Allah`ın Elçisi sizlərə – Allah`a və axirət gününə ümidini bağlayanlara və Allah`ı çox zikr edənlərə gözəl nümunədir. (Əhzab surəsi, 21)
Allah hər şeyin açıq-aşkar bir dillə izah edildiyi və heç bir mövzunun nöqsan buraxılmadığı bir kitab göndərərək imani bir yetkinliyə necə çata biləcəyimizi, necə düşünəcəyimizi, necə yaşayacağımızı və nələri hədəf götürəcəyimizi bizə bildirmişdir. Bununla yanaşı, Allah nümunə olaraq peyğəmbərlər göndərmiş və onların vasitəsilə insanlara həyatda imani yetkinliyin necə yaşandığını göstərmişdir. Onlara yaxşılığı əmr edib pislikdən çəkindirməyi fərz edərək insanlara Kamil imanı yaşamaqda köməkçi olmalarını təmin etmişdir. Ayrıca, Allah Quranda keçmişdə yaşayan peyğəmbərlərdən xəbər verib onların üstün əxlaqından nümunələr göstərmişdir ki, iman sahibləri bundan nümunə götürsünlər.
Kitabın əvvəlində də açıqladığımız kimi, insanın imanının və Allah qorxusunun qarşısında sərhəd qoyulmamışdır. İstəyən şəxs hər zaman Rəbbimizə bir yol tapa bilər və Ona hər kəsdən daha yaxın ola bilər. Bu səbəblə, Kamil iman sahibləri üçün peyğəmbərlərin və Quranda nümunə göstərilən saleh möminlərin imanı və əxlaqı əhəmiyyətli bir hədəfdir. Ancaq bu da onlar üçün son sərhəd deyil. Allah Quranda "Nə qədər bacarırsınızsa, Allah`dan qorxun. (Peyğəmbərə) qulaq asıb itaət edin..." (Təğabun surəsi, 16) ayəsi ilə möminlərin təqvada heç bir sərhəd tanımamalarını buyurmuşdur.
Bu səbəblə, hər möminin hədəfi Allah`ın ən sevimli və Ona ən yaxın qulu ola bilməkdir.
Məhz bu hissədə belə şərəfli və üstün axtarışda olan hər kəsə Allah`ın Quranda peyğəmbərlərdən və digər Kamil iman sahiblərindən verdiyi nümunələri yenə xatırladacağıq və imani yetkinliyi qavramanın yollarını ortaya qoyacağıq.
Quranda bildirilən hekayələrin birində Allah hz. Yusifin uşaqlığından etibarən müəyyən hikmətlə hazırlanmış sınaqlardan keçdiyini və onun bütün bu hadisələrə qarşı ən yetkin, ən təslimiyyətli rəftar göstərdiyini xəbər verir. Şərtlər nə qədər ağır, qurulan tələlər nə qədər çətin görünsə də, hz. Yusif imanından, Allah`a olan bağlılığından, etibarından və təslimiyyətindən vaz keçməmiş, əksinə, Allah`a daha da yaxınlaşaraq Ona qarşı tam təslimiyyətli əxlaq göstərmişdir.
