Bu kitab İslam dinini yeni tanıyan insanlar üçün yazılmışdır. Əlbəttə, hər insanın İslam haqqında müxtəlif məlumatları və qənaətləri vardır. Amma bunlar əksərən əksik ya da yanlış mənbələrdən gəlir. Bir çox insan yalnız ailəsindən və ya yoldaşlarından eşitdiyi, mediadan təqib etdiyi və ya müxtəlif kitablardan oxuduğu qədəriylə İslamı tanıyar, Quranın hökmlərindən xəbərdar olar. Halbuki, İslamı tanımaq üçün müraciət edilməli olan ən yaxşı yol, İslamın qaynağı və təməli olan Quranı tanımaq, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini öyrənmək və İslam ilə əlaqədar bütün məlumatları Qurandan və hədis-i şəriflərdən almaqdır.
Quran, Allahın insanlara yol göstərici olaraq endirdiyi son İlahi kitabdır. Qurandan əvvəl də Tövrat və İncil kimi İlahi kitablar endirilmiş, amma insanlar bu kitabları təhrif etmiş, Allahın sözlərinə insan sözləri qarışdırmışlar. Quran isə yalnız və yalnız Allahın sözlərindən ibarətdir. Allah Öz sözlərini ya bir mələk olan Cəbrayıl vasitəsiylə, ya da birbaşa ürəyinə vəhy surətiylə İslam peyğəmbəri hz. Məhəmməd (s.ə.v)-ə endirmişdir. Quranın içində Peyğəmbərimiz (s.ə.v)-ə Allahın vəhyi var. Qurandakı fərqli ayələr fərqli zamanlarda vəhy olunmuş və Quran 23 il ərzində tamamlanmışdır.
Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) özünə vəhy yoluyla gələn ayələri digər insanlara çatdırarkən, ətrafındakı müsəlmanlar bu ayələri əzbərləmiş və yazılı hala gətirmişlər. Daha sonra bu yazılı olan mətnlər toplanmış və surətləri köçürülərək çoxaldılmışdır. Hal-hazırda olan Quranların hamısı eynidir. Heç bir fərqlilik, ya da ziddiyyət yoxdur. (Hal-hazırda 3-cü xəlifə hz. Osmana aid olan Quran, İstanbulun Topqapı muzeyindədir.) Həmçinin, Quranın öz içində də heç bir ziddiyyət yoxdur və bu xüsus Quranın Allah qatından gəldiyinin bir dəlili olaraq bir Quran ayəsində belə bildirilir:
Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar. (Nisa surəsi, 82)
Quran insanları doğru yola aparan bir rəhbərdir. Allah Qatından insanları zülmətdən nura çıxarmaq üçün göndərilmişdir. Bütün canlıları və insanları yaradan Uca Rəbbimiz Öz qullarına həqiqi və doğru yolu Quran ilə göstərir. Qurandakı bir ayədə Allah, "Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstəricisi və mərhəmət gəlmişdir. " (Yunis surəsi, 57) buyurur.
Burada unudulmamalı olan əhəmiyyətli bir nöqtə vardır. Quran, ancaq sünnənin köməyiylə ümmət tərəfindən tam olaraq başa düşülüb həyata keçirilə bilər. Sünnə isə, Rəsulullah (s.ə.v)-in səhih hədislərinin toplanması və sonra da böyük alimlər tərəfindən şərh edilməsi ilə formalaşan Əhli-Sünnə etiqadıdır.
Sünnə; Quranın, son peyğəmbər, aləmlərə rəhmət, böyük əxlaq sahibi, möminləri çox sevən, onların çətinliyə düşməsini istəməyən, iman edənlərin ağır yüklərini, üzərlərindəki təəssüb zəncirlərini yox edən, Allahın elçisi peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) tərəfindən şərh olunaraq həyata keçirilməsidir.
Mömin, Rəsulullah (s.ə.v)-in sünnəsinə baxar və tətbiqləri ondan öyrənər. Peyğəmbərimiz (s.ə.v)-in bütün həyatında, bütün təfərrüatları hər incəliyi ilə düşünən bir ciddilik, məsuliyyət və həssaslıq görünür. Bu vəziyyət, Rəsulullah (s.ə.v)-in ümmətinə Quran ilə yanaşı, həmçinin "hikmət" i öyrətməyin nəticəsidir.
Peyğəmbərimiz (s.ə.v) belə buyurmuşdur:
Şübhəsiz ki, ən gözəl söz Allahın kitabıdır. Ən gözəl yol da Məhəmməd (əleyhissalatu vəssalam)-ın yoludur. İşlərin ən pisi də dinə zidd olaraq sonradan çıxarılandır. (3. Buhârî, I'tisam 2, Edeb70)
Quranda ən çox bildirilən həqiqətlər; Allahın varlığı, birliyi, yaradılışın dəlilləri və axirət həyatıdır. Allah insanları Quranın bir çox ayəsində Öz yaratdığı varlıqlardakı hikmətləri, dünya həyatının keçiciliyini və axirət həyatını düşünməyə dəvət edir. Bununla yanaşı, Quranda keçmiş peyğəmbərlərin həyatlarından hekayələr izah edilir, onların səmimi imanları, Uca Rəbbimiz Allaha olan bağlılıqları və din əxlaqını yaymaqda göstərdikləri möhkəmlik izah edilir. Qurandakı bəzi ayələrdə də insanların gündəlik həyatında göstərmələri lazım olan nümunəvi əxlaq xüsusiyyətləri bildirilir.
Bu kitabda Allahın bizlərə Quranda öyrətdiyi və Peyğəmbərimiz (s.ə.v)-in xəbər verdiyi məlumatlara əsaslanaraq, Allahı, Onun sifətlərini, bu dünya üzərindəki həyatımızın məqsədini, bu məqsədə çatmaq üçün etməli olduqlarımızı, bizi gözləyən ölümün və ölüm sonrası həyatın həqiqi xüsusiyyətlərini izah edəcəyik.
Bu məlumatları diqqətlə oxuyun və üzərində düşünün. Çünki bu məlumatlar, sizə Yaradıcımız olan Allahı tanıdır və sonsuz xoşbəxtlik və qurtuluşun yolunu göstərir.