Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur.
(Rum surəsi, 30)
Allah, yaratdığı insanın quruluşunu əlbəttə ki, ən yaxşı biləndir. Bu səbəbdən, insanların nəyə ehtiyacları olduğunu və bunları necə təmin edəcəyini ən yaxşı O bilir. İnsanın fiziki quruluşunu qorumaqda psixoloji olaraq necə sağlam olacağına və ictimai həyatın ən xoşbəxt və hüzurlu şəklinə qədər ən gözəl sistemi Allah müəyyən edir. Məsələn, insan yaradılışına uyğun olaraq mərhəmətdən, sevgidən, şəfqətdən və gözəl əxlaqın hər şəklindən xoşlanar. Özünə həmişə bu şəkildə davranılmasını gözləyər. Zülmdən, əxlaqsızlıqdan və pisliyin hər cür növündən nifrət edər və qaçar. Belə hiss etməsi, Allahın diləməsi ilədir. Allah, insanın fitrətini, vicdanını bu şəkildə yaratdığı üçün insan, gözəllikdən xoşlanıb pislikdən uzaq durar. Allahın Quranda əmr etdiyi təməl əxlaq xüsusiyyətləri; mərhəmətli, şəfqətli, ədalətli, etibarlı, dürüst, təvazökar bir insan olmaq və zülmdən, haqsızlıqdan, pislikdən çəkinməkdir. Digər bir ifadə ilə, Allahın göndərdiyi İslam dininin insandan istədikləriylə, insanların təbii olaraq yaşamaq istədikləri, açar və onun açdığı qıfıl kimi, bir-birinə tam bir uyğunluq içindədir. Allah bu həqiqəti Quranda belə xəbər verir:
Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir. (Rum surəsi, 30)
İnsanlar, Allahın endirdiyi ayələri tətbiq etmədikləri müddətcə özlərinə zülm etmiş olarlar. Çünki yaradılışına uyğun olan davranışı, əxlaqı göstərməyərək öz quruluşlarına əks düşən bir əxlaq sərgiləyərlər; bu da həm vicdani olaraq narahat olmaları, həm də başqa insanları narahat etmələri ilə nəticələnər və ayədə bildirildiyi kimi öz-özlərinə zülm etmiş olarlar:
Şübhəsiz ki, Allah, insanlara heç bir şeylə zülm etməz. Ancaq insanlar, öz nəfslərinə zülm edirlər. (Yunis surəsi, 44)
Unudulmamalıdır ki, İslam əxlaqı ancaq səmimi olaraq içdən gələn bir istəklə, könüldən yaşana bilər və Allah belə bir imanı məqbul görəcəyini bildirir. Zorla yaşadılan din əxlaqı Allah qatında keçərli olmadığı kimi, Quranda münafiq olaraq adlandırılan ikiüzlü insanların çoxalmasına səbəb olur. Bu da, cəmiyyətə zərərli olacaq bir quruluşun meydana gəlməsi deməkdir. Allah, din adına insanların məcbur edilməmələrini əmr etmişdir:
Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. (Bəqərə surəsi, 256)
Bu səbəbdən, İslam dini heç bir sahədə insanların üzərində təzyiq meydana gətirmədiyi kimi, insanlara əsil fikir və vicdan azadlığını qazandırar. Quran əxlaqının gərəyi olan gözəl əxlaqı yaşayan insan, heç bir şəkildə məhdudiyyətlərlə üzləşməz. Ağılla və ürəkdən inancları istiqamətində yaşadığı üçün hər zaman hüzurlu, rahat və xoşbəxt olar.
Din əxlaqını yaşamayan insanlar isə, möminlərin azadlığına sahib ola bilməzlər. Çünki, cəmiyyətə kök salmış bir çox batil qayda və inanc vardır. Dinin dəyərləri ilə yaşamayan cəmiyyətlər, öz-özlərinə çox sayda yanlış dəyər və ölçü qoyar, qadağalar meydana gətirər və Allahın verdiyi azadlıqları öz əlləriylə məhdudlaşdırarlar. Məhz din əxlaqından uzaq olan insanlar, həm cəmiyyətin cahil qaydaları, həm ətrafdakı insanların sanksiyaları, həm də öz-özlərinə qoyduqları lazımsız prinsiplər səbəbiylə mənəvi azadlıqdan məhrum olarlar.
