Özünü aldatmadan səmimi dindar olmaq

Ətrafımızdakı varlıqların, dünyada olan canlıların və kainatdakı canlı-cansız hər şey üzərində düşünməyin vacibliyini və bu düşüncənin nəticəsində insanın yaradılış məqsədinin Allah`a qulluq etmək olduğu həqiqətinə əvvəlki hissədə toxunmuşduq. Bu hissədə də çox əhəmiyyətli bir mövzudan bəhs edəcəyik.

Hal-hazırda, neçə yaşındasınızsa, məsələn, 30 yaşınız varsa, bundan 30 il 10 ay əvvələ nəzər yetirək: yer üzündə bir varlığınız olmadığı kimi, var olacağınıza dair bir işarə də yox idi. Sonra bir spermanın yumurta hüceyrəsi ilə birləşməsi və 9 aylıq inkişaf müddəti nəticəsində bir körpə olaraq dünyaya gəldiniz, yəni yox ikən var oldunuz. Əvvəl tək bir hüceyrə idiniz, sonra bu hüceyrə bölünərək iki hüceyrə oldu, sonra dörd, səkkiz, on altı, otuz iki… Nəticədə də milyardlarla hüceyrədən yaranan əli, ayağı, gözləri, qulaqları, burnu, qan dövranı, tənəffüs sistemi olan canlı oldunuz. Üstəlik, bir hüceyrə ikən düşünə bilən, görə bilən, hiss edə bilən, zövq alan, şüur sahibi varlıq oldunuz. Bunun nə qədər möhtəşəm hadisə olduğunu bir az düşündüyünüzdə asanlıqla qavraya bilərsiniz.

Bəs, bu möcüzəvi hadisə necə reallaşdı? Gözlə görünməyən iki parçanın birləşməsi ilə necə şüurlu varlıq meydana gəldi? Bu sualların cavabları aşağıdakı ayələrdə verilmişdir:

Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız, daha sonra qocalasınız deyə, yaşadan Odur. İçərinizdə daha əvvəl öldürülənlər də var. (Bütün bunlar) müəyyən bir vaxta yetişəsiniz və bəlkə, düşünüb anlayasınız deyə edilir. Dirildən də, öldürən də Odur. O, bir işi qərara aldıqda ona ancaq: “Ol!” – deyər, o da dərhal olar. (Mömin surəsi, 67-68)

Bu ayələrdə bütün insanların və bütün varlıqların yaradıcısının Allah olduğu və insanların bu reallıq qarşısında ağıllı olmalarının vacibliyi xatırladılır. Ağlından istifadə edən insan əsl yaradılış məqsədinə çatar və Allah`ın dininə təslim olar. Onun razılığını və rəhmətini qazanmaq üçün çalışaraq həyatını davam etdirər. Allah Quranda insanlara öz yaradılışlarını düşünərək aldanışlardan, yanılmalardan uzaq olmalarını belə əmr etmişdir:

Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir? O Rəbbin ki, səni yaratdı, düzəldib qaydaya saldı. Sənə Özü istədiyi surətdə biçim verdi. Xeyr, daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız! Sizin üstünüzdə gözətçi mələklər - yazan və çox hörmətli olan mələklər vardır. Onlar sizin nə etdiklərinizi bilirlər. (İnfitar surəsi, 6-12)

Ancaq bütün bu həqiqətlərə baxmayaraq, insan aldanıb-yanılmağa, yanlış yola düşməyə, özünü aldadaraq ömrünü boş işlərə sərf etməyə, Yer üzündəki mövcud olan möcüzələri vicdansızlıq edərək görməməyə, eşitməməyə və ya görüb anlamazlıqdan gəlməyə meyillidir. Əgər insan Allah`ın varlığı və böyüklüyünü düşünməz və ağlından istifadə etməzsə, sonsuz peşmançılıqla qarşılaşa bilər. Buna görə, insanların özlərini aldatmamaları, dünyadakı hər şeyin bir məqsədlə yaradıldığını, sahib olduqları bütün nemətlərin bir hikmətlə verildiyini və hesab günü bütün bunlardan sorğuya çəkiləcəklərini unutmamaları vacibdir.

Din əxlaqını yaşamaq üçün səmimi olmaq lazımdır

Həqiqi və səmimi imana sahib olan insanlar heç vaxt özlərini aldatmaz və həqiqətlərdən qaçmazlar. Çünki bu insanlarda güclü Allah qorxusu var, buna görə də Allah`ın razılığını itirməkdən çox çəkinirlər. Amma Quranda bildirilən ifadə ilə qəlbində xəstəlik olanlar Allah`a ibadət etməkdə ağır davranırlar. Allah bu insanların varlığını “Nisa” surəsinin 72-ci ayəsində “Aranızda elələri də vardır ki, ağır tərpənər” şəklində bildirmişdir. Bu insanlar Qurana uyğun olan həyat və əxlaq modelini bilsələr də, dini mövzuda səmimi olmadıqları üçün istəksizdirlər. İbadətləri yerinə yetirməmək üçün daim bəhanə axtarırlar. Davamlı olaraq belə bir axtarış içində olduqları üçün də hər bir şərait və mühitdə özlərini aldadan, ya da doğru olandan uzaqlaşdıran saxta səbəblər tapırlar. Allah`ın bir başqa ayəsində bildirdiyi kimi, bir ucundan dini yaşayır və Allah`a lazımi qaydada qulluq etmirlər. Halbuki, onlar belə səmimiyyətsiz ibadət anlayışı ilə yalnız özlərini aldadırlar. Allah bu vəziyyəti Quranda belə açıqlayır:

İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allah`a və qiyamət gününə iman gətirdik”, -deyirlər. Onlar elə güman edirlər ki, Allah`ı və möminləri aldadırlar. Bilmirlər ki, əslində, ancaq özlərini aldadırlar. Onların ürəyində mərəz var. Allah onların mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar! (Bəqərə surəsi, 8-10)

Allah`ın dinində səmimiyyət əsasdır. Əgər bir insan vərdişləri səbəbindən və ya ətrafındakı insanlardan əks reaksiya görməmək üçün bəzi ibadətləri istəmədən yerinə yetirirsə, yuxarıdakı ayədə də bildirildiyi kimi, yalnız özünü aldatmış olur. Allah Quranda istəksiz edilən ibadətlərin qəbul olunmayacağını insanlara belə xəbər verir:

Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allah`ı və onun Peyğəmbərini inkar etmələri, namaza tənbəl-tənbəl gəlmələri və istəməyə-istəməyə xərcləmələridir. (Tövbə surəsi, 54)

Səmimiyyətdən uzaq insanlar Allah`a qarşı olan məsuliyyətlərindən qaçmaq, ömürlərini dünyəvi həvəslərə sərf etmək üçün bitib-tükənməyən bəhanələr axtarırlar. Gənc yaşlarında, məktəb illərində, iş həyatında, əylənərkən, uşaq sahibi olanda, kədərlənəndə, sevinəndə... hər vəziyyətdə ibadət etmələrinə, Allah`ın əmrlərinə itaət etmələrinə mane olan süni səbəblər tapırlar. Sonrakı hissələrdə insanların bəhanə olaraq qarşıya qoyduqları səbəblər gündəlik həyatdan gətirilən misallarla açıqlanacaq. Burada əhəmiyyətli olan məsələ insanların bu səbəbləri qarşıya qoyduqları zaman səmimiyyətsiz olduqlarını başa düşmələridir. Çünki dünyada bir insanın Allah`ın əmrlərini yerinə yetirməsinə mane ola bilən heç bir səbəb ola bilməz. Əgər insanın belə bir səbəbi varsa, bu, onun səmimiyyətsizliyinin və ya iradəsizliyinin göstəricisidir.

Allah`ın özünə şah damarından yaxın olduğunu, hər şeyi gördüyünü, eşitdiyini, hər kəsin gizlətdiklərini də, aşkar etdiklərini də bildiyini anlayan insan Ona olan qulluğunda əsla səmimiyyətsizlik etməyə cəhd edə bilməz. Bir bəhanə gətirsə, onu qəlbindən keçirərkən və hətta hələ keçirmədən öncə Allah`ın biləcəyini və ya daxilən könülsüz olduğundan Allah`ın xəbərdar olacağını çox yaxşı bilir. Belə bir səmimiyyətsizliyə cəhd etmənin əvəzsiz qalmayacağını da düşünüb anlayır. Bu səbəbdən də özünü aldatmanın çıxış yolu olmadığının, əksinə, onu çox böyük itkilərə uğradacağının şüurundadır. Belə bir insan heç bir şəraitdə Allah`ın rizasından uzaqlaşmaz. Çünki Allah`a qəti şəkildə iman etdiyi üçün zəifliyi yoxdur. Qeyd-şərtsiz səmimiyyətə malikdir.

Qəlbində xəstəlik olan insanlar isə Allah`ı açıq şəkildə inkar etməsələr də, imanlarında zəiflik vardır. Yəni inancları müəyyən şərtlərə bağlıdır. Mənfəətlərinə zidd olan anda Quran əxlaqını yaşamaqdan imtina edə bilərlər. Özlərinə asan gələn ibadətləri yerinə yetirərək vicdanlarını rahatlaşdırmağa çalışarlar.

Bu insanlar özlərini açıq şəkildə aldadaraq bunun şüurunda olmazlar. Siz də bu insanların Allah qatında düşdüyü səmimiyyətsiz vəziyyətə düşmək istəmirsinizsə, diqqət edin və əsla özünüzü aldatmayın. Əgər bilginiz azdırsa, Rəbbimizi Quranı oxuyaraq tanıya bilərsiniz. Çünki Allah Özünü qullarına endirdiyi kitabında tanıtmışdır. Beləliklə, Allah`ın qədrini haqqı ilə təqdir edə bilər, kamil imanlı, səmimi dindar ola bilərsiniz. Amma Allah`ı və dinini cahiliyyə cəmiyyətinin dünyagörüşü ilə qiymətləndirsəniz, bərpası mümkün olmayan böyük səhvlər edərsiniz. Unutmayın! Ancaq Allah`a qəti şəkildə iman etdiyinizdə və səmimi qulluq etdiyinizdə qurtula bilərsiniz.

Axirət inancının güclü olması ilə səmimi dindar olmaq mümkündür

Əvvəlki hissələrdə də ifadə etdiyimiz kimi, yaradılış məqsədini unudaraq öz istək və arzuları istiqamətində dəyərsiz işlərin arxasınca qaçaraq həyatını Allah`ın əmr və qadağalarını tanımadan keçirən bir insan ölümdən sonra diriləcəyini, etdiklərinin bir-bir hesabını verəcəyini və buna uyğun qarşılıq görəcəyini düşünmək istəmir. Axirətin varlığını bilsə də, vicdanını susduraraq özünü aldadır. Sırf bu həqiqətdən qaçmaq üçün bəzi azğın inanclara belə əl atır. Məsələn, xüsusilə son zamanlarda yayılan, öldükdən sonra dəfələrlə dirilərək fərqli yerlərdə və zamanlarda yenidən dünyaya gəlmə şəklində açıqlanan reinkarnasiya inancının insanlar tərəfindən mənimsənməsinin səbəblərindən biri də budur. Dünyada etdiklərinin əvəzini axirətdə cəhənnəm kimi bir cəzanın özlərini gözlədiyini bilən və ya heç olmasa bunu ehtimal edən insanlar öldükdən sonra axirətə gedəcəkləri həqiqətindən narahat olurlar. Buna görə də heç bir dəlil və əsasın olmadığına baxmayaraq, bu azğın inancı və ya bu tərz inancları tez qəbul edirlər.

