İmtahan Son Ana Qədər Davam Edir

İnsanın dünya həyatındakı imtahanı həyatının son anına qədər davam edir. Əgər insan 75 il yaşasa, 75-ci ilin ən son günündə belə, Allah`a qarşı olan məsuliyyəti davam edir, Allah tərəfindən imtahan edilir və öyrədilir. Buna görə də həyatının hər anında Allah`ın hökmlərinə tabe olmalı, ibadətlərini yerinə yetirməli, Onu xatırlayaraq razılığını axtarmalıdır.

Və bu həqiqət çox əhəmiyyətli bir nəticəyə də səbəb olur: əgər insan bu son günündə, hətta son anında belə yolundan dönsə, Allah`a qarşı nankorluq etsə, imtahanı itirər və bütün dünya həyatı puç ola bilər. Bütün həyatını Allah`ın razılığına uyğun olaraq yaşasa belə, son andakı üsyan, bütün əməklərini puç edə bilər.

Bütün müsəlmanlar bu mövzuda diqqətli olmalıdırlar. Çünki insanın ən böyük düşməni olan şeytan insanı son nəfəsinə qədər azdırmağa cəhd edir. Müxtəlif üsullardan istifadə edib insanları Allah`a qarşı üsyan etdirməyə çalışar. Son an da şeytanın insanı azdırmaq üçün çalışdığı zamandır. "Mən onsuz da Allah`a iman edirəm, Onun razılığı üçün bu qədər iş gördüm, artıq qurtuldum", - deyən insan qəflətə düşmüşdür. Çünki ayələrdə insanın son ana qədər həmişə qorxu və ümid içində dua etməli olduğu (Səcdə surəsi 16) bildirilir və hər müsəlman Allah`ın aşağıdakı əmri üzərində düşünməyə dəvət edilir:

Ey iman gətirənlər! Allah`dan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün! (Ali-İmran surəsi 102)

İman gətirdikdən sonra inkar edənlər

İman Allah`ın verdiyi ən böyük nemətlərdən biridir. İnsanın dünyadakı xoşbəxtliyi və rahatlığı, sonsuz həyatındakı qurtuluşu da imanının vasitəsi ilə olur. Buna görə də bütün nemətlər kimi iman üçün də Allah`a şükür etmək lazımdır. Allah imanı dilədiyi quluna nəsib edər, dilədiyinə isə etməz. Allah`ın iman vermədiyi insanı bütün dünya imana dəvət etsə belə, heç bir şəkildə iman etməz. Bu həqiqət Allah`ın Peyğəmbərimizə (səv) xitab olaraq endirdiyi bir ayədə belə ifadə edilir:

Sən onların doğru yola gəlməsinə nə qədər çalışsan da, Allah azdırdığı kimsələri doğru yola yönəltməz və onlara kömək edən də olmaz. (Nəhl surəsi 37)

Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların altından çaylar axacaq. Onlar deyəcəklər: "Bizi buna qovuşduran Allah`a həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər". Onlara (belə) xitab ediləcəkdir: "Əməlləriniz sayəsində varis olduğunuz cənnət budur!" (Əraf surəsi 43)

Nemətə şükür etmək, şifahi olaraq Allah`a həmd etməklə bərabər, feili olaraq da Allah`ın razılığına uyğun hərəkətlər etməkdir. İmanın şükürü ibadətdir. Hər mömin Allah`ın özünə verdiyi imana şükür olaraq ibadətlərini yerinə yetirməli, bütün imkanlarını Allah rizası üçün istifadə etməli, özünü Allah`a həsr etməlidir.

Əgər bu şükür edilməzsə, yəni mömin "Mən möminəm, cənnət əhlindən olacağam"şəklində düşünərək sınaqdan keçirildiyini unutsa, verilən nemət geri alına bilər. Quranda Allah`ın təsvir etdiyi kimi qəlbi qatılaşa bilər və sonda inkara düşə bilər. Bu vəziyyətdə, əvvəlki imanı və etmiş olduğu saleh işlər özünə heç bir fayda verməz, əməlləri puç olar. Allah bu həqiqəti bir çox ayədə xəbər vermişdir:

… Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar. Onlar od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi 217)

Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan". (Zumər surəsi 65)

İman gətirənlər isə deyəcəklər: "Sizinlə bərabər olacaqlarına dair Allah`ın adı ilə möhkəm and içənlər bunlardırmı?" Onların əməlləri puça çıxdı, özləri də ziyana uğrayanlardan oldular. Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allah`ın lütfüdür, onu istədiyinə verər. Allah (hər şeyi) əhatəedəndir, biləndir.(Maidə surəsi 53-54)

Allah Quranda imandan sonra inkarçıların varlığından bəhs edir. Ayələrdə bu insanların azdığı və Allah tərəfindən bağışlanmayacağı xəbər verilir:

Şübhəsiz ki, iman gətirib sonra kafir olan, yenə iman gətirib sonra kafir olan, sonra da küfrlərini artıranları Allah bağışlamayacaq və (doğru) yola yönəltməyəcəkdir. (Nisa surəsi 137)

Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini bir daha artıran kimsələrin tövbəsi qəbul olunmayacaq. Məhz onlar doğru yoldan azanlardır. (Ali-İmran surəsi 90)

Bu insanların axirətdəki vəziyyəti isə belə bildirilir:

O gün (neçə-neçə) üzlər ağaracaq, (neçə-neçə) üzlər də qaralacaqdır. Üzləri qaralan kəslərə: “İman gətirdikdən sonra kafirmi oldunuz? Elə isə, küfrünüzə görə dadın əzabı!”– (deyiləcəkdir). (Ali-İmran surəsi 106)

Bütün bu ayələr iman gətirdikdən sonra kafir olmaq kimi bir təhlükənin varlığını göstərir. Ayələrdə bəhs edilən insanlar həyatlarının bir hissəsində Allah`ın varlığına və birliyinə iman edib, Onun hökmlərinə görə yaşayan kəslərdir. Lakin sonra nəfsləri onları Allah`ın dinindən uzaqlaşdırmış və inkara aparmışdır. Bu şəkildə, küfrə düşməklə, bəlkə də digər bir çox inkarçıdan daha günahkar hala gəlmişlər. Çünki onlar doğru olanı öyrənmiş, bir müddət yaşamış, amma sonra vicdanları qəbul etdiyi halda, Allah`ın dinini tərk etmişlər. Buna görə, bir zamanlar etdikləri bütün xeyirli işlər də tamamilə puç olmuşdur (ən doğrusunu Allah bilir). Buna görə də insan dünyada hər an imtahan edildiyini unutmamalıdır. Qarşılaşdığı bütün hadisələrlə sınaqdan keçirildiyini, şeytanın özünə müxtəlif yollarla vəsvəsə verməyə çalışacağını, qarşısına çıxan çətinlikləri heç bitməyəcəkmiş kimi göstərməyə və bu yolla onu doğru yoldan ayırmağa çalışacağını əsla unutmamalıdır. Çünki imandan sonra küfrə düşmək, sonsuz əzaba layiq olmaq deməkdir.

Bu kəslər imandan döndükdən sonra dünyada səfil həyat yaşayırlar. Maddi olaraq zəngin olsalar belə, həyatlarının sonuna qədər mənəvi əzab çəkirlər. Həqiqəti bildikləri üçün vicdanlarını susdurmağa çalışırlar, davamlı olaraq vicdan əzabı çəkirlər. Əsl əzabı isə axirət həyatında yaşayırlar. Allah bunun kimilərin vəziyyətini belə xəbər verir:

Həqiqətən də, kafir olub kafir kimi də ölənlərin heç birindən dünya dolusu qızıl fidyə versə belə, qəbul olunmayacaqdır. Onlara sarsıdıcı bir əzab hazırlanmışdır və onların köməkçiləri də olmayacaqdır. (Ali-İmran surəsi 91)

Madam belə bir təhlükə var, mömin həyatının ən son anına qədər bu təhlükədən çəkinmək məcburiyyətindədir. Çünki insanın: "İman etdim" , - deyib, zəiflik göstərməməsi çox əhəmiyyətlidir. İnsan etdiklərinin sonsuz axirət həyatına çatmaq üçün kafi olduğunu düşünərsə, "Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. (Ələq surəsi 6-7)" - ayəsində bildirildiyi kimi, azğınlıq edə bilər. Buna görə də hər an bu təhlükəni nəzərə almalı, hər hərəkətində Allah`ın razılığına uyğun hərəkət etməlidir. Çünki imtahan insanın həyatının son anına qədər davam edir.

Mübarizədən qaçanlar

Zəif imanlı, yaxud imanını tamamilə itirən şəxs bir müddət müsəlmanların yanında qala bilər və dinin qaydalarına uyğun tərzdə yaşaya bilər. Lakin Allah belə insanları tanıtdırmaq üçün bəzi imtahanlar yaradır. Çətinliklərlə, aclıqla, yoxsulluqla, xəstəliklə sınaqdan keçirilən möminlərin bu çətinliklər qarşısında imanları artır, ürəklərində xəstəlik olanlar isə küfrə yaxınlaşırlar.

Son anın əhəmiyyəti burada bir daha bilinir. İnsan həyatının böyük hissəsini iman edərək keçirə bilər. Dinə böyük xidmətlər göstərib, xeyirli işlər edə bilər. Ancaq vicdanına tabe olmaqdan imtina edərsə, zəiflik göstərərsə və buna görə qəlbi sərtləşərsə, imtahan anlarında əzmli ola bilməz. Dünya sevgisini və can qorxusunu Allah`ın razılığından üstün tutarsa, küfrə meyillənə bilər.

