Uca Quran, Allah Qatından insanları zülmətdən nura çıxarmaq üçün göndərilmişdir. Bütün canlıları və insanları yaradan Uca Rəbbimiz, Öz qullarına həqiqi və doğru yolu Quranla göstərir. Allah Quranda, "Ey insanlar, Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa və möminlər üçün hidayət və mərhəmət gəlmişdir" (Yunis surəsi, 57) buyurur.
Allah, insanları Quranın bir çox ayəsində, Öz yaratdığı varlıqlardakı hikmətləri, dünya həyatının keçiciliyini və axirət həyatını düşünməyə dəvət edir. Bununla yanaşı, Quranda, keçmiş peyğəmbərlərin həyatlarından hissələr bəhs edilir, onların səmimi imanları, Allaha olan bağlılıqları və din əxlaqını yaymaqda göstərdikləri dayanıqlılıq açıqlanır. Qurandakı bəzi ayələrdə də insanların gündəlik həyat içində göstərmələri lazım olan nümunəvi əxlaq xüsusiyyətləri bildirilir.
Bu kitabda, Uca Allahın bizlərə Quranda öyrətdiyi məlumatlara əsaslanaraq, Allahı, Onun sifətlərini, bu dünya üzərindəki həyatımızın məqsədini, bu məqsədə çatmaq üçün etməli olduqlarımızı, bizi gözləyən ölümün və ölüm sonrası həyatın əsil xüsusiyyətlərini izah edəcəyik.
Bu məlumatları diqqətlə oxuyun və üzərində düşünün. Çünki bu məlumatlar, sizə Yaradıcımız olan Uca Allahı tanıdır və sonsuz xoşbəxtlik və qurtuluşun yolunu göstərir.