Maddənin ardındakı sirr

Maddənin ardındakı sirr mövzusu vəhdəti-vücud deyil

Maddənin ardındakı sirr mövzusu bəzi şəxslərin etirazlarına səbəb olmuşdur. Sözügedən şəxslər bu mövzunun əsasını səhv anladıqları üçün bu mövzunun vəhdəti-vücud təlimi ilə eyni olduğunu iddia edirlər.

Əvvəla, qeyd etmək lazımdır ki, bu əsərlərin müəllifi əhli-sünnə inancına çox bağlıdır və vəhdəti-vücud təliminin tərəfdarı deyil. Bundan əlavə, unutmaq olmaz ki, vəhdəti-vücud təlimi Muhyiddin ibn Ərəbi kimi böyük İslam alimləri tərəfindən müdafiə edilmişdir.

Vəhdəti-vücud düşüncəsini izah edən bir çox məşhur İslam aliminin keçmişdə bu kitablarda verilən bəzi mövzuları düşünərək izah etdikləri doğrudur. Ancaq bu əsərlərdə bəhs edilənlər vəhdəti-vücud düşüncəsi ilə eyni deyildir.

Vəhdəti-vücud düşüncəsinin tərəfdarlarından bir qismi səhv fikirlərə düşərək Qurana və əhli-sünnə inancına zidd olan bəzi iddialar irəli sürmüşlər, məsələn, Allah`ın yaratdığı varlıqları tamamilə yox hesab etmişlər. Əslində isə, maddənin ardındakı sirr mövzusu izah edilərkən qətiyyən belə bir iddia irəli sürülmür. Bu mövzu Allah`ın bütün varlıqları yaratdığını, ancaq yaratdığı varlıqların əslini Allah`ın gördüyünü, insanların isə bu varlıqların beyinlərində əmələ gələn görüntülərini gördüklərini açıqlayır. Gördüyümüz bütün varlıqlar, dağlar, düzənliklər, çiçəklər, insanlar, dənizlər, qısaca desək, gördüyümüz hər şey Allah`ın Quranda var olduğunu, yoxdan yaratdığını bildirdiyi hər varlıq yaradılmışdır və vardır. Ancaq insanlar bu varlıqların əslini duyğu orqanları yolu ilə görə, hiss edə və ya eşidə bilməzlər. Gördükləri və hiss etdikləri, bu varlıqların beyinlərindəki surətləridir. Bu, elmi həqiqətdir və bu gün başda tibb fakültələri olmaqla, bütün məktəblərdə öyrədilən elmi mövzudur. Hal-hazırda bu yazını oxuyan insan bu yazının əslini görə bilməz, bu yazının əslinə çata bilməz. Bu yazının əslindən gələn işıq insanın gözündəki bəzi hüceyrələr tərəfindən elektrik siqnalına çevrilir. Bu elektrik siqnalı beyinin arxasındakı görmə mərkəzinə ötürülərək mərkəzə xəbərdarlıq edir və insan beyninin arxasında bu yazının görüntüsü əmələ gəlir. Yəni siz bu dəqiqə gözünüzlə önünüzdəki yazını oxumursunuz. Bu yazı sizin beyninizin arxasındakı görmə mərkəzində əmələ gəlir. Sizin oxuduğunuz yazı beyninizin arxasındakı yazı surətidir. Bu yazının əslini isə Allah görür.

Beləliklə, maddənin beynimizdə əmələ gələn xəyal olması onun yox olduğu demək deyil. Ancaq bizə insanın təmasda olduğu maddənin mahiyyəti haqqında məlumat verir ki, bu da maddənin əsli ilə heç bir insanın təmasda olmadığı həqiqətidir.

Bu həqiqət "İdealizm, Matriks fəlsəfəsi və Maddənin gerçəyi" adlı kitabımızda belə ifadə edilmişdir:

Xarici aləmdə maddə var, ancaq biz maddənin əsli ilə təmasda ola bilmərik!

Maddənin xəyal olduğunu demək, maddənin yox olduğu demək deyil. Əksinə, biz görsək də, görməsək də, maddi dünya mövcuddur. Ancaq biz bu dünyanı beynimizin içində bir surət, başqa bir sözlə, hisslərimizin ifadəsi kimi görürük. Ona görə, maddə bizim üçün xəyaldır.

