İnsan dünyada bəzən maddi-mənəvi müxtəlif müsibət və sıxıntılarla qarşılaşır. Ancaq insana əzab verən elə bir hiss var ki, o bəlkə də heç bir fiziki əziyyətlə müqayisə edilməyəcək qədər şiddətlidir və insanın ruhunda böyük əzginlik əmələ gətirir. Bəhs etdiyimiz bu hiss peşmançılıq hissidir.
Peşmançılığın iki fərqli şəkli var. Allaha iman gətirən insanların yaşadıqları peşmançılıqla yuxarıda tərif etdiyimiz və inkarçı insanların yaşadıqları peşmançılıq bir-birindən çox fərqlidir.
Möminlər hər hadisədən Allahın xəbəri olduğunu və Onun icazəsi ilə baş verdiyini, başlarına nə gəlsə, Allahın izni ilə olduğunu qəti olaraq bilən insanlardır. Buna görə də çox mühüm xüsusiyyətlərindən biri olan təvəkkülü əsas götürürlər. İnanan insan çətinliklə də qarşılaşsa, heç etmək istəmədiyi səhv bir iş görsə, təvəkküllə hərəkət edər. Əgər səhv bir addım atıbsa, tez tövbə edər və Allahın onu bağışlayacağını düşünər. Bu səbəbdən də sıxıntılı və uzun müddət davam edən peşmançılıq hissinə qapılmaz. Möminin hiss etdiyi peşmançılıq onu səhvlərini düzəltməyə, tövbə edərək belə bir davranışı bir də təkrarlamamağa istiqamətləndirər. Yəni özünü düzəltməsinə, nöqsanlarını aradan qaldırmasına təhrik edər, ancaq heç vaxt sıxıntıya, ruh düşkünlüyünə səbəb olmaz. Şövqünü, həyəcanını, imani coşğusunu azaltmaz, tərəddüdə və vəsvəsəyə salmaz.
Allaha iman gətirməyən insanların yaşadıqları peşmançılıq hissi isə çox sıxıntılı və davamlıdır. Belələrinin təvəkkülü olmadığı üçün qarşılaşdıqları çətinliklərə, etdikləri hər səhv hərəkətə görə dəhşətli sıxıntı çəkirlər. Həyatları boyu “kaş” nidası ilə yaşayırlar: “kaş etməsəydim”, “kaş deməsəydim”, “kaş getməsəydim”...
Ancaq bundan daha əhəmiyyətli bir məsələ var. Belə ki, insanların dünyada ikən yaşadıqları bu sıxıntılı peşmançılıqdan daha böyüyü axirətdə qarşılarına çıxacaq. Dünyada dindən uzaq olan insanlar, axirətdə həmişə dünyada yaşadıqları hər dəqiqənin peşmançılığını hiss edəcəklər. Çünki dünyada onlara çoxlu xəbərdarlıq olmuş, doğru yola dəvət edilmişdilər. Fikirləşmək və həqiqəti tapmaq üçün çox zamanları olmuşdu. Ancaq bunları həmişə qulaqardına vurmuş, xəbərdarlıq ediləndə dinləməmiş və dünyadakı yaşamın heç bitməyəcəyi kimi aldadıcı bir hissə qapılaraq axirəti yaddan çıxarmışlar. Cəhənnəmlə qarşılaşanda isə artıq geri qayıdıb səhvlərini düzəltməyə imkan tapa bilməyəcəklər. Quranda bu adamların axirətdəki peşmançılıqla dolu sözləri belə ifadə edilmişdir:
Biz sizi yaxın bir əzab barəsində xəbərdar etmişdik. O gün insan öz əllərinin etdiyi əməlləri görəcəkdir və kafir deyəcəkdir: “Kaş torpaq olaydım!” (Nəbə surəsi, 40)
Sən onların cəhənnəm odu üzərinə qoyularkən, “Kaş ki, biz geri qaytarılaydıq, Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq”- dediklərini görəydin! (Ənam surəsi, 27)
Onlar deyəcəklər: “Əgər qulaq assaydıq və ya anlasaydıq, cəhənnəm odu əhli içərisində olmazdıq”. (Mülk surəsi, 10)