İnsan bəzi qüsurlara, nöqsanlara, acizliklərə malik bir varlıqdır. Ona verilən ömür boyu yaddan çıxarar, səhv edər və çoxlu xətaları olar. Amma eyni zamanda, Allah tərəfindən verilmiş olan tövbə kimi böyük bir nemətlə dünyada ikən bu səhvlərin düzəldilməsi həmişə mümkündür. Dünya insanın maarifləndirilməsi, səhvlərinin düzəldilməsi və ona verilən nemətlərlə imtahan edilməsi üçün yaradılmışdır. İnsan dünyada ikən etdiyi səhvlərdən, ya da yaşadığı həyatdan bəzən böyük peşmançılıq duya bilər. Amma bunu düzəltmək imkanı mövcuddur; insan yaşadığı bu peşmançılıqdan sonra tövbə etsə, Allah`ın onu bağışlayacağına və mərhəmət göstərəcəyinə ümid edə bilər.
Allah Quranda səmimi olaraq tövbə edənləri bağışlayacağını müjdələyir. Allah insanın daxilində gizlətdiyi, fikirləşdiyi, beynindən keçirdiyi hər kəlməni, hər fikri və daxilən səmimi olub-olmadığını bilir. "Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, (bilin ki,) həqiqətən də, O, tövbə edənləri bağışlayandır." (İsra surəsi, 25) - deyərək, insana olan yaxınlığını xəbər verir.
Ancaq çox əhəmiyyətli bir həqiqət var ki, dünyada edilən səhvlərin, günahların öləndən sonra düzəldilməsi heç cür mümkün deyil.
Demək, insanın itirəcəyi bircə anı da yoxdur. Yaşadığı dəqiqələr göz qırpımında keçir, insan hər ötən saniyə ölümə daha da yaxınlaşır. Üstəlik, ölümünün nə vaxt- hansı gündə və saatda olacağını da heç kim bilmir. Ancaq bir gün mütləq öləcək və etdiyi hərəkətlərə, yaşadığı ömrə görə Rəbbinin yanında sorğu-sual ediləcək. Buna görə də insan hər an öləcəyini həmişə yadında saxlamalı və axirətdə peşman olmaması üçün həyatına yenidən nəzər salmalıdır:
Allah üstün güc sahibi yaradıcımızdır və Onun qüdrəti qarşısında hər kəs bu dünyada ona verilən vaxt ərzində öz qulluq vəzifələrini tam və layiqincə yerinə yetirməlidir. Mömin ibadətlərinə çox dəqiq yanaşmasına görə diqqət çəkir. Allah`ın əmr etdiyi beş vaxt namazı, dəstəmazı və oruc kimi ibadətləri həyatı boyu şövqlə yerinə yetirir. İbn Ömərdən (r.ə) rəvayət edildiyinə görə,
Peyğəmbərimiz (s.ə.v) belə buyurmuşdur: "İslam beş təməl üzərində qurulub: Allah`dan başqa ilah olmadığına və Muhəmmədin (s.ə.v) Onun bəndəsi və elçisi olduğuna şəhadət gətirmək, namaz qılmaq, oruc tutmaq, Kəbəni ziyarət etmək və zəkat vermək." (Buxari və Muslim)
İndi ölüm mələkləri ilə qarşılaşsa, yaşadığı illərin hesabını verə biləcəkmi?
Bu günə qədər Allah`ı razı sala bilmək üçün nə etmişdir?
Onun hökmlərini istədiyi kimi yerinə yetirirmi?
Bəlkə də bu sualların heç birinə verməyə müsbət cavabı olmaz. Əgər elə indi tövbə edərsə, bundan sonrakı həyatını Allah`ı razı salmaq üçün keçirəcəyinə səmimi qərar verərsə, Allah`ın tövbəsini qəbul edəcəyinə, onu bağışlayacağına inana bilər.
İnsan Qəffar (mərhəmətlilərin ən mərhəmətlisi), Həlim (bəndələrinə qarşı çox yumşaq olan) və Təvvab (bağışlayan və əsirgəyən, tövbələri qəbul edib, günahları yaxşılıqlara çevirən) olan Rəbbinə sığınmalıdır. Allah səbir edənlərin və Ona yön tutub pis yoldan qayıdanların əvəzini mütləq verəcək. İman gətirən bəndələrinin günahlarını bağışlayaraq yaxşılığa çevirəcək və etdikləri xeyirli işləri ən əla mükafatla mükafatlandıracaq. Allah`ın bəndələrinə verdiyi bu böyük müjdə belə bildirilmişdir:
Sizdə olan nemətlər tükənəcək, Allah`ın dərgahında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 96-97)
Yaddan çıxarmayın ki, insan qəfildən ölümlə üzləşə bilər və peşman olsa da, bir də geri qayıdıb etdiklərini düzəltməyə imkan tapmaz. Buna görə, əgər Rəbbin sevdiyi bir bəndə olmaq və ölümündən sonra Onun saleh bəndələri üçün hazırladığı cənnətə qovuşmaq istəyirsə, tez Rəbbindən bağışlanmasını istəməli və həyatını Onun əmr etdiyi şəkildə Qurana tabe olaraq yaşamalıdır.