Bu dünya imtahan ortamı olduğu üçün Allah hər kəsə nəsihət alıb davranışlarını düzəldəcək müddət verir. İnkarçıların da özlərinə verilən bu müddət bitənə qədər axirətdəki cəzaları təxirə salınar. Belə ki, cəhənnəmə daxil olduqda irəli sürə biləcəkləri heç bir bəhanələri qalmasın. İnkarlarında qərarlı olanlara, pisliklərini əllərindən gəldiyi qədər sərgiləyə biləcək fürsətlər verilir. Beləliklə, özləri üçün cəhənnəmdə tam layiq olduqları qarşılığa qovuşmalarına qədər dəlil toplanmış olur.
Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır. (Ali İmran surəsi, 178)
Allah, inkar edənlər üçün axirətdə sonsuza qədər davam edəcək ağrılı əzab hazırlamışdır. Ancaq inkarçılar üçün dünyada da hazırlanmış müxtəlif əzablar var. Bunlar hər nə qədər etdiklərinin cəhənnəmdəki qarşılığı kimi olmasa da, sonsuz əzablarının bir növ başlanğıcı şəklindədir. Eyni zamanda, peşman olub ibrət almaları və doğru yola dönmələri istiqamətində Allahdan xəbərdarlıq və qorxuducu xüsusiyyət daşıyır. Allah dünyada verəcəyi əzabı və səbəbini ayəsində belə bildirir:
Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan (dünya əzabından) daddıracağıq ki, bəlkə doğru yola qayıtsınlar. (Səcdə surəsi, 21)
İnkarçıların inkarlarının ən əhəmiyyətli səbəbi dünya həyatına ehtirasla bağlı olmaları və anladıqları halda bu dünya ehtirasları səbəbiylə gerçəyi qəbul edə bilməmələridir. Və Allahın inkarçılar üçün dünyada hazırladığı əzab, onların dünya ilə əlaqədar bütün nemətlərini əllərindən alacaq şəkildə olur. Quranda bəhs edilən dünyəvi əzablardan bir qismi belədir:
◉ İnkarçı qövmə çəyirtkə, bit, qurbağa kimi heyvanların müsəllət edilməsi (Əraf surəsi, 133)
◉ İnkarçı qövmdə quraqlıq və məhsul qıtlığı olması, iqtisadi böhranlar yaşanması (Əraf surəsi, 130, Nəhl surəsi, 112)
◉ İnkarcıların bədbəxt olmaları (Əla surəsi, 11-12)
◉ Vəsvəsələr içində yaşamaları (Nisa surəsi, 120)
◉ Qəlblərinin dar və sıxıntılı olması, üzərlərinə pislik çökməsi (Ənam surəsi, 125)
Quranda bir çox ayədə cəhənnəmə girəcək olanların xüsusiyyətləri izah edilir. Bu xüsusiyyətlərdən bir qismini belə sıralaya bilərik: Allahı inkar edən, Allahdan başqasını şərik tutan, Onunla yanaşı başqa ilahlar qəbul edən, özü ilahlıq iddiasında olan (Allahı tənzih edirik), Ondan başqa saxta ilahlar, xilaskarlar, yol göstərənlər qəbul edən, Allahın yolundan saxlayan, Onun yolunda səhv axtaran, Allahın nazil etdiyi kitabda bəzi xüsusları gözardı edib gizlədən, Allahın adının xatırlanmasını əngəlləyən, yetimin malını haqsızlıqla yeyən, insanların hüquqlarına təcavüz edən, ayələri yalan hesab, faiz yeyən, peyğəmbərləri haqsız yerə öldürən, insanları ədalətə çağıranların canına qəsd edən, Allahın elçilərinə qarşı çıxan, qəsdən adam öldürən, insanların mallarını haqsızlıqla yeyən, dinlərini oyun və əyləncə mövzusu hesab edən, Allahın ayələri və elçiləriylə lağ edən, yenidən dirildilməyəcəyini düşünüb axirətə iman gətirməyən, Allahın hüzuruna çıxarılacağına inanmayan, dünya həyatına razı olub, yalnız onunla təmin olan, heç bir haqlı bəhanəsi olmadığı halda Allahın fərz etdiyi ibadətləri yerinə yetirməyə çalışmayan, Allahdan gərəyi kimi qorxub çəkinməyən, namazı qılmayan, pisliyi yayan, fitnə-fəsad çıxaran, Allahın ayələrini yalan hesab edən, Allaha ibadət etməkdə təkəbbürlənən, möminlərə böhtan atan, fahişəliyi yayan, həqiqəti tərsinə çevirib gizlədən, Allahın sərhədlərini qorumayan, haram yeməkləri yeyən, ölçüdə, çəkidə ədalətsizlik edən, təkəbbürlü, xəsis, hörmətsiz, eqoist, nankor, xain, lovğa, dikbaş, tərs ...
