Şeytan insanları müxtəlif bəhanə, təlqin və hiyləgər dəvətlərlə öz yoluna çəkməyə çalışır. İnsanlara yaradılış məqsədlərini unutduraraq onları dünyəvi mənfəətlərə, müvəqqəti ideallara yönəldir. Əgər insan şeytanın bu çağırışına aldansa və hər şeyi yaradan Rəbbimizin çağırışından üz çevirsə, o zaman doğrunu görə bilməsi mümkün olmaz. Allah Quranda belə insanların vəziyyətini xəbər vermişdir. “Zuxruf” surəsində mövzu ilə əlaqədar ayələrdə belə buyurulur:
Kim mərhəmətli (Allah`ın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar. Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər. Nəhayət, o, hüzurumuza gəldikdə (yoldaşına) deyər: “Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib (arasındakı) uzaqlıq qədər (məsafə) olaydı. Sən nə pis yoldaş imişsən!” (Onlara deyilər:) “Siz haqsızlıq etdiyinizə görə, bu gün əzaba şərik olmağınız sizə heç bir fayda verməz!” Sənmi karlara eşitdirəcəksən, yaxud korları və aşkar azğınlıq içində olanları doğru yola yönəldəcəksən? (Zuxruf surəsi, 36-40)
Yuxarıdakı ayələrdə göründüyü kimi, Allah bu insanları kar və kor olaraq xarakterizə etmişdir. Şübhəsiz, burada bəhs edilən fiziki mənada karlıq və korluq deyil. Allah bu insanların mənəvi baxımdan kor və kar olduqlarını, doğru yola edilən dəvəti eşitməzlikdən, həqiqətləri görməzlikdən gəldiklərini bildirmişdir. Qısası, bu insanlar ağıl və vicdanlarına tabe olmayaraq Allah`ın əmrlərini və hesab gününü qulaq ardı edir və bu şəkildə xilas ola biləcəklərini zənn edirlər. Halbuki, bu insanlar yalnız özlərini aldadırlar.
Bunu xüsusilə ifadə etməliyik: özlərini aldadan insanlar dünyada azlıq təşkil etmir. Quranda bildirildiyi kimi:
...Lakin onların çoxu əsl həqiqəti bilmir və üz çevirərlər. (Ənbiya surəsi, 24)
Və yenə başqa ayədə deyilir:
... Lakin insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir. (Rum surəsi, 8)
Burada bəhs edilən şəxslərdən olmamaq üçün hər kəs bir daha düşünməli və özünü aldadanlardan olmamaq üçün səy göstərməlidir. Çünki dünyada olarkən doğrulara göz yumub özünü aldatmaq, axirətdə insana fayda deyil, böyük zərər verər.
İnsanın həyatı boyu yaşadığı hər anı filmin kadrlarına bənzətsək, bir həyatın trilyonlarla kadrdan meydana gəldiyini düşünə bilərik. Bu trilyonlarla kadrdan hər biri insan üçün verilmiş fürsət deməkdir. İnsanın həyatındakı hər an həqiqətləri düşünməsi, doğruları görə bilməsi üçün hesab günündən əvvəl özünə verilmiş nemətdir. Bu neməti xeyirə istifadə edənlər, düşünərək dünya həyatının əsl mahiyyətini qavraya bilən insanlardır. Düşünməyənlər və həyatlarını qəflət içində davam etdirənlər isə bu fürsəti qiymətləndirə bilməzlər.
Şübhəsiz, düşünmək anlayışından hər kəs fərqli məna çıxara bilər. Bəzilərinin düşünməkdən anladığı gələcəyi düşünməkdir. Gələcəyə dair planlar qurmaq, sərmayə qoymaq düşünməyin göstəricisidir onlar üçün... Bəziləri isə düşünməyi keçmişin hesabatını aparmaq kimi görür. Dayanmadan keçmişdə etdiklərini, qazandıqlarını və ya itirdiklərini düşünür. Bəziləri isə yalnız bu günü düşünməyin, sabahı heç düşünməməyin faydalı olduğuna inanır. Bu, onun dünyagörüşüdür. Gündəlik yaşayır; müəyyən bir məqsədi və izlədiyi yolu da yoxdur. Səhər qalxdıqda naharda nə yeyəcəyini düşünür, işə gedərkən hansı vasitəyə minəcəyini, günorta yeməyinə kimlərlə gedəcəyini, axşam gələcək qonağa nə yemək bişirəcəyini, hansı şirkətin səhmlərini almasının qazanclı olacağını, ertəsi gün futbol matçına bilet tapıb-tapa bilməyəcəyini, məktəbdəki əyləncəyə kiminlə gedəcəyini düşünür… Qısası, insanların çoxunun zehni davamlı gündəlik, sadə və səthi düşüncələrlə doludur.
Budur, yer üzündəki yüz milyonlarla insan bu və buna bənzər düşüncələrlə ömrünü keçirir. Və görünən odur ki, insanlar belə mövzuların xaricindəki dərin mövzular üzərində düşünməyə çox yanaşmırlar. Ancaq burada düşünmək deməklə nəzərdə tutulan insanın həyatının məqsədini, ətrafındakı yaradılış dəlillərini, Allah`ın kainatda təcəlli edən möhtəşəm sənətini, ölümü, axirəti, hesab gününü düşünməsidir. Budur, insanların əksəriyyətinin nöqsan cəhəti də budur.
Düşünün! İllərlə təhsil alıb bioloq, mühəndis, həkim, professor olur, amma həyatında bir dəfə belə heç yox ikən necə var olduğunu, bunun da mütləq bir məqsədlə olduğunu düşünməzlər. Tezis hazırlayar, elmi iş müdafiə edər, assistent olar, müəllim olar, insanlara şəfa verən həkim və ya vəkil olarlar, amma nə üçün və necə yaradıldıqlarını, yaradılışlarını Allah`a borclu olduqlarını heç düşünməzlər. Kitablar yazar, televiziyalarda iclaslara gedər, hər mövzuda düşünüb fikir bildirər, amma bir dəfə olsun ölümü və ondan sonra Allah`a verəcəkləri hesabı ağıllarına gətirməzlər. Budur, belə insanlar böyük ziyan içindədirlər. Çünki hər insan tez və ya gec ölümlə qarşılaşacaq və Allah`a olan qulluğundan sorğuya çəkiləcək. Düşünməmiş olmaq heç kimə bir fayda verməyəcək.