Allah`a yaxınlaşmaqda yol axtaranlar üçün hz. Yusifin həyatında, həqiqətən də çox bənzərsiz, çox üstün iman və əxlaq nümunələri vardır. Qurandan hz. Yusifə dair ilk öyrəndiyimiz məlumat onun hələ kiçik yaşlarda vacib bir yuxu gördüyü və atası hz. Yaqubun bu yuxu haqqında etdiyi şərhlə əlaqəlidir:
Bir zaman Yusif atasına dedi: "Atacan! Mən (yuxuda) on bir ulduz, günəş və ay gördüm. Onların mənə baş əydiyini də gördüm"O dedi: "Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir." "Beləcə, Rəbbin səni seçəcək, sənə yuxuları yozmağı öyrədəcək və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin biləndir, müdrikdir." (Yusif surəsi, 4-6)
Atası hz. Yusifin gördüyü bu yuxunun Allah`dan bir işarə olduğunu və onun gələcəkdə Allah qatında üstün şəxs olacağını düşünərək bu yuxunu heç kimə izah etməməsini söyləmişdir. Daha sonra atalarının hz. Yusifə olan düşkünlüyünün çox olduğunu hiss edən qardaşları atalarının bu sevgisini qısqanaraq qardaşlarına tələ qurmuşlar. Onu öldürməyə və beləcə, atalarının sevgisini özlərinə yönəltməyə çalışmışlar:
Sözsüz ki, Yusif və onun qardaşlarının (hekayətində) soruşanlar üçün ibrətlər vardır. Bir vaxt (qardaşları) dedilər: "Biz bütöv bir dəstə olmağımıza baxmayaraq, Yusif və onun qardaşı atamıza bizdən daha sevimlidir. Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir. Yusifi ya öldürün, ya da onu bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin və bundan sonra siz əməlisalehlərdən olarsınız." (Yusif surəsi, 7-10)
Qardaşları hz. Yusifi dərin bir quyuya atmış və atalarına da onu bir qurdun parçaladığını söyləyərək üzərinə yalandan qan sürdükləri köynəyini gətirmişlər. Söylədikləri bu yalana baxmayaraq, hz. Yaqub bu hadisənin bir qurmadan ibarət olduğunu anlamış və Allah`a sığınaraq Ondan kömək istəmişdir. Hər hadisəni bir qədər (tale) və hikmətlə yaradan Allah`ın diləməsi ilə quyunun olduğu yerdən keçən bir karvan hz. Yusifi tapmış və onu əsir olaraq Misirdə bir vəzirə satmışdır:
... Beləliklə, Yusifi yer üzündə yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik. Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların çoxu bilmir. (Yusif) yetkin çağına çatdıqda Biz ona mühakimə yürütmək (bacarığı) və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.(Yusif surəsi, 21-22)
Onu satın alan vəzirin arvadı heyrətamiz bir gözəlliyə sahib olan hz. Yusifə yaxınlaşmaq istəmiş və bu istəyi qəbul edilməyincə hz. Yusifə böhtan ataraq özünü təmizə çıxarmaq istəmişdir:
Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: "Yanıma gəl!" dedi. O isə: "Allah uzaq eləsin! Axı (sənin ərin) mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar! (Yusif surəsi, 23)
Onlar bir-birini qabaqlamaq məqsədilə qapıya tərəf yüyürdülər və qadın onun köynəyini arxadan cırdı. İkisi də qapının yanında qadının əri ilə rastlaşdı. (Qadın) dedi: "Sənin ailənə pislik etmək istəyənin cəzası zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!" (Yusif) dedi: "O, məni yoldan çıxartmaq istəyirdi... (Yusif surəsi, 25-26)
(Qadının əri) onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: "Şübhəsiz ki, bu, sizin hiylələrinizdəndir. Həqiqətən də, sizin hiyləniz böyükdür." Yusif, sən bundan (bu işi açıb danışmaqdan) vaz keç! Sən də günahına görə bağışlanma dilə. Çünki sən günah işlətmisən. (Yusif surəsi, 28-29)