Bu şəkildə özlərini axirətin olmadığına inandıraraq ovutmağa çalışan insanlar hər dövrdə yaşamışdır. Allah Quranda bu insanların sırf axirəti qəbul etməmək və bu həqiqətlə üz-üzə gəlməmək üçün ağıl və məntiqdən necə uzaqlaşdıqlarını bizlərə ibrət olaraq anlatmışdır. Bu ayələrdən biri belədir:

Deyirlər: “Doğrudanmı, biz (öləndən sonra dirilib) əvvəlki vəziyyətimizə qaytarılacağıq?! Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!” Onlar deyirlər: “Elə isə bu ziyanlı dönüşdür.” (Naziat surəsi, 10-12)

Yuxarıdakı ayələrin sonunda da göründüyü kimi, axirəti və dirilişi inkar edən bu insanlar yenidən dirildiləcəklərinin öz zərərlərinə olacağını vicdani olaraq bilirlər. Buna görə, bu həqiqəti mümkün olduqca ağıllarına gətirməməyə, azğın düşüncələrlə unutmağa və unutdurmağa çalışırlar. Cavabını çox yaxşı bildikləri halda, sırf həqiqətlərdən qaçmaq üçün bu sualları verirlər:

Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi. De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır!” (Yasin surəsi, 78-79)

Axirət mövzusunda bu şəkildə özlərini aldatma yolunu seçən insanların bu məntiqləri bütün düşüncə və davranışlarında əks olunur. Əgər bir insan özünü ölümdən sonra hesab gününün olmayacağına, cənnət və ya cəhənnəm həyatının olmadığına inandırsa, hər cür azğınlığı etməyə qadir olar. Çünki insanı qorxudub-çəkindirən səbəblərdən biri axirətdə etdiklərinə uyğun əvəz görəcəyi inancıdır. Amma əgər əks düşüncədədirsə, məsuliyyətlərinə əhəmiyyət verməz və görməzlikdən gəlməyə başlayar. Çünki ancaq axirətə inanan insanlar bu dünyada özlərini aldadaraq reallıqdan qaçmanın axirətdə çox böyük acı və hüsranla nəticələnəcəyini bilirlər.

Siz də bir az düşündüyünüzdə özünüz də daxil olaraq ətrafınızdakı heç bir şeyin təsadüfən olmadığını, hər şeyin Allah`ın sonsuz gücü, bilgisi, istəyi və idarəsi ilə reallaşdığını asanlıqla görə bilərsiniz. Bundan başqa, axirəti yaratmanın da yuxarıdakı ayələrdə xəbər verildiyi kimi, Rəbbimiz üçün çox asan olduğunu, İlahi ədalətə ən uyğun olduğunu qavraya bilərsiniz. Diqqət edin! Anlamazlıqdan gələrək özünüzü aldatmayın. Çünki bu mövzuda özünü aldadanlar və axirət həqiqətindən uzaq yaşayanlar axirətdə etdikləri səhvləri bərpa edə bilməmənin sonsuz acısını yaşayacaqlar.

Səmimi insanlar şeytana itaət etməzlər

İnsanların böyük əksəriyyəti şeytanın əsl xüsusiyyətlərini tanımır, onu ətrafdan eşitdikləri və ya filmlərdə gördükləri kimi, xəyali varlıq olaraq canlandırırlar. Buna görə, bəzi insanlar şeytanın müstəqil gücə sahib olduğunu düşünürlər. (Allah`ı tənzih edirik). Bəzi insanlar da şeytanın varlığına şübhə ilə yanaşaraq ona əhəmiyyət vermirlər. Varlığına ehtimal versələr belə, şeytanın üzərilərində hər hansı bir təsirinin ola biləcəyini heç düşünmürlər. Bunların hər ikisi də heç bir dəlilə əsaslanmayan, əksinə, yalnız güman edilən yanlış inanclardır. Hər mövzuda olduğu kimi, bu mövzuda da ən doğru və əsaslı məlumatı Allah`ın haqq kitabından öyrənə bilərik.

Quranda bildirildiyinə görə, şeytan zənn edildiyi kimi müstəqil gücə sahib deyil. Allah`ın yaratdığı və Onun nəzarətində olan varlıqdır. Dünyada etdiyi bütün fəaliyyətlər ancaq Allah`ın izni ilə reallaşır. Şeytan Allah`ın hüzurundan qovulduqdan sonra Allah`dan qiyamətə qədər möhlət istəmişdir. Şeytanın Allah`ın hüzurundan qovulması və aldığı bu möhlət ayələrdə belə bildirilir:

Sizi yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” - dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı. (Allah İblisə:) “Mən sənə əmr edəndə sənə nə mane oldu?” - deyə buyurdu. (İblis:) “Mən ondan daha yaxşıyam, çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” - dedi. (Allah) buyurdu: “Oradan aşağı en. Orada sənə təkəbbür göstərmək yaramaz. Çıx, çünki sən alçaqlardansan!” (İblis) dedi: “Mənə qiyamətə qədər möhlət ver!”(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!” (İblis) dedi: “Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam! Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!” (Allah) buyurdu: “Oradan rüsvay olmuş və kənar edilmiş halda çıx. Onlardan hər kim sənə uysa (cəzasını alacaq). Əlbəttə, cəhənnəmi sizin hamınızla dolduracağam!” (Əraf surəsi, 11-18)

