Nümunəvi Müsəlman Qadın: Hz.Məryəm

Hz.Məryəmin Yaşadığı Cəmiyyətin Xüsusiyyətləri

Allahın Hz.İsanı dünyaya gətirmək vəzifəsi ilə şərəfləndirdiyi Hz.Məryəm tarixi mənbələrə görə, təxminən 2000 il əvvəl yaşayıb. O, Allahın dünyada və axirətdə seçdiyi qadınlardan biridir.

Giovanni Bellini's painting depicting Mary, 1505. It is on display in the St. Zaccaria church in Venice. This altar painting, oil on wood, measures 402 x 273 cm. It was later on transferred onto canvas.)

“Nə gözəl bəndə! O daim Allaha sığınan bir kimsə idi”
(“Sad” surəsi, 38/30)

“...Şübhəsiz ki, onlar dərgahımızda seçilmiş ən yaxşı kimsələrdəndirlər!”
(“Sad” surəsi, 38/47)

Hz.Məryəm tarixi mənbələrə görə, həmin dövrdə Roma imperatorluğunun hakimiyyəti altında olan Fələstin torpaqlarında anadan olmuşdur. Yəhudi cəmiyyəti içərisində və həmin nəsildən biri olaraq dünyaya gəlmişdir.

Həmin dövrdə Roma imperatorluğunda geniş yayılan din isə bütpərəstlik idi. Allahın Quranda bildirdiyi kimi, bir vaxtlar “bütün aləmlərdən üstün tutulmuş” (“Bəqərə” surəsi, 2/47) bir tayfa olan yəhudilər isə özlərindən uydurduqları bəzi xurafatlarla bütpərəstliyə (təsvirçiliyə, şəkilçiliyə) üz tutmuş, Allahın onlar üçün seçib bəyəndiyi dinləri təhrif etmişdilər. Allahın əmrlərinə üsyan etmiş və onlara bəxş etdiyi nemətlərə qarşı şükür etməmişdilər. Bəziləri isə nəfslərinin xoşuna gəlməyən əmrlərlə gəldiyi üçün Allahın onlara bir rəhmət olaraq göndərdiyi peyğəmbərləri öldürəcək səviyyədə yollarından azmışdılar. Quranda İsrail oğullarının bu azğın hərəkətləri belə bildirilir:

“Biz İsrail oğullarından əhd almış, onlara peyğəmbərlər göndərmişdik. Hər dəfə bir peyğəmbər onların yanına ürəklərinə yatmayan bir hökmlə gəldikdə bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər” (“Maidə” surəsi, 5/70).

Hz.Məryəm bütün bu qarışıqlıqların hökm sürdüyü və yəhudilərin bütün ümidlərini çoxdan gözlədikləri Məsihin (Xilaskarın) gəlişinə bağladığı bir dövrdə dünyaya gəlmişdir. Allah İsrail oğullarının bütün intizarının əsas mərkəzini təşkil etməsindən tamamilə xəbərsiz olan Hz.Məryəmi bu müqəddəs vəzifə üçün xüsusi olaraq seçmiş və yetişdirmişdir. Allah “Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca və yaxın olanlardandır. Və salehlərdəndir...” (“Ali-İmran” surəsi, 3/45-46) sözləri ilə təriflədiyi Hz.İsanı dünyaya gətirmək vəzifəsini Hz.Məryəmə vermişdir.

Hz.Məryəm Allahın seçdiyi bir insan olaraq bu insanların batil və cahil inancları arasında gözəl əxlaqı, haqq dini təmsil etmişdir.

Allah Hz.Məryəmin həyatı ilə bağlı onun ailəsindən, anadan olmasından, Hz.İsanı dünyaya gətirməsindən, yaşadığı cəmiyyətin böhtanlarına tuş gəlməsindən tutmuş nümayiş etdirdiyi yüksək əxlaq xüsusiyyətlərinə qədər bir çox məsələləri bizə Quranda bildirir.

Allahın Aləmlərdən Üstün Tutduğu İmran Ailəsi

Allah Quranın “Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş etdi. Onlar biri digərindən törəmiş bir nəsil idilər...” (“Ali-İmran” surəsi, 3/33-34) ayələri ilə İmran ailəsinin Hz.Adəm, Hz.Nuh və İbrahim ailəsi ilə eyni nəsildən gəldiklərini və aləmlər üzərində seçilmiş insanlar olduqlarını bildirir. Hz.Məryəm də bu nəsildən - seçilmiş İmran ailəsindən gəlir.

İmran ailəsi Allaha səmimi bir ürəklə iman gətirən, bütün işlərində Ona üz tutan və Allahın qoyduğu qayda-qanunlara riayət edən bir ailə idi.

Hz.Məryəmin Dünyaya Gəlməsi

İman yiyəsi bir qadın olan İmranın xanımı Hz.Məryəmə hamilə qaldığını öyrənən zaman dərhal Allaha dua etmiş, Onun şəninə təriflər demiş və doğacağı uşağı Allaha nəzir etdiyini söyləmişdi. Bir qız doğduğunu görəndə isə ona “abidə”, yəni “həmişə Allaha ibadət edən” mənasına uyğun gələn Məryəm adını qoymuşdu. Allah Quranda İmranın xanımının bu duasını bizə belə xəbər verir:

“İmranın zövcəsinin: “Ey Rəbbim, bətnimdəkini sənə (azad) xidmətkar olmaq üçün nəzir edirəm. Məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!” - dediyini xatırla! Onu doğduğu zaman: “Ey Rəbbim! Mən qız doğdum” - söylədi. Halbuki Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. “Mən onun adını Məryəm qoydum, onu və onun nəslini məlun şeytandan Sənə tapşırıram” - dedi” (“Ali-İmran” surəsi, 3/35-36).

Allah Hz.Məryəmin anasının onu “bətnindəkini (azad) xidmətkar olmaq üçün Allaha nəzir etdiyi”ni bildirir. Bu ifadənin ərəb dilindəki əsl mətnində qeyd edilən “muharrərən” kəlməsi “ancaq axirət işləri ilə məşğul olan, dünya ilə əlaqəsi olmayan, həmişə Allaha ibadət edən, Allahın məbədinin xidmətkarı, səmimi olaraq ibadət edən, ibadətində dünya məqsədi olmayan insan” mənalarına uyğun gəlir.1

One of Giovanni Bellini's masterworks, "Frari Triptych," 1481, is displayed in the Church of Frari, Venice, Italy.

Həqiqi mənada müstəqillik insanın ancaq Allaha qulluq edib Ona təslim olması, varlıqlara və ya bir çox dəyərlərə qulluq etməkdən tamamilə azad olması ilə əldə edilə bilər. İmranın xanımı da Hz.Məryəmi hər cür asılılıqdan azad olub Allaha nəzir etdiyini söyləyərək, Allaha dua edərək onun ancaq Allaha qulluq edən, insanların razılığını qazanmaq məqsədindən tamamilə uzaqlaşmış bir insan olmasını arzu etmişdi.