Ancaq köynəyin arxadan cırıldığı aydın olduğu və hz. Yusifin günahsızlığı çox açıq şəkildə göründüyü halda belə, onu zindana atmaqdan imtina etməmişlər. Hz. Yusif isə qarşılaşdığı bütün hadisələrdə olduğu kimi, düşdüyü vəziyyətdən Allah`a sığınmış və özünə çıxış yolu göstərməsi üçün Ona təslim olmuşdur. Allah onun bu duasını qəbul etmiş və qadının hiyləsini ondan uzaqlaşdırmışdır:
"... (Qadın) dedi: Barəsində məni qınadığınız, bax, budur! Mən onu yoldan çıxartmağa çalışdım, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, əlbəttə ki, zindana atılacaq və zəlillərdən olacaqdır" (Yusif) dedi: "Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən, mən onlara meyil edər və cahillərdən olaram." Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaq etdi. Həqiqətən, O, eşidəndir, biləndir. Dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər. (Yusif surəsi, 32-35)
... və o, zindanda bir neçə il də qaldı. (Yusif surəsi, 42)
Qardaşlarının ona qurduğu tələ ilə başlayan və böhtan atılması ilə davam edən bu hadisələr Yusif peyğəmbərin uzun illər boyu zindanda qalması ilə davam etmişdir. Ancaq bu müddət boyunca o, bir an belə ümidsizliyə qapılmamış, Allah`dan ümidlə kömək diləmiş, bütün bu hadisələrin xeyirlə yaradıldığını bilmiş, səbrində və imanında qətiyyət göstərmişdir. Belə ki, illər sonra hökmdar gördüyü bir yuxunun yozumunu soruşduğunda hz. Yusifi zindandan tanıyan və onun yuxuları yozduğunu bilən bir kimsə bu vəziyyəti hökmdara xəbər vermişdir. Hz. Yusifdən yuxusunun ən doğru şərhini öyrənən hökmdar onu çağırtdırmışdır. Lakin peyğəmbər hökmdarın əvvəl vəzirin arvadını və əllərini kəsən qadınları çağırdıb keçmişdə yaşanan bu hadisənin əslini onlardan öyrənməsini istəmişdir. Onlar da belə cavab vermişlər:
... Onlar dedilər: "Allah bizdən uzaq eləsin! Biz onun haqqında pis bir şey bilmirik". Zadəgan kişinin isə arvadı dedi: "İndi haqq bəlli oldu. Onu mən yoldan çıxartmaq istəyirdim. Həqiqətən də, o, doğru danışanlardandır." (Yusif surəsi, 51)
Onların bu etiraflarından sonra hz. Yusif bu şərhi etmişdir:
"Bu, ona görədir ki, əri yanında olmadıqda ona xəyanət etmədiyimi və Allah`ın xainlərin hiylələrinə yol vermədiyini bilsin. Mən özümə bəraət qazandırmıram. Çünki Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs pis işləri əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhmlidir." (Yusif surəsi, 52-53)
Yusif peyğəmbərin bu sözləri onun necə imani yetkinliyə və necə üstün əxlaqa sahib olduğunu çox açıq şəkildə ortaya qoymuşdur. O, ən başdan bəri Allah`ın köməyinin mütləq iman və səbir edənlərlə birlikdə olduğunu və Ona xəyanət edənlərin hiylələrinin mütləq boşa çıxardığını bilir. Allah`a duyduğu güvən, qədərə olan təslimiyyətindən və təvəkkülündən aydın olur. Şərtlər nə qədər əleyhinə kimi görünsə də, əslində, bütün bunların arxasında Allah`ın yaxın olduğunu çox yaxşı görür.
Yusif peyğəmbərin üstün əxlaqında diqqət çəkən əhəmiyyətli bir xüsusiyyət də onun haqlı olduğu vəziyyətlərdə belə nəfsinə arxa çıxmaması, ona əsla güvənməməsi və onun Allah`ın diləməsindən başqa mütləq pisliyi əmr edən qüvvə olduğunu çox yaxşı bilir. Bu, ancaq Kamil iman sahiblərinin yaşaya biləcəyi bir əxlaqdır. Çünki nəfs şeytanın üsullarına sığınaraq insana hiylə ilə yaxınlaşır və vicdanının səsini dinləməyən insanlara etdiklərini gözəl göstərərək onları pisliyə yönəldir.
