Allahın Quranda Diqqət Yönəltdiyi Qadınlar

İnsanları doğru yola aparan Quran ayələrinə tabe olmaq lazımdır. Bu həqiqəti Allah “And olsun ki, onları çəkindirən neçə-neçə xəbərlər gəlmişdir. Bu Quran olduqca böyük hikmətdir...” (“Qəmər” surəsi, 54/4-5) ayələri ilə bildirmişdir. Başqa ayədə isə Allah “Onların hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır. (Bu Quran) uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin təsdiqi, hər bir şeyin müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir!” (“Yusif” surəsi, 12/111) sözləri ilə Qurandakı qissələrin hikmət gözü ilə baxanlar üçün ibrət və ya nümunə götürüləcək bir çox nəsihət ehtiva etdiyini xatırlatmışdır.

Allah iman gətirənlərin nəsihət və ibrət almaqları lazım gələn bu hekayətlərdə iman gətirib Ona könüldən təslim olan salehə qadınlardan bəhs etmiş, onların nümunə götürüləcək gözəl əxlaqi xüsusiyyətlərinə diqqəti cəlb etmişdir. Bununla yanaşı, ayələrdə imana dəvət edildikləri halda, müşrik əxlaqı göstərməkdə dirənərək Allahın mərhəmətindən uzaqlaşan qadınlar haqqında da məlumat verilmişdir.

Sonrakı sətirlərdə Allahın Quranda bildirdiyi salehə qadınların iman gətirənlər üçün nümunə olan gözəl əxlaqlarına diqqət çəkəcək, bununla yanaşı, peyğəmbərlərin himayəsi altında olduqları halda imanın üstünlüyünü dərk edə bilməyərək inkar edən qadınların ibrət almalı olduqları yönlərini ortaya qoyacağıq.

Fironun Xanımının Gözəl Əxlaqı

Allah Quranda iman gətirənlər üçün iki nümunəvi qadından bəhs etmişdir. Bunlardan biri Hz.Məryəm, digəri isə Fironun xanımıdır. Kitabın əvvəlindən bura qədər ətraflı şəkildə diqqət yetirildiyi kimi, Allah Həzrəti Məryəmin ismətini, Allaha könüldən bağlılığını və güclü imanını nümunə vermiş və onu bütün aləmlərin qadınlarından üstün etdiyini bildirmişdir. Fironun xanımının yüksək əxlaqını isə Allah Quranda belə bildirir:

“Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında - cənnətdə bir ev tik, məni Firondan və onun əməlindən qurtar. Məni zalim qövmdən xilas et!” - demişdi” (“Təhrim” surəsi, 66/11).

Allahın Quranda bütün iman gətirənlər üçün bir nümunə olduğunu bildirdiyi Fironun xanımı Misirin hökmdarı olan Fironun zülmlərinə ən yaxından şahid olan, onun inkarda nə dərəcə həddini aşdığını, İsrailoğullarına necə divan tutduğunu çox yaxşı bilən insanlardan biri idi.

Allahın “Fironun və əyanlarının bəlası qorxusundan Musaya öz qövmündən yalnız kiçik bir dəstə iman gətirdi. Çünki Firon o yerdə hakim idi. O, həddi aşmışdı” (“Yunus” surəsi, 10/83) ayəsi ilə bildirdiyi kimi, Firon Misirdə əzabkeş üsulları, zalım xasiyyəti və xalqına tətbiq etdiyi zülmkarlığı ilə tanınan bir adam idi.

Tayfasının qadınlarını sağ saxlayaraq bütün oğlan uşaqlarını öldürür və xalqına dözülməz işgəncələr verirdi. Bütün Misir onun idi; dolayısı ilə çox böyük zənginlik və ehtişam içində yaşayırdı. Heç kim Firona etiraz, üsyan edə bilmirdi. Özünün Misirin və bütün İsrailoğullarının tanrısı olduğunu iddia edərək qürurlanırdı.

Allah Firona xəbərdaredici, İsrailoğullarına isə bir qurtarıcı kimi Hz.Musanı göndərdi. Hz.Musa Misir xalqını Allahın haqq dininə dəvət edir, onları bütlərə sitayiş etməkdən çəkindirib ancaq Allaha ibadət etməyə çağırırdı. Firon bütün xalqını olduğu kimi, “...Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!” (“Şuəra” surəsi, 26/29) sözləri ilə Hz.Musanı da təhdid etmişdi. Onun bu təhdidləri və tətbiq etdiyi işgəncələrə görə, Allahın “Fironun və əyanlarının bəlası qorxusundan Musaya öz qövmündən yalnız kiçik bir dəstə (gənc nəsil) iman gətirdi...” (“Yunus” surəsi, 10/83) ayəsi ilə bildirdiyi kimi, bəzi gənclər istisna olmaqla Hz.Musaya iman gətirən olmadı. Hz.Musanın təbliği qarşısında imana gələn Fironun əmrindəki sehrbazlar isə bu seçimlərinə görə Fironun zalım və şiddət dolu davranışları ilə qarşı-qarşıya qaldılar:

“Firon dedi: “Mən sizə izn vermədən əvvəl siz ona iman gətirdiniz?” Bu, şübhəsiz ki, əhalisini çıxartmaq məqsədilə şəhərdə qurduğunuz bir hiylədir. Gördüyünüz işlərə görə başınıza nə oyun açacağımı biləcəksiniz! Əl-ayağınızı çarpaz kəsdirəcək, sonra isə hamınızı edam edəcəyəm!”” (“Əraf” surəsi, 7/123-124).

Sehrbazların məruz qaldığı bu dözülməz işgəncələrin yeganə səbəbi də yenə “Allaha iman gətirmələri” olduğu başqa bir ayədə belə xəbər verilir:

“Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimizin möcüzələri gələn kimi bizim onlara iman gətirməyimizə görədir. Ey Rəbbimiz! Bizə səbr əta et və bizi müsəlman olaraq öldür!” (“Əraf” surəsi, 7/126).