Şeytan Allah`ın hüzurundan qovulduqdan sonra insanları da özü kimi azdıracağına and içmiş və hiyləgər fəaliyyətlərinə başlamışdır. Allah şeytanın bu fəaliyyətlərini Özünə iman və qulluq edənlərlə etməyənləri ayırd etmək üçün imtahan səbəbi etmişdir. Buna görə, şeytanın hiyləgər oyunları, tələləri və planları dünyada yaşayan, yəni imtahanı davam edən bütün insanlara aiddir. Şeytan istisnasız bir-bir hər kəsi aldatmaqla məşğuldur. Buna görə, heç kim şeytanın təsirini özündən uzaq görməməlidir. Əgər insan bu təhlükənin şüurunda olsa, diqqətli davranar və şeytanın ən kiçik hiyləsini belə anlayar. Amma əgər özündən uzaq görsə, asanlıqla şeytanın təsiri altına düşə bilər. Bu səbəbdən, şeytan Allah`ın səmimi qullarına təsir edə bilməz, çünki onlar şeytanın doğru yoldan azdırmağa çalışacağını heç bir zaman unutmaz və hər zaman onun təsirinə qarşı təmkinli davranarlar.

Şeytanın yanlış təlqini hər an özünü göstərə bilər. İnsan gündəlik həyatında qarşılaşdığı hər hadisədə səhv edə bilər. Əgər səmimi imana sahib deyilsə, bu təsir onun bütün həyatını əhatə edər ki, bunun nəticəsində insanı cəhənnəmə qədər aparar. Şeytanın hədəfi də budur. Şeytan insanların Allah`a qarşı üsyan etmələrini və bunun nəticəsində sonsuza qədər əzab içində qalmalarını istəyir. Cəhənnəmə girənə qədər onlardan əl çəkməz. Bütün hiylələrinin, insanları davamlı olaraq müşahidə etməsinin, fürsət gözləməsinin məqsədi insanları da özü ilə birlikdə cəhənnəmə aparmaqdır. Allah bir ayəsində şeytanın bu düşmənçiliyinə qarşı insanları xəbərdar etmişdir:

Həqiqətən, şeytan sizin düşməninizdir, onu düşmən tutun. O, özünə uyanları cəhənnəm əhli olmağa çağırır. (Fatir surəsi, 6)

Şübhəsiz, Allah bu ayəsi ilə böyük təhlükəyə diqqət çəkmişdir. Şeytan insanlığın başlanğıcından bu yana Allah`a iman etməyən saysız-hesabsız insan üzərində bu hədəfinə çatmışdır. Bu vəziyyətə ayələrdə diqqət çəkilmişdir:

İblisin onlar haqqındakı zənni düz çıxdı. (İçərilərindən) bir dəstə mömin istisna olmaqla, hamısı ona uydu. Əslində, (iblisin) onlar üzərində heç bir hökmü yoxdur. Lakin Biz axirətə inananla ona şəkk edəni ayırd edib bilmək üçün (ona bu imkanı verdik). Sənin Rəbbin hər şeyi hifz edəndir! (Səba surəsi, 20-21)

Amma qeyd etmək lazımdır ki, Allah Quranda şeytanın hiyləsinin zəif olduğunu da bildirmişdir (“Nisa” surəsi, 76). Yuxarıdakı ayədə də göründüyü kimi, şeytanın insanları məcbur etməsi mümkün deyil, onun buna gücü də çatmaz. Şeytan insanları yalnız çağırar və Allah`a səmimi olaraq iman etməyən, axirəti inkar edən insanlar bu çağırışa tabe olub özlərini zərərə apararlar. Axirətdə şeytanın etirafı bir ayədə belə bildirilir:

İş bitdikdə şeytan belə deyəcək: “Allah sizə doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində, mənim sizin üzərinizdə heç bir hökmüm yox idi. Lakin mən sizi çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənin dadıma. Mən öncə sizin məni şərik qoşmağınızı da inkar etmişdim”. Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir! (İbrahim surəsi, 22)

Şeytanın hiyləsi zəifdirsə, verdiyi mənfi təlqinlərin təsirindən xilas olmaq da çox asandır. Allah insanlara bu təsirdən uzaqlaşmanın yollarını da ayələri ilə belə bildirir:

Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allah`a sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir! Allah`dan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman onlar (Allah`ın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal görən olarlar. (Əraf surəsi, 200-201)

Bu ayələrdən də göründüyü kimi, şeytanın iman etmiş insanlar üzərində təsiri mümkün deyil. Şeytanın mənfi təsirindən uzaqlaşmanın yolu da, əvvəlcə, sonsuz qüdrət sahibi olan Allah`a sığınmaq və Allah`ın ayələri üzərində düşünməkdir. Qəflətə qapılmadan zehin açıqlığı ilə düşünən və həqiqətləri görə bilən insan şeytanın özünü aldatmasına qarşı son dərəcə diqqətli olar və onun tələsinə düşməz; imanı, qətiyyəti və Allah`a olan sədaqəti ilə şeytanın tələsini pozar.

