Onlar özlərinin xoşlamadıqları qızları Allaha aid edirlər. Dilləri də yalandan ən gözəl aqibətin onların olacağını söyləyir. Şübhəsiz ki, od onlar üçün hazırlanmışdır və onlar orada tərk olunacaqlar. (Nəhl surəsi, 62)
Allahdan qorxan insanlar, hər zaman hər mövzuda Allahın köməyini və dəstəyini gözləyərlər. Hz. Musa (ə.s)-ın Quranda xəbər verilən, ”Rəbbim, doğrusu mənə endirdiyin hər xeyirə möhtacam” (Qəsas surəsi, 24) ifadəsi ilə nümunə verildiyi kimi, hər an bizi yaradan Allaha möhtac olduqlarını bilirlər. Məhz möminlərlə tamamilə zidd xüsusiyyətlər daşıyan münafiqlərin “müstağniyyəti” bu nöqtədə ortaya çıxar.
“Müstağniyyət” xəstəliyi tarix boyunca bütün kafirlərdə görülmüşdür. Allah, insanı cəhənnəmə sürükləyən bu xəstəliyə Quranın bir çox ayəsində işarə etmişdir. Xəstəliyin tarixi şeytanla başlamışdır. Özünü, yaradılmışların ən üstünü olaraq görmə ağılsızlığına sahib olan şeytanın müstağniyyətinin ilk əlaməti, Allah əmr etdiyi halda hz. Adəmə (ə.s) səcdə etməməsi olmuşdur. Bu çirkin rəftarının özünə görə izahı da, hz. Adəm (ə.s)-ın torpaqdan, özünün isə atəşdən yaradılmış olmasıdır.
Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də!. (Həcc surəsi, 73)
Ancaq münafiqlər, Allaha qarşı aciz olduqlarının fərqində deyildirlər. Daxilən şeytanınkına bənzər təkəbbür daşıyarlar. İnsanları aldada bildiklərini sandıqları üçün həm Allah Qatında, həm də möminlərin gözündə alçaldılmış olmalarına baxmayaraq, özlərini çox ağıllı və üstün görərlər. Həmişə doğru yolda olduqlarını düşünərlər. Qüsurlu və səhv ola biləcəklərinə əsla ehtimal verməzlər. Bütün bunlar da, əslində bir xəstəlik növünün əlamətləridir. Məhz bu xəstəliyin adı yuxarıda ifadə etdiyimiz kimi “müstağniyyət”dir.
Necə ki, Allah münafiqlərin qəlbində xəstəlik daşıyan insanlar olduqlarını və ikiüzlülükləri səbəbi ilə bu xəstəliklərinin artırıldığını bizə belə bildirir:
İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq” – deyirlər. Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və bunu anlamırlar. Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər. (Bəqərə surəsi, 8-10)
“Müstağniyyət” xəstəliyi tarix boyunca bütün kafirlərdə görülmüşdür. Allah insanı cəhənnəmə sürükləyən bu xəstəliyə Quranın bir çox ayəsində işarə etmişdir. Xəstəliyin tarixi şeytanla başlamışdır. Özünü, yaradılmışların ən üstünü görən şeytanın müstağniyyətinin ilk əlaməti, Allah əmr etdiyi halda hz. Adəmə (ə.s) səcdə etməməsi olmuşdur. Bu şəkildə davranmasının öz ağlına görə izahı da, hz. Adəmin (ə.s) torpaqdan, özünün isə atəşdən yaradılmış olmasıdır.
Bu səbəbdən dünya yaranandan bəri tarix səhnəsinə gələn hər inkarçı, şeytanla eyni xarakterik quruluşu daşıması etibarilə onun bu xüsusiyyətini də üzərində saxlayar. İnkarçıların bir qrupunu təşkil edən münafiqlər üçün müstağniyyət də, ilk olaraq şeytanın üzərində təcəlli edən bu müstağniyyətin eynisidir.