İnsanı ətrafındakı cəmiyyətdən daha da böyük bir təzyiq altına salan güc isə, nəfsindəki eqoist ehtiraslardır. Bu eqoist ehtiraslar insana həmişə narahatlıq verər. Daimi etibarsızlıq və gələcək qorxusu aşılayar. İnsan nəfsindəki bu mənfi güc səbəbiylə sonu gəlməyən bir ehtiras içində boğuşar. Nəfsi, ona daima daha çox mal yığmasını, daha çox pul qazanmasını, özünü insanlara bəyəndirmək üçün daha çox cəhd etməsini əmr edər. Halbuki, bu ehtirasların təmin edilməsi mümkün deyil. Zəngin olmaq böyük bir ehtirasdır, ancaq bu təmin edildiyində yeni ehtiraslar gələcəkdir. Qısacası, dünyaya istiqamətli yaşanan bütün ehtiraslar, sonsuz bir dövr içindədir. Məhz insan bu cahil sistemdən ancaq Allaha iman edib həyatını Ona təslim etməklə xilas olar. Allah bu mövzuda Quranda belə buyurur:
"... Kim nəfsinin xəsisliyindən və eqoist ehtiraslarından qorunubsa, məhz onlar, nicat tapanlardır". (Həşr surəsi, 9)
İnsan bu ehtirasların əsiri olmaqdan xilas olaraq azadlıq tapar. Artıq onun həyatının məqsədi, bəhs edilən, sonu gəlməz ehtirasları təmin etmək deyil. Həyatının məqsədi, yalnız Allahın razılığını qazanmaqdır ki, insan onsuz da bunun üçün yaradılmışdır.
Həqiqi azadlıq budur; Allaha qul olmaq və beləcə Allahdan başqa hər şeydən azadlaşmaq. Bu səbəblədir ki, İmranın arvadı, Quranda bildirilən bu duanı etmişdir:
"...Ey Rəbbim! Mən bətnimdəkini Sənə qul olmaq üçün nəzir etdim. Məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən”. (Ali İmran surəsi, 35)
Eyni səbəbdən, hz. İbrahim (ə.s), ayədə bildirildiyi kimi, atasına belə demişdir:
"...Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? (Məryəm surəsi, 42)
Allahın insanlara elçi olaraq göndərdiyi rəsullar, tarix boyunca insanları nəfslərindəki ehtiraslara, ya da başqa insanlara qul olmaqdan xilas olmağa və yalnız Allaha qul olmağa dəvət etmişlər. İnsanlar, yaradılış məqsədlərinə zidd olan bu azğınlıqlardan xilas olduqları zaman nicat taparlar. Məhz bu səbəblədir ki, Quranda Rəsul, möminlərin "ağır yüklərini yüngülləşdirən və onları buxovlardan xilas edən" adam olaraq təsvir edilir:
O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”. (Əraf surəsi, 157)
İslamın insan fitrətinə uyğun olmasının bir başqa səbəbi, asan olmasıdır. Allah, insanın yaradılışına uyğun olaraq endirdiyi dini, eyni zamanda yaşanılmasını asan etmişdir. Bu həqiqət müxtəlif ayələrdə bu cür xəbər verilir:
Allah sizin üçün şəriət hökmlərini yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır. (Nisa surəsi, 28)
... Allah, sizə asanlıq diləyər, çətinlik diləməz ... (Bəqərə surəsi, 185)
İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir. Biz ona əmrimizdən asan olanı buyuracağıq”. (Kəhf surəsi, 88)
Allah onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı. Sonra da onun yolunu asanlaşdırdı. (Əbəsə surəsi, 19-20)
Bu asanlıq, ibadətlər üçün də keçərlidir. Allah, Ramazan ayında tutulması fərz qılınan oruc ibadəti ilə əlaqədar bir ayədə belə buyurur:
İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz. (Bəqərə surəsi, 185)
İslam, insanın yaradılışına tamamilə uyğun bir dindir. Çünki İslamı seçib din edən, insanı da yaradan Allahdır. Allah, yaratdığı qullarına çətinlik deyil, asanlıq diləmiş, onların ehtiyac və istəklərinə ən uyğun əxlaq və həyat modelini din etmişdir. Rəbbimiz, bir ayədə belə buyurur:
... Bu gün kafirlər sizi dininizdən döndərməkdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim... (Maidə surəsi, 3)