Allah bu xüsusiyyətlərə sahib olub, ölənə qədər də bu əxlaqsızlıqlarını qoruyan hər inkarçının şübhəsiz cəhənnəmə girəcəyini və etdiklərinin qarşılığını böyük əzab olaraq geri alacağını bildirmişdir. Qaf surəsində belə deyilir:
Allah əmr edib deyəcək: “Atın Cəhənnəmə hər bir inadcıl kafiri, xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni, başqa bir məbudu Allaha tay tutanı. Atın onu şiddətli əzabın içinə!” (Qaf surəsi, 24-26)
Allah bütün insanlara elçiləri və kitabları vasitəsilə etməli olduqları hər şeyi bildirir. Heç bir birliyi xəbərdar edib qorxutmadan əzab göndərməz. (Şuəra surəsi, 24) Hər insan yetərli nəsihəti alacaq və etməli olduğu hər şeyi öyrənəcək qədər ömür yaşayır. Etməli olduqları hər şeyi bildikləri və düşünüb öyüd-nəsihət ala biləcək qədər vaxtları olduğu halda inkarlarında israr edən insanlar, cəhənnəmdə sonsuza qədər yaşamağa layiq olarlar. Amma bu insanlar ora girdikləri anda dünyada etdiklərinə görə fövqəladə dərəcədə peşmanlıq hiss etməyə başlayarlar. Məhz bu peşmanlığın düzəlişi yoxdur. Etdiklərini düzəltmək üçün dünyaya dönmək istəyən inkarçıların yalvarışları heç bir şəkildə fayda etməz. Çünki onlar özlərinə verilən fürsəti dəyərləndirməmişlər və sonsuza qədər haqlarını itirmişlər. Allah ayəsində bu inkarçıların çarəsiz vəziyyətini belə bildirmişdir:
Onlar orada fəryad qoparıb yalvaracaqlar: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, əvvəllər etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. Onlara deyiləcək: “Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən də gəlmişdi. Elə isə dadın əzabı! Zalımlara kömək edən olmaz”. (Fatir surəsi, 37)
Belə olmaqla yanaşı, Allahdan rəhmət olaraq Peyğəmbərimiz (s.ə.v)-in belə hədisi də vardır:
Hz. Peyğəmbər (s.ə.v) belə buyurdular: “Qəlbində zərrə qədər iman olan kəs atəşdən çıxacaq.” Əbu Səid deyir ki: “Kim (bu xəbərin ifadə etdiyi həqiqətdən) şübhəyə düşərsə bu ayəni oxusun: “Allah, şübhəsiz ki, zərrə qədər haqsızlıq etməz ...” (Nisa surəsi, 40) (Tirmizi, Sıfatu Cehennem 10, (2601))
Allah Quranda, inkarçıların cəhənnəmdə ikən atəşə atılacaqlarını, oddan paltar və qətrandan geyimlər geyinəcəklərini bildirmişdir. (Həcc surəsi, 19) Ancaq insanın cəhənnəmdə görəcəyi əzab odla məhdud deyil.
