İnsanların əksəriyyəti "ölüm həyatın bitdiyi andır" şəklində yanlış və qeyri-kafi bir təsəvvürə mаlikdir. Lakin onlar bir mərhələ sonranı düşünə bilsələr anlayarlar ki, ölüm digər bir həyatın da başladığı andır. Bu yanlış təsəvvürə görə, inkarçılar hədəflədikləri hər şeyi dünyadakı qısa zaman çərçivəsinə sığışdırmağa çalışırlar. Axirəti tanımayanların bu dünyadan gözübağlı bir şəkildə hədd-hüdud tanımadan bəhrələnmək istəməsinin səbəbi də budur. Onlar öldükləri andan etibarən hər şeydən məhrum qalacaqlarının həyəcanı ilə, halal-haram fərqi bilmədən yaşamağa, bu dünyadan maksimum dərəcədə faydalanmağa, təmin olunmağa diqqət edirlər. İrəlidə çox uzun illərin olduğuna özlərini inandırıb, hazırladıqları planların arxasınca qaçırlar. Beləliklə də özlərini çox ağıllı, Allaha və axirət gününə inamı tam olan və axirət üçün çalışan möminləri isə ağılsız adlandırırlar. Bu, şeytanın insanı aldatmaq üçün istifadə etdiyi ən klassik üsuldur. Şeytanın inkarçılar üzərində qurduğu və tətbiq etdiyi uzunmüddətli planlarla aldatma hiyləsini Allah Quranda belə xəbər verir:
"Doğru yol özlərinə bəlli olduqdan sonra dönənlərə şeytan xoş üz göstərdi və onları tovlayıb yoldan azdırdı" ("Muhəmməd" surəsi, 25).
"Şeytan müşriklərə vədlər verir, ürəklərində arzular oyadır. Lakin şeytan onlara yalnız yalan vədlər verir" ("Nisa" surəsi, 120).
Bu dünyada əbədi yaşayacaqlarını zənn edib mal və sərvət toplayanlar həyatlarını mal və övlad çoxluğu ilə fəxr etdikləri bir yarış halına gətirirlər. Onlar üstünlük verdikləri bu saxta qürura qapılaraq axirətdən tamamilə uzaqlaşırlar. Ancaq düşdükləri bu səhv yolun onları hara aparması ayələrdə açıq bildirilir:
"Məgər kafirlər elə zənn edirlər ki, onlara verdiyimiz mal-dövlət və övladla Biz onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar!" ("Muminun" surəsi, 55-56).
"Münafiqlərin nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah ancaq münafiqlərə dünyada əzab vermək, kafir olduqları halda canlarını almaq istər" ("Tövbə" surəsi, 55).
Allah insana imtahan üçün göndərildiyi bu dünyada ölümü və axirəti xatırladan bir çox mesaj göndərir. Bir ayədə insana xəbərdarlıq olsun deyə verilən bəlalara diqqət yetirilir:
"Münafiqlər ildə bir-iki dəfə bəlaya giriftar olduqlarını görmürlərmi? Bununla belə yenə tövbə edib ibrət almırlar!" ("Tövbə" surəsi, 126).
Həqiqətən insanların çoxu onların tövbə etməsinə, öyüd alıb düşünməsinə səbəb olan bəlalarla tez-tez qarşılaşırlаr. Bunlar ayədə də deyildiyi kimi, ildə bir neçə dəfə qarşılaşdıqları böyük bəlalar və ya gündəlik kiçik sıxıntılar ola bilər. İnsan hər gün qəza, şikəst olma və ya ölümlə nəticələnən bir çox hadisə ilə qаrşılаşır. Qəzetlər ölüm xəbərləri ilə, elanları ilə doludur. İnsanın gücü çatdığı yeganə məsələ isə belə hadisələrin bir gün öz başına da gələ biləcəyini, hər an öz imtahanının da sona çatacağını xatırlamaq və o an Allaha sığınıb bütün səmimiyyəti ilə bağışlanmacını diləməsidir.
Möminlərin gördükləri hadisələrdən aldıqları ibrət dərsləri daimi olur. Fəqət, eyni hadisələrin iman gətirməyənlərə təsiri və onların bu hadisələrə verdikləri reaksiya çox fərqlidir. İnkarçılar özlərində oyandırdığı dəhşət hissinin bir nəticəsi kimi ölümün həqiqiliyini qəbul etməyərək və ya bunu unutmağa çalışaraq özlərini rahatlamağa çalışırlar. Ancaq bu yanlış metodla özlərinə zərər verməkdən başqa bir şey etmirlər. Çünki Allah "onlara müəyyən müddət möhlət verib" və bu zaman müddəti zənn etdiklərinin əksinə olaraq onların əleyhinə işləyir (Bax: "Nəhl", 61). Quranda belə deyilir:
"Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar zəliledici bir əzab görəcəklər!" ("Ali-İmran" surəsi, 178).