Hz. Yusifin nəfsinə qarşı mövqeyi isə onun imani yetkinliyinin rəftarlarına əks olunmasıdır. Şübhə yoxdur ki, Allah`a belə güvənən və təslim olan bir insanın sonu da mütləq xeyir olar. Necə ki, onun həyatı boyunca göstərdiyi bu təslimiyyətin əvəzinə Allah ona dünyada güc və iqtidar vermişdir. Ayrıca, ona dünyada gözəl həyat vermiş və axirətdə də yaxşılıqlarının əvəzini verməklə cənnətlə müjdələmişdir:
Beləliklə, Yusifə yer üzündə hökmranlıq verdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsirgəmirik. İman gətirənlər və müttəqi olanlar üçün, əlbəttə, axirət mükafatı daha xeyirlidir. (Yusif surəsi, 56-57)
Allah Hz. Süleymanın səmimi imanını Quranda belə bildirir:
Biz Davuda Süleymanı bəxş etdik. O, necə də gözəl qul idi! Daima (Allah`a) üz tutardı. (Sad surəsi, 30)
Hz Süleymanın Quranda izah edilən ən əhəmiyyətli xüsusiyyətlərindən biri güc, iqtidar və ehtişama sahib olması idi. Ona Allah qatından bir çox üstün qabiliyyətlər verilmişdi. Hz. Süleyman özünə verilən bu nemətlər üçün daim Allah`a şükür və dua etməklə Ona yönəlmişdi. Allah hz. Süleymanın dualarından birini Quranda belə bildirir:
"... Ey Rəbbim! Mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!" (Nəml surəsi, 19)
Hz. Süleymanın səmimi bir duası da belədir:
"O dedi: Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən bəxşedənsən." (Sad surəsi, 35)
Allah bu duasına görə, hz. Süleymana dünyada xüsusi bir qabiliyyət, zənginlik və elmdə üstünlük verdiyi kimi, onu axirətdə də ən gözəl şəkildə mükafatlandıracağını vəd etmişdir. Allah Quranda hz. Süleyman üçün belə bildirmişdir:
Həqiqətən, o, Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır. (Sad surəsi, 40)
Hz. Süleymanın belə üstün və seçilmiş bir mövqeyə layiq edilməsi, əlbəttə, əlində olan maddi imkanları Allah rizası üçün istifadə etməsinə görədir. Bu imkanlar onun Allah`a yaxınlığının daha da artmasına, Allah`ı xatırlamasına vəsilə olmuşdur. Onun: "... Mən gözəlliyi Rəbbimin zikrindən dolayı sevirəm..." (Sad surəsi, 32) dediyi bir ayədə bildirilmişdir. Nemətlər və imkanlar nə qədər çox olursa-olsun, bunlardan ötrü təkəbbürlük etməmək və lovğalanmadan yalnız Allah`a yönəlmək ancaq Kamil iman sahiblərinə xas olan əxlaqdır. Allah hz. Süleymanın bu əxlaqını bütün insanlara nümunə olaraq bildirmişdir.
Fironun zövcəsi Misirdə İsrail oğullarına rəhbərlik edən fironla evlidir. Tarixə dünyanın ən zalım insanlarından biri olaraq düşən fironun evli olduğu bu insan ondan tamamilə fərqli əxlaqa malikdir. Quranda tarixin ən qiymətli və ən saleh müsəlmanlarından biri olaraq zikr edilmişdir. Allah`ın təqdir etdiyi qədərdə bir imtahan olaraq dünyanın ən zalım insanlarından biri ilə ən yaxşı insanlarından biri eyni evdə yaşamışdır.
Bu qiymətli insanın sahib olduğu Kamil iman Quranda qiyamətə qədər yaşayacaq müsəlmanlara nümunə verilmişdir:
Allah iman gətirənlərə isə fironun zövcəsini misal çəkdi... (Təhrim surəsi, 11)
Allah`ın iman edənlərə fironun zövcəsini nümunə göstərməsinin səbəbi bu üstün əxlaqlı insanın tarixdə az rast gəlinən bir təhlükə altında ikən, çox çətin şərtlərdə iman etməsidir. Eyni zamanda, cahiliyyə insanlarının tam əksinə, dünyada bəlkə də çox az insanın sahib olduğu bir mülkdən təsirlənməyərək güclü bir xarakterlə Allah`a dərindən bağlanmasıdır.