Göründüyü kimi, Fironun zalımlığı və öz hökmranlığını rədd edərək Allaha iman gətirənlərə qarşı davranışı çox açıq şəkildə ortada idi. Ancaq onun xanımı bütün bunları yaxından bilən bir insan olmasına baxmayaraq, Fironun imanını öyrənəndə ona qarşı necə davranacağından və ona tətbiq edəcəyi zülmdən heç cür çəkinməmişdi. Allahın razılığını, sevgisini və yaxınlığını qazanmağın bundan daha da üstün olduğunu qəbul etmişdir. Bu səmimiyyəti Allaha olan təslimiyyəti, çətin şərtlər altında imanını gizlətmək üçün göstərdiyi səbri və təvəkkülü, Allah sevgisindən qaynaqlanan cəsarəti bütün insanlar üçün bir nümunədir.

Bununla yanaşı, Fironun bütün Misirin sahibi olduğu, bütün xəzinələri və nemətləri əlində cəmləşdirdiyi də yaddan çıxarılmamalıdır. Fironun xanımı əlindəki bu imkanların heç birini əhəmiyyətli saymayaraq imanı, Allahın razılığını qazana bilməyi, Onun istədiyi əxlaqı yaşaya bilməyi bütün bu dünya nemətlərindən daha üstün tutmuşdur. Həmçinin Allaha olan duasında da bu səmimiyyəti çox açıq şəkildə görmək mümkündür. Dünyadakı həyatında sahib olduğu bütün imkanlarına baxmayaraq, Allahdan onu Firondan və onun zalım sistemindən qurtarmasını diləmiş və ona cənnətdə bir ev verməsini istəmişdir:

“O zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında - cənnətdə bir ev tik, məni Firondan və onun əməlindən qurtar. Məni zalim qövmdən xilas et!” - demişdi” (“Təhrim” surəsi, 66/11).

Fironun xanımı bu yüksək əxlaqı ilə dünya həyatına bağlı olmadığını, Allahın razılığını və cənnətini qazanmaq istəyinin əsas olduğunu ortaya qoyur. Allah onun bu səmimi imanını bütün möminlərə misal çəkmiş, onu həm dünya həyatında, həm də axirətdə üstün etmişdir.

Hz.Musanın Anasının Təvəkkülü

Allah Quranın “Həqiqətən, Firon yer üzündə baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. Onların arasında olan bir tayfanı gücsüz görüb onların oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, fitnə-fəsad törədənlərdən idi!” (“Qəsəs” surəsi, 28/4) ayəsi ilə əvvəlki sətirlərdə də toxunulan Misir Fironunun azğın və zalım bir hökmranlıq sürdüyünü, xalqına böyük zülmlər verdiyini, bütün oğlan uşaqlarını öldürdüyünü bildirmişdir.

Hz.Musa Fironun bu zalım hakimiyyəti zamanında Misirdə dünyaya gəlmişdir. Allah Hz.Musanı seçmiş və onu Fironun bu azğın davranışına qarşı mübarizə aparmaqla vəzifələndirmişdi.

Allah Fironun bütün oğlan uşaqlarının öldürülməsini əmr etdiyi bir dövrdə dünyaya gələn Hz.Musanın həyatda qala bilməsi üçün anasına vəhy etmiş və ona Hz.Musanı bir sandığa qoyaraq suya buraxmasını bildirmişdir:

“Anana vəhy olunacaq şeyi vəhy etdiyimiz zaman. O zaman ki, Mən anana buyurmuşdum: “(Musanı) bir sandığa qoyub çaya at. Qoy çay onu sahilə çıxartsın və Mənə də, ona da düşmən olan birisi onu götürsün...” (“Taha” surəsi, 20/38-39).

“Biz Musanın anasına: “Onu əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya at. Qorxma və kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də peyğəmbərlərdən edəcəyik!” - deyə bildirdik” (“Qəsəs” surəsi, 28/7).

Allah Hz.Musanın anasına qorxmamasını və kədərlənməməsini xatırlatmışdır. Allah ona Hz.Musanın peyğəmbərliklə müjdələnəcəyini, Özünün himayəsində olacağını bildirmiş və onu gələcəkdə yenidən anasına qovuşduracağını xəbər verərək ona təskinlik vermişdir.

Musa peyğəmbərin anası bu hadisə ilə mühüm bir sınaqdan keçmişdir. Yeni dünyaya gətirdiyi balasını bir sandığa qoyaraq tərk edəcək və onu suya buraxacaqdı. Bir insanın təlaşlanmadan yeni doğduğu körpəsini suya buraxa bilməsi üçün Allaha qarşı çox səmimi bir imana sahib olması və Ona çox güclü etimad göstərib təslim olması lazım gəlir. Allah Hz.Musanın anasını belə bir hadisə ilə sınamış və onun bu yüksək əxlaqını, Özünə olan bağlılığını və təvəkkülünü qiyamətə qədər yaşayacaq bütün iman sahibləri üçün mühüm bir nümunə kimi göstərmişdir.

Musa peyğəmbərin anası Allahın ona vəhy etdiyi kimi, Hz.Musanı bir sandığa qoyub suya buraxmışdır. Allah çətin bir sınaqdan keçdiyini bilərək Öz dərgahından səbr və dözümlülüklə onu dəstəkləmişdir:

“Musanın anasının ürəyi bomboş olmuşdu. Əgər inananlardan olsun deyə, ürəyinə səbr əta etməsəydik, az qala onu büruzə verəcəkdi” (“Qəsəs” surəsi, 28/10).