Hz.Məryəm dünyaya gələn zaman anasının davranışı yenə Allahı razı salmaq məqsədi güdmüşdü. Dərhal Allaha üz tutmuş, həm Hz.Məryəmi, həm də onun nəslini şeytanın şərindən qoruması üçün Allaha səmimiyyətlə dua etmişdi.

Allah İmranın xanımının bu səmimi duasını qəbul etmiş və “Belə olduqda Rəbbi yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü...” (“Ali-İmran” surəsi, 3/37) ayəsi ilə bildirdiyi kimi, Hz.Məryəmi ən gözəl şəkildə yetişdirmiş, onu yüksək bir əxlaqla tərbiyələndirmişdi.

Hz.Məryəmin anasının Allaha olan bu səmimi imanı hər işində özünə ancaq Allahı vəkil seçməsi, köməyi, neməti həmişə Allahdan istəməsi, Ona ixlasla və dərin bir təslimiyyətlə bağlanması bütün iman gətirənlər üçün üzərində düşünülməsi lazım olan çox mühüm bir örnəkdir.

Allahın Hz.Zəkəriyyəni Hz.Məryəmi Yetişdirməklə Vəzifələndirməsi

Hz.Zəkəriyyə Allahın hidayət verdiyi, salehlərdən etdiyi, aləmlərdən üstün tutduğu və doğru yola istiqamətləndirdiyi peyğəmbərlərdəndir. Allah Quranda Hz.Zəkəriyyədən təriflə bəhs etmiş, onun Allaha olan bağlılığına, təqvasına və gözəl əxlaqına diqqət yönəltmişdir:

“Zəkəriyyəni, Yəhyanı, İsanı, İlyası da hidayətə çatdırdıq. Onların hamısı əməlisalehlərdən idi. Biz həmçinin İsmayılı, Əlyəsəyi, Yunisi və Lutu da hidayətə çatdırdıq və onları aləmlərdən üstün tutduq. Biz onların atalarından, nəsillərindən və qardaşlarından da bir qismini hidayətə çatdırdıq, onları seçdik və düz yola yönəltdik” (“Ənam” surəsi, 6/85-87).

Allah “Ali-İmran” surəsinin 37-ci ayəsi ilə Hz.Məryəmin yetişdirilməsinin məsuliyyətini Hz.Zəkəriyyənin üzərinə qoyduğunu bildirmişdir.

Hz.Zəkəriyyə Hz.Məryəmlə yaxından maraqlanmış, onun həyatındakı möcüzəvi hadisələrə şəxsən şahid olmuş və onun başqa insanlardan üstün tutulmuş bir insan olduğunu dərk etmişdir. Hz.Zəkəriyyə Hz.Məryəmin başına gələn bəzi hadisələrə, Allahın onu mərhəməti ilə dəstəklədiyinə və onu müxtəlif vasitələrlə Öz dərgahından nemətləndirdiyinə şahid olmuşdur. Allah bu hadisələrdən birini “Ali-İmran” surəsində bizə bu cür bildirmişdir:

“...Zəkəriyyəyə tapşırdı. Zəkəriyyə hər dəfə ibadət etdiyi mehraba girdikdə onun yanında bir ruzi olduğunu görərdi: “Ya Məryəm, bunlar sənin üçün haradandır?” dedikdə o: “Allah tərəfindəndir!” deyə cavab verərdi. Həqiqətən Allah istədiyi şəxsə hədsiz ruzi verər!” (“Ali-İmran” surəsi, 3/37).

Hz.Məryəm Hz.Zəkəriyyənin bu sualına verdiyi cavabla Allahın onun üzərindəki nemət və mərhəmətini dilə gətirmişdi.

Sizə verilən nemətlərin hamısı Allahdandır. Sonra sizə bəla gəldiyi zaman ancaq Ona yalvarırsınız.
(Nəhl surəsi, 53)

Allah Hz.Məryəmi Bütün Aləmlərin Qadınlarından Üstün Tutmuşdur

Hz.Məryəm həyatının hər anında, etdiyi hər işində Allaha üz tutan, Allahın adını ucaldan, Rəbbimizə ürəkdən bağlı olan səmimi bir mömindir. Allah İmran ailəsini aləmlərdən üstün tutduğu kimi bu ailəyə mənsub olan Hz.Məryəmi də seçmiş, onu ən gözəl şəkildə yetişdirərək bütün pisliklərdən qorumuş və onu aləmlərin qadınlarından üstün etmişdir. Allah Quranda Hz.Məryəmin bu üstünlüyünü belə bildirir:

“Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur. Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et!”” (“Ali-İmran” surəsi, 3/42-43).

Allah Hz.Məryəmin Namusunu Müsəlmanlara Nümunə Göstərmişdir

Ailəsi kimi Hz.Məryəm də yaşadığı cəmiyyətdə Allaha olan bağlılığı, səmimiyyəti ilə tanınan bir insan idi. Allah onun Özünə “könüldən bağlı olanlardan” olduğunu bildirir.

Hz.Məryəmin ətrafındakı insanlar arasında bəlli olan başqa bir xüsusiyyəti isə namusunu qorumasıdır. Allah Hz. Məryəmin bu üstün əxlaqını Quranda belə xəbər verir:

“Həmçinin namusunu möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz libasının yaxasından ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini, kitablarını təsdiq etdi və itaət edənlərdən oldu” (“Təhrim” surəsi, 66/12).

“İsmətini qoruyanı da yad et! Biz Öz ruhumuzdan ona üfürdük, onu və oğlunu aləmlərə bir möcüzə etdik” (“Ənbiya” surəsi, 21/91).

Hz.Məryəmin Cəbraillə Görüşməsi

Hz.Zəkəriyyənin də şahid olduğu kimi, Allah Hz.Məryəmin həyatının müxtəlif dövrlərində çoxlu möcüzəli hadisələr yaratmışdır. Bunlardan biri də Hz.Məryəmin Cəbraillə görüşməsi olmuşdur. Hz.Məryəm həyatının müəyyən bir dövründən sonra yaşadığı cəmiyyətdən və ailəsindən ayrılaraq şərq tərəfində bir yerə çəkilmişdi. Cəbraillə görüşməsi də bu dövrdə həmin yerdə baş vermişdir. Allah Quranda Cəbrailin Hz.Məryəmin qarşısına “kamil bir insan” qiyafəsində çıxdığını bildirmişdir:

“Kitabda Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb şərq tərəfində bir yerə çəkilmişdi. Və ailə üzvlərindən gizlənmək üçün pərdə tutmuşdu. Biz Öz ruhumuzu (Cəbraili) yanına göndərdik. Ona kamil bir insan qiyafəsində göründü” (“Məryəm” surəsi, 19/16-17).

