Cahil İnsanların Çətinliklər Qarşısındakı Davranışları

Şərtlər nə olur-olsun, müsəlmanların əxlaqında dəyişiklik olmadığını əvvəlki hissələrdə görmüşdük. İman etməyənlər və ya ürəklərində xəstəlik olanlar isə çətin anlarda əzmli olmurlar. Səbirlərinin tükəndiyi bir nöqtə mütləq vardır. Buna görə də çətinlik və sıxıntı ilə qarşılaşdıqda gərginlik keçirirlər. Bu gərginlik bəzən kiçik bir hadisə ilə özünü büruzə verir; qəzəblənirlər, qışqırırlar, dalaşırlar, təhqir edirlər, şiddət göstərirlər… Gündəlik həyatda şən, gülərüz, rahat olan insanlar çətinlik anlarında sanki xarakter dəyişdirirlər. O insanın yerinə tərs, kobud insan gəlir. Müsəlman doğrunu və gözəli səbirlə izah etdiyi halda, cahil insanlar izah etmək yerinə hücum edirlər. Bu, cahiliyyənin gerçək üzü, gerçək xarakteridir.

İşdən çıxarılmaq, xəstəlik, qəza, fəlakət, müflisləşmək kimi çətinliklər bu xarakter dəyişikliyinə səbəb ola bilər. Bu xarakterə məxsus insanların rahatlığı hər hansı bir səbəblə itərsə, dərhal əhvalları pozular və ümidsizliyə düşərlər. Allah Quranda çətinliklə qarşılaşdıqda nankorluq edənləri belə xəbər verir:

İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: "Rəbbim mənə ehtiram göstərdi!" –deyər. Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: "Rəbbim məni alçaltdı!" – söyləyər. (Fəcr surəsi 15-16)

Allah dindən uzaq olan insanları da bəzən nemətlər verərək, bəzən də bu nemətlərdən azaldaraq sınayır. Müsəlmanlar bu vəziyyətdə mütləq təvəküllü və şükürlü davrandıqları halda, inkarçılar Allah`a qarşı nankorluq edirlər. Bu insanlar dünyada imtahan edildiklərinin şüurunda olmurlar və buna görə də həm dünyada, həm də axirətdə itkiyə məruz qalırlar.

İnkarçılar çətinliklə qarşılaşdıqda kədərlənirlər. Çətinliklərə dözə bilməyib ya intihar edir, ya da içki və narkotik vasitələrdən istifadə edərək depressiyaya düşürlər. Lakin heç biri bu çətinliklərin səbəbini düşünmür. Halbuki, Allah`ın inkar edənlərə bu çətinlik və əziyyətləri verməsinin bir hikməti də insanların "… Biz onları əzabla yaxaladıq ki, bəlkə, qayıdalar. (Zuxruf surəsi 48)" ayəsində də bildirildiyi kimi, doğru yola yönəlmələri, yəni tövbə edib iman etmələridir. Lakin bu çətinlik və sıxıntılar çox vaxt bu inkarçıların qəlblərinin sərtləşməsi və inkarlarının daha da artması ilə nəticələnir:

Nə üçün əzabımız onlara gəldiyi zaman boyun əymədilər? Onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəlləşdirdi. Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar. (Ənam surəsi 43-44)

Dünyaya bağlananların vəziyyəti

Müsəlmanlar imtahanın sirrini qavradıqları üçün xoşbəxt və rahat yaşayırlar. Dünyaya bağlananlar isə çox çətinlik və əzab çəkirlər. Müsəlmanlar səbrin gözəlliyini və zövqünü yaşadıqları halda, dünyaya bağlanıb imtahan olunduqlarını anlamayanlar səbirsizliyin, təvəkkülsüzlüyün, xəsisliyin, dünya həvəsinin çətinliyini və əzabını yaşayırlar. Bu əzab həyatlarının hər anında özünü göstərir. Hər işlərinə bərəkətsizlik və narahatlıq hakimdir. Gözəllikləri görmür, üstün əxlaqın verdiyi zövqü əsla dada bilmirlər.

Namussuzluq, əxlaqsızlıq, riyakarlıq həyatlarının hər anında özünü büruzə verir. Ən böyük səhvləri isə həmişə özlərini düşünüb, xəsislik və eqoistlik edərkən bunların özlərinə gətirəcəyi zərərləri görə bilməmələridir. Əslində, bu şəkildə düşünənlər həm dünyada, həm də axirətdə böyük itkiyə məruz qalırlar, lakin bunun fərqinə vara bilmirlər. İnkar edənlər altından çaylar axan cənnət yurdunu, sonsuz nemətləri itirirlər. Ən əsası isə Allah`ın razılığını və rəhmətini itirmələridir. Allah "Fatir" surəsində inkarçıların necə böyük itki içində olduqlarını bu şəkildə bildirir:

Sizi yer üzündə xələflər edən Odur. Kafirin küfrü öz əleyhinə olar. Kafirlərin küfrü Rəbbi yanında ancaq onlara bəslənən qəzəbi artırar. Kafirlərin küfrü onlara ziyandan başqa bir şey artırmaz. (Fatir surəsi 39)

