Əvvəlki hissələrdə ifadə etdiyimiz kimi, inkar edənlər Allah`a təslim olmadıqları üçün vicdanları həmişə narahatdır. Buna görə də Allah`ın dinini yaşayan möminlərə qarşı kinayəli rəftar göstərərlər. Özlərinin səhv yolda, möminlərin isə doğru yolda olduqlarını bilmələri möminlərə qarşı kin bəsləmələrinə səbəb olur. Bir ayədə bu insanların möminlərə qarşı kinli olmaları belə izah edilir:
... Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından bəllidir. Kökslərində gizlətdikləri isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik. (Ali-İmran surəsi, 118)
İnkar edənlərin möminlərə bu qədər kin bəsləmələrinin səbəblərindən biri onların Allah`a iman etməsidir. Tarix boyu Allah`ın əmrlərini yerinə yetirən, Allah`ın göndərdiyi kitablara və elçilərə itaət edən möminlər inkar edənləri qıcıqlandırmışdır. Yer üzündə inanan insanlar var olduqları müddətcə inkar edənlər bu narahatlığı yaşayacaq və bu qəzəbi daşıyacaqlar.
İnkar edənlər Allah`ın varlığını və üstünlüyünü görməzlikdən gəlmək istəyirlər. Yuxarıda da ifadə etdiyimiz kimi, əgər hər şeyin yaradıcısının Allah olduğunu, hər hadisənin Onun idarəsində reallaşdığını qəbul etsələr, Allah`a itaət etmələrinin lazım olduğunu görəcəklər. Bu həqiqətləri görməzlikdən gəlməyə çalışarkən möminlərin varlığı bütün səylərini boşa çıxarar. Möminlər inkar edənlərə və içində olduqları cəmiyyətə Allah`ın hər şeyin yaradıcısı olduğunu, bütün gücün Allah`a aid olduğunu, dünyadakı həyatın keçici, ölümün isə açıq-aşkar və qaçılmaz bir həqiqət olduğunu, qısacası inkarçıların unutmağa çalışdığı bütün həqiqətləri xatırladarlar. Buna görə, inkarçılar yer üzündə iman edən tək bir insanın belə qalmasını istəməzlər. Elə buna görə də iman edənlərə qarşı düşmən mövqeyi tutarlar.
Əlbəttə, öz ağıllarına görə bu düşmənliyi ifadə etməyin ən asan yollarından biri möminlərə dəyər vermədiklərini göstərməkdir. Halbuki, möminlərin onların dəyərlərinə heç bir şəkildə ehtiyacları yoxdur. Bunu da onlara qarşı kinayəli hərəkətlərlə hiss etdirməyə çalışarlar. Möminlərin iman etməsinə istehza etmək inkarçıların ən çox etdiyi əxlaqsızlıqdır. Quranda bunun bir çox nümunəsindən bəhs edilmişdir:
Onlara: (Bu) insanlar iman gətirdiyi kimi siz də iman gətirin!"– deyildiyi zaman: "Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?"– deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bilmirlər. Onlar möminlərlə rastlaşdıqda: "Biz iman gətirdik!"– deyirlər, öz şeytanları ilə təklikdə qaldıqda isə: "Biz sizinləyik. Biz (möminlərə) ancaq istehza edirik!"– deyirlər. (Bəqərə surəsi, 13-14)
Ayələrdən göründüyü kimi, inkarçılar danışıqlarında möminlərə aşağı baxdıqlarını ifadə edərlər. Bununla möminlərin şövqünü qırıb gücünü azaldacaqlarını zənn edirlər. Ancaq başqa mövzularda olduğu kimi, burda da yanılırlar. Çünki Allah`a iman edən bir insan şövqsüz və ümidsiz olmaz. Əksinə, iman edənlərə belə əxlaqsız hərəkətlərə məruz qalmaq böyük şərəfdir və bunlar möminləri daha da şövqləndirən hadisələrdir. Çünki Allah Quranda tarix boyu bütün müsəlmanlara qarşı bu cür münasibətlərin olduğunu xəbər vermişdir. Bunun qarşılığında inananlar da hər dövrdə bu hərəkətlərə səbir göstərdiklərində axirətdə bunun gözəl qarşılığını alacaqlarını bilməyin şövq və sevincini yaşamışlar.