Allah's advice to Mary to eat dates could be an indication to their beneficial vitamins and minerals.

Hz.Məryəm qarşısındakı insanın Cəbrail olduğunu bilmədiyi və tanımadığı bir nəfərlə qarşılaşdığı üçün dərhal Allaha sığınmış və “Mən səndən Rəhmana pənah aparıram. Əgər müttəqisənsə, mənə toxunma!” (“Məryəm” surəsi, 19/18) sözləri ilə özünün Allahdan qorxan, iman gətirən bir mömin olduğunu ifadə etmişdir. Dediyi bu sözlər Hz.Məryəmin güclü Allah qorxusunu, namusuna olan bağlılığını və nə qədər təqva sahibi bir insan olduğunu açıq-aşkar ortaya qoyur.

Hz.Məryəm bu sözləri ilə yalnız özünün Allahdan çəkinən bir insan olduğunu ifadə etməklə kifayətlənməmiş, “əgər müttəqisənsə, mənə toxunma” sözləri ilə eyni zamanda qarşısındakı insanı da Allahdan qorxub çəkinməyə səsləmişdir.

Cəbrail isə onun bu sözlərinin üstündən “...Mən sənə ancaq təmiz bir oğlan bağışlamaq üçün Rəbbinin elçisiyəm!” (“Məryəm” surəsi, 19/19) -deyərək Hz.Məryəmə özünü tanıtmışdır. Özünün Allahın bir elçisi olduğunu və ona Allahdan bir müjdə ilə gəldiyini bildirmiş və belə buyurmuşdur:

“Mələklər dedilər: “Ya Məryəm! Həqiqətən Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şəni uca və Allaha yaxın olanlardandır” (“Ali-İmran” surəsi, 3/45).

Hz.Məryəm isə “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən azğın, utanmaz (zinakar) da deyiləm!” (“Məryəm” surəsi, 19/20) sözləri ilə Cəbrailə ona bir insanın toxunmadığı halda uşağının necə ola biləcəyini soruşmuşdur. Cəbrail Allahın gücünün hər şeyə yetəcəyini, bir şeyə ancaq “Ol” deməsi ilə onun dərhal olacağını bildirmişdir:

“Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda necə uşağım ola bilər” - dedikdə buyurdu: “Elədir, Allah istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara aldıqda ona ancaq “Ol!” - deyər, o da (dərhal) olar” (“Ali-İmran” surəsi, 3/47).

“Dedi: “Elədir, lakin Rəbbin buyurdu ki, bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə, dərgahımızdan olan bir mərhəmət kimi edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!” Artıq hamilə oldu və onunla birlikdə uzaq bir yerə çəkildi” (“Məryəm” surəsi, 19/21-22).

Hz.Məryəm ona heç bir insan əlinin dəymədiyi halda Allahın istəməsi ilə Hz.İsaya hamilə qalmışdır. Onun hamiləliyi dünyadakı səbəblərdən asılı olmadan baş vermişdir. Bu hamiləlik də Hz.İsanın möcüzələrindən biri olmuşdur.

Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur.
Siz necə də haqdan döndərilirsiniz!
(Fatir surəsi, 3)

Hz.Məryəmin Kimsəsiz Bir Yerə Çəkilməsi

Allah Quranın “Artıq hamilə oldu və onunla birlikdə uzaq bir yerə çəkildi” (“Məryəm” surəsi, 19/22) ayəsi ilə Hz.Məryəmin Allahın istəyi ilə hamilə qalmasından sonra heç kimin olmadığı uzaq bir yerə çəkildiyini bildirir.

Allah Hz.Məryəmi həyatının hər anında olduğu kimi, bu dövrdə də Öz mərhəməti və himayəsi ilə dəstəkləmişdir. Hz.Məryəmə hamiləlik dövrü boyunca psixi və fiziki yöndən ehtiyac duyduğu hər cür imkanı yaratmışdır.

Şübhəsiz, Hz.Məryəmin hamiləliyinin baş verdiyi bu dövrü heç kimin olmadığı uzaq bir yerdə keçirməsinin bir çox hikməti var. Allah bununla Hz.Məryəmi onun başına gəlmiş bu möcüzəli durumu dərk edə bilməyəcək insanların narahatlıq doğuracaq davranışlarından uzaq tutmuşdur. Onun bu dövrü ən rahat və ən asan şəkildə keçirməsini təmin etmişdir. Sonra isə onun bu vəziyyətini insanlara başqa bir möcüzəli hadisə ilə açıqlayaraq, Hz.Məryəmin ona atılacaq bütün böhtanlardan ən gözəl şəkildə təmiz çıxmasını təmin etmişdir.

Hz.İsanın Doğuluşu Və Allahın Hz.Məryəmə Olan Köməyi

Allah Hz.Məryəm hamilə olarkən ona hər cür kömək etmişdir. Çox yaxşı nəzarət tələb edən və həyat üçün risk olan doğuş prosesi əsnasında tibbi ləvazimatları, təcrübəli köməkçisi olmayan bir insanın bu işin öhdəsindən təkbaşına gələ bilməsi çox çətindir. Buna baxmayaraq bu məsələdə heç bir təcrübəsi olmayan Hz.Məryəm Allaha olan bağlılığı və inamı ilə bu çətin işi təkbaşına bacarmışdır. Şiddətli doğuş sancıları içində bir xurma ağacına tərəf gedərkən Allah ona vəhylə kömək etmişdir. Allah ona kədərlənməməsini, alt yanında bir su arxı axıtdığını vəhy etmişdir. Allah hələ təzə dəymiş xurmaların tökülməsi üçün xurma budağını özünə tərəf sallamasını, yeyib-içməsini və gözünün aydın olmasını buyurmuşdur. Göründüyü kimi, Allah ehtiyac duyduğu hər bir məsələdə yerinə yetirilməsi lazım gələn hər şeyi bildirərək, Hz.Məryəmə kömək etmiş və doğuşu bu çətin şərtlər daxilində ən yaxşı şəkildə həyata keçirməsini təmin etmişdir. Allah Quranda Hz.Məryəmin bu vəziyyətini bizə belə bildirir:

“Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. Dedi: “Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!” Dərhal (xurma ağacının) alt tərəfindən ona belə bir nida gəldi: “Kədərlənmə, Rəbbin sənin üçün altından bir irmaq axıtdı. Xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş xurma tökülsün! Ye-iç, gözün aydın olsun. Əgər bir adam görəcək olsan, belə de: “Mən Rəhman yolunda oruc tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!”” (“Məryəm” surəsi, 19/23-26).

