Allah israfı qullarına haram etmiş və xərcləyərkən hansı ölçüdə xərcləmək lazım olduğunu belə bildirmişdir:
Onlar xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar. (Furqan surəsi, 67)
Müsəlmanlar əllərindəki hər şeyi Allah yolunda, Allah`ın razılığını qazanmaq üçün sərf edərlər. Əllərindəki hər şeyin onlara Allah`ın verdiyi nemət olduğunu, bunların heç birinin əsl sahibi olmadıqlarını unutmazlar. Fədakarlıq tələb olunduqda da bütün mal-dövlətlərini Quranın əmr etdiyi şəkildə xərcləyər, lazımsız şeylər üçün bircə qəpiyi belə israf etməkdən çəkinərlər. Allah Quranda möminlərə ehtiyacı olanlara mallarından vermələrini, ancaq israfçılığa yol verməməyi əmr etmişdir:
Qohum-əqrəbaya da, miskinə də, müsafirə də haqqını ver. Eyni zamanda, sağa-sola da səpələmə! Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur. (İsra surəsi, 26-27)
İsraf etmək nemətlərdən uzaq durmaq deyil. Allah Quranda “... Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” (Əraf surəsi, 31) ayəsi ilə bildirdiyi kimi, inananların nemətlərdən faydalanmasını əmr etmiş, lakin bunları israf etməyi qadağan etmişdir. Lakin dindən uzaq yaşayan cəmiyyətdə israf məsələsinə o qədər əhəmiyyət verilmir. Kafelərdə, evlərdə çox miqdarda yemək, kilolarla çörək, meyvə, tərəvəz atılır. Halbuki, Allah az və ya çox, hər cür israfı haram etmişdir. Ona görə, insanlar düşüncəsizliklə: “Bu xarab oldu; bunları istifadə edə bilmərik”, - deyərək əllərindəkini atmamalı, bütün nemətləri xarab olmadan dəyərləndirməlidirlər. Ancaq bu şəkildə nemətin haqqını vermiş olarlar, əks təqdirdə, bərəkətsizlik və Allah`a qarşı nankorluq etmiş olarlar.
Ölüm bir aləmdən digər aləmə keçməkdir. Ölən insanın ruhu ilə dünyadakı bədəni arasındakı əlaqə kəsilir. İnsan ölüm anından etibarən ölüm mələkləri olan aləmə keçid edir. Bu keçid insanın sonsuz həyatının da başlanğıcıdır. Başqa aləmə keçidlə birlikdə insanlar canlarını almağa gələn ölüm mələklərini görürlər, hətta gələn mələklər onlarla danışır. Ancaq hər kəsin canı eyni şəkildə alınmır. Möminlərin canını almağa gələn mələklər ilə kafirlərin canını alan mələklər fərqli davranırlar.
Möminlərin canını alan mələklər onlara: “Salam”, - deyərək canlarını rahatlıqla alırlar. Bu əsnada onları gedəcəkləri cənnətlə müjdələyirlər. (Nəhl surəsi, 32)
İnkarçıların canını alan mələklər isə heç gözləmədikləri anda onların üzünə və arxasına vurmağa başlayar (Muhəmməd surəsi, 27), canını ən dərindən əzabla çəkər və bu zaman inkarçının ayaqları bir-birinə dolaşar (Qiyamət surəsi, 29). Mələklər əllərini onlara doğru uzadarkən əbədi davam edən, alçaldıcı və yandırıcı əzabla müjdələyirlər (Ənam surəsi, 93).