Xarici aləmdəki maddənin varlığını bizdən başqa görən varlıqlar da var. Allah`ın mələkləri, katib kimi təyin etdiyi elçiləri də bu dünyaya şahidlik edirlər.

Xatırla ki, sağında və solunda təsbit edən iki mələk oturmuşdur! Dediyi hər sözü onun yanında hazır durub gözləyən vardır! (Qaf surəsi, 17-18)

Hər şeydən önəmlisi budur ki, Allah hər şeyi görür. Bu dünyanı hər cür incəlikləri ilə Allah yaratmışdır və Allah hər şeyi görür. Quran ayələrində belə xəbər verilir:

... Allah`dan qorxun və bilin ki, Allah, həqiqətən, sizin nə etdiyinizi görəndir! (Bəqərə surəsi, 233)

De: "Mənimlə sizin aranızda təkcə Allah`ın şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən xəbərdardır, görəndir!" (İsra surəsi, 96)

Bundan əlavə, unutmaq olmaz ki, Allah bütün hadisələri "Lövhi-məhfuz" adlı kitabda yazmışdır. Biz görməsək də, bunların hamısı Lövhi-məhfuzda var. Hər şeyin Allah qatında Lövhi-məhfuz adlandırılan əsas kitabda qorunduğu belə bildirilir:

Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda mövcuddur. O, çox ucadır, çox hikmətlidir. (Zuxruf surəsi, 4)

... Dərgahımızda hifz edən bir kitab vardır! (Qaf surəsi, 4)

Göylərdə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın bir kitabda olmasın! (Nəml surəsi , 75 )

Görmə, eşitmə, iyləmə, dad bilmə, toxunma kimi duyğu orqanlarımızın hamısı bir-birlərinə bağlıdır. Xaricdə var olan obyektlərdən gələn təsirlər (səs, qoxu, dad, görünüş, sərtlik və s.) sinirlərimiz vasitəsilə beyindəki duyğu mərkəzlərinə ötürülür. Beyinə çatan təsirlərin hamısı elektrik siqnallarından ibarətdir. Məsələn, görmə əməliyyatı əsnasında xarici cisimdən gələn işıq fotonları gözün arxa tərəfindəki retinaya çatır və burada bir əməliyyat nəticəsində elektrik siqnallarına çevrilir. Bu siqnallar sinirlər vasitəsilə beyinin görmə mərkəzinə çatdırılır və biz də bir neçə kub santimetrlik görmə mərkəzində rəngarəng, tərtəmiz, eni, boyu, dərinliyi olan bir dünya görürük.

Eyni sistem digər hisslər üçün də əsaslıdır. Dadlar dilimizdəki bəzi hüceyrələr tərəfindən, qoxular burun epitelindəki hüceyrələr tərəfindən, toxunmağa aid hisslər (sərtlik, yumşaqlıq və s.) dəri altına yerləşdirilmiş xüsusi qəbul edicilər tərəfindən, səslər qulaqdakı xüsusi mexanizm tərəfindən elektrik siqnallarına çevrilərək beyindəki mərkəzlərə göndərilir və o mərkəzlərdə qəbul edilir.

Mövzunu daha da dəqiqləşdirmək üçün belə misallar göstərə bilərik: hal-hazırda bir stəkan qəhvə içdiyinizi düşünək. Əlinizdə tutduğunuz stəkanın sərtliyi və istiliyi dəri altındakı xüsusi qəbul edicilər tərəfindən elektrik siqnallarına çevrilərək beyinə çatdırılır. Eyni zamanda, qəhvəyə aid iti qoxu, onu içdiyimiz anda hiss etdiyiniz acı dad və stəkana baxdığınızda gördüyünüz tünd qəhvə rəngi rənglə əlaqədar duyğu orqanlarınıza aid sinirlər tərəfindən beyinə çatdırılan elektrik cərəyanıdır. Daha sonra masaya qoyarkən stəkanın şüşəyə toxunması ilə çıxan səs də qulağınız tərəfindən qəbul edilib beyinə elektrik siqnalı olaraq göndərilir və bu hisslərin hamısı beyindəki bir-birindən fərqli amma bir-biri ilə ortaq işləyən duyğu mərkəzləri tərəfindən şərh olunur. Siz də bu şərhin bir nəticəsi olaraq bir stəkan qəhvə içdiyinizi düşünürsünüz. Əslində, hər şey beyindəki duyğu mərkəzlərində baş verir.

