Münafiqlər qəribə məntiqə sahibdirlər. Quranı bilib öyrənmiş olmalarına baxmayaraq, din əxlaqına və axirətə qarşı düşüncələri Quran məntiqinin tamamilə əksidir. Din əxlaqı onlar üçün heç bir zaman birinci plandakı mövzu deyil. Bu həqiqətən də çox yanlış vəziyyətdir. Çünki münafiqlər dinsizlərdən də fərqlidir; dinə qarşı dinsizlər kimi laqeyddirlər, ancaq buna baxmayaraq dindən və möminlərdən də heç cür uzaqlaşa bilməzlər. Bu azğın qrupun mənsubları Quranda ”Arada tərəddüd edib durarlar. Nə onlarla, nə bunlarla” (Nisa surəsi, 143) şəklində təsvir olunmuşdur:
Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!” – deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz möminlərə ancaq istehza edirik!” – deyirlər. (Bəqərə surəsi, 14)
Münafiqlərin əsaslandıqları təməl Allahın rizasından uzaqdır. Ayələri oxumalarına baxmayaraq, dinə qarşı laqeyddirlər və din əxlaqından da uzaqdırlar. Dərin şəkildə qavrama və anlayış qabiliyyətləri olmadığından, möminlərin düşdükləri vəziyyəti də, öz vəziyyətlərini də analiz edə bilməzlər. Allah üçün yaşamağı bilməyən, əsaslandıqları heç bir təməl olmadan Allaha qarşı savaş açmış kəslərdir. Bu səbəblə, səmimi olaraq iman etmiş sayılmırlar. Ən kiçik çətinlikdə sarsılar, Allahın dininə qarşı sədaqətlərinin olmadığını açıq şəkildə gözlər önünə sərərlər. Çətin bir anda dərhal inkarçılarla əməkdaşlıq edərlər. İbadətlər və Quran hökmləri mövzusundakı laqeydlikləri də bu pis xüsusiyyətlərinə dəlil təşkil edir.
Dinə qarşı zəif olmalarına dair bir çox əlamət vardır. Məsələn, münafiqlər, Allahı çox az xatırlayarlar. Bu da onların imanda və din əxlaqını yaşamaqda nə dərəcə zəif olduqlarını göstərən əhəmiyyətli dəlildir. Yenə Quran ayələrindən onların namaza qarşı istəksizliyi, infaqı göstəriş vasitəsi olaraq istifadə etdiklərini anlayırıq. Yalnız möminlərə qarşı nümayiş olsun deyə etdikləri bu ibadətlərə yalnız qaldıqlarında etməmələri də digər çirkin xüsusiyyətləridir. Doğrusu, yalnız öz mənfəətləri və insanlara göstərişlərindən söhbət getdikdə etdikləri ibadətləri, tək başına qaldıqlarında tətbiq etmələri gözlənilməzdir. Bu, onlarda hakim olan yanlış məntiqə uyğun gəlmir, din mövzusundakı fikirləri ilə təzad təşkil edir. Münafiqlərin tanıdıldığı ayələrdən bəziləri belədir:
Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər. (Nisa surəsi, 142)
Vay halına namaz qılanların – o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakardırlar. (Maun surəsi, 4-6)
Və o kəsləri ki, öz mallarını insanlara göstərmək məqsədilə xərcləyir, Allaha və Axirət gününə inanmırlar. Kimin yoldaşı şeytandırsa, necə də pis yoldaşdır o! (Nisa surəsi, 38)
Münafiqlər ibadətdə istəksizdirlər. Qərarlı olduqları yeganə mövzu, insanların razılığını qazanmaqdır. İnsanların bəyənməsi, tərifi, məmnuniyyəti onlar üçün dünyada görə biləcəkləri ən böyük qarşılıqdır. Etdiklərinin hamısını, bu tərifi qazanmaq üçün edərlər. Bu səbəbdən, möminlərlə birlikdə olduqları müddət ərzində etdikləri yalandan ibarətdir. Öz səhvlərinin fərqində deyildirlər, üstəlik öz ağıllarına görə Allahı, Peyğəmbərini və digər möminləri də aldatdıqlarını zənn edərlər. Halbuki yalnız özlərini aldadırlar. Hərəkətlərində heç bir zaman ixlaslı olmadıqları üçün də axirətdəki mükafatdan məhrum buraxılarlar.