Şeytan insana hər tərəfdən yaxınlaşaraq onu Allah`ın yolundan uzaqlaşdırmağa çalışır. Bunun üçün müxtəlif yollara əl atır. Vəsvəsə də şeytanın bu metodlarından biridir. Vəsvəsə şeytanın insanı boş işlərlə məşğul etmək, mühüm məsələləri düşünməkdən uzaqlaşdırmaq üçün pıçıldadığı sözlər, yanıltmalar, qəlbinə saldığı boş şübhələr və narahatlıq verən fikirlərdir. Şeytanın bu xüsusiyyəti Quranda belə bildirilir:
De: “Sığınıram insanların Rəbbinə, İnsanların ixtiyar sahibinə; insanların məbuduna! Vəsvəsə verən, qaçıb gizlənən şeytanın şərindən- O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır...” (Nas surəsi, 1-5)
Şeytan insanın ağlına gətirdiyi Qurandan kənar düşüncələrlə onun normal düşünməsinə mane olur, onu, başda dini mövzular olmaqla, dünya və axirət həyatına zərər verən şübhələrə salmaq istəyir. Bir çox cəfəng, əsassız fikri insanın öz fikirləri kimi təlqin edib onun özünə olan etibarını itirməsinə çalışır. Qurana uyğun davranmayan şəxs şeytanın bu hiyləsini anlamır və onun vəsvəsələrini dinləyərək daima şübhələr içində çapalayır. Şeytanın bu pıçıltıları insanın dini səhv tanımasına, Allah`ın gücünü təqdir etməməsinə, daima şübhə içində olmasına səbəb olur. Nəticədə, Allah`ın böyüklüyünü, yaradılış məqsədini düşünmək əvəzinə, nə özünə, nə də ətrafındakı insanlara fayda verən məsələlərə başını qataraq yaşayır. Beləliklə, şeytan Qurandan xəbərsiz, din əxlaqından uzaq olan bu insan üzərində məqsədinə nail olur, onu əbədi cəhənnəm əzabına düçar edir. İnkar edənlərin və günahkarların hər zaman şeytanın təlqinlərinə aldandığı, şeytanın vəsvəsələrini dinləyərək hərəkət etdiyi Quranda xəbər verilir:
Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya, günahkara nazil olarlar. Eşitdikləri sözləri onlara təlqin edərlər. Onların əksəriyyəti yalançıdır! (Şüəra surəsi, 221-223)
Allah`ın Quranda bildirdiyi kimi, şeytanın hiyləsi zəifdir (Nisa surəsi, 76). İman gətirənlər və Rəbbimizə təvəkkül edənlər üzərində onun heç bir təsiri yoxdur. Allah möminlərə vəsvəsə gəldikdə nə etməli olduqlarını və bu vəsvəsədən xilas olma yollarını Quranda bildirmişdir. Qurana tabe olan möminlər onlara vəsvəsə gəldikdə dərhal şeytandan Allah`a sığınarlar. Qısa müddətdə ağıllarından keçən düşüncənin şeytana aid olduğunu anlayarlar. Heç bir şübhəyə və ya sıxıntıya qapılmadan, Allah`ı zikr edər və şeytanın bu hiyləsindən xilas olarlar.
Allah Quranda vəsvəsə gəldikdə möminlərin bunu dərhal düşünüb tanıyacaqlarını belə bildirmişdir:
Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allah`a sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir! Allah`dan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman onlar Allah`ı xatırlayıb düşünərlər və dərhal görən olarlar. (Əraf surəsi, 200-201)
Allah Quran oxunarkən insanların susub dinləmələrini əmr etmişdir:
Quran oxunan zaman onu dinləyin və susun ki, sizə rəhm olunsun! (Əraf surəsi, 204)
Cəmiyyətdə bir çox insan Allah`ın bu əmrindən xəbərsizdir. Televizorda, radioda Quran oxunarkən insanlar işlərinə davam edir, bir tərəfdən də söhbət edirlər. Halbuki, bu zaman susub dinləməlidirlər. Əgər şəraitə görə səssizlik təmin olunmursa, onda televizoru və ya radionu söndürə bilərlər. Çünki, əks təqdirdə, Allah`ın fərz qıldığı hökmü pozarlar.
Özünü müsəlman adlandıran bir çox insan Allah`ın ondan nə istədiyini, necə həqiqi müsəlman olacağını bilmir. Çünki həyatında bir dəfə də Allah`ın onun üçün nazil etdiyi müqəddəs kitabı oxumamışdır. Halbuki, Allah Quranı insanları nə üçün yaratdığını və onlardan nə istədiyini bilmək üçün endirmişdir. Allah`ı tanımaq, Onu razı edərək cənnətinə getmək istəyən insanlar Quranı çox yaxşı bilməlidirlər.
Ancaq cahil cəmiyyətdə Quran haqqında tamamilə səhv düşünürlər. Bu insanların bəziləri Quranı sadəcə oxuyur, lakin Allah`ın ona verdiyi öyüdləri heç düşünmür, özünə aid etmir, həyatına tətbiq etmir. Quran oxumaq ibadətdir, ancaq Quran Allah`ı tanımaq, Allah`ın istədiklərini öyrənmək və tətbiq etmək üçün oxunar. Bu insanlardan bəziləri Quranın sadəcə dua kitabı olduğunu zənn edir. Dua edərkən Qurandan əzbərlədiyi ayələri mənasını anlamadan oxuyur. Əlbəttə, Quranda Allah peyğəmbərlərin dualarından nümunələr verir və möminlər də bu duaları örnək götürməlidirlər. Ancaq Quranı sadəcə dua kitabı kimi düşünmək yanlışdır.
