Dünya İmtahan Yeridir

İnsan bütün canlılar kimi Allah tərəfindən bir məqsədlə yaradılmışdır. İnsanın yaradılış məqsədini və dünya həyatında necə yaşayacağını öyrənə biləcəyi qaynaq Allah`ın qullarına rəhbər olaraq endirdiyi Qurandır. Allah "Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz Bizə qaytarılmayacaqsınız?(Muminun surəsi 115)" ayəsində insanların müəyyən bir məqsədlə yaradıldığını bildirmişdir. Bu məqsədin nə olduğu isə başqa ayələrdə izah edilmişdir. İnsanın yaradılış məqsədi "…insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. (Zariyat surəsi 56)" ayəsində xəbər verildiyi kimi Allah`a qulluq etməkdir.

Sadəcə Allah`a ibadət etmək üçün yaradılan insanın qarşısında təxminən altmış-yetmiş illik qısa ömür vardır. Bu ömür, eynilə, qum saatında olduğu kimi heç dayanmadan axır, insan axirətə doğru addımlayır. Hər kəs özü üçün təyin olunmuş müddət ərzində yer üzündə qalacaq. Bu vaxtın məlumatı Allah qatında gizlidir. İnsanın həyatı heç kimin dəyişdirə bilməyəcəyi şəkildə, Allah tərəfindən yazılmış qədər üzrə davam edir.

Dünya üzərindəki hər şey vaxtı gələndə yox olacaq. Açıq-aşkar olan həqiqət isə "… dünya həyatı axirət həyatı ilə müqayisədə çox cüzi bir şeydir. (Rəd surəsi 26)" ayəsində də bildirildiyi kimi, sonsuz axirət həyatının yanında dünya həyatının çox qısa olduğudur. Çünki dünyada hər şey köhnəlməyə, yaşlanmağa və yox olmağa məhkumdur. Zaman hər kəsi və hər şeyi mütləq təxribata uğradır və bu keçici dünyaya bağlananlar böyük itkiyə məruz qalırlar.

Böyük İslam alimi Bədiüzzaman Səid Nursi də əsərlərində dünya həyatının keçici məkan olduğunu və insanın bu dünyada axirəti üçün ciddi bir cəhd göstərməli olduğunu belə ifadə etmişdir:

Dünya bir mehmanxanadır. İnsan orada çox az qalacaq və vəzifəsi qonaq olmaqdır və qısa bir ömürdə əbədi həyatına lazım olan ləvazimatı tədarük etməklə mükəlləfdir.1

İnsanın dünya həyatındakı qısa ömrünü "keçici qonaqlıq" olduğunu bildirən Səid Nursi başqa nümunədə: "İnsana varlığı heyvan kimi dünya həyatını qazanmaq üçün verilməmişdir" , - deyir və bu şəkildə davam edir:

Ey nəfsim və ey dostum! Ağlınızı başınıza yığın. Ömür sərmayənizi və həyat qabiliyyətinizi heyvan kimi, hətta heyvandan daha aşağı dərəcədə bu keçici həyat və maddi ləzzətlər uğrunda xərcləməyin. Yoxsa sərmayə cəhətdən ən üstün heyvandan əlli dərəcə yüksək olduğunuz halda, ən aşağıda olanından əlli dərəcə aşağı düşərsiniz.2

Bədiüzzamanın da ifadə etdiyi kimi, üstün xüsusiyyətlərlə nemətləndirilmiş, ağıl, vicdan və sağlam fikir sahibi bir varlıq olan insanın yaradılış məqsədinin əskikliklərlə dolu olan bu qısa dünya həyatında keçici mənfəətlər əldə etmək olmadığı çox açıqdır. İnsan burada sınanır və son hədəfi də sonsuz axirət gözəlliyini qazanmaqdır.