Hər insan Allah`ın varlığını, yaradılış məqsədini, necə qulluq etməsinin lazım olduğunu düşünüb anlaya biləcək şüur və vicdana malikdir. Necə ki, özləri üçün ən həyati mövzuları düşünməyən bu insanlar özlərinə sərfəli olan mövzunu çox yaxşı düşünə bilirlər. Məsələn, gəlir gətirən bir işdən söz gedirsə, pullarını necə qiymətləndirəcəklərini çox yaxşı bilirlər, bu haqda hər mərhələni düşünürlər. İşlərində çox çətin problemlərin öhdəsindən gələ bilir, hər detal üçün ayrı tədbir görürlər. Sahib olmaq istədikləri bir şey olduğunda bunun üçün çoxlu planlar qurub, bunları mərhələli şəkildə tətbiq edirlər. Qısası, insanlar dünyaya aid mənfəətləri olan mövzuları çox yaxşı düşünürlər.
Buna görə də axirətdə “düşünə bilmədim”, “ağlıma gəlmədi” kimi bəhanələr Allah`ın diləməsi xaricində qəbul edilməyəcək.
Hər yeni doğan insan Allah`ın yaratdığı dünyaya addımını atır. Dünyada gözünü hara çevirirsə çevirsin, möhtəşəm yaradılış, qüsursuz dizayn və ən incə detalına qədər planlı sistemlərlə qarşılaşır. Qarşılaşdıqları üzərində düşünən insan bütün bunların yaradıldığını rahat qavraya bilər. Amma gündəlik həyatın və dünyəvi həvəslərin içində boğulmuş insan bu gördüklərinə təsadüf deyib keçir. Halbuki, bu insana sadə bir rəsm əsəri göstərsəniz və: “Bu, təsadüfən öz-özünə çəkilmiş ola bilərmi?” - desəniz: “Əlbəttə, xeyr, bunu çəkən bir sənətçi mütləq vardır”, - deyər. Amma eyni insan ətrafındakı fövqəladə sənəti kimin və niyə yaratdığını düşünməkdən qaçır.
Eyni şəkildə, insanlar dünyadakı həyatlarının keçici olduğunu və əsl həyatın ölümün ardından başlayan axirətdə olduğunu da düşünməkdən qaçırlar. Hər gün bir çox insanın ölümünə şahid olurlar, amma öz ölümlərini ağıllarına gətirmirlər. Heç ölməyəcəkmiş kimi dünyaya aid çoxlu planlar qurarkən ölümdən sonrası üçün hazırlıq görmürlər.
Bu insanlar özlərini bilə-bilə zərərə salırlar. Çünki insanın yaradılış məqsədini, Allah`ın bütün kainatda təcəlli edən sənətini, ölümü, axirəti, hesab gününü düşünməsi çox asandır. İnsanların zənn etdiyi kimi, bütün bu saydıqlarımızı düşünmək qarışıq və ya çətin iş deyil. Bunun üçün uzun araşdırmalar aparmağa, ali təhsil almağa, qəliz məlumatlar öyrənməyə də ehtiyac yoxdur.
Məsələn, hər gün gördüyü atmosferin insanın nəfəs ala biləcəyi şəkildə yaradılmış olması, hər gün səmada gördüyü quşun uçmaq üçün ehtiyac duyduğu ən uyğun qanad quruluşuna malik olması, ətrafında gördüyü rəngarəng dünya vicdanlı hər insanı Allah`ın möhtəşəm yaratmasını düşünməyə sövq edir. Eyni şəkildə, hər gün ətrafında yüzlərlə insan ölərkən insanın bir gün özünün də öləcəyini düşünə bilməməsi qeyri-mümkündür. Əgər insan vicdanının səsini dinləyib özünü boş işlərlə əyləndirməzsə və dünyəvi meyarlarla aldanmazsa, zehnində bu düşüncələri canlandırar.
Ancaq insan həqiqətlər üzərində dərin düşünüb qəflətə qapılmamaq üçün mütləq səy göstərməlidir. Unutmaq olmaz ki, hər insanın şeytan kimi bir düşməni vardır. Şeytan insanların düşünmələrini və beləliklə, həqiqətləri dərk edib Allah`a yönəlmələrini istəmədiyi üçün mütləq buna mane olmaq istər. Bunun üçün insana hiyləgərliklə təlqinlər etməyə başlayar. Bu mövzuda insanların ən çox təsirləndikləri təlqinlərdən biri olan düşünməyincə məsuliyyətlərdən azad olacaqları yalanı gəlir. Bu təlqinə qulaq asan insanlar özlərindən soruşduqda: “Ağlıma gəlmədi, bilmirdim, heç kim mənə söyləmədi”, - deyib xilas olacaqlarını zənn edirlər, amma özlərini aldadırlar.
Halbuki, insanlar özlərinə bu oyunu oynayarkən onlara şah damarından daha yaxın olan Allah etdikləri hər şeydən, görməzlikdən və anlamazlıqdan gəldikləri hər düşüncədən xəbərdardır. Dolayısilə, Allah`a qarşı olan məsuliyyətlərindən qaçan insan, əslində, özünün qurduğu tələyə özü düşür, düşünməməklə yalnız özünü aldatmış olur. Axirətə getdiyində isə qaçdığı həqiqətləri yaşayaraq görər və Allah`ın hüzurunda hesab verərkən “bilmirdim, ağlıma gəlmədi, düşünə bilmədim” kimi səmimiyyətsiz bəhanələrin heç bir faydasının olmadığını açıq-aydın anlayar.
