"Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!" ("Əhzab" surəsi, 40).
Allahın yuxarıdakı ayəsində bildirdiyi kimi, Hz.Muhəmməd (s.ə.v.) sonuncu peyğəmbərdir. Qurandakı "de, de ki" ilə başlayan ayələrlə Allah Peyğəmbərinə (s.ə.v.) söylənməsi lazım olan sözləri bildirmiş, Hz.Muhəmməd (s.ə.v.) bu ayələrlə təbliğ etmişdir.
Hz.Muhəmməd (s.ə.v.) Allahdan qorxan və bağışlanmağı istəyən qulların ona uymasının vacibliyini belə təbliğ etmişdir:
"De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!"" ("Ali-İmran" surəsi, 31).
Hz.Muhəmmədin (s.ə.v.) bu çağırışı bu gün yaşayan bütün insanlara da aiddir. Allah dinini təbliğ etmələri üçün göndərdiyi elçilərinə tam itaəti əmr etmiş, bir çox ayədə elçiyə itaətin əslində Allaha itaət olduğunu bildirmişdir. Bu səbəbdən peyğəmbərə itaət dinin ən mühüm və həyati məsələlərindən biridir. Və bu itaətin göstərilməsi də əlbəttə, peyğəmbərin təbliğ etdiyi məsələləri tam bir təslimiyyətlə tətbiq etməklə olur.
Hz.Muhəmməd (s.ə.v.) digər peyğəmbərlər kimi qövmünə öncə etdiyi təbliğin əvəzində heç bir ücrət istəmədiyini, hər əməlini Allah rizası üçün etdiyini və əvəzini Allahdan gözlədiyini bildirmişdir. Allahın Hz.Muhəmmədə (s.ə.v.) insanlardan heç bir əvəz gözləmədiyini söyləməsini əmr etdiyi ayələrdən bəziləri bu şəkildədir:
"Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De: "Mən bunun müqabilində sizdən bir əvəz istəmirəm. Bu aləmlər üçün yalnız bir öyüd-nəsihətdir"" ("Ənam" surəsi, 90).
"De: "Mən sizdən heç bir muzd istəmirəm, o sizin olsun. Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə şahiddir!"" ("Səba" surəsi, 47).
Başqa bir ayədə isə qövmünə heç bir mənfəət gözləmədiyini bildirən Hz.Muhəmməd (s.ə.v.) onlara əsl məqsədini belə bildirmişdir:
"De: "Mən sizdən buna görə heç bir muzd (əvəz) istəmirəm, ancaq Rəbbinə tərəf doğru yol tapmaq diləyən kimsələr istəyirəm. Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. Onlara de: "Ayələr ancaq Allahın yanındadır. Siz nədən bilirsiniz ki, onlara ayə gəldikdə yenə də iman gətirməyəcəklər?"" ("Furqan" surəsi, 57).
Allahın varlığının dəlliləri açıq-aydın olduğu halda inkarçılar iman gətirməmək üçün bəhanələr axtarır və Allahın onlara möcüzələr göndərməsini istəyir. Hz.Muhəmmədin (s.ə.v.) qövmü də ona tabe olmamaq üçün onlara bir dəlil göstərməsini istəmişdilər. Ancaq bu insanların Allahdan möcüzələr istəməsinin səbəbi onları gördükləri zaman iman etmək və imanlarını sağlamlaşdırmaq deyil. Söylədikləri sadəcə olaraq ona təslim olmamaq üçün irəli sürdükləri bir bəhanədir. Allah Hz.Muhəmmədə (s.ə.v.) bu insanlara belə söyləməsini əmr etmişdir:
"Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. De: "Ayələr ancaq Allahın yanındadır. Siz nədən bilirsiniz ki, onlara ayə gəldikdə yenə də iman gətirməyəcəklər?"" ("Ənam" surəsi, 109).
Hər insanın Allah dərgahında müəyyən olan bir ölüm vaxtı var. O an yetişəndə Allahın mələkləri insanın canını almağa gəlirlər. Əgər imanlı bir insanın ölümüdürsə, mələklər ona salam verib onu cənnətlə müjdələyir, canını asanlıqla alırlar. İnkarçıların canı isə üzlərinə və arxalarına vurularaq alınır. Mələklər onlara təhqiramiz bir əzaba məruz qalacaqlarını bildirirlər. İman etməyən insanlar gördükləri açıq-aydın həqiqətə o an təslim olurlar. Ancaq bu andan sonra insanın iman etməsi ona bir fayda verməz, çünki artıq ona verilən vaxt sona çatmışdır. Allah bu həqiqəti iman etməmək üçün bəhanə axtaran insanlara bildirmiş və Hz.Muhəmmədə (s.ə.v.) insanlara belə deməsini əmr etmişdir:
"Özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin, yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış şəxsə imanı heç bir fayda verməz. De: "Gözləyin, doğrusu, biz də gözləyirik!"" ("Ənam" surəsi, 158).
Allahdan qorxmayan insanlar sahib olduqları qürura görə vicdanları qəbul etsə belə bir insana tabe olmaq, onun özlərindən üstün olduğunu qəbul etmək istəməzlər. Daha əvvəlki peyğəmbərlərin qövmlərində də gördüyümüz kimi, bu tip insanlar peyğəmbərlərin qeyri-insani xüsusiyyət daşımasının vacibliyini iddia edirlər. Hz.Muhəmmədin (s.ə.v.) qövmü də ona tabe olmamaq üçün bunlar kimi bir çox bəhanələri ortaya atmış, onun bazarlarda gəzən normal bir insan olduğunu söyləyərək peyğəmbər olmadığını iddia etmişdilər.