Şübhəsiz, bu, üzərində incə düşünülməsi lazım olan çox əhəmiyyətli bir həqiqətdir. İndiyə qədər gördüyünüz hər şeyin əsli ilə təmasda olduğunuzu zənn edirsiniz. Halbuki, elmin də göstərdiyi kimi, duyğu orqanları xaricinə çıxaraq xaricdə var olan obyektlərin əsillərinə çatmaq mümkün deyil.

Burada qısaca yekunlaşdırılan bu mövzu, həyatınızda fərqinə vara biləcəyiniz ən böyük gerçəklərdən biridir.

Maddənin əsli ilə təmasda ola bilmərik

Bu günə qədər heç bir insan beynindəki hisslərin xaricinə çıxa bilməmişdir. Hər insan beynindəki hüceyrəsinin içində yaşayır və hisslərinin özünə göstərdikləri xaricində heç bir şey yaşaya bilməz. Bu səbəbdən, hisslərinin xaricindəki dünyada nələr olduğunu heç bir zaman bilə bilməz. Bu səbəblə bir insanın maddənin əslini bildiyini deməsi böyük bir ön fikir olar, çünki heç bir insanın buna gətirə biləcəyi tək bir dəlil də yoxdur. İnsan yalnız beynində yaranan xəyal ilə təmasda olar. Məsələn, rəngarəng çiçəklərlə bəzənmiş bir bağçanı gəzən bir insan, əslində, bu bağçanın əslini deyil, beynindəki surətini görür. Ancaq bu bağça o qədər həqiqidir ki, hər insan xəyalında yaranan bu bağçadan həqiqətən varmış kimi eyni zövqü alır. Hətta bu günə qədər milyardlarla insan bu bağça kimi gördüyü hər şeyin əslini gördüyünü zənn etmişdir.

Bunu da ifadə etməliyik ki, texnologiyanın və ya elmin irəliləməsi də bu mövzuda hər hansı bir dəyişikliyə səbəb ola bilməz. Çünki hər bir elmi nailiyyət və ya texnoloji inkişaf yenə insanların beyinlərində meydana gələcək, bu səbəbdən, bu üsulla da xarici dünyaya çatmaq mümkün ola bilməyəcək. Təmasda olduğumuz tək dünya, zehnimizin içində olan, orada çəkilən, səsləndirilən və rəngləndirilən, qısacası, zehnimizdə meydana gələn dünyadır.

Beynimizdə izlədiyimiz bu hisslər bəzən süni bir qaynaqdan da gələ bilər. Bunu belə bir misalla zehnimizdə canlandıra bilərik:

Əvvəl, beyninizi bədəninizin xaricinə çıxarıb, şüşə bir qabın içində süni olaraq yaşatdığımızı düşünək. Bir də yanına hər cür elektrik siqnalını qəbul edə bilən bir kompyuter yerləşdirək. Sonra hər hansı bir mühitə aid görünüş, səs, qoxu kimi məlumatların elektrik siqnallarını süni olaraq bu kompyuterdən çıxaraq və yazaq. Bu kompyuteri elektrik kabelləri ilə beyninizdəki qəbul mərkəzlərinə bağlayaq və burada qeydli olan siqnalları beyninizə göndərək. Bu siqnalları qəbul etdikcə beyniniz (siz), bunların qarşılığı olan mühiti görəcək və yaşayacaq.

