İnsanları Allahın dininə dəvət etmək üçün göndərilən elçilər Rəbbimizin onlara bəxş etdiyi bu şərəfli məsuliyyəti yerinə yetirərkən müxtəlif çətinliklərlə qarşılaşmışdılar. İnkarçılar onların Allahın dinini təbliğ etməsinə mane olmaq istəmiş, insanların elçilərin ardınca getməsinə cürbəcür hiylələr, böhtanlar və təzyiqlərlə əngəl ola biləcəklərini zənn etmişdilər. Allah yolunda mübarizə aparan bütün elçilərin başına gələnlər Hz.İsanın da başına gəlmiş, o, həm bütpərəst Roma iqtidarının, həm də mövhumatçı din adamlarının cürbəcür hücumlarına məruz qalmışdı. Hz.İsa gerçək dinin düşməni olan bu iki cərəyanla eyni anda mübarizə aparmış, bu mübarizə zamanı isə yanında çox az sayda Allaha iman gətirən insan olmuşdu.
Hz.İsanın möcüzəvi şəkildə anadan olması, haqq dini izah etməsi, həyatı boyu göstərdiyi möcüzələr onun qısa müddət ərzində o zamankı xalq tərəfindən gözlənilən Məsih kimi tanınıb sevilməsinə gətirib çıxarmışdı. Ancaq xalqın bu güclü sevgisi və Hz.İsanın mövhumatçı din adamlarına yönəlik haqlı tənqidləri həmin insanların bu müqəddəs insana təzyiqlərinə və ona cürbəcür tələlər qurmasına səbəb olmuşdu. Onların Hz.İsanı öldürmək üçün hazırladığı bütün tələlər Allahın onu Öz dərgahına yüksəldib qoruması ilə nəticəsiz qalmışdır.
Hz.İsanın həyatını və mübarizəsini müfəssəl şəkildə tədqiq etməmişdən əvvəl mövzu ilə bağlı mənbələrin hansılar olmasını öyrənmək faydalı olardı.
"Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!”" |
Hz.İsanın həyatından bəhs edən müxtəlif mənbələr var. Əlbəttə, bu mənbələrin başında heç bir dəyişikliyə məruz qalmayan və heç bir ziddiyyəti olmayan Qur’ani-Kərim gəlir. Buna görə də tarix boyunca dəyişdirilmə ehtimalı olan digər mənbələrdəki məlumatların təsdiqindən ancaq Qur’anda xəbər verilən məlumatlara uyğun olduğu təqdirdə istifadə edilə bilər. Qur’anla ziddiyyət təşkil etməyən digər bəzi tarixi və arxeoloYi bilgilər üçün isə başda İncil olmaqla o zamanlardan qalma variantlardan istifadə ediləcək.
Hz.İsanın həyatı, təbliği və inkarçılarla apardığı mübarizə ilə bağlı müraciət edə biləcəyimiz başqa bir mənbə isə Peyğəmbərimiz Hz.Muhəmmədin (s.ə.v.) hədisləri və İslam alimlərinin açıqlamaları, təfsirləri və izahlarıdır.
Xristianların müqəddəs kitabı olan və Hz.İsa haqqında ən müfəssəl məlumatlar verən İncil bu məsələdə mühüm mənbələrdən biridir. Ancaq İncil Hz.İsadan sonra müxtəlif təhriflərə məruz qalıb və oriYinallığını itirib. Buna görə də İncilin içində Allahın vəhyinə söykənən doğru məlumatlar ola biləcəyi kimi tamamilə insanların yazdığı hissələr də var. Buna görə də İncilin Hz.İsanın həyatı, mübarizəsi və dini təbliğ etməsi ilə bağlı Qur’ana uyğun olan hissələri mühüm tarixi sənəd kimi qəbul edilə bilər.
İncillərin ən tez Hz.İsadan 30-40 il sonra yazıldığı ehtimal olunur. Ancaq əlimizdə bu İncillərdən heç biri yoxdur. Günümüzə gəlib çatan ən qədim İncil mətnləri III-IV əsrlərə aiddir. Xristianlığa bugünkü formasını verən Pavelin (Pavlusun) məktubları isə İncillərdən əvvəl (bizim eranın 52-63-cü illərində) yazılıb.
Bunlarla yanaşı Flavius, Filon, Tassit kimi antik dövr tarixçilərinin əsərlərində də kiçik bölümlərə rast gəlmək mümkündür. Bu tarixçilər həmçinin Hz.İsanın şəxsiyyəti ilə də bağlı olmasa hər halda onun yaşadığı dövrlə bağlı müfəssəl məlumatlar vermişlər.
Nəhayət, o dövrlə bağlı aparılan arxeoloYi qazıntılar və bu qazıntılar zamanı əldə edilən tapıntılar da Hz.İsanın yaşadığı dövrün və o dövrdə baş vermiş hadisələrin dərk edilməsi üçün mənbə kimi istifadə ediləcək.
Hz.İsanın yaşadığı dövrdə Ağ dəniz tamamilə Roma imperatorluğunun hakimiyyəti altında idi. İmperatorluq sərhədlərini böyük hərbi fəthlərlə o qədər genişləndirmişdi ki, Ağ dəniz imperatorluğun bir daxili gölünə çevrilmişdi. İmperatorluq hərbi sahədə olduğu kimi mədəniyyət sahəsində də ən güclü dövrlərindən birini yaşayırdı. Qədim yunan mədəniyyətini öz mirası kimi mənimsəmiş və onu yeniliklərlə daha da inkişaf etdirmişdi. Ellinizm adlanan bu cərəyan din də daxil olmaqla həyatın demək olar ki, bütün sahələrində hakim idi. Memarlıq və sənət çiçəklənmə dövrünü yaşayırdı. Romalılar özlərini başqa xalqlardan üstün sayır və öz həyat tərzlərini işğal etdikləri torpaqlarda yaşayanlara da qəbul etdirməyə çalışırdılar.