Cəhənnəmdə;
◉ dəmir toppuzlar da vardır (Həcc surəsi, 21),
◉ günahkarlar zəncirlənəcəklər. (İbrahim surəsi, 49),
◉ zəncirlərlə sürüklənəcəklər və boyunlarına dəmir həlqələr keçiriləcəkdir (Mömin surəsi, 71),
◉ başlarından aşağı qaynar su töküləcəkdir (Duxan surəsi, 48),
◉ qətrandan paltarlar geyəcəklər (İbrahim surəsi, 50),
◉ əlləri boyunlarına bağlı şəkildə cəhənnəmin dar yerlərinə atılacaqlar (Furqan surəsi, 13),
◉ cəhənnəmin odunu və yanacağı olaraq istifadə ediləcəklər (Cin surəsi, 15, Ali İmran surəsi, 10)
Burada sayılanlar cəhənnəmdəki əzabın çox az qismidir. Orada, dünyada insanın zehnində canlandıra bilməyəcəyi qədər ağır əzablar mövcuddur. Yaşanan peşmanlıqla yanaşı, Allahın insanın qəlbinə verdiyi mənəvi əzab isə sonsuza qədər oradakı insanların ürəklərini yandıracaqdır. Bu mənəvi əzaba Quranda belə diqqət çəkilir:
Sən haradan biləsən ki, Hutəmə nədir? Bu, Allahın qaladığı Oddur. O Od ki, qalxıb ürəklərə çatacaq. (Hüməzə surəsi, 5-7)
Dünyada ikən etdikləri ifratçılığa görə, Allahın rəhmətindən uzaqlaşdırılan bu insanlara axirətdə heç bir nemət verilməyəcək. Cəhənnəmdə sadəcə əzab görəcək inkarçılar, cənnətdə möminlərə sonsuza qədər təqdim edilən nemətlərdən, özlərinə bir az olsun vermələri üçün yalvaracaqlar. (Əraf surəsi, 50) Lakin inkarçılara haram qılınan bu nemətlərin yerinə onlara, özlərini heç bir zaman doyurmayan, boğazlarını tıxayan, əzab verən, hətta dözülməz aclıqlarını heç bir şəkildə aradan qaldırmayan yeməklərlə, susuzluqlarını davamlı artıran içkilər veriləcəkdir. Və özlərinə heç bir fayda təmin etməməsinə, hətta əzab verməsinə baxmayaraq sonsuza qədər bu yemək və içkilərə möhtac qalacaqlar.
Cəhənnəmdə kafirlər üçün hazırlanan, özlərinə tərifsiz acılar və iyrənmə hissi verəcək olan yemək və içkilər Quranda bu şəkildə bildirilmişdir:
Zəqqum ağacı (Duxan surəsi, 43-46), darı tikanı (Ğaşiyə surəsi, 6-7) cəhənnəm yeməklərindəndir. Qaynar su (Vaqiə surəsi, 54-55), irinli su (İbrahim surəsi, 16-17) və qan (Haqqə surəsi, 36) cəhənnəmdəki içkilərindəndir.
Cəhənnəmdə, hər kəs etdiklərinin qarşılığını əksiksiz olaraq alacaq. Əlbəttə, inkarlarının şiddətinə, Allahın dininə və möminlərə qarşı apardıqları mübarizəyə, dünyada etdikləri zülmün şiddətinə görə insanlar arasında dərəcə fərqləri olacaq. Məsələn, möminlərin ən böyük düşmənlərindən olan və əleyhlərinə gizli fəaliyyətlər göstərən münafiqlərin cəhənnəmin ən alt təbəqəsində olacaqları (Nisa surəsi, 145) Quranda bildirilmişdir. Məhz bunun kimi, hər inkarçının şübhəsiz cəhənnəmə girəcəyi və Allahın ədaləti ilə tam olaraq etdiklərinin qarşılığını görəcəyi Quranda bu ayələrdə bəhs edilir:
Belələri o kəslərdir ki, onlardan əvvəl gəlib-getmiş cin və insanlardan ibarət olan xalqlar haqqındakı Söz onların barəsində də gerçəkləşmişdir. Həqiqətən də, onlar ziyana uğrayanlardır. Hamının etdiyi əməllərə görə dərəcələri vardır ki, Allah onlara əməllərinin əvəzini versin. Onlara əsla zülm edilməz. (Əhqaf surəsi, 18-19)
Bununla yanaşı, bəzilərinin zənn etdiyinizin əksinə, Allahın diləməsi xaricində, insanlar günahlarının cəzasını bir müddət çəkdikdən sonra bağışlanaraq cəhənnəmdən çıxa bilməyəcəklər. Oraya girən hər inkarçı (Allahın diləməsi xaricində) sonsuza qədər cəhənnəmdə qalacaq. (Bəqərə surəsi, 80-81)