O dövrdə Misir xalqı fironun ilahi gücə sahib olduğuna inanırdı. Firon Misir xalqının bu inancından istifadə edərək özünü "ilah elan etməyə " cürət etmişdi. Fironun zövcəsi də belə təhlükəli bir mühitdə, bu dərəcə zalım bir insanla eyni evi paylaşarkən Allah`a iman etmişdir. Allah`ın varlığını və o günə qədər Misirə hakim olan inancların hamısının batil olduğunu təsdiqləmişdir. Şübhəsiz, bu, dünyada çox az insanın nəzərə alacağı və ancaq Allah`a qəlbən bağlanmaqla mümkün olan bir həyat şəklidir. Əlbəttə, böyük səbir tələb edən bir sınaqdır. Bu çətinlikdən təsirlənmədən yaşamaq üçün iradəli, ağıllı, romantiklikdən uzaq çox güclü bir iman lazımdır. Məhz fironun zövcəsi də belə bir əxlaqa və Kamil imana sahib olması səbəbi ilə ağıllı davranmış və özünü sezdirmədən fironun sarayında gizlicə iman edən mömin bir qadın olaraq yaşamışdır. O, aləmlərin qadınlarına nümunə verilməklə şərəfləndirilmişdir:
Allah iman gətirənlərə isə fironun zövcəsini misal çəkdi. O zaman o: "Ey Rəbbim! Mənə Öz yanında – cənnətdə bir ev tik. Məni firondan və onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!" demişdi. (Təhrim surəsi, )
Fironun zövcəsi böyük bir zənginliyin içində olmasına baxmayaraq, dünyəvi həvəslərə qapılmamış, yalnız Allah üçün yaşayacağı həyatı seçmiş, Allah`ın məmnuniyyətini, rizasını hər şeydən üstün tutmuşdur. Buna görə də Allah`a boyun əyməsi, təvəkkülü, üstün səbri və yetkinliyi ilə peyğəmbər olmadığı halda, bütün insanlara nümunə olaraq Quranda zikr edilmiş qiymətli müsəlman bir qadındır.
Hz. Musa firona Allah`ın varlığını açıqlayıb sonra da Allah`ın möcüzələrini göstərdiyində firon qürurlanmış və əslində, hz. Musanı hörmətdən salmağı planladığı üçün onu ən çox güvəndiyi sehrbazları ilə qarşı-qarşıya gətirə biləcəyi bir yarışma təşkil etmişdi. Firon İsrail oğullarının hz. Musadan təsirləndiyini və ona inanmağa başladığını sezdiyi üçün hz. Musanın göstərdiyi möcüzələri xalqa bir sehrbaz hiyləsi olaraq göstərməyi məqsəd qoymuşdu. Firon Misir xalqının Allah`a iman etməsindən və batil dinlərini tərk etməsindən narahat idi. Yeganə məqsədi öz sistemini davam etdirməsi olduğundan, ədalətli adı verilmiş hiyləli bir oyunla sistemini qoruyacağını və hətta möhkəmlədəcəyini zənn etmişdi.