İnsan dünyada qarşılaşdığı hadisələrə göstərdiyi davranışlarla, sahib olduğu əxlaqla və qəlbindəki niyyəti ilə sınanır və sadəcə: "İman etdim" , - deməsi kifayət deyildir. İmanı davranışlarına da əks olunmalıdır. Çünki qiyamət günündə gizli, yaxud açıq olan həyatına aid hər şey meydana gətiriləcək, çox həssas haqq-hesab gedəcək. Bu hesabda "… xurma çərdəyindəki tel qədər (Nisa Suresi, 49) "belə haqsızlığa məruz qalmayacaq. Etdiyi yaxşılıqları çox olanlar sonsuz gözəlliklərlə bəzənmiş cənnət yurdu ilə mükafatlanacaq, pisliyi və zülmü seçənlər isə sonsuz cəhənnəm əzabı ilə qarşılıq görəcəklər. Çünki Allah bu qısa həyatı insanları sınaqdan keçirərək yaxşı və doğru olanları digərlərindən ayırd etmək üçün yaratmışdır. "Mülk" surəsində bu həqiqət belə bildirilir:

Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur... (Mülk surəsi 2)

Dünya həyatına qarşılıq axirəti satın almaq

Din əxlaqından uzaq olan insanların yanıldığı mövzulardan biri bu dünyadakı həyatı qalıcı olaraq düşünmələri və imtahan olunduqlarını unutmalarıdır. Dünyada belə qəflət içində yaşayan insanlara təsir edən, diqqətlərini çəkən bir çox gözəllik vardır. Axirətin unudulduğu cəmiyyətlərdə insanlar doğulduğu andan etibarən bəzəkli görünən bu dəyərləri əldə etməyə çalışırlar. Allah insanları dünyaya həvəslə bağlayan bu bəzəkləri Quranda belə təsvir etmişdir:

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. De: "Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allah`dan qorxanlar üçün Rəbbi yanında (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları, pak zövcələr və Allah`ın rizası vardır".Allah qullarını görür. (Ali-İmran surəsi 14-15)

Yuxarıdakı ayələrdən aydın olduğu kimi, insanların dünyaya bağlılıqları müxtəlifdir. Amma bunları əldə etməyin faydası yoxdur. Çünki əsl həyat sonsuzadək davam edən axirət yurdudur. "Kəhf" surəsində insanların həvəslə bağlandığı dünya həyatının həqiqəti belə bir bənzətmə ilə ən hikmətli şəkildə təsvir edilmişdir:

Onlara dünya həyatını misal çək. Bu, göydən göndərdiyimiz yağışa oxşar. Yerdəki bitkilər onunla qarışıb yetişər, sonra isə küləyin sovurub apardığı quru çör-çöpə dönər. Allah hər şeyə qadirdir. Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir. (Kəhf surəsi 45-46)

Bu ayələrdə də xəbər verildiyi kimi, dünyaya aid hər cür bəzək, zənginlik, gözəllik, yoldaşlar, evlər, ləl-cavahirat, mövqe, şan-şöhrət sadəcə keçici əyləncədən başqa bir şey deyildir. Bunların hamısı mütləq surətdə yox olacaqdır.

Lakin insanların böyük hissəsi bunların keçici olduğunun fərqinə varmır, əksinə, bunlara qapılıb əylənirlər. Kimisi daha çox mal-dövlət yığmağa, kimisi insanlar tərəfindən daha çox sevilməyə, kimisi daha gözəl və ya yaraşıqlı biri ilə ailə həyatı qurmağa, kimisi də iş yerində ən müvəffəqiyyətli şəxs olaraq tanınmağa çalışıb cəhd edir. Bütün bunlara elə böyük həvəslə bağlanırlar ki, sonsuz axirət həyatını tamamilə unudurlar. Ölümü yox olmaq olaraq düşünür və ölümdən sonrası üçün hazırlıq görmürlər.

