61-80: Sorular ve Cevaplar

61. Münafiqləri tanıya biləcəyimiz əlamətlər varmı?

Allah Quranda münafiqlərin bir çox xüsusiyyətini təsvir edərək möminləri bu inkarçı qrupuna qarşı xəbərdar etmişdir. Buna görə gizli fəaliyyət göstərən bu azğın qrupun bütün əlamətləri Quranı yaxşı bilən biri üçün ortadadır. Qəlblərində xəstəlik olan münafiqlər Allahın ayələrindən xəbərdar olan diqqətli möminin gözündən qaçmaz. Bu kəslərin içlərində daşıdıqları inkarın əlamətləri nə qədər gizləməyə çalışsalar da hərəkətlərində, danışıqlarında və hadisələr qarşısında göstərdikləri reaksiyalarda ortaya çıxar. Möminlər bu əlamətləri göstərən kəslər üçün “bu qəti münafiqdir” deyə bilməz, amma bu şəxslərə qarşı son dərəcə təmkinli davranarlar. Münafiqlərin tanınmasına köməkçi olan çox diqqətə çarpan bəzi əlamətlər aşağıdakı ayədə bildirilmişdir:

Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər. (Nisa surəsi, 142)

Ayədə görüldüyü kimi münafiqlərin etdikləri işlərdə insanların razılığını güdmələri, göstəriş istiqamətli rəftarlar etmələri möminlər tərəfindən hiss edilən əlamətlərdir. Bu kəslərin əvvəl-axır gerçək üzlərinin ortaya çıxacağı və Allah diləsə, üzlərindən və danışıq tərzlərində də özlərini müəyyən edəcəkləri ayədə xəbər verilmişdir:

Yoxsa qəlblərində xəstəlik olanlar elə hesab edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq? Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir. (Məhəmməd surəsi, 29-30)

62. Qurana görə “cahil insan” kimdir?

Quranda istifadə edilən “cahil” sifəti, xalq arasında bilinəndən fərqli məna ehtiva edir. Quranda ifadə edilən cahillik, insanın yaradılış məqsədindən, Yaradıcımız olan Allahın üstün xüsusiyyətlərindən, ona göndərilən kitabdakı məlumat və hikmətdən, sonsuz həyatını maraqlandıran mövzulardan xəbərsiz olması və bu cəhalətin doğurduğu şüursuz həyat formasını mənimsəməsidir.

Allahı tək İlah olaraq tanımayan, Onun elçiləriylə göndərdiyi doğru yola itaət etməyən insanların “cahillik” etməkdə olduqlarına Quranda belə diqqət çəkilmişdir:

Onlar isə demişdilər: “Sən bizi məbudlarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir!” Hud dedi: “Bu haqda bilgi ancaq Allaha məxsusdur. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Lakin mən sizin cahil adamlar olduğunuzu görürəm”. (Əhqaf surəsi, 22-23)

63. Quranda insanın yaradılışı necə izah edilir?

Allah Quranda insanın yaradılışıyla əlaqədar bir çox məlumat verir. Bu məlumatların çoxu o dövrdə yaşayan insanların heç bir şəkildə bilmədikləri, ancaq dövrümüzdə elmi inkişaf sayəsində kəşf edilmiş həqiqətlərdir. Bu da Quranın saysız-hesabsız elmi möcüzələrindən biridir. Quranda insanın yaradılışı ilə əlaqədar verilən məlumatlar xülasəylə belədir:

◉ Məni olaraq adlandırılan və spermaları daşıyan bəsləyici maye sadəcə spermalardan meydana gəlməz. Əksinə, məni bir-birindən fərqli mayelərin qarışığından ibarətdir. Quranda da mənidən bəhs edilərkən, “qarışıq” maye olduğuna diqqət çəkilir. Bu, ancaq zəmanəmizdə elmin köməyi kəşf edilmiş gerçəkdir.

Şübhəsiz Biz insanı qarışıq bir sudan yaratdıq. Onu imtahana çəkəcəyik, buna görə onu eşidən və görən etdik. (İnsan surəsi, 2)

◉ Qarışıq maye olan məninin içindəki milyonlarla spermadan yalnız biri yumurtanı dölləndirər. Yəni insanın özü mənin hamısı deyil, onun kiçik bir hissəsidir. Quranda da insanın mayenin hamısından deyil, sadəcə bir parçasından yaradıldığı ifadə edilir:

Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi? (Qiyamət surəsi, 37)

◉ Sperma ilə yumurtanın birləşməsindən yaranan və “ziqot” olaraq adlanan tək hüceyrə, zaman itirmədən bölünərək çoxalır və getdikcə “ət parçası” halına gəlir. Ancaq ziqot bu böyümə əsnasında boşluqda durmaz, uşaqlığın divarına yapışaraq sahib olduğu çıxıntılar sayəsində torpağa yapışan köklər kimi ora yapışar. Məhz bu da ancaq çox yaxın bir zamanda kəşf edilmiş gerçək olmasına baxmayaraq Quranda yüzlərlə il əvvəldən bildirilmişdir:

Yaradan Rəbbinin adı ilə oxu. O, insanı qan laxtasından yaratdı. (Ələq surəsi, 1-2)

◉ Ana bətni, inkişafa başlayan ziqotu əhatə edən və “amnion mayesi” deyilən maye ilə doludur. Körpənin içində böyüdüyü bu mayenin əhəmiyyəti, kənardan gələcək zərbələrə qarşı körpənin təhlükəsizliyini təmin etməsidir. Məhz Quranda körpənin qorunan yerdə inkişaf etməsi də xəbər verilmişdir:

Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi? Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi. (Mürsəlat surəsi, 20-21)

◉ Allah insanın yaradılış mərhələlərinin bir qismini Muminun surəsində bildirmişdir. Uşağın inkişaf mərhələlərinin eynilə ayələrdə tərif edildiyi kimi meydana gəldiyi bu gün bioloji olaraq da sübut edilmiş gerçəkdir:

Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik. Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır! (Muminun surəsi, 12-14)

64. Allahın dininə dəvət hansı şəkildə olar?

İnsanlara dinin və gözəl əxlaqın təbliğ edilməsi Allahın əmridir:

Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali İmran surəsi, 104)

Allah ayəsində, "Rəbbinin yoluna hikmətlə və gözəl öyüd-nəsihətlə dəvət et..." (Nəhl surəsi, 125) şəklində əmr etmişdir. Allahın dininə dəvət, Quranın hökmlərinin “hikmətlə və gözəl öyüd-nəsihətlə” izah edilməsilə olur. Bu təbliğ əsnasında, Allahın varlığı, birliyi və yaratmasındakı bənzərsiz sənəti kimi mövzular izah edilərək dinə dəvət edilən insanın Allaha qarşı olan hörməti, sevgisi və qorxusu artırılır. Gözəl əxlaqlı insanın hadisələr qarşısında necə davranacağı ətraflı olaraq təsvir edilir. İnsanın dünyada mövcudluq məqsədi, burada sınaqdan keçirildiyi, ölümün yaxınlığı, ölümün ardından hesaba çəkiləcəyi, bu hesaba görə cənnətə və ya cəhənnəmə gedəcəyi də izah edilir. Allahın sonsuz ədalətiylə cənnəti və cəhənnəmi necə hazırladığı da xatırladılaraq insanın pis nəticədən qorxub çəkinməsi təmin edilir. Allahı, Quranı və axirəti bu təriflərlə tanıyan kəslər, bu mərhələdən sonra vicdanlarından istifadə edərək hərəkət etdikləri təqdirdə Allahın əmrlərini əskiksiz olaraq yerinə yetirməyə çalışarlar.

65. Gündəlik həyatda insan necə dərin düşünə bilər?

İnsan gündəlik həyatın axışı içində çox şey düşünər. Məsələn, o gün edəcəyi işləri, gedəcəyi yerləri, ona deyilən yaxşı, ya da pis bir şeyi, işi ilə, ya da məktəbiylə əlaqədar olaraq etdiklərini, uzun müddətli planlarını düşünər. Bunlara bənzər bir çox düşüncə gün ərzində beynini məşğul edə bilər. Bunların hamısı lazım olan düşüncələrdir, amma bu kimi düşüncələr insanın zehnində lazım olduğu qədər yer tutmalıdır. Çünki təcili olaraq düşünülməli olan və insanın sonsuz həyatını maraqlandıran çox daha əhəmiyyətli mövzular vardır.

İnsan əvvəlcə özünün və ətrafındakı bütün canlıların necə var olduqlarını, bunların varlıqlarını necə davam etdirdiklərini ətraflı olaraq düşünməlidir. Buna bağlı olaraq bütün bu varlıqları yoxdan var edən və varlıqlarını davam etdirən Allahı və Onun sifətlərini təfəkkür etməlidir. Ardından bu sonsuz qüdrət və elm sahibi Rəbbimizin onu yaratma məqsədini və ondan nələr istədiyini düşünməlidir. Allahın ayələrini və əmrlərini ən yaxşı şəkildə yerinə yetirmə qətiyyətini göstərməlidir. Bu arada onu gözləyən qaçınılmaz sonu, yəni ölümü və axirət həyatını da heç ağlından çıxarmamalı, daim bunu şüurunda saxlayaraq buna uyğun davranmalıdır. Özünü bu kimi vacib mövzulardan uzaqlaşdıraraq, qəflətə sürükləyən, müvəqqəti və sonsuz həyatına faydası olmayacaq, hətta zərəri toxunacaq iş, düşüncə, hərəkət və danışıqlardan da həmişə çəkinməlidir.

İnsanın zehni tutumu əslində çox genişdir. Əhəmiyyətli olan insanın bundan istifadə edə bilməsi, zehnini gərəksiz düşüncələrlə məşğul etməməsidir.

