Allah Quranı insanlara yol göstərici olaraq endirmişdir. Quran əxlaqının tam mənada yaşanması yalnız ayələrin hamısının birdən tətbiq olunması ilə mümkündür.
Bu əhəmiyyətli həqiqəti dərk edə bilməyən bəzi insanlar Quranın bəzi hökmlərini yerinə yetirməyə diqqət göstərərkən, bəzi hökmlərinə lazım olan əhəmiyyəti verməzlər. Söz gəlişi, bəzi ibadətləri dəqiqliklə yerinə yetirərkən Allah`ın Quranda təfsilatı ilə verdiyi gözəl əxlaqı yaşamaq üçün eyni dərəcədə diqqətli davranmazlar.
Bu insanlar: "Mən onsuz da Allah`a inanıram", - deməyin kifayət edəcəyini zənn edirlər. Halbuki, Allah Quranda "İnsanlar elə güman edirlər ki, təkcə: İman gətirdik!– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?" (Ənkəbut surəsi, 2) ayəsi ilə insanları bu mövzuda xəbərdar etmişdir. Bu ayədən aydın olur ki, bir insan: "Mən iman etdim", - dedikdən sonra Allah`ı razı etmək üçün yaşamalı, Onun xoş gördüyü əxlaqı hərəkəti ilə də göstərməlidir. Qarşısına çıxan hər cür vəziyyətdə Allah`ın məmnun olacağı gözəl əxlaqı yaşamalı, əksinə bir rəftar göstərməkdən də şiddətlə çəkinməlidir. Əsl dindar olmağın yolu məhz budur. Adamın səmimiyyəti Allah`ın gözəl gördüyü əxlaqı həyata keçirmək səyi ilə müəyyən olunur.
Bu mövzuda xalq arasında olduqca məşhur yanlış bir fikir vardır. Bir çox insan gözəl əxlaq və təqvanın ancaq Quranda nümunə olaraq göstərilən peyğəmbərlər, əshabələr kimi üstün əxlaqlı insanlar tərəfindən yaşana biləcəyinə inanır. Halbuki, Allah onların əxlaq nümunələrini digər insanların da həmin rəftar və davranışları, həmin əxlaqı göstərmələri üçün vermiş və bütün insanları Quranda bildirilən hökmlərə uymağa, İslam əxlaqını nöqsansız olaraq yaşamağa dəvət etmişdir.
İnsan vicdanının səsini dinləyib səmimiyyətdən uzaqlaşmadıqca Quran əxlaqını Quranda nümunə göstərilən saleh möminlər kimi ən gözəl şəkildə yaşaya bilər.
Allah bir ayədə belə bildirir:
Sonra kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allah`ın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur. (Fatir surəsi, 32)
Ayədə açıqlandığı kimi, bəzi insanlar Allah`ın çağırdığı doğru yola uymayıb zərərə uğrayarlar, ancaq bəziləri də yaxşı işlərdə yarışıb önə keçər və qurtulanlardan olmağı ümid edərlər. Qüvvətli imana sahib olan hər mömin gücünün yetdiyi ən üstün əxlaq səviyyəsinə çatmağa çalışar. Çünki Allah`ın sevgisini və məmnuniyyətini ancaq bu şəkildə qazanacağını bilir, onun yaranmasının əsl məqsədi də budur. Rəbbimizi haqqı ilə təqdir edib Onun sevgisini, rizasını və cənnətini qazana bilmək...
Hər bir insan bu əxlaqı hədəf almaqla və buna cəhd göstərməklə məsuldur. Bu mövzuda insanların önünə hər hansı bir sərhəd qoyulmamışdır. Allah`a qəlbən iman edən, Ona səmimiyyətlə yaxınlaşmağa çalışan hər mömin bu əxlaqı qazana bilər və "imani yetkinliyə" çata bilər.
Bu kitabın yazılmasındakı məqsədlərindən biri də hər işdə Allah`a yönəlməyin, daim Allah`ın razılığını və dostluğunu qazanmaq üçün qeyd-şərtsiz gözəl bir əxlaq göstərməyin nəticəsində yaranan "imani yetkinliyi", "kamil iman"ı təyin etmək, dinə səmimiyyətlə sarılan hər insanın bu üstün əxlaqı yaşamasına vəsilə olmaqdır.
Bu kitabın yazılmasındakı başqa məqsəd isə dərin Allah qorxusuna sahib olduqdan və səmimiyyətlə yaxınlaşdıqdan sonra "peyğəmbər əxlaqı"na çatmağın qarşısında heç bir maneə olmadığını bildirməkdir. Ən əhəmiyyətlisi isə Allah qatında qəbul olunan davranış formasının axirət üçün "ciddi" bir səy göstərmək olduğunu vurğulamaqdır. Allah bununla əlaqədar olaraq bir ayədə belə buyurmuşdur:
Kim də axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra surəsi, 19)