Amma insanların əksəriyyəti özləri üçün belə bir təhlükənin olduğunu düşünməz, buna görə, şeytanın təlqinlərinə qarşı Allah`a sığınmazlar. Şeytan qəflət içindəki bu insanlara hiyləgərcə yaxınlaşar və öz təlqinlərini pıçıldayar. Bəzi insanların həqiqətləri bilə-bilə özlərini aldatmalarının səbəblərindən biri də şeytanın bu təlqinlərinə və vəsvəsələrinə qulaq asmaları, ona tabe olmalarıdır.

Belə bir sual meydana çıxır: şeytan ağıllı kimi görünən o qədər insanı bu dərəcədə ağılsız hərəkətləri etməyə necə məcbur edə bilər? Hansı yollardan istifadə edib özlərini aldatmalarına və sonu cəhənnəmlə bitən bir yola düşmələrinə səbəb ola bilər?

Növbəti səhifələrdə şeytanın təlqininə qapılıb özlərini aldadan bəzi insanların vəziyyətləri, bəhanələri, özlərini aldatma səbəbləri və bu insanların düşdükləri ibrətverici vəziyyət izah ediləcək. Şeytanın bu insanları hansı yollarla aldatdığına və əzaba sürüklədiyinə diqqət çəkiləcək və səmimi insanların bu hiyləgər metodlara qarşı təmkinli olmaları xatırladılacaq.

Şeytan insanlara bəhanələr təlqin edir

Şeytan insanları Allah`ın yolundan azdırmaq, Allah`ın əmr etdiyi ibadətləri yerinə yetirmələrinə və Quranda bildirilən üstün əxlaqı yaşamalarına mane olmaq üçün yollar axtarır. Bu yollardan biri də insanların yerinə yetirmədikləri ibadətlərlə əlaqədar müxtəlif bəhanələr uydurmalarını təmin etməkdir. Yəni şeytan insanı yanlış yola apararkən bəhanələrini də onunla birlikdə gətirir. Məsələn, Allah`a ibadət etməli lazım olduğunu bilən gənc insana qarşısında daha çox uzun illər olduğu, gələcəkdə bu məsuliyyətlərini tam olaraq yerinə yetirəcəyi, amma indi buna vaxtının olmadığı, şəraitin də əlverişli olmadığı, bütün gün məktəbdə və ya işdə olduğu, bundan əlavə, yoldaşlarının da bunu bəyənməyəcəyi kimi onlarla bəhanə təlqin edir. Əgər insan səmimi və güclü imana sahib deyilsə, şeytanın bu təlqinlərinə aldanır. Amma şeytan bununla da kifayətlənməyərək insanı rahat buraxmaz. Daha əvvəl də ifadə edildiyi kimi, həmin insan cəhənnəmə girənə qədər rahat olmaz. Bir tərəfdən də insana davamlı olaraq etdiklərinin məqbul olduğunu, bu şəkildə hərəkət etməkdə haqlı olduğunu təlqin edir. Sonunda həmin insan Allah`a qulluq vəzifələrini yerinə yetirməyən, bunda haqlı səbəbləri olduğunu zənn edən, hətta bu mövzuda çox sabit fikirli insan halına gəlir.

Halbuki, daha əvvəl də xatırladıldığı kimi, hər insan özünü yaratmış olan Allah`a qulluq etməsinin lazım olduğunu vicdani olaraq çox yaxşı bilir. Ancaq şeytanın özünə təlqin etdiyi səbəblərlə özünü bu an üçün hazır olmadığına inandırmışdır. Bir başqa ifadə ilə desək, etməli olduqlarını vicdani olaraq bilməsinə baxmayaraq, müxtəlif səbəblərlə özünü aldatmış və özünü səhv olana inandırmışdır.

Allah Quranda şeytanın təlqinləri ilə səmimiyyətdən uzaqlaşan bu insanlara dair bir çox nümunə vermişdir. Bu nümunələrdən bəziləri Peyğəmbərimizin (s.ə.v) dövründə yaşayan və imani zəiflik içində olan insanlardan verilmişdir. Peyğəmbərimiz (s.ə.v) də möminləri Qurandakı əmrlər istiqamətində haqq uğrunda mübarizəyə təşviq etmişdir. Lakin Allah`ın ayələrdə xarakterizə etdiyi kimi, qəlbində xəstəlik olan insanlar döyüşə çıxmamaq üçün müxtəlif bəhanələr uydurmuşdular. Bu vəziyyət ayələrdə belə bildirilir:

Və münafiqləri onlardan fərqləndirsin. Onlara: “Gəlin Allah yolunda vuruşun, yaxud müdafiədə bulunun!” – deyildi. Onlar: “Əgər biz vuruşa bilsəydik, sizin ardınızca gələrdik”, – deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dilləri ilə deyirlər. Halbuki, Allah onların gizlətdiklərini çox yaxşı bilir! (Ali-İmran surəsi, 167)

Bu insanların şeytanın təsirinə düşdükləri aydındır. Çünki onlar şəxsən Peyğəmbərimizin (s.ə.v) təbliğinə şahid olmuş, Allah`ın dinini yaxşı bilən insanlardır. Amma həqiqəti bilmələrinə, hətta ibadətlərdən bir qismini o günə qədər yerinə yetirmələrinə baxmayaraq, dünyaya olan bağlılıqları səbəbindən şeytanın bu tələsinə düşmüşlər. Allah`ın ayədə bildirdiyi kimi, müsəlmanları qorumağı lazım olduğunu çox yaxşı bilmələrinə baxmayaraq, bilmədiklərini söyləyərək özlərini və möminləri də guya aldatmağa çalışıblar. Bu insanların bir hissəsi də Peyğəmbərimizə: (s.ə.v) “Mal-dövlətimiz və ailələrimiz başımızı qatdı. (Allah`dan) bizim bağışlamağımızı dilə”, - deyərək qaçmağa çalışıblar (“Fəth” surəsi, 11). Bu ifadələr şeytanın təsiri ilə deyilmiş ifadələrdir. Bütün müsəlmanların canı təhlükə altında ikən insanın özünü düşünməsinin nə qədər böyük vicdansızlıq olduğu məlumdur.