Allahın Hz.Məryəmin üzərindəki rəhmət və himayəsi, həyatının hər mərhələsində olduğu kimi, bu hadisədə də aydın şəkildə görünür. Bununla yanaşı, Allahın Hz.Məryəmə “kədərlənməməsini”, “xurma yeməsini” bildirməsinin və onun yanında bir su arxı axıtmasının bir çox hikmətləri var. Bütün bu ayələr özündə doğuşu asanlaşdıran çoxlu işarələri ehtiva edir. Allahın Hz.Məryəmin doğuşunu asanlaşdırmaq üçün təqdim etdiyi bu nemətlərin xüsusilə də hamilə olan və uşaq dünyaya gətirən qadınlar üçün əhəmiyyəti və faydası bu gün elmi cəhətdən də məlumdur. Bunlardan bəzilərini bu ardıcıllıqla qeyd edə bilərik.

Allahın Hz.Məryəmə Kədərlənməməsini Bildirməsi

Əvvəlki sətirlərdə də qeyd edildiyi kimi, Hz.Məryəm hamilə olduğu vaxt ailəsindən və yaşadığı cəmiyyətdən ayrılaraq Şərq tərəfdə kimsəsiz bir yerdə yerləşmişdi. Uşağı dünyaya gətirənə qədər də həmin yerdə qalmışdı. Hz.Məryəm bu cür hamiləlik dövrünü Allahın yaratdığı bu möcüzəni dərk edə bilməyəcək insanlardan uzaqlaşaraq psixoloji baxımından rahat bir şəraitdə keçirmişdi.

Allah bu dövrdə də Hz.Məryəmə dəstək olmuş, yardımı və mərhəməti ilə onu müjdələmiş və kədərlənməməsini bildirmişdir. Şübhəsiz ki, Hz.Məryəmin kimsəsiz bir yerə çəkilməsində olduğu kimi, Allahın bu əmrinin də bir çox hikmətləri vardır. Kədərlənməmək hər şeydən əvvəl mömin əxlaqının bir təzahürüdür. İman sahibi olan bir insan hansı çətinliklə qarşılaşsa da Allaha güvənməli və Allahın ona mütləq kömək edəcəyinin rahatlığını yaşamalıdır.

Bu, bütün möminlərin nümayiş etdirməli olduğu bir əxlaqdır. Ancaq bununla yanaşı, indi müasir təbabətin əldə etdiyi məlumatlara baxanda hamilə olan və ya təzəcə uşağı olmuş qadınların kədərlənməməsinin, həyəcandan uzaq bir ovqat içində olmasının son dərəcə əhəmiyyətli olduğu görünür.

Allah Quranda Hz.Məryəmə yeyib-içməsini və “gözünün aydın olmasını” xəbər vermişdir. Bundan başqa, ayələrdə kədərlənməkdən uzaqlaşıb ona müjdələnən nemətin sevincini yaşaması da bildirilmişdir.

Allahın Hz.Məryəmə Xurma Yeməsini Bildirməsi

Allah Hz.Məryəmə “xurma ağacını silkələyərək təzə yetişmiş xurma” yeməsini bildirmişdir. Xurma hazırda da həm qida, həm də dərman kimi nəzərdə tutulan bir meyvədir. Günümüzdə əldə edilən məlumatlar xurmanın insan vücudunun sağlam və gümrah qala bilməsi üçün özündə həyati əhəmiyyəti olan 10-dan artıq elementi birləşdirdiyini ortaya çıxarır.

Xurmada insan bədəninə bol miqdarda hərəkət enerjisi verən, onu hərarətlə təmin edən, asan həzm olunan şəkər mövcuddur. Həm də bu şəkər qanda şəkəri sürətlə yüksəldən qlükoza deyil, meyvə şəkəri, yəni fruktozadır. Xurma həm enerji verir, həm də əzələlərin və sinirlərin inkişafını təmin edir. Kalori dəyəri çox yüksək olduğu üçün xəstəlikdən zəifləmiş, gücdən düşmüş, yaxud da yorğun olanlara çox fayda verir. Xurmanın 100 qramında 1,5 qram protein, 50 qram karbohidrat mövcuddur. Kalori dəyəri isə 225 kilokaloridir. Təzə dəymiş xurmada 60-65 faiz şəkər, 2 faiz də protein var.

Müasir təbabətin kəşflərinə görə, xurma xüsusilə də yenicə körpə dünyaya gətirən zahı qadınlar üçün çox faydalıdır. Həkimlər hamilə qadınlara körpələrini dünyaya gətirən gün meyvə şəkərli qida verilməsinin vacibliyini bildirirlər. Burada əsas məqsəd ananın zəifləyən bədəninə həm enerji, güc və hərəkət vermək, həm də yeni doğulmuş körpəyə lazım olan südün əmələ gələ bilməsi üçün süd hormonlarını hərəkətə gətirmək, ana südünü çoxaltmaqdır.

Bu məlumatlar Allahın Hz.Məryəmə həm özünə enerji və güc verəcək, həm də uşağın yeganə qidası olan südün əmələ gəlməsini təmin edəcək xurmadan yeməsini bildirməsindəki bəzi hikmətləri ortaya qoyur. Burada üzərində düşünülməsi lazım olan hikmətlərdən biri də Allahın Hz.Məryəmə xurma ilə birlikdə bir su arxı çıxarması və ona yeyib-içməsini bildirməsidir. Müasir dövrün alimləri özündə bir insanın ehtiyac hiss edə biləcəyi bütün elementləri birləşdirdiyi üçün onun ancaq xurma və su ilə uzun illər yaşaya biləcəyini bildirirlər.2

Bu mövzuda tanınmış mütəxəssislərdən biri olan V.H.V.Dousan isə bir xurma və bir stəkan südün bir insanın gündəlik qida ehtiyacını ödəməyə kifayət edəcəyini qeyd edir.3

Xurmanın tərkibində çox müxtəlif vitamin və minerallar vardır. Lif, yağ və proteinlər baxımından da çox zəngindir. Xurmada sodium, kalium, kalsium, maqnezium, fibrin, dəmir, kükürd, fosfor və xlor da mövcuddur. Xurma bunlardan başqa özündə A vitaminini, betakaroten, B1, B2, B3 və B6 vitaminlərini də birləşdirir. Xurmada mövcud olan vitamin və mineralların hamiləlikdəki faydalarından bəzilərini belə sıralaya bilərik:

Xurmanın qidalandırıcı nisbətinin gücü ehtiva etdiyi uyğun mineralların tarazlığından qaynaqlanır. Hamiləlik dövründə meydana gələn uzunmüddətli ürəkbulanması və fiziki reaksiyalar səbəbindən kalium çatışmazlığı ortaya çıxır. Belə olan təqdirdə də qadının orqanizmi əlavə kaliumla təmin edilməlidir. Xurmada bol miqdarda mövcud olan kalium bu baxımdan mühüm əhəmiyyətə malik olduğu kimi, bədəndəki su tarazlığının qorunmasına da çox müsbət təsir göstərir.