Halbuki, Bədiüzzaman Səid Nursinin də söylədiyi kimi, ölüm yox olmaq deyil, əksinə, dünyada yaşanan imtahanın sona çatdığı və edilənlərin qarşılığının alındığı yerdir:

Kainatdakı yox olmaq, ayrılıq, yoxluq zahiridir. Gerçəkdə ayrılıq yoxdur, qovuşma vardır. Yox olma və yoxluq yoxdur, yenilənmə vardır. Və kainatdakı hər şey bir növ sonsuza qədər var olmağa qadirdir. Ölüm bu keçici aləmdən sonsuz aləmə getməkdir. Ölüm hidayət əhli və Quran əhli üçün o biri aləmə gedən dostlara qovuşma vəsiləsidir. Həqiqi yurdlarına girməyə vasitədir. Həm dünya zindanından cənnət bağçasına dəvətdir. Həm Rəhmani-Rəhimin fəzlindən öz xidmətinə qarşılıq ödəniş almaqdır. Həm həyat vəzifəsinin çətinliyindən bir tərxisdir. Həm də qulluq və imtahanın təlim və təlimatından bir fasilədir.3

Bədiüzzamanın yuxarıdakı sözlərində də ifadə etdiyi kimi, dünyanı gerçək yurd zənn etmək böyük qəflətdir. Çünki sonsuzluğun yanında dünya həyatının müddəti tək bir an hökmündə belə deyil. Bədiüzzaman başqa ifadəsində dünyanı axirətdən üstün tutmağın nə qədər ağılsız davranış olduğuna bu nümunə ilə diqqət çəkmişdir:

Əbədi həyatı zəhərləyəcək və pozacaq tərzdə sırf bu keçici həyata bağlanmaq ani bir şimşəyi, daimi olan günəşdən üstün tutmaq kimi divanəlikdir.4

Bu həqiqətin şüurunda olan müsəlmanlar ölümlə birlikdə dünyadan ayrılmağı Quran əxlaqından uzaq insanlar kimi üsyanla deyil, şövq və həyəcanla qarşılayırlar. Dünyada etdikləri gözəl əməllərin qarşılığını Allah`dan sonsuz axirət həyatlarında alacaqlarına ümid edirlər. Axirətdə cənnət kimi sonsuz gözəlliklər və incəliklərlə dolu bir məkana qovuşma ümidinin şövqü və həyəcanı içində yaşayırlar.

Dünyaya onu əbədi həyat yeri zənn edərək həvəslə bağlananların vəziyyəti bir ayədə belə xəbər verilmişdir:

Onlar doğru yolun əvəzinə azğınlığı, bağışlanmanın isə əvəzinə əzabı satın alan şəxslərdir. Onlar (cəhənnəm) oduna necə də səbirlidirlər! (Bəqərə surəsi 175)

Başqa ayədə də imanı əldən verib küfrü alanlar olaraq bildirilən bu insanlar böyük səhvə yol verirlər. Bu kəslərin necə itkiyə yol verdiklərini anlamaq üçün belə bir nümunə verə bilərik:

İki insan düşünün. Bunların ikisinə də böyük sərmayə verilsin və necə xərcləyəcəklərinin qərarı da özlərinə buraxılsan. Onlardan biri əlindəki bütün imkanları saçıb-sovursun və əlində bir müddət sonra heç bir şey qalmasın. Şübhəsiz, bu adam belə vəziyyətdə -geriyə dönməyin mümkün olmadığının fərqinə vardığında- çox böyük peşmanlıq yaşayar. Digər adam isə əlindəki sərmayəni qalıcı və insanlara faydalı şəkildə xərcləsin, əldə etdiyi bütün gözəlliklər həm özü, həm də insanlar üçün qazanc olsun.

Dünyada insana verilən bütün mal, mülk, mədəniyyət, şöhrət, etibar, gözəllik və daha bir çox nemət də axirətə hazırlanmaq üçün verilən fürsətdir. İman edən şəxs bu fürsətləri ən ağıllı şəkildə qiymətləndirər.