Hz.Muhəmməd (s.ə.v.) də belə yanlış fikirləri olan qövmünə özünün yalnız bir insan olduğunu və nicat tapmaq istəyənin ancaq Allaha yönəlməsinin vacibliyini təbliğ etmişdir:
"De: "Mən də sizin kimi ancaq bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız yalnız bir olan Allahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!"" ("Kəhf" surəsi, 110).
"De: "Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik!" De: "Mənimlə sizin aranızda təkcə Allahın şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən xəbərdardır, görəndir!"" ("İsra" surəsi, 95-96).
Yenə qövmünün bu fikirlərinin müqabilində Hz.Muhəmməd (s.ə.v.) onlara yalnız bir xəbərdaredici olduğunu, sadəcə olaraq Allahın əmrlərini yerinə yetirdiyini, ona tabe olanların isə hidayət tapacağını bildirmişdi:
"De: "Allaha itaət edin, Peyğəmbərə itaət edin. Əgər üz döndərsəniz, bilin ki onun vəzifəsi ancaq ona tapşırılanı, sizin də vəzifəniz ancaq sizə tapşırılanı yerinə yetirməkdir. Əgər Ona itaət etsəniz, doğru yolu tapmış olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə yalnız açıq-aşkar təbliğ etməkdir" ("Nur" surəsi, 54).
"Mənə ancaq bu şəhərin Rəbbinə ibadət etmək əmr olunmuşdur. Elə bir şəhər ki, onu müqəddəs tutmuşdur. Hər şey yalnız Onundur. Mənə müsəlman olmaq əmr edilmişdir! Və mənə Quran oxumaq buyurulmuşdur!" Hər kəs doğru yolda olsa, yalnız özü üçün doğru yolda olmuş olar. Hər kəs doğru yoldan çıxsa, de: "Mən yalnız qorxudan peyğəmbərlərdənəm!" Və de: "Həmd olsun Allaha! O Öz ayələrini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!"" ("Nəml" surəsi, 91-93).
Hər inkarçı qövm kimi Hz.Muhəmmədin (s.ə.v.) qövmü də onunla Allah barədə mübahisə etmişdi. Hz.Muhəmməd (s.ə.v.) bu cür çirkin bir davranış göstərən qövmünə özünün Allaha təslim olduğunu təbliğ etmişdir:
"Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki, O həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Ona sadiq olan bizik!" ("Bəqərə" surəsi, 139).
"Əgər onlar səninlə mübahisə edərlərsə, belə de: "Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm". Kitab verilmiş şəxslərə və savadsızlara de: "Siz də təslim oldunuzmu?" Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar, yox, əgər üz döndərərlərsə, sənin vəzifən ancaq təbliğ etməkdir. Allah, şübhəsiz ki, bəndələrini görəndir!" ("Ali-İmran" surəsi, 20).
Hz.Muhəmməd (s.ə.v.) qövmünə Allahın tək Tanrı olduğunun dəlillərini izah etmiş və onları iman gətirməyə dəvət etmiş, əks təqdirdə əzabla qarşılaşacaqlarını xəbər vermişdir. Bu barədə ayələrdən bəziləri belədir:
"De: "Bu mənim yolumdur. Mən və mənə tabe olan açıq-aşkar bir dəlillə Allaha çağırırıq. Allah pak və müqəddəsdir. Mən isə müşriklərdən deyiləm!"" ("Yusif" surəsi, 108).
"De: "Mən ancaq öz Rəbbimə ibadət edirəm və heç kəsi Ona şərik qoşmuram!" De: "Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm!" De: "Məni Allahdan heç kəs qurtara bilməz və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm! Allah dərgahından olanı və Onun göndərdiklərini təbliğ etməkdən başqa heç bir şey gəlməz. Allaha və Onun Peyğəmbərinə asi olanları cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar!"" ("Cin" surəsi, 20-23).
"De: "Mənə dini məhz Allaha məxsus edərək yalnız Ona ibadət etmək əmr olunmuşdur! Mənə ilk müsəlman olmaq buyurulmuşdur!" De: "Əgər Rəbbimə asi olsam, doğrusu, müdhiş günün əzabından qorxuram!" De: "Mən Allaha dinimi yalnız Ona məxsus edərək tapınıram! Siz də Ondan başqa istədiyinizə ibadət edin!" De: "Əsl ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Bax, açıq-aşkar ziyan budur!"" ("Zumər" surəsi, 11-15).
"Yaxud öncə yaradan sonra onu yenidən dirildən, sizə göydən, yerdən ruzi verən kimsə?! Məgər Allahla yanaşı başqa tanrımı var?" De: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!"" ("Nəml" surəsi, 64).
Hz.Muhəmməd (s.ə.v.) onu doğru yoldan döndərməyə çalışan, ona iftiralar ataraq öldürməklə və yurdundan qovmaqla hədələyən qövmünə onların istəyinə uymayacağını belə təbliğ etmişdir:
"De: "Sizin Allahdan qeyri tapındığınız bütlərə ibadət etmək mənə qadağan edilmişdir". De: "Mən sizin nəfsinizin istəklərinə əsla uymaram. Belə ola biləcəyi təqdirdə mən azar və doğru yola yönəlmişlərdən olmaram!" De: "Mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəm. Siz isə onu yalan hesab etdiniz. Sizin tələm-tələsik istədiyiniz məndə deyildir. Hökm ancaq Allahındır. Haqqı yalnız O bəyan edər. O ayırd edənlərin ən yaxşısıdır!"" ("Ənam" surəsi, 56-57).