Tərkibindəki dəmir qırmızı qan hüceyrələrində mövcud olan hemoqlobin sintezinə nəzarət edir və bu da hamiləlikdə qan çatışmazlığının qarşısının alınmasını və körpənin inkişafı üçün həyati əhəmiyyət kəsb edən qandakı RBC tarazlığının uyğun hala gəlməsini təmin edir. Tərkibində çoxlu dəmir olduğu üçün bir insan gündə 15 ədəd xurma yeyərək bədəninin dəmirə olan ehtiyacını təmin edə bilər və dəmir çatışmazlığından əmələ gələn narahatçılıqdan da xilas olar.

Xurmada mövcud olan kalsium və fosfat isə skeletin yaranıb formalaşması və bədənin sümük quruluşunun inkişafı üçün çox mühüm elementlərdir. Xurma tərkibindəki bol fosfor, kalsium, dəmir və qida maddələri ilə bədəni qanazlığından və sümük zəifliyindən qoruyur və bu xəstəliklərin azaldılmasına kömək edir.

Alimlər xurmanın gərginliyi və həyəcanı aradan qaldırmaq qabiliyyətinə də diqqət çəkirlər. Berkli Universiteti mütəxəssislərinin apardığı tədqiqatlar sinirləri gücləndirən B6 vitamininin və maqnezium mineralının xurmada yüksək miqdarda olduğunu göstərmişdir. Sinir vitamini adlandırılan B6 ilə əzələlərin işləməsində mühüm rol oynayan maqnezium xurmada bol miqdardadır. Xurmanın tərkibindəki maqnezium da böyrəklər üçün son dərəcə əhəmiyyətlidir. Bir insan gündə 2-3 dənə xurma yeyərək bədəninin maqneziuma ehtiyacını ödəyə bilər.4

Bunlarla yanaşı, xurmada qadınların hamiləlik zamanı qəbul etməsi lazım gələn bir B vitamini olan fol turşusu da mövcuddur. Fol turşusu (B9) bədəndə yeni qan hüceyrələrinin əmələ gəlməsində və hüceyrələrin yeniləşməsində mühüm vəzifələri yerinə yetirən bir vitamindir. Buna görə də hamiləlikdə fol turşusuna olan ehtiyac özünü büruzə verəcək dərəcədə artır və gündəlik ehtiyacın iki qatına çatır. Fol turşusunun səviyyəsi kifayət etməyəndə quruluş etibarilə normadan böyük, iş əmsalı isə aşağı olan eritrosit hüceyrələri meydana gəlir və qanazlığı əlamətləri özünü göstərməyə başlayır.

Xüsusilə hüceyrələrin bölünməsində və hüceyrənin genetik quruluşunun əmələ gəlməsində mühüm rol oynayan fol turşusu hamiləlik zamanı iki dəfə artıq ehtiyac hiss edilən yeganə maddədir.

Hamiləlikdə A vitamininə olan ehtiyac isə gündəlik olaraq 800/ug-e qədər yüksəlir. Xurma da A vitamininin avanqardı olan betakaroten cəhətdən çox zəngindir.5

Başqa meyvələr protein cəhətdən ümumiyyətlə zəngin deyil. Ancaq xurmanın tərkibində protein də vardır.6

Xurmada mövcud olan oksitosin maddəsindən də müasir tibbdə doğuşu asanlaşdıran bir dərman kimi istifadə edilir. Oksitosin doğuşu asanlaşdıran təsir göstərməsinə görə bir çox mənbələrdə “rapid birth”, yəni “sürətli doğuş” ifadəsi ilə məşhurdur. Doğuşdan sonra isə ana südünü çoxaldan təsirə malik olması ilə seçilir.7

Xurma ilə bağlı bütün bu məlumatlar Allahın sonsuz elmini və Hz.Məryəmin üzərindəki mərhəmətini göstərir. Hz.Məryəm Allahın ilhamı ilə yediyi xurma sayəsində bəlkə də o zaman ehtiyac hiss etdiyi hər cür qidanı təmin etmək imkanı tapmış, doğuşu asanlaşdıracaq bir imkan əldə etmişdir. Şübhəsiz ki, ən doğrusunu Allah bilir.

Peyğəmbərimiz (s.ə.v.) də “İçində xurma olan evin sakinləri ac qalmaz” hədisi ilə müasir təbabətin xurmanın ancaq bu günlərdə öyrənə bildiyi faydalı cəhətlərinə diqqət çəkərək hikmətli bir tövsiyə etmişdir.8

Allahın Hz.Məryəmin Yanında Bir Su Arxı Çıxarması

Allah Hz.Məryəmə “onun üçün bir irmaq axıtdığını, yeyib-içməsini və gözünün aydın olmasını” bildirmişdir.

Eynilə xurma kimi suyun da əzələ hərəkətlərini nizamlayaraq doğuş sancılarını yüngülləşdirici xüsusiyyətləri var. Xüsusilə suyun təkcə görülməsi və ya səsinin eşidilməsi belə əzələlərin hərəkətini sərbəst şəkildə nizamlayır. Həmçinin müasir doğum evlərində doğuşları hovuzun içində həyata keçirərək bundan istifadə edirlər.

Bununla yanaşı, məlum olduğu kimi, su həyatın davam etməsi və sağlamlığın qoruna bilməsi üçün mütləq lazım olan həyati bir maddədir. İnsan bədənində baş verən təxminən hər funksiyada - bədənin hərarətinin tənzimlənməsi, qida maddələrinin və oksigenin daşınması, ifraz edilən maddələrin hüceyrələrdən uzaqlaşdırılması, onurğaların düzgün işləməsinin təmin edilməsi, dərinin nəmliyinin və elastikliyinin qorunması, həzm sisteminin işinin asanlaşdırılması, orqan və toxumaların qorunmasında su çox böyük əhəmiyyət kəsb edir. Günümüzdə sudan müalicə məqsədilə istifadə edilməsi geniş yayılmaqda davam edir. Suya toxunmaq, su ilə təmasda olmaq immunitet sistemini xəbərdar edir, stressə qarşı olan hormonların yaranmasını sürətləndirir. Qan dövranını və metabolizmanı canlandırır, ağrıları yüngülləşdirir.9

Hamiləlikdə isə suyun daha çox cəhətdən əhəmiyyəti vardır. Hamiləlik zamanı həm qanın artan miqdarı, həm də inkişafda olan uşaq üçün, süd verən qadınlarda isə südün əmələ gəlməsi üçün suya xüsusilə böyük ehtiyac duyulur. Ana südünün 87 faizinin sudan ibarət olduğunu nəzərə alsaq, suyun doğuşdan sonra da mühüm rol oynadığı aydın olar.

