Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.
(Ali İmran surəsi, 103)
İnsanlar, dostlarını və yoldaşlarını öz xarakterlərinə bənzər, həyat anlayışlarına uyğun, ortaq nöqtələrinin çox olduğu və razılaşa biləcəyi insanlardan seçərlər. Bunun təbii bir nəticəsi olaraq, müəyyən anlayışları paylaşan insanların bir-birləriylə qaynaşdıqlarını görərik. Namuslu, dürüst insanlar, yenə özləri kimi namuslu, dürüst insanlarla yoldaşlıq edər; pislərlə dostluq qurmazlar. Əxlaqsız, cinayətə meyilli kəslər də, namuslularla deyil, özləri kimilərlə əlaqə qurarlar. Möminlər isə, Uca Rəbbimiz Allahın istəyi üzərinə, yaradılışına da uyğun olaraq bir-birləriylə həmişə birlikdə olmalıdır. Necə ki, bu, Allahın Quranda əmr etdiyi bir ibadətdir. Allah möminlərə, yenə möminlərlə birlikdə olmalarını və qəflət içindəki insanlara uymamalarını belə əmr edir:
Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!. (Kəhf surəsi, 28)
Möminlər dünya üzərində yalnız Allahın razılığını güdən tək insan qrupudur. Allahın məmnun olacağı gözəl əxlaqı yalnız onlar yaşayarlar. Bu əxlaq da tək başına yaşana bilməz; bunun gündəlik həyata keçirilib tətbiq edildiyi mühit və insanlar lazımdır. Allah, məmnun olacağı rəftar olaraq bizdən ədalətli olmağı, şəfqətli və mərhəmətli davranmağı, fədakarlıq etməyi, yaxşılığı tövsiyə etməyimizi və bunlar kimi onlarla gözəl əxlaq xüsusiyyətini göstərməyimizi istəyər. Bunlar isə, birlikdə olub tətbiq ediləcək insanlar olmazsa, yaşana bilməz. Bir başqa sözlə, şəfqətli və fədakar bir insan ola bilmək üçün, insanın ətrafında bunu tətbiq edənlər olmalıdır, həm də bu gözəl rəftarlardan anlayacaq və buna layiq olan kimsələr. Bunlar ancaq möminlər ola bilər.
Heç bir səmimi mömin, özü kimi olmayan, yəni Allahın ölçüləriylə hərəkət etməyən, Quran əxlaqını mənimsəməmiş, bu səbəbdən ətrafındakıların da özü kimi qafil olmasını istəyən, hətta bunun üçün səy göstərən kəslərlə dost olmaq istəməz, həyatını onlarla birlikdə keçirməz. Üstəlik, inanclarına hörmət etməyən, möminləri yalnız Allaha inanmaları və din əxlaqını yaşamalarına görə qınayan, cəmiyyətdən qoparmaq istəyən və düşmən kimi davrananlara qarşı sevgi hissləri də bəsləməz:
Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn həqiqəti inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib sirrinizi açıb deyirsiniz. Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi yurdunuzdan qovub çıxardırlar. Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa, onlara gizlində mehribanlıq göstərirsiniz. Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də bilirəm. Sizlərdən kim bunu etsə, doğru yoldan sapmış olar.Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsilər, əlləri və dilləri ilə sizə pislik edər və sizin kafir olmanızı istəyərlər. (Mumtəhənə surəsi, 1-2)
Allah belə insanlara sevgi bəsləməməyi, onlarla dost olmamağı və doğru olanlarla, yəni möminlərlə birlikdə olmalı olduqlarını bildirir:
Ey iman gətirənlər! Allahdan qorxun və doğrularla birlikdə olun. (Tövbə surəsi, 119)
Əlbəttə mömin, inkarçılar da daxil olmaqla hər kəsə dostcasına və mülayim bir üslubla yaxınlaşacaq, hər insana ədalətli bir şəkildə davranacaq. Ancaq inkar edən insanlara səmimi və ədalətli davranmaqla onlarla həqiqi mənada dost olmaq çox fərqlidir. Mömin, ancaq özü kimi mömin olanlarla həqiqi mənada dost olar. Bu, Allahın bir hökmüdür:
Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar Allaha boyun əyərək namaz qılır və zəkat verirlər. (Maidə surəsi, 55)