Həyatda ən çox nəyi istəyirsiniz? Yaxşı bir ev, gözəl paltarlar, zənginlik, bolluq, dəbdəbə... Yaxşı, sizə istədiyiniz hər şeyin həmin anda və əbədiyyətə qədər təmin ediləcəyi bir məkanın mövcud olması xəbər verilsə, bunu necə qəbul edərdiniz? Əlbəttə, çox həyəcanlanar və dərhal bu qüsursuz məkanı görmək istəyərdiniz. Belə bir məkanda yaşamağa, şübhəsiz ki, heç bir insanın etirazı olmazdı.
İndi özünüz fikirləşin. İndiyə kimi sizə gözəlliklərin önünüzə gətiriləcəyi, saysız-hesabsız nemət və bolluqla qarşılaşacağınız bir məkanın mövcudluğundan heç bəhs edilməyibmi? Əlbəttə ki, bəhs edilib. Əslində, sizə və sizin kimi bütün insanlara bütün istədiklərinizin hazır olacağı bir həyatın "cənnət həyatının" mövcudluğu mütləq xəbər verilmişdir. Yer üzündəki hər bir insan öləndən sonra axirət həyatında əbədi cənnətin mövcud olması ilə bağlı məlumata malikdir. Cənnətə daxil olmağa layiq görülən hər bir insan nəfsinin istədiyi hər şeyi hazır tapacağı, mükafat və nemətlərlə qarşılanacağı, əbədiyyətə qədər gözəlliklər içində olacağı bənzərsiz bir məkanda yaşayacaq. Dünyada yaşadığı məhdud müddət isə bu gözəlliklərə qovuşması üçün ona verilən fürsətdir. Allah dünya həyatındakı imtahandan alnıaçıq çıxan saleh bəndələrinə bu gözəl yurdu, yəni cənnəti vəd etmişdir.
Elə isə insanları cənnət müjdəsi ilə sevinməkdən saxlayan, onların cənnətin həsrətini çəkməsinə və ona qovuşmaq üçün əmək sərf etməsinə mane olan səbəb nə ola bilər? Əcəba, insanlar onlara əvəzsiz nemət və gözəlliklər veriləcəyini bilə-bilə cənnət üçün niyə bir hazırlıq görməzlər? Şübhəsiz ki, bunun ən əsas səbəbi insanların bir qisminin cənnətin varlığına qətiyyən inanmaması, bir qisminin də buna şübhə ilə yanaşmasıdır. İnsanların inancsız və ya şəkkak olmasının, əlbəttə ki, müxtəlif səbəbləri ola bilər. Ancaq burada üzərində dayanmalı olduğumuz əsas məsələ bu şübhənin bəzi hallarda məlumatsızlıqdan irəli gəlməsidir.
Bu məlumatsızlığın aradan qaldırılması üçün müraciət ediləcək mənbələr isə Qurani-kərim və Peyğəmbərimizin (s.ə.v) sözləridir.
Allah Qurani-kərimdə insanlara bənzəri olmayan və hüdudsuz gözəllikləri ilə möhtəşəm bir cənnət həyatı barədə bəhs edir. Peyğəmbərimizin (s.ə.v) hədislərində də cənnətin gözəlliyi və bənzərsizliyi xəbər verilir. Bu gözəlliklərin sərhədini bilməyən, təsvir edilən təfərrüatların fərqində olmayan bir insanın cənnəti və oradakı həyatı gözü önündə canlandırması çətin ola bilər.
Əlinizdəki kitabın məqsədi də Allah'ın insanlara təqdim etdiyi və böyük nemət olaraq xəbər verdiyi cənnəti insanlara tanıtmaq, hər kəsi cənnətin malik olduğu gözəlliklərdən xəbərdar etməkdir. Məqsədimiz cənnətin axirətdə insanlar üçün hazırlanmış iki həyatdan biri olduğunu və orada insana hazırkı düşüncənin çərçivəsinə sığmayacaq qədər gözəl olan hər bir şeyin veriləcəyini bildirməkdir. Məqsəd cahil inancların əksinə olaraq cənnətin bütün nemətlərin qüsursuz yaradıldığı bir məkan olmasını xəbər vermək və insanlara orada "nəfslərinin istədiyi", "arzuladıqları" hər şeyin təqdim ediləcəyini göstərməkdir. Cənnətdə bütün çatışmazlıq və qüsurlardan, acizliklərdən uzaq olacaqlarını, sıxıntı və dərd-qəm çəkməyəcəklərini, heç vaxt peşman olmayacaqlarını bildirməkdir. Məqsəd cənnətdə indiyə qədər insanların gözünə görünən, insanlara bəlli olan hər cür gözəlliyin və nemətin daha üstününün mövcud olmasını, bununla yanaşı, Allah'dan ehsan olaraq hələ tanınmayan, görünməyən nemətlərin də orada olmasını və bunların ancaq Allah'ın razı olduğu insanlara təqdim edildiyini xəbər verməkdir.
Əlinizdəki kitabda cənnətlə bağlı bütün məlumatlar Qurani-kərimin ayələri əsas götürülməklə şərh edilir. Dolayısilə, siz də bu məlumatları oxuyub cənnət məkanını gözünüz önündə canlandırmağa çalışarkən bunu unutmamalısınız ki, bəhs edilənlərin hamısı həqiqətdir. Bütün bu məlumatların işığında sizi gözləyən əsl yurdun qüsursuz olduğunu düşünməli və ora layiq olmaq üçün səy göstərməlisiniz. Allah'ın bütün bunları sizə əvəzsiz olaraq verəcəyini və bütün bu nemətlərə əbədiyyətə qədər sahib ola biləcəyinizi yaddan çıxarmamalısınız. Bütün bunlarla yanaşı, əgər əbədi gözəlliyi seçməsəniz, yeganə seçiminizin əbədi əzabla dolu cəhənnəm olacağını və cənnətdəkilərin rifahlı həyatını izlərkən cəhənnəmdə əbədiyyətə qədər sıxıntı, kədər, əzab və peşmançılığın hökm sürəcəyini mütləq düşünməlisiniz.