Kitab boyunca izah edilənlərdən aydın olur ki, istehza Allah`ın razı olmadığı, möminlərin çəkindiyi və inkar edənlərə xas davranış formasıdır. Ancaq Quran əxlaqını yaşamayıb cahiliyyə əxlaqını seçən insanlar, bu səbəbdən, özlərini çıxılmaz hala salırlar. Hər an lağ edilmə, alçaldılma, insanların kinayə dolu baxışlarına məruz qalma kimi qorxularla yaşayırlar. Belə bir mühitdən gerçək mənada xilas ola bilmələrinin tək yolu isə Allah`dan qorxub çəkinmək və Onun əmr etdiyi Quran əxlaqını yaşamaqdır.
Bu kitabda toxunulan mövzulardan bir başqası da cahiliyyə cəmiyyəti insanlarının dinə və möminlərə qarşı istehza etmələridir. İnkarçılar bu rəftarları ilə özlərini ucaltdıqlarını və buna görə hər hansı bir zərər görməyəcəklərini zənn edə bilərlər. Lakin kitab boyunca izah edildiyi kimi, Allah`ın dininə, elçilərinə və möminlərə qarşı istehza edənlər bilməlidirlər ki, bu çirkin hərəkətlərə son verib tövbə etmədikləri təqdirdə, dünyada və axirətdə bunun qarşılığını mütləq alacaqlar. Üstəlik, bu, şiddətli bir qarşılıq olacaq. Din əxlaqından uzaq insanlar Allah`ın özlərini hər an eşitdiyini və hər an gördüyünü unutmamalıdırlar. Onlar istehzalı söz işlədərkən və ya ürəklərindən kinayə dolu düşüncə keçirərkən Allah onlara şahiddir və bütün sözləri, davranışları və düşüncələri hesab günü onlara göstəriləcəkdir:
Məgər, Allah`ın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, (Allah) onların yanındadır. Sonra qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir. (Mübarizə surəsi, 7)
Nəticə etibarilə, ən ağıllı davranış bu pis əxlaqdan dərhal çəkinmək və tövbə edərək bir daha dönməməkdir. Ən gözəl davranış isə Allah`a təslim olmaq, Onun dinini yaşamaq və gözəl əxlaqlı olmaqdır. Belə edənlər, şübhəsiz ki, dünyada və axirətdə qazanclı olacaqlar. Çünki Allah saleh əməl sahibi olan qullarına gözəlliyi vəd etmişdir. Ayələrdə belə buyurulur:
Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və bulaqlar başında olacaqlar, öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular. (Zariyat surəsi, 15-16)
Göylərdə və yerdə nə varsa, Allah`ındır. (Bu, Allah`ın) pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə mükafatlandırması üçündür. (Nəcm surəsi, 31)