Bu kompyuterdən beyninizə, öz görünüşünüzə aid elektrik siqnalları da göndərə bilərik. Məsələn, bir masada oturarkən qəbul etdiyiniz bütün görmə, eşitmə, toxunma kimi hisslər elektrik qarşılıqlarını beyninizə göndərdiyimizdə beyniniz özünü ofisində oturan bir iş adamı zənn edəcək. Kompyuterdən gələn siqnallar davam etdikcə də bu xəyali dünya davam edəcək. Yalnız bir beyindən ibarət olduğunu isə heç bir şəkildə anlaya bilməyəcək. Çünki beyinin içində bir dünyanın meydana gəlməsi üçün beyindəki əlaqə mərkəzlərə lazımı siqnalların çatması kifayətdir. Bu siqnallar süni bir qaynaqdan, məsələn, bir qeyd cihazından və ya daha fərqli bir qəbuledicidən gələ bilər.

Məşhur filosof Bertrand Russell bu mövzuda bunları deyir:

"… Barmaqlarımızı masaya basdığımız zamankı toxunma hissinə gəlincə bu barmaq uclarındakı elektron və protonlar üzərində bir elektrik təsiridir. Müasir fizikaya görə, masadakı elektron və protonların yaxınlığından meydana gəlmişdir. Əgər barmaq uclarımızdakı eyni təsir bir başqa yolla ortaya çıxsaydı, heç bir masa olmadığına baxmayaraq, eyni şeyi hiss edəcəkdik". (Bertrand Russell, Rölativitenin əlifbası, Qürur nəşrləri, 1974, s. 161-162)

Hisslərin xarici dünyada var olan əsli ilə təmasda olduğumuzu zənn edərək aldanmağımız çox asandır. Necə ki, bu həqiqəti yuxularımızda tez-tez yaşayırıq. Yuxuda tamamilə gerçək kimi görünən hadisələri yaşayır, insanlar, obyektlər, mühitlər görürük. Amma hamısı bir hissdən başqa bir şey deyil. Yuxu ilə "həqiqi" dünya arasında isə əsaslı bir fərq yoxdur. Hər ikisi də zehində yaşanır.

Beynimiz xarici dünyadan ayrıdırmı?

Buraya qədər izah etdiyimiz kimi, xarici dünyanın əsli ilə deyil, yalnız bizə göstərilən hisslərlə təmasda ola biliriksə, bütün bunları gördüyünü, eşitdiyini düşündüyümüz beynimiz nədir? Beynimiz də digər hər şey kimi atomlardan, molekullardan ibarət deyilmi?

Xaricdəki maddənin əslinə çata bilmədiyimiz kimi, beynimizin də əslini bilə bilmərik. Yalnız hissləri bilirik. Çünki, nəticədə, beyin dediyimiz şey də duyğu orqanlarımızla qəbul etdiyimiz bir ət parçasıdır.

O halda, bütün bunları qəbul edən kimdir? Görən, eşidən, hiss edən, iyləyən, dad bilən beyin deyilsə, bəs nədir?

Məhz burada qarşımıza çıxan həqiqət açıq-aşkardır: insan şüur sahibi, görə bilən, hiss edə bilən, düşünə bilən, mühakimə edə bilən bir varlıq olaraq maddəni meydana gətirən atomlardan, molekullardan çox kənar bir varlıqdır. İnsanı insan edən Allah`ın ona verdiyi ruhdur. Əks halda, insanın şüurunu və digər bütün insani qabiliyyətlərini təxminən 1.5 kiloluq, üstəlik, xəyaldan ibarət olan bir ət parçasına vermək çox ağılsızlıq olar. Quranda bu vəziyyət belə izah edilir:

Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz!(Səcdə surəsi, 7-9)

Bizə ən yaxın varlıq Allah`dır

Əslini heç bir zaman bilmədiyimiz xarici dünyanı ruhumuza hiss etdirən, daha doğrusu bunları heç dayanmadan yaradan kimdir?