Romalıların dini Ağ dəniz ətrafında yaşayan bütün xalqlar kimi çoxtanrılı bir din idi. Yunan mifologiyasının xəyal məhsulu olan tanrılar müxtəlif adlarla Roma mifologiyasında da işlədilirdi. Romalılar ən böyüyü Yupiter adlandırılan və heykəlləri rəmzləşdirilən bir çox bütə sitayiş edirdilər. Bəzi Roma imperatorları isə özlərini də bu saxta tanrılar arasına daxil edən qanunlar çıxarmışdılar. Digər tərəfdən, Romanın hakim olduğu torpaqlarda yunan dini və bu inanca məxsus tanrılar da geniş yayılmışdı. Zevs, Hermes, Venus kimi yunan bütlərinin heykəlləri böyük şəhərlərin meydanlarını bəzəyirdi. Sitayiş edilən bütlər bunlarla məhdudlaşmırdı. Hər şəhərdə, hər məhəllədə, hətta hər evdə irili-xırdalı cürbəcür bütlər və onların rəmzi kimi qəbul edilən heykəllər, rəsmlər, xüsusi sitayiş və nəzir yerləri var idi. Romalı hökmdarlar bu çoxtanrılı dinlərdən öz hakimiyyətlərini genişləndirmək məsələsində bir vasitə olaraq istifadə edirdilər. Roma imperatorları onların hakimiyyətini təhdid etməyən dinlərə qarışmır, əksinə, bu inancları təşviq edir, hər tərəfdə məbədlər, heykəllər düzəltdirərək həmin bütpərəst inancların yayılmasına çalışırdılar. Din onlar üçün kütləyə sədaqət hissi aşılamağın və onları nəzarət altında saxlamağın bir yolu, bu dünya ilə, daha doğrusu, onların hakimiyyətinə heç bir zərəri olmayan bir sahə idi.
... adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və Allaha yaxınlaşdırılmışlardan olacaqdır." |
Romalılar başqa bir mədəniyyətlə qarşılaşanda həmin cəmiyyətdə öz saxta tanrılarının oxşarını axtarar və beləliklə də öz üstünlüklərini təmin edə biləcək bir əlaqə yaratmağa çalışardılar. Buna görə də romalılar xüsusilə də IV Antiyokus Epifanes dövründə bir olan Allaha iman gətirən yəhudilərə Zevs adlı baş tanrılarını qəbul etdirməyə çalışmış, amma bu vəziyyət onların arasında böyük mübarizəyə səbəb olmuşdu. Dindar yəhudilər müqəddəs torpaqları mənəvi baxımdan ləkələyən bu Roma bütlərinə etiraz etmiş və romalıların öz bütpərəst inanclarını yaymasına şiddətlə qarşı çıxiışdılar.
Romalılar yəhudilərin dininin özlərinin batil dinindən çox fərqli olduğunu və onların öz dininə olan bağlılığını gördükləri üçün yəhudilərin işlərinə, xüsusilə də dini məsələlərinə çox qarışmamaq qərarına gəldilər və Fələstinin hakimi olduqları dövr ərzində yəhudilərin dini inancının əsaslarını yerinə yetirməsinə icazə verdilər. Yəhudi xalqının dini mərkəzi sayılan məbəd əvvəllər olduğu kimi vəzifəli rahiblər tərəfindən idarə edilirdi. Roma iqtidarı yəhudi rahiblərdən təşkil edilən və ən böyük dini məhkəmə olan Sanhedrin təşkilatının fəaliyyətini davam etdirməsinə də icazə verdi.
Sanhedrin Romanın hakimiyyəti altında da bir yəhudini məhkum edə bilər və yəhudi şəriətində olan cəzaları tətbiq edə bilərdi. Romanın həmin bölgəyə təyin etdiyi idarəçilər xalq arasında ola biləcək üsyanlara qarşı sərt tədbirlər görür, vergi yığmaq məsələsində də heç bir güzəştə getmirdilər. Onların hakim dairələri ilə əməkdaşlıq edən yəhudi iqtidarına buna görə xoş münasibət göstərir, onlara qarşı yönələn üsyanları amansızlıqla cəzalandırırdılar.
Hz.İsa dövründəki kiçik yəhudi milləti qədim dünyanın bir-biri ilə davamlı şəkildə müharibə aparan Misir, Assuriya, Babilistan, Pers və Suriya kimi böyük imperatorluqlarının təhlükəli sərhədlərində yerləşirdi. Yəhudilər buna görə də müstəqil bir dövlət kimi uzun müddət tab gətirə bilməmiş, Babil sürgünündən (b.e.ə. 586-538) etibarən əcnəbi qüvvələrin hakimiyyəti altında qalmışdılar. Onlar ellinizm dövründə əvvəlcə misirlilərin, sonra suriyalıların və sonuncu dəfə də romalıların hakimiyyəti altında qaldılar. Sadəcə qısa bir dövr davam edən bir yəhudi krallığı qurulmuşdu. Onlar rahib əsilli bir ailə olan makabilərin başladığı üsyandan sonra (b.e.ə. 167-142) bir müddət hakimiyyət qurmağa nail olmuşdular. Təxminən 80 il davam edən bu hakimiyyətləri boyunca Haşmonay ailəsi geniş bir ərazidə hakim olmuşdu. Amma öz aralarındakı dəhşətli liderlik mübarizəsi nəticəsində bu hakimiyyət süqut etdi. Əvvəlcə rəqib partiyaların dəstəyini alan romalı general Pompey b.e.ə. 63-cü ildə Qüdsü işğal edərək Fələstinə daxil oldu və yəhudilərə məxsus olan torpaqları Yəhudiyyə (Yudea) bölgəsi ilə məhdudlaşdırdı.
Haşmonay kralı II Hirkanos isə romalıların vassalına çevrilərək məhdud sərbəstliyə malik oldu. Bu tarixdən etibarən yəhudi xalqının içində bu bütpərəst hakimiyyətə qarşı narazılıqlar başlandı. Romalılar b.e.ə. 37-ci ildə bu krallığa son qoydular. II Hirkanosun kürəkəni Herod romalılar tərəfindən Yəhudiyyə kralı təyin edildi.
Roma hakimiyyətinin Fələstindəki əsas məqsədi vergi yığmaq idi. Yəhudilərin üzərinə ağır vergilər qoyulmuşdu. Roma bu yolla özünə bağlı bir dövlət mexanizmi qurdu. Bu dövrdə romalıların zəifliklərini bilən, Sezarın öldürülməsindən sonra dəyişən qüvvələr nisbətindən öz mənfəətləri üçün istifadə etməyi bacara bilən və Ellin mədəniyyətinə heyranlığı ilə tanınan I Hirod (b.e.ə. 37-4) romalıların köməyi ilə "Yəhudilərin kralı" olmağa nail olmuş və dövlətin sərhədlərini yenidən Fələstinə qədər genişləndirmişdi. Hirod romalıların xoşuna gəlmək üçün Ellin mədəniyyətinin yayılmasına böyük səy göstərirdi. O bu mədəniyyətin təkcə sənət, memarlıq kimi yönlərini deyil, dünyəvi-maddiyyatçı xüsusiyyətinin də xalq içində yayılmasına çalışırdı. Bu dövrdə yəhudi xalqının dəstəyini ala bilmək üçün Hz.Süleyman məbədini yenidən inşa etdirən kral Hirod bütün ölkəni memarlıq abidələri ilə, heykəllərlə doldurdu. Bu fəaliyyəti nəticəsində ona "Böyük Hirod" (Nerod the Great) ləqəbi verilmişdi. Bütün bu nümayişkaranə işlərinə baxmayaraq dindar yəhudilər Hiroda nifrət edirdi. Çünki o, həm bütpərəst Roma ilə birlikdə iş görən, həm də xalqına zülm edən bir lider olmuşdu.