Elə bir gün ki, zalımlara üzrxahlıqları heç bir fayda verməyəcəkdir. (O gün) onları lənət və axirət yurdunun pis əzabı gözləyir. (Mömin surəsi, 52)
Başqa ayələrdə də bu həqiqət xəbər verilmişdir:
O gün zalımlara üzrləri heç bir fayda verməz və onların tövbə etmələri də istənilməz! (Rum surəsi, 57)
Allah Quranı bütün insanlara yol göstərici kitab olaraq göndərmişdir. Qiyamətə qədər bütün insanlar Quranda bildirilən əmrlərə tabe olmaqla, ibadətləri yerinə yetirməklə məsul sayılırlar. Allah`ın Quranda istisna olaraq bildirdiyi hallar xaricində hər insan ibadətləri yerinə yetirib yetirmədiyi haqqında din günü hesab verəcək.
Buna görə, Allah`ın bildirdiyi istisnalar xaricində öz-özünə bəzi bəhanələr uyduraraq Allah`a olan qulluq vəzifəsini yerinə yetirməyən insan özünü aldatmış olur. Bu açıq həqiqətə baxmayaraq, insanlar davamlı bəhanələr uydurur və Allah`a qarşı olan məsuliyyətlərini qulaq ardı edirlər. Məktəb illərində ayrı, iş həyatına başladıqda ayrı, evlənəndə, uşaqları olanda ayrı bəhanələr irəli sürürlər. Din əxlaqını yaşamağa səmimi niyyətləri olmadığı üçün müxtəlif mövzuları ibadətlərini yerinə yetirmələrinə mane olaraq görürlər. Ən böyük bəhanələri isə vaxtlarının və imkanlarının olmaması iddiasıdır.
Gündəlik həyatları boyunca insanlar bir çox işə rahatlıqla zaman ayırırlar. Xüsusilə hər hansı bir mənfəətləri olduğunda lazım gələrsə, başqa istəklərindən keçir, amma yenə də o iş üçün lazım olan zamanı nizamlayırlar. Eləcə də imkanları olmadıqda bütün maneələri qaldıran çarələri də çox tez düşünüb tapırlar. Ancaq ibadətlərdən söz düşəndə insanların çoxu eyni qərarlılığı göstərmir.
“Namaz qılmaq istəyirəm, amma vaxt tapa bilmirəm”, “işləyirəm, necə oruc tuta bilərəm”, “məktəbə gedirəm, dərsə hazırlaşmalıyam, ibadətə vaxt ayıra bilmərəm”, “bura bağ evidir, burada oruc tuta bilmərəm” kimi bəhanələr uyduran insanlara ətrafınızda tez-tez rast gəlmisiniz. Eyni şəkildə, “səbirli insan olmaq istəyirəm, amma hər şey bir-birinin ardınca olur”, “hirslənmək istəmirəm, amma mühit çox stresslidir” kimi bəhanələrlə çirkin əxlaq göstərən insanları çox görmüsünüz. Bu insanlar, əslində, Quran əxlaqını həyata keçirməyə səmimiyyətsiz yanaşırlar. Çünki bir az əvvəl də ifadə etdiyimiz kimi, insanlar dünyaya aid bir mənfəət ümid etdiklərində zaman və imkanları düşünmədən, lazım olduğunda hər cür çarəni taparaq istədikləri şeyi edirlər. Amma mövzu özlərini yaradan və yaşadan Allah`a qarşı yerinə yetirilməsi lazım olan məsuliyyət olduğu zaman dərhal qeyri-mümkünlüklərdən şikayət etməyə başlayırlar.
Bu mövzunun daha konkret şəkildə aydın ola bilməsi üçün belə bir nümunə verək. Bir insana gündə 1 saatını ayıraraq bir iş görməsi qarşılığında çoxlu miqdarda pul təklif edilsə, (məsələn, aylıq qazandığı maaşın 10 qatının ödənəcəyi deyilsə), bu adam imkanları necə olursa olsun, dərhal təklifi qəbul edər. Üstəlik, bu insan bir tərəfdən universitet imtahanına hazırlaşa bilər və ya eyni zamanda, işləyə bilər. Lazım olsa, yuxusundan keçər, lazım olsa, özünə ayırdığı vaxtdan azaldar, amma zamanı problem olaraq görməz. Eyni şəkildə, bütün imkanlarını da dərhal bu işə uyğun hala gətirər. Bu, dünyadakı insanların çoxuna aid olan və inkar edilməsi qeyri-mümkün olan bir həqiqətdir.
Buna görə, əgər insan eyni qərarlılığı Allah`ın razılığı üçün göstərməzsə, bu, böyük bir səmimiyyətsizlik və vicdansızlıq olar. Üstəlik, insan etdiyi ibadətlər qarşılığında üç-beş manatla müqayisə edilməyəcək qədər qiymətli qazanca qovuşacaq, sonsuza qədər Allah`ın rəhmətini və cənnətini qazanacaq.
Amma insanların çoxu sahib olmağa çalışdıqları malların, pulların, daşıdıqları kredit kartlarının, yığdıqları dollarların, xoşlarına gələn evlərin, avtomobillərin, gözəl geyimlərin sehri ilə Quran əxlaqını bir kənara buraxır, axirəti unudur və dünyaya meyil edirlər. “Vaxtım yoxdur”, “çox məşğulam”, “görüləcək işlərim var”, “işim var”, “ideallarım var”, “gələcəkdə edərəm” kimi sözlərlə özlərini aldadır, axirət qazancını təmin edən ibadətlərə yönəlməzlər. Allah`ın əmr etdiyi gözəl əxlaqı yaşamaz, namaz qılmaz, oruc tutmaz, Allah`ın özlərinə verdiklərindən ehtiyacı olanlara verməz, yalnız qazanc əldə etməyə çalışmaqla ömür sürərlər.
