İnkarçılar ilk öncə peyğəmbərləri hədəf alırlar

Tarix boyunca hər dövrdə inkar edən insanlar olmuş və bu şəxslər Allah`ın dininə və möminlərə qarşı mübarizə aparmışlar. Bu Allah`ın dəyişməz qanunudur. İnkar edənlərin inananlara qarşı istifadə etdiyi mübarizə üsulları məlumdur və bunların ən başlıcalarından biri də məsxərədir. Üstəlik, istehza taktikaları və sözləri də həmişə eyni olur. Bu həqiqət Quranda belə ifadə edilir:

Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər də günah işlətmişdilər. Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları artan bir əzabla yaxaladı. (Haqqə surəsi, 9-10)

Ayələrdə diqqət çəkildiyi kimi, əsrlər boyu inkar edənlər həmişə eyni üsyankar rəftarı göstərmişlər. Firon, Əbu Ləhəb, fironun qövmü, Nuh peyğəmbərin (ə.s) qövmü, Ad qövmü, Səmud qövmü, Lut qövmü və digərləri Quranda həmişə peyğəmbərlərə qarşı istifadə etdikləri azğın və məsxərəçi üslubla xatırlanan və sonunda məhv olan qövmlərdəndir. Bu insanlar yalnız peyğəmbərlərə deyil, dinə aid hər şeyə-ibadətlərə, namaza, dinin hökmlərinə lağ etmişlər. Amma, əlbəttə, Quranda xəbər verildiyi kimi, sonda ziyana uğrayan, həlak edilən də özləri olmuşdur.

Keçmiş qövmlərin elçilərinə qarşı olan bu münasibətləri Quranda tez-tez ifadə edilən bir həqiqətdir:

Vay qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər. (Yasin surəsi, 30)

Onlara elə bir elçi gəlməzdi ki, ona istehza etməsinlər. (Hicr surəsi, 11)

Göründüyü kimi, peyğəmbərlərə qarşı bu şəkildə nəzakətsiz davranmaq inkar edənlərin nəzərə çarpan xüsusiyyətidir. Hər dövrdə də bunu tətbiq etdikləri aydın olur. Bütün bu qövmlərin təkəbbürlənmələrinin və nəticədə, istehzaya yönəlmələrinin səbəbi isə şeytandır. Şeytan yer üzündə Quran əxlaqının yaşanmasını istəmədiyi üçün insanları əxlaqsızlığa, din əxlaqına zidd işlərə təşviq edir. İstehza da bu çirkin davranışlardan biridir. Buna qarşı peyğəmbərlər haqq dini yaşayan və təbliğ edən insanlardır. Onlar insanları şeytana və onun hiyləli oyunlarına qarşı xəbərdar edən və onlara şeytanın inkarçı sisteminə təslim olmamağı öyrədən şəxslərdir. Bu səbəblə də şeytan inkar edənləri, əvvəlcə, peyğəmbərlərə qarşı çıxmağa yönəldir. İnsanları peyğəmbərlərə qarşı üsyana və məsxərəçi davranışlara təşviq edir. Qövmlərin içində peyğəmbərlərə qarşı mübarizə aparan, onlarla lağ edən insanlar da şeytanın yolu ilə gedən şəxslərdir.

Amma unutmaq olmaz ki, şeytanın bu səyləri heç bir nəticə verməz. Əksinə, inkar edənlərin bu cür davranması, kinayəli sözlər söyləməsi elçilərin axirətdəki dərəcəsini artırar, Allah`ın razılığını və nemətlərini qazanmalarına səbəb olar. Bu mübarək insanlar özlərinə qarşı çirkin hərəkətlərə səbir etdikləri üçün Allah`dan gözəl bir qarşılıq umarlar. Necə ki, haqlının haqsızdan ayrılacağı din günü gəldiyində hər iki tərəf də etdiklərinin qarşılığını alacaqdır. Elçilərə və onlarla birlikdə olan möminlərə axirətdə mükafat verilərkən, dünyada onlara istehza edən inkarçılar isə cəzalandırılacaqlar. Bu son üçün yalnız Allah`ın onlara təyin etdiyi bir müddət var və bu müddət bitməlidir. Bu, Quranda bildirilən bir həqiqətdir:

Dünya həyatı kafirlər üçün gözəlləşdirildi. Onlar iman gətirənləri məsxərəyə qoyurdular. Halbuki, müttəqilər qiyamət günü onlardan üstün olacaqlar. Allah istədiyi kəsə hesabsız ruzi verər. (Bəqərə surəsi, 212)

Səndən əvvəlki elçilərə də istehza edilmişdi. Mən kafirlərə möhlət verdim, sonra isə onları yaxaladım. (Bir görəydin onları) cəzalandırmağım necə oldu! (Rad surəsi, 32)

Ayələrdən aydın olduğu kimi, cahil insanların elçilərlə lağ etməsi Allah`ın Quranda bildirdiyi bir qanundur. Tarix boyunca bütün peyğəmbərlərin başına gələn bu hadisə onların ancaq şövqlərini və mübarizə əzmlərini artırmışdır. Peyğəmbərlər Allah`ın ədalətinə güvəndikləri üçün məsxərəçi inkarçıların axirətdə layiq olduqları qarşılığı alacaqlarından da əmindirlər. Bu səbəbdən, inkar edənlər və onların öndəri olan şeytan heç bir zaman məqsədlərinə çatmaz. Allah Quranda inkarçıların elçilərə qarşı mübarizəsinin onların ağılsız olduqlarını ortaya qoyduğunu belə xəbər vermişdir:

Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər kimi göndəririk. Kafirlər isə batil ilə haqqı aradan qaldırmaq üçün mübahisə edirlər. Onlar Mənim ayələrimə və xəbərdar olunduqları şeylərə istehza edirlər. Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri (günahlarını) unudan adamdan daha zalım kim ola bilər? (Quranı) anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər. (Kəhf surəsi, 56-57)

Quranda inkarçıların hansı mövzularda belə bir üsluba əl atdığı, hansı üsullardan istifadə etdiyi də bir çox örnəklə bildirilmişdir. Sonrakı səhifələrdə inkarçıların tarix boyunca Allah`ın elçilərinə qarşı göstərdikləri məsxərəçi mövqe və bunun nəticəsində gördükləri alçaldıcı qarşılıqdan bəhs olunacaq.

Allah`ın seçdiyi elçini öz düşüncələrinə görə bəyənməmələri

Din əxlaqından uzaq cəmiyyətlərdə insanların dəyər ölçüləri mal, mülk, pul, şöhrət, məqam və mövqe kimi maddi mənfəətlər üzərində qurulmuşdur. Buna görə də həmin cəmiyyətlərə bir elçi göndərildiyində insanların çoxu bu meyarlarla qiymətləndirmə aparırlar. Əgər elçidə sayılan maddi xüsusiyyətləri kafi görməzlərsə, onu Allah`ın seçdiyini, özlərinə yol göstərici olaraq göndərildiyini qəbul etmək istəməzlər. Bu insanı Allah`ın seçməsi, onun təqva sahibi və gözəl əxlaqlı olması onların məntiqləri baxımından əhəmiyyətli olmaz. Elçidəki gözəl, üstün əxlaqı dərk edə bilmədikləri və qürurlu olduqları üçün onun seçilmiş biri olması xoşlarına gəlməz. Onun özlərindən üstün olduğunu, onları doğru yola dəvət etdiyini təsdiqləyib, ona təslim olmaq yerinə üsyankar və məsxərəçi mövqedə olmağı seçərlər. Allah Quranda inkar edənlərin bu mövqeyini belə bildirmişdir:

Onlar səni gördükdə ancaq sənə lağ edir (və deyirlər:) "Budurmu Allah`ın elçi göndərdiyi kəs? (Furqan Surəsi, 41)

Ayədə göründüyü kimi, bu insanlar elçini öz yanlış düşüncələrinə görə qiymətləndirir və bəyənmirlər. Bu mövzudakı başqa bir ayə isə belədir:Kafirlər səni gördükləri zaman sənə ancaq istehza edərək: "Sizin tanrılarınıza tənə vuran budurmu?"– deyirlər. Məhz onlar Rəhmanın öyüd-nəsihətini inkar edirlər. (Ənbiya Surəsi, 36)

Quranda bu mövzu ilə əlaqədar başqa nümunələr də verilmişdir. Hz. Musa (ə.s) fironun qövmünə elçi olaraq göndərildikdə firon və qövmü peyğəmbərlərə istehza etmə yolunu seçmişlər. Bunun səbəbi özlərindən daha kasıb olduğunu düşündükləri Musa peyğəmbərin (ə.s) elçi olaraq seçilməsi və onları haqq dinə dəvət etməsidir. Öz batil dinlərinin dəyişdirilməsinin istənməsi inkarçıların qüruruna toxunmuşdur. Buna görə də tarixdəki bütün inkarçılar kimi onlara göndərilən peyğəmbərlərə lağ etməyə başlamışlar:

Firon qövmünü çağırıb dedi: "Ey xalqım! Məgər Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi? Məgər görmürsünüzmü? Ya da mən bu aciz və az qala (sözünü) belə aydın başa sala bilməyən adamdan daha üstün deyiləmmi? Nə üçün ona qızıl bilərziklər taxılmayıb və onunla birlikdə bir-birinin ardınca mələklər gəlməyib?" (Zuxruf Surəsi, 51-53)

Yuxarıdakı ayələrdə göründüyü kimi, firon bütün inkarçı xüsusiyyətlərə malikdir. Hz. Musanı (ə.s) yenə öz cahil ölçülərinə görə qiymətləndirir, ondakı üstün əxlaqı və Allah`a olan yaxınlığını dərk etmir. Öz sahib olduğu mülkləri sayaraq qövmünə təsir etməyə çalışmış və bu şəkildə də cahiliyyənin azğın dəyərlərini ölçü götürərək öz üstünlüyünü isbat etdiyini zənn etmişdir.

Bu nümunədə də gördüyümüz kimi, inkarçı insanların öz zənlərinə görə, əgər elçilik və ya bir hökm səlahiyyəti veriləcəksə, özləri arasından birinə verilməlidir. Bu səbəblə də peyğəmbərlərə verilənləri qısqanaraq dərhal istehza və təhqir dolu sözlər söyləməyə başlamışlar. Məsələn, "Zikr aramızdan təkcə onamı verildi? Xeyr, o, yalançıdır, lovğadır!" (Qəmər surəsi, 25) ayəsində olduğu kimi, elçini bəzi çirkin hərəkətlərlə ittiham edirlər. Lakin peyğəmbərlər gözəl əxlaqlı, Allah`ın əmr və qadağalarına qarşı çox diqqətli, çox təvazökar və bütün gücün yalnız Allah`a aid olduğunu bilən insanlardır. Belə böhtanlar da onlara həsəd aparan cahiliyyə insanlarının əsassız günahlandırmalarından başqa bir şey deyil.

İnanmayan insanların peyğəmbərlərə atdıqları böhtanlardan biri də dəlilikdir. Bunu da həmişə istehza ilə dilə gətirirlər. Quranda bu mövzuda belə bir nümunə verilmişdir:

Qövmünün kafir zadəganları dedilər: "Biz səni səfeh sayırıq və həqiqətən də, səni yalançılardan hesab edirik!" O dedi: "Ey qövmüm! Mən heç də səfeh deyiləm. Lakin mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir elçiyəm. (Əraf Surəsi, 66-67)

Hud peyğəmbərə (ə.s) atılan bu böhtan bütün dövrlərdə Allah`ın elçilərinə atılan bir böhtandır. İnkar edənlərin yuxarıdakı sözlərindəki istehza dərhal diqqət çəkir. Halbuki, elçilər üstün ağılları ilə tanınan insanlardır. İnkarçıların bu iftiralardakı məqsədi qövmlərini onların əleyhinə yönləndirməkdir. Başqa sözlə, elçiyə itaətə maneə olaraq öz mənfəətlərini qorumaqdır. Quranda bu böhtanın digər peyğəmbərlərə atıldığına dair nümunələr var:

(Firon) dedi: "Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!" (Şüəra Surəsi, 27)

"Bu ancaq cinli bir adamdır. Odur ki, ona münasibətdə bir müddət gözləyin!" (Muminun Surəsi, 25)

Bu nümunələr onu göstərir ki, elçilərdən və ya möminlərdən birinə qarşı dəlilik iddiasının olması, əslində, bunun keçmişdə bütün peyğəmbərlərə edilmiş böhtan və məsxərə olması baxımından böyük şərəfdir. İnkarçılar bu böhtanları ilə möminlərin gücünü azalda biləcəklərini, onların şövqlərini qıra biləcəklərini, etdikləri xeyirlərə mane ola biləcəklərini zənn edirlər. Halbuki, möminlərə lağ edilməsinin mənası və onlarda meydana gətirdiyi təsir tam fərqlidir. Cahil bir insan ona lağ ediləndə narahat olar. Möminlər isə tarix boyunca bütün möminlərə və elçilərə deyilən sözlərin özlərinə də deyilməsinin özlərinin doğru yolda olduqlarını bir daha göstərdiyini düşünər və buna görə də fəxr edərlər. Bundan başqa, inkarçıların bu düşüncəsizliyi və əxlaqsızlığı onların gücünü artırar və din əxlaqını təbliğ etmə baxımından daha şövqlü və qərarlı olmalarına səbəb olar.

