Həyatınızda hər hansı bir şeyi əldə etmək üçün cəhd edib əmək sərf etmişsiniz. Təhsil həyatınızı düşünün. O dövrdə ən çox düşündüyünüz böyük ehtimalla tez-tez qarşılaşdığınız imtahanlardır. Bunların içində ən əhəmiyyətlisi isə, şübhəsiz ki, universitet imtahanıdır. Bəzi gənclər universitet imtahanını həyatının dönüş nöqtəsi hesab edir.
Çünki gələcəyi necə planlaşdıracaqlarını bu üç-dörd saatlıq imtahanın nəticəsində təyin edəcəklərini düşünürlər. Buna görə də illərlə çalışır, yuxusuz qalır, bir çox ictimai fəaliyyətdən, tətil və əyləncədən uzaq durub, sadəcə dərs oxuyurlar. Yeganə məqsədləri istədikləri universitetə qəbul olmaqdır. Bu məqsədə çatmaq üçün böyük bir səbir və əzm göstərirlər.
Halbuki, dünya həyatında əldə edilən bütün mənfəətlər keçicidir. Amma bundan başqa, bir də əsla itməyən, əsla tükənməyən gözəlliklərin, sonsuz nemətlərin olduğu və insanın əbədiyyətə qədər qalacağı gerçək bir həyat vardır.
İnsanın sonsuz axirət yurdunu qazanmaq üçün sınandığı yer dünya həyatıdır. İnsan yer üzündə olduğu müddət ərzində imtahan olunur və bu mövzuda göstərdiyi cəhdlə sınanır. Həyat Allahın bizləri sınamaq və öyrətmək üçün yaratdığı keçici bir müddətdir. İnsan bu müddət ərzində düşünmək, Rəbbimizi tanımaq, Onun hökmlərinə tabe olmaq və sadəcə Onun razılığını axtarmaqla məsuldur.