Hirod Romanın dəstəyi ilə ölkəsini b.e.ə. 37-ci ildən eramızın 4-cü ilinə qədər idarə etdi. Yəhudilər Hirodun ölümündən sonra romalılardan onun hakimiyyətini ləğv etməyi nə qədər istəsələr də romalılar ölkəni Hirodun oğlanları arasında bölüşdürdü. Onun oğlanlarından biri olan Hirod (Nerodes) Antipas romalılar tərəfindən Qaliley bölgəsinin idarəçisi təyin edildi. Tarixi mənbələrə görə, Hz.İsanın təbliği ən azı atası kimi qəddar olan Hirod Antipasın hakimiyyəti illərində gerçəkləşib. Bu bölgədə yaşanan siyasi və sosial həyat bu yöndən çox əhəmiyyət kəsb edir. Qaliley bölgəsinin sosial quruluşu burada yerləşən əcnəbi koloniyalar üzündən tamamilə dəyişmişdi. Bölgə yəhudiyyəlilər tərəfindən alçaldılmış kimi qəbul edilirdi. Bölgənin mədəniyyəti başda Antipasın saraydakı əyan-əşrəfi və yaxın ətrafı, böyük malikanələr və bəzi məhəllələr olmaqla əsasən Ellin mədəniyyətinin təsiri altında idi. Arami dilində danışan, öz halında yaşayan yəhudi xalqının dini ənənələri isə Ellin mədəniyyətindən kənarda qalmışdı.
Yuxarıda da qeyd etdiyimiz kimi, romalılar yəhudilərin dini işlərinə qarışmazdılar. Ancaq bəzi romalı valilər bu prinsipə uyğunlaşmamışdı. Xüsusilə də Hz.İsanın dövründəki vali Pontius Pilatus (b.e. 26-36) bu prinsipə riayət etməmiş, qəddarlığın və zülmün hakim olduğu bir idarə üsulu nümayiş etdirmişdi. Bu cür davranışına görə də hakimiyyətdən uzaqlaşdırılmışdı.
Yəhudilərin üzləşdiyi başqa bir problem isə qövmü içindən parçalayan məzhəb ayrılıqları idi. Miladdan öncə II əsrə qədər yəhudilər arasında bir-biri ilə münaqişədə olan məzhəblərin olduğu məlum deyil. Lakin miladdan əvvəlki son əsrdə yəhudi cəmiyyəti arasında böyük bir parçalanma baş vermiş, yəhudiliyin təməli və həqiqi mənası mövzusunda bir çox müxtəlif baxışlar ortaya çıxmışdı. Bu məzhəblərin inkişaf etməsində Əhdi-Ətiq kitablarının və dini qaydaların müxtəlif şəkildə izah edilməsindən savayı siyasi faktorlor, xüsusilə də Roma üsul-idarəsinin böyük rolu vardı. O dövrün yazılarına baxanda, xüsusilə də dövrün məşhur yəhudi tarixçisi Cozefus Flaviusun qeydlərinə diqqətlə nəzər yetirəndə yəhudi cəmiyyəti arasında çoxlu cərəyanların inkişaf etdiyini söyləmək olar. Müxtəlif cərəyanlar arasında cəmi dördü irəli çıxmışdı. Bunlardan biri Roma hakimiyyəti ilə uzlaşan və bu dövrün dəstəyi ilə hakim sinfi təşkil edərək yüksək səviyyədə yaşayan Saddukilərin yaratdığı cərəyandır.
Bu görüş daha çox varlı yəhudilər arasında geniş yayılmış və bir siyasi partiya görüşü kimi qəbul edilmişdi. Saddukilər dini qaydaları yalnız Əhdi-Ətiqin ilk beş kitabına görə müəyyən edir, bu kitabları yalnız texniki baxımdan izah edir, buna görə də ölümdən sonrakı həyat, cənnət və cəhənnəm kimi dinin əsas ünsürlərini qəbul etmirdilər. Saddukilərin qarşısında isə onların bu səhv görüşləri ilə mübarizə aparan, dini mövzularda saddukilərdən fərqlənən və daha sadə bir həyat tərzi keçirən "mühafizəkar" olan fəriseylər dayanırdı. İlk dəfə dindar yəhudilər tərəfindən yaradılan fəriseylər yəhudi dininin qorunmasında və müdafiəsində böyük rol oynamışdılar. Sonrakı dövrlərdə fəriseylər arasında da müxtəlif parçalanmalar baş vermişdi.
Başqa bir qrup isə Roma üsul-idarəsinə və sıx əlaqədə olan yəhudilərə qarşı silahlı mübarizə aparan zilotlardır. Bu siyasi cərəyanın tərəfdarları Allahın hakimiyyətinə zidd hərəkət etdiyini hesab edən əsas Roma və yəhudi idarəçilərə qarşı terror əməllərinə başlamış, sui-qəsd hadisələri törətmişdilər. Lakin bir müddət sonra onların başladığı bu üsyan hərəkatı qanlı şəkildə yatırılmışdı. Digər bir qrup isə 1947-ci ildə Ölü dənizdə tapılan Kumran kitabələri ilə məşhur olan, o dövrdə özlərini mağaralarda ibadətə və zikrə həsr edən essənilərdir. Bəzi tədqiqatçılara görə, essənilər dindar fəriseylərin bir qoludur. Sonrakı bölümlərdə də bəhs edəcəyimiz kimi, tədqiqatçıların çoxu essənilərin Hz.İsa ilə yaxından bağlı olması qənaətindədir. Bu fikirdə olan tədqiqatçılar xristianlığın təməlinin essənilərə əsaslandığını iddia edirlər.
Tarixi mənbələrə və İncildə olan izahatlara görə, Hz.İsa bu inkarçı və müşrik qruplarla çox böyük bir mübarizə aparmış, onlara hikmətli nümunələrlə Allahın dinini izah etmişdir. Buna görə də haqqında danışılan qrupların görüşlərini dəqiq şəkildə izah etmək o dövrün qarışıq şəraitini anlamaq baxımından əhəmiyyətli olacaq.
"Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar." |
Dini qrupları tədqiq edəndə onların sosial status baxımından ən dəyərlisinin saddukilər olduğunu görürük. Bunlar adları Hz.İsa ilə eyniləşdirilməyən yeganə məzhəbdir. Çünki həqiqətən də saddukilər Hz.İsanın gətirdiyi bütün xəbərlərə zidd olan bir dünyagörüşünə malik idilər. Əldəki mənbələrdə müfəssəl şəkildə qeyd olunmamasına baxmayaraq Hz.İsanın bu yanlış cərəyana qarşı mübarizə aparması da ehtimal olunan bir hadisədir. "Matta İncili"ndə Hz.İsa möminləri saddukilərin fikirlərindən xəbərdar etmişdi:
"İsa onlara dedi: "Diqqətli olun! Fərisey və saddukilərin mayasından özünüzü qoruyun" ("Matta", 16/6). Roma üsul-idarəsi ilə sıx qarşılıqlı əlaqədə olan və böyük rahiblərin nəslindən olduqlarını iddia edən bu qrup Qüds məbədindəki nizam-intizama görə məsuliyyət daşıyırdı. Bu məbəddəki qurban sistemini bütün təfsilatı ilə tətbiq edən onlar idi (Qüdsdəki Məbəddə icra edilən qurban sistemi Tövratın «Sayılar» və xüsusilə «Levililər» kitablarında ətraflı şəkildə qeyd edilir. Buna görə, Məbəddə qurban kəsilən heyvanların daxili orqanlarının ayrılması və müəyyən qaydalara görə odda yandırılması vacib idi. Allah Quranda yəhudilərin «Allah bizə əmr etmişdir ki, onun yandıracağı bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!» («Ali-İmran» surəsi, 183), - dediklərini bildirərək bu sistemə nə dərəcə əhəmiyyət verdiklərini bildirir. «Bəqərə» surəsinin 67-71-ci ayələrində isə yəhudilərin onlara qurban əmri veriləndə bu məsələdə davamlı olaraq təfərruat axtardıqları və Allahın da onlara bu incəlikləri bildirdiyi xəbər verilir).
Onlar çox mühüm iş kimi qəbul edilən məbəd fəaliyyətini davam etdirdikləri üçün də başqa heç bir işlə maraqlanmır və özlərini yüksək bir sinif kimi görürdülər. Yerinə yetirdikləri bu iş sayəsində böyük bir qazanc, siyasi üstünlüklər və etibar əldə etmişdilər.
Sayı təxminən 7-8 min olan bu rahiblərin vəzifələri atadan oğula keçirdi. Saddukilər bir tərəfdən, hakimiyyətlərinə zəmanət verən ənənəni davam etdirmək istəyir, digər tərəfdən də Ellin mədəniyyətini qəbul edir və bunu təbliğ etməyə çalışırdılar.
Başqa bir tərəfdən də onların "materialist" sayıla bilən özünəməxsus bir inancı var idi. Ölümlə birlikdə ruhun da öldüyünə, yəni ölümdən sonra həyatın mövcud olmadığına inanırdılar. Mələklərin, cənnət və cəhənnəmin, alın yazısının varlığını da qəbul etmir, dünyadakı işlərin dini inanclardan tamamilə ayrı olduğuna inanırdılar. Bunun da səbəbi onların Roma mədəniyyətinin təsiri altına düşmələri idi. Bu yanlış düşüncələri sayəsində də dünya həyatı və iqtidar həvəsi onlar üçün mümkün hala gəlirdi. Saddukilər uzun müddət iqtidarda qalmış, bu müddət ərzində fəriseylərlə və başqa dini cərəyanlarla toqquşmuşdular. Ən sonda miladi tarixlə 70-ci ildə yəhudi dövlətinin süquta uğraması ilə aradan qalxmışdı.
Fəriseylər isə saddukilərdən bir çox mövzularda fərqlənən, onlarla ziddiyyət təşkil edən bir məzhəb idi. Onlar başda Tövrat olmaqla müqəddəs yazılarla maraqlanır, xalq arasında dini nüfuz sahibi kimi qəbul edilir və hörmət görürdülər. Saddukilərin məbədi idarə etməsinə qarşı çıxır, onların bütün dindənkənar davranışlarını tənqid edirdilər. Saddukilərin əksinə olaraq ruhun varlığına, ölümdən sonrakı həyata, cənnət və cəhənnəmə inanırdılar. Saddukilər kimi Roma üsul-idarəsi ilə sıx əlaqədə deyildilər. Romalıların gətirdiyi Ellin mədəniyyətini əsla qəbul etmirdilər. Lakin Pax Romana adlandırılan və Romanın hakim olduğu torpaqlarda bir sülh şəraitinin mühafizəsini irəli sürmək kimi tətbiqat üsulu onlar üçün də sərfəli idi.
Fəriseylər əslində dini hissiyyatı güclü olan və dinsizliyə qarşı çıxan bir qrupdur. Onlar "şifahi (sözlü) ənənə" adı altında dini mühafizə etməyə və onu yəhudi cəmiyyətinin arasında təbliğ etməyə çalışmışdılar. Hz.Musanın şəriətinin hakim şəriət olması üçün çalışmış, hətta bu məqsədlə döyüşmüşdülər. Bəzi tarixçilər Hz.İsanın təbliğinin ən çox fəriseylərin görüşünə yaxın olduğunu deyərək Hz.İsanın da bu dindar insanlarla birlikdə olduğu fikrini müdafiə edirlər. Lakin İncildə Hz.İsanın fəriseylərlə bağlı müxtəlif xatırlatmaları, xəbərdarlıqları var. Bununla yanaşı İncildə Hz.İsanın fəriseylərlə dostluq etməsi, birlikdə yemək yeməsi barədə xəbərlər də yer alır ("Luka İncili", 7/36; "Luka İncili", 11/37; "Luka İncili ", 14/1).
Saddukilər və fəriseylərdən sonrakı ən aktiv qrup zilotlardır. Bu insanların çoxu fərisey mənşəli idi. Lakin onlar Roma işğalına qarşı hiss etdikləri müqavimət səbəbilə radikallaşaraq haqqında danışılan yeni qrupu təşkil etmişdilər. Zilotlar Romaya qarşı silahlı mübarizənin zəruriliyinə inanırdılar. Buna görə də bir müqavimət təşkilatı kimi hərəkət etmiş və partizan taktikası ilə həm romalılara, həm də onlarla sıx əlaqədə olan yəhudilərə qarşı sui-qəsdlər hazırlamış, bəzən də böyük üsyanlar etmişdilər. Zilotların bir qolu bıçaqla silahlanaraq həyata keçirdikləri sui-qəsdlər nəticəsində Hz.İsa dövründə "sicariyi" ("xəncərlilər") kimi xatırlanırdılar.
Bu qrup Böyük Herod dövründə tamamilə fərqli bir siyasi görüşü müdafiə edərək ortaya çıxmışdı. Miladi tarixlə 6-cı ildə Yəhudiyyə birbaşa Roma hakimiyyətinə keçib rəsmi hakimlər vergiyığma məsələsində yeni tənzimləmələr həyata keçirəndə yəhudiyyəli Cudasın rəhbərlik etdiyi zilotlar üsyan etmək istədilər. Bütpərəst Roma imperatorunun hakimiyyətini qəbul etmək onlar üçün Allahın hakimiyyətini rədd etmək və köləliyi qəbul etmək demək idi.