Allah dünyada özlərini aldatmaqla söylədikləri bəhanələrin qəbul ediləcəyini zənn edən və buna görə, ibadətlərini yerinə yetirməyən və ya durmadan təxirə salan insanların axirətdə qarşılaşacağı vəziyyəti bizə belə bildirmişdir:
O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa xəbər veriləcəkdir! Doğrusu, insan özü-özünə şahiddir! O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)! (Qiyamət surəsi, 13-15)
Buna görə, siz də diqqət yetirin, əsla bu insanlar kimi axirətdə etibarlı olmayacaq bəhanələri dünyada səbəb göstərib özünüzü aldatmayın. Ayədə bildirildiyi kimi, hər nə bəhanə olursa olsun, siz, əslində, bunun doğru olmadığını qavraya biləcək bəsirətə sahibsiniz. Əgər nəfsinizə uysanız, bunun hesabını Rəbbimiz olan Allah`a verə bilməzsiniz. Sizin onsuz da hazırda dünyada yaşama məqsədiniz Allah`a qulluq etməkdir. Etməli olduğunuz digər işlərin heç biri bundan daha önəmli və əhəmiyyətli deyil. Çünki əbədi qurtuluşunuz ancaq Allah`ın rəhmətini qazanmaqla mümkündür.
İnsanların din əxlaqını yaşamamaları üçün gətirdikləri bəhanələrdən biri də fiziki narahatlıqlardır. Məsələn, Allah`a ibadətdə istəksiz olan insan, əslində, xəstə olmadığı halda, “xəstəyəm, yorğunam” kimi bəhanələrlə özünü və ətrafındakıları aldadır və məsuliyyətlərini yerinə yetirmir. Halbuki, unutmamalıdır ki, Allah hər şeyi bilir. İnsanın heç bir hərəkəti, heç bir düşüncəsi Allah`dan gizli qalmaz. Ağlından keçən hər düşüncə, ürəyində hiss etdikləri və şüurlarındakı gizli olanları Allah bilir. Quranda xəbər verildiyi kimi:
…Şübhəsiz Allah ürəklərdə olanları biləndir. (Ali-İmran surəsi, 119)
Amma dindən və Quran əxlaqından uzaq insanlar özlərinə Allah`ın razılığını və cənnətini qazanma fürsəti verilmişkən fiziki narahatlıqlarını bəhanə edib ibadətlərini etməz, nəfslərinə tabe olarlar. Bu səmimiyyətsizliklərinin qarşılığını isə axirətdə acı əzab olaraq alarlar. Çünki Allah`ın əmrlərini yerinə yetirməmə haqqında qarşıya qoyduqları bəhanələrdə səmimiyyətsizdirlər. Həqiqətən, fiziki narahatlıqları olsa belə, Quranda bu kimi hallarla əlaqədar bir çox asanlıq tanınmışdır. Məsələn, oruc tutmaq Allah`ın insanlara fərz buyurduğu ibadətlərdən biridir. Dolayısilə, insanlar Allah`ın bu hökmünü yerinə yetirməklə məsuldurlar. İnsanların bu ibadəti yerinə yetirə bilməyəcəkləri halları isə yenə Allah ayəsində açıq şəkildə bildirmişdir:
(Oruc) sayı müəyyən olan günlərdir. Artıq sizdən kim xəstə və ya səfərdə olsa, tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdır. Oruc tutmağa taqəti olmayanlar isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə, həm də fidyə verərsə, bu, onun üçün daha yaxşı olar. Bilsəniz, oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! (Bəqərə surəsi, 184)
Bu ayədən göründüyü kimi, Allah səfərdə olanın, xəstənin olduqları vəziyyəti xatırlatmış və onlara oruc ibadətini yerinə yetirmə haqqında asanlıq göstərmişdir. Ayənin davamında da qulları üçün ən xeyirli olana diqqət çəkmişdir. Bir sonrakı ayəsində isə Allah yenə orucla əlaqədar bir asanlıq daha bildirmiş və qulları üçün daim asanlıq dilədiyini xatırlatmışdır:
İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Bu aya yetişən şəxslər oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona şükür edəsiniz. (Bəqərə surəsi, 185)
Bu nümunədən də aydın olduğu kimi, Allah`a səmimi olaraq iman edənlər üçün hər zaman asanlıq yolu mövcuddur. Çünki Allah`ın dini çox asandır. Allah insanlara onların din əxlaqını yaşamalarında heç bir çətinlik verməmişdir. Allah insanların hansı şeylərdə çətinlik çəkəcəyini, hansı yükü qaldıra bilməyəcəyini ən yaxşı biləndir. Allah Quranda heç kimə gücü yetdiyindən artıq yük yükləməyəcəyini bildirmişdir:
Allah istər ki, üzərinizdə olanı yüngülləşdirsin: (Çünki) insan zəif olaraq yaradılmışdır. (Nisa surəsi, 28)
Heç kimə gücü çatmayan işi yükləmərik; əlimizdə haqqı söyləməkdə olan bir kitab vardır və onlara zülm olunmaz. (Muminun surəsi, 62)
İnsanların çoxu isə Allah`ın mərhəmətinə və lütfünə qarşılıq çox nankor olurlar. Dünyaya olan həvəs və bağlılıqlarına görə, ibadətlərini yerinə yetirməmək üçün davamlı olaraq başqa şərtləri bəhanə kimi irəli sürürlər. Əlbəttə, bunu etməklə yalnız özlərini aldadırlar. Çünki Quranda bildirildiyi kimi, Allah heç bir şeyə ehtiyacı olmayandır:
Əgər inkar edəcək olsanız, şübhəsiz, Allah sizə əsla möhtac deyildir. Amma bəndələrinin küfr etməsi Ona xoş getməz. Əgər şükür etsəniz, sizin bu şükürünüz Ona xoş gələr. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra Rəbbinizin hüzuruna qayıdacaqsınız. O, sizə nə etdiklərinizi xəbər verəcəkdir. Həqiqətən, Allah ürəklərdə olanları biləndir! (Zumər surəsi, 7)
Diqqət edin! Siz də Allah`a qulluq etməkdə bəhanələr irəli sürməyin. Əsla belə bir səmimiyyətsizliyə yaxınlaşmayın. Unutmayın, insan səmimiyyətsiz bəhanəni ağlından keçirərkən belə Allah bunu bilir. Siz bununla özünüzü aldadıb əyləndirərkən bir anda ölüm mələklərini yanınızda görsəniz, nə qədər çox istəsəniz də, Allah`a ibadət etmək üçün bir daha əsla geri qaytarılmazsınız. Allah Quranda dünyada sağlam ikən ibadət etməkdən qaçan insanların hesab günü qarşılaşacaqları peşmançılığı və hiss edəcəkləri qorxunu belə bildirir:
Ayağın üstündən (örtünün) açılacağı və onların səcdəyə çağırılacaqları gün, artıq güc çatdıra bilməzlər. Gözləri qorxudan və dəhşətdən bərəlmiş, özlərini də zillət qucaqlayıb-əhatə etmiş olacaq. Halbuki, onlar, sapsağlam ikən səcdəyə dəvət edilərdilər. (Qələm surəsi, 42-43)
İnsanların çoxu Allah`ın varlığını bilir və qəbul edirlər, amma Onun qüdrətini lazımi kimi təqdir etmirlər. Yanıldıqları mövzu Allah`ın varlığı deyil, Allah`ın isimləridir. Məsələn, Allah`ın qullarına qarşı çox lütfkar, bağışlayıcı və mərhəmətli olduğunu düşünsələr də, inkarçılardan intiqam alan, onlara əzab verən isimlərini düşünmürlər.