Allah Quranı möminlərə rəhbər kimi nazil etmiş və Quran açıq-aydın ayələri ilə möminləri qaranlıqlardan nura çıxarır. Quranın bu xüsusiyyətini Allah belə bildirir:
… Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab gəldi. Allah Öz lütfünə sığınanları onunla əmin-amanlıq yollarına yönəldər, onları öz izni ilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər! (Maidə surəsi, 15-16)
... Bu, elə bir kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura – yenilməz qüvvət sahibi, tərifə layiq olan Allah`ın yoluna çıxartmaq üçün nazil etmişik. (İbrahim surəsi, 1)
Sözügedən insanların həm də Quranın keçmişdə yaşamış xalqlara göndərildiyini düşünürlər. Halbuki, zamanın keçməsi, texnologiyanın inkişaf etməsi, kosmos və ya kompyuter dövründə yaşamağımız heç nəyi dəyişdirmir. 1400 il əvvəlki insanlar ilə bu gün yaşayan və ya gələcəkdə yaşayacaq insanların həvəs və istəkləri, dünyaya dair düşüncə tərzləri, cahillikləri daima eyni qalır. Hər dövr üçün doğru məlumat mənbəyi isə Qurandır. Allah Qurana tabe olmamaq üçün onun qədimlərin əfsanələri olduğunu iddia edən insanları cəhənnəm ilə xəbərdar edib qorxudur:
Ayələrimiz ona oxunduğu zaman: “(Bunlar) qədimlərin əfsanələridir” – deyər. Xeyr. Əslində, onların qəlblərini qazandıqları qaplamışdır. Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar! Sonra onlar cəhənnəmə girəcəklər. (Mutaffifin surəsi, 13-16)
Din insanlara vicdanlarını dinləyərək yaşamağı əmr edir. Hər kəsin vicdanla davrandığı mühitdə isə çəkişmə, dava və ya narahatlıq verən hər hansı hərəkətə rast gəlinməz.
Dinə tabe olan insanlar ağıllı olurlar, hadisələrə də sağlam fikirlə yanaşırlar. Ona görə, daima məsələyə həll yolu gətirən və rahatlıq verən şəkildə davranırlar. Bu da onların olduğu mühitdə rahatlıq olmasını təmin edir.
Din ədaləti əmr edir. Hər kəsə haqqı tam şəkildə verilir, ona görə, kimsənin öz haqqı üçün mübarizə aparmasına, bunun üçün müxtəlif yollara əl atmasına ehtiyac qalmır. Haqqı digər dindar və vicdanlı insanlar tərəfindən qorunur.
Dindar insanlar Allah`dan qorxduqları üçün cinayət, intihar, oğurluq kimi Allah`ın haram etdiyi hərəkətləri etməzlər. Axirətdə hesabını verə bilməyəcəkləri şeyi əsla etməzlər.
Dində şəxsi mənfəət üçün çalışmaq yoxdur. Hər kəs dinin ortaq mənfəəti üçün əlindən gələnin artığını etməklə məsuldur. Ona görə, mənfəətə zidd olan bir şey olarsa, əsla problem çıxmaz.
Dində məcburiyyət yoxdur. Möminlər sadəcə dini təbliğ etməklə məsuldurlar.
Bundan əlavə, Quranda Allah`ın iman gətirənlərin üzərində xüsusi rahatlıq hissi verdiyi bildirilir. Bu, saleh möminlərə Allah qatından verilən böyük nemətdir. Bu həqiqət Quranda belə bildirilir:
Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə arxayınlıq göndərən Odur. Göylərdəki və yerdəki ordular Allah`ın ixtiyarındadır. Allah biləndir, hikmət sahibidir! (Fəth surəsi, 4)
Burada izah edilənlər dinin insanlara bəxş etdiyi gözəl mühitin ümumi tərifidir. Din istər insanlar, istər cəmiyyət baxımından dünyada mümkün olan ən rahat, ən ideal, ən qüsursuz mühitə zəmanət verir.