Allahın: “O, bacısına: “Onun dalınca get!” - dedi. O da hiss etmədən uzaqdan-uzağa (Musanı) gördü” (“Qəsəs” surəsi, 28/11) ayəsi ilə bildirdiyi kimi, anası Hz.Musanın bacısına heç kimə bildirmədən onun hara aparıldığını izləməyi tapşırmışdı.

Allah Hz.Musa üçün bir tale (qədər) müəyyən etmiş və bütün hadisələri bu taleyə uyğun olaraq ən gözəl şəkildə yaratmışdır. Allah Firona qarşı qızğın mübarizə aparacaq Musa peyğəmbəri dünyaya gəlməyindən qısa müddət sonra onun sarayına gətirtmiş və Fironun ailəsi tərəfindən himayə edilməsini təmin etmişdir. Bundan başqa, Allah Hz.Musaya bütün süd analarını haram edərək onun yenə öz anasına qovuşmasını təmin etmişdir. Allahın: “Bundan qabaq Biz ona süd analarını qadağan etmişdik. (Musanın bacısı) belə dedi: “Sizin üçün o uşağa süd verməyi təmin edəcək, həm də ona qarşı xeyirxah olacaq bir ailəni sizə nişan verimmi?”” (“Qəsəs” surəsi, 28/12) ayəsi ilə bildirdiyi kimi, Hz.Musanın Fironun ailəsi tərəfindən tapıldığını görən Musa peyğəmbərin xalası Həzrəti Musaya baxılması və onun yetişdirilməsi üçün onlara onun anasını tövsiyə etmişdir. Bunun nəticəsində Allah Həzrəti Musa ilə anasını bir-birlərinə qovuşdurmuşdur. Allah bu hadisənin bəzi hikmətlərini Quranda belə bildirir:

“Beləliklə, gözü aydın olsun, kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin deyə, anasına qaytardıq. Lakin onların əksəriyyəti bilməz!” (“Qəsəs” surəsi, 28/13).

Ayədən də aydın olduğu kimi, Allah Hz.Musanın anasının Ona olan bağlılığını sınağa çəkmiş, sonra da göstərdiyi səbr, təslimiyyət və gözəl əxlaqın əvəzində “gözünün aydın olması və kədərlənməməsi” üçün onu Hz.Musanın yanına gətirmişdir. Allah həmçinin bu hadisəni gələcəkdə Misirdə çox böyük məsuliyyətlər veriləcək və İsrailoğullarını Fironun zülmündən qurtarmaq üçün mübarizə aparacaq Hz.Musanın sarayına yerləşdirilməsinə, orada böyüyərək Firona yaxın olmasına da səbəb olmuşdur. Allah bu vəziyyəti Quranda belə bildirmişdir:

“Fironun adamları axırda özlərinə düşmən kəsiləcək və başlarına bəla olacaq Musanı götürüb gəldilər. Həqiqətən, Firon, Haman və onların əsgərləri günahkar idilər” (“Qəsas” surəsi, 28/8).

“Fironun qadını dedi: “Bu uşaq mənim də, sənin də göz bəbəyimiz olsun. Onu öldürməyin. Ola bilsin ki, bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik!” Onlar (işin nə yerdə olduğunu, bu uşağın əlində həlak olacaqlarını) bilmirdilər” (“Qəsas” surəsi, 9).

Nicholaus Knpfer's "The Queen of Sheba before Solomon," oil painting measuring 73.5 x 81 cm, is displayed in the Hermitage Museum, St. Petersburg, Russia.

Allah hər hadisəni müəyyən bir taleyə uyğun olaraq yaradır və bütün insanları bu taleyin içində yaşadıqları hadisələrlə sınağa çəkir. Allahın “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlıqı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver!” (“Bəqərə” surəsi, 2/155) ayəsi ilə bildirdiyi kimi, Rəbbimiz bu hadisələr qarşısında səbr göstərənləri müjdələyir, Hz.Musanın anasının vəziyyətində olduğu kimi onları mərhəməti ilə xeyirlərə istiqamətləndirir.

Hz.Musanın Kömək Etdiyi Qadınlar

Allah Quranda Hz.Musanın Fironu və tayfasını tərk edəndən sonra Misirin şərqində yerləşərn Mədyən bölgəsinə tərəf getdiyini və burada heyvanlarını sulaya bilmədikləri üçün Mədyən suyunun arxasında gözləyən iki qadın gördüyünü bildirir. Hz.Musa qadınların öz vəziyyətini soruşanda qadınlar ataları yaşlı olduğu üçün heyvanlarını onların sulamaq məcburiyyətində qaldıqlarını ancaq suyun ətrafındakı çobanlara görə gözlədiklərini söyləmişdilər.

Allah Quranda qadınların vəziyyətlərini belə açıqladıqlarını bildirir:

“Mədyən kənarındakı bir quyuya çatanda onun başında bir dəstə adam və onlardan başqa (qoyunları özgə heyvanlara qarışmasın deyə) geri çəkən iki qadın görüb dedi: “Sizə nə olub?” Onlar: “Çobanlar sulayıb getməmiş biz (qoyunlarımıza) su vermirik. Atamız da ixtiyar bir qocadır”, - deyə cavab verdilər. Musa onların sürülərini suladı...” (“Qəsəs” surəsi, 28/23-24).

Mədyən suyundakı qadınların bu davranışları onların namus məsələsində necə həssas hərəkət etdiklərini göstərir. Həmçinin onların bu davranışları uyğun olmayan və onların narahatlığına səbəb olacaq yerə getməmələrinin lazım olduğunu da ortaya qoyur. Suyun kənarında dayanan çobanlar qadınların geridə dayanmasına səbəb olmuşdur. Ancaq bunun əvəzində Hz.Musanın etibarlı görünüşü heyvanlarını sulamaq üçün gözləyən bu qadınların onunla çəkinmədən danışıb dialoq qurmalarını təmin etmişdir. Qadınlar orada olan çobanlara görə suyun kənarına getməyib gözlədiklərini söyləyəndə Hz.Musa tez onlara kömək etmiş və onların heyvanlarını sulamışdır.