İnsanlar Allah`ın əmrlərinə tabe olmaq və razılığını qazanmaq üçün nə edəcəklərini çox yaxşı bilirlər. Belə ki, səmimi olmadıqlarını bildikləri üçün Peyğəmbərimizə (s.ə.v) özləri üçün bağışlanma diləməsini söyləyərək vicdanlarını rahatlatmağa çalışıblar. Vicdansızlıq etmələrinə baxmayaraq, söylədikləri yalanlara özlərini elə inandırmışdılar ki, sonunda buna sevinəcək vəziyyətə düşmüşdülər. Allah bir ayəsində ibadətlərdən geri qaldıqları üçün sevinən səmimiyyətsiz insanların vəziyyətinə belə diqqət çəkmişdir:

Arxada qalanlar Allah`ın Rəsuluna qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (möminlərə): “Bu istidə döyüşə çıxmayın!” – dedilər. De: “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər! (Tövbə surəsi, 81)

Peyğəmbərimizin (s.ə.v) dövründəki şərtlərə və mühitə görə insanlara bu bəhanələri təlqin edərək onları aldadan şeytan, əlbəttə, bu gün yaşayan insanları daha fərqli təlqin və bəhanələrlə aldatmağa çalışır. Çünki şeytan dünyadakı imtahanın tələbi olaraq insanların bütün zəifliklərindən xəbərdardır. Hər şəraitə, hər mühitə görə fərqli planlar hazırlaya bilər. Qarşısındakı insanlar alimlər, professorlar, liderlər, sənətçilər, qısası mədəni səviyyəsindən tutmuş hər cür maddi imkana sahib olan insanlar ola bilər. Şeytan bu insanların hamısına hansı yollardan yaxınlaşacağını bilir.

Şeytanın davamlı olaraq fürsət axtarmasına baxmayaraq, təsir edə bilmədiyi yeganə insanlar Allah`ın Quranda bildirdiyi kimi, saleh müsəlmanlardır. Çünki əvvəldə də ifadə edildiyi kimi, möminlər Allah`dan qorxduqları və cəhənnəmdən şiddətlə çəkindikləri üçün şeytanın hər cür hiyləsinə qarşı diqqətlidirlər. Bundan əlavə, Allah`a olan imanları səbəbindən çox güclü ağıla, vicdan və iradəyə sahibdirlər.

Şeytanın bura qədər izah edilən taktikaları, təlqinləri bütün insanlara aiddir. Yəni siz də şeytanın bu hiyləgər təlqinlərinə məruz qalma ehtimalı olan insansınız. Əgər səmimi imana sahibsinizsə, əsla bu həqiqətləri bilə-bilə şeytanın tələsinə düşməyin. Unutmayın, şeytan sizi də özü ilə birlikdə cəhənnəmə sürükləmək üçün pusquda gözləyir, sizin üçün planlar hazırlayır. Fürsət tapan kimi hiyləgərcəsinə hərəkətə keçəcək. Şeytana bu fürsəti verməyin. Sizi Allah`ın yolundan azdırmaq, Ona qulluq və dua etmənizə mane olmaq üçün müxtəlif bəhanə pıçıldayacaq. Üstəlik, bunları son dərəcə məqbul və məntiqli göstərməyə çalışacaq. Beləliklə, özünüzü aldadaraq razı salmağınızı təmin etməyə çalışacaq. Halbuki, siz vicdanınız sayəsində bunların hamısını rahatca anlaya bilər, iradənizdən istifadə edərək şeytanın təsirini özünüzdən asanlıqla uzaqlaşdıra bilərsiniz. Bu dünyada sizin üçün heç bir şey cəhənnəmdən xilas olmaqdan daha əhəmiyyətli və təcili ola bilməz. O halda, şeytanın bəhanələrini mənimsəyərək özünüzü aldatmağa çalışmayın. Çünki din günü heç bir bəhanə etibarlı olmayacaq, hətta ayədə bildirildiyi kimi, insanların bəhanələrini saymağa da icazə verilməyəcək.

Həqiqət budur, diqqət edin! Əsla Allah`ın dinini yaşamaq üçün bəhanələr uydurub özünüzü aldatmayın.

Şeytan insanı boş və mənasız işlərlə məşğul edir

Şeytanın insanları aldatmaq üçün istifadə etdiyi taktikalardan biri də onları boş və mənasız işlərlə məşğul etməsidir. Bunun üçün Allah`ın rizasından uzaq olan işləri insanlara cazibədar göstərir. Şeytanın bu təlqinlərinə qapılan insanlar davamlı olaraq dünyəvi planlar və hədəflərlə məşğul olan insanlara çevrilirlər. Bunlarla əylənərkən Allah`a olan qulluq vəzifələrini, dünyadakı həyatlarının bir gün sona çatacağını və Allah`ın hüzurunda hesab verəcəklərini ağıllarına belə gətirməzlər. Əvvəlki bölmələrdə qeyd edildiyi kimi, daha yüksək mövqe, daha çox pul və sərmayə, daha parlaq gələcək kimi keçici maraqlarla bütün həyatlarını keçirirlər. Halbuki, bir saniyə sonra yaşayacağına zəmanəti olmayan, harada və necə öləcəyini əsla bilməyən insanın belə nəticəsi olmayan planların arxasınca getməsinin böyük qəflət olduğu məlumdur.

