Bu mövzunu gərəyi kimi anlaya bilmək üçün, əvvəlcə bir inkarçının Qurana olan fikirlərini qısaca araşdırmaqda fayda vardır.
İnkarçıların ən əhəmiyyətli xüsusiyyətlərindən biri, Allahın dini yerinə özlərinə din olaraq “atalarının dini”ni seçmiş olmalarıdır. Bu batil dinə görə, əsli olmayan qulaqdan-qulağa gələn inanclara əməl etmək “ibadət” sayılır. Bu saxta ibadətlərə uyaraq da, özlərini olduqca “yaxşı” sayarlar. Bu kimi insanlar, Quranı və sünnəni heç bir şəkildə ölçü almazlar. Bu batil “cahillik” dinində ölçü, cəmiyyətin müəyyən etdiyi batil inanclara əsaslanan bəzi adətlərdir. Bu batil dində “yaxşılıq”, çox nadir, heç bir səy sərf etmədən edilən kiçik işlərdir. Bunlara “xeyir” adını verirlər, özlərinə də “xeyriyyəçi”.
Məsələn, yolda gedərkən qarşılarına çıxan dilənçiyə ciblərindəki xırda pullardan vermək, ya da özlərinin heç bir şəkildə geyinməyəcəkləri qədər köhnəlmiş paltarları yoxsula vermək onlara görə “yaxşılıq”dır. Halbuki yaxşılığın əsl tərifi Qurandadır:
Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)
Bu kəslərə Qurandakı meyarlar izah edildiyində isə, azğın inanclarını tərk etməmək üçün dirəndikləri görünür:
Onlara: “Allahın nazil etdiyinə və göndərdiyi Elçiyə tərəf gəlin” – deyildikdə: “Atalarımızın tutduğu yol bizə bəsdir” – deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə onda necə olsun? (Maidə surəsi, 104)
Onlar yaramaz əməl etdikləri zaman: “Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir” – deyirlər. De: “Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?” (Əraf surəsi, 28)
Alışdıqları batil dini əsla buraxmaq istəməzlər. Bu səbəblə, öz zəif ağıllarına görə Allahın ayələrində qüsur axtararlar və insanları Onun yolundan döndərməyə çalışarlar:
O kəslərə ki, insanları Allah yolundan sapdırır, onu əyri göstərməyə çalışır və Axirəti inkar edirlər. (Hud surəsi, 19)
Münafiq Quranı, inkarçı kimi açıq şəkildə inkar etməz; ona həqiqi mənada inanmadığını və təslim olmadığını hiss etdirməz, əksinə gizlədə bildiyi qədər gizlədər. İnkarçı Qurandakı ibadətlərə əməl etməz, halbuki münafiqin kənardan baxdıqda bir çox ibadəti yerinə yetirdiyi görünür.
Lakin münafiq ayələrə tabe olmur. Nəfsinin çətinlik çəkdiyi yerlərdə ayələrə qarşı tamamilə laqeyd qalar. Həmçinin, o, ibadətlərin yalnız “şəkli” olanlarını tətbiq edir. Halbuki şəkil ibadətlərlə yanaşı, tətbiqi lazım olan daha bir çox ibadət vardır; Allaha və Onun elçisinə tam təslim olmaq, elçinin hökmünə qəlbən razılıq göstərmək kimi... Bunlarla yanaşı, gözəl əxlaqa dair Allahın əmrlərini də “nəfsinə tərs düşdüyü üçün” görməzlikdən gəlir; nəfsini müdafiə etmək, insanları alçaltmaq, özünü üstün görmək kimi...
Allahın Quranı insanlara göndərməsində bir çox hikmət vardır. Din gününə qarşı xəbərdar edib qorxutmaq, insanlara doğru yolu göstərmək bunlardan bəziləridir. Ancaq insanların yalnız az bir hissəsi Qurana inanır və ona uyğun şəkildə yaşayırlar; bunlar da möminlərdir.
Möminlər Quranın hökmlərinə qarşı son dərəcə hörmətli və təslimdirlər. Bu hörmətləri də, Allaha olan dərin hörmətlərindən qaynaqlanır. Quran hər oxunduğu zaman hörmətlə susub qulaq asar və ayələrin hamısı üzərində düşünərlər. Quran onların imanlarını artırır, qəlblərinə hüzur və sükunət verir. Allah bir ayədə möminləri belə tərif edir:
Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər. (Ənfal surəsi, 2)
Münafiqlərin Qurana qarşı rəftarları isə son dərəcə riyakardır. Quranın içindəki ayələrin bəzilərinə tabe olub, bəzilərinə tabe olmazlar. Meyarları nəfsləridir. Mallardan infaq etmək, ya da qardaşının nəfsini öz nəfsindən üstün görmək kimi onlara ağır gələn müddəalardan rahatca üz çevirirlər. Fərz olan bir çox hökmün tətbiq etməkdə zəif davranarlar, bəzilərini isə əgər kimsə görmürsə heç yerinə yetirməzlər.
