Döyüşə getməyənlərdən başqaları da vardır ki, onlar Allahın ixtiyarına buraxılmışlar. O, ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək. Allah Biləndir, Müdrikdir. (Tövbə surəsi, 106)
Allah Quranda xəbər verildiyi kimi, ”...qullarının kafirlik etməsinə razı olmaz...” (Zumər surəsi, 7) Yəni, qullarını doğru yola yönəltmək, səhvlərini bağışlamaq və cənnətinə salmaq istəyər. Ancaq münafiqlər Allahın bu çağırışından israrla üz çevirirlər. Bildikləri və anladıqları halda ayələrə qarşı laqeyd qalaraq, zülm və təkəbbür səbəbi ilə inkarda təkid edirlər. Ancaq aralarında bu rəftarlarına son vermək istəyənlər də ola bilər. Bu vəziyyətdə, tövbə etməyə niyyət etmiş olan adama düşən, acizliyini tam mənasıyla qavrayaraq, ən səmimi şəkildə Allahdan bağışlanma diləyib, bir daha münafiqliyə geri dönməmək üzrə “qəti” olaraq tövbə etməkdir.
Həqiqətən səmimi olması şərti ilə, tövbə edən münafiqin tövbəsinin qəbulu “Allah istəsə” mümkün ola bilər. Necə ki, Allah, ”Hər kim haqsızlıq etdikdən sonra tövbə edib əməllərini islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.” (Maidə surəsi, 39) deyə bildirilir.
Münafiqlərin tövbə etməsiylə əlaqədar Quranda müxtəlif dəlillər vardır. İşlədiyi günahları etiraf edən, elçiyə qarşı səmimi rəftar göstərməyə təmiz qəlblə niyyət edən kəsə ümid edilir ki, Allah tövbəsini qəbul edər:
Digərləri isə günahlarını etiraf etdilər. Onlar yaxşı bir əməllə başqa bir pis əməli qarışdırdılar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Tövbə surəsi, 102)
Allah keçmiş qövmlərdə yaşamış münafiqlərdən və onlardan bir qisminin tövbələrindən də nümunələr vermişdir. Ayələrdə bildirildiyi üzrə, Peyğəmbərimizin (s) qövmündən bəziləri döyüşə çıxmamaq üçün çoxlu bəhanələr irəli sürmüşlər və geri qalmaq üçün Peyğəmbərimizdən (s) icazə istəmişlər. Geri qaldıqları üçün özlərini qazancda sayıb, sevinirdilər. Öz ağıllarına görə, döyüşə getməyərək ölüm təhlükəsindən xilas olmuş və həyatlarını zəmanət altına almışdılar. Qaçdıqları ölümün onları evlərində də yaxalaya biləcəyini düşünmürdülər. Halbuki Allaha və peyğəmbərə təslim olsalar və döyüşə çıxsalar, ölüm onları yaxalasa belə şəhid olacaqlar və Allahın lütfü ilə Cənnətə girməyə haqq qazanacaqdılar. Ancaq onlar axirətə şübhə ilə yanaşdıqlarından, döyüşdə ölməyi özləri üçün itki olaraq görürdülər. Ailələri ilə birlikdə geridə qalmaq, ticarətlə və buna bənzər işlərlə maraqlanmaq, onlara daha sərfəli gəlirdi.
Məhz döyüşdən geri qalmağı istəyən bu birliyin arasında, Quranda bəhsi keçən “üç adam” da var idi. Onlar da digərləri kimi döyüşə çıxmamışlar, möminlərlə birlikdə hərəkət etməmişlər, inkarçılara qarşı inananlara dəstək olmamışdılar. Ancaq bu üç adamın, digər “geridə qalanlar”dan fərqli tərəfi var idi: Quranda bizə bildirildiyinə görə bu kəslər, döyüşə çıxmadıqları üçün peşman olmuşlar, hallarından utanc duymuşlar və səmimi olaraq tövbə edib, Allahdan bağışlanma diləmişdilər. Allah da onların tövbələrini qəbul etmişdi.
Bağışlanmalarındakı ən əhəmiyyətli səbəb, səmimi olaraq Allahdan qorxmaları, ehtiyac içində Allaha yalvarıb Ondan bağışlanmağı diləmələriydi. Necə ki, bununla əlaqədar bir Quran ayəsində səmimiyyətləri və vicdani narahatlığı bu şəkildə ifadə edilir:
Geri qalmış üç nəfəri də bağışladı. Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, qəlbləri kədərdən sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra Allah peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir. (Tövbə surəsi, 118)
Bunlarla yanaşı, Allah münafiqlərin tövbə etmələrinin, onlar üçün xeyirli olacağından da bəhs edir. Bu, onlar üçün böyük lütfdür. Etdikləri o qədər pis əməllərə baxmayaraq, Allah (dilərsə) onları bağışlayacaq, günahlarından keçəcək. Bu həqiqət ayədə belə xəbər verilir:
...Əgər tövbə etsələr, onlar üçün xeyirli olar. Əgər üz döndərsələr, Allah onları dünyada da, axirətdə də acılı-ağrılı bir əzaba düçar edər... (Tövbə surəsi, 74)
Ancaq unudulmayacaq başqa bir həqiqət də var ki, Münafiqlərin böyük əksəriyyəti pis əməllər edib, yaşlananda və ya öləcəklərini anladıqlarında da tövbə edə biləcəklərini düşünürlər. Öləcəklərini anladıqları anda etdikləri tövbənin qəbul edilməyəcəyini Allah bir ayədə belə bildirir:
Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!” – deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq. (Nisa surəsi, 18)
Quranda Allahın məqbul olaraq göstərdiyi tövbə isə belə təsvir edilir:
Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir. (Nisa surəsi, 17)