Bu ilk üsyan qısa müddətdə yatırılmış, onların böyük bir hissəsi öldürülmüş, lakin yerdə qalanlar müqavimət göstərməyə davam etmişdilər. Daha sonra bu üsyan silahlı mübarizə halını alaraq I Yəhudi üsyanı (miladi tarixlə 66-70) ilə nəticələnmiş və Masada qalasında baş verən qətllə sona çatmışdı. Hz.İsa dövründə Məsihi gözləyən müəyyən fanatik cərəyanlar ortaya çıxmış və çoxlu sayda tərəfdar toplaya bilmişdi. Romalılar bu hərəkətlərə qarşı dərhal ciddi tədbirlər görmüş, hər bir təzyiq və nəzarəti gücləndirmiş, xalqı narahat edən hər hansı bir hərəkət baş verərsə, dərhal sərt və amansız rəftar etmişdilər. Sonra isə yəhudilər romalıların bu həssaslığından Hz.İsaya qarşı istifadə etmişdilər. Məsihi gözləyən zilotlar Hz.İsanın təbliğinə böyük maraq göstərmişdilər.
Dördüncü qrup olan essənilər isə əvvəlki üç qrupun əksinə olaraq Qüdsdə və ya başqa şəhər və qəsəbələrdə deyil, İordaniya vadisinin ucqar bölgələrində yaşayırdılar. Onlar digər üç qrupa nisbətən dinlərinə daha çox bağlı, batini (daxili) yöndən qüvvətli bir təriqət idilər. O dövrdə çox məşhur olan bir inanc onlarda da hakim idi: onlar Məsihin yaxınlarda gələcəyinə, İsrail oğulları arasında azğınlıqları, sapmaları və fikir ayrılıqlarını aradan qaldıracağına, ölkəni işğaldan xilas edəcəyinə inanırdılar. Ellin mədəniyyətinə və Roma üsul-idarəsinə tamamilə qarşı olan bu qrup Hz.Musanın gətirdiyi şəriəti ən ideal şəkildə tətbiq etməyə çalışırdı. Vəd edilən Məsih gələnə qədər özlərini bu dünyadan təcrid edib ibadətə həsr etmişdilər. Onlar İordaniya vadisindəki mağaralarda yaşayır və bütün vaxtlarını dini mətnlər üzərində çalışmaqla keçirirdilər.
Flavius öz kitabında bu qrup haqqında müxtəlif şərhlər vermişdir. Lakin 1947-ci ildə Kumranda tapılan çoxlu əlyazmanın essənilər adlandırılan bu təriqətə aid olduğu ortaya çıxdığı zaman bunlar haqqında ən çox məlumat bilinən bir qrupa çevrilmiş, əlyazmaların əhatə etdiyi mövzulara aid şərhlər bu təriqətin əhəmiyyətini daha da artırmışdı.
1947-ci ildə Ölü dənizin şimal-şərqində Kirbet Kurman adlı yerdəki mağaralarda Ölü dəniz kitabələri adlı mətnlər tapıldı. Sonrakı illərdə aparılan araşdırmalar nəticəsində 600-ə yaxın ibrani-arami dilində əlyazma və çoxlu sayda parçalar tapıldı. Bu tapıntıların arasında o dövrə aid olan Tövrat mətnləri və əvvəllər məlum olmayan yəhudi dini mətnləri, bu yazıların sahibi olan təriqətin gündəlik həyatından və qaydalarından bəhs edən mətnlər, çoxlu müxtəlif mətnlər var.
Uzun müddət aparılan tədqiqatlardan sonra bu mətnləri yazanların bir yəhudi təriqəti olduğu dəqiqləşdirilmiş və bunların tarixçi Cozefusun bəhs etdiyi essəni təriqəti olduğu ümumi şəkildə qəbul edilmişdir. Roma yazıçısı kiçik Plinusun Kirbet Kumranı essənilərin yaşadığı yer kimi göstərməsi bu qənaəti daha da qüvvətləndirmişdir. Bu mətnlərin ən köhnəsinin miladdan öncə 200-cü ilə, ən yenisinin isə miladdan sonra 68-ci ilə aid olduğu müəyyən edilmişdir. Bu tarix həmçinin romalı general Vepassianusun yəhudi üsyanını yatırmaq üçün başladığı hücumlarla eyni vaxta təsadüf edir.
Mətnlər tədqiq ediləndə essənilərin həyatına və inanclarına aid məlumatların olduğu ortaya çıxmışdır. Yaxın zamanlarda gələcək xilaskar peyğəmbəri gözləyən bu təriqət müqəddəs mətnlərə, qanunlara nizam-intizam içində və ciddi şəkildə riayət edir, saddukilər cərəyanının əksinə olaraq axirətə, alın yazısına, mələklərə, cənnət və cəhənnəmə inanırdı. Bundan əlavə, bu təriqətin üzvləri özlərini Tanrının xidmətindəki "işığın uşaqları" kimi görür və "qaranlığın uşaqları" ilə aparacaqları döyüşə hazırlaşırdılar. "İşığın uşaqları" ifadəsi İncildə də var. Bu təriqətin üzvləri təmizliyə çox üstünlük verir, gündə bir neçə dəfə yuyunub təmizlənir, bir-birinə qardaş kimi münasibət göstərir və qardaş sevgisinə əhəmiyyət verirdilər. Məsihi gözləmək bu topluluğun inancının əsasını təşkil edir. Nəticə olaraq demək olar ki, bu topluluqda gözləmə və zamanın sonunun yaxınlaşdığı düşüncəsi çox qüvvətlidir. Bu topluluğun yazılarında gəlməsi gözlənən və ya üstün xüsusiyyətləri ilə bəhs edilən birdən artıq insan var. Lakin bunların həqiqi mahiyyəti hələ tam məlum deyil. Bu insanlar məsih-rahib, məsih-kral və ədalət ustadı ifadələri ilə bildirilir.
Aparılan tədqiqatların nəticəsi kimi söyləmək olar ki, essənilər fəriseylərlə davam edən ənənənin bir qolu və eyni dini görüşə bağlı olan topluluqdur. Onlar da fəriseylər kimi saddukilərin rəsmi yəhudilik və Tövrat görüşündən ayrılmış və zahidlik həyatı keçirərək dini yaymağa çalışmışdılar. Bu dindar qrup əlində olan mətnlərə əsaslanaraq yaxında bir xilaskarın, Məsihin gələcəyini də bilir və buna hazırlaşırdı. Bu isə o dövrdə bütün maneələrə baxmayaraq həqiqi dinin mövcud olduğunu göstərən mühüm dəlillərdən birini təşkil edir. Burada qeyd edilməli olan başqa bir mühüm cəhət isə Hz.İsanın dövründə yəhudi cəmiyyətində olan parçalanmadır. Bu millət həm bütpərəst işğalçı hökumət tərəfindən idarə edilir, həm də öz dininə aid müxtəlif fikir ayrılıqları ilə üzləşirdi. Bir-birindən çox fərqli düşüncələrə malik olan məzhəblər əsl yəhudiliyi yalnız özlərinin təmsil etdiklərini iddia edirdi. Bir çox yəhudi də dünyadan ümidini kəsmiş və yaxın zamanlarda baş verəcək qiyaməti gözləməyə başlamışdı.