Qövmünə Allahın yeganə Tanrı olduğunu xatırladan Hz.Muhəmməd (s.ə.v.) eyni zamanda qövmünün Allaha şərik qoşduqlarının heç bir şeyi yarada bilməyəcəyini, kimsəyə zərər yaxud fayda verməyə güclərinin çatmayacağını da müxtəlif şəkillərdə təbliğ etmişdir. Bu barədə olan ayələrdən bəziləri belədir:
"De: "Mənə bir xəbər verin görüm, sizin Allahdan başqa ibadət etdikləriniz yer üzündə nə yaratmışlar?! Yoxsa onların göylərdə bir şərikliyi var?! Əgər doğru deyirsinizsə, mənə bundan əvvəl bir kitab, yaxud elmdən qalan bir şey gətirin!" ("Əhqaf" surəsi, 4).
"De: "Allahdan başqa tanrı zənn etdiklərinizi çağırın". Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Nə onların bunlarda bir şərikliyi var, nə də onlardan bir köməkçisi var!" ("Səba" surəsi, 22).
"De: "Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr. Yenilməz qüvvət, hikmət sahibi ancaq O Allahdır!"" ("Səba" surəsi, 27).
"De: "Mənə bir göstərin görüm, Allahdan başqa ibadət etdikləriniz yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərdə bir şərikliyi var? Yaxud onlara bir kitab vermişik və oradakı bir dəlilə istinad edirlər?! Xeyr, o zalimlər bir-birinə ancaq yalan vəd verirlər" ("Fatir" surəsi, 40).
Allah hər şeyi bir tale üzərində yaratmışdır. İnsan bütün həyatı boyunca Allahın müəyyən etdiyi bu taleyi yaşayır. Hz.Muhəmməd (s.ə.v.) qövmünə Allahın onlar üçün yazdığından kənar heç bir şeylə qarşılaşmayacağını, bu səbəblə hər an yaşadıqları hadisələrdə Allaha təvəkkül edərək əcir (cavab) qazanmalarını söyləmişdir:
"De: "Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!"" ("Tövbə" surəsi, 51).
Quranda "qeyb" kəlməsi insan ağlının və elminin dərk etmədiyi, gözə görünməyən hər şeyi ifadə edir. Quranda Allahın varlıqlarından xəbər verdiyi, amma mahiyyətini həqiqi mənada bilmədiyimiz yerlər, varlıqlar, keçmişə aid məlumat və xəbərlər qeyb anlayışına daxildir. Qeyb aləmi haqqında ancaq Allah bilir və Allah ancaq istədiyi insana bu barədə məlumatı verəcəyini bildirmişdir. Hz.Muhəmməd (s.ə.v.) qeybi yalnız Allahın bildiyini bu şəkildə təbliğ etmişdir:
"De: "Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!" ("Nəml" surəsi, 65).
"De: "Rəbbim haqqı nazil edər. O, qeybi ən yaxşı biləndir!"" ("Səba" surəsi, 48).
İnsanın yer üzündə yaşaya bilməsi üçün lazım olan hər şərti yaradan Allahdır. Yerin Günəş sistemindəki yeri, həyat üçün lazımlı mühiti təmin edən atmosfer, Yer kürəsinin böyük bir hissəsini əhatə edən və həyat üçün zəruri olan su, Yerin hərəkəti ilə hər səhər günəşin doğması, hər axşam təkrar batması və bunlar kimi bir çox hadisə Allahın izni ilə baş verir.
Hz.Muhəmməd (s.ə.v.) qövmünə Allahdan qorxmaları üçün Onun üstün qüdrətini xatırlatmışdır:
"De: "Bir deyin görək, əgər Allah gecəni qiyamətə qədər üstünüzə uzatsaydı, Allahdan başqa hansı tanrı sizə bir işıq gətirə bilərdi?! Məgər eşitmirsinizmi?" De: "Bir deyin görək, əgər Allah gündüzü qiyamətə qədər üstünüzə uzatsaydı, Allahdan başqa hansı tanrı istirahət etdiyiniz gecəni sizə gətirə bilərdi?! Məgər görmürsünüzmü?"" ("Qəsəs" surəsi, 71-72).
Hz.Muhəmməd (s.ə.v.) axirətə inanmayanlara Allahın dünyadakı yaradılış dəlillərinə baxaraq öyüd almalarının vacibliyini bildirmişdir. Bu qüsursuz yaradılış dəlillərini görən insanların mühüm bir həqiqəti də dərk etməsi lazım gəlir. Bütün bunları yaratmağa qadir olan Allah əlbəttə ki, axirətdə bunların oxşarlarını da yaradacaqdır. Hz.Muhəmməd (s.ə.v.) bu mühüm həqiqəti qövmünə belə bildirmişdir:
"De: "Yer üzünü gəzib məxluqatı nə cür yaratdığına baxın. Sonra da Allah axirət həyatını yaradacaqdır" ("Ənkəbut" surəsi, 20).
Allahın hər cür qüsur və çatışmazlıqdan münəzzəh (xali) və hər şeyin Yaradıcısı olduğunu bildirmişdir.