Müstağniyyətin ilk əlaməti, insanın, qəlbində xəstəlik olduğuna qəti olaraq inanmamasıdır. Necə ki, münafiqlər də (Qurandakı ifadə ilə) qəlblərində “xəstəlik” olduğuna heç bir şəkildə inanmazlar. Bu da xəstəliklərinin daha çox artmasına səbəb olur. Çünki özünü müstağni yəni qüsursuz, səhvsiz görən adam, pisliklərdən və günahlardan çəkinməz, buna ehtiyac duymaz. Necə ki, Allah Quranda, özünü müstağni görənin azğınlaşacağını xəbər verir. Ayələrdə belə buyurulur:
Xeyr! İnsan, doğrudan da, həddini aşır –özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. (Ələq surəsi, 6-7)
Münafiqlərin içlərində yaşatdıqları müstağniyyətin müxtəlif əlamətləri və nəticələri də vardır. Bunlar, Quran ayələriylə ətraflı olaraq təsvir edilmişdir və bu istiqamətdə maddələr halında mövzuya aydınlıq gətirək.
Özlərini Allahın ayələrindən müstağni görən, yəni ayələrin öz vəziyyətlərini təsvir etdiyindən xəbərsiz olan inkarçı qruplarından biri münafiqlərdir. Quranı oxuduqları halda, özlərini bir çox ayənin hökmündən uzaq görürlər. Məsələn, cəhənnəmi təsvir edən ayələr mömin olanların qorxusunu artırır, çünki Allahın razılığını itirmə və cəhənnəmə girmə ehtimalı hər zaman vardır. Ancaq münafiq olanlar, özlərini qəti olaraq cənnətə layiq gördükləri üçün bu ayələr onların üzərində heç bir təsir oyandırmaz. Bu istiqamətdə, bir çox ayənin əslində tam olaraq onlara xitab etdiyini görə bilməz və anlaya bilməzlər.
Möminə ayələr xatırlandığı, ayələrlə nəsihət edildiyində, qorxusu artar, böyük səmimiyyət göstərərək, ayələrə əməl edər. Münafiqə ayə xatırladıldığında isə, demək olar ki, ayələri eşitmirmiş kimi davranar. Allahın hikmətli sözlərindən əsla öyüd alıb düşünməzlər:
Onlara nə olub ki, nəsihətdən üz döndərirlər? (Müddəssir surəsi, 49)
Həmçinin münafiqlərin ən diqqətə çarpan xüsusiyyəti inanclarının yalnız dillərində olmasıdır. Necə ki, ayələrə uyma mövzusunda da bu saxtakar üzləri ortaya çıxar. Allahın ayələri barəsində nə qədər laqeyd olduqları və hətta ayələrin hökmlərindən mümkün qədər uzaq dayanmağa çalışdıqlarını Allah müxtəlif ayələrlə bildirmişdir:
Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir. Onlara: “Allahın nazil etdiyinə və Elçisinə tərəf gəlin!” – deyildikdə, münafiqlərin səndən nifrətlə üz çevirdiklərini görürsən. (Nisa surəsi, 60-61)
Kitabdan özlərinə bir pay verilmiş kəsləri görmədinmi? Onlar, aralarında hökm versin deyə, Allahın Kitabına dəvət olunurlar, sonra da onlardan bir dəstə haqdan üz çevirir. (Ali İmran surəsi, 23)