Əhdi-Ətiqdə Məsihin gəlişi ilə bağlı müxtəlif açıqlamalar var. Sonrakı bölümlərdə bir qismini verəcəyimiz bu açıqlamalar o dərəcədə təsirli olmuşdu ki, yəhudilər üçün Məsih ən böyük qurtuluş mənasını qazanmışdı. Sonrakı əsrlərdə yaşayan məşhur yəhudi ilahiyyatçısı Maimonides yəhudilərin inanc sistemini hazırlayarkən 13 qaydanın ilk ikisini Məsihin gəlişinə ayırmışdı. Bu qaydalar "Məsihin gəlişinə qəti bir imanla inanıram. Geciksə də onun gələcəyini gözləyirəm" şəklindədir.
Yəhudilərin etiqadına görə, İsrail oğullarının həm siyasi, həm də dini yöndən zəiflədiyi bir dövrdə Allah onları hər iki yöndən xilas edəcək bir lider göndərəcəkdi. Bu lider həm İsrail oğullarının əvvəllər olduğu kimi Allaha iman gətirməsini təmin edəcək, həm də bir "Məsih" kimi düşmənlərinə qalib gələcəkdi.
Əhdi-Ətiqin bəzi bölümlərində bu xilaskardan tez-tez bəhs edilmiş və onun dövründə ədalətin, əmin-amanlığını və doğruluğun yayılacağı, insanlar arasında xoşbəxtlik və rifahın çoxalacığı xəbər verilmişdi. Məsələn, "İşaya" kitabında Məsihin necə böyük ədalət, "Rəbb qorxusu" və bəsirətlə dolu olacağı və İsrailə necə xoşbəxtlik gətirəcəyi belə müYdələnirdi:
"Yəssənin gövdəsindən bir toxum çıxacaq və onun köklərindən bir körpə ağac meydana gələcəkdir. Rəbbin ruhu, hikmət və xoş münasibət ruhu, nəsihət və ürəklilik ruhu, məlumat və Rəbb qorxusu ruhu onun üzərində dayanacaq. O, Rəbb qorxusundan zövq alacaqdır. O, gözlərini gördüyü üçün mühakimə etməyəcək, qulaqları eşitdiyi üçün qərar verməyəcək. Zəifləri ədalətlə mühakimə edəcək, yer üzünün yoxsullarına haqlarını verəcək. Bir dəyənəklə vururmuş kimi yer üzünə sözü ilə vuracaq və dodaqlarının nəfəsi ilə pisliyi yox edəcək. Ədalət onun belinin kəməri... olacaq. Qurd quzu ilə birlikdə oturacaq. Qaplan oğlaqla bir yerdə yatacaq, buzov, aslan və böyük baş heyvanlar birlikdə yaşayacaq və onları balaca bir uşaq güdəcək. İnək ayı ilə birlikdə otlayacaq, balaları bir yerdə olacaqlar və şir öküz kimi saman yeyəcək. Südəmər körpə qara ilanın yuvasının yanında oynayacaq və süddən təzə kəsilən uşaq qara ilanın deşiyinə əlini uzadacaq. Mənim müqəddəs dağımın üstündə heç vaxt pislik edilməyəcək, artıq heç bir zərər verilməyəcəkdir. Çünki dənizin dibi necə onu örtən sularla doludursa, yer üzü də Rəbb məlumatı ilə eynilə dolu olacaqdır" ("İşaya", 11/1-9).
Məsihin gəlişini gözləmək Hirodun zülmkar hakimiyyəti dövründə daha da güclənmişdi. Yəhudi torpaqlarının hər tərəfində Məsihi gözləyən, onun gəlişi üçün hazırlıq işləri görən və insanları xəbərdar edən hərəkatlar ortaya çıxmışdı. Məsihin gəlişinin bu gözləntisi həm Roma, həm də Hirodun hakimiyyəti üçün bir təhlükə təşkil edirdi. Çünki bu hərəkətlər ümumiyyətlə Romanı və ona bağlı olan yəhudi hakimiyyətini hədəfə alırdı. Belə güclü bir hərəkat bütün xalqı bütpərəst idarə sisteminə qarşı üsyan etməyə təşviq edə bilərdi. Bu məqsədlə də hər iki hakimiyyət özlərinə uyğun tədbirlər görmüşdü. İncildə qeyd edildiyinə görə, Hirod bu məqsədlə Hz.İsanın anadan olması ilə bağlı xəbərləri eşidəndə Məsihi hələ beşikdə olarkən öldürmək istəmiş və bu iş üçün bir qətliam törətməkdən çəkinməmişdi. Hadisə Matta İncilində belə xəbər verilir:
"İsa hökmdar Hirodun dövründə Yəhudiyyə Beytlehemində anadan olan zaman şərqdən Yerusəlimə münəccimlər gəlib dedilər: "Anadan olmuş yəhudi hökmdarı haradadır? Çünki onun ulduzunu şərqdə gördük..." Hökmdar Hirod bunu eşitdikdə bütün Yerusəlimlə birlikdə təşvişə düşdü. Hirod xalqın bütün baş kahinlərini və din alimlərini toplayaraq onlardan Məsihin harada doğulacağını soruşdu. Onlar da ona dedilər: "Yəhudiyyə Beytlehemində, çünki peyğəmbər vasitəsilə belə yazılmışdır: "Və sən, ey Beytlehem, Yəhuda diyarı, Yəhuda rəislərinin nəzərində heç də əhəmiyyətsiz deyilsən, çünki xalqım İsrailə çoban olacaq Rəhbər səndən çıxacaqdır"". O zaman Hirod münəccimləri gizlicə çağırdı və onlardan ulduzun nə vaxt çıxdığını dəqiq öyrəndi. Və: "Gedin, körpə haqqında əsaslı surətdə məlumat toplayın. Onu tapdığınız zaman mənə xəbər verin...", - deyərək onları Beytlehimə göndərdi" ("Matta İncili", 2/1-7).