Təyin olunan gün gəldiyində hz. Musa və sehrbazlar xalqın toplandığı bir meydanda qarşı-qarşıya gəldilər. Sehrbazlar güclərini göstərmək üçün əsalarını atdılar. Etdikləri sehrin təsiri ilə əsalar insanlara qaçan kimi göründü. Hz. Musa isə əsasını atınca Allah`ın izni ilə əsa sehrbazların qurduğu oyunu uddu. Hadisələr Quranda belə izah edilir:
(Sehrbazlar) dedilər: "Ey Musa! Ya sən at, ya da biz ataq!" (Musa) dedi: "Siz atın!" Onlar atdıqda, insanların gözlərini sehrləyib canlarına qorxu saldılar və böyük bir sehr göstərdilər. Biz Musaya: "Əsanı at!" deyə vəhy etdik. Elə bu an (əsa ilana çevrilib) onların düzəltdikləri şeyləri uddu. Artıq haqq üzə çıxdı, onların etdikləri isə batil oldu. (Sehrbazlar) orada məğlub oldular və rüsvay olaraq geri döndülər. (Əraf surəsi, 115-119)
Bunun üçün hz. Musanın həqiqəti söylədiyini anlayan sehrbazlar Allah`a iman etdilər:
Sehrbazlar səcdəyə qapandılar və dedilər: "Biz iman gətirdik aləmlərin Rəbbinə - Musanın və Harunun Rəbbinə!" (Şüəra surəsi, 46-48)
Hz. Musanın sehrbazların etdiklərini etibarsız etməsi və sehrbazların da onun üstünlüyünü qəbul edərək iman etməsi firon üçün böyük bir uduzma idi. Buna görə də fironun reaksiyası çox sərt oldu. Çünki həm xalqının gözü qarşısında alçalmış, həm əhəmiyyətli gücünü itirmiş, həm də öz sisteminə qarşı böyük təhlükə gördüyü hz. Musa qalibiyyət əldə etmişdi. Nəticə olaraq, iman edən sehrbazlara çox ağır cəza verəcəyinə qərar verdi:
(Firon) dedi: "Mən sizə izn verməmişdən əvvəl siz Ona iman gətirdiniz? Şübhəsiz ki, O, sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!" (Taha surəsi, 71)
Sehrbazlar isə fironun zorbalığını bilmələrinə və bu ağır təhdidlərə baxmayaraq, Allah`ın varlığını anladıqları an iman etmişlər və səcdəyə qapanmışlar. Heç bir bəhanə uydurmadan, mənfəət güdmədən firona qarşı hz. Musanın tərəfinə keçərək onu dəstəkləmişlər. Hz. Musaya qarşı çıxdıqlarına və ona qarşı mübarizə apardıqlarına görə də Allah`dan üzr istəmişlər:
Onlar dedilər: "Biz heç vaxt səni bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. " İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən! Həqiqətən, biz Rəbbimizə iman gətirdik ki, O, bizi günahlarımıza və sənin bizi məcbur etdirdiyin sehrə görə bağışlasın. Allah`ın (mükafatı) daha xeyirli, (cəzası) isə daha daimidir!" (Taha surəsi, 72-73)
Məhz burada qeyd-şərtsiz Allah`a təslim olmanın ilk andan insana qazandırdığı şəxsiyyət, güc və qətiyyət başqa sözlə desək, imani yetkinlik nəzərə çarpır. Əgər sehrbazlar fironun nizamına görə mənfəət güdməyə cəhd etsəydilər, əsla belə bir rəftar göstərə bilməzdilər. Çünki görünüşcə yaşadıqları mövcud mühitdə iman etmələri dünyəvi mənfəətləri ilə zidd düşürdü.
Ancaq əlbəttə, Allah`ın varlığına iman edən bir insan üçün bütün bu təhlükələr geridə qalır. Çünki Allah bütün bu sayılan hadisələrə hökm edən, hər şeydən üstün olan gücdür. Kamil imanda Allah`a müəyyən şərtlərə bağlı olaraq qul olunmaz. Çünki əsl iman heç bir şərtə bağlı olmayan imandır. Sehrbazların göstərdikləri də Allah`a və dinə səmimi yaxınlaşan, heç bir şərtə bağlı olmayan kamil bir imandır.
Allah hz. Muhəmmədə (s.ə.v) iki adamın arasında baş verən bir hadisəni vəhy etmişdir. Beləcə, əsrlər əvvəl yaşayan bu iki adamın nümunəsi qiyamətə qədər bütün insanlara çatmışdır:
Onlara iki kişinin (əhvalatını) misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq. Onun (başqa) sərvəti də var idi... (Kəhf surəsi, 32-34)
Bu şəxslərdən birinin göstərdiyi xarakter Quranda ibrət götürüləcək xarakter kimi keçərkən, digərinin etidallı rəftarı da Kamil iman nümunəsi meydana gətirmişdir.
