Maddənin ardındakı sirr

Xaricdə mövcud olan maddəyə dair bildiyimiz tək şey bizə hisslərimizdir

Açıq şəkildə göründüyü kimi, "xarici" dünya ilə birbaşa təmasda olmadığımız, xarici dünyanın Allah`ın ruhumuza göstərdiyi surəti ilə təmasda olduğumuz elmi və məntiqi bir həqiqətdir. İnsanlar bunu çox düşünmək istəmirlər.

Bu mövzuda bir az səmimi və cəsur düşünsəniz, evinizin, içindəki əşyalarınızın, yeni aldığınız avtomobilinizin, ofisinizin, ləl-cavahiratlarınızın, bankdakı hesabınızın, yoldaşınızın, uşaqlarınızın, iş yoldaşlarınızın və sahib olduğunuz digər şeylərin də, əslində, gerçəkləri ilə heç bir zaman təmasda olmadığınızı hiss edərsiniz. Ətrafınızda gördüyünüz, eşitdiyiniz, qoxuladığınız, qısacası, beş duyğu orqanınızla qəbul etdiyiniz hər şey bu "nüsxə" dünyaya aiddir. Ən çox sevdiyiniz sənətçinin səsi, oturduğunuz stulun sərtliyi, qoxusu, xoşunuza gedən ətir, sizi isidən Günəş, rəngləri ilə göz oxşayan çiçək, uçan quş, dənizin üzərində sürətlə irəliləyən sürət mühərriki, bol məhsul verən bağçanız, işinizdə istifadə etdiyiniz kompyuter və ya dünyadakı ən keyfiyyətli texnologiyaya sahib musiqi dəstiniz...

Həqiqət budur, çünki dünya yalnız insanı sınamaq üçün yaradılmış bir aləmdir. İnsanlar qısa həyatları boyunca əsla gerçəyinə çata bilməyəcəkləri hisslərlə sınanırlar. Bu qəbul etdiyi hisslər isə bəzəkli və cazibədar göstərilir. Bu həqiqət Quranda belə xəbər verilmişdir:

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. (Ali-İmran surəsi, 14)

İnsanların bir çoxu sahib olduğu qızıl, gümüş və s. hər cür zənginliyin təsiri ilə dinlərini bir kənara buraxır, axirəti unudub dünyaya yönəlirlər. "İşim çoxdur", "vaxtım azdır", "sonra edərəm", - deyərək, dünyanın bərbəzəyinə aldanıb namaz qılmır, mallarını kasıblara vermir, axirəti qazanacaq heç bir ibadəti etmirlər. Əksinə, dünyaya üz tutub onu qazanmağa çalışırlar. Bundan öncə də bildirdiyimiz "Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər." (Rum surəsi, 7) ayəsində bu yanlış düşüncə təsvir edilir. Kitabın bu hissəsində izah etdiyimiz həqiqət isə bütün bu həvəs və bağlılıqların mənasız olduğu baxımından çox əhəmiyyətlidir. Çünki bu həqiqətin başa düşülməsi insanların mülklərinin, uşaqlarının, dostlarının və s. həyatda sahib olduğu hər şeyin kölgə varlıq olduğunu göstərir. Bu halda, bütün bunlara sərf edilən vaxt, əmək, əlbəttə ki, mənasızdır.

Belə ki, bəzi insanlar sahib olduqları şeylərlə sanki əsli ilə təmasda olurmuş kimi öyündükləri zaman, əslində, alçalırlar. Öz villasında sıxılan zənginlər, malik olduğu şeyləri hər fürsətdə dilə gətirənlər, hər kəsdən üstün olduğunu düşünənlər, geyimlərini insanlara göstərənlər, həyatını belə həvəslər üzərinə quranlar və bütün bunlarla göstəriş etdiklərini düşünənlər beyinlərindəki görüntü ilə göstəriş etdiklərini bilərkən nə vəziyyətə düşəcəklərini düşünməlidirlər.

Əslində, bunların bənzərini yuxuda da tez-tez görürlər. Yuxuda yüksək mövqesi olur, böyük iş yeri olur, hamının heyran olduğu paltar geyinir və s. Yuxuda sahib olduqları ilə öyünmək onları gülünc vəziyyətə saldığı kimi, dünyada təmasda olduqları görüntülərlə öyünmək də elədir. Yuxuda gördükləri və bu dünyada təmasda olduqları nəticə etibarilə beyindəki görüntüdən ibarətdir. Əlbəttə ki, bu həqiqəti dərindən düşünmək lazımdır. Ayədə də ifadə edildiyi kimi, bu həqiqətin fərqinə varanlar qazanacaq:

De: "Rəbbinizdən sizə göz qabağında olan dəlillər gəlmişdir. Kim (onları) görsə, (xeyri) onun özünə, kim kor olsa (zərəri) onun öz əleyhinə olar. (Ənam surəsi, 104)

Bunun kimi, dünyadakı hadisələrə göstərdikləri reaksiyalar da həqiqəti anladıqlarında insanları utandıracaq. Qəzəblə qovğa edənlər, dələduzluq edənlər, rüşvət alanlar, yalan danışıb insanları incidənlər, onları döyüb-söyənlər, gözü dönmüş təcavüzkarlar, həsəd edənlər və digərləri bunların əsli ilə təmasda olmadıqları bir dünyada etdiklərini fərq etdiklərində rəzil olacaqlar.