Mömin həyatı boyu etdiyi hər işi Allah`ın rizası üçün edər. Gördüyü iş nə olsa da, ona əsl məqsədini unutdurmaz. Allah Quranda möminlərdən bəhs edərkən ticarətin onlara əsl məqsədlərini unutdurmadığını belə bildirmişdir:
O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allah`ı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar. (Nur surəsi, 37)
Allah`ın möminlərdən tələb etdiyi üstün əxlaq var və möminlər hansı işlə məşğul olsalar da, bu əxlaqa uyğun davranırlar. Ticarət edərkən də dürüst, səmimi, fədakar, çalışqan, ədalətli və təvazökardırlar. Bütün diqqətləri Allah`ın razılığını qazanmağa və halal-haram hədlərini aşmamağa yönəlir. Bununla yanaşı, Allah möminlərə ticarət edərkən başqalarının haqqını tapdamamağı, ölçünü və tərəzini düz tutmağı, insanların əşyasını dəyərdən salmamağı əmr etmişdir (Hud surəsi, 85).
Bundan əlavə, ticarət edərkən dürüstlüyün, insanlara haqsızlıq etməməyin və bu cür gözəl əxlaqlı davranaraq Allah`ı razı etməyin daha xeyirli olduğu “İsra” surəsində belə bildirilmişdir:
Ölçəndə ölçüdə düz olun, düzgün tərəzi ilə çəkin. Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır! (İsra surəsi, 35)
Təvəkkül insanın hər işində Allah`a güvənməsi, yeganə qoruyucusunun Allah olduğunu bilərək Ona təslim olmasıdır. Hadisələrin həmişə Allah`ın nəzarəti altında baş verdiyini bilən möminlər Onun iman gətirənləri hər zaman dəstəklədiyini, onlara kömək etdiyini bilirlər. Əlbəttə, bu əhvala malik insanın qəlbi daima rahatdır. Təvəkküllü olmayan, özünü Allah`a təslim etməmiş insanlar isə həyatı boyu böyük qorxu, narahatlıq, sıxıntı, narazılıq, əsəb, peşmanlıq, həsəd kimi hisslərin əsiri olurlar. Allah inkarlarına görə, bu insanların qəlbinə böyük sıxıntı yerləşdirir. Təvəkkülün rahatlığını onlara yaşatmır. Allah`a güvənməyənlərin qəlbindəki bu sıxıntı Quranda belə tərif edilir:
Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər! (Ənam surəsi, 125)
Batildən haqqa dönərək yalnız Allah`a təslim olduğunuz və Ona şərik qoşmadığınız halda! Allah`a şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə bənzər. (Həcc surəsi, 31)
Fiziki dua insanın sözlə dua edərək istədiyi şeyin həyata keçməsi üçün əlindən gəldiyi qədər çalışaraq lazım olan hər şeyi yerinə yetirməsidir. Məsələn, insan su istəyir, lakin suyun qarşısına gəlməsini gözləməz, gedib suyu stəkana tökər və içər. Yəni Allah`dan istədiyi şeyin baş verməsi üçün Allah`ın ona öyrətdiyi səbəbləri və qanunları bacardığı qədər yerinə yetirib nəticəsini Allah`dan gözləyər. İnsan bir imtahandan keçməyi çox arzulayar, Allah`a dua edər, əlbəttə, bunun üçün lazım gəldiyi qədər çalışar, öyrənər, oxumağa mane olan, diqqəti dağıdan mühitdən uzaq olar və bu cəhdinin nəticəsində də Allah ona uğur nəsib edər.
İnsanların bir qismi dua haqqında səhv düşünürlər. Onların fikrincə, Allah`a dua etdikdən sonra bir kənara çəkilmək və duanın nəticəsini gözləmək lazımdır. Halbuki, bu, səmimi davranış deyil. Çünki bir şeyi həqiqətən istəyən insan həm sözlə, həm də fiziki dua etməlidir. Lakin fiziki cəhətdən hər şeyi edib Allah`a dua etməyi unutmaq da yanlışdır. Hər iki dua birlikdə edilməlidir.
