Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsindəndirlər. Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər ziyana uğrayanlardır. (Mücadilə, 19)
Yer üzündə iki topluluq vardır: Allahın firqəsi və şeytanın firqəsi.
Şeytanın firqəsi, özlərini yaradan Allahı unudan və yoldan azaraq şeytanın “addımlarını izləyən” birlikdir. Bu birliyi öz içində müşriklər, kafirlər, münafiqlər deyə müxtəlif qruplara ayıra bilərik. Ancaq bu qruplar içində, Allahın axirətdə ən pis əzab ilə cəzalandırılacaqlarını xəbər verdiyi münafiqlərdir. Münafiqlər, şeytana aid bütün xüsusiyyətləri üzərilərində daşıyan birlikdir. Bu mövzuya keçməzdən əvvəl, şeytanın qəribə məntiqlərini araşdırmaqda fayda vardır:
İlk olaraq şeytanın ən əxlaqsız rəftarı, yəni “azğın və əsrarəngiz üsyanı” üzərində dayanmaq lazımdır. Əraf surəsində belə xəbər verilir:
İblis dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. (Əraf surəsi, 16-17)
Şeytanın ən böyük məqsədi, ayələrdə görüldüyü kimi insanların Allaha qarşı üsyan etmələrini təmin etməkdir. Bu məqsədinə çatmaq üçün əlindən gələn hər şeyi edər, davamlı səy göstərər. Lakin bu inadkar səyi ilə yanaşı anlaşılmaz bir məntiqi daha vardır. Bu azğın məntiqi xəbər verən ayə belədir:
Münafiqlər şeytana bənzəyirlər. Şeytan insana: “Kafir ol!” – deyir. İnsan kafir olan kimi: “Mən səndən uzağam. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!” – deyir. (Həşr surəsi, 16)
Yuxarıdakı ayədə görüldüyü kimi şeytan, insanlara üsyan etmələrini əmr etdiyi halda, özü Allahdan qorxduğunu deyir. Bu ifadələri, daşıdığı “səhv məntiqi” gözlər önünə sərər. Həm Allaha qarşı üsyan edir və insanları üsyana təşviq edir, həm də Allahdan qorxduğunu iddia edir. Əlbəttə bu ifadələr şeytanın ağıl cəhətdən son dərəcə qeyri-stabil varlıq olduğunu göstərir.
Məhz münafiqlərin də şeytan ilə bənzərlik göstərən ən diqqətə çarpan xüsusiyyətləri bu “azğın və əsrarəngiz üsyan”dır. Münafiqlər, bir tərəfdən Allaha qarşı təkəbbürlənib, fitnə çıxarmağa səy göstərərkən, digər tərəfdən də Allaha, axirətə iman etdiklərini, Allahın dininə və peyğəmbərinə itaət göstərdiklərini iddia edərlər. Necə ki, Allah münafiqlərin bu rəftarları haqqında möminləri müxtəlif ayələrlə xəbərdar etmişdir. Bir ayədə belə buyurulur:
Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir. (Nisa surəsi, 60)
Quranda, şeytanla münafiqlər arasındakı bu ən diqqətə çarpan ortaq cəhətin xaricində də müxtəlif bənzərlikdən və əlaqələrdən bəhs edilir. İndi bunları araşdıraq.
Allaha inananlar, “Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar Allaha boyun əyərək namaz qılır və zəkat verirlər.” (Maidə surəsi, 55) ayəsi gərəyi, yalnız Allahı və özləri kimi inananları dost qəbul edərək əhəmiyyətli ibadəti yerinə yetirirlər. Güclərinin ən əhəmiyyətli səbəbi budur.