Bilmək lazımdır ki, bütün kainatı yaradan və onu hər insana ayrı-ayrı göstərən Allah olduğuna görə, bu dünyadakı bütün mülkün gerçək sahibi də yalnız Allah`dır. Belə ki, bu həqiqət Quranda belə xəbər verilir:

Göylərdə və yerdə nə varsa, Allah`a məxsusdur. Allah hər şeyi əhatə edir. (Nisa surəsi, 126)

Əsli ilə təmasda olunmayan həvəslər uğrunda din əxlaqını bir kənara buraxmaq və bunun nəticəsində sonsuz həyatı itirmək çox böyük ağılsızlıqdır. Allah onların bu vəziyyətini belə təsvir edir:

Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar.(Hud surəsi, 16)

Ayədə də bildirildiyi kimi, bu insanların həm bütün həvəsləri boşa çıxmış, həm də sahib olduqlarını zənn etdikləri şeylər bu həqiqətin qarşısında əllərindən getmiş, özlərinə bir fayda verməmiş və etibarsız olmuşdur.

Bu mövzuda bu xüsus yaxşı başa düşülməlidir: qarşıdakı həqiqət o demək deyil ki, bütün bu sahib olduğunuz və arzuladığınız zənginlik, uşaqlar, dostlar, məqam-mövqe bir gün yox olacaq və buna görə də heç bir mənası yoxdur. Bu, o deməkdir ki, sahib olduqlarınızın heç birinin əsli ilə təmasda olmursunuz və hər şey beyninizdə izlədiyiniz hisslərdən ibarətdir, Allah sizi bu görüntülərlə sınayır. Diqqət yetirsəniz, ikisinin arasında çox böyük fərq var.

İnsan bu həqiqəti qəbul etmək istəməsə və bütün sahib olduqlarını var qəbul edərək özünü aldatsa belə, nəticədə, öldükdən sonra yenidən dirildiyi zaman, yəni axirətdə hər şey çox dəqiq ortaya çıxacaq. O gün insanın görüş gücü itiləşəcək (Qaf surəsi, 22) və hər şeyi çox daha aydın dərk edəcək. Amma əgər dünyadakı həyatını xəyali məqsədlər uğrunda keçirmişsə, orada heç yaşamamasını diləyəcək, ayədə bildirildiyi kimi: "Kaş o (ölüm) qəti olaydı! Mal-dövlətim mənə heç bir fayda vermədi. Mülküm də məhv olub getdi!" (Haqqə surəsi, 27-29) deyərək həlak olacaq.

Ağıllı bir insana düşən isə bu ən böyük həqiqəti vaxt var ikən qavramağa çalışmaqdır. Əks halda, bütün ömrünü xəyallar uğrunda yaşayıb sonda böyük ziyana düşər. Allah dünyada xəyallar (ya da ilğımlar) arxasınca qaçıb yaradıcımızı unudan bu insanların son vəziyyətini belə bildirir: Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O, öz yanında Allah`ı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir. (Nur surəsi, 39)

İnkar edənlər tarixin ən böyük tələsinə düşüblər

Maddənin əsli ilə təmasda olmadığımız həqiqəti müasir elm tərəfindən isbat edilmiş və çox açıq şəkildə ortaya qoyulmuşdur. İnkar edənlər kor-koranə inandıqları, bel bağladıqları, güvəndikləri maddi dünyanın, əslində, heç bir zaman çata bilməyəcəklərini görür və buna qarşı heç bir şey edə bilmirlər.

İnsanlıq tarixi boyunca inkarçı zehniyyət həmişə var olmuş və onlar müdafiə etdikləri fəlsəfədən əmin şəkildə özlərini yaradan Allah`a baş qaldırmışlar. Ortaya atdıqları elmdən kənar ssenariyə görə, maddə əzəli və əbədi idi və bütün bunların bir yaradıcısı ola bilməzdi. Onlar yalnız qürurlarından dolayı Allah`ı rədd edərkən təmasda olduqlarını zənn etdikləri maddənin ardına sığınmışlar. Bu fəlsəfədən elə əmin idilər ki, heç bir zaman bunun əksini isbat edəcək bir izah gətirilə bilməyəcəyini düşünürdülər.