Bunlarla yanaşı, həm ananın, həm də körpənin qanındakı elektrolit nisbətinin taraz saxlana bilməsi üçün də suya ehtiyac var. Hamiləlikdə meydana çıxan hormonlar bədəndəki mayelərin istifadə şəklini dəyişdirir. Hamiləliyin axırlarına yaxın ananın qanının həcmi təxminən 1,5 dəfə artır. Hamiləlik dövründə qadının tənəffüs yolu ilə itirdiyi suyun miqdarı da hamiləlikdən əvvəlki dövrlə müqayisədə daha da çoxalır. Körpənin içində olduğu amnion mayesi özünü hər üç saatdan bir təzələyir. Kifayət qədər su qəbul edilməməsi ilə bağlı yaranan dehidrasyon (susuzluq) vəziyyətində amnion mayesinin miqdarı da azalır.

Hamiləlikdə dehidrasyonun başqa mənfi təsiri də vaxtından əvvəlki doğuş ağrılarıdır. Dehidrasyon vəziyyətində yaranan bəzi hormonlar doğuş sancılarını başlayan hormonu təqlid edərək vaxtından əvvəl doğuş sancılarına səbəb olur. Vaxtından əvvəl doğuş təhlükəsinə qarşı tətbiq edilən müalicə damar yolunun açılaraq maye verilməsidir. Bu isə maye qəbulunun əhəmiyyətini bildirmək baxımından diqqətçəkicidir. Əksər hallarda yüngül sancılar sadəcə olaraq maye verilməsi ilə yox olub gedir.

Bundan başqa, su bədənin daşıma sistemidir. Qida maddələrini və oksigeni qan yolu ilə uşağa aparan da yenə sudur. Su həm də hamiləlikdə tez-tez rast gəlinən və vaxtından əvvəl doğuşa, ya da uşaqsalmaya səbəb olan bəzi infeksiyaların qarşısının alınmasında da aktiv rol oynayır. Kifayət qədər su içiləndə infeksiya riski də azalır.10

Həkimlər hamilə qadınların suya olan tələbatının hamilə olmadıqları dövrə nisbətən ən azı 50 faiz miqdarında artdığını, buna görə də kifayət qədər su içilmədiyi halda bədənin istifadə etdiyi mayelərdən təsərrüf yoluna gedərək müxtəlif narahatlıqlara səbəb olacağını bildirir.11

Elmin ortaya qoyduğu bütün bu həqiqətlər Allahın Hz.Məryəm üçün bir su arxı çıxarmasının və yeyib-içməsini bildirməsinin nə qədər hikmətamiz olduğunu bir daha gözlərimiz qarşısına gətirir və Allahın sonsuz elminin dəlillərini təşkil edir.

Hz.Məryəmin Xurma Budağını Özünə Tərəf Silkələməsi

Hz.Məryəm doğuş sancısı içində bir xurma budağına tərəf getdiyi zaman Allah ona “Xurma ağacını özünə tərəf silkələməsini” (“Məryəm” surəsi, 19/25) bildirmişdir.

Hazırda həkimlər doğuş əsnasında qadının bir şeyi tutub özünə tərəf çəkməsinin əzələlərə faydalı təsirinin olduğunu ifadə edirlər. Bu məqsədlə də doğuş zamanı qadınlara sancının qarşısını almaq və ya uşağın asanlıqla doğula bilməsi üçün müxtəlif hərəkətlər etdirirlər. Bu hərəkətlərin bədəndə meydana gələn təzyiq hissinin və doğuş zamanı ortaya çıxa biləcək çətinliklərin azalmasını, doğuşun daha qısa müddətdə davam etməsini təmin edəcəyini fikirləşirlər.12

Həkimlər doğuşun ilk sancılarından dərhal sonra baş verən ikinci mərhələsində qadının başının bir az yuxarıda olmasının yerin cazibə qüvvəsindən də istifadə etmək baxımından olduqca əhəmiyyətli olduğunu bildirirlər. Bununla yanaşı, xəstəxanalarda mövcud olan doğuş masalarına qadının doğuşu asan başa vura bilməsi üçün güc almasını təmin edəcək qollar, ya da ayaq pedalları quraşdırılır.

Bəzi həkimlər isə bu mərhələdə xəstənin doğuş masasında yatmağın əvəzinə çöməlməsinə və ya xüsusi stullara otuzdurulmasına üstünlük verirlər. Günümüzdəki texnoloji inkişafdan az öncəyə qədər isə əksər səhiyyə ocaqlarında qadınların bu məqsədlə istifadə edilən bir ipdən yapışıb özünü asılı vəziyyətdə yuxarı çəkməyə çalışmasıdır. Bütün bu üsulların nəzəri baxımdan düzgün və məntiqli olduğu göz qabağındadır.13

Günümüzdə tətbiq edilən bütün tibbi üsullar Allahın Hz.Məryəmə xurma budağını özünə tərəf çəkib silkələməsini ilham etməsinin bu baxımdan hikmətli ola biləcəyini ortaya qoyur. Ən doğrusunu Allah bilir.

Hz.Məryəmin Hz.İsa Ilə Birlikdə Tayfasının Yanına Qayıtması

Hz.Məryəm ailəsindən uzaqlaşıb çəkildiyi kimsəsiz yerdən Hz.İsa ilə birlikdə geri qayıdanda tayfasındakı insanlar bu vəziyyətin Allahın yaratdığı bir möcüzə olduğunu dərk edə bilməmiş və Hz.Məryəmə bəzi çirkin böhtanlar atmışdılar. Həm İmranın ailəsinin, həm də Hz.Məryəmin özünün Allahdan qorxan dindar insanlar olduqlarını, gözəl əxlaqlarına və namuslarına olan bağlılıqlarını bildikləri halda onu heyrətamiz bir iş görməkdə ittiham edərək böhtan atmışdılar. Allah Quranda tayfasının Hz.Məryəmə qarşı bu böhtanlarını belə bildirmişdir:

“Uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: “Ey Məryəm! Sən çox çirkin bir iş gördün! Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!”” (“Məryəm” surəsi, 19/27-28).

Şübhəsiz ki, bu vəziyyət Hz.Məryəm üçün Allahdan gələn bir sınaqdır. Namusunu qoruyan, Allahdan qorxub çəkinən bir insan olsa da tayfasının böhtanlarına məruz qalmışdı. Əslində həmin insanlar onun yüksək əxlaqına və şərəfli həyatına çox yaxından şahid olduqları halda yenə də bu möcüzəni görməzliyə vurmuşdular. Hz.Məryəm isə üstün əxlaqı ilə yenə Allaha sığınmış və onların bu böhtanlarına qarşı Allahın ən gözəl əvəz verəcəyini bilərək Ona təvəkkül etmişdi.

Hz.Məryəmin Danışmaq Orucu Tutması

Hz.Məryəm başına gələn hər hadisədə Allaha üz tutmuş, köməyi, dəstəyi ancaq Allahdan gözləmişdi. Hər dəfə də Allahın dərin mərhəməti ilə qarşılaşmışdı. Tayfasının ona atdığı böhtanlar zamanı da yenə Rəbbimizin onu bütün böhtanlardan ən gözəl şəkildə təmizə çıxaracağını bilməyin inamını yaşamışdı. Həmçinin Allah da Hz.Məryəmə: “Əgər bir adam görəcək olsan, belə de: “Mən Rəhman yolunda oruc (sükut orucu) tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!”” (“Məryəm” surəsi, 19/26) şəklində bildirərək tayfasının qarşısına çıxanda onlara “Allaha sükut orucu nəzir etdiyini” söyləməsini vəhy etmişdi.