Allah`ı lazımi kimi təqdir edə bilməyən bu insanların ya Allah qorxusu yoxdur, ya da çox məhduddur. Bu da insanın axirəti baxımından çox təhlükəli vəziyyətdir. Çünki Allah qorxusu olmayan, etdiklərinin qarşılığında cəza görəcəyinə inanmayan insan hər cür pisliyi, zülmü rahatlıqla edə bilər. Allah`ın qadağan və haram etdiyi hər cür günahı edib sonra da “Allah bağışlayar” kimi reallıqdan uzaq düşüncəyə qapıla bilər. Buna görə də şeytan insanlara həmişə bu istiqamətdən yaxınlaşır və insanların özlərini “yəqin ki, bağışlanaram” düşüncəsi ilə aldatmalarına səbəb olur.
Din əxlaqından uzaq cəmiyyətlərdə insanlar həmişə bu yanlış fikirlə hərəkət edir və davamlı olaraq Allah`ın əmr və qadağalarını pozurlar. Namazlarını qılmayanlar, oruc tutmayanlar, ehtiyac içində olan insanları qorumayanlar, xəsislik edərək mallarından zəkat verməyənlər, öz mənfəətləri üçün insanlara zülm edənlər, adam öldürənlər, oğurluq edənlər, başqalarının malını haqsızlıqla yeyənlər, yer üzündə fitnə-fəsad çıxaranlar, insanları əxlaqsızlığa sürükləyənlər həmişə “Allah bağışlayar” düşüncəsi ilə hərəkət edirlər. Halbuki, bu düşüncəyə sahib olan insanlar böyük yanlışlıq içindədirlər. Çünki Allah tövbələri qəbul edən və bağışlayandır, ancaq eyni zamanda, sonsuz ədaləti ilə hər bir əməlin əvəzini əskiksiz olaraq verəndir. Əlbəttə, yaxşılıq edənlərlə pislik edənlər bir tutulmayacaq, dünyada da hesab günündə də hər kəs layiq olduğu qarşılığı görəcək. Bu həqiqət Quranda belə bildirilir:
Yoxsa günah qazananlar onları həyatda olduğu kimi, ölümlərindən sonra da iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər? Nə pis mühakimə yürüdürlər! Allah göyləri və yeri ədalətlə yaratmışdır ki, hər kəs qazandığının əvəzini alsın. Belə ki, onlara heç bir haqsızlıq edilməyəcəkdir. (Casiyə surəsi, 21-22)
Allah`ın dərgahına qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək və onlara zülm olunmayacaqdır. (Bəqərə surəsi, 281)
Ancaq bunu da qeyd etməliyik ki, əlbəttə, hər insan yaşadığı müddət ərzində səhv edə bilər və etdiyi günahlardan, etdiyi səhvlərdən ötrü peşman ola bilər. Çünki insan səhv etməyə meyilli varlıqdır, heç bir insan qüsursuz deyil. Buna görə, insan dünyada olduğu müddətdə bağışlanmaq üçün Allah`a tövbə edə bilər. Allah hər insana ölənə qədər tövbə etmə imkanı vermişdir. Amma Quranda hansı tövbənin səmimi tövbə olduğu və qəbul ediləcəyi də xəbər verilmişdir. Tövbənin şərtinin səmimiyyət olduğunu Allah aşağıdakı ayələri ilə bildirmişdir:
Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah biləndir, hikmət sahibidir! Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim”, - deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq! (Nisa surəsi, 17-18)
O halda, insanın bir səhvə yol verdiyində buna əhəmiyyət verməyib: “Yəqin ki, bağışlanılaram”, - deyərək düşünməməli, dərhal səmimi şəkildə Rəbbimizə yönəlib səhvini düzəltmək üçün tövbə etməlidir. Əhəmiyyətli olan insanın Allah`a qarşı səmimi qul olmasıdır. Ancaq bundan sonra Allah`ın bağışlamasını ümid edə bilər. Ancaq səmimiyyətsiz şəkildə hərəkət etməyə davam edərkən Allah`dan çəkinmədiyi və bağışlanma diləmədiyi halda, “Allah bağışlayar” kimi bir üslub və məntiq içində olanlar gözlədikləri nəticə ilə qarşılaşmaya bilərlər.
