Münafiqlik müsəlmanların həmişə diqqət yetirməsi lazım olan çox vacib bir məsələdir. İnkar edənlər Allahın varlığına və birliyinə inanmadıqlarını açıq-aşkar deyərlər, iman edənlərə qarşı da açıq şəkildə mübarizə apararlar. Münafiqlər isə özlərini müsəlman, hətta təqvalı bir mömin kimi göstərərək İslama qarşı çıxarlar. Daxildə Allaha, Peyğəmbərimiz (s.ə.v)-ə, Qurana, saleh möminlərə qarşı böyük bir kin bəsləməklərinə baxmayaraq, zahirdə həqiqi üzlərini gizlədər, özlərini yaxşı insan kimi qələmə verərlər. Açıq və ictimai mübarizə aparmadıqlarına görə, əgər diqqət yetirilməsə böyük təxribatlar həyata keçirərlər.
Xüsusilə də hal-hazırda yaşadığımız Axırzamanda:
◉ Müsəlmanları passivləşdirməyə və onların gücünü, coşğusunu, həyəcanını əlindən almağa çalışarlar.
◉ Xurafatlarla və bidətlərlə dini yaşanmaz hala gətirməyə çalışarlar.
◉ Darvinist, materialist cərəyanlara qarşı müsəlmanları müdafiəsiz etməyə çalışarlar.
◉ Elmə, sənətə, gözəlliyə, keyfiyyətə, nəsl-əcabətə qarşı çıxıb təmiz olmayan, azad düşünməyən, elm və sənətdə inkişaf etməyən bir müsəlman imici yaratmağa çalışarlar.
◉ Müsəlmanlar arasındakı qardaşlığı və birliyi zədələyən işlərlə İslam Birliyinə mane olmağa çalışarlar.
◉ Şiddətə, qarışıqlığa, ixtişaşlara təşviq edərək müsəlmanları şiddət tərəfdarı kimi tanıtmağa çalışarlar.
◉ Peyğəmbərimiz (s.ə.v)-ə və onun mübarək əhlinə qarşı düşmənlik bəsləyərək Əsri-Səadət dövründə yaşanan həqiqi İslamı insanlara unutdurmaq üçün əllərindən gələn səyi göstərərlər.
Buna görə münafiqlik söhbət arasında qısa olaraq üzərindən keçilə biləcək bir mövzu deyil. Quranda Allahın bir çox ayə ilə diqqət çəkdiyi bu təhlükəni müsəlmanlar göz ardı etsələr, belə bir təhlükə yoxmuş kimi davranılsa, İslama, Qurana və Rəsulullah (s.ə.v)-in sünnətinə layiq olmazlar və sahib çıxmamış olarlar. Münafiqlik Peyğəmbərimiz (s.ə.v)-in dövründə olmuş, keçmişdə qalmış, bir daha müsəlmanların qarşılaşmayacaqları bir mövzu da deyil. Münafiqlər hər dövrdə İslam aləmi üçün ən böyük təhlükə olmuşdur. Peyğəmbərimiz (s.ə.v)-in dövründə münafiqlər çox şiddətli idilər, ancaq Axırzaman münafiqlərinin də çox şiddətli olacaqları Rəsulullah (s.ə.v)-in xəbər verdiyi bir həqiqətdir. Necə ki, Bədiüzzaman Həzrətləri də Axırzamanda "dinsizliyin iki cərəyanının (hərəkatının) güclü olacağını" deyir və bunlardan birinin "münafiq hərəkatı" olacağını bildirir. Hz. Mehdi (ə.s), İslam aləmini məhv etmək üçün aparılan hərəkatı bütünlüklə təsirsizləşdirəcək, yəni münafıq hərəkatını məhv edib dağıdacaq:
Axırzamanda dinsizliyin iki cərəyanı (hərəkatı) güclənəcək:
Birincisi: Nifaq (ikiüzlülük) pərdəsi altında Məhəmməd (s.ə.v)-in elçiliyini inkar edən Süfyan adında bir şəxs, nifaq əhlinə (riyakarlığa) rəhbərlik edəcək, İslam şəriətini (hökmlərini) pozmağa çalışacaq. Ona qarşı Peyğəmbər (s.ə.v)-in Əhli-beytinin nurani soyuna bağlanan (Peyğəmbərimiz (s.ə.v.)-in soyundan olan), əhli-vəlayət (vəlilərə) və əhli-kamala (kamallı, ağıllı insanların) rəhbərlik edəcək. Əhli-beytdən (Peyğəmbərimiz (s.ə.v.)-in soyundan) Məhəmməd Mehdi adında bir nurani şəxs, o Süfyanın şəxsi-mənəvisində (qrupunda, mənəvi qurumunda) olan münafıqlik hərəkatını məhv edib dağıdacaq.(Məktubat, s. 56-57)
Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən, böyük din alimlərinin şərhlərindən və Rəsulullah (s.ə.v)-in bildirdiyi əlamətlərin hamısının həyata keçməsindən hal-hazırda mehdiyyət dövründə yaşadığımız açıq-aşkar aydın olur. Allahın izni ilə 10-20 il ərzində bütün insanlar, həm hz. İsa (ə.s)-ı, həm də hz. Mehdi (ə.s)-ı şəxsən görəcəklər. Belə bir əhəmiyyətli dövrdə hz. Mehdi (ə.s)-a tələbə olmaq, bu mübarək şəxsi dəstəkləmək və müdafiə etmək istəyən hər bir müsəlman münafiqliyin nə olduğunu yaxşı bilməli, tanımalıdır, Allahın və Peyğəmbərimiz (s.ə.v)-in göstərdiyi kimi münafiqlərə qarşı fikirlə mübarizə aparmağı bacarmalıdır.
Bu kitabda hörmətli Adnan Oktarın müxtəlif televiziya kanallarında yayımlanan verilişlərdə münafiqlərin xüsusiyyətlərini, xarakterlərini, özlərini gizləmə üsullarını, dinə və müsəlmanlara həqiqi dünyagörüşlərini təfərrüatı ilə analiz edən şərhlərini öyrənə biləcəksiniz. Münafiqliyin iç üzünün təsbit edilməsi, münafiqliyə qarşı aparılan elmi mübarizənin ən əhəmiyyətli mərhələsidir, çünki münafiqlik gizlilik və hiyləgərlik üzərində qurulmuşdur. Gizli-gizli fəaliyyət göstərdiyini zənn edən münafiq bir hərəkatın, məntiqi və hərəkətləri üzə çıxanda hərəkət sahəsinin tamamilə ortadan qalxacağı məlumdur.
Bu kitabı oxuyarkən yaddan çıxartmamalıyıq ki, bir əhəmiyyətli xüsususiyyəti də Quranda münafiqlərin mövqeyi haqqındakı ayələrdir. Allah Quranda münafiqlərin yeri cəhənnəmin ən alt təbəqəsində olduqlarını, onları bağışlamayacağını və onları lənətlədiyini xəbər vermişdir:
Sizə nə oldu ki, münafiqlər barəsində iki dəstəyə ayrıldınız? Halbuki, Allah onları etdikləri əməllərə görə geriyə qaytarmışdır. Siz Allahın azdırdığı kimsəni doğru yola yönəltməkmi istəyirsiniz? Allahın azdırdığı kimsə üçün heç bir yol tapa bilməzsən.(Nisa surəsi, 88)
Həqiqətən, münafiqlər odun ən aşağı təbəqəsində olacaqlar; və sən onlara heç bir köməkçi tapa bilməzsən.(Nisa surəsi, 145)
Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içərisində əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. Bu onlara kifayət edər! Allah onlara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır.(Tövbə surəsi, 68)
Buna görə müsəlmanlar münafiq xarakterli hərəkətlə qarşılaşanda qarşılarında Allahın xor və alçaq etdiyi, lənətlədiyi, cəhənnəm əzabı ilə müjdələdiyi bir varlıq olduğunu bilməlidir. Bu kitabdakı analiz və şərhlərin hər biri münafiq təhlükəsinə qarşı şüuru açıq olan hər müsəlman üçün çox qiymətli, hikmətli və əhəmiyyətlidir, Allahın izni ilə "münafiq hərəkatı"nın təsirsizləşdirilməsinə vəsilə olacaq.