Dünya Həyatinin Fаniliyi

Bu haqda heç düşünmüsünüzmü?

İnsan nə üçün tez-tez təmizlənmək məcburiyyətindədir? Nə üçün təmizliyə diqqət etməsə, bədəni və ağzı qoxuyar, dərisi və saçı yağlanar? Nə üçün tər və tərin qoxusu son dərəcə pisdir?

İnsandan fərqli olaraq çiçəklər son dərəcə gözəl qoxuya mаlikdir. Qızılgül və ya yasəmən çirkli bir torpaqda bitsə belə əsrlərdir gözəl ətirə sahibdir. Amma insan pis qoxu verməyə məhkumdur və o, bunun qarşısını ancaq təmizliyə riayət etməklə ala bilir.

Bunun nə üçün belə olması, insanın belə çatışmazlıqla yaradılması haqda heç düşünmüsünüzmü? Nə üçün Allah çiçəkləri gözəl qoxulu yaratdığı halda, insanın bədənindən pis qoxular çıxarır? Bu məsələ üzərində baş sındırmısınızmı?

İnsan yalnız pis qoxu verməklə bitmir, eyni zamanda yorulur, acır, susayır, canı ağrıyır, mədəsi bulanır, xəstələnir...

İnsanlar bunu təbii hal kimi qəbul edir, amma bunlar əslində bir aldanışdır. İnsan heç bir zaman pis qoxu verməyə, heç bir zaman başağrısı çəkməyə, heç bir zaman xəstələnməyə bilərdi. İnsanın mаlik olduğu bütün bu qüsurlar "təsadüfən" əmələ gəlməmiş, məhz xüsusi olaraq yaradılmışdır. Allah insanı müəyyən bir məqsədlə, bəlli bir hikmətlə qüsurlu bir şəkildə yaratmışdır.

Bunun isə iki məqsədi var. Birinci məqsəd insanın özünün aciz bir varlıq, bir "qul" olmasını anlamasıdır. Qüsursuzluq və mükəmməl olmaq yalnız Allaha məxsusdur. Onun bəndəsi olan insan isə sonsuz dərəcədə qüsurlu, əskik, zəifdir və buna görə də Allaha sonsuz dərəcədə möhtacdır. Bir ayə bu mövzunu çox hikmətli bir şəkildə izah edir:

"Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir və hər cür şükürə, tərifə layiqdir! Əgər istəsə, sizi yox edib başqa bir məxluqat gətirər. Bu, Allah üçün çətin deyildir!" ("Fatir" surəsi, 15-17).

İnsanın bədənindəki qüsur və çatışmazlıqlar ona acizliyini və zəifliyini müntəzəm şəkildə xatırladır. İnsan özünü üstün və qüsursuz bir varlıq zənn edə bilər, amma hər gün ayaqyoluna getmək məcburiyyətindədir və orada onun düşdüyü zavallı hal özünün əsl mahiyyətini ona bildirir.

Insanın qüsur və çatışmazlıqlara sahib olmasındakı ikinci məqsəd isə bu dünyanın ötəri olmasının ona müntəzəm şəkildə xatırladılmasıdır. Çünki haqqında bəhs edilən qüsur və çatışmazlıqlar bu dünyadakı bədənə məxsusdur. Axirətdə cənnət əhli yeni bir bədənlə mükəmməl və qüsursuz bir şəkildə yaradılacaqdır. Bu dünyadakı zəif, əskik, qüsurlu bədən möminin həqiqi bədəni deyildir, ötəri bir müddət ərzində qaldığı bir qəlibdir.

Buna görə də dünyada qüsursuz bir gözəllik əldə edilə bilməz. Fiziki cəhətdən ən gözəl, ən cazibədar, ən qüsursuz olduğunu gümаn etdiyimiz bir insan da digər bütün insanlar kimi ayaqyoluna gedir, tərləyir, bəzən ağzı pis qoxu verir, bəzən üzündə sızanaq çıxır. O da təmiz qala bilmək üçün mütəmadi şəkildə yuyunmaq və özünə qulluq etmək məcburiyyətindədir. Elə insan var ki, üzü gözəldir, amma fiziki cəhətdən o qədər də mükəmməl, qüsursuz deyil. Bunun tərsi də mümkündür. Kiminin gözü gözəl, fəqət burnu əyri ola bilər. Bu xüsusiyyətlərin sonsuz versiyalarını saya bilərik. Zahiri görünüşünə görə həqiqətən qüsursuz kimi görünən bir kimsədə heç gözlənilməyən bir xəstəlik, narahatçılıq və ya qüsur tapıla bilər.

Hər şeydən önəmli olanı isə budur ki, ən mükəmməl görünən insan belə mütləq yaşlaşır və ölür. Gözlənilməyən bir anda baş verən qəzada parça-parça ola bilər. Dünyadakı bədən kimi dünyanın özü də əskik, qüsurlu və ötəridir. Bütün çiçəklər mütləq solur, ən gözəl qidalar çürüyür, xarab olur və iylənir. Bütün bunlar bu dünyaya məxsus olan çatışmazlıq və qüsurlardır. Bizə verilən qısa dünya həyatı da, daşıdığımız bədən də Allahın çox qısa bir müddət üçün verdiyi müvəqqəti əmanətlərdir. Sonsuz həyat və mükəmməl bir yaradılış isə yalnız axirətə məxsusdur. Bir ayədə belə deyilir:

"Sizə verilən hər hansı bir şey fani dünya malıdır. Allah yanında olan isə daha yaxşı və daha baqidir. O kəslər üçün ki, iman gətirib öz Rəbbinizə təvəkkül edərlər" ("Şura" surəsi, 36).

"Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o, quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. Axirətdə şiddətli əzab, Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan, yalandan başqa bir şey deyildir" ("Hədid" surəsi, 20).

Qısası, bu dünyada Allah sonsuz qüdrət və elminin göstəricisi olaraq eyni anda bir çox gözəllik, sənət və xariqələrlə yanaşı, çox müxtəlif qüsur və əskiklikləri də yaradır. Mükəmməllik və əbədilik bu dünyanın qanununa ziddir. İnkişaf edən texnologiya da daxil olmaqla, insan ağlının düşünə biləcəyi hər hаnsı bir şey Allahın bu qanununu dəyişdirə bilməyəcəkdir. Bununla da insanlar bir tərəfdən, axirətin həsrəti ilə ona qovuşmaq üçün çabalasınlar və Allaha lazımi qədər şükür və hörmət etsinlər. Digər tərəfdən də bunların həqiqi yerinin bu ötəri dünya deyil, əskik və qüsurlardan qorunmuş və möminlər üçün hazırlanmış əbədi cənnət həyatı olduğunu anlaya bilsinlər. Quranda bu həqiqət çox açıq şəkildə izah olunur:

"Lakin siz dünyanı üstün tutursunuz. Halbuki axirət daha xeyirli və daha əbədidir" ("Əla" surəsi, 16-17).

Başqa bir ayədə isə "axirət yurdu isə şübhəsiz ki, əbədi həyatdır" deyilir ("Ənkəbut" surəsi, 64).

"Əbədi həyat"ımız olan axirətlə müvəqqəti bir yurd olan dünya arasında pərdə qədər incə bir sərhəd var. Ölüm bu pərdəni qaldıran vasitədir. Ölümlə birlikdə bu dünya və bədənlə olan əlaqə kəsiləcək, yeni bir yaradılışla sonsuz həyata başlanğıc ediləcək.

Ölümlə birlikdə başlayan həyat əsl həyat olduğuna görə həqiqi "təbiət qanunları" da orada olanlardır. Əskiklik, qüsur, ötərilik dünyaya layiq olan qanunlardır, amma həqiqi qanunlar deyildir. Həqiqi qanunlar qüsursuzluq, ölümsüzlük, mükəmməllik üzərində qurulur. Başqa sözlə desək, adi olan məsələ bir çiçəyin heç solmaması, bir insanın heç çirklənməməsi, heç yaşlaşmaması, bir meyvənin heç çürüməməsidir. Əsl qanunlar insanın hər istədiyini o an həyata keçməsini, insanın heç bir ağrı-acı və xəstəlik keçirməməsini, heç bir zaman üşüməməsini və ya tərləməməsini zəruri edir. Ancaq əsl qanunlar əsl həyatda, keçici qanunlar da keçici olan bu dünya həyatındadır. Bu dünyada yaşanan bütün çatışmazlıq, kəm-kəsir, əskiklik və qüsurlar əsl qanunların pozulub yerinə müvəqqəti qanunların qoyulması ilə əmələ gəlir. Əsl qanunların həyata keçdiyi axirət yurdu təsəvvür olunduğu qədər də uzaqda deyil. Allah dilədiyi an insanın buradakı həyatını sona çatdırıb onu axirətə keçirə bilər. Bu keçid bir göz qırpımı qədər tez baş verir. Yuxudan oyanmaq kimi... Bir ayədə ölümlə birlikdə sona çatan bu dünyanın axirətlə müqayisədə necə qısa olduğu belə bildirilir:

"Allah belə buyuracaqdır: "Yer üzündə neçə il qaldınız?" Onlar: "Bir gün yaxud bir gündən də az!" deyə cavab verəcəklər. Allah buyuracaq: "Əgər bilirsinizsə, siz çox az qaldınız! Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?"" ("Muminun" surəsi, 112-115).

Ölümlə birlikdə yuxu sona çatmış və həqiqi həyat başlamışdır. Yer üzündə "bir gün yaxud bir gündən də az", hətta "bir göz qırpımı" qədər qalmış insan etdiklərinin hesabını vermək üçün Allahın hüzuruna çıxır. Əgər dünyada olarkən ölümü ağlında tutmuşsa, Allaha qovuşacağının düşüncəsi ilə yaşamışsa, qurtulacaqdır. Quranda "kitabı sağ əlinə verilən" bu nicat tapmışların belə deyəcəyi xəbər verilir:

"...Alın əməl dəftərimi oxuyun! Mən öz hesabıma yetişəcəyimə möhkəm inanmışdım!" ("Haqqə" surəsi, 19-20).

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • 1. Ölüm - Giriş
  • 1. Ölüm - Xurafatlar Və Həqiqətlər
  • 1. Ölüm - Qəflətin Qalin Pərdəsi
  • 1. Ölüm - Həqiqi Ölüm və Görünən Ölüm
  • 1. Ölüm - Dünya Həyatinin Fаniliyi
  • 1. Ölüm - Ölümdən İbrət Almayanlarin Dünyadaki və Axirətdəki Vəziyyəti
  • 2. Qiyamət - Giriş
  • 2. Qiyamət - Kainatin Məhvi
  • 2. Qiyamət - Surun İkinci Dəfə Üfürülməsi və Ölülərin Dirildilməsi
  • 3. Cəhənnəm - Giriş
  • 3. Cəhənnəm - Cəhənnəmdəki Əzab Mühiti
  • 3. Cəhənnəm - Cəhənnəmdəki Mənəvi Əzab