Tarix boyu inkarçıları qıcıqlandıran mövzulardan biri də möminlərin Allah`ın göndərdiyi elçiyə itaəti olmuşdur. Möminlər, "Biz hər bir elçini, Allah`ın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik..."(Nisa Surəsi, 64) ayəsinin tələbi olaraq, Allah`ın elçilərinə və Onun yolunda mübarizə aparan saleh müsəlmanlara böyük hörmət göstərmişlər. "Ey iman gətirənlər! Allah`a və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə..." (Nisa surəsi, 59) ayəsinə uyğun olaraq itaət mövzusunda bir-birləri ilə yarışmış və bu mövzuda qəti şəkildə zəiflik göstərməmişlər:
Bunlar Allah`ın hüdudlarıdır. Kim Allah`a və Onun Elçisinə itaət edərsə, (Allah) onu altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur. Kim Allah`a və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, (Allah) onu içində əbədi qalacağı (cəhənnəm) oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır. (Nisa Surəsi, 13-14)
Bunun ən əhəmiyyətli nümunələrindən biri də peyğəmbərimiz (s.ə.v) dövründə müsəlman qadınların örtünmə ayələrinin enməsi ilə birlikdə göstərdikləri itaətdir. Allah Quranda örtünmənin mömin qadınları digərlərindən ayıran əhəmiyyətli bir xüsusiyyət olduğunu xəbər vermişdir:
Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir. (Əhzab Surəsi, 59)
"Nur" surəsindəki örtünmə ilə bağlı ayələr hicrətdən sonrakı dövrdə endirilmişdir:
"Şeybə qızı Səfıyə deyir ki: Biz hz. Aişənin yanında olarkən bir neçə xanım qureyşli qadınların vəziyyətindən və fəzilətlərindən danışmışdılar. Bundan sonra hz. Aişə buyurdu ki: "Şübhəsiz ki, qureyşli qadınların üstünlüyü var. Amma Allah`a and içirəm ki, mən ənsarın qadınlarından daha çox Allah`ın kitabını təsdiq edən və Qurana inanan fəzilətli şəxslər görmədim. "Nur" surəsindəki "baş örtülərini yaxalarının üzərlərinə qoysunlar" ayəsi nazil olanda ərləri onların yanlarına getdilər və özlərinə Allah`ın bu mövzuda nazil etdiyi ayəni oxudular. Hər kəs arvadına, qızına, bacısına və yaxınlarına bu ayəni oxuyurdu. İçlərindən baş örtüyünü yaxalarının üzərinə qoymayan olmadı. Allah`ın endirdiyi kitabdakı hökmə inandıqlarından və təsdiq etdiklərindən örtülərinə büründülər..." (İbni Kəsr, Hədislərlə Qurani-kərim Təfsiri, 11-ci cild, s. 5880)
Peyğəmbərimiz (s.ə.v) dövründə mömin qadınlar Allah`ın təsəttür mövzusundakı əmrini böyük şövq və istəklə qarşılamış, dərhal itaət etmişlər.
Müsəlmanların bu sarsılmaz itaəti inkar edənləri hər dövrdə çox narahat etmişdir. Çünki onlar daim ən etibarlı, ən çox sözü küçən şəxslərin özləri olmasını istəmişlər. Bu səbəbdən, möminlərin Allah`ın seçdiyi insana itaət etməsi və bu mövzuda heç bir güzəştə getməməsi onların möminlərə düşmən olmasının səbəblərindən biri olmuşdur. Buna görə, möminlərə və onların itaət etdikləri elçilərə istehza dolu sözlərlə atmacalar atmışlar:
Onlar dedilər: "Sənə ən rəzil adamlar tabe olduğu halda, biz sənə inanarıqmı?" (Şüəra Surəsi, 111)
Onun qövmünün kafir zadəganları dedilər: "Biz sənin özümüz kimi sadəcə bir insan hesab edir və içimizdən ancaq düşüncəsiz olan ən rəzil adamların sənə qoşulduğunu görürük. Həmçinin sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik". (Hud Surəsi, 27)
Ayələrdə də bildirildiyi kimi, inkar edənlərin ən böyük istəklərindən biri özlərinin ən üstün olmalarıdır. Ancaq onlar özlərini böyük görməklə ağılsızlıq edərlər və ən əhəmiyyətlisi isə qısa dünya həyatındakı mövqe, pul, mal və etibarı sonsuz axirət həyatına dəyişərlər. Bu da onların ağılsızlığının ən böyük dəlillərindən biridir.