Münafiqlər əslində ağıl sahibi olmadıqları halda “öz ağıllarına” gərəyindən çox güvənərlər. İçində olduqları vəziyyətin nə qədər dəhşətli olduğunun fərqinə varmazlar. Etdikləri hər hərəkətin, verdikləri hər qərarın həmişə ən doğrusu olduğu zənni ilə yaşayarlar. Xüsusilə də din əxlaqı mövzusunda tək camaat olaraq öz doğrularını görürlər. İçlərində daşıdıqları bu yanlış məntiq səbəbi ilə, möminlərin səhv yolda olduğunu belə düşünürlər. Necə ki, bu məntiqsiz düşüncələri ayədə belə bildirilir:
O zaman münafiqlər və qəlbində xəstəlik olanlar dedilər: “Bunları öz dinləri aldatdı!” Kim Allaha təvəkkül etsə, bilsin ki, Allah Qüdrətlidir, Müdrikdir! (Ənfal surəsi, 49)
Ayədən də aydın olduğu kimi, yalnız özlərinin doğru yolda olduqlarını zənn etdikləri üçün, möminlərin ağlını da bəyənməzlər. Halbuki möminlər dünyada Allahın “ağıl” verdiyi yeganə insan birliyidir. Buna baxmayaraq özlərini hər kəsdən üstün görən münafiqlərə, din əxlaqını yaşamaq mövzusunda ağıl sahibi möminlər nümunə verildiyində, onların ağlını bəyənmədiklərini açıq şəkildə ifadə edərlər. Münafiqlərin möminlər haqqındakı bu yanlış zənni və əslində özlərinin nə qədər “yazıq” mövqedə olduqları bir ayədə belə buyurulur:
Onlara: “Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!” – deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?” – deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər. (Bəqərə surəsi, 13)
Ayədə bildirildiyi kimi münafiqlərin ağılları əksikdir, çünki çox qatı yalanlar söylədikləri, əsassız tələlər qurduqları halda möminlərin bunları anlamadığını, elçinin onların bu oyunlarını ortaya çıxara bilməyəcəyini zənn edirlər. Ancaq Allah zamanı gəldiyində nə qədər kiçik vəziyyətə düşdüklərini onlara da, digər insanlara da göstərir.
Münafiqləri mömin birliyinin içində ikən onlardan ayıran digər tərəfləri də din əxlaqını yaşamaq mövzusunda həmişə laqeyd olmalarıdır. Quranda münafiqlərin özlərini mümkün qədər mömin birliyinin mübarizəsində geridə tutmağa çalışdıqları, ağır davrandıqları belə bildirilir:
İçərinizdə elələri də var ki, cihada çıxdıqda özlərini yubandırar və sizə bir müsibət üz vermiş olduqda: “Allah mənə mərhəmət göstərdi ki, mən onlarla birlikdə bəlaya düçar olmadım” – deyər. (Nisa surəsi, 72)
Allaha və Onun Elçisinə təslim olmamaqla, mübarizə aparmamaqla, infaq etməməklə və daha bir çox ibadət etməməklə özlərini “müvəffəqiyyətli” zənn edən münafiqlər, bu ibadətləri yerinə yetirsələr itkiyə düçar olacaqlarını düşünürlər. Bu səbəbdən Allahın razılığını axtarmadıqları və özlərini müstağni gördükləri üçün, bu ibadətləri etmək onlara çətin gəlir.