Münafiqlər möminlərlə birlikdə olduqları müddət ərzində, özlərini müəyyən etməmək üçün möminləri təqlid edərək rol göstərərlər. Onların etdikləri ibadətlərin təqlidini etməyə çalışarlar, lakin onlara ağır gələnlərə əsla yanaşmazlar. Məsələn, insanları gözəl əxlaqa çağırmaq və haqqı tövsiyə etmək, nəfslərinə çox ağır gələn işdir. Bunun səbəbi, özlərinin tətbiq etmədiyi bu sistemi, başqalarının da tətbiqini istəməmələridir. Bu səbəblə haqqı müdafiə etməkdən diqqətlə çəkinərlər.
Onsuz da ortada ziddiyyətli vəziyyət vardır; Allahı yad etməkdən qaçan, dinə və möminlərə qarşı gizli nifrət bəsləyən bir insanın, Quranın hökmlərini və Allah üçün yaşamağın əhəmiyyətini izah edə bilməyəcəyi açıqdır. Gözəl əxlaqı yaşamadıqları üçün təbii olaraq qarşılarındakı insanlara da izah edə bilməzlər. Onsuz da buna istəkli də deyildirlər.
Həmçinin Allahın Quranda əhəmiyyətli ibadət olaraq əmr etdiyi “təbliğ” əsla yerinə yetirə bilməyəcəkləri ibadətdir. ”Yaxşılığı tövsiyə edib, pisliyin qarşısını almağa çalışmaq”, Qurana uyğun xəbərdarlıqlar etmək, münafiqlərin tətbiq edə bilmədiyi ibadətlərdəndir. Çünki əsas məqsədləri insanların rəğbətini qazanmaq olduğu üçün heç kimlə münasibəti pozmaq istəməzlər və gördükləri səhvlərə müdaxilə etməzlər.
Münafiqlərin möminlərin arasında olduqları müddət ərzində əsas hədəflərinin öz mənfəətləri olduğundan bəhs etmişdik. Öz mənfəətləri ilə ən çox zidd düşən mövzu da şübhəsiz, Quranda möminlər üzərinə fərz olaraq yazılmış olan mübarizə dövrləridir. Mənfəət məqsədi istiqamətində ona fayda gətirməyəcəyini düşündüyü və qəlbən inanmadığı məqsəd üçün mübarizə etmənin məntiqi yoxdur. Üstəlik qavraya bilməmə xüsusiyyətlərinin nəticəsi olaraq bu mübarizəni, uğrunda canının, malının veriləcəyi, ancaq qarşılığının axirətdə alınacağı qazanc olaraq düşünməzlər. Allah üçün fədakarlıq etmək, çətinliklərə dözmək kimi üstün əxlaqi xüsusiyyətləri qavraya bilməzlər. Peyğəmbərimiz (s) dövründə döyüş əmri gələn kimi qaçmağa başlayan münafiqlər, günahlarını ört-basdır edə bilmək üçün müxtəlif yalan və bəhanələrə üz tutmuşlar. Bu vəziyyəti xəbər verən ayələrdən bəzilərində belə buyurulur:
...Onlara: “Gəlin, Allah yolunda döyüşün, yaxud heç olmasa müdafiədə durun!” – deyildi. Onlar: “Döyüş olacağını bilsəydik sizin ardınızca gedərdik” – dedilər... (Ali İmran surəsi, 167)
Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!” – deyə Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir. (Tövbə surəsi, 42)
Döyüşə getməyib arxada qalanlar Allahın Elçisinin əleyhinə çıxaraq evdə qalmalarına sevindilər. Onlar Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər və: “Bu istidə döyüşə çıxmayın!” – dedilər. De: “Cəhənnəm odu bundan da hərarətlidir!” Kaş anlayaydılar. (Tövbə surəsi, 81)
“Allaha iman gətirin və Onun Elçisi ilə birlikdə cihad edin!” – deyə bir surə nazil edildikdə onların var-dövlətə malik olanları səndən icazə istəyib dedilər: “Bizi burax evdə oturanlarla birlikdə qalaq!”. (Tövbə surəsi, 86)
Onlardan bir dəstə demişdi: “Ey Yəsrib əhli! Siz müqavimət göstərə bilməyəcəksiniz. Geri qayıdın!” İçərilərindən bir qismi isə: “Evlərimiz nəzarətsiz qalıb” – deyərək Peyğəmbərdən izin istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq istəyirdilər. (Əhzab surəsi, 13)
Mübarizə zamanında ortaya qoyulan bu rəftar, münafiqin səhv məntiqinin əhəmiyyətli dəlilidir. O günə qədər təqlid etdiyi mömin rolunu tərk edib, həqiqi xarakterini ortaya çıxarar. Ancaq əlbəttə mübarizə dövründən əvvəl də özlərini ələ verən bəzi dəlillər vardır.