"...Hirod münəccimlər tərəfindən aldadıldığını gördükdə çox qəzəbləndi və münəccimlərdən öyrəndiyi vaxta görə, Beytlehem və onun bütün civarında olan iki və daha aşağı yaşlı oğlan uşaqlarının hamısını öldürtdü. O zaman Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetirildi: "Ramahda bir səs eşidildi, ağlaşma və böyük şivən; Rahilə körpələri üçün ağlayır və təsəlli tapmaq istəmir, çünki onlar yox oldular"" ("Matta İncili", 2/16-18).
Gözlənilən Məsihin əsas xüsusiyyətlərindən biri onun Hz.Davud peyğəmbərin nəslindən gəlməsidir. İncildə də Hz.İsanın nəslinin Hz.Davuddan gəldiyi bildirilir.
Yəhudi təriqətlər içində Məsih inancı müxtəlifliklər göstərirdi. Bütövlükdə Məsihi böyük bir peyğəmbər və xilaskar kimi gözləyən bəzi yəhudilər onu əsla fövqəlbəşər bir varlıq kimi görmürdülər. Məsih də Hz.Davud kimi, Hz.Süleyman kimi, Hz.Musa kimi bir insan olacaqdı. Yəni Allahın sadiq bir bəndəsi, Tövratda bildirildiyi kimi, "Rəbb qorxusundan zövq alan" bir insan olacaqdı. Yəhudi məzhəblərindən biri olan essənilər bu Məsih gözləyişi ilə yanaşı Məsihin möcüzələrini də əvvəlcədən xəbər vermişdilər. Onlara görə, Məsih "yıxılanı ayağa qaldıracaq, xəstəni yaxşılaşdıracaq, əsirləri azad edəcək, tozun içində yatanı dirildəcəkdir".
Nəticə olaraq deyə bilərik ki, yəhudilər əllərindəki məlumatlara əsaslanaraq Məsihin çox yaxın bir dövrdə gələcəyinə inanırdılar. Çöldə, şəhərlərdə gəzərək Məsihin gəlişini gözləyən və buna hazırlaşan çoxlu insanlar və qruplar var idi.
Çətin vəziyyətdə yaşayan, zülmə və təzyiqlərə məruz qalan xalqların onları bu vəziyyətdən xilas edəcək bir xilaskar gözlədikləri Qur’an ayələrində də bildirilir. Allah "Nisa" surəsində bununla bağlı belə buyurur:
"Sizə nə olub ki, Allah yolunda: "Ey Rəbbimiz, bizi əhalisi zalim olan bu şəhərdən kənara çıxart, bizə Öz tərəfindən mühafizəçi (xilaskar) göndər, yardımçı yolla!" - deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?" ("Nisa" surəsi, 4/75).
Ayələrdə Allahın elçi göndərdiyi yerlərdə elçinin gəlişindən əvvəl böyük bir sosial və əxlaqi tənəzzülün yaşandığı xəbər verilir. Elçinin gəlişindən sonra onun ardınca gedən insanlar dinin gətirdiyi bolluq, bərəkət və səadəti yaşadıqları halda elçidən sonrakı dövrlərdə insanların bir qismi nəfslərinə əsir olmuş, getdikcə din əxlaqından uzaqlaşaraq inkarçılığa yönəlmiş, Allahdan başqa bəzi saxta tanrılar hazırlayaraq özlərinə zülm etmişdi. Allah "Məryəm" surəsində elçilərin Allaha olan bağlılığından, səmimiyyətindən və ixlasından bəhs edəndən sonra onlardan sonra gələn cəmiyyətlərin bu inanclarını tamamilə itirdiklərini xəbər verir. Ayələrdə bu insanlarla bağlı belə buyrulur:
"Bunlar Adəmin və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yəqubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar. Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar da öz əməllərinin cəzasını alacaqlar" ("Məryəm" surəsi, 19/58-59).
Allah dinindən uzaqlaşan, niyə yaradıldıqlarını və Yaradan qarşısındakı cavabdehliklərini heç düşünməyən bu insanları müxtəlif müsibətlərlə xəbərdar etmişdir. Bu etdiklərinin əvəzində onlara verdiyi nemətini dəyişdirmiş, "Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə, güzəranı daralar..." ("Taha" surəsi, 20/124) ayəsi ilə də bu həqiqəti bildirmişdir.
Tarix boyunca iqtisadi və sosial problemlərin yaşandığı, ədalətsiz bir idarəçilik sisteminin hakim olduğu sıxıntılı dövrlərdə insanlar həmişə bir xilaskara ehtiyac hiss etmişlər. Bu xilaskar içində yaşadıqları mövcud sistemin mənfi yönlərini düzəldəcək, ədaləti, barışı, əmin-amanlığı bərqərar edəcək və onları düzgün yola çıxaracaq. Günümüzdəki cəmiyyətlərdə də çox sürətli bir pozulma, kobudluq, ədalətsizlik və əxlaqi tənəzzül yaşanır. Kasıblıq, səfalət və zülm içində yaşayan insanlar gözəl əxlaqın yaşandığı xoşbəxt bir həyatın həsrətindədir. Allah əvvəlki xalqlara da eyni sosial tənəzzüldən sonra xilaskarlar göndərmiş və sıxıntıdan sonra çox böyük bolluq, bərəkət və zənginlik vermişdir. Allah qorxub çəkinən cəmiyyətlərə bolluq və bərəkət verəcəyini bir ayəsində belə xəbər verir:
"Əgər o məmləkətlərin əhalisi iman gətirib çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar yalançı hesab etdilər, Biz də onları qazandıqlarına görə məhv etdik" ("Əraf" surəsi, 7/96).
Rəbbimiz yuxarıdakı ayələrlə bizə çox mühüm bir həqiqəti xatırladır: barışın, xoşbəxtliyin, bolluğun və bərəkətin yeganə yolu din əxlaqının yaşanmasıdır. Bu, keçmiş xalqlarda bu cür gerçəkləşdiyi kimi bundan sonrakı xalqlarda da eyni şəkildə həyata keçəcək. İslam əxlaqının olmadığı yerdə ədalətin, təhlükəsizliyin, istiqrarın hakim olması mümkün deyil. Bu, Allahın bir qanunudur. "Fatir" surəsində bizə bu müYdə verilir:
"...Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan!" ("Fatir" surəsi, 43).
Hazırda yaşadığımız dövr maddi və mənəvi tənəzzülün hakim olduğu, müxtəlif azğınlıqların baş alıb getdiyi, böyük bir siyasi və iqtisadi qeyri-sabitliyin hökm sürdüyü, varlı ilə kasıb arasında çox böyük uçurumların meydana gəldiyi bir dövrdür. Bizim Qur’andan öyrəndiyimiz həqiqət isə belə bir vəziyyətdən sonra Allahın bir qurtuluş yolu göstərəcəyi və bu səbəblə İslam əxlaqının bütün dünyada mütləq yaşanacağı, haqq dinin digər batil dinlərə üstün gələcəyi həqiqətidir. Allah "Tövbə" surəsində inanan bəndələrini bu həqiqətlə belə müYdələyir:
"Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də ancaq Öz nurunu tamamlamaq istər. Müşriklərin xoşuna gəlməsə də onu bütün dinlərin fövqündə etmək üçün Öz peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!" ("Tövbə" surəsi, 9/32-33).