Münafiqlərin özlərini geri tutmaqla mənfəət əldə etdiklərini zənn etdikləri, halbuki böyük itkiləri olduqları bir neçə mövzunu bu cür sıralaya bilərik:
Münafiqlər ölümdən çox qorxarlar. Dünya həyatına şiddətlə bağlı olduqları üçün, ölümün düşüncəsi belə onları narahat edir. Ölümün Allahın əmri olduğunu, onlara düşən ölüm gələnə qədər ixlasla ibadətlərini davam etdirmək olduğunu düşünməzlər. Necə ki, Allah Quranda Peyğəmbərimiz (s) dövründəki münafiqlərin bu vəziyyətlərini xəbər vermişdir. Onlar döyüşə getməyərək də, öz ağıllarına görə ölüm ehtimalını ortadan qaldırdıqlarını zənn etmişlər. Bu səbəbdən bir bəhanə taparaq döyüşə çıxmamalarını öz düşüncələrinə görə ağıllı hərəkət kimi qiymətləndirmişlər. Döyüşdən geri qaldıqları üçün gizlətdikləri sevinci də Allah Quranda möminlərə xəbər verir. Ayədə belə buyurulur:
Döyüşə getməyib arxada qalanlar Allahın Elçisinin əleyhinə çıxaraq evdə qalmalarına sevindilər... (Tövbə surəsi, 81)
Halbuki münafiqlər səthi düşünən insanlar olduqları üçün bunu heç ağıllarına gətirməzlər; ölüm insanı hər yerdə yaxalayar. Təhlükədən qaçaraq geridə qalan adamın, evində oturarkən ölməyəcəyinə heç bir zəmanəti yoxdur. Amma əvvəl də ifadə etdiyimiz kimi münafiqlər, içində olduqları səthiliyi qavraya biləcək anlayışa sahib deyildirlər. Bu səbəbdən də müvəqqəti qurtuluşu, daha doğrusu qısa müddətli yubanmağı özlərinə qazanc olaraq görərlər.
Allah mömin birliyini xeyirlə də, şərlə də sınaqdan keçirəcəyini bildirir. Möminlər dünyada axirəti qazanmaq üçün imtahandan keçirilir. Buna görə qarşılarına bəzən xeyirli görünən, bəzən də şər kimi görünən, amma Allahın nəticəsini möminlərin xeyrinə çevirdiyi müxtəlif hadisələrlə qarşılaşırlar. Bunun imtahanın bir sirri olduğunun fərqinə vardıqları üçün hər zaman eyni şövq və səylə Allahın razılığını qazanma yarışı içərisindədirlər. Əsla ümidsizliyə, qorxuya düşməzlər.
Ancaq mömin birliyinin arasında imtahanın sirrini qavraya bilməmiş və hadisələri yalnız zahiri (səthi) olan istiqamətiylə qiymətləndirən bir qrup vardır ki, bunlar münafiqlərdir. Münafiqlər bir az əvvəl də bəhs etdiyimiz kimi özlərini hadisələrdən mümkün olduğu qədər geridə tutmağa çalışırlar. Hətta imkanları varsa mömin birliyindən də əllərindən gəldiyi qədər uzaq dururlar. Bunun səbəbi, möminlərin qarşılaşdıqları çətinliklərlə qarşılaşmaq istəməmələridir. Necə ki, xüsusilə döyüş zamanlarında münafiqlərin, möminləri mümkün qədər uzaqdan izləməyi üstün tutduqlarını keçmişdəki nümunələriylə Allah möminlərə xəbər vermişdir:
Münafiqlər müttəfiqlərin çıxıb getmədiklərini güman edirlər. Əgər müttəfiqlər bir də gəlmiş olsaydı, onlar bədəvilər arasında köçəri həyat sürüb barənizdəki xəbərləri soruşub öyrənmək istəyərdilər. Hərgah aranızda olsaydılar, ancaq azacıq döyüşərdilər. (Əhzab surəsi, 20)
Və yenə bir başqa ayədə, möminlərdən uzaqda qalmağa, onların başlarına gələn hadisələrdən bunlara təsiri olmamasına çalışan münafiqlərin necə xeyir əldə etdiklərini düşündükləri belə bildirilir:
Sənə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sənə bir müsibət üz versə: “Biz ehtiyat tədbirimizi əvvəlcədən görmüşük!” – deyər və sevinə-sevinə çıxıb gedərlər. (Tövbə surəsi, 50)
Allahın elçisinə itaət edən mömin, Allahı və Onun kitabını hər şeydən üstün tutur deməkdir. Çünki Allaha və Qurana itaət, elçiyə də itaət etmək deməkdir. Allaha könüldən bağlı və itaətli olan möminlər, elçiyə də eyni bağlılığı və itaəti göstərirlər. Allahın elçisi, onlar üçün öz canlarından, öz nəfslərindən daha qiymətlidir. Quranda Peyğəmbərimizi (s) canları bahasına qoruyan, onunla birlikdə döyüşə gedərək, onun nəfsini öz nəfslərindən üstün tutan möminlərdən bəhs edilir.
