İman gətirib yaxşı işlər görənlər üçün
Mərhəmətli Allah qəlblərdə bir sevgi yaradacaq.
(Məryəm surəsi,96)
Bu kitab 2001-ci ildə ABŞ-ın iki böyük şəhərinə edilən 11 sentyabr hücumlarından sonra qələmə alınıb və İslam dininin terroru lənətlədiyi Quran ayələrindən, peyğəmbərimiz hz. Muhəmməddən və İslam tarixindən nümunələr verilməklə izah olunub. Lakin 11 sentyabr hadisələrindən sonra hücumlar bitmədi. İngiltərə, İspaniya, Türkiyə, Fransa və dünyanın bir çox yerində terror hücumları davam etdi. Bu vəziyyət siyasətçiləri, akademikləri, dini liderləri, yazıçıları, bir sözlə, bütün vicdanlı insanları “terror problemi necə həll oluna bilər, terrorun qaynağı nədir, nə etməliyik” kimi suallar üzərində bir daha düşünməyə vadar etdi.
Bundan əvvəl 2002-ci ildə qələmə aldığımız bu kitabda terrorçuların -xüsusilə terror təşkilatları liderlərinin- darvinist və materialist təlimlərdən təsirləndiyini sübut etmişdik. Onların insanı heyvan kimi görən, həyatı yalnız güclü olanların yaşadığı mübarizə yeri kimi qəbul edən, hədəfə çatmağın savaş və şiddətdən keçdiyinə inanan eqoist və mərhəmətsiz insanlar olduğunu açıqlamışdıq. Əl-Qaidənin aktiv olduğu dövrdən sonra, xüsusilə son zamanlarda islami simvollardan istifadə edib mülki vətəndaşları hədəf alan terror təşkilatları ortaya çıxdı. Bunun kimi şiddət qruplarının dünyanın hər tərəfindən gəlib qatılan insanlarla güc qazanması siyasi və dini liderləri yuxarıdakı bəhs etdiyimiz suala cavab axtarmağa yönəltmişdir. Xüsusilə də Fransanın mərkəzi yerlərindən birində həyata keçirilən “Çarli Hebdo” hücumundan sonra terrorla ideoloji mübarizə bir çox terror hücumunun təməlində İslam dininə sonradan əlavələr edən və terror aktlarına zəmin hazırlayan xurafatçı şərhlərin olduğunu bir daha göstərmişdir.
Bu düşüncə İslam dininin savaşa qarşı sülhü, ölümə qarşı yaşamağı, cəzalandırmağa qarşı bağışlamağı hədəf alan münasibətindən tamamilə uzaqdır. Müsəlman olmayanlara, hətta İslamı fərqli şəkildə şərh edib tətbiq edən, yaxud da fərqli məzhəbdən olanlara şiddət göstərməyi məşru görən xurafatçı zehniyyət hazırda bütün dünyanı təhdid edən böyük bəladır. Kitabın genişləndirilmiş nəşrinə xurafatçı din anlayışından qaynaqlanan terrorun səbəbləri, söz mövzusu terror təşkilatları ilə necə fikri mübarizə aparılması haqqında yazılar əlavə edilmişdir. Birinci istəyimiz budur ki, həlli silahda axtaranlar yanlış fəlsəfi və dini izahların hərbi müdaxilələrlə ortadan qalxmayacağını anlasınlar. Bundan başqa, silaha xərclənən pullar kütlələrin təhsili üçün istifadə olunmalıdır və bütün dünyanı bürüyən bu bataqlığı qurutmaq üçün İslam dünyasından ağıllı, aydın fikirli və modern müsəlmanlarla əməkdaşlıq edilməlidir.
Bir terror aktına müqəssir axtararkən mənbəyini dinsizlikdə axtarmaq lazımdır. Çünki din əxlaqı sevgini, mərhəməti, bağışlayıcı olmağı və sülhü əmr etdiyi halda, terror amansızlıq və şiddət tərəfdarıdır. Qan töküb öldürməyi və əzab çəkdirməyi istər. |