İnkar edənlərin içinə düşdüyü bu vəziyyət onları izləyən müsəlman üçün ibrət vericidir. Məsələn, oğurluq edib yetimin, kasıbın, ehtiyac içində olanın malını qəsb edən adamın bu haram pullarla alıb geyindiyi paltarların mənəvi kiri hər halından bilinir. Allah ayələrdə iman etməyənlərin vəziyyətini "Allah iman gətirməyənləri beləcə rəzalətə salar. (Ənam surəsi 125)" şəklində bildirir. Onların üzərindəki cismani kirlə yanaşı, mənəvi kir də xəbər verilir. Bu kir Allah`dan qorxanların görə biləcəyi mənəvi kirdir. Varlı olduğu halda, xəsislik edən, kasıba, yoxsula və ehtiyac içində olana əl tutmayan, kömək etsə belə, bunu minnət altında qoyaraq edən bu kəslər, mənəvi kiri də üzərilərində daşıyırlar. "Dini yalan sayan o kimsəni gördünmü? O, elə adamdır ki, yetimi qovar və kasıba əl tutmağa sövq etməz. (Maun surəsi 1-3)" ayələrində bildirilən əxlaqdakı şəxslərin bütün hərəkətləri, haram yemələri, sədəqə verməyib pul yığmaları və bu pulları qeyri-qanuni şəkildə xərcləmələri iman edənlərdə ikrah hissi oyadır.

Gündəlik həyatda mal-dövlətini haram işlərlə qazanan kəsləri görürük. Həyatını cinayət, rüşvət və ya fırıldaqla qazananların davranışları günahkar həyatın izlərini daşıyır. Allah haram yeyən, yetimin malını mənimsəyən, yoxsula, ehtiyacı olana əl tutmayan, zülm edən insanların bütün heybət və gözəlliyini əllərindən alır. Onlar özlərini gözəlləşdirməyə çalışdıqca mənəvi kir, zülmət və çirkinlik onları bürüyür. Bu, əxlaqsızlığın, günahkarlığın, şərəfsizliyin işarəsidir. Allah pis əxlaqın nəticəsində insanların üzlərini örtən bu zülmət və çirkli ifadəni "zillət" sözü ilə bizlərə açıqlayır:

Yaxşı iş görənlər üçün ən yaxşısı (cənnət) və bundan da üstünü (Allah`ı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar cənnət sakinləridirlər və orada əbədi qalacaqlar. Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allah`dan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar od sakinləridir və orada əbədi qalacaqlar.(Yunis surəsi 26-27)

Ayədə də ifadə edildiyi kimi, gözəl əxlaq insanların gözəlliyini artırır, pis əxlaq isə qaranlıq gecə kimi inkarçıların üzünü bürüyür. Çünki Allah hər kəsə etdiyi ilə qarşılıq verir. Pislər pisliklə, yaxşılar da gözəlliklə qarşılıq görür. Belə kəslərin bütün davranışları inananlarda ikrah hissi oyadır.

Məsələn, belə insanın hər hərəkəti başqalarında narahatlıq yaradır. Ziyafət təşkil etdikdə, bu, kənardan nə qədər gözəl görünsə də, onların əxlaqlarının fərqində olan insanın gözünə gözəl görünməz. Çünki bu insanların həyatı haramdan ibarətdir. Yeyib-içdiklərində kasıbın, yetimin haqqı vardır. Bir mömin halal pulla qazanılmış bir qab yeməyi, haram yolla qazanılmış pulla hazırlanan möhtəşəm süfrədən üstün tutar. Hər şeydə köməksiz qadınların, uşaqların, zərər çəkən yaşlıların haqqı olduğunu düşünər. Fiziki cəhətdən təmizlik olsa belə, əvvəlcə bəhs etdiyimiz mənəvi çirk bunlarda da hiss edilər. Ayələrdə Allah haram yeyənlərin və yalana qulaq asanların həm dünyada, həm də axirətdə rüsvay olacağını, insanların gözündə də alçalacağını bildirmişdir:

… Allah kimi fitnəyə salmaq istərsə, sən ondan ötrü heç bir şeylə Allah`a mane ola bilməzsən. Onlar o kəslərdir ki, Allah onların qəlbini təmizləmək istəməmişdir. Onlar dünyada rüsvay, axirətdə isə böyük bir əzaba düçar olacaqlar. Onlar yalana qulaq asanlar və haram yeyənlərdir… (Maidə surəsi 41-42)

Əslində, bu insanlar da özlərindən və özlərinə bənzəyən insanlardan narahat olurlar. Çünki vicdansız və zalım davranışlarına özləri də şahiddirlər. Haram işlərdən dolayı çox həyasız bir görünüş alırlar. Günümüzdə bu həyasızlığın hakim olduğu kəslər fahişəlik edənlər və bundan pul qazananlardır. Bu əxlaqsızlığı peşə edənlər insanlıqdan uzaqlaşırlar. Üzərilərində insanlığa aid heç bir gözəllik qalmır, bütün heybətləri gedir. Fahişəlik qadında da, kişidə də çirkinlik meydana gətirir. Allah bu insanlara xəstəlik, bəla, müsibət, yoxluq verir. Bəhs etdiyimiz mənəvi kir və zillət bu kəslərdə də özünü büruzə verir.

Allah ayələrdə imtahanın sirrini qavrayan və cənnət yurduna qovuşan inananlarla yanaşı, zillət əhlinin cəhənnəmdəki mövqeyini də bildirir. Bu kəslər həlak olmuş və bütün yaxınlarını da həlak etmişlər:

(Cəhənnəm) qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən. Möminlər deyəcəklər: "Şübhəsiz ki, ziyana uğrayanlar qiyamət günü özlərini və ailələrini itirənlərdir". Həqiqətən, zalımlar daimi əzab içində olacaqlar. (Şura surəsi 45)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Dünya İmtahan Yeridir
  • İmtahanın Sirri
  • Çətin Anların Müsəlmanı
  • Cahil İnsanların Çətinliklər Qarşısındakı Davranışları
  • İmtahan Son Ana Qədər Davam Edir
  • Nəticə
  • Yaradılış Həqiqəti 1/2
  • Yaradılış Həqiqəti 2/2