Insan çatışmazlıq və zəifliklərə sahib olan aciz bir varlıqdır. O, öz həyatını yalnız Allahın izni ilə davam etdirir. Halbuki hər şeyin Yaradıcısı olan Allah bütün nöqsanlardan uzaq, bütün qüsurlardan münəzzəhdir. O, heç bir şeyə ehtiyacı olmayandır. Hz.Muhəmməd (s.ə.v.) qövmünə bunu təbliğ etmişdir:
"De: "Mən göyləri və yeri yaradan, hamını bəsləyib Özü bəslənməyən Allahdan başqasını özümə Rəbbmi edərəm?!" De: "Mənə ilk müsəlman olmaq əmr edildi və müşriklərdən olma!" -deyə buyuruldu. De: "Əgər mən Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram"" ("Ənam" surəsi, 14-15).
Yenə Hz.Muhəmməd (s.ə.v.) qövmünə Allahın şərikinin, bənzərinin və tayının-bərabərinin olmadığını, Onun hər şeyin tək sahibi olduğunu belə bildirmişdir:
"De: "Göylərin və yerin Rəbbi kimdir?" De: "Allahdır!" De: "Belə olduqda, Onu qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənlərimi özünüzə dost edirsiniz?!" De: "Heç korla görən və ya zülmətlə nur eyni ola bilərmi?! Yoxsa onlar Allaha Onun yaratdığı kimi yaradan şəriklər qərar verdilər və onların nəzərincə bu yaratma bir-birinə bənzər göründü?!" De: "Allah hər şeyin xaliqidir. O, birdir, qəhr edəndir!"" ("Rəd" surəsi, 16).
Cahil cəmiyyətlərin mühüm xüsusiyyətlərindən biri bu insanların bir çoxunun Allaha iman etməsi, ancaq Onun böyüklüyünü və gücünü qiymətləndirə bilməməsidir. Hz.Muhəmməd (s.ə.v.) onlara "sizi kim yaratdı" deyə soruşanda "Allah" deyə cavab verən, ancaq Onu tanımayan qövmünə hər şeyin Allahın nəzarətində olduğunu və Allaha şərik qoşmalarının onlara heç bir fayda verməyəcəyini bildirmişdir:
"Həqiqətən, əgər onlardan: "Göyləri və yeri kim yaratmışdır?!" - deyə soruşsan, mütləq: "Allah!" - deyə cavab verəcəklər. De: "Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: "Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!" De: "Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər!"" ("Zumər" surəsi, 38).
"De: "Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq diləsə, Allahın sizin haqqınızda görəcəyi bu işə kim mane ola bilər?! Onlar özləri üçün Allahdan başqa nə bir hami, nə də bir mədədkar tapa bilərlər" ("Əhzab" surəsi, 17).
Hz.Muhəmməd (s.ə.v.) Allahın varlığını bildikləri halda Onun üstün qüdrətini düşünməyən, buna görə də Onun böyüklüyünü qiymətləndirə bilməyən qövmünə Allahın varlığını və böyüklüyünü qəbul etdirmişdir. Və bundan sonra onları öyüd almağa və qorxub çəkinməyə dəvət etmişdir:
"De: "Əgər bilirsinizsə, bu yer və yer üzündə olanlar kimindir?" Onlar mütləq: "Allahındır!" - deyə cavab verəcəklər. Sən də de: "Bəs elə isə düşünmürsünüz?" De: "Yeddi göyün Rəbbi, o əzəmətli ərşin Rəbbi kimdir?" Mütləq: "Allahındır!" - deyə cavab verəcəklər. Onda sən də de: "Bəs elə isə qorxmursunuz?" De: "Əgər bilirsinizsə, hər şeyin hökmü əlində olan, himayə edən, amma Özünün himayəyə ehtiyacı olmayan kimdir?" Onlar mütləq: "Allahındır!" - deyə cavab verəcəklər. Sən də de: "Bəs elə isə nə cür döndərilirsiniz?"" ("Muminun" surəsi, 84-89).
Allah mərhəmətlilərin ən mərhəmətlisidir. Allahın səmimi qulları bir xəta etdikləri zaman bədbinliyə qapılmazlar. Çünki insanlar xəta edərkən kədərlənməməli, dərhal Allaha yönələrək Ondan bağışlanma diləməlidirlər. Allah Hz.Muhəmmədə (s.ə.v.) bu barədə qövmünə belə söyləməsini əmr etmişdir:
"De: "Ey Mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!" ("Zumər" surəsi, 53).
İnsanın şərəfli və gözəl bir həyat yaşaya biləcəyi yeganə yol Allahın çağırdığı yoldur. Başqa varlıqların rizasını axtararaq Allaha şərik qoşanlar həm dünyadakı həyatında, həm də ölümdən sonrakı axirət həyatında böyük bir təhqirlə qarşılaşacaqlar. Buna görə də Hz.Muhəmməd (s.ə.v.) qövmünə dünya və axirət nicatını verən əsl yolun Allahın yolu olduğunu təbliğ etmişdir:
"De: "Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi tapınacaq və Allah bizi düzgün yola yönəltdikdən sonra yer üzündə şaşqın dolaşarkən şeytanların azdırdığı adam kimi geriyəmi döndəriləcəyik? Halbuki dostları onu: "Bizə tərəf gəl!" - deyərək haqq yola çağırırdılar!. De: "Allahın hidayəti doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmişdir" ("Ənam" surəsi, 71).