Mübarizə üçün hazırlıqlarının olmaması da bu xüsusiyyətlərinin əhəmiyyətli dəlilidir. Belə bir məqsədləri olmadığı üçün bu istiqamətdə hazırlıq etməyi lazımlı görməzlər. Bu vəziyyət, eyni zamanda, onların planlı hərəkətlərinin də dəlilidir. Bilərəkdən ibadətləri yerinə yetirmir və gələcək üçün möminlərlə əlaqəli hazırlıq görmürlər. Tövbə surəsində Peyğəmbərimiz (s) dövründə döyüşdən qaçan münafiqlərin vəziyyəti belə bildirilir:
Əgər onlar döyüşə çıxmaq istəsəydilər, mütləq ona hazırlıq görərdilər. Lakin Allah onların döyüşə getməsini istəmədi və onları saxladı. Onlara: “Evdə oturanlarla bərabər, siz də oturun!” – deyildi. (Tövbə surəsi, 46)
Münafiqlər Allahın dininə savaş açmış olan insanlardır. Uca Rəbbimiz Allahın elçisinə qarşı çıxar, ayələri dinləməyə dözə bilməzlər. Bu səbəbdən, möminlərə qarşı yaxınlıq duymaları da gözlənilə bilməz. Qarşı olduqları dinin tələblərinin bir birlik tərəfindən tətbiq olunması, bu birliyin Allahın ayələrini oxuyan və tətbiq edən olmaları, onlara qarşı kin və nifrət duymaları üçün yetərli səbəblərdir.
Münafiqlər özlərini əlbəttə gizlədəcəklər. Gizlədə bilmək üçün də möminlər arasında rol oynayacaqlar, qəlblərində olana baxmayaraq, mömin olduqlarını söyləyəcəklər. Bu səbəblə, qəlblərində möminlərə qarşı meydana çıxan nifrəti geniş şəkildə anlaya bilmək ilk baxışda mümkün olmaya bilər. Ancaq bu qəzəbin bəzi əlamətləri şübhəsiz ortaya çıxacaq. Bu əlamətlər bizlərə Quran ayələri ilə xəbər verilir.
...Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür... (Ali İmran surəsi, 118)
Möminlərin Qurana olan qəti bağlılıqları, Qurandan aldıqları gözəl əxlaqları əhəmiyyətli sevgi və hörmət ünsürü olmasına baxmayaraq, münafiqlər üçün bunun tam tərsi reallaşar. Gözəl əxlaqa dair hər şey, kin və nifrətlərini daha da artırır. Çünki din mövzusunda da, əxlaq mövzusunda da degenerasiya gözləntiləri vardır. Din əxlaqının gözəl gördüyü şeylərdən uzaqlaşmaq və bunun tam tərsini tətbiq etmək istəyərlər. Allahın xatırlanması, ayələrin xatırladılması, möminlərin güclənməsi və gözəlləşməsi, qarşı olduqları bu sistemin gün keçdikcə inkişafı mənasına gəldiyindən, qəlblərindəki nifrəti artırır.
Bu nifrəti müxtəlif şəkillərdə göstərirlər. Müxtəlif əziyyət metodları, möminlərin əleyhinə qurduqları planlar və elçini hədəf olaraq görmələri, qəlblərindəki kinin nəticəsidir. Ancaq şübhəsiz ayədə də bildirildiyi kimi, qəlblərində gizli tutduqları, ortaya çıxan bu nifrətdən daha böyükdür. Amma bu nifrətləri ilə möminlərə hər hansı zərər verə bilmələri qətiyyən mümkün deyil.
İçlərindəki kinin əsl səbəbi, möminlərin Allaha və elçisinə qeyd-şərtsiz itaət etməsi, davamlı Allahı xatırlayıb və Quranla xatırladıb, öyüd-nəsihət vermələridir. Ölümün yaxınlığı, axirətin həqiqəti, qurtuluşun Allaha və Onun elçisinə itaət olduğu kimi onlara çox ağır gələn mövzuları möminlərdən eşitdikcə, onlara qarşı nifrətləri və qisas alma arzuları daha da çoxalır. İtaət anlayışını qəbul edə bilməzlər, çünki Allahın elçisini təqdir etmir və şahid olduqları üstünlüklər qarşısında kinləri daha da artır. Bu səbəblə əsl hədəfləri elçidir. Bu səbəbdən mübarizələri də birbaşa elçiyə istiqamətli olur. Quranda münafiqlərin Peyğəmbərimiz (s) ilə mübarizəyə girməyə çalışdıqları xəbər verilir.