Elçinin və möminlərin quran əxlaqını yaşamalarına lağ etmələri

Möminlər Allah`ın əmr və qadağalarına görə hərəkət edərkən inkarçılar tam tərsinə, nəfslərinin istiqamətləndirdiyi şəkildə yaşayarlar. Nəfs isə gözəl əxlaqlı olmağı, iffətli, namuslu, dürüst, səmimi, ədalətli, təmiz, şəfqətli, dürüst olmağı istəməz. Əksinə, əxlaqsızlığı, yalançı olmağı və hər cür pis əxlaqi xüsusiyyətləri yaşamağı insanlara məqbul göstərər. Bu səbəblə, möminlərin yaxşı və təmiz insan olmaları və bunun üçün göstərdikləri əzmkarlıq inkar edənlərin xoşuna gəlməz. Möminlərin gözəl əxlaqlarına şahid olduqca öz əxlaqlarının pis olduğuna bir daha şahid olarlar. Lakin qürurlarından dolayı belə bir şeyi qəbul etmək istəməzlər. Buna görə, möminlərin də özləri kimi olmalarını istərlər. Onların Quran əxlaqına uyğun hərəkətlərini gördüklərində təhqir və istehza dolu sözlərlə möminlərin gözəl cəhətlərini alçaltmağa çalışarlar. İnkarçıların bu hərəkətləri haqqında Quranda belə bir nümunə verilmişdir:

Qövmünün cavabı isə ancaq: "Lutun ailəsini kəndinizdən çıxarın. Çünki onlar təmiz qalmaq istəyən adamlardır!"– demələri oldu. (Nəml surəsi, 56)

Məlum olduğu kimi, Lut peyğəmbərin (ə.s) göndərildiyi qövm cinsi azğınlıqlar yaşayan pozğun qövm idi. Hz. Lut (ə.s) özlərini haqqa, doğruya, gözəl olana və təmizə dəfələrlə çağırdığı halda, bunu rədd etmiş və peyğəmbərlərinə üsyan etmişdilər. Hz. Lut (ə.s) doğruları izah etməyə davam etdiyində isə azğınlıqları daha da artmış, elçini və möminləri yurdlarından sürgün etmək qərarına gəlmişlər. Bunu edərkən də onların təmiz və iffətli olmalarını məsxərə mövzusu etmişlər. Ancaq bütün digər azğın qövmlərə olduğu kimi, Allah bu qövmə də etdiklərinin qarşılığını vermiş və onları həlak etmişdir. İnkarçıların iftira və məsxərə dolu hərəkətlərinə səbir edən möminləri mükafatlandıracağını müjdələmişdir. Yəni Lut peyğəmbərə (ə.s) və onunla birlikdə iftira və böhtanlara məruz qalan bütün möminlərə gördükləri bu rəftar böyük mükafat olaraq geri dönmüşdür. Özlərini müsəlmanlardan üstün görən bu şəxslərə həqiqi izzət və şərəfin kimə aid olduğunu Allah Quranda belə bildirmişdir:

Onlar: "Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər ən alçaqları mütləq oradan çıxardacaqlar!"– deyirlər. Halbuki, qüdrət yalnız Allah`a, Onun Elçisinə və möminlərə məxsusdur, lakin (bunu) münafiqlər bilmirlər. (Munafiqun surəsi, 8)

Kim qüdrət (sahibi olmaq) istəsə, (bilsin ki,) qüdrət bütünlüklə ancaq Allah`a məxsusdur. Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir. Pis əməllər işlədib hiyləgərlik edənləri şiddətli əzab gözləyir. Onların qurduqları hiylələr də boşa çıxacaqdır. (Fatir surəsi, 10)