Allah ayələrdə cənnət xalqı ilə cəhənnəm xalqının bir-birlərini gördüklərindən və aralarında keçən dialoqlardan bəhs edir. Cənnət və cəhənnəm xalqının bir-birlərini görmələri, cənnətdəkilər üçün böyük şükür vəsiləsi, cəhənnəm əhli üçünsə həsrət və peşmanlıqlarının artması üçün vəsilə olur. Cənnətdəki insanların cəhənnəm əhlini görmələri və aralarında keçən danışıqlardan bəzisi Quranda belə xəbər verilir:
Onlardan biri deyəcək: “Mənim bir yoldaşım var idi. O deyirdi: “Sən də inananlardansan? Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?” O sözünə davam edib deyəcək: “Siz onun harada olduğunu görmək istəyirsinizmi?” O özü baxıb yoldaşını Cəhənnəmin ortasında görəcək və deyəcəkdir: “Allaha and olsun ki, sən məni də məhv edəcəkdin. Əgər Rəbbimin lütfü olmasaydı, mən də Cəhənnəmə gətirilənlərdən olardım. (Saffat surəsi, 51-57)
Od sakinləri Cənnət əhlini səsləyib deyəcəklər: “Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün”. Onlar isə deyəcəklər: “Allah bunları kafirlərə haram etmişdir”. (Əraf surəsi, 50)
Qurandakı təsvirlərdən, cənnətdə də yaşadığımız dünyadakına bənzər həyat olduğu aydın olur. Ayələrdə cənnətdəki məkanlar izah edilir, bu məkanlardakı ehtişamlı mebellərdən, göz alıcı gözəllikdəki əşyalardan bəhs edilir. Bunlardan başqa istifadə edilən bəzək əşyalarından, cənnətdəki geyim-keçimdən, yemək və içkilərdən də nümunələr verilir. Dünyadakılara bənzər olaraq təsvir edilən bu gözəlliklərin hər birində cənnətdə var olan ehtişam və parlaqlıq vurğulanmışdır. Bu təriflərlə yanaşı cənnətdə insanın ağlına gələ biləcək hər şeyin və həmçinin ağlına gəlməyəcək gözəlliklərin də nemət olaraq veriləcəyindən bəhs edilir. Dünyadakı həyat və cənnətdəki həyat arasındakı ən böyük fərq heç şübhəsiz ki, dünyadakı nöqsanların heç birinin cənnətdə olmamasıdır. Ayələrdə cənnətdə var olduğu xəbər verilən incəliklərin və gözəlliklərin bəziləri belədir:
◉ Böyükmülk və ehtişam,
◉ Yüksək evlər və köşklər,
◉ Yüksəklərdə qurulmuş taxtlar,
◉ İpəkdən, atlasdan ən gözəl geyimlər
◉ Qızıldan, gümüşdən bilərziklər, ləl-cəvahiratlar, incilər,
◉ Altından çaylar axan məkanlar,
◉ Nə isti, nə də soyuq, tam olaraq kölgəlik,
◉ Qızıl qablar, piyalələr,
◉ Astarları atlazdan yataqlar,
◉ Yaşıl yastıqlar və parlaq gözəllikdə döşəklər,
◉ Dadı dəyişməyən süddən çaylar, təmiz baldan bulaqlar,
◉ Gümüşdən billur qablar və daha bir çoxları...
Göründüyü kimi, cənnət insanın ən böyük zövqləri ala biləcəyi, fövqəladə qüsursuzluqda məkandır. Allah cənnətdəki ehtişamı ayəsində belə bildirir:
Cənnətdə hara baxsan nemət və əzəmətli səltənət nişanəsi görərsən. (İnsan surəsi, 20)
Cənnət, möminlərə dünyada etdikləri saleh əməllərin, göstərdikləri gözəl əxlaqın qarşılığında Allahın verdiyi nemətdir. Ayələrdə, maddi cəhətdən hər cür gözəlliyin təqdim edildiyi cənnətdə, insanlara çətinlik verən heç bir şeyin olmadığından da bəhs edilir. Cənnətdə;
◉ hər istiqamətdən təhlükəsizlik vardır,
◉ kin və nifrət yoxdur,
◉ boş söhbət və yalan yoxdur,
◉ yorğunluq və halsızlıq yoxdur,
◉ qorxu və kədər yoxdur,
◉ gözəl üzlü, gözəl xasiyyətli insanlar vardır,
◉ cənnətdə yaşlanma yoxdur, hər kəs yaşıddır,
◉ cənnət, insanın hər cəhətiylə məmnun olacağı yerdir.