Bəzi insanlar gizli bir pislik edərkən bunu heç kimin görmədiyini düşünərək sevinirlər. Lakin Allah göylərdə və yerdə olan hər şeyi bilir. O, insanın hər an etdiyi hər şeyə şahiddir. İnsanlar dünyada etdikləri hər şeyin hesabını hər kəsin toplaşdığı din (qiyamət) günündə Allahın hüzuruna çıxaraq verəcəklər. Hz.Muhəmməd (s.ə.v.) bu mühüm həqiqətə diqqət etmiş, qövmünə Allahın hər şeyi bildiyini, bir şeyi gizləsələr də, açıqlasalar da Allahın bundan onsuz da xəbərdar olduğunu xatırlatmışdır. Bu barədə olan ayələrdən bəziləri belədir:
"De: "Mənimlə sizin aranızda təkcə Allahın şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən xəbərdardır, görəndir!"" ("İsra" surəsi, 96).
"Əgər onlar üz döndərsələr, de: "Sizə olduğu kimi bildirdim. Sizə vəd olunan şeyin yaxınmı, uzaqmı olduğunu bilmirəm. Şübhəsiz ki, aşkar deyilən sözü də, sizin gizlətdiklərinizi də bilir!" ("Ənbiya" surəsi, 109-110).
"De: "Mənimlə sizin aranızda Allahın şahid olması kifayət edər. O, göylərdə və yerdə nə olduğunu bilir. Batilə inanıb Allahı inkar edənlər, şübhəsiz ki, ziyana uğrayanlardır!"" ("Ənkəbut" surəsi, 52).
"De: "Siz dininizi Allahamı öyrədirsiniz?" Halbuki Allah göylərdə və yerdə nə varsa, bilir. Allah hər şeyi biləndir!" ("Hucurat" surəsi, 16).
İnsanın tək dostu və qoruyucusu onu Yaradan Allahdır. Ancaq Allahdan qorxmayan insanlar bunu qəbul etmək istəmirlər. Onlar Allahın varlığına və üstün qüdrətinə əhəmiyyət verməməyə çalışırlar. Ancaq elə anlar vardır ki, insan Allahdan başqa heç bir varlığın ona əsla kömək etməyəcəyi həqiqətini çox yaxşı anlayır.
Hz.Muhəmməd (s.ə.v.) də insanlara bu həqiqəti xatırlatmışdır. Məsələn, insan bir sıxıntıya, bir zərərə uğradığı zaman onun Allahdan başqa çağıracağı heç bir köməkçi yoxdur. İnsan belə bir hadisə ilə qarşılaşarkən Allaha şərik qoşduğu varlıqların ona heç bir faydasının olmayacağını anlayır. O halda insanın hələ fürsət varkən ona xatırladılan bu həqiqət üzərində düşünməsi, Rəbbimizdən başqa heç bir kimsədən kömək görməyəcəyini unutmaması lazımdır. Bu barədə Hz.Muhəmməd (s.ə.v.) qövmünə bu xatırlatmanı etmişdir:
"De: "Mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə və ya qiyamət başınızın üstünü alsa, Allahdan başqasına dua edib yalvaracaqsınızmı? Əgər doğru danışanlarsınızsa deyin görək!" Xeyr, yalnız Ona dua edib yalvaracaqsınız. O əgər istəsə, yalvardığınız bəlanı aradan qaldırar, siz də Ona şərik qoşduğunuz bütlərinizi unudarsınız" ("Ənam" surəsi, 40-41).
Allah yer üzündə iman edənlərin sayının həmişə az olacağını, ancaq bu azlığın əbədi olaraq cənnətə qovuşacağını bildirmişdir. Buna görə də iman bir insana həyatında verilən ən böyük lütflərdən (nemətlərdən) biridir. Ancaq Peyğəmbərimizin (s.ə.v.) dövründə bəzi insanlar iman etdikdən sonra sanki Hz.Muhəmmədə (s.ə.v.) bir yaxşılıq edibmişlər kimi ona minnət qoymağa başlamışlar. Son dərəcə yanlış olan bu məntiqi açıqlamaq üçün Hz.Muhəmməd (s.ə.v.) öz qövmünə belə xatırlatma etmişdir:
"Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: "Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər doğru deyirsinizsə, bilin ki sizi imana müvəffəq etməklə əslində Allah sizin boynunuza minnət qoymuş olur!"" ("Hucurat" surəsi, 17).
Hz.Muhəmmədə (s.ə.v.) tabe olmaq istəməyən inkarçılar Quranı inkar etmək üçün bir çox bəhanələr irəli sürmüşdülər. Bu iddialardan ən böyüyü Quranın Hz.Muhəmməd (s.ə.v.) tərəfindən yazılması iddiasıdır. Halbuki Quranın içində onun insan yazısı olmadığını təsdiq edən saysız möcüzələr vardır. Hz.Muhəmməd (s.ə.v.) qövmünə bu həqiqəti xatırlatmış və Quranı Allahın göndərdiyini bildirmişdir. Bu barədə olan ayələrdən bəziləri belədir:
"De: "Onu göylərin və yerin sirrini bilən nazil etmişdir. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir!"" ("Furqan" surəsi, 6).
"De: "Bir söyləyin görək, əgər Allah dərgahındandırsa və sonra siz də onu inkar edibsinizsə, uzaq bir nifaq içində olan kəsdən daha çox azmış kim ola bilər?!" ("Fussilət" surəsi, 52).