Yuxarıdakı ayədə də bildirildiyi kimi Quranı oxuyan möminlərin imanları artarkən, münafiqlərin küfrləri artar. Bu əslində Allahın böyük möcüzəsidir. Çünki eyni ayələri oxumalarına baxmayaraq ortaya tam fərqli iki ruh halı çıxır; mömin ayələrdəki hikmətləri görərkən, münafiq onları heç bir şəkildə qavraya bilmir. Hətta bu qavramamağı bəlkə də dərk edə bilmir və Quranı çox yaxşı anladığını zənn edir.
Bu möcüzənin necə reallaşdığı Quranda belə açıqlanar:
Sən Quran oxuduğun zaman səninlə Axirətə inanmayanların arasına gözəgörünməz pərdə çəkdik. Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar bu dəvətə nifrət edərək arxalarını çevirib gedərlər. (İsra surəsi, 45-46)
Münafiqlərin özlərinə xas son dərəcə qəribə və səhv məntiqləri vardır, eynilə şeytanın son dərəcə əsrarəngiz və azğın məntiqə sahib olması kimi.
Münafiqlərdə təcəlli edən bu “şeytani məntiq”, özünü istisnasız hər mövzuda göstərir. Qurana qarşı baxış aspektlərində də bu məntiq işləməyə davam edər: Quranı tam mənasıyla inkar etməzlər, lakin ona həqiqi mənada inancları da yoxdur. Bu da olduqca səhv davranışdır, çünki ağıl və vicdan sahibi hər insan Allahın kitabına uymalı olduğunu bilir. Ayələrin bəzisini tətbiq edib, bəzisini tətbiq etməkdə zəif davranmaq, heç şübhəsiz təəccüblə qarşılanacaq əxlaqdır. Vicdani mühakimələri onlara Quranı tətbiq etmələri lazım olduğunu söyləyərkən, nəfsləri Qurana qarşı təkəbbürlənməyi daha cəlbedici göstərir. Ayələri “çox yaxşı” bildikləri halda, inanmamaq üçün bəhanələr qarşıya qoymaları nəfslərinə uymalarının nəticəsidir. Necə ki, necə təkəbbür ilə inkar etdikləri Quranda belə bildirilir:
Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu! (Nəml surəsi, 14)
Münafiqlər Allahın ayələrinə qarşı zəiflik göstərdiklərini də açıq şəkildə müəyyən edə bilməzlər; bundan çəkinərlər. Bu günahlarını öz içlərində saxlayarlar və ya özləri ilə eyni məntiqdə olan kəslərin yanında açığa çıxara bilərlər. Onların bu yanlış məntiqlərini Allah Quranda belə xəbər vermişdir:
Bir surə nazil edildiyi zaman onlar: “Sizi kimsə görürmü?” – deyə bir-birlərinə baxır, sonra da üz çevirib gedirlər. Anlamayan adamlar olduqlarına görə Allah onların qəlbini imandan məhrum etmişdir. (Tövbə surəsi, 127)
Münafiqlərin ən əhəmiyyətli xüsusiyyəti, daha əvvəl də təsvir etdiyimiz kimi fitnə və nifaq çıxarmağa çalışmalarıdır. Bu məqsədlərini reallaşdırmaq üçün də çox müxtəlif yollar mənimsəmişlər. Məsələn, elçiyə qarşı hörmətə uyğun olmayan hərəkət edərək ağılsızlıqları ilə möminlərə çətinlik verməyə, yalan xəbər yayaraq möminlər arasında ixtilaf çıxarmağa çalışırlar. Lakin bütün bu səylərinin yanında çox əhəmiyyətli fitnə çıxarma metodları vardır ki, Allah bunu möminlərə böyük təhlükə olaraq xəbər vermişdir:
Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər. (Ali İmran surəsi, 7)
Ayədə bildirildiyi kimi münafiqlər Allahın ayələri ilə əlaqədar uydurma izahlar edərlər və bunun sayəsində insanları aldatmağı, Allah haqqında səhv fikirlər yaratmağı planlayırlar. Necə ki, Allah ayələrini endirərkən, bəzilərinin inkarçılar tərəfindən qavranmayacağını möminlərə bildirmişdir. Bu səbəbdən münafiqlərin etdikləri səhv izahların möminlər üzərində heç bir təsiri olmayacaq.
Münafiqlərin bu hiyləgər rəftarlarına qarşılıq möminlər ayədə ifadə edildiyi kimi Allahın kitabına tam olaraq təslim olmalıdırlar. Belə bir vəziyyətdə münafiqlərin hər hansı bir şəkildə möminlərə zərər verməsi də mümkün olmaz. Çünki möminlər Allahın ayələrinə qarşı son dərəcə həssas və Uca Allahın onlara verdiyi anlayış sayəsində də “qəlbində xəstəlik olanlara” qarşı son dərəcə ayıqdırlar. Münafiqlər yalnız zənn edərək, səhv, məntiqsiz şərhlər etmələrinə qarşılıq axirətdə söylədikləri hər sözün tək-tək hesabını verəcəklər və qurduqları bütün tələlərin öz başlarına keçdiyinə şəxsən şahid olacaqlar.