Amma insanların böyük əksəriyyəti belə yaşamaq məcburiyyətində olduqlarına özlərini inandırıblar. Özlərini aldadaraq həyatlarını bu cür davam etdirmək yolunu seçirlər. Buna görə, hər biri öz məqsədini dünyanın ən əhəmiyyətli işi hesab edir. Məsələn, katibə üçün müdirinin yığıncaqlarını unutmamaq, şagird üçün dərslərindən daha yüksək qiymət almaq, satıcı üçün o gün daha çox ayaqqabı sata bilmək, iş adamı üçün daha böyük tender qazanmaq, idmançı üçün ən böyük mükafatı almaq, sənətçi üçün diskini daha çox insana dinlədə bilmək, gənc qız üçün ən gözəl paltarı geyinmək, universitet tələbəsi üçün yoldaşları arasında ən mədəni insan olmaq, tərcüməçi üçün ən doğru sözləri istifadə etmək, yazıçı üçün ən ədəbi üslubla kitablar və məqalələr yazmaq dünyanın ən böyük məqsədləridir. Əlbəttə, burada sayılanların istənməsi təbiidir, amma yuxarıda da ifadə edildiyi kimi, bunlar insan üçün həyatdakı ən əhəmiyyətli işlər deyil. İnsanın Allah`ın razılığını qazanmaqdan və cənnətinə layiq qul olmaqdan daha əhəmiyyətli işi ola bilməz.

Əgər insan özünü aldadıb həqiqətləri görməzlikdən gələrək dünyaya aid istəklərinin həyatın yeganə məqsədi olduğunu zənn etsə, gözləmədiyi anda ölümlə qarşılaşdığında böyük peşmançılıq yaşayacaq. O ana qədər özü üçün ən əhəmiyyətli dəyərlərin evi, iş yeri, avtomobili, diplomu, paltarları, dostları, qohumları olduğunu zənn etmişdir. Ancaq bunların nə qədər keçici və dünyadakı imtahan mühitinin bir parçası olduğunu ölüm mələklərini gördüyü anda anlayar. Bir tərəfində sonsuz mükafat yurdu olan cənnət, bir tərəfində isə insanın bədəninə və ruhuna ən şiddətli əzabların yaşadıldığı cəhənnəm olduğu halda, Allah`ın hüzurunda sorğu-sual olunarkən yaşadığı çarəsizlik və peşmançılıq dözülməz dərəcədədir.

O anda ancaq Allah`ın rizası üçün edilən işlər əsasdır. Lakin həmin insan həyatı boyu belə bir şey etməmiş, Allah rizası üçün işləməmişdir. O zaman dünyada həyatını həsr etdiyi, ömrünü sərf etdiyi işlərin heç bir mənası və əhəmiyyəti olmadığını ən açıq şəkildə anlayar. Hərçənd bunlar bilmədiyi şeylər deyil. Qarşısına çıxanların hamısı vicdani olaraq çox yaxşı bildiyi, amma özünü aldadaraq qaçdığı həqiqətlərdir. Allah bu insanların vəziyyətini “...Şeytan əməllərini onlara gözəl göstərib gözləri görə-görə onları haqq yoldan çıxartdı” (Ənkəbut surəsi, 38) ayəsində xəbər vermişdir. Yəni bu insanlar həqiqətləri görə biləcəkləri halda, şeytanın təlqinlərinə bilə-bilə uymuş və boş işlərlə həyatlarını keçirmişdilər.

Axirətdə səhv davrandığını qəbul etmənin bu insanlara bir fayda gətirməyəcəyini Allah ayələrində belə bildirir:

Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı və cəhənnəmin gətiriləcəyi gün – məhz o gün insan xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?! O: “Kaş ki, mən əvvəlcədən həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir. O gün (Allah`ın) etdiyi əzabı heç kəs edə bilməz! (Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz! (Fəcr surəsi, 22-26)

O halda, siz axirətdə: “Kaş ki”, - deyənlərdən olmamaq üçün həyatınızın əsl məqsədini düşünün və etdiyiniz işlərin bu məqsədə nə qədər xidmət etdiyini bir daha nəzərdən keçirin. Diqqət edin, əsla boş və mənasız işlərlə özünüzü yaxşı işlər görürmüş kimi aldatmayın. Bu, gün ərzində etdiyiniz bütün işlərə, məşğul olduğunuz hər şeyə aiddir. Maddi və mənəvi bir şey üçün çalışdığınızda əsl məqsədiniz Allah`ın rizasını və cənnətini qazanmaq olmalıdır. Əgər bir işdə Allah`ın rizasını görmürsünüzsə və axirətinizə bir fayda verməyəcəyini düşünürsünüzsə, ondan çəkinin. Xeyir və fayda gördüyünüz işlərə yönəlin. Vicdanınızın səsi sizə bunu ayırd etməyi ən doğru şəkildə söyləyəcək. Mütləq vicdanınızın səsini dinləyin və diqqət edin, şeytan dəyərsiz, keçici şeyləri cazibədar edərək sizi də aldatmasın.

