Lağ etməyin qaynağı qürurdur

Bir insanın özünü digər insanlardan üstün görməsinə, üstün tutmasına qürur deyilir. Qürurlu insanlar digər insanlara onların aşağı təbəqədən olduqlarını hiss etdirərlər. Lakin qüruru təkcə insanlara qarşı edilən rəftar pozuntusu olaraq düşünmək doğru olmaz. Çünki qürurlu insanlar, eyni zamanda, Allah`ın dinini yaşamaq, doğru yola dəvət edildikdə buna razı olmaq mövzusunda da təkəbbürlənirlər.

İnsan vicdanı ilə hərəkət etmədikcə, nəfsinin təlqinlərinə aldandıqca və Allah`ın Quranda təsvir etdiyi əxlaqı yaşamadıqca nəfsinin bu tələsinə düşəcəkdir. Çünki Quranda bildirildiyi kimi, Allah`ın rəhm etdiyi kəs istisna olmaqla, nəfs insana pis işlər görməyi təlqin edir (Yusif surəsi, 53). Şeytanın təlqinlərinə aldanan və özlərini üstün görən insanlar artıq tamamilə nəfslərinin idarəsində olurlar. Buna görə də qürur və ya təkəbbürə yönəlirlər.

Qürur şeytanın ən diqqəti cəlb edən xüsusiyyətlərindən biridir. Quranda bildirildiyi kimi, Allah mələklərə hz. Adəmə (ə.s) səcdə etməyi əmr etdikdə iblisdən başqa hamısı səcdə etmiş, iblis isə səcdə etməmişdir. Şübhəsiz, bunun səbəbi özünü hz. Adəmdən (ə.s) üstün görməsi və buna görə də təkəbbürlənməsidir. Quranda şeytanın bu vəziyyəti belə izah edilir:

Bir zaman Biz mələklərə: "Adəmə səcdə edin!"– dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O, imtina edib təkəbbür göstərdi və kafir oldu. (Bəqərə surəsi, 34)

Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: "Adəmə səcdə edin!"– dedik. İblisdən başqa (hamısı) səcdə etdi. O, səcdə edənlərdən olmadı. (Allah) dedi: "Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?" (İblis) dedi: "Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!" (Allah) dedi: "Buradan aşağı en! Burada təkəbbürlük göstərmək sənə yaramaz. Çıx get, çünki sən alçaldılmışlardansan". (Əraf surəsi, 11-13)

Ancaq nə şeytanın, nə də onun saxta çağırışlarına uyanların hər hansı bir üstünlüyü vardır. Əksinə, onların Allah`ın hər şeyin üstündə güc sahibi olduğu həqiqətini inkar edərək etdikləri ağılsızlıq onları alçaldır. Allah Quranda özlərinə görə böyüklük iddiasında olanlar üçün "ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur" (Mömin surəsi, 56) şəklində xəbər vermişdir. Bu ayədən də aydın olur ki, inkar edənlər nə qədər arzu etsələr də, istədikləri böyüklüyə çata bilməzlər. Çünki böyüklük yalnız Allah`a aiddir və Allah ancaq Özünə itaət edən qullarını ucaldar. Azğın inkarçıları isə həm dünyada, həm də axirətdə alçaldar. Yuxarıdakı ayənin ardından gələn ayələrdə də Allah inkar edənlərin necə kor və anlayışsız olduqlarını belə bildirmişdir:

Həqiqətən, göylərin və yerin yaradılması insanların yaradılmasından daha böyük şeydir. Lakin insanların çoxu bilmir. Korla görən, iman gətirib yaxşı işlər görənlərlə pislik edənlər eyni deyildir. Necə də az düşünüb daşınırsınız! O saat mütləq gələcəkdir, bunda heç bir şübhə yoxdur. Lakin insanların əksəriyyəti inanmır. (Mömin surəsi, 57-59)

Yuxarıdakı ayələrdə də xəbər verildiyi kimi, insanların çoxu Allah`ın gücünü və böyüklüyünü qavraya bilmədikləri üçün özlərinə lütf olaraq verilən xüsusiyyətlərə görə qürurlanır və təkəbbürlənmə həvəsinə düşürlər. Bu insanların qürurunu büruzə verən hərəkətlərdən biri də insanlara lağ etməkdir. Daha əvvəl də ifadə etdiyimiz kimi, onları aşağı gördüklərini hiss etdirərək özlərini ucaldacaqlarını zənn edirlər. Bu səbəbdən də din əxlaqından uzaq olan cahilliyə cəmiyyətlərində istehza etmək çox məşhur bir davranışdır.

Məsxərəçi insanlar hər kəsin əskik yönlərini görür, gözəl yönlərini isə dərk etmirlər. Bu tip şəxslərin hər birinin özlərinə görə qürurlandıqları bəzi xüsusiyyətləri var. Məsələn, bəzisi müvəffəqiyyətindən, bəzisi gözəlliyindən, bəzisi də zənginliyindən qürurlanır. Buna görə də bu cəhətdən əskiyi olan insanlarla qarşılaşdıqlarında onların həmin çatışmazlığına lağ edirlər. Özlərinə bu xüsusiyyətləri verənin Allah olduğunu və dilədiyi hər an geri ala biləcəyini düşünmədən belə bir azğın münasibət göstərirlər.

Cahiliyyə cəmiyyətlərində rişxənd etmək həyatın ayrılmaz bir parçası halını almışdır. Uşaqlar, gənclər həmişə bu mədəniyyət və əxlaqla birlikdə böyüyürlər. Sonrakı səhifələrdə din əxlaqından uzaq insanların öz aralarında yaşadığı məsxərəçi nümunələrindən də danışacaq və bu hərəkətlə özlərinə necə sıxıntı verdiklərinə şahid olacağıq.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Lağ etməyin qaynağı qürurdur
  • Cahiliyyə cəmiyyətində məsxərəçilik
  • İnkarçılar dinə də lağ edirlər
  • İnkar edənlər əbəs yerə möminlərə istehza edirlər
  • İnkarçılar ilk öncə peyğəmbərləri hədəf alırlar
  • İnkar edənlərin istehzalarına səbir etmək möminlər üçün şərəfdir
  • Allah inkar edənləri dünyada alçaldır
  • Məsxərəçiliyin sonu ilə əlaqədar Qurandan nümunələr
  • İnkar edənlərin qəflətdə olduqları böyük həqiqət
  • Maddənin ardındakı sirr mövzusu vəhdəti-vücud deyil
  • Maddənin ardındakı sirr
  • Məsxərəçi insanların axirətdə görəcəkləri qarşılıq
  • Nəticə
  • Təkamül yalanı