Gündəlik həyatına davam edərkən insan, bir tərəfdən də bu əhəmiyyətli mövzuları düşünə bilər. Üstəlik də bu mövzuları çox ətraflı düşünərək, mövzu-mövzu nəzər salaraq, ayələrlə şərh edərək düşünə bilər. Məsələn, gününün 9-10 saatını iş yerində, ya da məktəbində keçirən insan, gün ərzində çoxlu düşünəcəyi şeylə qarşılaşır. Bunlar Quranda təsvir edilən insan xarakterləri ola bilər, içində olduğu, yaşadığı mühitlər ola bilər. Vicdandan istifadə etmə, nəfsə uyma, həsəd, təvazökarlıq, təvəkkül, səbir kimi yüzlərlə mövzunu, tamamilə yaşayaraq düşünə bilər, üstəlik bu mövzuları hər istiqamətiylə düşünərək kəskinləşdirər. Əhəmiyyətli olan insanın bu fürsətləri görməsi və yaxşı qiymətləndirməsidir.

Bir də ətrafında baş verənlərə; çiçəklərin açmasından səmada quşların uçmasına, tənəffüs etdiyi oksigenin nisbətindən və canlılara verdiyi faydadan ürəyinin döyünməsinə qədər bir çox mövzunu ətraflı olaraq düşünə bilər. Suallar soruşaraq, cavabları ilə maraqlanaraq, məlum şərhlərin xaricinə çıxaraq düşünən insan dərin düşünməyə başlayar. Allah Quranda möminlərin düşünən insanlar olduqlarından belə bəhs edər:

Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 190-191)

66. Dərin düşünməyə nələr mane olar?

Bir mövzunu düşünərkən insanın diqqəti başqa şeylərə gedə bilər. Əhəmiyyətli bir mövzunu düşünərkən insan birdən-birə özünü ertəsi gün edəcəyi gərəksiz bir işi, ya da əlində tutduğu qələmi düşünərkən tapa bilər. Düşüncənin dağılması isə dərinləşməyə mane olar.

Həmçinin, bir mövzu haqqında yetərli məlumatı olmadığında da insanın düşünmə tutumu müəyyən yerə qədər irəliləyə bilər. Amma bu, yenə də dərin düşünməyi əngəlləyəcək səbəb deyil. İnsan necə və nə istiqamətdə düşünəcəyini bilirsə, o mövzuda özünü inkişaf etdirə bilər və lazımdırsa məlumatını da artıra bilər.

Ancaq düşünməni əngəlləyən ən əhəmiyyətli faktorlardan biri heç şübhəsiz ki, ülfət yəni hadisələrə vərdiş gözlüylə baxmaqdır. Ətrafında reallaşan hadisələri dünyaya gəldiyi andan etibarən davamlı görən insan, əgər ətraflı düşünməzsə bunların hamısını təbii qarşılaya bilər. Məsələn, canlılardakı fövqəladə yaradılışı görə bilməz. Hər zaman görməyə vərdiş etdiyi üçün qarışqanın öz ağırlığının 200-300 qatı qədər cismi asanlıqla metrlərlə uzağa daşıdığını, bunun çox əhəmiyyətli təfərrüat olduğunu, bu qarışqaya belə çətin bir şeyi reallaşdıra biləcək fiziki mexanizmi kimin verdiyini heç düşünməz. Özünün bunu heç bir şəkildə edə bilməyəcəyini isə ağlına belə gətirməz. Və ya quşun qanadının bütün quruluşundakı incəlikləri, bu quşun qanad mexanizminin son dərəcə xüsusi yaradılışı tələb etdirdiyinin fərqinə vara bilməz. Halbuki dərin düşünə bilən insan tək bir tükü belə əlinə alıb, onu ətraflı araşdıraraq çox əhəmiyyətli nəticələrə gələ bilər. Lələkdəki düzülüşdən, lələyi meydana gətirən maddənin quruluşunun sağlamlığına qədər bir çox əhəmiyyətli, amma üzərində düşünülməyən incəliyi görərək tapa bilər. Tək lələyə baxaraq bunun üzərindəki yaradılış dəlillərini təsbit edə bilər.

Ancaq bunu da qeyd etmək lazımdır ki, ülfətsiz şəkildə düşünə bilmək üçün insanın mütləq çox şey bilməsinə ehtiyac yoxdur. Yalnız ətrafındakı canlılara, səmaya və hətta öz bədəninə diqqətlə baxması yetərli olacaq. Allah bu mövzuya Qaf surəsində belə örnəklə diqqət çəkir:

Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik. Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə belə etdik. Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik. Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik. Qullara ruzi olsun deyə belə etdik! Biz onunla ölü bir məmləkəti diriltdik. Dirilib qəbirdən çıxmaq da belədir. (Qaf surəsi, 6-11)

67. Düşünməkdən qaçan insanlar necə itkiyə məruz qalarlar?

Allah Quranda insana düşünməyi tövsiyə edir. Bir çox ayəsində nümunələr verərək “düşünmürsünüzmü?” deyə soruşar.