Möminlər necə Allahı dost seçir və hər işlərində Ona yönəlirlərsə, münafiqlər də şeytanı dost və vəli seçərlər. Şeytanı özlərinə dost tutanların vəziyyəti ayələrdə belə bildirilir:
...Şübhəsiz ki, o və onun nəsli sizləri, sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik. (Əraf surəsi, 27)
Allah Öz bəndələrinin bir qismini doğru yola yönəltdi, digərlərinə isə haqq yoldan azmaq layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə dost tutdular və elə güman edirlər ki, doğru yoldadırlar. (Əraf surəsi, 30)
Kim Mərhəmətli Allahın zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar. (Zuxruf surəsi, 36)
Zuxruf surəsində bəhs edilən bu ayədə də bildirildiyi kimi münafiqlərin ən diqqətə çarpan xüsusiyyətlərindən biri də Allahı zikr etməmələri, mənəvi cəhətdən Allahdan uzaq olmalarıdır. Bu vəziyyətdə olmalarını təşviq edən isə yenə şeytandır.
Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unutdurmuşdur... (Mücadilə surəsi, 19)
İnsanın “münafiq” olması üçün, əvvəlcə mömin birliyinin içində olması və onlara öz ağılsızlığına görə gizli və ya açıq zərər verməyə çalışması lazımdır.
Münafiq, möminlərin içinə qədər girmiş, bir müddət də olsa onların həyat tərzini təqlid edib aralarında yaşamağa çalışmış, möminlərlə birlikdə Allahı anmış, Onun ayələrini oxuyub öyrənmişdir. Bütün bunlara baxmayaraq, imanından sonra inkara düşmüşdür. Münafiqlərin bu vəziyyəti bir ayədə belə bildirilir:
Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlamırlar. (Münafiqun surəsi, 3)
Görəsən necə olur ki, Allahın varlığını və birliyini qəbul edib, Qurana itaət edən imanlı bir insan “bir anda” Allaha üsyan edib azır?
Bu əlbəttə ki, bir anda olmaz. Münafiqlərin qəlbləri, imandan çox küfrə yaxındır. Bu zəif imanlı şəxsləri aldatmaq isə, təbii ki, yenə şeytanın işidir. Onlara təsir edər, doğru yoldan azdırıb öz yoluna çəkmək üçün müxtəlif tələlər qurar. Bunların ən böyüyü də Allahı unutdurmağa istiqamətli olanıdır.
Allahı unutdurmaq istəyən şeytan, müəyyən oyunlarla münafiqə yaxınlaşar. Halbuki münafiq nəzərdə tutulan oyunları Quran ayələrindən çox yaxşı bilir. Bu səbəbdən şeytanın tələsinə bilə-bilə düşər; bu da qəlbində (Quranda xəbər verildiyi kimi) “xəstəlik” olması səbəbi ilədir. Bu xəstəlik üsyankarlıqdır. Münafiqlərin bu vəziyyətləri ayədə belə xəbər verilir:
Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər. (Bəqərə surəsi, 10)
Burada unudulmamayacaq mövzu, şeytanın ancaq zəif imanlılara təsir edə biləcəyidir; həqiqi, səmimi möminləri isə heç bir şəkildə tələyə sala bilməyəcək. Azğın insanlarla həqiqi möminlər arasındakı fərq bir ayədə belə xəbər verilir:
Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlardan başqa. (Hicr surəsi, 42)
Münafiqi təvəkkülsüzlüyə, təkəbbürlüyə və səmimiyyətsizliyə sürüməyə çalışan şeytan, qısa zamanda müvəffəqiyyətli olar. Sahib olduğu zəif inanc səbəbi ilə ağlasığmaz bir sürətlə ona uyan münafiq, mömin rəftarını təqlid etməyi artıq bir kənara buraxıb, şeytani davranışlar sərgiləməyə başlayar. Möminlərə o günə qədər heç göstərmədiyi mənfi rəftarlarını göstərər. Məsələn, birdən qəzəblənər, çaxnaşmaya qapılar, öz ağlına görə möminlərə zərər verəcəyini düşündüyü davranışlar edər. Xüsusilə çətin anlarında və ya ona gələn zərər qarşısında şeytanın təsiri yaxşı şəkildə nəzərə çarpar. Gözləmədiyi şəkildə çətinliklə qarşılaşan münafiq bir anda başına gələn hadisənin Allahın idarəsində reallaşdığını, təvəkkül etməli olduğunu, Allahın duasını qəbul edəcəyini düşünə bilməz və bir möminin çətinlik qarşısında göstərəcəyi bütün rəftarların əksini göstərməyə başlayar. İmanının sınandığı çətinlik anı ilə qarşılaşan münafiq, həmin ana qədər görülməmiş bir üzlə ortaya çıxar. Məhz Allahı unutmuş və şeytana təslim olmuş bu üz, münafiqin həqiqi üzüdür.