Şeytan hiyləli vədlər verir

Şeytan insanı Allah`ın yolundan azdırmaq üçün insanlara boş işləri bəzəkli göstərməklə qalmır, onlara bu mövzuda müxtəlif vədlər də verir. Allah şeytanın bu hiyləsini bir ayəsində belə bildirir:

(Şeytan) onlara vədlər verir, ürəklərində arzular oyadır. Lakin şeytan onlara yalnız yalan vədlər verir. (Nisa surəsi, 120)

Şeytanın təsirinə düşən insanlar önlərində çox uzun illərin olduğuna özlərini inandırıb uzun müddətli planlar qururlar. Sanki bu dünyada sonsuza qədər yaşayacaqmış kimi mal, mülk, məqam, mövqe həvəsinə qapılıb Allah`ın razılığından tamamilə uzaqlaşırlar. Allah bunun şeytanın bir hiyləsi olduğunu başqa bir ayədə belə bildirir:

Doğru yol özlərinə bəlli olduqdan sonra dönənlərə şeytan xoş göstərdi və onları tovlayıb yoldan azdırdı. (Muhəmməd surəsi, 25)

Hər insanın çoxlu planları vardır. Daha əvvəl də qeyd edildiyi kimi, hər peşədən, hər yaşdan, hər ictimai mühitdən insanların planları bir-birindən fərqli olsa da, əslində, hamısı dünyaya istiqamətlənmişdir. Məsələn, bir iş adamının gələcəyə aid ən böyük idealı böyük bir fabrikə sahib ola bilməkdir. Bu fabrikə sahib olduqdan sonrakı ən böyük idealı isə istehsal etdiyi malları dünya səviyyəsində ixrac etməkdir. Və ya bir sənətçinin idealı ölkəsindəki hər kəs tərəfindən tanınan, sevilən, hörmət edilən, qabiliyyətləri təqdir edilən insan ola bilməkdir. Bu məqsədinə çatarsa, bir sonrakı məqsədində də eyni müvəffəqiyyəti bütün dünya səviyyəsində göstərə bilməkdir. Bir çox insan üçün belə nümunələri saya bilərik. Bu insanlar dünyada özləri üçün seçdikləri idealları reallaşdıra bilmək üçün gecə-gündüz çalışırlar.

Amma, görəsən, bunları həyata keçirə biləcək qədər ömürləri vardırmı? Hər insan, əvvəlcə, bunu düşünməlidir. Çünki yuxarıda sayılan planların heç birinin reallaşması sığortalanmayıb. Amma ölüm mütləq reallaşacaq, hər insanın başına gələcəkdir. Buna baxmayaraq, bu insanların ölümdən sonrası üçün heç bir plan və hazırlığı yoxdur. Bütün həyatları dünyadakı həyatlarına aid idealları reallaşdırmağa həsr olunmuşdur. Üstəlik, bir gün ölümlə birlikdə bütün planlarının bir daha tamamlanmamaq üzrə yarıda qala biləcəyini ağıllarına belə gətirməmişdilər. Çünki şeytan onlara ayədə bildirildiyi kimi, müxtəlif vədlər vermiş və onlar da bunlara qapılıb özlərini aldadaraq bir ömrü puç etmişdilər.

Halbuki, insan bitib-tükənməz arzular arxasınca qaçmaqdansa Allah`a qarşı məsul olduğunu və din günündə Onun hüzurunda bütün etdiklərinin hesabını verəcəyini bilərək Allah`ın Quranda göstərdiyi şəkildə yaşamalıdır. Əks halda, sonsuz həyatı üçün hazırlıq görməməsi, özünə verilən fürsəti qaçırması onu sonsuza qədər cənnətdən məhrum edə bilər. Cənnətdən məhrum olan insanın gedəcəyi yer isə cəhənnəmdir.

Allah`ın özünə verdiyi bu müddəti heç bir dəyəri olmayan işlərlə puç edənlər axirətdə çox böyük peşmançılıq yaşayacaqlar. Onlara o gün belə deyiləcək:

Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi qədər ömür vermədikmi?! (Fatir surəsi, 37)

Ayədə bildirildiyi kimi, hər insana öyüd ala biləcəyi, vicdanının səsini eşidə biləcəyi qədər vaxt verilmişdir. Şeytan nə qədər səhv yola aparmağa çalışsa da, insanın bu çağırışa qulaq asmamaq, Allah`ın əmr etdiyi yolda irəliləmək imkanı vardır. Bunun tək yolu səmimi iman və Allah`a güvəndir. Necə ki, bu xüsusiyyətlərə sahib insanlara aid olaraq şeytanın hər cür səyinin, hiyləgər vədinin boşa çıxacağı Quranda bildirilmişdir:

Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, mallarına və övladlarına ortaq ol, onlara cürbəcür vədlər ver. Şeytan yalnız yalan vəd verər! Doğrusu, Mənim bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz. Rəbbinin vəkil olması kifayət edər! (İsra surəsi, 64-65)

Diqqət edin, şeytan sizi də dünyəvi həvəs və əməllərin arxasınca aparıb əsl hazırlıq görməyiniz lazım olan yeri unutdurmasın. Siz dünyəvi ideallarla, müvəqqəti həvəslərlə özünüzü əyləndirib, yaxşı işlər etdiyinizi sanaraq aldatmayın. Allah`ın aşağıdakı əmrini həyatınızın heç bir anında unutmadan tətbiq edin:

Ey iman gətirənlər! Allah`dan qorxun! Hər kəs sabah üçün nə etdiyinə nəzər salsın. Allah`dan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır! Allah`ı unutduqları üçün Allah`ın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir! (Həşr surəsi, 18-19)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Yaradılış məqsədini unutmamaq
  • Özünü aldatmadan səmimi dindar olmaq
  • İnsanlar hansı yalanlarla özlərini aldadırlar?
  • Özünü aldadanların sonu....
  • Özünü aldatmağın yerinə səmimiyyət...
  • Yaradılış həqiqəti - 1
  • Yaradılış həqiqəti - 2