Qurani-Kərim bir insanın ömrü boyu qarşılaşa biləcəyi bütün məsələlərə cavab verən, onun həyatının hər sahəsinə aydınlıq gətirən, hər problemi mükəmməl bir şəkildə və ağılla həll edən ilahi bir kitabdır. "Bəqərə" surəsinin 2-ci ayəsində bildirildiyi kimi, "Bu, heç bir şəkk-şübhə oyatmayan, müttəqilərə doğru yol göstərən kitabdır". Rəbbimizin Quranda hər bir məsələni aydınlaşdırması isə bəzi ayələrdə belə bildirilir:
"...Bu Quran uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin təsdiqi, hər bir şeyin müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir!" ("Yusuf" surəsi, 111).
"...Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!" ("Nəhl" surəsi, 89).
İman gətirən bir insan bütün həyatını Quran ayələrinə uyğun şəkildə qurub tənzimləyir. O, müntəzəm olaraq oxuduğu və haqqında düşündüyü ayələri gündəlik həyatında tətbiq etməyə çalışır. Səhər oyandığı andan gecə yatacağı ana qədər gördüyü hər bir işdə Quran əxlaqına uyğun düşünməyə, danışmağa və hərəkət etməyə səy göstərir. Allah bu üstün əxlaqın möminin bütün həyatı üzərindəki hakimiyyətini Quranda belə bildirir:
Ancaq bəzi insanlar dinin yalnız müəyyən vaxtlar və ibadətlərlə məhdudlaşdığını zənn edir, həyatı "ibadət vaxtları və digər vaxtlar" şəklində iki hissəyə ayırırlar. Allahı və axirəti yalnız namaz qılarkən, oruc tutarkən, sədəqə verərkən və ya həccə gedərkən xatırlayırlar. Günün və ilin digər vaxtlarında isə dünyəvi işlərə qapılırlar. Dünya həyatı onlar üçün "dərdlərlə dolu olan sürətli bir həyatdır". Belə insanların Quran əxlaqından tamamilə uzaq, özlərinə xas olan həyat məqsədləri, əxlaq anlayışları, dünyagörüşləri və meyarları var. Onların Quran əxlaqının əslində nə məna kəsb etməsindən hətta xəbərləri də yoxdur.
Quran əxlaqını özünə əsas meyar qəbul edən bir adam isə əlbəttə ki, bu düşüncə içində olan insanlardan çox fərqli bir həyat yaşamaqda davam edir, Allahın yaratdığı qədərə (taleyə) tabe olduğunu unutmadan, Ona təslim olub güvənərək yaşayır. Belə adam heç vaxt sıxıntı, narahatlıq, qorxu, həyəcan, ümidsizlik, çətinlik hiss etməz, bir çətinlik qarşısında həyəcana qapılmaz. Hər hansı bir hadisə ilə qarşılaşarkən mütləq Allahın tövsiyə etdiyi və bəyəndiyi kimi hərəkət edir. Onun hər sözü, hər qərarı, hər davranışı Quran əxlaqını yaşamasının bir göstəricisidir. O, küçədə yeriyərkən, yemək yeyərkən, məktəbə gedərkən, dərs oxuyarkən, iş yerində işləyərkən, idman edərkən, söhbət edərkən, ticarətlə məşğul olarkən, televiziyaya tamaşa edərkən də Quran əxlaqına uyğun yaşamalı olduğunu dərk edir. Ona tapşırılan işlərlə ən diqqətli və ən dəqiq şəkildə maraqlanarkən eyni zamanda Allahın razı qalacağı şəkildə hərəkət etməyə çalışır, Quran əxlaqına uyğun olmayan bir hərəkəti qətiyyən etmir.
Din əxlaqının yaşanması Quranda bildirilən nəsihət və hökmlərin həyatın hər sahəsində tətbiq olunması ilə mümkün olur. İnsanı bu dünyada və axirətdə ən gözəl və ən xeyirli nəticəyə çatdıran yol budur. İnsanın Quran əxlaqından ikiəlli yapışacağı təqdirdə onun ən gözəl həyat tərzini əldə edəcəyini Rəbbimiz bir ayədə belə xəbər verir:
"Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik..." ("Nəhl" surəsi, 97).
Quran əxlaqını yaşamaq insana Allahın izni ilə geniş bir dünyagörüşü, üstün ağıl, doğrunu yanlışdan ayırd etmək qabiliyyəti və hadisələri dərinliklərinə qədər düşünmək gücü qazandırır. Bu xüsusiyyətlərə sahib olmaq isə həyatın hər anında insana mühüm bir üstünlük və rahatlıq verir. Allaha təslim olan və din əxlaqına uyğun yaşayan bir insanın bütün davranışları, hərəkətləri, oturması, qalxması, yeriməsi, hadisələrə münasibəti, şərhləri, izahatları və çətinliklər qarşısında tapdığı həll yolları digər insanlarda olduğundan tamamilə fərqlənir.
İnsanların hər gün etdikləri və qarşılaşdıqları hadisələr bu kitabda Quran əxlaqına uyğun bir həyat yaşayan müsəlmanların baxış bucağından araşdırılıb təhlil ediləcək, müsəlmanların hər gün yaranan müxtəlif hadisə və situasiyalar qarşısında necə davranmasının lazım gəldiyi ortaya qoyulacaq. Məqsəd insanların Quran əxlaqı sayəsində yaşadıqları gözəl həyatı nümayiş etdirmək, bütün insanları üstün bir həyat yaşadan Quran əxlaqına dəvət etməkdir. Şübhəsiz ki, dünyada sıxıntıdan, narahatlıqdan, qəmdən və kədərdən uzaq rahat bir şəraitdə yaşamaq yalnız Quran əxlaqını hər saat, hər an yaşamaqla mümkün olur.