Mədyən suyunda gözləyən bu qadınların nümayiş etdirdikləri əxlaq bütün müsəlman qadınlar üçün gözəl nümunədir. Ehtiyacları olduğu halda, yenə də abır-həyaları məsələsində həssas hərəkət etmiş və onlara çətinlik olmasına baxmayaraq, bu gözəl əxlaqlarından güzəştə getməmişlər. Allahın xoşlayacağı kimi hərəkət etməyi daha əhəmiyyətli saymış və dayanıb gözləməyi üstün tutmuşlar. Allah da onların bu gözəl davranışlarının əvəzində onlara etibar edilən bir nəfəri - Hz.Musanı göndərərək onun köməyi ilə onlara yardım etmişdir.

Allah onlara Hz.Musanı göndərməklə böyük lütf ehsan etmişdir. Musa peyğəmbər heyvanları sulamağından sonra: “...Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam!” (“Qəsəs” surəsi, 28/24) - deyərək Allaha dua etmişdir. Onun bu duasından sonra bir az əvvəl kömək etdiyi qadınlardan biri ona yaxınlaşaraq yaxşılığının əvəzində atasının onu dəvət etdiyini söyləmişdir:

“Sonra o iki qadından biri utana-utana Musanın yanına gəlib dedi: “Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni çağırır!” (“Qəsəs” surəsi, 28/25).

Qadınlardan biri güclü və etibarlı olduğunu söyləyərək Hz.Musanı muzdla tutmağı üçün atasına istəyini bildirmişdir:

“O qadınlardan biri dedi: “Atacan! Onu muzdla tut, çünki bu güclü, etibarlı adam muzdla tutduqlarının ən yaxşısıdır!”” (“Qəsəs” surəsi, 28/26).

Qadın bu ifadəsi ilə Hz.Musanın etibarlı bir insan kimi gördüyünü atasına da açıq şəkildə ifadə etmişdir. Bundan sonra ataları Hz.Musanın etibarlı bir insan olduğunu görərək iki qızından birini Hz.Musa ilə evləndirmək istədiyini söyləmişdir.

Abır-həyalarını qoruduqlarına diqqət çəkilən bu qadınların davranışları bütün müsəlmanlar üçün gözəl nümunə olmuşdur. Allah qadınların bu məsələdəki həssaslıqlarına görə onlara mərhəmət etmişdir. Həm Hz.Musa kimi etibarlı bir insanla işlərini asanlaşdırmış, həm də bu hadisəni qadınlardan birinin Hz.Musanın həyat yoldaşı olmasına səbəb etmişdir.

Səba Hökmdarı Bəlqis (Bilqeys)

Hz.Süleyman yaşadığı dövrdə Allahın lütfü və nemətləri sayəsində əsrlər keçəndən sonra da insanların heyranlığını və diqqətini cəlb etməkdə olan böyük bir hökmdarlıq qurmuşdu. Hz.Süleyman cinlərdən və insanlardan təşkil olunan ordusu ilə çox güclü hakimiyyət əldə etmişdi. Hz.Süleymanın sarayı isə dövrünün ən inkişaf etmiş texnologiyasından istifadə edilərək yüksək estetik səviyyədə inşa edilmişdir.

Səba hökmdarı Bəlqis isə Hz.Süleymanın hakimiyyəti illərində yaşayan, başqa bir ölkənin idarəçisi mövqeyində olan bir qadındır. Quranda Hz.Süleymanla Səba hökmdarı Bəlqisin arasında iki ölkənin siyasi və iqtisadi əlaqələri haqqında davam edən bəzi dialoqlardan bəhs edilir. Əlbəttə ki, bütün bu məlumatlar iman gətirənlər üçün çox hikmətli və nəsihətlidir.

Allah Quranda Hz.Süleymanın ordusundakı Hüdhüdün ona Səba hökmdarı haqqında bəzi əhəmiyyətli məlumatlar verdiyini bildirir:

“Bir azdan gəlib dedi: “Sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm. Mən onlara padşahlıq edən bir qadın gördüm. Ona hər şey verilmişdir. Onun çox böyük bir taxtı vardır. Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərini gördüm. Şeytan əməllərini onlara gözəl göstərmiş, onları yoldan sapdırmışdır. Buna görə də haqq yolu tapa bilmirlər. Göylərdə və yerdə pünhan olanı aşkara çıxardan, onların gizlində və aşkarda etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə belə edirlər” (“Nəml” surəsi, 27/22-25).

Hüdhüd xüsusilə də Hz.Süleymana Səba hökmdarının bəzi mühüm xüsusiyyətlərindən bəhs etmişdir. Səba hökmdarının Səbaya hökm etdiyinə, ona hər şeydən bol verildiyinə, onun hökmdarlığının və dövlətinin gücünə diqqət çəkmişdir.

Hz.Süleyman Hüdhüddən aldığı məlumatlara uyğun olaraq Səba hökmdarını Allaha iman gətirməyə və ona tabe olmağa dəvət edən bir məktub yollamışdır. Səba hökmdarı bu məktubun əhəmiyyətini tez başa düşmüş və bunun üçün də yaxın ətrafını bu məsələni məsləhətləşmək üçün toplamışdı. Allah bu məsələni Quranda belə bildirir:

“(Səba hökmdarı Bəlqis Süleymanın məktubunu alıb oxuyandan sonra) dedi: “Ey əyanlar! Mənə çox hörmətli bir məktub göndərildi. O məktub Süleymandandır və o, “Bismillahir-rəhmanir-rəhim”lədir. (Məzmunu belədir:) “Mənə qarşı təkəbbür göstərməyin və yanıma müsəlman olaraq gəlin! (Bəlqis) dedi: “Ey əyanlar! Bu iş barəsində mənə rəyinizi bildirin. Mən sizinlə məsləhətləşməmiş heç bir iş görən deyiləm!”” (“Nəml” surəsi, 27/29-32).