Əgər səninlə mübahisə etsələr, de: “Allah sizin nə etdiyinizi daha yaxşı bilir”. (Həcc surəsi, 68)
Tarix boyunca gələn bütün elçilərə qarşı mübarizə edən münafiqlərin bu istiqamətdəki bütün səyləri həmişə nəticəsiz qalmışdır. Hər dövrdə gələn elçiyə qarşı edilmiş bu cəhdlərin nəticəsiz qalması, münafiqlərin ümidsizliyə düşüb gücsüzləşməsinə, elçinin və möminlərin daha da güclənmələrinə vəsilə olmuşdur.
Bu kəsləri “münafiq” edən ən diqqətə çarpan xüsusiyyətlərinin, həqiqətən iman etmədikləri halda özlərini imanlı göstərməyə çalışmaları olduğunu ifadə etmişdik. Yalnız özləri kimi gördükləri şəxslərin yanında həqiqi yönlərini büruzə verən bu insanlar, möminlərin yanında yalnız rola girərlər. Lakin Quranda, münafiqlərin möminləri aldatmağa çalışarkən, əslində özlərini aldatdıqlarından belə bəhs edilir:
Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və bunu anlamırlar. (Bəqərə surəsi, 9)
Quranda peyğəmbərlərin və elçilərin dövrlərində yaşamış olan münafiqlərin “iman etdik” demələrinə baxmayaraq, əslində, həqiqətən iman etmədiklərindən bəhs edilərkən, bütün möminləri onlara qarşı daim ayıq olmağa sövq etmişdir:
Ey Elçi! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə: “İman gətirdik!” – deyən kimsələrdən küfrə can atanlar qoy səni kədərləndirməsin. Həm yəhudilərdən yalana həvəslə qulaq asanlar, həm də sənin yanına gəlməyən başqa bir camaata həvəslə qulaq asanlar vardır. Onlar haqqı dərk etdikdən sonra kəlmələrin yerlərini dəyişdirib deyirlər: “Əgər sizə bu dəyişdirilən hökm verilsə, onu götürün. Yox əgər o verilməsə, çəkinin!” Allah kimi fitnəyə salmaq istərsə, sən ondan ötrü heç bir şeylə Allaha mane ola bilməzsən. Onlar o kəslərdir ki, Allah onların qəlbini təmizləmək istəməmişdir. Onlar dünyada rüsvay, axirətdə isə böyük bir əzaba düçar olacaqlar. (Maidə surəsi, 41)
Münafiqlərin bu xüsusiyyətləri əsrlər boyu dəyişməmişdir. Quranda, tarix boyunca inandıqlarını iddia edərək ortaya çıxan bu kəslərin varlığından bəhs edilir. Münafiqlər hər dövrdə eyni xüsusiyyətləri daşıdıqlarından və hərəkətləri də hər zaman peyğəmbərlərə qarşı olduğundan, etdikləri şeylər və qarşılaşdıqları nəticə də həmişə eyni olmuşdur. Allahın vədinə görə, eyni “son”la qarşılaşmağa davam edəcəklər. Ayədə belə buyurulur:
Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir. (Nisa surəsi, 60)
Münafiqlərin möminlərə qarşı etdikləri əməllərindən nəticə alamamaqları qəzəblərini artırdığı kimi, mömin birliyinin gün keçdikcə güclənməsi narahat olmalarına səbəb olur. Çünki düşmən qəbul etdikləri birlik, zaman irəlilədikcə gücünü artırır. Aşağıdakı ayələr, münafiqlərin bu ruh halını açıqlayır:
Sizə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər... (Ali İmran surəsi, 120)
Sənə bir uğur nəsib olsa, bu onları kədərləndirər... (Tövbə surəsi, 50)