O dövrün münafiqləri isə döyüşə getməmiş və Peyğəmbərimizi (s) qorumaq məcburiyyətində qalmadıqları üçün özlərini son dərəcə qazanclı və ağıllı saymışlar. Döyüşə qatılan, ancaq qorxub geri dönən münafiqlər isə hz. Məhəmmədin (s) onları çağırmasına qulaq asmamış və arxalarına baxmadan qaçmışlar:
O zaman Peyğəmbər arxanızdan (düşmənə yaxın olan sıralardan) sizi çağırdığı halda siz heç kimə əhəmiyyət vermədən düşməndən qaçırdınız... (Ali İmran surəsi, 153)
Bu qaçışın onları qurtardığı qənaətindədirlər. Halbuki Peyğəmbərimizin (s) əmrindən çıxdıqları üçün, çox böyük səhvə yol vermişlər, Allahın narazılığını qazanmışlar və bu səbəbdən sonsuz əzaba məhkum olmuşlar.
Münafiqlər fitnə və nifaq mövzusunda sanki bir-birləriylə yarışarlar. Ancaq möminlərdən çəkindikləri üçün etdikləri hər fitnə-fəsad ortaya çıxdığında and içərək, əslində “yaxşı niyyətli” və barışdırıcı olduqlarına möminləri inandırmağa çalışarlar. Etdikləri hər pozğunçuluqda xüsusilə elçiyə gedərək etdikləri şeyin yaxşı niyyətli olduğuna onu inandırmaq üçün səy göstərərlər. Bunun açıq nümunəsini Quranda görmək mümkündür:
Öz əlləri ilə törətdikləri əməllərə görə onlara müsibət üz verdikdən sonra sənin yanına gəlib: “Biz ancaq yaxşılıq etmək və mübahisə edənləri barışdırmaq istədik!” – deyə Allaha and içdikdə onların halı necə olacaq? Onlar o kəslərdir ki, Allah onların qəlblərində olanı bilir... (Nisa surəsi, 62-63)
Əlbəttə ayədə də ifadə edildiyi kimi, Allah, onların yalan söylədiklərini və qəlblərində nələr gizlətdiklərini çox yaxşı bilir. Və bunu “dilədiyi zamanda” mütləq ortaya çıxarar. Elçisini də onların bu vəziyyətindən xəbərdar edər.
Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər... (Nisa surəsi, 49)
Münafiqlər üçün insanların razılığının nə qədər əhəmiyyətli olduğunu vurğulamışdıq. Necə ki, insanların razılığını qazana bilmək məqsədilə, yuxarıdakı ayədə də bildirildiyi kimi dayanmadan özlərini tərifləyərlər. Etdikləri bütün səhvləri örtməyə, gizlətməyə və əgər səhvləri ortaya çıxarsa da müxtəlif bəhanələrlə özlərini təmizə çıxarmağa çalışarlar. Üstəlik, özlərini (heç elə olmadıqları halda) insanlara qarşı təqvalı olaraq tanıtmağa diqqət göstərərlər.
Ancaq əlbəttə ki, bu cəhdləri də ancaq özləri kimi olanlar arasında müvəffəqiyyətli olar. Səmimi möminlər onların bu ikiüzlü rəftarlarını çox keçmədən analiz edir və ona görə lazım olan qarşılığı verirlər.
Kitabın əvvəlindən bəri üzərində dayandığımız kimi münafiqlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri şeytani təkəbbürləridir. Bu təkəbbür içlərində o dərəcə böyümüşdür ki, heç bir mövzuda qüsurlu olduqlarını, səhv olduqlarını qəbul etməzlər. Əgər bir qüsurları, ya da səhvləri üzlərinə deyilsə də bunu söyləyən adama qarşı böyük qəzəb duyarlar.
