Allahın kitab verdiyi peyğəmbərlərdən biri də Hz.Davuddur. Hz.Davud həyatının hər anında, qarşılaşdığı bütün hadisələrdə Allahı zikr edən, Ondan istəyən, kömək diləyən, bir ayədə bildirildiyi kimi, "hər rəftar və davranışında Allaha yönələn" bir peyğəmbər idi. Hz.Davud Allahın mülk, hikmət və natiqlik məharəti verərək insanların çoxundan üstün etdiyi bir qul idi. Allah Quranda Hz.Davuda həm maddi, həm də mənəvi cəhətdən böyük bir güc verdiyini bildirmişdir. Belə ki, Hz.Davudla birlikdə zikr etmələri üçün dağları və daşları ona boyun əydirmişdir ("Ənbiya" surəsi, 79). Bunlardan aydın olur ki, Hz.Davud çox az insanın sahib ola biləcəyi elmlərə sahib idi.
Allah bir çox cəhətdən üstünlük verdiyi Hz.Davudu yer üzərində bir xəlifə etdiyini bir ayədə belə bildirmişdir:
"Ya Davud! Biz səni yer üzündə xəlifə etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir!" ("Sad" surəsi, 26).
Allahın güc və bəsirət verdiyi Hz.Davud bütün peyğəmbərlər kimi qövmünü Allaha iman gətirməyə dəvət etmişdir. Allah Hz.Davudun ədalətini, həqiqəti əsas tutaraq hökm etməsini möminlərə nümunə göstərmişdir. Hz.Davudun aralarından hökm etməyə cəhd edən iki iddiaçı haqqındakı ədalətli hərəkəti möminlərə bir nümunədir:
"Sənə dava edənlərin xəbəri gəlib çatdımı? O zaman onlar məbədə divardan aşıb gəlmişdilər. Onlar Davudun yanına gəldikdə onlardan qorxdu. Onlar dedilər: "Qorxma, biz bir-birimizə haqsızlıq etmiş iki iddiaçıyıq. Aramızda ədalətlə hökm et, haqqı tapdalama və bizə doğru yolu göstər!" "Bu mənim qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim isə bircə dişi qoyunum vardır. Belə bir vəziyyətdə: "Onu mənə ver!" - dedi və mübahisədə məni məğlub etdi"" ("Sad" surəsi, 21-23).
Hz.Davudun yanına gələn bu iddiaçılara cavabı belə olmuşdur:
"Dedi: "O sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə, şübhəsiz ki, sənə zülm etmişdir. Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yalnız iman gətirib yaxşı işlər görənlərdən savayı! Onlar da çox azdırlar... "" ("Sad" surəsi, 24).
Hz.Davud da digər peyğəmbərlər kimi insanları Allahın əmri ilə yaşamağa çağırmışdır. Yuxarıdakı ayə bunun bir nümunəsidir. Hz.Davud yanına gələn iddiaçılara bir-birinin haqqına təcavüz etməməyi tövsiyə etdikdən sonra onlara bunun ancaq həqiqətən iman gətirən qullarının yaşadığı bir əxlaq olduğunu xatırlatmışdır.
Eyni ayənin davamında hər davranışında Allaha yönələn Hz.Davudun burada verdiyi qərardan sonra da Allaha yönəldiyi bu şəkildə bildirilmişdir:
"...Davud Bizim onu imtahana çəkdiyimizi güman etdi. O dərhal Rəbbindən öz bağışlanmasını dilədi və dizi üstə düşüb səcdəyə qapanaraq tövbə etdi. Biz bunu ona bağışladıq. Həqiqətən, o, dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır" ("Sad" surəsi, 24-25).
Allahın onu hər hadisədə sınadığını, etdiyi hər işdə Onun rizasını qazanmaq lazım olduğunu bilən və üstün əxlaq sahibi olan Hz.Davudun bu davranışı möminlər üçün gözəl bir örnəkdir. İman gətirən hər insan Quranda göstərilmiş bu nümunəvi davranışdan ibrət almalı, etdiyi hər şeyə Allahın şahid olduğunu, hesab günü isə bütün əməllərinə görə sorğuya çəkiləcəyini unutmamalıdır.
"Onların dediklərinə səbr et və qüvvətli bəndəmiz Davudu yadına sal! Çünki o, daim Allaha sığınan bir kimsə idi" ("Sad" surəsi, 17).
"Biz onun mülkünü möhkəmləndirmiş, ona hikmət və düzgün hökm vermək qabiliyyəti bəxş etmişdik" ("Sad" surəsi, 20).
"Biz bunu ona bağışladıq. Həqiqətən, o, dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır" ("Sad" surəsi, 25).
"Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: "Bizi Öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!"" ("Nəml" surəsi, 15).
"Həqiqətən, Biz Davuda Öz dərgahımızdan bir lütf bəxş edib: "Siz ey dağlar, siz ey quşlar! Onunla birlikdə Allahı təqdis edib şəninə təriflər deyin!" - deyə buyurduq və dəmiri onun üçün yumşaltdıq" ("Səba" surəsi, 10).