Allah`ın insanlara göndərdiyi dinə təslim olmağı qəbul etməyən insanlar Quranda təbliğ edilən gözəl əxlaqa uyğun yaşamazlar və Quranda insanlara bildirilmiş hədləri qorumazlar. Allah`dan qorxub çəkinmədikləri və axirətə inanmadıqları üçün etdiklərinin hesabını verməkdən də qorxmurlar. Ona görə, dinsiz cəmiyyət hər cür əxlaqsızlığı və pisliyi qorxmadan və nəticəsini düşünmədən edən insanlardan ibarət olur. Belə cəmiyyətin sürətlə degenerasiyaya uğraması labüddür. Çünki bu insanlar qadağan olunduğu halda, rahatlıqla oğurluq edir, insanlara zərər verir, qəzəblənir, adam öldürür, başqalarının haqqına təcavüz edir, yalan danışır, özlərindən başqa kimsəyə dəyər vermir, hər şeyi mənfəət güdərək edir, gücsüzləri əzirlər. Dindar olmadığını, ancaq əsəbi də olmadığını deyən insan bir gün dözə bilmədiyi hadisə ilə qarşılaşır və bunun əvəzində hər cür pisliyi etməkdə özünü haqlı görür. Elə əsəbiləşir ki, yeri gəldikdə, adam da öldürür.
Dinsizlik hər hansı sərhəd tanımadığı üçün cəmiyyətdəki bütün insani hissləri öldürür və qorxunc degenerasiyaya səbəb olur. Dinsiz cəmiyyətdə dinin insanlara gətirdiyi ədalət, mülayimlik, tərbiyə, mərhəmət və sevgi qətiyyən yoxdur. Ona görə, dinsizlik cəmiyyətdəki degenerasiyanın əsas mənbəyidir.
Cinlər eynilə insanlar kimi Allah`a ibadət etmək üçün oddan yaradılmış, başqa aləmdə yaşayan varlıqlardır (Zəriyət surəsi, 56), (Hicr surəsi, 27). Allah cinlərə də elçilərini göndərir (Ənam surəsi, 130). Onlardan da iman gətirənlər və gətirməyənlər var. Allah cinlərin bu halını bir ayədə belə xəbər verir:
Şübhəsiz ki, aramızda müsəlmanlar da var, (haqq yoldan) çıxanlar da. Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır. (Cinn surəsi, 14)
Eyni zamanda, aralarında insanlarda olduğu kimi peyğəmbərlərə düşmənçilik edənlər də var:
Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq... (Ənam surəsi, 112)
Cinlər də insanlar kimi axirətdə əməllərinin əvəzini alacaqlar. Allah`a iman gətirib peyğəmbərlərin xəbərdarlığını dinləyənlərə əsla haqsızlıq edilməyəcək, savab qazanacaqlar. İnkar edən cinlər isə inkar edənlərlə birlikdə cəhənnəmə atılacaqlar. Allah bu qəti həqiqəti Quranda bildirmişdir:
Biz cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi, 179)
Allah Quranda qeybi Ondan başqa kimsənin bilmədiyini və qeybi öyrənməyə heç kimin gücü çatmadığını bir çox ayədə bildirmişdir. Bu ayələrdən biri belədir:
De: "Allah`dan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!” (Nəml surəsi, 65)
Cinlər də Allah`ın istəməsə, əsla gələcəklə bağlı məlumat əldə edə bilməzlər. Quranda cinlərin qeybdən xəbər almağa çalışdığını, amma bunu bacarmadığını, özlərinin də bunu etiraf etdiyini bildirən ayələr var. “Cinn” surəsindəki bu ayələr insanların cinlər haqqında səhv fikirlərini aradan qaldırır. Bundan əlavə, Quranda hz. Süleymana xidmət edən cinlərdən də bəhs olunur. Bu cinlərin hz. Süleymanın ölümündən çox sonra xəbər tutduqları bildirilir. Ona görə, cinlərdən faydalanmaq ümidi ilə onlara sığınan insanlar yanılırlar. Çünki Allah istəmədikcə cinlərin gələcəyə dair məlumat alması mümkün deyil. Quranda hz. Süleyman qissəsində də cinlərin qeyb xəbərlərini bilmədiyinə diqqət çəkilmişdir:
Sonra (Süleymanın) ölümünü hökm etdiyimiz zaman onun öldüyünü onlara ancaq (Süleymanın) əsasını yeyən bir ağac qurdu xəbər verdi. O, yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab içində qalmazdılar. (Səba surəsi, 14)
“Cinn” surəsində cinlərin qeyb xəbərlərini bilmədikləri haqqında digər ayələr belədir:
Biz göyə qalxmaq istədik, amma onun güclü gözətçilər və yandırıb-yaxan ulduzlarla dolu olduğunu gördük. Biz qulaq asmaq üçün (göyün) bəzi yerlərində otururduq. Lakin indi kim qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu gözlədiyini görər. Biz bilmirik ki, yerdə olanlara bir pislik etmək istənilmişdir, yoxsa Rəbbi onlara bir xeyir diləmişdir. (Cinn surəsi, 8-10)