Ölüm çoх yaxın olаn bir kimsəni yaxaladığı zaman bundan öyüd və ibrət almayan, qəflət yuxusunda qalmaqda davam edən insan günlərin birində özü ölümlə qarşılaşsa, düşdüyü vəziyyətdən qurtulmaq üçün bir anda dünyanın ən ixlaslı insanı olur. Quranda bu psixologiya bir nümunə ilə belə təsvir edilir:
"Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: "Əgər bizi bu təhlükədən qurtarsan, sənə şükür edənlərdən olarıq"" ("Yunus" surəsi, 22).
Lаkin Allah onları qurtardığı zaman bu insanlar yenə də keçmiş qəflətlərinə geri dönür və Allaha verdikləri sözü unudaraq ən kiçik bir vicdan əzabı çəkmədən saxtakarlıqlarını dаvаm etdirərlər. Lakin bu saxtakarlıqları qiyamət günü öz əleyhlərinə bir sübut olacaqdır. Ayənin davamı belədir:
"Onlar xilas edilincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız. Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik" ("Yunus" surəsi, 23).
Bu psixologiyada olan insan ümidsiz bir səylə eyni saxtakarlığı ölüm əsnasında tətbiq edir: fəqət, ona verilmiş müddət artıq sona çatmışdır:
"Nəhayət, müşriklərdən birinin ölümü gəlib çatdığı zaman o, belə deyər: "Pərvərdigara! Məni geri qaytar! Bəlkə zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm!" Xeyr, bu, onun dediyi boş, faydasız bir sözdür. Onların önündə dirilib duracaqları günə qədər maneə vardır" ("Muminun" surəsi, 99-100).
İnkarçıların bu davranışının Allah hüzurunda belə davam etdiyini görürük:
"Kaş günahkarları sənin Rəbbinin hüzurunda başlarını aşağı dikib: "Pərvərdigara! Gördük, eşitdik. İndi bizi dünyaya qaytar ki, yaxşı iş görək. Bizi tam yəqinliklə inandır!" deyəndə görəydin!.. "Bu günə yetişəcəyinizi unutduğunuzа görə indi dadın! Biz də sizi unutduq. Etdiyiniz əməllərin cəzası olaraq dadın əbədi əzabı!"" ("Səcdə" surəsi, 12-14).
Eyni nəticəsiz çırpıntılar cəhənnəmdə də davam edəcək:
"Onlar orada fəryad edib deyəcəklər: "Pərvərdigara! Bizi buradan çıxar ki, saleh əməllər edək. O əməlləri yox ki, edirik". Məgər sizi ibrət almaq istəyən kimsənin ibrət ala biləcəyi qədər yaşatmadıqmı?! Hələ sizə qorxudan peyğəmbər də gəlmişdi. Eləsə əzabı dadın. Zalımların imdadına çatan olmaz!" ("Fatir" surəsi, 37).
Axirətdəki bu ümidsiz çabalamalar və acı nəticə həmişə insanın dünyanın həqiqi məqsədini, dəyərini təqdir və dərk edə bilməməsindən qaynaqlanır. İman gətirməyən insan dünyada ikən Allahın yaratdığı hikmətli hadisələrdən ibrət almır, Allahın göndərdiyi xəbərdarlıqları dinləmir, vicdanını dəfn edərək bunları anlamamağa, görməməyə çalışır və ölümü özündən çox uzaqda görür, Allahın rizası ilə deyil, nəfsinin istəyi ilə hərəkət edir. Bütün bunlar sonda qaçılmaz ölümə doğru hazırlıqsız halda irəliləməyə və yuxarıdakı ayələrdə təsvir edilən ümidsiz hala düşməyə səbəb olur. Bu səbəbdən ölüm gəlib insanı hаqlаmаdаn qəflətin dərin yuxusundan oyanmaq lazımdır. Çünki ölüm zamanı oyanmaq insana heç bir fayda verməyəcəkdir:
"Birinin ölümü çatıb: "Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım!" deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. Və Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!" ("Münafiqun" surəsi, 10-11).
Bir az ağlı olan insanın etməli olduğu iş ölümdən qaçmaq deyil, onu hər an xatırlamaqdır. O, yalnız bu şəkildə əsl hədəfini anlayaraq düşüncə ilə hərəkət edə bilər, nəfsinin və şeytanın onu bu ötəri dünya həyatı ilə aldadıb başını tovlamasına izn verməz.