Quran Allahın öz qullarından (bəndələrindən) istədiklərini, onların yaradılış məqsədini, dünyada və axirətdə necə davranmalarının lazım gəldiyini və insanın öyrənməli olduğu daha bir çox şeyi bildirən bir kitabdır. Hz.Muhəmməd (s.ə.v.) öz qövmünə Allahın kəlamı olan Quran barədə belə söyləmişdir:
"De: "O çox böyük xəbərdir! Siz isə ondan üz döndərirsiniz!" ("Sad" surəsi, 67-68).
Quranın insan tərəfindən yazıldığını iddia edənlər onun sahib olduğu möcüzələrdən, Allahın özündə sonsuz hikməti ehtiva edən sözlərindən xəbərsizdirlər. Halbuki Quran insanın, hətta bütün insanların və cinlərin də birlikdə yaza bilməyəcəkləri bir kitabdır. Və Hz.Muhəmməd (s.ə.v.) bu barədə qövmünə belə bildirmişdir:
"De: "Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər"" ("İsra" surəsi, 88).
"Yoxsa: "Onu özündən uydurdu!" - deyirlər. De: "Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da çağırın!"" ("Yunus" surəsi, 38).
Bu mövzudakı bir ayə belədir:
"De: "Ruhülqüds onu sənin Rəbbindən iman gətirənlərə səbat vermək, müsəlmanları isə doğru yola yönəltmək və müjdə vermək üçün haqq olaraq nazil etmişdir!"" ("Nəhl" surəsi, 102).
Yenə Hz.Muhəmməd (s.ə.v.) Quranın insanı hidayətə yönəltdiyini bu şəkildə təbliğ etmişdir:
"De: "Əgər mən azsam, bunun zərəri ancaq mənə olar. Yox, əgər doğru yolla getsəm, bu da Rəbbimin mənə vəhy etdiyi sayəsindədir. Həqiqətən, O eşidəndir, yaxındır" ("Səba" surəsi, 50).
İnsanın Allaha yaxınlığının artmasına səbəb olan ən mühüm ibadətlərdən biri duadır. İnsan istədiyi hər şey üçün Allaha dua etməlidir. Və Allah qullarının bütün dualarına əvəz verəcəyini xəbər vermişdir. Buna görə də Allahdan bağışlanmağı uman, dünyada səmimi bir mömin kimi yaşamaq, axirətdə də əbədi bir qurtuluş yurdu olan cənnəti qazanmaq istəyən hər mömin dua ibadətini yerinə yetirir, Quranda əmr edildiyi kimi, Allaha tez-tez dua edir. Hz.Muhəmməd (s.ə.v.) duanın Allah dərgahındakı qiymətini müsəlmanlara belə təbliğ etmişdir:
"De: "Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? Siz təkzib etdiniz. Buna görə də yaxanızdan əl çəkməyəcəkdir!"" ("Furqan" surəsi, 77).
Dini yaşamaq istəyən bir çox insan yaxın ətrafından etdiyi ibadətlər üçün "bunları etməyə ehtiyac yoxdur, mən sənin günahlarını öz üzərimə götürürəm" kimi sözlər eşidir. Lakin hesab günündə hər kəs Allahın qarşısında dayanıb təkbaşına hesab verəcək. O gün hər kəs yalnız öz əməlinə görə məsuliyyət daşıyacaq. Heç kimdən başqalarının günahları soruşulmayacaq, heç kim də heç kimin günahını öz üzərinə götürməyəcək. Hz.Muhəmməd (s.ə.v.) bu məsələni belə təbliğ etmişdir:
"De: "Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbbmi istərəm? "Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman sizə aranızda ixtilaf doğuran məsələlər barəsində xəbər verəcəkdir" ("Ənam" surəsi, 164).
Allahın Hz.Muhəmmədin (s.ə.v.) qövmünü sınadığı imtahanlardan biri müharibə olmuşdur. Bu insanların bir qismi savaşa çıxmaq lazım olanda insanların onlara bir zərər verməsindən qorxmuş və arxada qalmaq istəmişlər. Əlbəttə, bunun altında ölüm qorxusu və dünya sevgisi var. Halbuki dünya həyatı çox qısadır. İnsan müharibədə və ya başqa bir yerdə mütləq Allahın onun üçün müəyyən etdiyi vaxtda öləcək. Bu səbəblə ölməkdən və ya başqa bir şeydən qorxaraq Allahın rizasını qulaqardına vurmaq insanın axirəti üçün çox böyük bir itkidir. Bu səbəblə Hz.Muhəmməd (s.ə.v.) öz qövmünə dünya həyatının faydasının az olduğunu təbliğ edərək əsl yurdları olan axirət üçün çalışmalarını əmr etmişdir:
"O şəxsləri görmürsənmi ki, onlara: "Əl çəkin, namaz qılın, zəkat verin!" - deyilmişdi. Onlara cihad etmək vacib olduqda isə, içərilərindən bir qismi Allahdan qorxan kimi və ya daha artıq insanlardan qorxuya düşərək: "Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər yubandıraydın!" - dedilər. Onlara söylə: "Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqi üçün axirət daha xeyirlidir. Sizə xurma çərdəyində olan nazik tel qədər belə zülm olun mayacaq!"" ("Nisa" surəsi, 77).