Ancaq möminlərin və xüsusilə elçilərin ən əhəmiyyətli xüsusiyyətləri “yaxşılığı əmr edib və pislikdən çəkindirmək”dir. Yəni inananlar davamlı olaraq bir-birlərinə öyüd verir, səhvlərini, qüsurlarını aradan qaldırmağa çalışırlar. Münafiqlər də mömin birliyinin içində olduğu üçün onlar da möminlərin Allahın razılığını qazanmaq üçün tətbiq etdiyi bu ibadətlə tez-tez təmasda olurlar.
Özlərini qüsursuz görən münafiqlərin, verilən nəsihət qarşısında qəzəbə qapıldıqlarını, hz. Məhəmməd (s) dövründə yaşamış münafiqlərin bəhs edildiyi ayələrdə görürük. Qurandan onlara edilən xatırlatmalar qarşısında elə azğınlaşmışlardır ki, ”... öz baxışları ilə az qala səni gözə gətirələr...” (Qələm surəsi, 51) ayəsində ifadə edildiyi kimi, Peyğəmbərimizə (s) duyduqları kini, qəzəbi, nifrəti gizləməyə belə ehtiyac görməmişlər, bunu baxışlarıyla açıq şəkildə ortaya qoymuşlar.
Şübhəsiz bu, Peyğəmbərimizin (s) onlara nəsihətlər verməsinə görədir. Əgər elçi onlara ölümün yaxınlığı, axirətdəki cəhənnəm əzabının şiddəti, Qurana müxalif olanların dünyadakı və axirətdəki vəziyyətləri kimi əhəmiyyətli mövzuları xatırlatmasaydı və onları bütün qövmə qarşı tərifləsəydi, şübhəsiz münafiqlər elçiyə qarşı kin duymazdılar. Lakin Allahın dəyişməz qanunu olaraq elçilər, öz öhdələrinə düşəni qüsursuz şəkildə yerinə yetirər və kim olursa olsun yaxşılığı əmr edib, pislikdən çəkindirməyə davam edərlər.
...Və öz-özlərinə: “Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?” – deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir. (Mübarizə surəsi, 8)
Etdiklərini davam edib və heç bir şəkildə imtina etməmələrinin bir səbəbi də “heç vaxt bəla gəlməz” zənn etmələridir. ”Bəla gələcək olsaydı indiyə qədər gələrdi” şəklində səhv məntiqə sahibdirlər. Halbuki bu tamamilə onların zənnidir, çünki Allahın qaydaları çox fərqlidir. O istəsə dərhal bəla verər, istəsə də müəyyən bir vaxta qədər möhlət verər.
Üstəlik münafiqlər, düşündüklərinin əksinə davamlı bəlaya uğrayırlar, lakin fərqində deyildirlər. Danışıqlarında və baxışlarında pozulma olması, ağılla düşünə bilməmələri, həmişə davam edən narahatlıq, təvəkkül edə bilməməkdən qaynaqlanan daimi stress, gözəlliklərdən zövq ala bilməmə və nemətin dəyərini bilməmə onların üzləşdikləri bəlalara nümunədir.
Allah onlardan bəzisinin ölümünü isə təxirə salar, beləcə dünyadakı inkarlarının artması üçün onlara müddət verir. Bununla birlikdə cəhənnəmdə görəcəkləri əzabın şiddəti də, eyni nisbətdə artmış olur:
Onların malları və övladları səni təəccübləndirməsin; Allah bunlarla, ancaq onları dünyada azablandırmak və canlarının kafir olduqları çətinlik içində çıxmasını istəyir. (Tövbə surəsi, 85)
Bu insanların sahib olduqları dünyəvi dəyərlərdən ötrü üstünlük qazandıqlarına və onlara olan səthi güvənlərini bunlardan əldə etdiklərinə daha əvvəl də toxunmuşduq. Ailələri və sahib olduqları mal-mülk xüsusilə güvəndikləri dayaqların başında gəlir.