Allah hər imanlı xalqa kömək etdiyi kimi bundan sonra da yer üzündəki inananlara yardım edəcək. Allah səmimiyyətlə Ona yönələn bəndələrinə bunu vəd etmişdir. Ayələrdə belə buyrulur:
"O kəslər ki, haqsız yerə, ancaq "Rəbbimiz Allahdır" dediklərinə görə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər uçulub dağılmışdı. Allah Ona yardım edənlərə şübhəsiz ki, yardım edər. Həqiqətən Allah yenilməz qüvvət, qüdrət sahibidir! O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək, namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu Allaha aiddir" ("Həcc" surəsi, 22/40-41).
Əhdi-Cədidə görə, təbliğinə Hz.İsadan bir müddət əvvəl başlayan Hz.Yəhya ətrafındakı insanları Məsihin gəlişi məsələsində müYdələmiş və Məsihin ən çox dəstəkləyən şəxs olmuşdur.
Hz.Yəhyanın anadan olması möcüzəli şəkildə baş verib. Bu hadisənin həqiqi xəbəri "Məryəm" surəsinin əvvəlində bu cür verilir:
"Kaf, Ha, Ya, Eyn, Sad! Bu, sənin Rəbbinin öz qulu Zəkəriyyəyə olan mərhəmətinin xatırlanmasıdır! Zəkəriyyə Rəbbinə gizlicə dua edib yalvardığı zaman belə demişdi: "Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam. Mən özümdən sonra gələn qohum-əqrəbamdan qorxuram. Zövcəm də ki, sonsuzdur. Buna görə də mənə Öz dərgahından bir oğul bəxş et ki, o, həm mənə, həm də Yəqub nəslinə varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o, riza qazanmış olsun!" "Ey Zəkəriyyə! Sənə bir oğulla müYdə veririk ki, adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik!" Zəkəriyyə dedi: "Ey Rəbbim! Zövcəm doğmayan bir qadın, mən də qocalıb əldən düşmüş ikən mənim necə oğlum ola bilər?" "Dediyin kimidir, lakin Rəbbin buyurdu ki, bu işi görmək Mənim üçün asandır. Necə ki, ilk əvvəl səni heç bir şey deyilkən yaratmışdım!"" ("Məryəm" surəsi, 19/1-9).
Luka İncilində Hz.Yəhyanın anadan olması ilə bağlı olaraq Qur’an ayələrinə uyğun gələn məqamlar var. Hz.Yəhyanın atası Hz.Zəkəriyyədir. Hz.Zəkəriyyə və xanımı Lukaya görə, "Hər ikisi Allah qarşısında saleh olub Rəbbin bütün əmr və ehkamlarına qüsursuz əməl edirdi" ("Luka", 1/6). Hər ikisi qocalmışdı. Uşaqları olmurdu. Buna baxmayaraq Allah Hz.Zəkəriyyəni oğlunun olacağı ilə müYdələmişdi. Luka İncilində bu hadisə belə xəbər verilir:
"Rəbbin bir mələyi Zəkəriyyəyə göründü və büxur qurbangahının sağında durdu. Zəkəriyyə onu gördükdə çaşdı və onu qorxu bürüdü. Mələk isə ona dedi: "Qorxma, Zəkəriyyə, çünki sənin duan eşidildi. Arvadın Elizabet sənə bir oğul doğacaq və onun adını Yəhya qoyacaqsan. Sevinc və səfa tapacaqsan və onun doğulmasına bir çoxları da sevinəcəklər. Çünki o, Rəbbin qarşısında böyük olacaq, şərab və başqa içki içməyəcək və hələ anasının bətnində ikən Müqəddəs Ruhla dolacaqdır. Və İsrail oğullarından bir çoxunu onların Allahı olan Rəbbə tərəf döndərəcəkdir"" ("Luka İncili", 1/11-16).
Hz.Yəhya təqva sahibi olan saleh bir bəndə və xalqı üçün də bir hidayət rəhbəri olub. Allah bu səmimi bəndəsini Qur’an ayələrində belə tərifləyir:
"Ey Yəhya! Kitabdan bərk yapış! Biz uşaq ikən ona hikmət verdik. Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət və paklıq bəxş etdik. O, müttəqi idi. Yəhya ata-anasına qarşı da olduqca itaətkar idi: zalim, asi deyildi. Ona doğulduğu gündə, öləcəyi gündə, diriləcəyi gündə salam olsun!" ("Məryəm" surəsi, 19/12-15).
Hz.Yəhya Əhdi-Cədidə görə də Allahın sadiq bir bəndəsi və təqva sahibi bir mömin idi. O, yəhudiləri təkəbbür göstərdikləri üçün xəbərdar etmiş və onları Allahın hökmlərini qorumağa, günahdan çəkinməyə dəvət etmişdi. Luka İncili Yəhya ilə ona qulaq asmağa gələn yəhudilər arasındakı dialoqdan belə bəhs edir:
"Yəhya vəftiz olunmaq üçün onun yanına gələn xalqa deyirdi: "Ey gürzələr nəsli! Gələcək qəzəbdən qaçmağı sizə kim təlqin etdi? İndi tövbəyə layiq səmərə yaradın. Və içinizdə: "Atamız İbrahimdir", - deməyə cəhd etməyin; çünki sizə deyirəm ki, Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. Artıq balta da ağacların kökü dibində yatır; beləliklə, yaxşı bar verməyən hər ağac kəsilir və oda atılır". Xalq ondan soruşurdu: "Bəs biz nə edək?" O, onlara cavab verib dedi: "İki köynəyi olan birini köynəksiz olana versin; yeməyi olan adam da belə etsin". Vergi yığanlar da vəftiz olunmaq məqsədi ilə Onun yanına gəlib dedilər: "Müəllimimiz! Biz nə edək?" Yəhya onlara dedi: "Sizə müəyyən ediləndən artıq heç şey tələb etməyin". Əsgərlər də: "Bəs biz nə etməliyik?" - deyə ondan soruşdular. Onlara da dedi: "Heç kimi qarət etməyin, böhtan atmayın, aldığınız maaşla kifayətlənin"" ("Luka İncili", 3/7-14).
Əhdi-Cədidə görə, Hz.Yəhya bu təbliği əsnasında ona qulaq asanlara həmişə "vaxtın tamam olduğunu" deyirdi. "Gəlməli olan" artıq gəlmək üzrə idi.