Hesab gününün peşmançılığı

Sur üfürüləcək və Allah`ın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcəkdir. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar. Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir.Hər kəsə öz əməlinin əvəzi tam veriləcəkdir. Allah onların nə etdiklərini yaxşı bilir. (Zumər surəsi, 68-70)

Dünyaya gəlib-getmiş bütün insanlar hesab günü dirildiləcəklər. Ancaq inkar edənlər üçün diriliş anı çətin keçəcək. İnkarçıların diriliş anındakı çaşqınlığı və o vəziyyətdəki danışıqları Quranda belə xəbər verilir:

Onlar deyəcəklər: "Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, mərhəmətli (Allah`ın) vəd etdiyi (qiyamətdir). Elçilər doğru deyirlərmiş". (Yasin surəsi, 52)

Haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir. (Onlar deyəcəklər:) "Vay halımıza! Biz bundan qafil idik. Üstəlik, zalım da olmuşuq!" (Ənbiya surəsi, 97)

"Vay halımıza!" nidası onların yaşadığı böyük qorxu və peşmançılığın ifadəsidir. Çünki həyatları boyu onları axirətlə tənbeh edib qorxudan insanların doğru söylədiklərini yenidən dirildikləri gün başa düşəcəklər. Dolayısilə, onlara vəd edilən başqa şeylərin də başlarına gələcəyini artıq anlayacaqlar. Bir zamanlar həqiqət olduğuna inanmadıqları əzabı çəkməyə məcbur ediləcəklər və qurtulmaq imkanları da olmayacaq.

İnkar edənlər dirilişdən sonra Allah`ın hüzuruna gətiriləcəklər və bütün əməllərindən dolayı sorğu-suala çəkiləcəklər. Bu hesablara görə də barələrində hökm veriləcək. Bundan ötrü onlar kimi dünyada Allah`ın qoyduğu məhdudiyyətləri tanımayan, qürurlanaraq hərəkət edən insanların hamısı birlikdə Allah`ın hüzuruna gətiriləcəklər:

Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz. (Nəbə surəsi, 18)

Bu hesab günü inkarçılar heç nəyin Allah`ın razılığını qazanmaqdan və Onun əzabından qorunmaqdan daha əhəmiyyətli olmadığını anlayarlar. Bu, həmçinin Peyğəmbərimizin (s.ə.v) qiyamət günü sorğu-sual olunan bir inkarçını nümunə verdiyi hədisdə qeyd olunur: İnkarçı qiyamət günü gətirildikdə ondan soruşulacaq: "Bütün yer üzünü örtəcək qədər qızılın olsa, özünü xilas etmək üçün onları fidyə verərdin?" O, cavab verəcək: "Bəli". Sonra ona deyiləcək: "Bundan daha asanı səndən istənildi. [Allah`a şərik qoşmamaq (yəni İslamı qəbul etmək; amma sən imtina etdin)]" (Buxari) Allah`ın gücünü və varlığını təsdiqləyən dəlillər açıq olduğu halda və Allah Onun razılığını qazanmağın yollarını göstərməsinə baxmayaraq, bu fürsətdən nə üçün yararlana bilmədiklərini fikirləşdikcə yaşadıqları peşmançılıq daha da şiddətlənəcək. Danışıqlarından içlərindəki peşmançılıq açıq-aşkar hiss ediləcək:

Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: "Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki zikr mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı." Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır. (Furqan surəsi, 27-29)

İnkar edənlər hesab günü bütün bunları düşünərkən tamamilə öz hallarının qeydinə qalarlar. Belə ki, nə uşaqlarını, nə həyat yoldaşlarını, nə analarını, nə də atalarını gözləri görər. Allah bu vəziyyəti Quranda belə təsvir edir:

Qulaqbatırıcı bir səs gələndə. O gün insan qaçacaq öz qardaşından, anasından, atasından, arvadından və övladlarından! O gün onlardan hər birinin yetərincə işi olacaqdır. (Əbəsə surəsi, 33-37)

Qohumluq əlaqələrinin daha onlar üçün heç bir əhəmiyyəti qalmamışdır. Bu adamlar üçün əsas olan yeganə məsələ Allah`ın əzabından qurtula bilməkdir. Bunun müqabilində isə övladlarını, həyat yoldaşlarını, bacı və qardaşlarını fidyə olaraq verməyi də təklif edərlər:

O gün göy əridilmiş metal kimi olacaqdır. Dağlar da yuna bənzəyəcəklər. Dost dostunun halını xəbər almayacaq. (Halbuki) onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq vermiş nəslini və yer üzündə olanların hamısını – təki (bu) onu xilas etsin. Xeyr! Bu, alovu (şölələnən) Oddur. (Məaric surəsi, 8-14-15)

Əlbəttə, hesab günü inkar edənlərin sərf etdikləri bu əmək nəticəsiz qalacaq. Həmin insanların dünyada ikən mal, məqam və övlad sahibi olmaq ən böyük arzuları olmuşdu. Hətta bu məqsədlərinə çatmaq üçün bütün həyatlarını sərf etmişdilər. Ancaq hesab günü bunların heç birinin dəyəri olmadığını başa düşəcəklər. Allah`ın yanına gətirildikləri an inkarçıların yox olmaq istədikləri, möminlərin isə həvəslə gözlədikləri və sevincli olduqları andır. Allah bu anı ayələrdə belə təsvir edir:

O gün (neçə-neçə) üzlər parlayacaq, güləcək və fərəhlənəcəkdir. O gün (neçə-neçə) üzlərə toz-torpaq hopacaq, onları zülmət bürüyəcəkdir. Məhz onlardır kafirlər, günahkarlar!" (Əbəsə surəsi, 38-42)

O gün insanların sahib olduqları ən qiymətli şey Allah`ın razılığını qazanmaq məqsədi ilə etdikləri yaxşı əməllərdir. Ancaq inkar edənlər əbədi həyatlarını qurtara biləcək bu qiymətli xəzinəyə malik deyillər. Həyatları boyu hesab günü Allah`a təqdim edə biləcəkləri, ortaya çıxaracaqları bir yaxşılıq və xeyirxah iş etməmişlər. İman gətirmədiklərinə görə, özləri yaxşı əməl kimi qəbul etdikləri işlər də hədər getmişdir. Allah bu həqiqətə Quranda belə diqqət çəkir:

De: "Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik." (Kəhf surəsi, 103-105)

Dini inkar edənlər axirət gününün mövcudluğuna həmişə şübhə ilə yanaşdıqları üçün o günə hazırlanmağa ehtiyac hiss etməmiş, ancaq keçici olan həyatda mal toplamaqla, nəfslərinin istəklərinə tabe olmaqla ömürlərini keçirmişlər. İndi isə heç cür düzəldə bilməyəcəkləri bir peşmançılıqla qarşı-qarşıyadırlar:

Deyəcəklər: "Vay halımıza! Bu ki, haqq-hesab günüdür!" (Onlara deyiləcək:)Bu, yalan saydığınız fərqləndirmə günüdür! (Saffat surəsi, 20-21)

Üstəlik, dünyada etmiş olduqları bütün vicdansızlıqlar, pisliklər və nankorluqlar Allah qatında nöqsansız olaraq ortaya çıxarılacaq. Və onlar da etdikləri günahlara şahidlik edəcəklər. Bu vəziyyət Quran ayələrində belə ifadə edilir:

...Onlar Rəbbinin hüzurunda səf-səf duracaqlar. (Biz deyəcəyik:) "Hüzurumuza sizi ilk dəfə yaratdığımız kimi gəldiniz. Amma siz elə güman edirdiniz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyəcəyik." (Hər kəsin) kitabı (qarşısına) qoyulacaq və sən günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: "Vay halımıza! Bu, necə bir kitab imiş! O, böyük-kiçik günahı buraxmadan hamısını sayıb yazmışdır!" Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Kəhf surəsi, 48-49)

O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır. Zərrə qədər pislik edən də (əvəzini) alacaqdır. (Zəlzələ surəsi, 6-8)

Allah`ın Quran ayələrində bildirdiyinə görə, bundan sonra növbə kitabların verilməsinə gəlir. Kitablar möminlərin sağ tərəflərindən verildiyi halda, inkar edənlərin sol tərəflərindən verilir. İnkarçılar ölüm mələkləri yanlarına gəlib canlarını aldığı andan peşmançılıq hiss edirlər. Bir peşmançılığı da kitabları əllərinə veriləndə keçirərlər. Allah`a qarşı etdikləri günahları görmək istəməz, bir az tez yox olmağı arzu edərlər. Onların bu vəziyyətləri ayələrdə belə ifadə edilir:

Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir:"Kaş, kitabım mənə verilməyəydi! Hesabımdan da xəbərim olmayaydı! Kaş ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim məni qurtarmadı. Hökmranlığım da məhv olub getdi." (Haqqə surəsi, 25-29)

