Bəşər tarixi boyunca insanlar Allaha iman gətirmək üçün onlara göndərilən elçilərdən möcüzələr istəyiblər. Hz.Musadan, Hz.İsadan, Hz.Huddan, Hz.Muhəmməddən (s), qısası, bütün peyğəmbərlərdən həmişə eyni şeyi tələb ediblər, onlardan həmişə bir fövqəladəlik gözləyiblər. Allah da bəzi peyğəmbərlərinə möcüzələrlə nemətlər verib, onları Öz dərgahından etdiyi köməklə gücləndirib, təbliğlərini və fikri mübarizələrini asanlaşdırıb. Halbuki ağıl və vicdan sahibi olan insanlar Allaha inanmaq üçün möcüzə görməyə ehtiyac duymazlar. Çünki idrak sahibi olan bir insan üçün mövcud olan hər bir şey Allahın varlığının aydın bir dəlilidir.
Atomlardan qalaktikalara qədər kainatın hər bir hissəsi Allahın varlığının və yaratma qüdrətinin möhtəşəm dəlilləri ilə doludur. Təkidlə möcüzə görmək istəyən insanların əksəriyyətinin həqiqi niyyətləri isə Allah möcüzələrini göstərdiyi vaxt ortaya çıxıb. Elçilərin möcüzələrinə inanmaq əvəzinə onları əsassız iddialarla günahlandırmaları, məsələn, kahinlik, sehrbazlıq və ya təfriqə, ixtilaf salmaqda ittiham etmələri bunun bir əlamətidir. Həmçinin Allah iman gətirməyənlərin bu məsələdəki qeyri- səmimiliyini Quranda belə xəbər verir:
“Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. De: "Ayələr ançaq Allahın yanındadır. Siz nədən bilirsiniz ki, onlara ayə (möcüzə) gəldikdə yenə də iman gətirəcəklər?" Biz onların ürəklərini və gözlərini əvvəlcə ona iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içində çaşqın bir vəziyyətdə qoyarıq. Əgər Biz mələkləri onlara göndərsəydik, ölülər onlarla danışsaydı və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına qoysaydıq belə Allah istəmədikcə onlar iman gətirməzdilər. Lakin onların əksəriyyəti bunu bilməz” (“Ənam” surəsi, 109-111).
Allahın ayələrdə bildirdiyi kimi, peyğəmbərlərdən israrla möcüzə tələb edən iman gətirməyənlər bunu iman gətirmək üçün bir dəlil kimi deyil, peyğəmbərləri çətin vəziyyətdə qoymaq üçün və onları sınamaq üçün istəyirlər. Onlar öz məhdud ağılları ilə peyğəmbərləri yalançı çıxarmaq və beləliklə də öz inkarlarına bəhanə tapmaq məqsədi güdüblər. Həmçinin möcüzə görmədən iman gətirməyəcəklərini söyləyən inkarçılar möcüzə görəndə də iman gətirmir, bu dəfə də peyğəmbərlərin guya sehrbaz olduğu və onları sehrlədiyi böhtanını atırlar. Ayələrdə belə buyurulur:
“Bir möcüzə gördükdə də ona istehza edərlər. Və belə deyərlər: "Bu, ancaq açıq-aşkar bir sehrdir”” (“Səffat” surəsi, 14-15).
“Əgər onlar bir möcüzə görsələr, üz döndərib: "Bu, uzun müddət davam edən bir sehrdir!" - deyərlər” (“Qəmər” surəsi, 2).
Əksər insanların imanının möcüzələrlə güclənməsi əlbəttə, Allahın böyük bir nemətidir. Ancaq ağıl və vicdan sahibi olan insanlar kainatdakı hər bir şeyin yaradılışındakı ecazkarlığı və fövqəladəliyi görərək Allaha iman gətirər və peyğəmbərlərdən də xüsusi bir möcüzə göstərməsini gözləməzlər. Əgər Rəbbimiz müxtəlif möcüzələr göstərirsə, bu, onların ilhamını, şövqlərini və əzmlərini gücləndirən bir nemət olur. İman gətirməyənlər isə tarix boyunca belə bir xəyal içində olduqları üçün böyük itkilərə məruz qalıblar. Onlar öz inkarlarına bir bəhanə tapa bilmək üçün peyğəmbərlərin təbliğ etdikləri həqiqətləri qulaqardına vurub və yalnız fövqəladəlik axtarışına girişiblər. Şübhəsiz, Rəbbimizin: “Əgər istəsək, göydən onlara bir ayə (möcüzə) göndərərik, onlar da ona boyun əyib durarlar” (“Şuəra” surəsi, 4) ayəsində də bildirdiyi kimi, Allah isətəsə, bu insanların hamısını bircə möcüzə ilə boyun əydirər. Lakin bütün bunlar dünyadakı imtahan şərtlərinə uyğun olaraq baş verir.
Sevimli Peyğəmbərimiz Hz.Muhəmmədin (s) möcüzələri də bütün müsəlmanlar üçün böyük bir müjdə, Allahdan bir yardım və böyük nemətdir. Bu möcüzələr iman gətirənlərin imanını daha da gücləndirəcək və Allahın Peyğəmbərimizə (s) göndərdiyi Uca Kitaba -Qurani-Kərimə daha böyük bir həvəslə bağlanmasına səbəb olacaq bir dəlildir.
"Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!”"
(Bəqərə Surəsi , 32)