Əslində insan gün ərzində, öyüd alıb düşünə biləcəyi, Allahın sənətini görə biləcəyi, Onun yaratmasının dəlillərini qavraya biləcəyi və Onun ucalığını, böyüklüyünü anlayaraq, Allahın şanını ucalda biləcəyi çox fürsətlə qarşılaşır. Düşünməyən insan qarşısına çıxan bu fürsətləri gündəlik həyatın axışı içində yaranan hadisələr olaraq qiymətləndirər və bunların əhəmiyyətini qavraya bilməz.

Məsələn, qəza, ya da xəstəliklə qarşılaşdığında, ümumiyyətlə bunun ona Allaha yönəlməsi üçün verilmiş xüsusi vəziyyət ola biləcəyini düşünməz. Halbuki, Allah ayələrində insanlara düşünmələri üçün xüsusi olaraq verilən sıxıntılardan bəhs edər:

Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar. (Tövbə surəsi, 126)

Özünə edilən bu istiqamətdəki xatırlatmaları görməzlikdən gəlmək isə sadəcə insanın özünə zərər verər. Üstəlik bu, insanın düşünmədiyinə görə məruz qaldığı saysız itkidən yalnız biridir.

Düşünməyən insan ətrafındakı gözəlliklərin də fərqinə vara bilməz. Allahın yaratdığı incəliklərdən zövq ala bilməz. Hər şeyin Yaradıcısı olan Allahın varlığının dəlillərini, Onun ehtişamını qavraya bilməz. Məhz bu da insan üçün çox böyük nemət itkisidir. Çünki dünyadakı bütün gözəllikləri yaradanın Allah olduğunu fərq edə bilməyən insanın axirətə imanı da olmaz, ya da çox zəif olar. Dünyadakı hər şeyin ölümlə son tapacağını zənn etdiyi üçün, bu müvəqqəti şeylərdən gerçək mənada zövq alması da mümkün deyil. Əksinə gördüyü gözəlliklərə yalnız əvvəl-axır bir gün itirəcəyi şeylər olaraq baxar. Bu da bu nemətlərdən zövq almaq yerinə, onlara baxıb çətinlik duymasına səbəb olar.

68. Yaradılanlar üzərində düşünmək insana necə faydalar təmin edər?

Düşünməkdən qaçan insanın əksinə, hər şeyi Allahın yaratdığını düşünən insan, baxdığı hər incəlikdə Allahın sənətini görər, hər şeyin insan üçün xüsusi olaraq yaradıldığını başa düşər.

Məsələn, insan da daxil olmaqla bütün canlılardakı mükəmməl sistemləri, yaşadığı planetin və içində olduğu kainatın fövqəladə güclə inşa edildiyini düşünmək, insanın əvvəlcə Allahı daha yaxşı tanımasını təmin edər. Bu da o insanın qəlbinə yumşaqlıq verər və Allaha olan hörmətini, sevgisini və qorxusunu artırar. Bu insan ətrafındakı ağaclardan quşlara, qarışqalardan kəpənəklərə qədər hər cür canlıda, bu canlıların sahib olduqları hər mexanizmdən davamlı olaraq Allahın sənətini, ucalığını görəcəyi üçün imanı güclənir. Allah ancaq düşünən insanların ətraflarındakı iman dəlillərini görüb dəyərləndirə biləcəklərinə belə diqqət çəkər:

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi, 164)

Allaha qəti olaraq iman edən insan, dünyanın məqsədsiz yer olmadığını, düşünməsi və tətbiq etməsi lazım olan çox əhəmiyyətli şeylərin olduğunu da anlayır. Ona verilən hər şeyin nemət olduğunu bilir və şükür edər. Axirəti həmişə düşünər və o günün qorxusundan uzaq olmaq üçün bağışlanma diləyər.

Düşünmənin ən əhəmiyyətli xüsusiyyəti də heç şübhəsiz hər kəsin öz səyiylə əldə etdiyi qazanc olmasıdır. Kimsə kimsəni heç bir şey üçün düşünməyə məcbur edə bilməz. Buna görə ətraflı düşünən insan özünə fayda vermiş olar. Allah Quranda ancaq düşünən insanın qarşılaşdığı hadisələrdən ibrət ala biləcəyinə və öyüd-nəsihət qəbul edən insanların sonsuz həyatlarını qurtara biləcəklərinə diqqət çəkər. Digər şəxslərin isə öyüd-nəsihətdən qaçdıqlarını, bundan ötrü sonsuz peşmanlıqla qarşılaşacaqlarını xəbər verir:

Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat! Allahdan qorxanlar öyüd-nəsihət götürərlər. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar. O kimsə ki, Cəhənnəmə atılacaq, O orada nə öləcək, nə də yaşaya biləcəkdir. (Əla surəsi, 9-13)

69. Allahın qədrini layiqincə təqdir etmək necə olar?

İnsan hər gün, oyandığı andan etibarən Allahın ona verdiyi nemətlərlə qarşılaşar. Nəfəs ala bilir, görə bilir, eşidə bilir, düşünə bilir, ürəyi döyünür, hüceyrələri yenilənir. Acar yemək yeyər və ləzzət alar, güc qazanar. Susar, susuzluğunu aradan qaldırar. Danışar.

