Nəticə

Bu kitabda bütün həyatları boyunca Allahın razılığını, rəhmətini və cənnətini ümid edərək yaşayan, bu yolda bir çox çətinliklə və əziyyətlə qarşılaşan möminlərin üstün əxlaqlarından bəhs edildi. Həqiqətən də Quranda xəbərləri verilən peyğəmbərlərin və keçmişdə yaşamış olan saleh möminlərin həyatlarına baxdığımızda həmişə çətin bir mübarizə, davamlı bir ölüm və ya yurdlarından və evlərindən sürgün edilmə təhdidi, böhtanlar, ittihamlar və istehza ilə qarşılaşırıq. Çünki onlar Allahın əmrinə tabe olmuş və yalnız din əxlaqını özləri yaşayaraq kifayətlənməmiş, imkanlarının çata bildiyi ən son nöqtəyə qədər insanlara dini və gözəl əxlaqı izah etmişlər. Bu səmimi və ciddi səyləri nəticəsində isə bir çox insanın imanına vəsilə olduqları kimi, daha çoxlarının da düşmənçiliyini qazanmış və bəzən çətinliklərlə dolu bir həyat yaşamışlar.

Bu çətinliklərə sinə gərə bilməyənlər, peyğəmbərlərin göstərdiyi gözəl əxlaqı, səbri və hamiyət-i İslamiyəni göstərə bilməyənlər isə “geridə qalanlar”dan olmuşlar, dünya həyatını seçərək axirətlərini dünya üçün satmışlar.

Ancaq unudulmamalı olan çox əhəmiyyətli bir həqiqət vardır: Allah bütün çətinlikləri yaxşıların və pislərin, təmizlərin və murdarların, səmimilərin və saxtakarların, iman edənlərin və dinsizlərin bir-birlərindən ayırd edilmələri üçün yaradar. Çətinliklər qarşısında Allahın məmnun olacağı gözəl əxlaqı göstərənlər Allahın dostudurlar və Allah dünyada və axirətdə dostlarına köməyini və dəstəyini müjdələyər. Allahın bir ayəsində bildirdiyi kimi “hər çətinliklə birlikdə asanlıq vardır”.

Quranda bildirilən bu müjdə ilə yanaşı Allah möminlərə qurulan hiylələri mütləq pozacağını, o hiylələrin sahiblərini böyük bir məğlubiyyətə uğradacağını, inkar edənlərin möminlərə heç bir şəkildə zərər verə bilməyəcəklərini bildirir. Bununla əlaqədar ayələrdən bəziləri belədir:

... Allah kafirlərə möminləri məğlub etməyə yol verməyəcəkdir. (Nisa surəsi, 141)

Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya yurdundan qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır. (Ənfal surəsi, 30)

Möminlərin yaşadıqları çətinliklərin ardından daim gözəllik, xeyir və bərəkət gəlmişdir. Məsələn, hz. Yusif həbsdən çıxanda Misirin xəzinələrinə rəhbər olaraq təyin edilmişdir, Allah hz. Nuhu və inananları zülm edən qövmlərini həlak etdikdən sonra bərəkətli bir yerdə yerləşdirmişdir, hz. Musaya və qövmünə işgəncə verərək onları yox etmək üçün çalışan Fironun özü dənizdə boğularaq məhv olmuşdur. Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) isə özünə qurulan hiylələrdən və ölüm hədələrindən sonra iman gətirənlərlə birlikdə hicrət etmək məcburiyyətində qalmışdır. Ancaq sonra Allah ona və möminlərin üzərinə rəhmətini və bərəkətini yaymış, möminlər böyük bir güc qazanaraq pislərin ittifaqını məğlubiyyətə uğratmışlar.

Allah dünyada hər kəsə etdiyinin qarşılığını göstərəcək, saleh möminləri də mütləq üstün edəcək. Ancaq əsl cavab sonsuz və əsl həyatımız olan axirətdədir. Hər insan, tez ya da gec mütləq bir gün öləcək. Hər kəs heç gözləmədiyi bir anda ölüm mələyi ilə qarşılaşacaq və məhz o an hər insan həqiqəti bütün aydınlığı ilə görəcək. Hər kəs bundan əmin olmalıdır ki, dünya həyatını seçənlər, çətinliklərdən qaçanlar, keflərinin arxasından gedənlər, rahatlıqlarını pozmaqdan çəkinənlər, istək və arzularını Allahın razılığından üstün tutanlar, gələcək qayğısı ilə haqsız yerə həbsə atılmaqdan və ya sürgün edilməkdən qorxaraq dinlərini, ibadətlərini tərk edənlər ölüm mələklərini gördüklərində heç də dünya həyatında yaşadıqlarına sevinə bilməyəcəklər. Bu insanlardan heç biri, “Yaxşı ki, dünya həyatımda yan gəlib yatmışam, dünya zövqlərinin arxasıca qaçmışam. Bunlar da yanıma kar qaldı” deyə bilməyəcək. Deyə bilmədiyi kimi, bütün bu etdikləri onda təsvir olunmayan və geri qaytarılması imkansız bir peşmançılığa səbəb olacaq, heç bir zaman hiss etmədiyi qədər böyük bir ürək ağrısı və çarəsizlik hissi duyacaq. Allah inkarçıların axirətdəki peşmançılıqlarını belə bildirir:

Odun üzərində dayandırıldıqları vaxt onların: “Kaş ki, bizi dünyaya qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq” – dediklərini görəydin! (Ənam surəsi, 27)

Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi! Hesabımdan da xəbərim olmayaydı! Kaş ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim məni əzabdan qurtarmadı. Hökmranlığım da məhv olub getdi”. (Haqqə surəsi, 25-29)

Bütün həyatını Allah üçün yaşayan, Allahın razılığından imtina etmədiyi üçün həyatının böyük bir hissəsində zülm görən, çətinlik yaşayan, həmişə öldürülmə təhlükəsi altında qalan, insanlardan incidici və istehzalı sözlər eşidən, böhtanlara məruz qalan, hətta həbsdə yatan bir mömin isə ölüm mələyini gördüyündə bütün həyatı boyunca yaşadığı çətinliklər üçün böyük bir sevincə qapılacaq. Hətta kitab boyunca izah etdiyimiz kimi mömin çətinliklərlə qarşılaşdığı anda da çox böyük bir sevinc və ümid yaşayar; çünki bütün dünyadakı çətinliklərin sonunun xeyir olduğunu, Allahın mütləq bir asanlıq və üstünlük verəcəyini bilər. Üstəlik burada yaşadığı çətinliklərin axirətdə də bir gözəllik və qat-qat artırılmış nemətlər olaraq qarşısına çıxmasını şiddətlə ümid edər. Bu səbəblə inkar edənlər, çətinlik anında möminlərin rəftarına təəccüblənər, onların sevincinə və gücünə, ümidvar rəftarlarına heyrət edərlər. Çünki onlar möminlərin Allahdan, onların ummadığı şeyləri umduqlarını bilməzlər.

Hz. Yusif Mədrəsəsi bu səbəblə bir mömin üçün həm mənəvi bir təhsil yeri, həm də axirətdəki gözəlliklərin qapısını açan bir imtahan vəsiləsidir. Hz. Yusif Mədrəsəsinə girən mömin, bu imtahanın xeyirlə nəticələnməsini gözlədiyi və cənnəti bir az daha çox uma bildiyi üçün böyük bir sevinc duyar.

Bu kitabda da bəhs edildiyi kimi möminlər hadisələrə inkarçıların qavraya bilmədikləri bir gözlə baxar və hadisələrin iç üzünü görə bilərlər. Onlar, çətinliyin, əziyyətin, maneələrin əsl mənasını bilən, həyatlarını bu sirrə görə yaşayan insanlardır. Bu səbəbdən, Allaha səmimi olaraq iman edən, yalnız Allahdan qorxub çəkinən, Allahı sevən, Allahı özünə dost tutan, insanlar arasında dostluğun, sevginin, tolerantlığın, ümidvar olmağın, nikbinliyin, həmrəyliyin, gözəl əxlaqın yayılması üçün səmimi-qəlbdən mübarizə aparan bir insanı, hər hansı bir pis insanın və ya fəsad arxasındakı birinin dayandıra bilməsi və ya əngəlləyə bilməsi qətiyyən mümkün deyil.

İnkarçılar bilməlidirlər ki, nə edirlərsə etsinlər, bütün güclərini də toplasalar, bir-birlərinə arxa da çıxsalar dağları yerindən sarsıdacaq qədər əhatəli hiylələr də qursalar, onlar möminlərə heç bir zərər verə bilməzlər. Hətta hər qurduqları hiylə, atdıqları hər böhtan, söylədikləri hər istehzalı söz möminlərin həm dünyadakı, həm də cənnətdəki məkanlarının daha da gözəlləşib zənginləşməsinə səbəb olar.

Bu sirri bilən möminlərə Allah Quranda belə müjdə verir:

Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur. Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan edən və Allahın qoyduğu hüdudlarını qoruyan o möminləri müjdələ. (Tövbə surəsi, 111-112)

Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!”
(Bəqərə surəsi, 32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş: Həzrəti Yusif Mədrəsəsi Nədir?
  • Allahın Elçilərində Gözəl Nümunələr Vardır
  • Hz. Yusifin Həyatı
  • Yusif Mədrəsəsinin Möminlər Üçün Hikmət və Faydaları
  • Möminlərin Hz. Yusif Mədrəsəsindəki Təhsili
  • Mömin Hz. Yusif Mədrəsəsində Həm Şagird, Həm də Müəllimdir
  • Hz. Yusif Mədrəsəsində Öyrədən və Öyrənən İslam Böyüyü: Bədiüzzaman Səid Nursi
  • Nəticə
  • Təkamül Yalanı