Buna görə diqqət edin! “Allah bağışlayar” məntiqi ilə özünüzü aldadıb bilə-bilə Allah`ın razı olmadığı həyatı yaşamayın. Əks təqdirdə, sonsuz həyatınızı öz əllərinizlə böyük təhlükəyə atmış olarsınız.
Dini yaşamayan cəmiyyətlərdə insanların özlərini aldatdıqları mövzulardan biri də özlərinin cənnətə girməyə layiq olduqlarını düşünmələridir. Bu insanların çoxu ölümdən sonra həyatın olduğunu qəbul edirlər, lakin özlərinin mütləq cənnətə gedəcəklərini zənn etdiklərinə görə dini yaşamırlar. Bu cür düşünən insanların haradan belə qənaətə gəldikləri məlum deyil. Amma əksəriyyəti özünü digər insanlarla müqayisə edərək yalnız yaxşı tərəflərini görür və yaxşı insan olduğu üçün cənnətə girməyə layiq olduğu qənaətinə gəlir. Ən təəccüblüsü də bu insanlar yaxşılıq anlayışını Qurana görə deyil, cahiliyyəyə uyğun qiymətləndirirlər. Allah`ın razı olduğu həyatı və əxlaqı deyil, yaşadıqları cəmiyyətin razı olduğu həyatı və əxlaqı seçirlər. Nəticədə, özlərini aldadaraq cənnətə girəcəklərini düşünürlər.
Heç şübhəsiz, Allah`dan cənnəti ümid etmək və istəmək gözəl şeydir. Bu istəyin səmimi olduğunun ən əhəmiyyətli göstəricilərindən biri insanın həyatının hər anında cənnətə yaraşan əxlaq göstərməsi və Allah`dan qorxub, çəkinərək hərəkət etməsidir. Əks halda, yəni Allah`ın razı olmadığı həyat tərzi sürərkən qulluq vəzifələrini yerinə yetirmədən cənnətə gedəcəyini düşünmək çox səmimiyyətsiz düşüncə olduğu kimi, bu düşüncə insanın özünü aldatmasından başqa bir şey deyil.
Bu düşüncəyə görə, insan həm Allah`a qulluq etmədən ömrünü öz nəfsinin istək və həvəslərinə görə keçirir, həm də axirətdə Allah`ın səmimi və saleh qulları üçün hazırladığı cənnətində, onların arasında, nemətlər içində olacağı düşüncəsinə malik olur. Bu, belə düşüncəyə sahib insanın Qurandan heç bir məlumatı olmadığını göstərir. Çünki Quran ayələrində bildirilən həqiqətləri dərk edən insan bu cür yalanlarla xilas olmağın mümkün olmadığını, bu yolla yalnız özünü aldatdığını çox yaxşı anlaya bilər.
Bir insan Quranda təsvir edilən cəhənnəm mühitini öyrənib dərk etdiyində bir an belə cəhənnəmdə olmağı gözə almaz. Nəinki cəhənnəmdə olmaq, cəhənnəmə yaxınlaşmaqdan belə şiddətlə qaçar. Çünki cəhənnəm insanın dünyada təsəvvür belə edə bilməyəcəyi çətinliklərlə, ağrı, əzab və çirkinliklərlə dolu məkandır. Allah Quranda cəhənnəm əzabının insanların yox olmaq istəyəcəkləri qədər şiddətli əzab olduğunu bildirmişdir:
Əlləri boyunlarına bağlı vəziyyətdə dar bir yerə atıldıqları zaman özlərinə bəd dua edib ölümü diləyərlər. (Furqan surəsi, 13)
“Ey Malik! Qoy, Rəbbin bizi öldürsün”, - deyəcəklər. O isə: “Siz qalacaqsınız!” – deyə cavab verəcəkdir! (Zuxruf surəsi, 77)
Allah`ı lazım olduğu kimi tanımayan və isimlərini təqdir edə bilməyən insanlar isə Onun inkarçılar üçün hazırladığı cəhənnəmin şiddətini də təqdir edə bilmirlər. Belə ki, cəhənnəmdən qorxub çəkinərək hərəkət etməyin yerinə etdikləri bəzi hərəkətlər üçün müəyyən müddət cəhənnəmə girməyi belə gözə ala bilirlər. Bu düşüncə cəmiyyətdə olduqca geniş yayılıb. Nəfsinin istək və həvəsləri uğrunda Allah`ın əmr və qadağalarını aşanlar “cəhənnəmdə cəzamı çəkər, sonra necə olsa cənnətə gedərəm” kimi bir inanca sahib olurlar. Bu insanlar dünya həyatından istədikləri kimi faydalanıb bunun qarşılığında cəhənnəmdə bir müddət qalacaqlarını, daha sonra bağışlanacaqlarını düşünürlər. Halbuki, heç bir insanın Allah`ın istəyi olmadan belə bir zəmanəti yoxdur.