Mal baxımından varlı olan adam özündən son dərəcə əmin halda təkəbbürlük göstərir və bu da zənginlikdən qaynaqlanır. Bağçasının məhsuldar olması və görünüşünün gözəlliyi onun özünə olan arxayınlığının əsas dayağıdır. Sırf yanındakı adamdan daha zəngin və güclü olduğunu düşündüyü üçün normal şərtlərdə edə bilmədiyi təkəbbür və əzəmətə haqq qazandırmışdır:
...O öz (mömin) yoldaşı ilə söhbət edərkən ona: "Mən sərvət baxımından səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!"– dedi. (Kəhf surəsi, 34)
Bu adam bağının gözəlliyini və bərəkətini gördüyündə güclü olmaq üçün Allah`a və Onun dininə ehtiyacı olmadığını düşünmüş və özündən son dərəcə əmin halda və ağılsız bir üslubdan istifadə etmişdir:
O, özünə zülm edərək bağına daxil olub dedi: "Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O saatın gələcəyini də zənn etmirəm. Rəbbimin dərgahına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!" (Kəhf surəsi, 35-36)
Allah`ın ayədə də diqqət çəkdiyi kimi, bağ sahibi bağına demək olar ki, sonsuzluq ətf etmiş və heç bir gücün onu yox edə bilməyəcəyini düşündüyünü də açıq şəkildə dilə gətirmişdir. Halbuki, bu dünyagörüşünün özünə necə son hazırladığının fərqinə vara bilməmişdir.
Allah bu adamla yanaşı, başqa bir bağ sahibindən bəhs edir. Bu adam da mülk sahibidir və zəngindir, ancaq digəri qədər deyil... Lakin sahib olduğu zənginlik inancına və xarakterinə təsir etməmişdir. Bu səbəblə, yoldaşının üzərindəki inkarı görərək ona bu şəkildə cavab vermişdir:
... Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış (Rəbbini) inkarmı edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! Bağına girdiyin zaman: MaşaAllah! Qüvvət yalnız Allah`a məxsusdur! - deməli deyildinmi? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa. (Kəhf surəsi, 37-39)
Ayənin davamında yoldaşının malından ötrü azğınlaşmasını dərhal xəbərdar etməsi və Allah`ın verdiyi malla Allah`a qarşı böyüklənməməyi nəsihət etməsi bildirilmişdir:
"Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, (sənin bağına) isə göydən bir bəla göndərsin və o, hamar bir yerə dönsün. Yaxud suyu çəkilib getsin və bir də onu axtarıb tapa bilməyəsən!" Beləcə, onun məhsulu bir anda məhv edildi. O, ora qoyduğu xərcə görə (peşmançılıq çəkməyə) və əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları belə darmadağın olub yerə yıxılmışdı. O dedi: "Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!" Allah`dan başqa ona yardım edə biləcək dostlar yox idi və o da öz-özünə kömək edə bilməzdi. Belə hallarda kömək etmək ancaq haqq olan Allah`a məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur. (Kəhf surəsi, 40-44)
Etidallı bağ sahibinin göstərdiyi əxlaq Allah`ın bəyəndiyi əxlaq modelidir. Sahib olduğu məntiq hadisələrə dünyagörüşü və üslubu Kamil imana dair əlamətlərdir. Bu səbəbdən, Allah Peyğəmbərimizə (s.ə.v) bu hadisəni bütün möminlərə nümunə olaraq izah etməsini əmr etmişdir. Digər bağ sahibinin göstərdiyi pis əxlaq isə Kamil iman sahibinin əxlaqındakı üstünlüyün belə bir müqayisə ilə ortaya çıxmasına vəsilə olmuşdur.