Əlbəttə burada sayılanlar cənnətdəki təhlükəsizlik və hüzur ortamını təsvir edən bir neçə nümunədir. Allah ayəsində, inanmayanlar cəhənnəmdə təsvir edilməz əzab çəkərkən, möminlərin cənnətdə son dərəcə böyük maddi-mənəvi rahatlıq və hüzur içində olacaqlarını belə bildirir:
Zalımların qazandıqları günahlar özlərinə qarşı çevrildikdə onları bunun qorxusundan titrəyən görəcəksən. İman gətirib yaxşı işlər görənlər isə Cənnət bağçalarında məskunlaşacaqlar. Rəbbinin yanında onlar üçün istədikləri hər şey hazırlanmışdır. Böyük lütfkarlıq da elə budur. (Şura surəsi, 22)
Nəfsini ağılsız şəkildə ilah edən insan öz maraqlarını və rahatlığını dinin maraqlarından üstün tutan insandır. Halbuki gerçək və səmimi dindar sadəcə Allahı ilah edər və sadəcə Allahı razı edəcək şəkildə davranar. Bu, hər şərtdə keçərlidir. Belə insan xəstələndiyində də, çətin anlarda da, mənfəətləri tamamilə zədələnəcək olsa da əsla dinin mənfəətlərindən, Allahın sərhədlərindən güzəştə getməz.
Amma insan kiçik gördüyü mövzuda belə din üçün fədakarlıq etmirsə, çətin gələn hər şeydə dini tərk edərək nəfsinə bəzəkli gələni seçirsə, bu insan nəfsini razı etməyə çalışır və bu səbəbdən onu saxta ilah qəbul etmişdir. Allah Quranda böyük azğınlıqla nəfslərini ilah qəbul edənlər üçün belə deyir:
Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah əzəli elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız? (Casiyə surəsi, 23)
Şeytan insanı Allahın yolundan azdırmaq üçün dayanmadan fəaliyyət göstərir. Bir an olsun bundan imtina etməz, hər cür yolu sınayar. İnsana zəif nöqtələrindən yaxınlaşaraq ona öz istəklərini etdirməyə çalışır. Bir ayədə şeytanın insanları azdırmağa istiqamətli fəaliyyətlər göstərəcəyinə belə diqqət çəkilmişdir:
… Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir. (Nisa surəsi, 60)
İblis dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. Allah buyurdu: “Oradan mənfur və qovulmuş halda çıx! Onlardan hər kəs sənin ardınca getsə, əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam. (Əraf surəsi, 16-18)
Şeytan insanın ən böyük düşmənidir və insanlara vəsvəsə verərək, doğrunu səhv, səhvi doğru kimi göstərərək insanları din əxlaqından uzaq tutmağa çalışır. Ayədə bildirildiyi kimi insanların Allaha şükür etməsini əngəlləməyə çalışır. Ancaq Quranda bildirildiyi kimi şeytana uyan insanlar mütləq ziyana uğrayacaqlar. Buna görə insanlar şeytanın hiyləgər tələlərinə qarşı ayıq olmalı və ona uymaqdan şiddətlə çəkinməlidirlər.
Bunu da unutmamaq lazımdır ki, şeytan yalnız səmimi olaraq iman etməyən insanlar üzərində təsirli ola bilər. Allaha qəti olaraq inanan, axirəti, hesab gününü bilən insanlar şeytanın fəaliyyətindən təsirlənməzlər. Əgər bu istiqamətdə təsirlə qarşılaşacaq olsalar dərhal Allaha sığınarlar. Allah şeytanın inananlara qarşı son dərəcə gücsüz olduğunu belə xəbər vermişdir:
Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman Allahı xatırlayar və dərhal gerçəyi görərlər. (Əraf surəsi, 201)
Şeytanın özü də, Allaha səmimiyyətlə bağlı olan səmimi ixlas sahiblərinə qarşı azdırıcı gücü olmadığını etiraf edir. Bu Quranda belə bildirilir:
İblis dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını azdıracağam. Yalnız Sənin seçilmiş, ixlaslı qullarından başqa”. (Hicr surəsi, 39-40)
Allah, insanın içindən keçirdiyi, heç kimin bilmədiyini zənn etdiyi bütün düşüncələri də daxil olmaqla hər şeyi bilir. Çünki Allahın sifətlərindən biri "Xəbir"dir. Yəni Allah hər şeyin iç üzündən, gizli tərəflərindən xəbərdar olandır. İnsan qarşısındakı kəslərdən, ağlından keçən düşüncələri gizlədə bilər, amma Allahdan gizləyə bilməz. Ayədə bildirildiyi kimi, "Şübhəsiz ki, yerdə və göydə heç bir şey Allahdan gizli qalmaz." (Ali İmran surəsi, 5) Bir başqa ayədə isə belə deyilir:
O, həm göylərdə, həm də yerdə ibadət olunan Tək Allahdır. O, gizlində saxladığınızı da bilir, aşkarda etdiyinizi də. O, sizin nə qazanacağınızı da bilir. (Ənam surəsi, 3)
İnsan zamana və məkana bağlı varlıqdır. Halbuki Allah bütün bu nöqsanlardan uzaqdır. Zamanı, məkanı, bütün insanları, o insanların başlarına gələcək hadisələri yaradan və hər şeyin müqəddəratını təyin edən Allahdır. Buna görə Allah insanın içini, xaricini, bütün düşüncələrini bilir. Quranda bildirdiyi kimi, "... Şübhəsiz ki, O, ürəklərdə olanları biləndir." (Mülk surəsi, 13)
Hər insanın və ya hər cəmiyyətin özünə görə “yaxşılıq” və “yardım sevərlik” anlayışı vardır. Bəzisi üçün yaxşı təhsil görmüş uşaq yetişdirmək, bəzisi üçün yardım dərnəyinə üzv olmaq, bəzisi üçün də heyvansevər dərnəyində işləmək “yaxşılıq”dır.
