Səhər qalxdığınız andan etibarən qarşılaşdığınız şeyləri düşünün... Başınızın altına qoyduğunuz yastıq, üzərinizə örtdüyünüz yorğan, sizi yuxudan oyadan zəngli saat, qalxar-qalxmaz təmiz hava gəlməsi üçün açdığınız pəncərə, şkafdan asılmış paltarlarınız, hər səhər qalxdıqda baxdığınız güzgü, səhər yeməyində istifadə etdiyiniz çəngəl-bıçaq, çölə çıxarkən özünüzlə götürdüyünüz çətir, mindiyiniz lift, avtomobilinizin qapısını açdığınız açar, yoldakı işıqforlar, yol nişanları, iş yerindəki masanızda duran kağız, qələm və digərləri ...
Şübhəsiz ki, bütün bunlar bir çox insan tərəfindən üzərində düşünülərək, əmək və vaxt sərf edilərək, müəyyən bir məqsəd üçün hazırlanmışdır. Bu mövzuda heç bir şübhəniz yoxdur və heç kim bunların səhər qalxdığınız anda olduqları yerdə təsadüfən qarşınıza çıxdığını da iddia etməyəcək. Məsələn, heç kim avtomobilinizin açarını təsadüfən onun qapısını aça biləcək şəkildə yonulmuş olduğunu və cibinizə də təsadüfən girdiyini söyləməyəcək. Ya da yoldakı yol nişanlarının olduqları yerlərə təsadüfən yerləşdiyini və təsadüfən onların üzərindəki rənglərlə insanlar üçün bir məna daşıyan yazıların meydana gəldiyini iddia etməyəcək. Eyni şəkildə masanızda duran və forma verilmiş bir naqildən başqa bir şey olmayan sancaq belə oraya təsadüfən, tam kağızları bir yerdə saxlayacaq şəkildə bükülüb qoyulduğunu iddia edən olmayacaq. Çünki bunların hər biri, ölçüləri, formaları, funksiyaları və daha bir çox təfərrüatları dizayn nümunəsidir. Sizin rahatlığınız üçün, ehtiyacınızı qarşılayacaq şəkildə, ağıl işlədilərək hazırlanmışlar və hər birinin ətrafınızda olmasının xüsusi bir səbəbi, müəyyən bir məqsədi vardır.