Açıq şəkildə aydın olur ki, münafiqi doğru yoldan çıxarmaq, şeytan üçün heç də çətin deyil. Necə ki, şeytan yalnız pis yola çağırır; onun arxasından sürünərək gedən, sonra da tövbə etməyən və bütün bunları tamamilə öz arzusuyla edən, münafiqin özüdür:
Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla, ona şəkk gətirən kimsələri ayırd etmək üçün şeytana belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir. (Səba surəsi, 21)
Şeytan axirətdə, arxasından apardığı kəslərə etiraf edər və onları məcbur etmədiyini, ardınca gələnlərin öz arzuları ilə onu izlədiyini bir daha açıq şəkildə deyər. Ayədə bu həqiqət belə bildirilmişdir:
İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin vədimə xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi azğınlığa dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni Allaha şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımlar üçün ağrılı-acılı bir əzab hazırlanmışdır. (İbrahim surəsi, 22)
Allaha yəqinliklə inanan insan imanında bir an belə şübhəyə qapılmaz; belə bir günahdan Allaha sığınar. Münafiq isə iman mövzusunda şübhəlidir. Bu şübhəni qəlbinə salan isə təbii ki, yenə dost seçdiyi, arxasından sürüklənib getdiyi şeytandır.
Mən onları mütləq doğru yoldan azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır. (Nisa surəsi, 119)
Ayədə ifadə edildiyi kimi, şeytanın insanları salmağa çalışdığı vəsvəsələr, heç olmayacaq tərzdə boş və mənasızdır. Ancaq zəif imanlı kəslər, bunları fövqəladə əhəmiyyətli hesab edir və asan şəkildə mənimsəyir. Qurandan uzaq olduqları üçün, “Əgər şeytandan sənə vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir!” (Əraf surəsi, 200) ayəsiylə, Quranda belə bir vəziyyətdə tətbiq olunması tövsiyə edilən rəftarı da sərgiləməz.
Bu səbəbdən möminlər şeytana qarşı müvəffəqiyyət qazanarkən münafiqlər, mütləq şəkildə ona məğlub olarlar.
Şeytan onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir. (Nisa surəsi, 120)
Şeytan insana yalnız boş vədlər verir. Bu vədlərin hamısı, müvəqqəti dünya həyatına istiqamətlidir. Möminlərə verilmiş nemət olan ağıla sahib olmamasına baxmayaraq olduqca zəkalı olan şeytan, hər kəsə zəif yönlərindən təsir etməyə çalışar. Bu zəif istiqamətlər, insanın Allahın razılığının yerinə üstün seçdiyi “büt”lərdir.
“Büt” deyildikdə, ağıla yalnız bəzi insanların cahilcə önlərində səcdə etdikləri daşlar gəlməməlidir. Büt, dinin yerinə seçilən hər hansı bir anlayış və ya bir insan ola bilər. Hamısı da dünya həyatının müvəqqəti bəzəkləri olan mövqe, məqam, zənginlik, şöhrət, gözəllik, gözdə böyüdülən bir insan və ya insanlar da “büt” ola bilərlər. Şeytanın vədləri daha da müxtəlifdir, lakin hamısı da boş yalandan başqa bir şey deyil. Çünki hamısı keçicidir və insan torpaq olub, yenidən dirildiləcəyi gün, dünyada dəyər verib bel bağladığı heç bir dəyəri və ya heç bir insanı yanında tapa bilməyəcək. Üstəlik bir insanın şeytanın vədlərinin boş və saxta olduğunu anlaması üçün dünya həyatının sona çatmasına da ehtiyac yoxdur. Hələ dünyada ikən, sahib olduğu bütün imkanlara qarşı bədbəxt, narahat, gərgin və həqiqi sevgini həyatları boyunca bir dəfə belə yaşamamış olan insanlar şeytanın təlqinlərinin böyük yalandan ibarət olduğunun ən əhəmiyyətli dəlillərindəndir.