İnkar edənlər isə əlindəki sərmayəni boş yerə xərcləyən insana bənzəyir. İnkarçılar dünya həyatında özlərinə verilən qısa müddəti məqsədsiz şəkildə xərcləyir və sonra sonsuz axirət həyatında böyük bir itki içində olurlar. Bu insanların vəziyyəti Quranda belə xəbər verilir:

De: "Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik." (Kəhf surəsi, 103-105)

Sadəcə dünya həyatına razı olmayan və axirət həyatının əbədi olduğunun şüurunda olan kəslər bu həyatın keçici olduğunu bildikləri üçün sonsuz cənnət gözəlliklərini qazanmağa çalışırlar. Onlar bu ticarətə görə, böyük qazanc içindədirlər. Allah onları böyük bir əcrlə müjdələmişdir:

Doğrudan da, Allah möminlərdən cənnət müqabilində onların canlarını və mallarını satın almışdır.… (Tevbe Suresi, 111)

...Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur. (Tövbə surəsi, 111)

İnsan xeyir və şərlə imtahan olunur

İnsanların həyatları boyu müxtəlif şəkillərdə sınanacağını kitabın başında da ifadə etmişdik. Quranda bu sınaqların xeyirlə olduğu kimi, şərlə də ola biləcəyi bildirilir:

Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Məgər sən öləcəksən, onlar həmişəlik qalacaqlar?! Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız! (Ənbiya surəsi 34-35)

Ayələrdə xəbər verildiyi kimi, insan hər cür hadisə ilə sınana bilər. İnsan bolluq, zənginlik, nemət içində ikən də Allah`ın razı olacağı gözəl əxlaqı göstərməli, hər davranışında Allah`a yönəlib Onun əmr və tövsiyələrinə çox böyük həssaslıq göstərməlidir. Çünki bolluq dünyanın keçici bəzəklərinə aldanan insan üçün fitnə mövzusu, sınaq, unutdurub-yanıldan amil ola bilər. Amma imanlı bir insan nə qədər böyük nemətlər içində olursa-olsun, əsla Allah`a qarşı nankorluq etməz.

İnsan bundan əlavə xəstəliklərlə, fəlakətlərlə, inkarçılardan gələn müxtəlif təzyiqlərlə, incidici söz, böhtan, tələ, kimi hadisələrlə də imtahan oluna bilər. Lakin müsəlman bunların hamısının imtahanın bir hissəsi olduğunu bilir və bunlara səbir göstərməyin gözəlliklərə açılan qapı olduğunu unutmur.

Bu insanlar qeyd etdiyimiz kimi, dünya qarşılığında axirəti satın alaraq özləri üçün xeyirli ticarət etmişlər. "Bilin ki, var-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah dərgahındadır. (Ənfal surəsi 28)" ayəsinə uyğun olaraq, sahib olduqları hər şeylə sınandıqlarının şüuruna varmışlar. Canlarının, mallarının, sahib olduqları hər şeyin Allah`a aid olduğunu bildikləri üçün bunlarda meydana gələn azalma və ya artım onların əxlaqına, düşüncə tərzinə və Allah`a olan sədaqətlərinə əsla təsir etməz. Quranda bu insanların gözəl əxlaqını təsvir edən bir çox ayə vardır:

Lakin (Allah`ın) Elçisi və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlar üçün nemətlər hazırlanmışdır. Məhz onlar uğur qazananlardır. Allah onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur. (Tövbə surəsi, 88-89)

Möminlər ancaq Allah`a və Onun Elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! Sadiq olanlar da məhz onlardır. (Hucurat surəsi 15)

Ayələrdə diqqət çəkildiyi kimi, bu dünya müsəlmanlar üçün Allah yolunda Onun razılığını qazanmaq üçün cəhd edilən, xidmət edilən məkandır. Bədiüzzaman Səid Nursi də dünya həyatının sadəcə xidmət yeri olduğunu, insanın çətinlik və gözəlliklərlə sınaqdan keçiriləcəyini, müsibətlərə, çətinliklərə səbir etməyin mükafatının da çox böyük olacağını bu şəkildə bildirir:

Bu dünya həyatı imtahan meydanıdır və xidmət yurdudur; ləzzət və mükafat yeri deyil. Madam ki, xidmət yurdudur və qulluq məhəlidir, xəstəlik və müsibətlər dini olmamaq və səbir etmək şərti ilə, o xidmət və qulluğa çox müvəffəqiyyət və qüvvət verər. Və hər bir saatı bir gün ibadət hökmünə girdiyi üçün şikayət etmək deyil, şükür etmək lazımdır. Bəli, ibadət iki qisimdir: birinci qisim müsbət, digəri isə mənfi. Müsbət qismi məlumdur. Mənfi qismi isə xəstəlik və müsibətlərdə zəifliyini və acizliyini hiss edib, Rəhman olan Rəbbinə yönəlib, Onu düşünüb, Ona yalvarıb xalis qulluq edər. Bu qulluğa riya girə bilməz, xalisdir. Əgər səbir etsə, müsibətin mükafatını düşünsə, şükür etsə, hər bir saatı bir gün hökmünə keçər. Qısa ömrü uzun bir ömür olar. Hətta bir qisim var ki, bir dəqiqəsi bir gün ibadət hökmünə keçər.5

Səid Nursinin bu hikmətli izahını ətraflı şəkildə düşünmək çox əhəmiyyətlidir. İnsan Allah`a qulluq etmək, Ona olan təslimiyyətini və bağlılığını hər hadisə qarşısında göstərməklə məsuldur. İnsanın qarşısına çıxan çətinliklərə səbir etməyi də bu bağlılığı göstərməyin yollarından biridir. İnsan dünyada hər cür çətinliklə qarşılaşa bilər, çünki bu Allah`ın Quranda bildirdiyi dəyişməyən qanundur. Bu çətinlik və sıxıntı anları insanın gözləmədiyi zamanlarda da ortaya çıxa bilər və çox uzun müddət davam edə bilər, yaxud belə görünə bilər. Məsələn, insan varlı ikən kasıb ola bilər, müvəffəqiyyətli olduğu mövzuda ümid etmədiyi müvəffəqiyyətsizliklə qarşılaşa bilər, sevdiyi insanı itirə bilər, xəstələnə bilər, şikəst qala bilər… Amma bunların hamısı bu insan üçün sınaqdır və Allah belə sınaqlara səbir edən qullarını sonsuz gözəlliklə müjdələmişdir.

Buna görə də insan dünya həyatındakı -axirəti üçün çox qiymətli olan- hər gününü, hər saatını, hətta hər dəqiqəsini və saniyəsini çox yaxşı qiymətləndirməlidir. Etdiyi hər işdə, hər hərəkətdə "Allah`ı ən çox necə razı edərəm?" sualının cavabını axtarmalıdır. Vacib olan odur ki, insan dünyaya bağlanıb axirəti unutmasın. İnsanın Allah`ın hüzuruna çıxdığı zaman sonsuz gözəlliklərə qovuşmağının yolu budur:

Hər bir kəs ölümü dadacaqdır. Lakin qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim oddan uzaqlaşdırılıb, cənnətə daxil edilərsə, o, uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən bir çox əziyyət verici sözlər eşidəcəksiniz. Əgər səbir edib (Allah`dan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir. (Al-i İmran surəsi, 185-186)

QEYDLƏR

1. Risale-i Nur Külliyatı, Sözler, s. 277

2. Risale-i Nur Külliyatı, Sözler, s. 126-127

3. Risale-i Nur Külliyatı, Sözler, s. 765

4. Risale-i Nur Külliyatı, Tarihçe-i Hayat, s. 198

5. Risale-i Nur Külliyatı, Lemalar, s. 10

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Dünya İmtahan Yeridir
  • İmtahanın Sirri
  • Çətin Anların Müsəlmanı
  • Cahil İnsanların Çətinliklər Qarşısındakı Davranışları
  • İmtahan Son Ana Qədər Davam Edir
  • Nəticə
  • Yaradılış Həqiqəti 1/2
  • Yaradılış Həqiqəti 2/2