Bununla yanaşı, köməkçilərinin ona: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Hökm sənindir. Nə əmr edəcəyinə bax!”” (“Nəml” surəsi, 27/33) - şəklindəki cavabları da onun xalqı üzərində güclü bir idarə üsuluna sahib olduğunu ortaya qoyur.

Köməkçilərinin “Hökmdarlar bir ölkəyə girdikləri zaman onu xarabazara çevirər, xalqının böyüklərini də zəlil edərlər. Onlar məhz belə hərəkət edərlər” (“Nəml” surəsi, 27/34) - şəklindəki xəbərdarlıqlarına diqqətlə yanaşmış və “Mən onlara bir hədiyyə göndərəcəyəm; görüm elçilər nə ilə qayıdacaqlar!” (“Nəml” surəsi, 27/35) - deyərək təmkinli hərəkət etmişdir. Göndərəcəyi bu hədiyyə ilə xüsusilə Hz.Süleymanın məqsədini öyrənmək istəmişdir. Ancaq Hz.Süleyman Səba hökmdarının niyyətini başa düşərək hədiyyəsini geri qaytarmış və ona belə bir xəbər göndərmişdir:

“Durma, onların yanına qayıt! And olsun ki, gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz yurdundan zəlil və xar vəziyyətdə çıxardarıq!” (“Nəml” surəsi, 27/37).

Hz.Süleymanın bu ismarıcı ilə Səba hökmdarına ordularının gücləri çatmayacaq güclü qoşunu olduğunu xatırlatmış və onu bir dəfə də təslim olmağa dəvət etmişdir. Bununla yanaşı, ordusundakı nüfuzlu adamlardan Səba ölkəsinin hökmranlığıın ifadəsi olan Səba hökmdarının taxtını öz sarayına gətirmələrini istəmişdir.

Cinlərdən bir Ifritin bir göz qırpımında taxtı ona gətirməsindən sonra Hz.Süleyman taxtı bəzi dəyişikliklərə məruz qoymuşdur. Səba hökmdarı onun yanına gələndə ondan dəyişdirdiyi taxtın onun olub-olmadığını soruşmuşdur:

“(Bəlqis) gəldikdə ona: “Taxtın bu cürdürmü?” - deyildi. O da: “Sanki odur!” - deyə cavab verdi. “Bizə ondan daha öncə elm verilmiş və biz müsəlman olmuşuq!” Allahdan başqasına tapınması o qadına Allaha ibadət etməyə mane olmuşdu! Çünki o, kafir bir tayfadan idi” (“Nəml” surəsi, 27/42-43).

Səba hökmdarı Günəşə sitayiş edən bir xalqın içində yaşamağına baxmayaraq Hz.Süleymanın səmimi üslubla yazdığı məktubundan, məntiqli davranışından, güclü hakimiyyətindən və ehtişamlı sarayından çox təsirlənmiş və bütün bunlar onun iman gətirib müsəlman olmasına səbəb olmuşdur.

Quranda Səba hökmdarının Allaha təslim olduğunu belə ifadə etdiyi bildirilir:

“Ona belə deyildi: “Saraya daxil ol!” Sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və ətəyini qaldırdı. O: “Bu, büllurdan tikilmiş bir saraydır!” - dedi. Dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. Mən artıq Süleymanla birlikdə aləmlərin Rəbbi olan Allaha təslim oldum!”” (“Nəml” surəsi, 27/44).

Allahın Quranda bildirdiyi Səba hökmdarı haqqındlakı bütün bu məlumatlara hikmət gözü ilə baxanlar üçün çoxlu ibrət və hikmət var. Səba hökmdarının məntiqli davranışı düzgün olanı daha asanlıqla başa düşməsini və səmimi hərəkət etməsini təmin etmişdir. Bundan başqa, haqqı görəndə əvvəlcə çox fərqli bir inama sahib olmasına baxmayaraq, heç tərəddüd etmədən Allaha təslim olub iman gətirməsi nümunə götürülməli olan bir davranışdır.

İnkar Edən Qadınlar: Hz.Lutun Və Hz.Nuhun Xanımları

Allah Quranda imanlarındakı səmimiyyətləri və əxlaqlarının gözəlliyi ilə nümunə olan qadınlardan başqa, inkar edən və buna görə də cəhənnəmlə əvəzini görəcək qadınlar haqqında da məlumat vermişdir. Allahın Quranda qeyd etdiyi hər iki qadının ən mühüm xüsusiyyətləri isə hər ikisinin də “peyğəmbər xanımları” olmalarıdır.

Peyğəmbərlər Allahın seçdiyi, elçiliyi ilə onları şərəfləndirdiyi, elm və bədən güclərini artırdığı üstün insanlardır. Buna görə də Hz.Nuhun və Hz.Lutun xanımlarının peyğəmbərlərin səmimi şəxsiyyətlərinə, gözəl əxlaqlarına, hikmətli danışıqlarına, məntiqli qərarlarına hər an şahid olduqları və onların Allahdan gələn haqq bir söz üzrə hərəkət etdiklərini bildirdikləri halda, iman gətirməmələri çox əhəmiyyətlidir. Onların bu davranışları bütün iman gətirənlər üçün çox mühüm bir ibrət olmalıdır. Allahın Hz.Nuhun və Hz.Lutun xanımları olduqlarını bildirdiyi bu qadınlar peyğəmbərlərə ərə getdikləri halda, sonra onlara xəyanət etmişlər. Allah bu iki qadının vəziyyəti haqqında Quranda bunları qeyd edir:

“Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və onları Allahdan heç vəchlə qurtara bilmədilər. Onlara: “Başqaları ilə birlikdə siz ikiniz də cəhənnəmə girin!” - deyildi” (“Təhrim” surəsi, 66/10).