Cəhənnəm sonsuza qədər var olacaq əzab yeridir. Allah rizasına görə yaşamayan hər insanı sonsuza qədər bu əzab yurdunda tuta bilər. “Necə olsa bir müddət qalar, sonra cəhənnəmdən çıxaram”, - deyə düşünənlər Allah`dan lazımi şəkildə qorxmayan, Onun əzabını düşünüb qavramayan şəxslərdir. Belə ki, Allah bu zənn ilə hərəkət edən insanlardan və onların uğrayacaqları sondan Quranda bəhs etmişdir:
Onlar: “Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz”, –deyərlər. De ki: “Allah`dan belə bir vəd almısınızmı? Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allah`a qarşı bilmədiyinizi söyləyirsiniz?” Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar. (Bəqərə surəsi, 80-82)
Bu mövzuda Quranda olan bir başqa ayə isə belədir:
Bu onların: “Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz!” –dediklərinə görədir. Onların dinləri barəsində uydurduqları özlərini aldadıb yoldan çıxartmışdır. (Ali-İmran surəsi, 24)
Allah`ın yuxarıdakı ayələrdə bildirdiyi kimi, kimin nə qədər əzab çəkəcəyini, cəhənnəmdə kimin nə qədər qalacağını ancaq Allah bilər. Dünyada olarkən: “Cəzamı çəkib çıxaram”, - deyərək özlərini aldadan bu insanların cəhənnəmdə yaşayacaqları çarəsizlik və çaşqınlığı isə Allah ayələrində belə bildirir:
(Allah) buyuracaq: “Allah`ın istədiyi istisna olmaqla, siz orada həmişəlik qalacaqsınız!” Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir! (Ənam surəsi, 128)
Fasiqlərə gəldikdə isə, onların məskəni cəhənnəm odudur. Onlar hər dəfə oddan çıxmaq istədikdə yenə ora qaytarılacaq və onlara: “Dadın yalan hesab etdiyiniz cəhənnəm odunun əzabını!” – deyiləcəkdir. (Səcdə surəsi, 20)
Atəşdən çıxmaq istəyərlər, lakin heç cür oradan çıxa bilməzlər. Onlar əbədi əzaba düçar olanlardır! (Maidə surəsi, 37)
Əgər yuxarıdakı ayələrdə bəhs edilən şəxslərdən olmaq istəmirsinizsə, bu mövzu üzərində bir daha düşünün. Və əsla “necə olsa cənnətə gedərəm”, “cəzamı çəkib cəhənnəmdən çıxaram” kimi boş zənlərlə özünüzü aldatmayın. Özünüzü cahiliyyə prinsipləri ilə deyil, Quran ayələri ilə qiymətləndirin. Allah Quranda cənnətinə yaraşan bir insanın necə olmasının lazım olduğunu bütün detalları ilə bildirmişdir. Bunun xaricində heç bir fikir bu mövzuda hökm verə bilməz. Unutmayın! Heç kimin cənnətə gedəcəyi zəmanət altında deyil. Əksinə, dünyada imtahanı davam edən hər insan üçün cəhənnəmə getmə təhlükəsi mövcuddur. Allah`ın ən səmimi və vicdanlı qulları olan peyğəmbərlərin belə bu mövzuda Allah`a dua etdiklərinə Quranda belə diqqət çəkilir:
Göyləri və yeri yaradan, dünyada və axirətdə mənim ixtiyar sahibim Sənsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur! (Yusif surəsi, 101)
Belə olan halda, heç kim özünü aldatmasın. Allah`a boyun əyib təslim olmadığı və Rəbbimizi razı etmədiyi müddət ərzində heç kim cənnətin qapılarından içəri girə bilməyəcək. Allah bir ayəsində bunun qeyri-mümkün olduğunu insanlara çox açıq bir örnəklə bildirmişdir:
Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və kəndir iynənin gözündən keçməyənə qədər onlar da cənnətə daxil ola bilməzlər. Biz günahkarlara belə cəza veririk! (Əraf surəsi, 40)
İnsanların yanıldığı bir çox mövzuda cəmiyyətin psixologiyasının təsiri böyükdür. Xüsusilə də din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə səhv və ya pis də olsa çoxluğun mənimsədiyi düşüncə, yaxud davranışlar insanlar tərəfindən də mənimsənməyə başlanır. İnsan, əslində, vicdani olaraq doğrunu bilməsinə baxmayaraq, sırf çoxluğun təsiri ilə “bu qədər insanın bir bildiyi var” kimi yanlış fikirlə vicdanını susdurur və onlara tabe olur. Halbuki, çoxluq heç bir mövzuda yol göstərici ola bilməz. İnsanlara doğrunu yanlışdan ayırd etmələri üçün endirilmiş olan yalnız Qurandır. Quranda olmayan bəzi meyarları qəbul edənlər və ona tabe olanlar çox böyük yanlışlığa düşürlər. Belə ki, Allah Quranda insanları çoxluğun arxasınca getməmələri üçün açıq şəkildə xəbərdar etmişdir.
Yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allah`ın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar! (Ənam surəsi, 116)
Çoxluğa uyğun hərəkət etməyin kökündə “hər kəs elə düşünürdü, mən də onlar kimi olmağa məcbur olduğumu düşündüm” kimi aciz məntiq yatır. Yəni hər hansı bir insan doğru bildiyindən imtina edib çoxluğa tabe olduğu təqdirdə insanların verəcəyi reaksiyadan, onlar tərəfindən qınanmaqdan çəkinir. Bu, gənclər arasında çox yayılmış məntiqdir. Sırf buna görə, ibadətlərini yerinə yetirməyən, bir ömür boyu Allah`ın razılığını unudub kütlənin razılığı üçün yaşayan insanlar var. Halbuki, insan yüzlərlə, minlərlə insanın deyil, yalnız Allah`ın razılığını axtarmağa cavabdehdir. Eyni şəkildə, insan kimin nə düşünəcəyini fikirləşib və buna görə hərəkət etmək məcburiyyətində də deyil. Allah Quranla insanları hər cür asılılıqdan azadlığa qovuşdurmuşdur. İnsan yalnız Allah`a hesab verəcək və Qurana tabe olub-olmadığından sorğu-sual ediləcəkdir.