Eyni şey Allahın əmri olan hər bir məsələyə də aiddir. Allahın bəyəndiyi əxlaqı insanlara izah etmək, müsəlmanlara fayda vermək, dinə xidmət etmək bəzən insanın nəfsinə bəlkə də zidd ola bilər. Müsəlmanın yerində fədakarlıq etməsi lazım ola bilər. Amma Allahın rizasını qazanmaq məqsədilə yaşayan həqiqi bir mömin üçün belə anlar böyük bir fürsətdir. Çünki çox qısa olan dünya həyatında şeytanın itki kimi göstərməyə çalışdığı fədakarlıq axirətdə insana böyük bir fayda gətirəcəkdir.
Dünya Allahın insanları imtahan etdiyi bir yerdir və Allah insanın sahib olduğu hər şeyi insana onu sınamaq üçün vermişdir. İnsanın bu həqiqəti bilərək şükr etməsi və sahib olduğu şeylərlə yalnız Allahın rizasını qazanmağa çalışması lazımdır. Halbuki bir çox insanlar sahib olduqlarını Allaha şərik qoşur. Hz.Muhəmməd (s.ə.v.) bu insanlara Allahın əzabı barədə xəbərdarlıq etmişdir:
"De: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!" ("Tövbə" surəsi, 24).
Tarix boyu inkarçılar iman edənlərə qarşı nəticəsi olmayan bir mübarizə aparmışlar. Bu mübarizə iman edənlərin Allaha olan imanını və Allah dərgahındakı dərəcəsini artırdığı halda inkarçılar üçün böyük bir itkiyə çevrilmişdir. Allah heç bir inkarçı cəmiyyətin möminlərə zərər verməsinə izn verməmişdir. Əgər inkarçılar bir uğur qazanmış kimi görünsə də Allah bunu mütləq möminlərin xeyirinə çevirmişdir. Allahın bir çox ayədə də bildirdiyi kimi, hər zaman üstün gələnlər "Maidə" surəsində bildirilən "Allahın tərəfdarları"dır. Bu, inkarçıların dünyada qarşılaşacağı bir məğlubiyyətdir. Axirətdə isə bu insanlar etdiklərinin əvəzini içində əbədi qalacaqları cəhənnəmin əzabı ilə alacaqlar. Allah Hz.Muhəmmədə (s.ə.v.) inkarçılara belə deməsini əmr etmişdir:
"Kafir olanlara de: "Siz məğlub olacaq və cəhənnəmə sürüklənəcəksiniz!" Necə də pis yerdir!" ("Ali-İmran" surəsi, 12).
Daha öncə bəhs edilən peyğəmbərlərin həyatından da göründüyü kimi, tarix boyu Allahın elçisinə müqavimət göstərmiş bütün qövmlər tövbə edib səhvlərini düzəltmədikləri təqdirdə böyük bir əzabla qarşılaşmışlar. Əlbəttə, digərlərinin bundan düşünüb öyüd alması və onların başına gələnin öz başlarına da gəlməməsi üçün qorxub çəkinməsi lazımdır. Bu səbəblə Hz.Muhəmməd (s.ə.v.) öz qövmünü keçmiş qövmlərin başına gələnləri düşünməyə və bundan öyüd almağa dəvət etmişdir:
"De: "yer üzünü dolaşın və sonra görün ki, yalançı deyənlərin aqibəti necə oldu?"" ("Ənam" surəsi, 11).
"De: "Yer üzünü gəzib dolaşın və əvvəlkilərin axırının necə olduğuna baxın. Onların əksəriyyəti müşrik idi" ("Rum" surəsi, 42).
Axirətə inanmayan insanların ən böyük qorxularından biri ölüm qorxusudur. Bu insanlar ölümü özlərindən uzaqlaşdırmaq üçün hər şeydən istifadə edirlər. Halbuki hər insan üçün Allah dərgahında müəyyən olunmuş bir ölüm vaxtı vardır və o an gəldiyi zaman insan bunu heç cürə təxirə sala bilməz. Bu səbəblə Hz.Muhəmməd (s.ə.v.) qövmünə nə qədər çalışırsa çalışsın, harada olursa olsun, mütləq öləcəklərini xatırlatmışdır:
"De: "Əgər ölməkdən, yaxud öldürülməkdən qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz. Ancaq az bir müddət dolanıb-keçinərsiniz" ("Əhzab" surəsi, 16).
"Onlara belə de: "Sizə vəd olunmuş bir gün vardır ki, ondan bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərsiniz!"" ("Səba" surəsi, 30).
Cahil cəmiyyətlərdə bir çox insan ölümlə hər şeyin bitəcəyini zənn edir. Halbuki ölüm insanın həqiqi həyatının başlandığı andır. Zənn edilənlərin əksinə olaraq bir son deyil, bir başlanğıcdır. İnsanlar öləndən sonra Allahın qarşısında hesab verəcək və bu hesab anından sonra əbədi qalacaqları məkana gedəcəklər. Hz.Muhəmməd (s.ə.v.) qövmünə bu həqiqəti belə xatırlatmışdır:
"De: "Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır, sonra da Rəbbinizin hüzuruna qaytarılacaqsınız!"" ("Səcdə" surəsi, 11).
İnsanları düşündürən məsələlərdən biri də qiyamət saatının nə zaman gələcəyi ilə bağlıdır. Lakin Allah qiyamət saatını Özündən başqa heç kimin bilmədiyini bildirmiş və Hz.Muhəmmədə (s.ə.v.) bu mövzuda verilən suallara belə cavab verməsini əmr etmişdir:
"De: "Məni sizin qorxudulduğunuz əzabın yaxın olduğunu, yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin edəcəyini bilmirəm!" ("Cin" surəsi, 25).