Allahın sevdiyi, razı olduğu, cənnəti ilə müjdələdiyi bu mübarək insanlarla evli olmaq kimi yaxın olduqları halda, bu yaxınlıq səmimiyyətsizlikləri səbəbindən onlara Allahın mərhəmətindən heç nə qazandırmamışdır. Əksinə, Allahın əzabına məruz qalmışlar. Allah “Nəml” surəsində Hz.Lutun xanımının Hz.Luta iman gətirməyən azğın tayfası ilə birlikdə necə həlak olduğunu belə bildirir:

“Tayfasının cavabı yalnız: “Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki onlar təmiz qalmaq istəyən insanlardır!” -deməkləri olmuşdu. Buna görə də Biz onu və ailəsini xilas etdik, yalnız övrətinin (əzab içində) qalanlardan olmasını təqdir etdik. Onların üstünə bir yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş!” (“Nəml” surəsi, 27/56-58).

“Biz bu məmləkət əhlini məhv edəcəyik, çünki onlar zalimdirlər”, - dedilər. Dedi: “Orada Lut da var!” Onlar: “Biz orada kimin olduğunu yaxşı bilirik. Biz onu və ailəsini mütləq xilas edəcəyik. Yalnız övrətindən başqa. O (əzab içində) qalanlardan olacaq!” - deyə cavab verdilər. Elçilərimiz Lutun yanına gəldikdə onlara görə kədərləndi və ürəyi qısıldı. Onlar dedilər: “Qorxma və kədərlənmə. Biz səni və ailəni xilas edəcəyik. Yalnız övrətindən başqa. O (əzab içində) qalanlardan olacaq! Biz etdikləri pozğunluğa (günahlara) görə bu məmləkət əhlinin başı üstünə göydən bir əzab endirəcəyik!”” (“Ənkəbut” surəsi, 29/31-34).

Göründüyü kimi, Allah bu qadınların hər ikisinə də dünya həyatında çox böyük bir imkan nəsib etmiş, onları peyğəmbərlərin xanımları etmişdir. Ancaq onların hər ikisi də onlar üçün həm dünya həyatında, həm də axirətdə böyük bir nemətə çevriləcək bu imkanı lazım olduğu kimi dəyərləndirə bilməmiş və bu şərəfli məqama nail ola bilməmişlər. Buna görə də Allahın əzabına düçar olmuşlar, alçaldılmışlar.

Hz.Yusifin Dövründəki Misirli Əzizin Xanımı

Allahın Quranda diqqət çəkdiyi qadınlardan biri də Msirdə yaşayan bir Əzizin xanımıdır. Hz.Yusif qardaşlarının qurduğu tələnin nəticəsində bir qul taciri tərəfindən həmin misirli Əzizə satılmışdır. Allah Quranda Əzizlə xanımının Hz.Yusifi yanlarına götürmələrini belə xəbər verir:

“Onu Misirdə satın alan Əziz öz zövcəsinə belə dedi: “Ona hörmət et (yaxşı bax). Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək!” Beləliklə, Yusifi o yerdə yerləşdirdik, həm də ona yuxu yozmağı öyrətdik. Allah Öz işində qalibdir, lakin insanların əksəriyyəti bilməz! Ən yetkin dövrünə çatdıqda ona hikmət və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq!” (“Yusif” surəsi, 12/21-22).

Allah Hz.Yusifi Əzizin yanında yerləşdirmiş və bununla da onu Misirdə məskunlaşdırmışdır. Hz.Yusif Əziz və xanımının yanında böyümüş, yetkinlik çağına gələndə isə Allah ona dərgahından bir elm və hikmət vermiş, sözlərin yozumunu öyrətmiş, onu seçmiş və mərhəməti ilə dəstəkləmişdir.

Allah həyatının bu dövründə Hz.Yusifi mühüm bir sınaqdan keçirmişdir. Əzizin xanımı onlarda qalan Hz.Yusifdən ayədə bildirilən ifadə ilə desək “murad almaq istəmiş” və bu arzusunu həyata keçirə bilmək üçün hiylə işlədərək onu tələyə salmağa çalışmışdır. Bu məqsədlə də olduğu otağın qapılarını möhkəm bağlamış və Hz.Yusifə istəyini bildirmişdir. Hz.Yusif isə haram iş görməkdən Allaha sığındığını söyləyərək qadından üz çevirmişdir.

Hz.Yusif qadının bu davranışından əl çəkməsi üçün ona Əzizin vəziyyətini xatırlatmış, onun ağası olduğunu, ona yaxşı baxdığını söyləyərək, ağasına qarşı sədaqətsizlik edə bilməyəcəyini ifadə etmişdir. Hz.Yusif qadına bundan başqa zalımların xilas ola bilməyəcəyini də söyləyərək bunun çox əzazil bir hərəkət olacağını ona xatırlatmışdır. Allah Quranda Əzizin xanımının bu hərəkətini və Hz.Yusifin səmimi davranışını belə xəbər verir:

“Evində olduğu qadın tovlayıb yoldan çıxartmaq istədi və qapıları bağlayaraq: “Di gəlsənə!” - dedi. (Yusif isə:) “Mən Allaha sığınıram. Axı o (sənin ərin) mənim ağamdır. O mənə yaxşı baxır. Həqiqətən, zülm edənlər nicat tapmazlar!” - deyə cavab verdi” (“Yusif” surəsi, 12/23).