Halbuki, maddənin əsli ilə əlaqədar olaraq bu kitabda izah edilən həqiqətlər onları böyük qarışıqlığa salmışdır. Çünki burada izah edilənlər fəlsəfələrini yox etmişdir. Bütün düşüncələrini, həyatlarını, kibir və inkarlarını üzərinə qurduqları maddə əllərindən bir göz qırpımında uçub getmişdir.

Allah`ın bir ismi, inkarçılara tələ qurmasıdır. "... Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya (yurdundan) qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır. (Ənfal surəsi, 30) ayəsi ilə bu həqiqət məhz belə bildirilir.

Məhz Allah dünyanı mütləq varlıq zənn etdirərək inkar edənləri tələyə salmış və onları tarixdə bənzəri görülməmiş şəkildə kiçiltmişdir. Malı, mülkü, mövqeni, içində olduqları cəmiyyəti, bütün dünyanı mütləq varlıq zənn etmişlər, üstəlik, bunlara inanaraq Allah`a qarşı böyüklənmişlər. Lovğalanıb Allah`a üsyan etmiş və inkar etmişlər. Bunları edərkən güc aldıqları tək şey maddənin mütləq olması inancı olmuşdur. Amma elə bir vəziyyətə düşüblər ki, Allah`ın özlərini ətraflı əhatə etdiyini heç düşünməmişlər.

Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar. (Tur surəsi, 42)

Bu, bəlkə də tarixin gördüyü ən böyük məğlubiyyətdir. İnkar edənlər dinə və iman edənlərə lağ edərkən aldanmış, Allah`a qarşı çirkin cəsarət göstərdiklərinə görə məğlub olmuşlar.

Beləliklə, hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada yaramaz işlər görsünlər. Halbuki, onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və hiss etmirlər. (Ənam surəsi, 123)

Bu ayə yaradıcımız olan Allah`a baş qaldıran inkarçıların düşüncəsiz olduqlarından və qarşılaşacaqları sondan xəbər verir.

Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və (bunu) anlamırlar.(Bəqərə surəsi, 9)

İnkarçılar tələ qurmağa cəhd edərkən ayədəki "hiss etmirlər" ifadəsi ilə açıqlandığı kimi, əhəmiyyətli bir həqiqətin fərqində deyillər: gördükləri bütün hadisələrin, əslində, zehinlərində reallaşdığını və qurduqları tələlərin də zehinlərində olduğu həqiqətini... Bunu anlamadıqlarına görə, Allah`la tək olduqlarını unudub özləri hiyləyə düşmüşlər.

Hər dövrdə Allah inkar edənlərin bütün hiylələrini boşa çıxarmışdır. Allah "... heç şübhəsiz, şeytanın hiyləli-nizamı çox zəifdir" (Nisa surəsi, 76) ayəsi ilə bu hiylələrin boşa çıxacağını xəbər vermişdir. Möminləri də "... Onların qurduqları hiylə sizə heç bir zərər verə bilməz..." (Ali-İmran surəsi, 120) ayəsi ilə müjdələmişdir.

Allah başqa bir ayədə: "Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O, öz yanında Allah`ı tapar" , - deyə xəbər verir (Nur surəsi, 39). İnkarçı düşüncə bu ayədə işarə edildiyi kimi, üsyançılara və dünya həyatını dinə lağ edərək keçirənlərə ilğım meydana gətirər. Ona güvənib əllərini uzatdıqlarında bu fəlsəfənin hiylə olduğunu anlayarlar. Allah onları belə bir ilğımla aldatmış, maddəni mütləq varlıq kimi göstərmişdir. "Böyük" insanlar, professorlar, astronomlar, bioloqlar, fiziklər, vəzifə və mövqeləri hər nə olursa olsun, maddəni özlərinə saxta ilah etdiklərinə görə bu oyuna gəlmiş, uşaq kimi aldanıb alçalmışlar. Heç bir zaman əslinə çata bilmədikləri maddəni mütləq sanaraq onun üzərinə fəlsəfələrini, ideologiyalarını qurmuş, haqqında ciddi müzakirələr etmiş, təhqiramiz izahlar vermişlər. Bütün bunlardan ötrü də özlərini çox ağıllı hesab etmişlər. Kainatın həqiqəti haqqında fikir irəli sürəcəklərini düşünmüş və ən əhəmiyyətlisi öz məhdud ağılları ilə Allah`ı şərh edə biləcəklərini sanmışlar. Allah onların içinə düşdüyü bu vəziyyəti bir ayədə belə bildirir:

Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır. (Al-i İmran surəsi, 54)

Dünyada bəzi tələlərdən xilas olmaq mümkün ola bilər. Ancaq Allah`ın inkar edənlərə qurduğu bu tələ elə möhkəmdir ki, əsla qurtuluş imkanları qalmamışdır. Nə etsələr də, kimə müraciət etsələr də, özlərinə Allah`dan başqa xilas edən köməkçi tapa bilməzlər.