Elçinin etdiklərinə lağ edirlər

İstər inkar edənlər, istərsə də münafiqlər ağıllı olmadıqlarından möminlərin etdiklərini anlamazlar. Dünya işlərindən bəzilərini bildiklərindən dolayı özlərini çox ağıllı zənn edərlər. Dinlə əlaqədar həqiqətləri yanlış bildiklərini qəbul etmək istəməzlər. Din əxlaqından uzaq insanların düşüncəsiz olduqlarının Allah`ın dəyişməyən qanunu olduğunu görə bilməzlər. Aciz durumda qaldıqlarını anlamadıqlarına görə, bəsit davranışlarla özlərini üstün zənn edər və Allah`ın elçilərinə lağ edərlər. Quranda bunun nümunələrinə tez-tez rast gəlmək mümkündür. Məsələn, Şüeyb peyğəmbər (ə.s) göndərildiyi qövmü pis işlərdən çəkinməyə çağırdığı zaman güclü müqavimətlə qarşılaşmış və inkarçıların lağlağı hərəkətlərinə məruz qalmışdı. Əslində, qövmü Şüeyb peyğəmbərin (ə.s) gözəl əxlaqlı bir insan olduğunu çox yaxşı bilirdi. Lakin hz. Şüeyb (ə.s) onların nəfsinə zidd olan bir şey əmr etdiyi üçün dərhal müqavimət göstərmişlər. Lağ etdikləri şey isə peyğəmbərin Allah`a ibadət etməsi idi:

Onlar dedilər: "Ey Şüeyb! Atalarımızın ibadət etdikləri (tanrılardan), yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan". (Hud surəsi, 87)

Bu mövzu ilə əlaqədar olaraq Quranda verilən digər nümunə isə Nuh peyğəmbər (ə.s) dövründə yaşanmışdır. Allah hz. Nuha (ə.s) qövmünə gələcək əzabdan qorunması üçün bir gəmi tikməsini əmr etmişdir. Hz. Nuh (ə.s) gəmini tikməyə başladıqda qövmünün inkarçıları onun bu hərəkətinə lağ etməyə başlamışdır:

Nuha belə vəhy olundu: "Qövmündən, daha əvvəl iman gətirənlər istisna olmaqla, artıq heç kəs iman gətirməyəcək. Elə isə onların etdikləri əməllərə görə kədərlənmə. Gözlərimizin önündə və vəhyimiz üzrə gəmini düzəlt. Zalım olanlardan ötrü Mənə müraciət etmə. Şübhəsiz ki, onlar (suda) batırılacaqlar". (Nuh) gəmini düzəldir, qövmünün zadəganları isə hər dəfə yanından keçdikcə onu ələ salırdılar. O isə deyirdi: "Əgər siz bizi ələ salırsınızsa, biz də sizi, siz bizi ələ saldığınız kimi ələ salacağıq. Siz rüsvayedici əzabın kimə gələcəyini və daimi əzabın kimə üz verəcəyini mütləq biləcəksiniz".(Hud surəsi, 36-39)

Sonda Allah`ın Nuh peyğəmbərə (ə.s) vədi yerinə yetmiş, Nuh qövmü alçaldıcı əzabla həlak edilmişdir. Bu insanlar dünyada olarkən Allah`ın gücünü qavraya bilməmişlər. Ağılsız olduqlarından Allah`ın əzabını uzaq görmüş və dünyada əldə etdikləri mal və güclə bu əzabdan xilas ola biləcəklərini zənn etmişlər. Bundan ötrü Allah`ın əmrini yerinə yetirən möminlərə lağ etmişlər. Lakin lağ etdikləri şey özlərinə geri dönmüş və inkarçılar etdiklərinin qarşılığını hələ dünyada olarkən almışdılar. Bir də özlərini gözləyən axirət əzabı vardır ki, Allah axirətdəki əzabın dünyadakı ilə müqayisə edilməyəcək qədər şiddətli olduğunu Quranda bir neçə dəfə xəbər vermişdir. Bu da onu göstərir ki, iman edənlərə lağ edənlər etdiklərinin cəzasını mütləq çəkirlər.