Hz.Məryəm tayfasının yanına gedəndə onunla danışmaq istəyən və böhtan atan insanlara Allahın daha əvvəl ona Cəbraillə “O, beşikdə ikən yaşa dolduqdan sonra insanlarla danışacaq və salehlərdəndir” (“Ali-İmran” surəsi, 3/46) şəklində müjdələdiyi Hz.İsanı göstərmişdir.

Allah bununla böyük bir möcüzəni gerçəkləşdirmiş və Hz.İsanı hələ beşikdə olduğu halda danışdıraraq, Hz.Məryəmə çox böyük kömək etmişdi. Allah tayfasının Hz.Məryəmdən gözlədiyi izahatı Hz.İsaya söylədərək, həm ona atılan böhtanlardan təmizə çıxarmış, həm də başqa bir möcüzə ilə Hz.İsanın elçiliyini İsrail oğullarına müjdələmişdir:

“Məryəm “Onun özü ilə danışın” deyə uşağa işarə etdi. Onlar: “Beşikdə olan uşaqla necə danışaq?” - dedilər. Allahdan bir möcüzə olaraq körpə dilə gəlib dedi: “Mən həqiqətən Allahın quluyam. O, mənə kitab verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar etdi, zülmkar, asi eləmədi! Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim gün də mənə salam olsun!” Bu, ixtilafda olduqları Məryəm oğlu İsa haqqında haqq sözdür!” (“Məryəm” surəsi, 19/29-34).

Allahın Hz.İsanı beşikdə ikən nitqini açıb danışdırması Hz.Məryəmə qarşı çirkin böhtanlar atan tayfasında böyük çaşqınlığa səbəb olmuşdu. Bu hadisə ilə birlikdə Allahın “İsmətini qoruyan Məryəmi də yad et. Biz Öz ruhumuzdan ona üfürdük, onu və oğlunu aləmlərə bir möcüzə etdik” (“Ənbiya” surəsi, 21/91) ayəsi ilə bildirdiyi kimi, ikisinin də Allahın insanlardan üstün etdiyi şəxslər olması aydın olur. Hz.Məryəmin nə qədər yüksək əxlaqa malik bir insan olması, qürurlu və təmiz şəxsiyyəti beşikdəki körpənin möcüzəli danışığı ilə ortaya çıxmış və inkarçı tayfasının hiylələri də çox gözəl bir şəkildə puç olmuşdu.

Allah “Məryəm oğlunu və anasını bir möcüzə etdik. Onları abad və axar sulu uca bir yerdə yerləşdirdik” (“Muminun” surəsi, 24/50) ayəsi ilə bu hadisələrdən sonra Hz.Məryəmin və Hz.İsanın həyatını yenidən Allahın mərhəməti altında davam etdirdiklərini bildirmişdir.

Allahın Hz.Məryəmin Əleyhinə Danışanlara Verdiyi Cavab

İsrail oğulları Allahın göstərdiyi bu möcüzələrlə Hz.Məryəmin və Hz.İsanın Allahın üstün etdiyi insanlar olduqlarına açıq-aşkar şahid olmuşdular. Allah onlara göstərilən bu möcüzəli hadisəyə baxmayaraq, yenə də Hz.Məryəmə böhtan atanlar üçün böyük bir əzab olacağını belə bildirmişdir:

“Onlar həm də küfr etdikləri və Məryəmə qarşı böyük bir böhtan dedikləri... səbəbi ilə onlara belə cəza verdik” (“Nisa” surəsi, 4/156-157).

Hz.Məryəmin Yüksək Əxlaqı

Hz.Məryəm bütün həyatı boyu göstərdiyi yüksək əxlaqı ilə bütün müsəlman qadınlar üçün bir nümunə olmuşdur. Allah Hz.Məryəmə dünyada mühüm bir məsuliyyət vermiş və bu şərəfli vəzifə üçün onu Quranın ifadəsi ilə “gözəl bir fidan” kimi yetişdirmişdir.

Allah onu İmran ailəsi kimi seçilmiş, güclü və səmimi insanların nəslindən edərək onun bu yüksək əxlaqlı qadınlar tərəfindən yetişdirilməsini təmin etmişdir. Bununla yanaşı, Allah Hz.Zəkəriyyənin təlimi ilə Hz.Məryəmi yüksək və seçilən bir peyğəmbərin əxlaqı ilə əxlaqlandırmışdır.

Allahın mərhəməti ilə anadan olduğu andan etibarən bu müqəddəs insanların təlimi ilə şərəflənən Hz.Məryəm güclü bir iman və yüksək bir əxlaq səviyyəsinə ucalmışdır. Bu yetkinliyə çatandan sonra isə Allah möcüzələrini göstərərək Hz.Məryəmin üzərindəki mərhəmətini, qoruyuculuğunu və rəhmətini yaxından görməsini təmin etmişdir. Hz.Məryəm ibadət edərkən həmişə mehrabda yeməli nəsnələr olması Allahın ona olan köməyinin və rəhmətinin aşkar təzahürüdür. Sonra Allah Hz.Məryəmi Cəbrail ilə görüşdürərək ona olan bu mərhəmətini Cəbrailin sözləri ilə də bildirmişdir.

Hz.Məryəm həyatının hər dövründə Allaha qarşı göstərdiyi gözəl əxlaqı ilə Allaha olan içindən gələn bağlılığını və sədaqətini ən gözəl şəkildə ortaya qoymuşdur. Allahın imtahana çəkdiyi bütün çətin hadisələrdəki iradəsi, təvəkkülü, qeyd-şərtsiz təslimiyyəti ilə də Allaha nə qədər könüldən və səmimiyyətlə bağlı olduğunu ən gözəl şəkildə ifadə etmişdir.

Cima da Conegliano's painting, 1509-10. It is on display in the Church of the Carmini, Venice, Italy.

Hz.Məryəmin yaşadığı bütün çətin anlarda təkbaşına olması onun üçün bir sınaq olmuşdur. Çünki insanlar çətinlik anlarında həmişə onlara kömək edəcək, dəstək olacaq, yol göstərəcək yoldaşa daima ehtiyac hiss edirlər. Bu yoldaş olmayanda isə bəziləri yalnız olduqlarına görə zəiflik və kədər hissinə qapılırlar. Hz.Məryəmdə isə belə bir hiss olmamışdır. O, hər şeyi ancaq Allahdan gözləmiş, ancaq Ona güvənmişdir.