Ayələrdə peyğəmbərlərin təcavüzkar cəmiyyətə qarşı günahsız insanları qorumaq və Allah`ın dinini mühafizə etmək üçün mübarizə apardığından bəhs edilir. Bu mübarizə çox əhəmiyyətli ibadətdir. Peyğəmbərimizin (səv) dövründə də inkarçılara qarşı güclü mübarizə aparılmışdır. Allah`ın və peyğəmbərin əmri ilə reallaşan bu mübarizələrin hamısı dini məsuliyyətdir. Bu vəzifədən boyun qaçıranlar isə Quranda qəlbləri möhürlənmiş, yəni imandan çıxmış kəslər olaraq bildirilir.

Günümüzdə isə müsəlmanlar inkarçılara qarşı fikri sahədə mübarizə aparırlar. Bu fikri mübarizə inkarçıların bütün dayaq nöqtələrinin elmi olaraq ortadan qaldırılması, elmi olaraq əsassız edilməsi mənasını daşıyır. Bu mövzuda hər müsəlmana böyük məsuliyyət düşür. Heç kim bu fikri mübarizədə geri planda qalmamalıdır. Çünki Allah ayələrdə arxada qalmağı seçənlərin qəlblərinin möhürləndiyini bildirmişdir:

"Allah`a iman gətirin və Onun Elçisi ilə birlikdə cihad edin!" (-deyə) bir surə nazil edildikdə onların var-dövlətə malik olanları səndən icazə istəyib dedilər: "Bizi burax (evdə) oturanlarla birlikdə qalaq!" Onlar arxada qalanlarla birgə olmağa razılaşdılar. Onların qəlblərinə möhür vuruldu. Buna görə də onlar anlamayacaqlar. (Tövbə surəsi 86-87)

Quranda çətinliklə qarşılaşdıqda dərhal bəhanələr uyduraraq qaçmağa çalışanların öz nəfslərini necə həlaka uğratdıqları belə bildirilir:

Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: "Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!." (-deyə) Allah`a and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir. (Tövbə surəsi 42)

Həm Peyğəmbərimizin (səv) dövründən, həm də digər peyğəmbərlərin dövründən verilən bu nümunələr bir həqiqəti açıq-aşkar bəlli edir: Allah insanları həyatlarının hər anında sınayır və doğru söyləyənlərlə yalançıların bir-birindən ayrılacağı mühitlər yaradır. Xüsusilə çətinlik və sıxıntı ilə qarşılaşdıqda müsəlmanlar əzmli olduqları halda, zəif olanlar dindən dönürlər. Peyğəmbərimizin (səv) dövründə müsəlmanlarla inkarçılar arasında baş verən savaş anında yaşananlar buna nümunədir. Ayələrdə çətinlik anında bəzi müsəlmanların zəiflik göstərdiyi və Allah haqqında cahiliyyə zənninə qapıldıqları bildirilir. Şeytan çətinlik anında bu müsəlmanları yoldan çıxmağa vadar etmişdir:

İki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri şeytan məhz etdikləri bəzi əməllərlə yoldan çıxmağa məcbur etdi. (Tövbə etdikdən sonra) Allah artıq onları bağışladı. Həqiqətən, Allah bağışlayandır, həlimdir! (Ali-İmran surəsi 155)

Allah bu hadisədə zəiflik göstərən müsəlmanları bağışladığını bildirmişdir.

Bu ayələrdə inananlar üçün böyük dərslər vardır. Çünki Allah yaxşılarla pislərin ayrılması üçün insanların mütləq imtahan ediləcəyini vəd etmişdir. Bu çətin anlara qarşı dözümlü olmağın tək yolu isə Allah`a güclü iman, ixlas və səmimiyyətdir. Əlbəttə ki, Allah saleh qullarına asanlıq yaradar, onların ürəklərinə hər cür çətinlikdə dinclik və güvən duyğusu endirər. Amma bunu da unutmamaq lazımdır ki, Allah`ın insanları sınayacağına və yaxşılarla pisləri ayıracağına dair vədi mütləqdir:

Yoxsa elə hesab edirsiniz ki, Allah sizlərdən cihad edənləri, Allah`dan, Onun Elçisindən və möminlərdən başqasını özlərinə sirdaş tutmayanları sınamadan siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır. (Tövbə surəsi 16)

İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır. (Ənkəbut surəsi 2-3)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Dünya İmtahan Yeridir
  • İmtahanın Sirri
  • Çətin Anların Müsəlmanı
  • Cahil İnsanların Çətinliklər Qarşısındakı Davranışları
  • İmtahan Son Ana Qədər Davam Edir
  • Nəticə
  • Yaradılış Həqiqəti 1/2
  • Yaradılış Həqiqəti 2/2