Bunlar, Allahın insan üçün yaratdığı nemətlərdən yalnız bir neçəsidir. Nemətlərin fərqində olan insan üçün əsl əhəmiyyətli olan Allahın qədrini haqqı ilə təqdir edə bilməkdir. Çünki Allah şanı çox uca olandır, hər şeyin sahibidir, yaradıcısıdır. Allahı üstün sifətləriylə düşünərək, tanımağa çalışmaq lazımdır. Allah ayələrdə şanının ucalığını bizə belə bildirir:

Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir... (Zumər surəsi, 67)

Kainatda; insanın öz yaradılışından qiyamətin meydana gəlmə mərhələlərinə, göylərin yaradılmasından dənizlərin və dağların varlığına qədər hər hadisədə ehtişam və sərhədsiz güc vardır. Və bu güc yalnız yüksək ağıl sahibi olan Allaha aiddir.

Allah insanlara kitablar endirmiş və peyğəmbərlər göndərmişdir. Özünü, həm yaratdığı canlılarda sərgilədiyi bənzərsiz sənətiylə və elmi ilə, həm də kitabları və peyğəmbərləri vasitəsilə bizə tanıdır. İnsana düşən isə Allahın ucalığını, böyüklüyünü gərəyi kimi təqdir edə bilmək üçün mümkün qədər dərin düşünməkdir.

70. İnsan səhv etdiyində və ya unutduğunda nə etməlidir?

İnsan, aciz olaraq yaradılmışdır, bu səbəblə bəzi şeyləri unuda bilər və ya hər hansı mövzuda səhv edə bilər. Unutmamaq və səhv etməmək yalnız Allaha aid xüsusiyyətlərdir. Əhəmiyyətli olan insanın doğrunu xatırladığında dərhal tətbiq etməsidir. Allah bu mövzudakı tətbiqin nümunəsini Ənam surəsində belə bildirilir:

... Şeytan sənə unutdursa, xatırladıqdan sonra zalım tayfa ilə birgə oturma. (Ənam surəsi, 68)

Ayədə görüldüyü kimi, insan gözəl olmayan davranışı unudaraq və ya fərqində olmayaraq edə bilər. Buna görə insanın unutduğu və ya səhv etdiyi şeylərdən ötrü kədərə qapılması və ya narahat olması son dərəcə yersiz olar. Belə vəziyyətlərdə möminlərin etməli olduğu Allahın sonsuz mərhəmətinə və bağışlayıcılığına sığınmaq və "... Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma ..." (Bəqərə surəsi, 286) deyərək dua etməkdir.

71. Tarixdə yaşayan bütün cəmiyyətlərə elçi göndərildimi?

Allah Quranda, gəlib keçmiş bütün cəmiyyətlərə xəbərdar edici göndərdiyini bildirmişdir. Allahın elçiləri göndərildikləri cəmiyyətlərə doğru yolu göstərən kəslər olmuşlar, insanlara Allahın qadağanlarını bildirmişlər, ölümün yaxınlığını, cənnətin və cəhənnəmin varlığını, dünyada var olma məqsədlərini izah etmişlər və onları Allahın dininə dəvət etmişlər. Allahın ədaləti nəticəsində, bütün insanlar Onun elçiləri vasitəsiylə xəbərdar edilib qorxudulmuşlar və müjdələnmişlər. Bu, axirətdə insanların “mənim bir şeydən xəbərim yox idi” deyə bilməyəcəklərini, hər insanın Allahın çağırışını duyduğunu göstərən çox əhəmiyyətli mövzudur. Allah ayəsində insanlara belə bildirmişdir:

Həqiqətən, Biz səni haqla müjdə verən və qorxudub xəbərdar edən olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən bir peyğəmbər gəlmiş olmasın. (Fatir surəsi, 24)

72. İnkarçılar tarix boyunca niyə bütün peyğəmbərlərə böhtan atmışlar?

Peyğəmbərlərin daim Allahın dinini təbliğ etmələri inkarçıları heç bir zaman məmnun etməz. Çünki izah edilənləri anlayan və tətbiq etməyə başlayan insanlar tamamilə dəyişməyə, inkarçıların batil sistemlərindən uzaqlaşmağa başlayırlar. Məsələn, iman etdikdən sonra yalnız Allahdan qorxmalı olduğunu bildikləri üçün onları başqa hər hansı bir şeylə qorxutmaq mümkün olmaz. Daima dinin mənfəətlərini güdərək hərəkət edəcəkləri üçün inanan insanları heç bir şey yormaz, ya da doğru olandan ayıra bilməz. Bu kəslər şərtlər nə olursa olsun, qarşılığında nə verilirsə verilsin, ədalətdən və haqqı söyləməkdən çəkinməzlər, doğru bildiklərindən dönməzlər.

