Hər bir kəs ölümü dadacaqdır. Lakin qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim oddan uzaqlaşdırılıb cənnətə daxil edilərsə, o, uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Ali-İmran surəsi, 185)
Quranda "Hər kəs ölümü dadacaqdır. Sonra da Bizə qaytarılacaqsınız" (Ənkəbut surəsi, 57) ayəsində də xəbər verildiyi kimi, dünyadakı hər insan özü üçün təqdir edilmiş bir günün təyin olunmuş bir saatında, şübhəsiz ki, ölümlə qarşılaşacaq. Belə ki, bu günə qədər heç bir insanın gücü, malı, mülkü, sərvəti, şöhrəti, mövqeyi, etibarı, qüvvəti və gözəlliyi ölümü özündən uzaqlaşdırmağa yetməmişdir. Ölüm Allah`ın bir qanunudur: gəlmiş-keçmiş bütün insanlar bu qəti və qarşısıalınmaz həqiqətlə qarşılaşmışlar.
"Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə..." (Nisa Surəsi, 78) ayəsi ilə xatırladıldığı kimi, heç kim ölümdən qaçmağı bacara bilməmişdir və bacara bilməyəcək.
Bu həqiqət Kamil iman sahiblərinin dərin bir anlayışla qavradıqları bir mövzudur. Ölümün qətiliyini və yaxınlığını dərk etmələri ilə birlikdə ölümdən sonrakı sonsuz həyata hazırlıq görmələrinin vacibliyini də anlayırlar. Allah`ın əmr etdiyi əxlaqa tam olaraq çatmadan və Allah`ın razılığını qazanmadan ölməkdən qorxar, bu səbəblə də böyük bir səmimiyyət və səylə Allah`ın dininə sarılırlar. Hər an öləcəkmiş kimi Allah`a yaxınlaşmağa və Onun razılığını qazanmağa çalışırlar. Quranda Kamil iman sahiblərinin belə dua etdiklərindən bəhs edilir:
... Ey Rəbbimiz! Bizə çoxlu səbir ver və bizi müsəlman olaraq öldür. (Əraf surəsi, 126)
... Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim himayədarımsan. Mənim canımı müsəlman kimi al və məni əməlisalehlərə qovuşdur. (Yusif surəsi, 101)
Kamil iman sahibləri ölümü Allah`ın bir əmri olduğu üçün son dərəcə təslimiyyətlə qarşılayırlar. Hətta ölümü Rəbbimizin müjdələdiyi cənnətə qovuşmaq üçün bir qapı olaraq görürlər. Amma bir tərəfdən də cəhənnəm əzabından çəkinmələri lazım olduğunu bilir, var gücləri ilə xeyirlərdə yarışaraq Allah`ın razılığını qazanmaq üçün məşğul olurlar. Quranda inanan insanların axirətə qədər "ümid və qorxu" içərisində olacaqları bildirilmişdir. Nəticə olaraq, Kamil iman sahibləri iman etdikləri üçün cənnəti ümid edərkən, bir tərəfdən də özlərini yetərli görmədikləri üçün cəhənnəmdən qorxurlar. Quranda Kamil iman sahibi olan möminlərin "pis hesab"dan qorxuları, göstərdikləri gözəl rəftarlar və çatdıqları xeyirli nəticə belə bildirilmişdir:
O kəslər ki, Allah`a verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar. O kəslər ki, Allah`ın qovuşdurulmasını əmr etdiyi şeyləri qovuşdurur, Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər. O kəslər ki, Rəbbinin üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün axirət yurdu – əməlisaleh ataları, zövcələri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub (deyəcəklər): "Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!" (Rəd surəsi, 20-24)