Münafiqlər möminlərin yanında onlardan mənfəət təmin etməyə çalışdığı halda, öz hesabları boşa gedər. Ümid etdikləri kimi mənfəət təmin edə bilməzkən, möminlər davamlı güclənir. Bu, Allahın dəyişməyən qanunudur. Allah Özünə inanıb iman edənlərə, dünya həyatında kömək edəcəyini və onları nemətlərin ən gözəli ilə təmas edəcəyini bildirmişdir. Bu böyük həqiqətdən münafiqlər da xəbərdardırlar. Amma hiyləgər əxlaqlarının gərəyi olaraq, davamlı rahatlıq və hüzur içində olan möminlərin həyatları, onlar üçün qəzəb qaynağı halını alır. Möminlər, münafiqlərin məntiqini həll edə bilmədikləri bolluqla mükafatlandırılır və hər zaman rahat həyat sürürlər. Bu səbəbdən münafiqlər, düşmən qəbul etdikləri mömin topluluğunun həmişə çətinlik içində olmalarını qəlbən arzu edərlər. Möminlərə Allahın verdiyi nemətlər və içində yaşadıqları bolluq, onlar üçün sıxıntı və narahatlıq mövzusu olarkən, möminlərin qarşılaşdıqları hər hansı çətinlik də onlar üçün sevinc ünsürüdür. Münafiqlərin bu pis ruh halı Quranda belə xəbər verilir:
... Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər... (Ali İmran surəsi, 118)
Möminlər Allahın imtahanına tabe olduqları üçün, zaman keçdikcə çətin kimi görünən bəzi hadisələrlə qarşılaşa bilirlər. Lakin bu, onlar üçün sınaqdır. Çətinliklərin ruhlarını nəcibləşdirdiyini, mübarizə güclərini artırdığını, cənnətə layiq olmaq üçün vəsilə olduğunu çox yaxşı bilirlər. Münafiqlərin bunlardan ötrü narahat olmaları, Allah üçün yaşamağın sirrini qavraya bilməmələridir və dünyadakı imtahanın mahiyyətini bilməmələrinin ən diqqətə çarpan dəlilidir. Möminlər bu çətinlikləri özləri üçün xeyir vəsiləsi olaraq qiymətləndirərkən, münafiqlər bunları möminlər üçün çətinlik, özləri üçün də qələbə olaraq qəbul edərlər. Öz xarakterlərinin gərəyi olaraq möminlərin ağıl ölçüsünün və iman gücünün fərqində deyildirlər. Çətinliklə qarşılaşan möminlərin, əhval-ruhiyyələrinin mütləq pozulduğunu və nəhayət birliklərinin pozulacağını düşünərlər. Bundan ötrü ümidlidirlər. Ancaq gözləmələri nəticəsizdir. Allahdan güc alan, Allaha bağlı olan insanları təqdir edə bilmir və böyük yanlışın içinə düşürlər.
Allahın razılığını qazanmaq məqsədiylə Onun sözlərini meyar götürərək yaşayan möminlərin qətiyyəti münafiqləri daim narahat edir. Möminlər cəsur və qətiyyətli hallarıyla güclü imana sahib olduqlarını, heç bir şeydən təsirlənməyəcəklərini tam mənasıyla sərgiləyərlər. Bu da münafiqlərin ən çəkindiyi istiqamətlərdən biridir. Çünki sərf etdikləri səylər, ətraflı planlanmış olmasına və müəyyən bir məqsədə istiqamətli düşünülməsinə baxmayaraq, istənilən nəticəni vermir.
Allah dünyada möminlər vəsiləsi ilə münafiqlərə qorxu verir. Qəlblərində böyük kin bəsləmələrinə baxmayaraq, planlarının hər zaman nəticəsiz qalması və möminlərdən qorxu duymaları, aciz olmalarına ən təməl dəlildir. Özünə Allahı vəli seçmiş olan birliyin, hətta tək bir insanın qarşısında belə güclərinin olmadığının özləri də fərqindədirlər. Allaha güvənmədikləri üçün həmişə şübhə və narahatlıq içindədirlər. Narahatlıqları, möminlərin onlara qarşı mübarizələri qarşısında daha da artır. Münafiqlərə qarşı sərt qarşılıq vermək Quranda möminlərin üzərinə yazılmış Allahın əmridir.