Bu vəziyyət isə inkarçıları narahat edər, çünki öz dünyəvi mənfəətləri təhlükəyə girər. Məsələn, inkarçılar öz zehniyyətlərini yaşamağa və ətraflarında yaşatmağa çalışarkən, peyğəmbər tərəfindən hazırlanmış olan möminlər yalnız Allahın əmrlərinə tabe olarlar. İnkarçıların yaşadıqları cahillik sisteminin səhvini, dünyada və axirətdə insanlara hüzur və xoşbəxtlik verəcək olan dinin gözəlliyini insanlara öyrədirlər.

Məhz bu səbəblərdən ötrü, inkarçılar hər dövrdə müxtəlif üsullardan istifadə edərək göndərilən elçiləri əngəlləməyə çalışarlar. Bunun müxtəlif nümunələri Quranda inananlara xəbər verilir. İnkarçılar ilk əvvəl son dərəcə əsassız və ağıldan kənar danışıqlarla, Allahın elçilərinin izah etdiyi mövzuları yalanlamağa cürət edərlər. Şifahi təhdidlərlə onları dayandırmaq üçün çalışarlar. Şifahi olaraq müvəffəqiyyət əldə etmədiklərində isə feli üsullardan istifadə edərək inananları haqq olan yoldan döndərməyə çalışarlar. Necə ki, bu üsullardan heç biri fayda verməz; elçilərin və saleh möminlərin izah etdikləri doğruların əksinə dəlil gətirə bilməzlər; onların fikirlərinə qarşı fikirlər irəli sürə bilməzlər.

Allah bir çox ayəsində inkarçıların şifahi hücumlarına, peyğəmbərlər üçün qarşıya qoyduqları əsassız iddialara nümunələr vermişdir:

Qövmünün kafir zadəganları dedilər: “O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah elçi göndərmək istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik. Bu ancaq cinli bir adamdır. Odur ki, ona münasibətdə bir müddət gözləyin!” (Muminun surəsi, 24-25)

Bu, ancaq Allaha iftira yaxan bir adamdır. Biz ona inanan deyilik”. (Muminun surəsi, 38)

...Onlar isə: “Bu, yalançı bir sehrbazdır!” – dedilər. (Mümin surəsi, 24)

Quranda Allah bu tip böhtanların inkarçılar arasında sanki ənənəviləşmiş olduğunu isə ayəsində belə bildirir:

Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində: “Sehrbazdır, ya da dəlidir!” – deməsinlər. Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır. (Zəriyət surəsi, 52-53)

73. İnkarçıların bu səyləri nəticə verərmi?

İnkarçıların Allahın elçilərinə və möminlərə qarşı etdikləri şifahi və ya feli mübarizə heç bir zaman nəticəyə gələ bilməz. Çünki Allah "...Möminsinizsə, üstün olacaqsınız" (Ali İmran surəsi, 139) ayəsiylə dünyada və axirətdə hər zaman üstün olanın Öz tərəfdarları olduğunu müjdələmişdir.

Görürük ki, dünya tarixi boyunca inkar edənlər, möminlərə qarşı həmişə mübarizə içində olmuşlar. Ancaq bu mübarizələr hər zaman möminlərin lehinə nəticələnmişdir. Bu Uca Allahın vədidir. Allah Quranda davam edən bu qanununu bu şəkildə bildirmişdir:

Allah əzəldən belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Mücadilə surəsi, 21)

74. Möminlərin dünyadakı həqiqi dostları kimdir?

Allah möminlərin dostudur. Allah Onu dost qəbul edən, yalnız Onun razılığını güdən möminlərin qoruyucusu və nəzarətçisidir. Möminlərin dünyadakı hər cür işlərində Allahın köməyi və dəstəyi vardır, Allahın razılığını güdərək etdikləri hər iş mütləq xeyirlə nəticələnər. Bir ayədə "Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir." (Nəhl surəsi, 128) deyə xəbər verilir. Allah başqa ayəsində isə, iman edənlərə dəstəyini belə müjdələmişdir:

Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır... (Bəqərə surəsi, 257)

Həmçinin Allaha könüldən iman edən möminlər də bir-birinin dostlarıdır. İnanan insanlar daim bir-birlərini gözəl olana dəvət edər, pis olan şeylərdən çəkindirərlər. Bir-birlərini cənnətə layiq insanlar halına gətirmək, axirətdəki dərəcələrini artırmaq üçün səy göstərərlər. Allah Quranda inananların kimləri dost seçməli olduğunu belə bildirmişdir:

Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar Allaha boyun əyərək namaz qılır və zəkat verirlər. Kim Allahı, Onun Elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir. (Maidə surəsi, 55-56)

75. Möminlərdən başqası nə üçün dost seçilə bilməz?

Möminlər üçün Allaha könüldən iman etməyən, Allahın sərhədlərini tanımayan, Allahdan qorxub çəkinməyən insanlar dost ola bilməz. Əlbəttə bu kəslərlə də hörmət çərçivəsində yaxşı əlaqələr qurula bilər, ancaq onlarla yaxın dostluq qurmaq mümkün olmaz. Allahın dostluğunu, sevgisini və razılığını qazanmaq istəyən mömin əlbəttə ki, Onun dost etdiklərini özünə dost görər. Əks rəftarın Allahın dostluğunu və məmnuniyyətini itirməsinə səbəb ola biləcəyini bilir. Allah möminləri belə münasibətə qarşı belə xəbərdar etmişdir:

Ey iman gətirənlər! Möminləri qoyub kafirləri özünüzə dost tutmayın. Yoxsa Allaha öz əleyhinizə açıq-aydın bir dəlil verməkmi istəyirsiniz? (Nisa surəsi, 144)

Bununla yanaşı iman etməmiş kəslərlə möhkəm dostluq qurulması texniki olaraq da mümkün deyil. Ən əsas bu kəslərin böyük əksəriyyəti etibarlı ola bilməzlər. Şəxsi maraqları, nəfsi və təkəbbürüylə zidd düşdüyü üçün Allahın ayələrindən üz çevirən, Allahın dostluğunu itirməyi qəbul edən kəsin hər hansı biriylə olan dostluğunda sadiq və vəfalı olması mümkün deyil. Əlbəttə ki, öz mənfəətləriylə zidd düşdüyü vəziyyətdə dostu olduğunu söylədiyi kəsi də tərəddüd etmədən tərk edəcək. Hətta işinə gəldiyində ona xəyanət etməkdən belə çəkinməyəcəkdir.

İnkarçılar heç bir zaman gerçək mənada fədakarlıq edə bilməzlər, çünki bütün həyatları və zehniyyətləri eqoizm üzərində qurulmuşdur. Dostum dedikləri adamın axirətdəki vəziyyətini düşünməzlər, onu cəhənnəmdən uzaq tutacaq şəkildə yaxşılığı əmr edib, pislikdən çəkindirməzlər. Qısacası, bir dostun sahib olacağı xüsusiyyətlərə sahib deyildirlər. Ayədə bu şəkildə bildirilmişdir:

Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik. (Ali İmran surəsi, 118)

76. Şeytanı dost tutanlar kimlərdir?

Şeytanın ən əhəmiyyətli xüsusiyyəti, insanları Allahın yolundan döndərmək üçün and içmiş olmasıdır. Bu səbəbdən inkar edən, insanları Allahın yolundan uzaqlaşdırmağa çalışan, Allaha və dinə qarşı olan, insanlara Allahı, axirəti və dini unutduran hər adam şeytanın dəstəkçisi və dostudur. Ancaq bu insanlar etdikləri əməllərə görə dünyada və axirətdə uğursuzluqla qarşılaşacaqlar. Allah şeytanın insanları azdırma səyini və onu dost tutanların aqibətini, məruz qalacaqları sonu belə xəbər vermişdir:

Allah şeytana lənət etdi. O isə dedi: “Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam. Mən onları mütləq doğru yoldan azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır. (Nisa surəsi, 118-119)

77. İnsan dünyada ikən cənnətə gedəcəyindən əmin ola bilərmi?

Heç kim dünyada ikən cənnətə gedəcəyindən əmin ola bilməz. Allah “... qorxu və ümidlə yalvarın...” (Əraf surəsi, 56) ayəsiylə insanın "həm qorxu, həm də ümid" dolu olmasının zəruriliyini bildirir. Hər insan gücünün çatdığı ən yüksək səyi göstərərək, Quranın hökmlərini qüsursuz tətbiq edərək, Allahın məqbul gördüyü gözəl əxlaqı həyatının hər anında həyata keçirərək Allahın razılığını qazanmağa çalışmalıdır. Bu səylərinin qarşılığı olaraq cənnəti ümid edə bilər, ancaq heç bir zaman əmin ola bilməz.