İnsanlar bu şəkildə özlərini aldadaraq məsuliyyətdən qaçmaq istəyirlər. Çünki hər insan əslində hesab günündə Qurana əməl edib-etməmələri haqda sorğuya çəkiləcəyini çox yaxşı bilir. Ancaq Allahın əmrlərini tətbiq etmədiyi üçün bunu görməzlikdən gəlir. Bu məsuliyyətdən qaçmayan və Qurandan məsul olduğu gerçəyini görə bilən insan isə “yaxşılığın” gerçək qarşılığının da yalnız Quranda tapılacağını bilir. Çünki Quran, hər şeyi olduğu kimi özünü də yaradan Rəbbimiz Allahın hökmlərini ehtiva edir. Bir insanın cənnəti qazana bilməsi üçün isə “qəlbinin təmiz olması” deyil, əsas olaraq Allahın hökmlərinin olduğu kitaba güzəştə getmədən uyması lazımdır. Yəni insanın öz halında yaşaması, kimsənin pisliyini istəməməsi, kimsənin malında, mülkündə, namusundan gözünün olmaması onun cənnət üçün uyğun insan olduğunu göstərməz. Çünki bunlarla yanaşı Allahın Quranda bildirdiyi digər əxlaq və xüsusiyyətləri də üzərində daşımalıdır.
Allah gerçək yaxşılığın nə olduğunu, kimlərin həqiqi müsəlmanlar olduqlarını ayəsində belə bildirir:
Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)
Bir başqa ayədə də yenə Allah qatındakı yaxşılıq ölçüsü belə örnəklə izah edilir:
Doğrudanmı siz hacılara su verməyi və Məscidulharamı abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Bilin ki, onlar Allahın yanında bərabər sayılmırlar. Allah zalım qövmü doğru yola yönəltməz. (Tövbə surəsi, 19)
İman gətirib hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edənlərin Allah yanında ən yüksək dərəcələri vardır. Məhz onlar nicat tapanlardır (Tövbə surəsi, 20)
Hicrət etmək, insanın bir yerdən başqa yerə getməsi, daha doğrusu köç etməsi deməkdir. Allaha hicrət etmək isə, insanın Allahı tanıdıqdan, Quranı oxuyub anladıqdan sonra keçmişdəki hər cür səhv rəftarını, düşüncəsini, vərdişlərini qısacası, hər şeyini buraxaraq sadəcə Allaha yönəlməsi və yalnız Onun istədiyi şəkildə yaşamasıdır.
Hz. İbrahim, doğrunu gördüyü anda ətrafındakı insanların həyat tərzindən tamamilə uzaqlaşaraq, dərhal Allaha hicrət etmiş müsəlmandır. Hz. Lut da, hz. İbrahim kimi üstün əxlaq göstərərək Rəbbimizə yönələn peyğəmbərdir. Quranda hz. Lutun bu davranışı belə xəbər verilir:
Lut ona iman gətirdi. İbrahim dedi: “Mən Rəbbimin yanına (əmr etdiyi Şam diyarına) hicrət edirəm. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir”. (Ənkəbut surəsi, 26)
Quranda İslam dininin hökmləri və möminin necə həyat yaşamalı olduğu təfərrüatlı olaraq təsvir edilmişdir. Ataların dini ifadəsiylə də, Qurandakı hökmlərin xaricində bəzi qaydalara bağlı hərəkət edilərək keçmişdən gətirilən vərdişlərə, ya da qulaqdan qulağa gələn məlumatlara əsaslanan uydurma din nəzərdə tutulur. Quranda və hədislərdə heç bir şəkildə yeri olmayan batil inanc və tətbiqlərin qaynağı məhz bu “ataların dini”dir.