"Əgər onlar üz döndərsələr, de: "Sizə olduğu kimi bildirdim. Sizə vəd olunan şeyin yaxınmı, uzaqmı olduğunu bilmirəm" ("Ənbiya" surəsi, 109).
Əsl həyatın dünyada yaşadıqları həyat olduğunu düşünən inkarçılar Hz.Muhəmmədə (s.ə.v.) təkrar diriləcəklərinə inanmadıqlarını söyləmişdilər. Bu səbəbdən Allah Hz.Muhəmmədə (s.ə.v.) onlara bu şəkildə cavab verməsini əmr etmişdir:
"Onlar: "Biz sür-sümük, çürüyüb ovxalanmış torpaq olduğumuz halda, dirildilib yeni məxluqmu olacağıq?" -deyirlər. De: "İstər daş olun, yaxud dəmir! Və ya ürəyinizdə böyük bir məxluq bilin!". Onlar deyəcəklər: "O halda bizi kim qaytaracaqdır?" De: "İlk dəfə sizi yoxdan yaradan Allah!" Onlar sənə başlarını bulayıb: "Bu nə vaxt olacaqdır?" - deyə soruşacaqlar. De: "Bəlkə də, bu yaxın zamanda!"" ("İsra" surəsi, 49-51).
İnkarçılar özlərindən başqa bir varlığa boyun əymək qürurlarına ağır gəldiyi üçün Allahın varlığını inkar edər və peyğəmbərə tabe olmazlar. Halbuki onlar qiyamət günündə diriləcək, Allahın böyüklüyünü, gücünü və onlara verəcəyi əzabı görəcəklər. Bu səbəblə Allah Hz.Muhəmmədə (s.ə.v.) "təkrar diriləcəyikmi" deyə soruşan inkarçılara bu şəkildə cavab verməyi buyurmuşdur:
"Məgər biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyikmi?! Eləcə də əvvəlki atalarımız?!" De: "Bəli, özü də zəlil olaraq" ("Saffat" surəsi, 16-18).
İnkarçılar Quran əxlaqının onlara təbliğ edilməsinə görə son dərəcə böyük bir kin və qəzəb hiss etmişlər. Quranda bu insanların içlərində iman edənlərə qarşı nə qədər böyük bir kin bəslədikləri xəbər verilir. Allah Hz.Muhəmmədə (s.ə.v.) bu insanlara belə söyləməsini əmr etmişdir:
"Ayələrimiz onlara açıq-aşkar surətdə oxunduğu zaman kafir olanların çöhrəsində bir ikrah sezərsən. Onlar ayələrimizi oxuyanların üstünə az qala hücum çəksinlər. De: "Sizə bundan daha pisini xəbər verimmi? Cəhənnəm! Allah onu kafirlərə vəd etmişdir. O nə pis məskəndir!"" ("Həcc" surəsi, 72).
Ayədən də göründüyü kimi, Hz.Muhəmməd (s.ə.v.) inkarçıların bu kinin müqabilində heç bir nəticə ala bilməyəcəklərini, əksinə, əbədi bir əzabla üzləşəcəklərini bildirmişdir. Bundan başqa, Allaha və Peyğəmbərinə (s.ə.v.) qarşı çıxanların cəhənnəmdə əbədi qalacaqlarını da başqa bir ayədə belə xəbər vermişdir:
"Allah dərgahından olanı və Onun göndərdiklərini təbliğ etməkdən başqa heç bir şey gəlməz. Allaha və Onun Peyğəmbərinə asi olanları cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar!"" ("Cin" surəsi, 23).
Qövmün inkarçıları bir müddət cəhənnəmdə qalsalar belə sonra cənnətə gedəcəklərini iddia etmişdilər. Hz.Muhəmməd (s.ə.v.) isə cəhənnəmə layiq olan inkarçıların orada əbədi qalacaqlarını belə təbliğ etmişdir:
"Onlar: "Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz" - deyərlər. Onlara söylə: "Siz Allahdan belə bir vəd almısınızmı? Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?" Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar" ("Bəqərə" surəsi, 80-82).
"Söylə: "Sizə bunlardan daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməldən çəkinənlər üçün Rəbbi yanında altından çaylar axan cənnətlər vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada pak olan zövcələr və Allah rizası vardır. Allah, həqiqətən, bəndələrini görəndir!" ("Ali-İmran" surəsi, 15).
"De: "Rəbbim ədaləti əmr etdi. Hər səcdədə üzünüzü Ona tərəf tutun. Dini yalnız Ona məxsus edərək ibadət edin. Sizi yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız!" ("Əraf" surəsi, 29).
"De: "Gizlində dua edib: "Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, şükr edənlərdən olarıq" -deyə yalvardığınız zaman sizləri bunlardan xilas edən kimdir?" De: "Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır. Bütün bunlardan sonra siz yenə də şərik qoşursu uz?"" ("Ənam" surəsi, 63-64).
"Söylə: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək!" Əgər onlar yenə də üz döndərərlərsə, o zaman deyin: "İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq!"" ("Ali-İmran" surəsi, 64).
"De: "İstər Allah, istərsə də Rəhman deyib çağırın. Hansını desəniz, çünki ən gözəl adlar yalnız Ona məxsusdur. Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun arasında orta bir yol tut! Və de: "Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, zəif olmadığı üçün heç bir dosta ehtiyacı olmayan Allaha həmd olsun!" Və Allahı uca tut!" ("İsra" surəsi, 110-111).