Belə ki, bu həqiqəti, əslində, hər insan çox yaxşı bilir. Ancaq bir çox insan bu bəhanəni irəli sürərək özünü aldadır və ətrafındakıları da aldada biləcəyini düşünür. Amma axirətdə arxalarından getdikləri insan çoxluğu özlərini əzabdan xilas edə bilmədikləri kimi, onu da xilas edə bilməzlər. Allah Quranda bu şəxslərin vəziyyətlərini belə xəbər verir:
Yox, əgər o, bir son qoymasa, and olsun ki, onu kəkilindən yapışıb sürükləyəcəyik. Özü də yalançı, günahkar kəkilindən! Qoy, o, özünün bütün tərəfdarlarını çağırsın! Biz də zəbaniləri çağıracağıq! Yox, Ona boyun əymə, səcdə et və yaxınlaş! (Ələq surəsi, 15-19)
Bu vəziyyətdəki bir insan dünyada olarkən ətrafındakı insanlara görə Allah`ın razılığını qulaq ardı etmiş, hesab günü ilə qarşılaşacağını heç ağlına gətirməmişdir. İndi çox əhəmiyyət verdiyi və uğrunda Allah`ın razılığını qulaq ardı etdiyi o dindən uzaq çoxluqla birlikdə cəhənnəmə girəcək. O halda, siz bu həqiqəti bilə-bilə əsla bəhanə edib özünüzü aldatmayın və din əxlaqından uzaqlaşmayın. Heç bir mövzuda çoxluğa tabe olmaq məcburiyyətində deyilsiniz. Qurana görə doğru bildiyinizdən əsla imtina etməyin və tək başınıza da olsanız, haqqı yaşayın. Unutmayın, Allah`ın razılığını axtarmaqda göstərdiyiniz səbir sonsuza qədər böyük rəhmət içində yaşamağınıza səbəb olacaq.
İnsanların dini inkar etmək üçün irəli sürdükləri bəhanələrdən biri də Allah`ı və axirət gününü inkar edən elm adamlarının varlığıdır.
Xüsusilə içində yaşadığımız dövr elmin ciddi şəkildə inkişaf etdiyi, elmi baxımdan tarix boyu yaşanmamış bir çox nailiyyətin əldə edildiyi dövrdür. Elm və texnologiyanın təmin etdiyi imkanlarla kainatdakı nizam və dizayn görünür, Allah`ın yaratdığı sistemlərin qüsursuzluğu aydın olur, canlıların sahib olduğu bir çox yaradılış həqiqəti daha yaxından tanınır, Quranın möcüzələri bir-bir kəşf edilir.
Ancaq bir də elmdən öz dünyəvi mənfəətləri üçün istifadə edən, inkarçı zehniyyətlərini onunla dəstəkləməyə çalışan şəxslər var. Bu şəxslər elm adamı adı altında ortaya çıxır, ancaq elmlərindən gerçəkləri araşdırıb tapmaq üçün deyil, öz ideologiyalarını dəstəkləmək üçün istifadə edirlər. Bu şəxslər kainatdakı və canlılardakı qüsursuz yaradılışı və möcüzəvi xüsusiyyətləri görməzlikdən gəlib hər şeyin təsadüflər nəticəsində özbaşına var olduğu kimi əsli olmayan iddia ilə ortaya çıxırlar. Bu insanların məqsədi Allah`ın varlığını inkar etmək və cəmiyyətlərə də inkar etdirməkdir. Bu yolla heç kimə qarşı məsuliyyət daşımayan, başıboş fərdlərdən ibarət olan hər cür əxlaqsızlığın geniş şəkildə yaşandığı cəmiyyətlər meydana gətirmək istəyirlər.
İnsanların çoxu elm adı altında öz fikirlərini yaymağa çalışan bu şəxslərdən təsirlənir. Bütün elm adamları hər şeyi bilən, hər mövzuda ən doğru diaqnozu qoya bilən, ən ağıllı və zəkalı şəxslər olaraq qəbul edilirlər. Halbuki, bu səhv anlayışdır. Əlbəttə, elmi doğru məqsədlə istifadə edən bir çox qiymətli elm adamları da var. Amma elmin əhatəsində dünyəvi mənfəətləri üçün həqiqətləri gizlədən, insanları səhv yola aparan şəxslər də mövcuddur. Buna görə, bütün insanlar kimi elm adamları da sahib olduqları məlumatların, onlara verilən adların çoxluğuna görə deyil, sahib olduqları məlumatları yaradılış məqsədlərinə uyğun istifadə edib-etmədiklərinə, Allah`ın razı olacağı şəkildə yaşayıb-yaşamadıqlarına görə qiymətləndirilməlidirlər. Allah`a iman edən insan üçün doğru olan budur.
Daha əvvəl də ifadə etdiyimiz kimi, Allah Quranda insanların çoxluğa tabe olmalarının özlərinə zərər gətirəcəyinə, bu çoxluğun inkarda davamlı olacağına diqqət çəkmişdir. Belə olan halda, bir insanın başqalarının sözlərini araşdırmadan, detallarını öyrənmədən qəbul etməsi deyil, öz ağlı və vicdanı ilə qiymətləndirməsi və buradan doğru nəticəni çıxarması vacibdir. Allah bir ayəsində: “Bilmədiyin bir şeyin ardınca getmə. Çünki qulaq, göz və ürək bunların hamısı sorğu-sual olunacaqdır” (İsra surəsi, 36) - deyə əmr edir. Buna görə də bu, insanın özünə deyilən hər şeyi birbaşa qəbul edərək özünü aldatmasından başqa bir şey deyil.
İnsan Allah`ın özünə əmr etdiyi şəkildə haqqa tabe olmaqla və insanlara da haqqı tövsiyə etməklə cavabdehdir. Həqiqət belə olduğu halda, bəhanələr irəli sürməsi, özünü və ətrafındakıları aldadacaq bəhanələrlə ortaya çıxması axirətdə heç bir fayda verməyəcək. Allah insanları inkara dəvət edən və onlara yalan vədlər verən şəxslərin hər zaman olacağını Quranda xəbər vermişdir. Allah bu şəxslərin də, onlara tabe olanların da müsibətlərlə qarşılaşacaqlarını belə xatırlatmışdır:
İnkar edənlər iman edənlərə dedilər: “Siz bizim yolumuza tabe olun, günahlarınızı biz boynumuza götürərik”. Halbuki, onların heç bir günahını öz boyunlarına götürməzlər. Həqiqətən, onlar yalançıdırlar. Şübhəsiz ki, onlar həm öz günahlarına, həm də öz günahları ilə yanaşı, daha neçə-neçə günahlarla yüklənəcəklər. Qiyamət günü onlar uydurduqları yalana görə mütləq sorğu-sual olunacaqlar. (Ənkəbut surəsi, 12-13)