Cahil cəmiyyətlərdə “ataların batil dini”nə uyaraq yaşayan insanlara tez-tez rast gəlinir. Bu cəmiyyətlərdə yaşayan insanlar müxtəlif davranışları nə üçün etdiklərini düşünmədən, atalarından, babalarından öyrəndikləri şəkliylə tətbiq edər və dinə uyğun nələrsə etdiklərini zənn edərlər. Əsasən, Allahın məmnuniyyətini qazanmağı deyil, keçmişdən özlərinə miras olaraq buraxılan yanlış sistemi tətbiq etməyə çalışırlar. Bu mövzuda Quranda hz. İbrahimin öz tayfasından nümunə verilmişdir:
Onlara İbrahimin əhvalatını da oxu. Bir zaman o öz atasına və tayfasına: “Nəyə ibadət edirsiniz?” – demişdi. Onlar dedilər: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”. O dedi: “Onlara yalvardığınız zaman sizi eşidirlərmi? Yaxud sizə xeyir və ya zərər verirlərmi?” Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük”. O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü –həm siz, həm də ulu babalarınız? Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir. O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir; O Rəbb ki, məni yedirdir və içirdir; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir; O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir; O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram. (Şuəra surəsi, 69-82)
Ayələrdə görüldüyü kimi hz. İbrahim qövmünün batil dinindən uzaqlaşmış, yalnız Allaha yönəlmiş və qövmünə də Allahın tək İlah olduğunu, uyulmalı tək dinin də Allahın dini olduğunu təbliğ etmişdir.
Elçilərin çoxu, göndərildikləri qövmlər tərəfindən atalarının dinlərinə qarşı çıxmaqla, bu dini yıxmağa çalışmaqla ittiham edilmiş və dövrlərində qüvvədə olan, təhrif edilmiş dinin mənsubları tərəfindən qarşılıq və təhdidlər almışlar. Bununla əlaqədar ayələrdən bəziləri belədir:
Onlar dedilər: “Gəlmisiniz ki, bizi atalarımızın tutduğu yoldan döndərəsiniz və yer üzündə böyüklük etmək ikinizə qalsın? Biz sizə iman gətirən deyilik”. (Yunis surəsi, 78)
Onlara: “Allahın nazil etdiyinə itaət edin!” – deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!” – deyərlər. Əgər şeytan onları Cəhənnəm odunun əzabına doğru sürükləyirsə, onda necə olsun? (Loğman surəsi, 21)
Xeyr! Müşriklər: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!” – deyirlər. (Zuxruf surəsi, 22)
Allah, Quranda iman edən və saleh əməllər görən möminlərdən bəhs edər. Allah qatında, dəyər və üstünlük ölçüsü,insanın qadın, ya da kişi olması deyil, iman etmiş olması və yaxşı işlər görməsidir. İslamın hökmlərindən və Allahın əmrlərinin əksiksiz olaraq yerinə yetirilməsindən heç bir ayrı-seçkilik qoyulmadan hər kəs məsuldur. Quranda qadın olsun, kişi olsun hər insanın etdiyi işin qarşılığını eyni şəkildə alacağı xəbər verilir:
Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz. (Nisa surəsi, 124)
Həmçinin Allah başqa ayələrində də əhəmiyyətli olanın insanın cinsiyyəti deyil, təqvası, yəni Allahdan qorxaraq nəfsini Allahın məmnun olmayacağı hər cür günah və üsyandan, azğınlıq və pozğunluqdan qoruması, axirətdə özünə gətirəcək hər cür pislikdən çəkinməsi olduğunu bildirmişdir:
Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat surəsi, 13)
Allahın Quranda riayət olunmasını əmr etdiyi hökmlər çox açıqdır və bunlardan xəbərdar olan hər kəsin bu hökmləri əksiksiz tətbiq etməsi lazımdır. Ayələrdən xəbərdar olan, amma gərəyini yerinə yetirməyən insan vicdanının səsini dinləmədiyi üçün qəlbi qatılaşar, ağılı və şüuru bağlanar; bir müddət sonra həqiqətləri görə bilməyəcək vəziyyətə gələr. Ayələrdə təsvir edilənləri anlamaz, doğruları görə bilməz. Etdiklərinin qarşılığı olaraq onu necə sonun gözlədiyini belə fərq edə bilməz.