Möcüzə istəyərək çətinlik yaratmaları

İnkar edənlərin elçilərə qarşı rəftarlarından biri də onlardan möcüzə göstərmələrini istəmələridir. İstəklərinin reallaşmasının qeyri-mümkün olduğunu düşündükləri üçün bu yolla elçiləri çətin vəziyyətə sala biləcəklərini güman edirlər. Elçilərin bu tələbləri yerinə yetirə bilməyərək xalqın gözündə alçalacaqlarını zənn edirlər. Bu mövzu ilə əlaqədar Quranda keçən ayələrdən bəziləri belədir:

Onlar dedilər: "Sən yalnız və yalnız sehrlənmişlərdənsən.
Sən də bizim kimi ancaq bir insansan.
Biz səni yalançılardan hesab edirik.
Əgər doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir".
(Şüeyb) dedi: "Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir".
Onlar isə onu yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı.
Həqiqətən, o, böyük bir günün əzabı idi. (Şüəra surəsi, 185-189)

Kafir olanlar deyirlər: "Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?" De: "Şübhəsiz ki, Allah istədiyini sapdırır. (Tövbə edib Ona) üz tutan kimsəni isə doğru yola yönəldir". (Rəd surəsi, 27)

Əslində, bu istəklərinin əsl səbəbi Allah`ın seçdiyi insanı bəyənməyən, özlərini üstün görən yanlış düşüncəyə sahib olmalarıdır. İnkarçılar ayələrdə xəbər verildiyi kimi, özlərini peyğəmbərdən daha üstün görmüş, ona istehzalı tələblər irəli sürmüşlər:

Onlar dedilər: "Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca, yaxud iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca və ya Allah`ı və mələkləri qarşımıza gətirməyincə, yaxud qızıldan bir evin olmayınca və ya göyə qalxmayınca (biz sənə inanmayacağıq). Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq". De: "Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi (göndərilmiş) bir insanam". İnsanlara doğru yolu göstərən rəhbər gəldiyi zaman onların iman gətirməsinə ancaq: "Allah bir insanımı elçi göndərdi?"– demələri mane oldu. (İsra surəsi, 90-94)

Belə tələblər və lağlağı hərəkətlər keçmişdə yaşamış və bundan sonra da yaşayacaq bütün inkarçıların ortaq xüsusiyyətləridir. Bunlar Allah`ın Quranda xəbər verdiyi hadisələrdir. Hər dövrdə Allah`ın elçilərinə və dindar insanlara qarşı bu cür mübarizə üsullarından istifadə edilmişdir. Ancaq inkar edənlərin bu səyi heç bir zaman nəticə verməmişdir. Qarşıdakı hissələrdə görəcəyimiz kimi, Allah həmişə inkarçıların planlarını və onları gözlənilməz əzablarla cəzalandırmışdır:

Əgər onlara gələcək əzabı müəyyən vaxtadək gecikdirsək: "Onu saxlayan nədir?"– deyəcəklər. Xəbəriniz olsun ki, (əzab) onlara gəldiyi gün onu heç nə onlardan dəf edə bilməyəcək və istehza etdikləri (o əzab) onları bürüyəcəkdir. (Hud surəsi, 8)

Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Əgər artıq müəyyən etdiyimiz bir vaxt olmasaydı, əzab onlara gələrdi. O (əzab) onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir. Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Şübhəsiz ki, cəhənnəm kafirləri bürüyəcəkdir. O gün əzab onları başlarının üstündən və ayaqlarının altından əhatə edəcəkdir. (Allah) deyəcəkdir: "Etdiyiniz əməllərin (cəzasını) dadın!" (Ənkəbut surəsi, 53-55)

Onlar: "Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?"– deyirlər. De: "Ola bilsin ki, tələsik istədiyiniz şeyin bir qismi, artıq sizə yaxınlaşmışdır". (Nəml surəsi, 71-72)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Lağ etməyin qaynağı qürurdur
  • Cahiliyyə cəmiyyətində məsxərəçilik
  • İnkarçılar dinə də lağ edirlər
  • İnkar edənlər əbəs yerə möminlərə istehza edirlər
  • İnkarçılar ilk öncə peyğəmbərləri hədəf alırlar
  • İnkar edənlərin istehzalarına səbir etmək möminlər üçün şərəfdir
  • Allah inkar edənləri dünyada alçaldır
  • Məsxərəçiliyin sonu ilə əlaqədar Qurandan nümunələr
  • İnkar edənlərin qəflətdə olduqları böyük həqiqət
  • Maddənin ardındakı sirr mövzusu vəhdəti-vücud deyil
  • Maddənin ardındakı sirr
  • Məsxərəçi insanların axirətdə görəcəkləri qarşılıq
  • Nəticə
  • Təkamül yalanı