Dəstəyi, köməyi ancaq Allahdan istəmişdir. Onun göstərəcəyi yola tabe olmağın, Onun sözünə itaət etməyin ona bəs edəcəyini bilmişdir.

Ən çətin anında belə ümidsizliyə, bədbinliyə qapılmamışdır. Başına gələnlərin hamısını Allahın mütləq xeyrə çevirəcəyini, çətinliklərin hər birini ən gözəl şəkildə aradan qaldıracağını bilərək könüldən Allaha təslim olmuşdur. Həmçinin Allah yaşadığı hər çətinliklə birlikdə onun üçün bir asanlıq yaratmışdır. Onu həmişə köməyi və rəhməti ilə dəstəkləmiş və qarşısına çıxan çətinlikləri çox böyük xeyirlərə və gözəlliklərə çevirmişdir.

Bununla yanaşı, qarşılaşdığı hadisələri necə həll edə biləcəyi məsələsində heç bir təcrübəsinin olmaması da Hz.Məryəm üçün mühüm bir imtahan səbəbi olmuşdur. Hamilə qalandan sonra təkbaşına dünyaya uşaq gətirmək vəziyyətinə düşmüşdür. Bu məsələdə onun heç bir təcrübəsi yox idi. Ancaq həyatının hər məsələsində olduğu kimi bu məsələdə də heç bir yanlışlığa yol verməmişdir. Çox güclü, iradəli və qərarlı şəxsiyyət olduğunu göstərmiş və Allahın köməyi ilə bütün bunların ən gözəl şəkildə öhdəsindən gələ biləcəyini bilməsinin sevincini və inamını yaşamışdır. Həmçinin bu məsələdə də Allah onu ola biləcək ən gözəl nemətlərlə dəstəkləmiş, işini asanlaşdırmış və nümayiş etdirdiyi güclü xarakterə görə onu müvəffəq etmişdir.

Hz.Məryəmin əxlaqındakı üstünlüyün başqa bir nümunəsi isə onun üzərinə düşən çətin məsuliyyəti yerinə yetirərkən yaşadığı sıxıntılar qarşısında gözəl bir səbr göstərə bilməsidir. Hz.Məryəm çox mühüm və şərəfli bir vəzifəni yerinə yetirmişdir. Ancaq bu üstün və şərəfli vəzifənin tayfası tərəfindən lazım olduğu kimi başa düşülməməsi, inkar edən camaatın ona haqsız yerə böhtan atmaları Hz.Məryəm üçün mühüm bir səbr və sınaq məsələsi olmuşdur. Belə bir anda da Allaha olan etimadında səbr və qərarlılıq nümayiş etdirmişdir. Güclü, iradəli və möhkəm şəxsiyyətini heç bir şəkildə güzəştə getməmişdir. Hər hadisənin Allahın nəzarətində olduğunu və Allahın da onu bütün bu böhtanlardan ən gözəl şəkildə təmizə çıxaracağını bilərək bu hadisələrə və insanların cahil davranışlarına qarşı çox gözəl bir səbrlə dözmüşdür.

Baş verən bu hadisələr sırasında diqqəti cəlb edən başqa bir məqam isə Hz.Məryəmin insanların razı qalıb-qalmaması məsələsindən tamamilə uzaq olmasıdır. Təmiz bir imanla Allaha təslim olmuşdur. Buna görə də insanların cürbəcür yozumlarından, qınamalarından heç bir şəkildə təsirlənməmişdir. Səmimi imanına və ixlasına görə ondan ötrü əsl mühüm olan Allahın razılığını qazanmaq üçün hərəkət edə bilməsidir.

Göründüyü kimi, Hz.Məryəm hər işində həmişə səmimi olaraq Allaha üz tutmuş, imanındakı və Allaha olan təslimiyyətindəki bu səmimiyyət nəticəsində də hər zaman Allahın rəhməti ilə qarşılaşmışdır.

Yaddan çıxarılmamalıdır ki, gözəl əxlaqı başqalarına başa salmağın iki yolu var. İnsan bəzən gözəl əxlaqı öz sözləri ilə, bəzən də bütün bunları insanlar üçün gözəl bir nümunə olacaq davranışları ilə anladır. Bu iki yol arasında ən məqbulu və ən təsirli olanı insanın davranışları ilə etdiyi təbliğdir. Çünki bu ən səmimi olanıdır. Təqlid etmək mümkün deyil. Ancaq imanın ürəkdə səmimi olaraq yaşanması, insanın inandıqlarını ən səmimi şəkildə həyata keçirib davranışlarında əks etdirməsi ilə mümkündür.

Hz.Məryəm bu yüksək əxlaqı göstərə bilmişdir. İmanı, davranışları və əxlaqı ilə bütün insanlar üçün mühüm bir nümunə və təbliğ vəsiləsi olmuşdur. Onun insanlara olan bu səmimi təbliği Allahın istəyi ilə ən gözəl şəkildə əvəzini görür, iman edənlərin imanda dərinləşib Hz.Məryəmin nümunəvi əxlaqını yaşamaları və Hz.Məryəm xarakterini qazanmaları üçün mühüm bir səbəbə çevrilir.

İqtibaslar

1. Mahmud Alusi, Ruh al-Maani fi Tafsir al-Qur'an (Beirut), 3:133-34; Ismail Hakkı Bursevi, Ruhu'l Beyan (Spritiual Meaning) (Istanbul: 1306 ah) 1:321.

2. http://www.geocities.com/SoHo/Easel/3809/hurma.htm

3. "Date and Health;" www.sgp-dates.com/date.htm

4. Ibid.

5. "Date Palm," Telmedpak Agriculture; www.telmedpak.com/agricultures.asp?a=agriculture&b=date_palm

6. Ibid.

7. "Break Your Fasting On Dates," Islamonline.net; http://198.65.147.194/English/Science/2000/7/article5. shtml; "Mothering and Oxytocin or Hormonal Cocktails for Two," Sarah Blaffer Hrdy and C. Sue Carter ; www.people.virginia.edu/~rjh9u/oxytocin.html

8. Sahih Muslim hadiths.

9. www.yasamsaglik.com/HaberAraSonuc. asp?txtAnahtar1=Migren; http://www.autismtr. org/hydroteraphy.htm

10. "Preganancy and Water;" www.mumcu.com/html/article.php?sid=247

11. www.bebek.com/index.asp?bolum=12&haberid=173

12. http://www.bebek.com/index.asp?bolum=4&konu=49

13. "The second stage of pregnancy;" www.mumcu.com/html/article.php?sid=43

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Nümunəvi Müsəlman Qadın: Hz.Məryəm
  • Quranda Məryəm Oğlu İsa Məsih
  • Cahiliyyə Cəmiyyətində Qadına Münasibət
  • Quranda Qadına Verilən Dəyər
  • Qurana Görə İdeal Müsəlman Qadın Xarakteri
  • Allahın Quranda Diqqət Yönəltdiyi Qadınlar
  • Nəticə