Ailələrinin və sahib olduqları maddi dəyərlərin onları dünyada da, axirətdə də qoruyacağını düşünür və bu şəkildə özlərini rahatladırlar. Dünyada Allahdan gələcək bəlaya qarşı, dünyanın ən nüfuzlu, ən zəngin insanlarının belə mane olmağa gücü çatmayacağının fərqində deyildirlər. Buna görə də çox mənasız müstağniyyət içindədirlər.
Halbuki güvəndikləri hər şeyin bir-bir yox olduğuna şahid olacaqlar. Hesab günündə yanlarında nə ailələri, nə də dünyada ikən sahib olduqları dəyərlər olmayacaq. Tam tərsinə, orada tək tənha və köməksiz qalacaqlar. Üstəlik, bu sayılanların dünyada da onlara fayda vermədiyini, Allahın verdiyi müxtəlif müsibətlərlə anlayacaqlar.
Münafiqlər, daha əvvəl də bəhs edildiyi kimi, din əxlaqını qəbul etməməklə, mömin birliyindən uzaqlaşmaqla özlərini qazancda zənn edərlər. Bunun sayəsində nəfslərinin istəklərinə “rahat-rahat”, “dilədikləri kimi” yaşaya biləcəklərini sanırlar. Ölümün, ya da hər hansı xəstəliyin, bəlanın onlara çatmayacağı, uzun illər təhlükəsizlik və hüzur içində yaşaya biləcəkləri düşüncəsindədir. Halbuki tam tərsinə bəlalar, çətinliklər və xəstəliklər onlardan əl çəkməz. Necə ki, Allah möminlərə, dindən dönənlərə dünyada da, axirətdə də sıxıntı verdirəcəyini ayələriylə belə müjdələmişdir:
Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik. (Taha surəsi, 124)
Münafiqlərin daşıdıqları xüsusiyyətlərdən biri də axirət inanclarının çox zəif və yanlış olmasıdır. Bir çoxu öldükdən sonra dünyada işlədikləri cinayətlərin hesabını verəcəklərinə inanmaz; buna ehtimal versə belə etməli olduğu hər şeyi etdiyini zənn etdiyi üçün özünü “cənnətə layiq” olaraq görür. Bu yanlış zənləri Quranda belə nümunə ilə göstərilmişdir:
O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq! (Kəhf surəsi, 36)
Öz çürük məntiqinə görə “necə olsa mömin birliyi ilə bərabərdir, yaxşı-pis etdiyi bəzi xidmətlər də vardır. O halda axirətdə bunların qarşılığını görəcək və mütləq cənnətə girəcək. Və ya ən pis ehtimalla cəhənnəmdə cəzasını çəkib yenə cənnətə girəcək”. Allah münafiqlərin bu gerçəkdən uzaq zənlərini Quranda belə bildirir:
Bu, onların: “Od bizə ancaq bir neçə gün toxunar!” – demələrinə görədir. Onları uydurduqları şeylər öz dinlərində aldadıb yoldan çıxartdı. (Ali İmran surəsi, 24)
Halbuki ayədə də ifadə edildiyi kimi, bu böhtandır və bundan ötrü münafiqlər, dinləri mövzusunda səhv fikrə düşmüşlər. Yuxarıdakı ayənin davamından gələn ayədə bu səhv fikirləri nəticəsində hansı vəziyyətlə qarşılaşacaqlarına da belə hökm verilir:
Baş verəcəyinə şübhə edilməyən bir gündə onları topladığımız və hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də heç bir haqsızlıq edilməyəcəyi zaman onların halı necə olacaq? (Ali İmran surəsi, 25)