Bu dünya insanların təlim-tərbiyə yeridir. Allah insanlara dünyada müxtəlif vəzifələr vermiş və onlara gözləmələri lazım olan sərhədləri bildirmişdir. İnsan bu sərhədləri gözlədiyi zaman əmr olunanları yerinə yetirib yasaqlanan şeylərdən çəkindiyi halda ruhən kamilləşir, ağlı və şüuru inkişaf edir. Başına gələn hadisələrlə bağlı səbir etməyi, heç bir halda Allahın dinindən geri çəkilməməyi, hər vəziyyətdə Allaha doğru yönəlməyi, yalnız Ondan kömək istəməyi öyrənir. Allahı lazım olduğu kimi təqdir etməyi, Onun qarşısında səmimi bir sevgi və hörmət dolu bir qorxu hiss etməyi öyrənir, Ona qarşı şəriksiz bir inam və tam bir təslimiyyət dəyərini həqiqi mənada anlayır, bunun sayəsində Allaha olan şükrü, sevgisi, yaxınlığı və heyranlığı artır. Nəticədə Allahın bəyəndiyi yüksək ağıla və əxlaqi xüsusiyyətlərə sahib olan ideal bir mömin halına gəlir. Bu şəkildə hərtərəfli mükəmməl yaradılmış cənnətə layiq olan eyni mükəmməllikdə bir insana çevrilir. Əks təqdirdə, yəni dünyada heç bir təlim-tərbiyə almadan cənnətə girsəydi, bir çox cəhətdən əskik, qüsurlu, mənfi və qeyri-kafi bir vəziyyətdə qalar və o mükəmməl mühitdə hər cür xətanı etməyə hazır bir şəxsiyyət olardı.
Necə ki, Hz.Adəm də cənnətdəki sonsuz həyatı üçün lazım olan təlim-tərbiyəni alması üçün yer üzünə göndərilmiş və bir çox imtahanlara tabe olmuşdu. Nəticədə də Allahın Quranda təriflədiyi yüksək əxlaqa və insanlığa sahib olan seçilmiş bir insan olmuşdur.
Qısası, Allahın xüsusi olaraq yaratdığı bu hikmətli hadisədə dünyadakı təlim-tərbiyənin bir parçası olan imtahan mühitinin sirri var. İnsan bu dünyada başına gələn saysız-hesabsız hadisələrlə sınağa çəkilir və bu imtahandan nə dərəcədə uğurla çıxmasından asılı olaraq əbədi həyatında cəzaya və ya mükafata qovuşur. Heç kim öz imtahanının nə zaman sona çatacağını bilmir. Ölüm bizə Quranda da bildirildiyi kimi, "vaxtı müəyyən edilmiş bir yazıdır" ("Ali-İmran" surəsi, 145). Bu vaxt bəzən uzun, bəzən də qısadır. Əslində ən uzun bildiyimiz müddət nadir hallarda 70, ya da 80 il ola bilər.
Bu səbəbdən uzun müddət yaşamaq həvəsilə hesablar aparmaq əvəzinə insan Allah qarşısında cavabdeh olduğunu və hesab günündə bütün etdiklərinin hesabını verəcəyini bilib Quranın rəhbərliyi ilə, onun göstərdiyi yola uyğun olaraq yaşamalıdır. Əks halda sonsuz həyatı üçün bir hazırlıq görməməsi, bunun üçün ona verilən bu son fürsəti qaçırması və əbədi olaraq cənnətdən məhrum qalması onun üçün həqiqətən də çox acı bir hal olardı. Əbədi olaraq cənnətdən məhrum olan insan cəhənnəmdən başqa bir yerə getməyəcəkdir. Bunа görə dünyada boş yerə sərf olunan hər bir saniyə həm çox böyük bir itki, həm də çox acı bir nəticəyə doğru atılan yeni bir addımdır.
Madam ki həqiqət budur, elə isə bu həqiqətin dünyadakı hər şeydən daha mühüm olmalıdır. Həyatımızda qarşımıza çıxa biləcək hadisələr üçün əvvəlcədən hazırlıq gördüyümüz kimi, hətta daha da artıq dərəcədə ölüm və ölümdən sonrakı dövr üçün bənzər bir hazırlıqla məşğul olmağımız ən məntiqli hərəkət olardı. Çünki biz onsuz da öləcəyik və ölümdən sonra qarşımıza çıxan hadisələrlə də təkbaşına üz-üzə qalacağıq. Bu mövzu həqiqətən də "bizi", yəni "özümüzü" maraqlandırır. Əbədi qurtuluşu istəyən insanlara Allah Quranda belə əmr edir:
"Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə nəzər salsın. Allahdan qorxun. Həqiqətən Allah etdiklərinizdən xəbərdardır! Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin. Onlar fasiqlərdir!" ("Həşr" surəsi, 18-19).