Allah ayələrində, dünya həyatını axirətdən üstün tutanların, ayələri etibarsız etmək üçün mübarizə aparanların, Allaha qarşı yalan düzüb qoşanların, sadəcə nəfsinin əmr etdiklərini tətbiq edən, iman etdikdən sonra inkara düşənlərin, mübarizədə geri qalmağı seçənlərin və zəngin olduğu halda Allah yolunda infaq etmək istəməyən şəxslərin qəlblərinin, qulaqlarının və gözlərinin möhürlənəcəyindən və üzərlərində ağırlıq olacağından bəhs edir. Həmçinin ayələrdə bu insanların cəhənnəm əhli olduğu da xəbər verilir:
Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır (Bəqərə surəsi, 7)
Bunlar o kəslərdir ki, Allah onların qəlbinə, qulaqlarına və gözlərinə möhür vurmuşdur. Onlar əsl qafildirlər. Heç şübhəsiz ki, ziyana uğrayanlar da onlardır. (Nəhl surəsi, 108-109)
Quranda təxribatçı xarakterinə uyğun bir çox nümunə verilir. Ancaq fitnə-fəsad törədənlərin əsas xüsusiyyəti Allaha, Allahın elçilərinə və kitablarına qarşı çıxmaları, öz zəif ağılları ilə dinin və müsəlmanların qarşısına maneələr çıxarmaları, Allahın sərhədlərini tanımamalarıdır. Onların bu ümumi xüsusiyyəti ayədə belə bildirilir:
Kafir olub insanları Allah yolundan sapdıranlara törətdikləri fitnə-fəsada görə əzab üstündən əzab artıracağıq. (Nəhl urəsi, 88)
Ayələrdə Allahın yolundan uzaqlaşdırmağa çalışan bu insanların yer üzündə bərabərlik və nizamı pozduqları, qarışıqlıq çıxardıqları, Allahın əmr və qadağalarını qaldırmağa çalışdıqları, ölçünü və çəkini əskik tutaraq saxtakarlıq etdikləri bəzi xüsusiyyətlərindən bəhs edilir. Buna qarşılıq Allah həm dünyada, həm axirətdə bu kəslərə cavab verir və onları yuxarıdakı ayədə də bildirdiyi kimi müxtəlif şəkillərdə əzab verir, sonsuz ədalətiylə fitnə törətməyə cəhd edən hər kəsə layiq olduğu qarşılığı əskiksiz olaraq verir.
Münafiqlər, Quranda iman etmədikləri halda, iman etmiş kimi görünən, bu səbəbdən içində yaşadıqları mömin birliyindən öz ağıllarına görə mənfəət əldə edəcəklərini düşünən ikiüzlü insanlar olaraq təsvir edilmişlər. Allah münafiqlərin, təxribatçı olduqlarını və möminlərin arasında fitnə çıxarmağa çalışdıqlarını, yəni mömin birliyinin içindəki birlik və bərabərliyi pozmağa istiqamətli gizli fəaliyyətlər etdiklərini bildirmişdir. Bu xüsusiyyətlərindən ötrü onlara “nifaq (ayrılıq, təxriatçılıq, fitnə) çıxaran” mənasında “münafiq” adı verilmişdir.
Münafiqlərin digər əhəmiyyətli xüsusiyyətləri, mömin birliyinin bəzi çətinliklərlə qarşılaşdığı dövrlərdə gerçək üzlərini göstərmələri, bunun xaricində özlərini müəyyən etməmələridir. Öz ağıllarına görə möminləri aldatdıqlarını zənn edən bu insanların əslində özləri böyük aldanışın içindədirlər. Allah aşağıdakı ayədə münafiqlərin içinə düşdüyü aldanmanı belə bildirmişdir:
İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq” – deyirlər. Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və bunu anlamırlar. Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər. (Bəqərə surəsi, 8-10)
Özlərinə din və axirət mövzusunda hər cür məlumat gəldiyi, elçini görüb tanıdıqları və möminlərlə birgə yaşadıqları halda çox böyük alçaqlıq nümunəsi sərgiləyərək təkəbbür və dünyəvi mənfəətlər uğruna imandan dönmələri, fitnə çıxarmağa çalışmaları, elçiyə və möminlərə düşmənçilik etmələri, inkarçılara gedib onları möminlərə qarşı təhrik etmələri səbəbiylə Allah onlara ən böyük əzabı vəd etmişdir:
Həqiqətən, münafiqlər Odun ən aşağı təbəqəsində olacaqlar; və sən onlara heç bir köməkçi tapa bilməzsən. (Nisa surəsi, 145)