Onlar Allah`dan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar. (Nisa surəsi, 173)

Şübhəsiz, bu həqiqəti dərk etmək azğın inkarçılar üçün ən dəhşət verici hadisədir. Çünki çox inandıqları maddənin özlərindən aşılmaz sərhədlə ayrılması onlar üçün hələ dünyada ikən ölüm hökmündədir.

Bu həqiqətlə birlikdə bir Allah, bir də özləri qalmışdır. Belə ki, Allah "Məni yaratdığım kimsə ilə tək burax" (Müddəssir surəsi, 11) ayəsi ilə hər insanın Öz qatında, əslində, tənha olduğu həqiqətinə diqqət çəkmişdir. Bu fövqəladə həqiqət bir çox ayə ilə xəbər verilmişdir:

Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz. (Ənam surəsi, 94)

Onların hər biri qiyamət günü Onun hüzuruna tək-tənha gələcək. (Məryəm surəsi, 95)

Bu ayələrdə izah edilən həqiqətin bir mənası da budur: maddəni ilah edənlər, dini inkar edərək Allah`ın ayələrinə lağ edənlər, Allah`dan gəlmiş və yenə Ona dönmüş, ya da dönməyi gözləyirlər. Onlar istəsələr də, istəməsələr də, Allah`a təslim olmuşlar. İndi hər kəs kimi hesab gününü gözləyirlər və o gün hamısı tək-tək sorğuya çəkiləcəklər. Anlamaq istəməsələr də...

Nəticə

İnkarçılar çox əhəmiyyətli bir həqiqəti də bilməlidirlər: onlar iman edənlərə lağ edərkən və ya müxtəlif əxlaqsız hərəkətlərlə onlara zərər verməyə çalışarkən, əslində, Allah`ın onlara yazdığı qədərə təslim olmuşlar. İstifadə etdikləri istehzalı hər söz, çirkin hər baxış, zehinlərindən keçən inkar dolu hər düşüncə, qurduqları hər plan Allah`ın təyin etdiyi qədərin bir parçasıdır. İnkarçılar şüurunda olmasalar da, Allah`a boyun əymişlər və Allah`ın əmrinə uyğun olaraq dünyada möminlərə xidmət edirlər. Din əxlaqını yaşayan insanlara lağ edərkən inananlar bu hərəkətlərə qarşı səbir göstərir və Allah`a olan bağlılıqları səbəbindən şərəfli bir mövqeyə, Allah`ın sonsuz gözəllikdəki cənnətlərinə layiq görülürlər.

İnkarçılar isə heç bir zaman əslinə çata bilmədikləri dünyanın əsli ilə təmasda olduqlarını zənn edərək alçalırlar. Bir gün eynilə yuxudan oyanan kimi oyanacaq və qəflətən bu böyük həqiqəti görəcəklər. Yer üzündə demək olar ki, bir göz qırpımı qədər qaldıqlarını anlayacaq və içində olduqları inkarın peşmançılığını yaşayacaqlar. Hesab günündə o günə qədər söylədikləri istehzalı sözlər, kinayəli baxışlar, məsxərəçi hərəkətlər bir-bir qarşılarına çıxarılacaq. Hətta öz bədən üzvləri də əleyhlərinə şahidlik edəcək. Allah bu həqiqəti Quranda belə xəbər vermişdir:

O gün, öz dilləri, əlləri və ayaqları əleyhlərində şahidlik edəcəklər. O gün Allah layiq olduqları cəzanı əskiksiz verəcək və onlar da Allah`ın, heç şübhəsiz, haqq olduğunu biləcəklər. (Nur surəsi, 24-25)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Lağ etməyin qaynağı qürurdur
  • Cahiliyyə cəmiyyətində məsxərəçilik
  • İnkarçılar dinə də lağ edirlər
  • İnkar edənlər əbəs yerə möminlərə istehza edirlər
  • İnkarçılar ilk öncə peyğəmbərləri hədəf alırlar
  • İnkar edənlərin istehzalarına səbir etmək möminlər üçün şərəfdir
  • Allah inkar edənləri dünyada alçaldır
  • Məsxərəçiliyin sonu ilə əlaqədar Qurandan nümunələr
  • İnkar edənlərin qəflətdə olduqları böyük həqiqət
  • Maddənin ardındakı sirr mövzusu vəhdəti-vücud deyil
  • Maddənin ardındakı sirr
  • Məsxərəçi insanların axirətdə görəcəkləri qarşılıq
  • Nəticə
  • Təkamül yalanı