Ancaq bütün bunlara baxmayaraq, “dərin” qavrayışdan uzaq olan münafiqlərin bu boş vədlərə aldanmaları heç də çətin olmaz. Dünyaya kor-koranə bağlı olan münafiqlər, şeytanın vədlərinin mütləq reallaşacağını, ona tabe olmaqla qazanc əldə edəcəklərini zənn edərlər. Lakin şeytanın vədləri, yalnız insanı cəhənnəmə sürükləmək üçündür. Dünyada və xüsusilə də axirətdə ona heç bir fayda təmin etməyəcək. Həşr surəsində belə buyurulur:
Münafiqlər şeytana bənzəyirlər. Şeytan insana: “Kafir ol!” – deyir. İnsan kafir olan kimi: “Mən səndən uzağam. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!” – deyir. Onların hər ikisinin aqibəti atəş içində əbədi qalmaqdır. Zalımların cəzası budur. (Həşr surəsi, 16-17)
Şeytana tabe olmayan, vədlərinə aldanmayan tək birlik möminlərdir. Onlar, insanlara dayanmadan pisliyi fısıldayan şeytanın yalanlarına, vermək istədiyi vəsvəsələrə açıq deyildirlər. Hər hadisəni “ağıl və vicdan” çərçivəsində qiymətləndirdikləri üçün, bu əsassız vədlərə heç bir şəkildə inanmazlar.
Münafiqlər, möminlərə özlərini “səmimi” tanıtmaq üçün çox səy göstərirlər. Bu səmimiyyətsizliklərini mənfəətləri zərər görənə qədər israrla davam etdirərlər (məqsədlərinə daha sonra təfərrüatları ilə nəzər salacağıq).
Möminlərdən ayrıldıqları müddətə qədər özlərini gizləyən münafiqlər, bu müddət ərzində həqiqi üzlərini də yalnız şeytana göstərirlər. Allah bir ayədə münafiqlərin bu vəziyyətlərini belə xəbər verir:
Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!” – deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz möminlərə ancaq istehza edirik!” – deyirlər. (Bəqərə surəsi, 14)
Burada əhəmiyyətli bir mövzuya diqqət etmək lazımdır. Şeytan münafiqlərin qarşısına əlbəttə ki, cismən çıxmaz. Onun müxtəlif qabiliyyətləri vardır; insanların qarşısına onlardan biri kimi, yəni “insan surətində” çıxa bilməsi də bunlardan biridir.
“İnsan surətində” çıxmasını bir az daha açıqlamaqda fayda var. “Şeytan kimi” sözü xalq arasında da istifadə edilən bənzətmədir. Görəsən necə “şeytan kimi” olmaq mümkündür? Bir insan şeytanın xüsusiyyətlərini üzərində daşıyırsa o insana “şeytan kimi” demək çox yerindədir.
Münafiqlər də, əvvəlcə bəhs edildiyi kimi şeytanın bütün xüsusiyyətlərini üzərində daşıdıqları üçün, tam yerində bənzətmə ilə “şeytan kimi”dirlər. Üstəlik özləri kimi olan insanları da rahatlıqla diaqnoz edə bilmə qabiliyyətinə sahibdirlər. Qarşılarındakı insanda özləri ilə ortaq bir istiqamət görürlərsə bu insana qarşı da həqiqi üzlərini göstərə bilərlər.
Məhz bu mərhələdə münafiqlər, möminlərin yanından ayrılıb özlərinə bənzər kəslərin yanına getdiklərində, “şeytanları ilə baş-başa qalmış” olurlar. Və öz aralarında, irəlidə də bəhs ediləcəyi kimi, gizli yığıncaqlar edərək, gizli fısıldaşmalar edərək peyğəmbərə düşmənçilik, üsyan kimi müxtəlif əxlaqsız, alçaq və hiyləgər planlar hazırlayarlar. Ancaq unutmamaq lazımdır ki, bu planların hamısı ən başdan pozulmuş olan tələlərdir və münafiqlərin möminlərə maddi və ya mənəvi zərər verə bilməsi əsla mümkün deyildir.