78. Quranda bəhs edilən “öndə gələnlər” kimlərdir?

Elçilər, qövmlərini Allahın dininə dəvət etdiklərində, hər qövmdə onlara qarşı çıxan, işlərini əngəlləmək istəyən, iman edənlərə çətinlik çıxaran təbəqə olmuşdur. Quranda bu insanların ümumiyyətlə, o birliyin öndə gələnlərindən olduqları bildirilir. Çünki bu insanlar yaşadıqları cəmiyyət içində zənginlik, güc və mövqe sahibi olan kəslərdir. Bu kəslərin Allahın elçilərinə qarşı gəlmələrinin və azğınlıq göstərmələrinin səbəbi sahib olduqları bu dünyəvi imkanlarını, nüfuz və etibarlarını itirmək qorxusundan qaynaqlanır. Quranda bu insanların hər dövrdə var olduqları belə xəbər verilmişdir:

Beləliklə hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada mümkün qədər yaramaz işlər görsünlər. Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və bunu da hiss etmirlər. (Ənam surəsi, 123)

Əslində bu insanlar da tamamilə Allahın yaratdığı qədərə tabe olan və möminlərin üstünlüklərinin ortaya çıxması üçün Allahın xüsusi olaraq yaratdığı kəslərdir. Quranda bildirildiyi kimi, Allah bu kəslərin qurduqları tələlərin pis nəticəsini özlərinə döndərmiş və sahib olduqlarını daha dünyada ikən əllərindən almış və bunlara möminləri varis etmişdir. Allah, Misirdə böyük güc və mövqe sahibi olan Firon və onun qabaqda gələn ətrafıyla, hz. Musa və onunla birlikdə möminlərin mübarizəsinin nəticəsini belə xəbər verir:

Musa ilə olan zəif qövmü isə yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb bölgələrinə varislər təyin etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğulları barəsindəki gözəl Sözü yerinə yetdi. Biz Firon və onun xalqının qurduqlarını və tikib ucaltdıqlarını darmadağın etdik. (Əraf surəsi, 137)

Biz onları (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq; xəzinələrdən və gözəl yerlərdən də qovduq. Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik. (Şuəra surəsi, 57-59)

Allahın bütün möminləri ehtiva edən bu ümumi qanunu başqa ayədə belə açıqlanır:

Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra nazil etdiyimiz kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar. (Ənbiya surəsi, 105)

Qövmlərin öndə gələn inkarcılarının, tövbə edib mövqelərini dəyişdirməzlərsə, axirətdəki sonları isə qaçılmaz və acı əzabdır.

79. “Saleh əməl” nə deməkdir?

Saleh əməl, qatqısız olaraq Allahın razılığını qazanmaq üçün edilən işlərdir. Bir insan zahirən çox böyük xeyir və ya fədakarlıq kimi görünən bəzi işlər edə bilər. Məsələn, möhtac olan insanlara böyük yardım edə bilər. Ancaq etdiyi yardımın miqdarı o işin saleh əməl olduğunun göstəricisi deyil. Çünki insanlar bu cür yardımları cəmiyyətdə yaxşı bilinmək, insanlara nümayiş etmək və ya iş həyatında güvən qazanmaq üçün də reallaşdıra bilərlər. Bir işin “saleh əməl” olması üçün yalnız Allahın razılığını qazanmaq məqsədiylə edilmiş olması lazımdır.

Saleh əməl görərkən insan, o işdə edə biləcəyinin ən yaxşısını, ən gözəlini etmək üçün səy göstərər. Çünki məqsədi göstəriş etmək deyil, o işdə Allahı ən çox məmnun edəcək nəticəni əldə etməkdir. Məhz bu səmimi səylərindən ötrü yaxşı işlər görən möminlər bir çox ayədə cənnətlə və gözəl həyatla müjdələnirlər:

Sözsüz ki, iman gətirib saleh əməllər edənlər və Rəbbinə boyun əyənlər Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. (Hud surəsi, 23)

Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)

80. Mömin zənginləşdiyi zaman rəftarı necə olar?

Mömin bütün mülkün əsl sahibinin Allah olduğunu və Allahın mülkü kimə dilərsə ona verəcəyini bilir. Bu səbəblə, mal-dövlət baxımından zənginləşdiyində əlindəkilərə görə lovğalanıb azğınlaşmaz, Allaha ona verdiyi nemətlərə görə şükür edər və sahib olduqlarını Allahın ən çox razı olacağı şəkildə istifadə edər.

Allah, Quranda mülk sahibi insanın nümunəsini verir. Bu insanın olduqca məhsuldar bağları vardır. Ancaq bu nemətləri ona Allahın verdiyini anlamazlıqdan gələrək nankor davranar və sahib olduqları ilə öyünər. Mömin olan yoldaşı isə onu bu rəftarından ötrü xəbərdar edər və belə deyər:

Onunla söhbət edən yoldaşı isə dedi: “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış Rəbbinə küfrmü edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! Bağına girdiyin zaman: “Maşallah (Allahın istədiyidir)! Qüvvət yalnız Allaha məxsusdur!” – deməli deyildinmi? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa, (Kəhf surəsi, 37-39)

Məhz möminin rəftarı da ayədə ifadə edildiyi kimi nemət qarşısında dərhal Allahı xatırlamaq və Ona həmd etməkdir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • 01-20: Sorular ve Cevaplar
  • 21-40: Sorular ve Cevaplar
  • 41-60: Sorular ve Cevaplar
  • 61-80: Sorular ve Cevaplar
  • 81-100: Sorular ve Cevaplar