil, ancaq özlərinə zülm etmiş oldular. Xatırlayın ki, sizə: "Bu kəndə girin, bəyəndiyiniz yerdə, istədiyiniz şeyləri rahatlıqla yeyin və buranın qapısından səcdə edən halda "hittə!" ("bizi bağışla!") söyləyərək daxil olun. Biz də günahlarınızı bağışlarıq. Biz yaxşı əməl edənlərin savabını artıracağıq", - demişik" ("Bəqərə" surəsi, 57-58).
"Yadınıza salın ki, Musa öz qövmü üçün ac istədikdə, Biz ona: "Əsanı daşa vur!" - dedik. Ondan on iki çeşmə fışqırdı, hər kəs öz çeşməsini tanıdı. Sonra onlara: "Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin!" - söylədik" ("Bəqərə" surəsi, 60).
Ancaq qövmü nankorluq etmiş, Hz.Musaya bir növ yeməyə qane olmayacaqlarını, buna görə Hz.Musanın Allaha yalvararaq onlar üçün paxla, sarımsaq, mərci və soğan istəməsini söyləmişdir. Hz.Musa qövmünün bu nankor davranışına qarşı belə demişdir:
"...Musa da cavabında: "Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? O halda şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız!" - demişdi. Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu onların Allahın ayələrini inkar etdiklərinə və peyğəmbərləri haqsız yerə öldürdüklərinz görə idi. Bu onların asi olduqlarına və həddi aşdıqlarına görə idi" ("Bəqərə" surəsi, 61).
Hz.Musa ilə bağlı olan bu ayədən də gördüyümüz kimi, Allahın elçiləri insanlara daim əllərindəki nemətlərə şükr etmələrini, nankorluq edərlərsə, bunun nəticəsində əzabla qarşılaşacaqlarını xatırlatmışdır. Əlbəttə, onların bu xəbərdarlığı hər dövrə aiddir. Allah Rəzzaqdır (ruzi verəndir), insanlara saysız nemətlər verərək bunların əvəzində də onların şükr etməsini əmr edir. Əks hərəkət edənlər isə keçmişdə olan nankor qövmlərin başına gələnlərin bir bənzəri ilə qarşılaşmaqdan çəkinməlidir. Hz.Musa doğru yoldan azan qövmünə Allahın vəd və əzabını xatırlatmış, onları dərhal tövbə etməyə çağırmışdır.
Hz.Musa Allahın əmri ilə Tur dağına getmək üçün qövmündən bir müddət ayrılmış, bu zaman yerinə Hz.Harunu qoymuşdur. Ancaq Hz.Musanın yoxluğu zamanı zəiflik göstərən xalqı öz aralarındakı Samiri adlanan bir adama uymuş və özünə bir buzov heykəli düzəldərək ona sitayiş etməyə başlamışdı. Bu səbəbdən Hz.Musa qövmünə qayıtmış və bunları xatırlatmışdır:
"...Dedi: "Ey ümmətim! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? Yoxsa uzun bir müddət keçdi? Yaxud Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz vədə xilaf çıxdınız?"" ("Taha" surəsi, 86).
Hz.Musa bu xatırlatmalardan sonra qövmünü təkrarən tövbə etməyə dəvət etmişdir. Etdikləri xətanı onlara izah etmiş, tövbə edərlərsə, bunun onlara daha çox xeyirli olacağını bildirmişdir:
"O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: "Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü öldürün! Belə etməniz yaradınınızın yanında sizin üçün xeyirlidir!" - demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, bağışlayandır" ("Bəqərə" surəsi, 54).
"Musa dedi: "Çıx get burdan. Həyatın boyu: "Bir kəs mənə toxunmasın!" - deməli olacaqsan. Hələ səni əsla qaçıb canını qurtara bilməyəcəyin daha bir vaxt gözləyir. İndi tapınıb durduğun tanrına bax. Biz onu yandıracaq, sonra da dənizə atacağıq!" ("Taha" surəsi, 97).
Yuxarıdakı ayədən də göründüyü kimi, Hz.Musa insanları azdırmağa çalışan bir adama qarşı kəskin bir tədbir görmüşdür. Samirinin bir daha başqa insanları azdırmasına izn verməyərək onu yaşadığı yerdən uzaqlaşdırmışdır. Və düzəltdiyi bütü yandırıb məhv etmiş, sonra da dənizə atmışdır. Hz.Musanın bu rəftarı bu tipli məsələlərdə necə tədbir görmək lazım olduğuna da işarə edir. Bundan başqa, ona dünyada və axirətdə qarşılaşacağı əzabı da xəbər vermişdir. Bundan sonra Hz.Musa Allahın tək Tanrı olduğunu xatırlatmışdır:
"Sizin tanrınız ancaq O Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elm ilə hər şeyi ehtiva etmişdir!" ("Taha" surəsi, 98).