Hz.Məryəm Allahın Hz.İsanı dünyaya gətirmək vəzifəsi ilə şərəfləndirdiyi və Quranda “...Həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur” (“Ali-İmran” surəsi, 3/42) sözləri ilə mədh etdiyi mübarək bir insandır. Allah Hz.Məryəmi sonradan gələn bütün nəsillər üçün bir nümunə etmişdir.
Allah bundan başqa, Quranın: “...Dünyada və axirətdə şanı uca və Allaha yaxın olanlardandır” (“Ali-İmran” surəsi, 3/45) - ayəsi ilə Hz.İsanın Ona olan yaxınlığını bildirmiş, “O, Rəbbinin rizasını qazanmışdı” (“Məryəm” surəsi, 19/55) ayəsi ilə də Hz.İsmayılın güclü imanına dəqqəti cəlb etmişdir. Allah Hz.İdrisi də “O, həqiqətən, büsbütün doğru danışan kimsə - bir peyğəmbər idi. Biz onu yüksək bir məqama qaldırdıq...” (“Məryəm” surəsi, 19/56-57) sözləri ilə tərifləmiş və onun Allahın dərgahındakı üstün yerini xəbər vermişdir. Güc və bəsirət sahibləri olan Hz.İbrahim, Hz.İshaq və Hz.Yəqubun üstünlüyünü isə Allah “...Şübhəsiz ki, onlar dərgahımızda seçilmiş ən yaxşı kimsələrdəndirlər!” (“Sad” surəsi, 38/47) sözləri ilə bildirmişdir. Allah bundan başqa, Hz.İsmayılın, Əlyəsənin və Zülkiflin də “seçilmiş, ən yaxşı kimsələr” (“Sad” surəsi, 38/48) olduğunu bildirmişdir. Yenə başqa bir ayədə isə Allah “Nə gözəl bəndə! O daim Allaha sığınan bir kimsə idi” (“Sad” surəsi, 38/30) sözləri ilə Hz.Süleymanın qulluqdakı üstün əxlaqını öymüşdür. Allah Quranda “...Həqiqətən, Allah İbrahimi Özünə dost tutmuşdur!” (“Nisa” surəsi, 4/125) ayəsi ilə də Hz.İbrahimi Özünə dost seçdiyini bildirmişdir.
Rəbbimizin “üstün əxlaq üzərində olduğunu” bildirdiyi Peyğəmbərimiz Həzrəti Muhəmməd isə “tükənmək bilməyən mükafat gözləyir!” (“Qələm” surəsi, 68/3) sözləri ilə müjdələnmişdir.
Şübhəsiz ki, Allahın peyğəmbərləri və saleh möminləri Quranda bu ifadələrlə tərifləməsi onların nə dərəcə şərəfli bir məqama sahib olduqlarını ortaya qoyur. Allahın bir insana özündən razı olduğunu, onu üstün bir məqama yüksəltdiyini, “dost seçdiyini”, Özünə yaxın olanlardan, xeyirli olanlardan olduğunu bildirməsi, haqqında “nə gözəl bəndə!” deyə bəhs etməsi çox böyük lütf və çox şərəfli bir nemətdir.
İman gətirən hər bir insan Allahın bu lütfünə çataraq Rəbbimizin yaxınlığını, dostluğunu, sevgisini və razılığını qazana bilməyi canı-könüldən istəyər. Ancaq bunun üçün insanın Allahın peyğəmbərlərini lütfləndirdiyi bu nemətləri özündən qətiyyən uzaq görməməsi, Rəbbimizin mərhəmətinin və kərəminin çox geniş olduğunu bilməsi lazımdır. Allah insanların Özünə könüldən üz tutaraq tələb etdikləri hər cür istəklərinə qarşılıq verəcəyini bildirmişdir. Buna görə də istər qadın, istərsə də kişi olsun, hər insanın peyğəmbərlərin bu yüksək məqamına çata bilməyi qarşısına məqsəd qoyması və bunun üçün səmimi səy göstərməsi lazımdır.
Quranda “Öncədən özlərinə ən gözəl nemət yazılmış kəslər - məhz onlar ondan uzaqlaşdırılmış olacaqlar” (“Ənbiya” surəsi, 21/101) ayəsində Rəbbimizin dərgahından onlara gözəllik keçən insanlardan bəhs edilmişdir.
Allah qadın-kişi ayrı-seçkiliyi salmadan insanın qarşısına bu insanlardan ola bilmək imkanı çıxarmışdır. İnsanın yerinə yetirməli olduğu şey Allaha könüldən bir sevgi ilə bağlanmaq, Onu hər şeyin üstündə tutaraq Rəbbimizin razı olacağı bir həyat davam etdirməkdir. Bu səmimi imanı yaşayan hər insan Allahın istəyinə uyğun olaraq Allahın yanında ən gözəl əvəzini tapacaqdır.
"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2/32).