Şübhəsiz, bu problemin cavabı çox açıqdır. İnsana ruhundan üfləyən Allah ətrafımızdakı hər şeyin yaradıcısıdır. Bu hisslərin tək qaynağı da Odur. Allah`ın yaratması xaricində hər hansı bir şeyin varlığı əsas deyil. Allah bir ayəsində hər şeyi davamlı olaraq yaratdığını, yaratmağı dayandırdığı təqdirdə isə gördüyümüz heç bir şeyin varlığını davam etdirə bilməyəcəyini belə xəbər vermişdir:

Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, həlimdir, bağışlayandır. (Fatir surəsi, 41)

İnsan illərdən bəri aldığı təlqinlərin nəticəsi olaraq bu həqiqəti qəbul etmək istəməyə bilər. Amma nə qədər görməzlikdən gəlsə də, eşitmək istəməsə də, həqiqət açıq-aşkardır. İnsana göstərilən bütün hisslər Allah`ın yaratması ilə həyat tapır. Üstəlik, yalnız xarici dünya deyil, insanın özünün etdiyini dediyi şeylər də ancaq Allah`ın diləməsi ilə baş verir. Bir insanın Allah`dan müstəqil hərəkət etməsi, özünə aid bir iradəyə sahib olması kimi bir vəziyyətin olması mümkün deyil. Quranda bu həqiqətə bu ayələrlə diqqət çəkilmişdir:

Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır. (Saffat surəsi, 96)

Atdığın zaman sən atmadın, Allah atdı. (Ənfal sureəi, 17)

Bütün bunların nəticəsində anlayırıq ki, gerçək mütləq varlıq Allah`dır. İmam Rəbbani kimi böyük İslam alimləri bu həqiqəti ifadə etmək üçün: "Var olan tək mütləq varlıq yalnız Allah`dır, Ondan başqa hər şey kölgə varlıqlardır",- demişdir. Allah göylərdə və yerdə olan hər şeyi əhatə etmişdir. Allah Quran ayələri ilə də hər yerdə olduğunu, hər şeyi əhatə etdiyini xəbər vermişdir:

Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir. (Fussillət surəsi, 54)

Məşriq də, məğrib də Allah`ındır! Hansı səmtə yönəlsəniz, Allah`ın üzü orada olar. Həqiqətən, Allah əhatə edəndir, biləndir. (Bəqərə surəsi, 115)

Göylərdə və yerdə nə varsa, Allah`a məxsusdur. Allah hər şeyi əhatə edir. (Nisa surəsi, 126)

Bir zaman Biz sənə: "Rəbbin insanları əhatə etmişdir"– demişdik. (İsra surəs, 60)

Onun kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, ucadır, uludur. (Bəqərə surəsi, 255)

Allah sizi önünüzdən, arxanızdan, sağınızdan, solunuzdan, yəni hər istiqamətdən əhatə etmişdir. Hər an, hər yerdə sizə şahid olan, içinə və xaricinizə tamamilə hakim olan və sizə şah damarınızdan və ürəyinizdən daha yaxın olan yalnız sonsuz qüdrət sahibi Allah`dır.

Biz ona şah damarından da yaxınıq. (Qaf surəsi, 16)

Bilin ki, Allah insanla onun qəlbi arasındadır və siz Onun hüzuruna toplanılacaqsınız. (Ənfal surəsi, 24)

Məhz inkar edənlər bu mövzuda yanılır və əsli ilə heç bir zaman təmasda ola bilmədikləri dünyanı tək mütləq varlıq zənn edirlər. Onlar dinə və inananlara lağ edərkən və gizlənə bildiklərini zənn edərkən, əslində, Allah onları əhatə etmişdir. Məhz bu, inkar edənlərin qəflətdə olduqları ən böyük həqiqətlərdən biridir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Lağ etməyin qaynağı qürurdur
  • Cahiliyyə cəmiyyətində məsxərəçilik
  • İnkarçılar dinə də lağ edirlər
  • İnkar edənlər əbəs yerə möminlərə istehza edirlər
  • İnkarçılar ilk öncə peyğəmbərləri hədəf alırlar
  • İnkar edənlərin istehzalarına səbir etmək möminlər üçün şərəfdir
  • Allah inkar edənləri dünyada alçaldır
  • Məsxərəçiliyin sonu ilə əlaqədar Qurandan nümunələr
  • İnkar edənlərin qəflətdə olduqları böyük həqiqət
  • Maddənin ardındakı sirr mövzusu vəhdəti-vücud deyil
  • Maddənin ardındakı sirr
  • Məsxərəçi insanların axirətdə görəcəkləri qarşılıq
  • Nəticə
  • Təkamül yalanı