... O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: "Kaş mən torpaq olaydım!" (Nəbə surəsi, 40)

Kimin kitabı arxa tərəfindən veriləcəksə, o, ölüm diləyəcək və alovlu oda atılacaqdır! Sözsüz ki, o, öz ailəsində sevinc içində idi və elə güman edirdi ki, (Rəbbinin hüzuruna) qayıtmayacaqdır. Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü. (İnşiqaq surəsi, 10-15)

Bütün bunları görən inkarçılar dünyada yaşadıqları vaxt ərzində nə qədər böyük bir fürsəti qaçırdıqlarını başa düşərlər. Bunu anlayanda da o böyük sıxıntını, yəni peşmançılığı ən şiddətli şəkildə yaşayarlar. Lakin bunun əksinə, möminlərin sevinc içində olduqlarına şahid olarlar. Bunu görən inkarçılar daha çox peşmançılıq çəkərlər. Çünki dünyada ikən inadkarlıqla möminlərin hər çağırışına qarşı çıxmış və özlərinin daha ağıllı olduqlarını düşünərək, onlara arxa çevirmişdilər. Amma bir ayənin ifadəsi ilə desək, dəqiq tərəzilər qoyulmuşdur. Hamı kitabında yazılan əməllərinə görə cənnətə, ya da cəhənnəmə atılacaqdır. Hesab günü inkarçılar hara gedəcəklərini əvvəlcədən başa düşər və buna görə də çox qorxarlar. Belələrinin yaşadıqları qorxu bir ayədə belə bildirilir:

Zalımların qazandıqları özlərinə qarşı çevrildikdə onları bunun qorxusundan titrəyən görəcəksən. (Şura surəsi, 22)

Sonra Allah`ın sonsuz ədaləti təcəlli edər və hər kəsə etdiklərinin əvəzi bir zərrə belə əskik olmadan verilər:

Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. (Görülmüş iş) bir xardal dənəsi mislində olsa belə, onu gətirib (tərəziyə) qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik. (Ənbiya surəsi, 47)

Möminlər asan hesaba çəkildikləri halda, inkar edənlərin hesabı çox çətin olar. Allah`ın dünyada onlara bəxş etdiyi hər nemətdən bir-bir hesaba çəkiləcəklər. Allah`ın əmr və tövsiyələrinə tabe olub-olmadıqları, harada nankorluq etdikləri, üsyankar fikirləri, pis sözləri, tənbehləri qulaq ardına vurduqları kimi hər əməlləri barədə hesab verəcəklər. Ancaq qeyri-səmimi bəhanələri həmin gün keçməyəcək, hətta üzr istəmələrinə də izn verilməyəcək. O gün inkarçıların qarşılaşacağı vəziyyət Quranda belə təsvir edilir:

Yalan sayanların o gün vay halına! Bu, (günahkarların) danışa bilməyəcəkləri bir gündür. Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir. Yalan sayanların o gün vay halına! Bu, ayırd etmə günüdür. Biz həm sizi, həm də əvvəlkiləri cəm etdik! Əgər hiyləniz varsa, Mənə qarşı işlədin! Yalan sayanların o gün vay halına! (Mürsəlat surəsi,34-40)

Hesab tərəzisinin yaxşılıqlar toplanan gözü yüngül gələn inkarçılar ayədə deyildiyi kimi, "artıq nə tədarük etdiklərini bilmişdir və gedəcəkləri yer də məlum olmuşdur" (Təkvir surəsi, 14). Bu əzablı yer ayələrdə "Haviyə" olaraq adlandırılmışdır:

Kimin tərəziləri ağır gələrsə xoşbəxt güzəran sürəcək. Kimin tərəziləri yüngül gələrsə, anası haviyə olacaqdır. Sən haradan biləsən ki, o nədir? O, çox qızmar bir oddur! (Qariə surəsi, 6 –11)

Bütün bunlar hesab günü inkar edənlərin yaşayacaqları böyük peşmançılığın şiddətini başa düşməkdən ötrü çox əhəmiyyətlidir. Çünki o gün gələndə insan peşman olmaq üçün gecikmiş olacaq. Əgər burada anladılanları düşünüb Allah`ın razı qalacağı "gözəl davranışlarını çoxaldarsa", yuxarıdakı ayədə bildirildiyi kimi, tərəzisi ağır gələcəkdir. Ancaq bu şəkildə əbədi peşmançılıqdan qurtula biləcəkdir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
  • No items.