Ey Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! Onlarla sərt davran! Onların sığınacağı yer Cəhənnəmdir. Ora necə də pis dönüş yeridir! (Təhrim surəsi, 9)
Onlara “Allahdan qorx” deyildiyində təkəbbürlənən bu birlik, Allahın dəstəyi ilə hərəkət edən möminlərin mübarizələri qarşısında qorxuya qapılırlar. ”Dərin qavrayışa sahib olamadıqlarından” insanlara olan qorxuları daha böyükdür. Bu həqiqət bir ayədə belə xəbər verilir:
Doğrusu, onlar qəlblərində Allahdan çox sizdən qorxurlar. Çünki onlar anlamayan adamlardır. (Həşr surəsi, 13)
... Allah kafirlərə möminləri məğlub etməyə yol verməyəcəkdir. (Nisa surəsi, 141)
Öz vəziyyətlərinin fərqində ola bilməyən bu insanlar, yuxarıdakı ayədə də bildirildiyi kimi Allahın möminlər üzərindəki dəstəyinin və himayəsinin də fərqində deyildirlər. Allahı təqdir edə bilməyən bir insanın, möminlər üzərində belə bir dəstəyi fərq edə bilməməsi təbiidir. Onlara, Allahın qəti olaraq yol verməyəcəyini, qavraya bilsələrdi əlbəttə möminlərin əleyhinə etdikləri səylərinin faydasının olmadığını da qavraya bilərdilər. Bunu təqdir edə bilməmələri, qavraya bilməyən bir qövm olduqları həqiqətini gücləndirir. Dünyada yaşadıqları müddət ərzində bütün gücləri ilə möminlərə qarşı mübarizə edərlər. Halbuki Allah nə dünyada, nə də axirətdə onlara çıxış yolu verməyəcəyini və möminləri hər cür təhlükələrdən qoruyacağını Quran ayələri ilə bildirir. Bu ayələri oxuduqları halda bu əhəmiyyətli həqiqətdən xəbərsiz olmaları, əhəmiyyətli münafiq əlamətidir. Möminlərin “öz başına və köməksiz” olduqlarını düşünürlər. Halbuki möminlər, hər şərtdə inkarçılara qalib gəlirlər. Onlar Allahın qoruduğu, bunun nəticəsi olaraq da çox üstün xüsusiyyətlərə sahib kəslərdir. Bu həqiqəti qavraya bilməmələri, boş və məqsədsiz cəhdlərini getdikcə artırır və həmişə şübhə içində qalmağa davam edirlər.
Münafiqlərin, möminlərin arasında olmalarının başlıca səbəbi daha əvvəl də ifadə etdiyimiz kimi, öz mənfəətləridir. Yaşadıqları rahatlığı pozacaq, mənfəətlərinə mənfi təsir edəcək vəziyyətlə qarşılaşdıqlarında isə, dərhal dönərlər və möminlərdən ayrılarlar. Bu anlar ümumiyyətlə çətinlik və ya mübarizə anlarıdır. Allahın razılığını qazanmağa istiqamətli həyat yaşamadıqlarından, çətin vəziyyətlərdə din əxlaqını yaşamağa yaxınlaşmazlar.
Nəfslərinin ilk çətinə girdiyi anda möminlərdən ayrılan bu kəslərə bir nümunə, hz. Musa (ə.s)-ın qövmündəki münafiqlərdir. Döyüşə çıxdıqları gün, əsl üzlərini göstərmiş, həm döyüşdən qaçmışlar, həm də Allahın elçisinə qarşı hörmətsiz əxlaq göstərmişlər:
Onlar dedilər: “Ey Musa! Nə qədər ki onlar oradadırlar, biz ora heç vaxt girməyəcəyik. Odur ki, sən və sənin Rəbbin gedin, onlarla vuruşun. Biz isə burada oturacağıq” (Maidə surəsi, 24)
Allaha gerçək mənada inanmayan və ayələri inkar edən bu insanların möminlərin arasında bəzi səbəblərdən ötrü olmaları əlbəttə maraqlıdır. Bu insanların ən əhəmiyyətli dəyərləri öz mənfəətləridir. Bu dəyər uğrunda, sırf özlərinə mənfəət təmin edə bilmək üçün mömin birliyinin arasında müəyyən müddət qala bilməyi bacararlar. Mənfəətlərinin təhlükəyə düşdüyünü anladıqları zamanlar isə ayrılma vaxtlarıdır. Bu məcburi birlikdə olmalarını müəyyən müddət davam etdirirlər, ta ki mənfəətləri zərər görənə qədər... Çətinlik və mübarizə anları, Allah rizası üçün aparılan mübarizədə kimlərin saleh olub-olmadığını ortaya çıxarır. Mənfəəti zərər görən bu insanlar üçün, artıq möminlərlə birlikdə qalmalarına səbəb olacaq bağlayıcı vəziyyət yoxdur. Münafiqlərin möminlərdən necə mənfəət təmin etməyi düşündüklərini isə, kitabın sonrakı hissəsində görəcəyik.