Allahdan qorxan və səmimi iman sahibi olan Hz.Yusif Allahın köməyi ilə Əzizin xanımının bu təklifini rədd etmiş və Allahın hüdudlarını qorumaqda iradəli hərəkət etmişdir. Allah Hz.Yusifin bu davranışını Quranda belə bildirmişdir:

“Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!” (“Yusif” surəsi, 12/24).

De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər!”
(Tovbə surəsi, 51)

Hz.Yusif bu iradəsinə uyğun olaraq qadından uzaqlaşmağa çalışarkən qadının əri ilə qarşılaşmışdır. Əzizin xanımı burada da hiylə işlədərək və Hz.Yusifin həyalı və səmimi davranışına baxmayaraq, özünü təmizə çıxarda bilmək üçün Hz.Yusifə böhtan atmışdır. Hz.Yusifin ona pis niyyətlə yaxınlaşdığını söyləyərək, Əzizdən onu cəzalandırmasını istəmişdir. Zindana atılmasından və ya ağır cəza ilə cəzalandırılmasından başqa, heç bir seçim olmadığını iddia edərək günahsız olduğunu bildiyi və şahid olduğu Hz.Yusifin cəzalandırılması üçün Əzizi qızışdırmağa çalışmışdır. Allah Quranda bu hadisəni belə xəbər verir:

“Hər ikisi qapıya tərəf qaçdı. Qadın onun köynəyini arxadan cırdı. Onlar qapının ağzında qadının əri ilə rastlaşdılar. Qadın dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir!” (“Yusif” surəsi, 12/25).

Əzizə sədaqətsizlik edərək haram bir felə yanaşmaq istəməsi, sonra da günahsız olduğunu çox yaxşı bildiyi halda yalan danışaraq Hz.Yusifə böhtan atması Əzizin xanımının Allah qorxusu olmayan, zalım xarakterə sahib olduğunu açıq şəkildə ortaya qoyur. Bütün bunlar eyni zamanda nəfsinin vicdanını necə örtdüyünü də göstərir.

Hz.Yusif qadının bu vicdansız böhtanları qarşısında “O məni tövlayıb yoldan çıxartmaq istədi!” (“Yusif” surəsi, 12/26) - deyərək Əzizə hadisənin həqiqətini söyləmişdir. Qadının yaxınlarından olan bir nəfər isə kimin düz danışdığının bilinməsi üçün belə bir təklif vermişdir:

“Bir şahid belə şəhadət verdi: “Əgər onun köynəyi öndən cırılmışsa, (qadın) doğru deyir, o isə yalançılardandır. Yox əgər onun köynəyi arxadan cırılıbsa, (qadın) yalan deyir, o isə doğru danışanlardandır”” (“Yusif” surəsi, 12/26-27).

Qadının bu məsələni xatırlatması nəticəsində isə Hz.Yusifin köynəyinin arxadan cırıldığı görülmüşdür. Dolayısı ilə Hz.Yusifin qapıya tərəf yönəldiyi, qadının isə onun arxası ilə qaçdığı dəlili ilə birlikdə ortaya çıxmışdır. Beləliklə, Hz.Yusifin günahsız olduğu, xanımın ondan kam almağa çalışdığını Əzizin özü də aydın olaraq başa düşmüşdür. Allah Quranda Əzizin bu məsələ ilə bağlı sözlərini belə bildirmişdir:

“Köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Bu sizin məkrlərinizdəndir. Doğrudan da, sizin məkriniz böyükdür!” Ey Yusif! Sən bu işi açıb-ağartma. Sən də (ey qadın) günahına görə bağışlanmanı dilə. Çünki sən, həqiqətən, günah edənlərdənsən” (“Yusif” surəsi, 12/28-29).

Ayələrdən də aydın olduğu kimi, Əziz Hz.Yusifin haqlı olduğunu vicdanla başa düşmüşdür. Ancaq bu məsələ burada qurtarmamışdır. Allahın: “Şəhərdəki qadınlar dedilər: “Vəzirin övrəti cavanı tovlayıb yoldan çıxartmaq istəyir. Məhəbbəti onun bağrını qan etmişdir. Biz onun açıq-aşkar yoldan çıxdığını görürük” (“Yusif” surəsi, 12/30) - ayəsi ilə bildirdiyi kimi, bu hadisə şəhərdə qadınlar arasında yayılmışdır. Şəhərdəki qadınlar günahkar olanın Hz.Yusif deyil, Əzizin xanımı olduğunu başa düşmüş və öz aralarında vəzirin xanımını qınayan söhbətlər etmişdilər. Əzizin xanımı isə onun haqqında danışılanları öyrənəndə bu cür danışan qadınlara da bir hiylə hazırlamışdır.

Qurduğu bu hiylə ilə Allahın ayələrdə diqqəti cəlb etdiyi kimi, özünün üstün gözəlliyə sahib olan Hz.Yusifdən yaxınlıq etmək istəyində haqlı olduğunu qadınlara sübut etməyə çalışmışdır. Bu şəkildə onları da öz yerinə qoymaq və öz günahına şərik etmək istəmişdir. Bu məkrinə uyğun olaraq da qadınları yanına dəvət etmiş və gələndə də hər birinin əlinə meyvə soymaqları üçün bir bıçaq vermişdir. Sonra da Hz.Yusifi yanlarına çağıraraq necə reaksiya göstərəcəklərini görmək istəmişdir. Qadınlar Hz.Yusifin gözəlliyini görəndə çox təəccüblənmiş və heyranlıqlarından bıçaqlarla əllərini kəsmişdilər. Allah Quranda qadınların bu vəziyyətini belə bildirir:

“Qadın gizli dedi-qoduları eşitdikdə onlara xəbər göndərib ziyafətə dəvət etdi, onlar üçün gözəl bir məclis düzəltdi. Onların hər birinə bir bıçaq verdi, sonra (Yusifə): “Onların qarşısına çıx!” - deyə əmr etdi. (Qadınlar Yusifi) gördükdə (gözəlliyinə heyran olub) onu həddindən artıq təriflədilər və (özlərini itirib) əllərini kəsdilər. Onlar: “Aman Allah! Bu ki, bəşər deyildir. Bu ancaq əziz olan bir mələkdir!” -dedilər” (“Yusif” surəsi, 12/31).

"Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan edən və Allahın qoyduğu hüdudlarını qoruyan o möminləri müjdələ." (Tovbə surəsi, 112)

Hz.Yusifin gözəlliyi bu qadınlara Allahı xatırlatmış və onlar da bu fövqəladə gözəllik qarşısında Allahı tərifləmişdilər. Onun gözəlliyini fövqəlinsan bir gözəllik kimi yozmuş, hətta mələk olduğunu da iddia etmişdilər.

Əzizin xanımı Allahın: “Qadın belə dedi: “Bu, məni qınadığınız (oğlandır). Mən onun olmaq istədim, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, sözsüz ki, zindana atılacaq və zillətə düşənlərdən olacaq!”” (“Yusif” surəsi, 12/32) - ayəsi ilə bildirdiyi kimi, yanındakı qadınlara özünün günahkar olduğunu, Hz.Yusifin isə namusunu qorumaq istədiyini açıq-aşkar etiraf etmişdir. Ancaq bütün bunlara baxmayaraq, həmin qadın topluluğunun qarşısında da Hz.Yusifə qarşı olan çirkin təklifini bir daha təkrar etmişdir.

Göstərdiyi bu davranış qadının nə qədər zalım və çirkin bir əxlaq sahibi olduğunu bir daha da ortaya qoyur. Qadın bəlkə də Misirdəki mövqeyinə və zənginliyinə bel bağlayaraq, Hz.Yusifi harama girməyə məcbur edir. Bu həddindən artıq həyasız bir təklifdir. Hz.Yusif isə: “(Yusif) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram”” (“Yusif” surəsi, 12/32) - deyərək qadının bu davranışından Allaha sığınmışdır.

Allah Yusif peyğəmbərin duasını qəbul etmiş və onların hiylələrindən onu uzaqlaşdırmışdır.

Həm Əzizin özü, həm də xanımının təklifinə şahid olan digər qadınlar Hz.Yusifin günahsız olduğuna şahid olduqları halda, bu məsələdə doğrunun yanında olmamış və vicdansız hərəkət etmişdilər. Bunun nəticəsində Allahın: “Dəlilləri gördükləri halda, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər” (“Yusif” surəsi, 12/35) ayəsi ilə bildirdiyi kimi, Hz.Yusif zindana atılmış və uzun illər orada qalmışdır. Allah qadınların hiyləli hərəkətlərini peyğəmbərindən uzaqlaşdırmış və Özünə qarşı göstərdiyi ixlasa və səmimiyyətə görə də daha sonra Hz.Yusifi zindandan çıxararaq günahsız olduğunu insanlara göstərmiş və onu Misirdə idarəçi etmişdir.

Bütün bu hadisələrin üzərində düşünülməsi və ibrət alınması lazım olan çox yönü var. Əzizin xanımının və digər qadınların davranışları Allahdan qorxmayan insanların azğınlıqda nə qədər qərarlı və çirkin bir cəsarətə sahib ola bildiklərini və necə hiylələr qura bildiklərini açıq-aşkar ortaya qoyur. Allah qorxusu olmayan bir insan asanlıqla hər cür vicdansızlıqları edə bilər, nəfsinin istəklərinə uyğun olaraq insanlara tələ qurmaqda və böhtan atmaqda tərəddüd göstərməz.

Allahın ayədə Əzizin: “Bu sizin məkrlərinizdəndir. Doğrudan da, sizin məkriniz böyükdür!” sözü ilə diqqət çəkdiyi kimi Allah qorxusu olmayanda hiyləli yollara müraciət etmək qadın əzxlaqında asanlıqla həyat tapa bilir. Allah iman sahibi olmayan qadınların nəfsindəki bu xüsusiyyətə Quranın bəzi ayələrində belə bildirir:

“Möhkəm əyirdiyi ipliyi sonradan qıran qadın kimi olmayın. Siz bir ümmət digərindən (sayca) çox olduğu üçün aranızdakı andları yalana çevirirsiniz. Allah bununla yalnız sizi sınayır. O, qiyamət günü ixtilafda olduğunuz məsələləri sizə izah edəcəkdir!” (“Nəhl” surəsi, 16/92).

“De: Pənah aparıram sübhün Rəbbinə! Yaratdıqlarının şərindən; Zülmətə bürünməkdə olan gecənin şərindən; (Ovsun oxuyub) düyünlərə üfürən qadınların şərindən; Və bir də paxıllığı tutanda paxılın şərindən!”” (“Fələq” surəsi, 113/1-4).

Allah hiylə işlədərək, pis yollara müraciət edərək nəfsinin istəkləri üçün başqalarına pislik etməkdən çəkinməyən insanların şərindən çəkinmək lazım olduğunu xatırladır. Allahın bu ayəsi bu əxlaqa yiyələnmiş qadınların şərinin həqiqətən böyük ola bildiyini göstərir.

Ancaq yaddan çıxarılmamalıdır ki, Hz.Yusif misalında olduğu kimi, Allah insanların hiyləli məkrlərini dağıdacağını bildirmişdir. Pis əxlaq həmişə insanın özünə zərər verir. Allah qorxusu və dürüstlük isə Allahın istəyinə uyğun olaraq həmişə Allahın köməyi və neməti ilə əvəzini tapır.